Super User

Super User

Xalq rəssamı Kamil Əliyevin anım günü münasibəti ilə

 

Ötən gün onun məzarı, xatirə lövhəsi anıldı, gül dəstələri qoyuldu, şəninə xoş sözlər söylənildi. Beləcə, Azərbaycan xalça rəssamlığı sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, professor Kamil Əliyevin vəfatının növbəti, 18-ci ildönümü qeyd edildi. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Kamil Əliyev 1921-ci il oktyabrın 22-də Qərbi Azərbaycanda, İrəvan şəhərində anadan olub. 1936-cı ilin sentyabr ayında anası onu Bakı Rəssamlıq Məktəbinə, tanınmış rəssam Əzim Əzimzadənin yanına aparıb. Məktəbə qəbul edilən K.Əliyev 3 il burada dekorasiya şöbəsində təhsil alıb və müəllimlərinin məsləhəti ilə oxuya-oxuya "Azərxalça" birliyində eksperimental laboratoriyada köçürücü rəssam kimi işləməyə başlayıb.

İkinci Dünya müharibəsinin iştirakçısı Kamil Əliyev döyüş rəşadətinə görə 22 orden və medalla təltif olunub. 1946-cı ildə ordudan qayıtdıqdan sonra da öz sevimli peşəsini davam etdirib. Arada Respublika Bədii Fonduna rəhbərlik edib, sonralar Bakı zərgərlik fabrikində direktor vəzifəsində çalışıb. Həmin illərdə o, yalnız xalı, parça kimi toxuma mallarında yox, həmçinin qızıl, gümüş və digər materiallarda da özünün mahir bədii tərtibatçı, ornamental rəssam kimi məharətini nümayiş etdirib. 1950-ci illərdən etibarən, Kamil Əliyevin yaradıcılığında süjetli xalıların və portret-xalçaların yaradılması aparıcı mövqe tutub. Beləcə, o qəti olaraq xalçaçı-rəssam olub.

Bu illərdə Kamil Əliyev bir-birinin ardınca yüksək professionallıqla Azərbaycan klassiklərinin, görkəmli dövlət xadimlərinin portretlərini yaradıb. O, ornamentdən istifadə edərək şair, mütəfəkkirlərin yaradıcılığındakı hisslər və emosiyalar aləmini rəng çalarları vasitəsilə canlandıraraq, tamaşaçının mənəvi dünyasına təsir göstərib. 

Kamil Əliyev ilk portret-xalçasını 1958-ci ildə böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyinə həsr edin. Bu xalçanın təravətli, şux rəngli naxışları Füzuli lirikasının dərinliyini tamaşaçıya çatdırıb. Bu xalı xalq sənətimizin qiymətli bir incisi kimi Azərbaycan Dövlət İncəsənət Muzeyinin daimi ekspozisiyasına daxil edilib. Xalının uğuru rəssamı o qədər ruhlandırıb ki, o, bir müddət keçəndən sonra İmadəddin Nəsimi və Nizami Gəncəviyə həsr edilmiş xalıları da yaradıb.

Kamil Əliyevin portret-xalçalarının ikinci silsiləsi müxtəlif ölkələrin tanınmış siyasət və dövlət xadimlərinə həsr olunub.

Rəssam Hindistanda yaradıcılıq ezamiyyətində olarkən bu qədim Şərq ölkəsinin mədəniyyətilə yaxından tanış olub, İndira Qandinin portret-xalçasını yaradıb.  

Kamil Əliyevin türk xalqının böyük oğlu Atatürkə həsr etdiyi portret-xalısı tam başqa ovqatlı bədii üsluba malikdir. Bu portret-xalı Kamil Əliyevin ən böyük sənət uğurlarından sayılır. Turqut Özal, Süleyman Dəmirəl, eləcə də neçə-neçə başqa dövlət, elm və mədəniyyət xadimləri bu xalçanı çox yüksək qiymətləndirib, Kamil Əliyev sənətinə böyük hörmətlərini, ehtiramlarını bildiriblər.

Ümummilli lider Heydər Əliyevin 1999-cu ildə yaradılmış yüksək bədii xüsusiyyətlər kəsb edən portreti də sənətkarın ən diqqətçəkən əsərlərdəndir. Kamil Əliyev Heydər Əliyevin ölkənin Ali Baş Komandanı kimi general libasında portret xalçasını yaradıb. Heydər Əliyevin portreti onun 75 illiyinə hədiyyə idi.

Kamil Əliyev bir çox dövlət mükafatları ilə təltif olunub, sağlığında 80 illiyi, vəfatından sonra isə 90 və 100 illiyinin dövlət səviyyəsində qeyd olunması ilə əlaqədar sərəncamlar imzalanıb. Bu da sənətkarın bizə miras qoyduğu irsin müasir dövrdə incəsənətimiz üçün aktual olduğunu bir daha sübut edir. 

Xalq rəssamı Kamil Əliyev incəsənətimizi yüksəkliklərə qaldıran, onu öz əsərləri ilə daha da zənginləşdirən görkəmli şəxslərdən biridir. Rəssamın əsərləri Paris, London, Tokio, Dehli, Ankara, İstanbul, Tehran, Moskva, Kiyev və başqa şəhərlərin nüfuzlu muzey və qalereyalarında nümayiş etdirilib. 

Kamil Əliyev 2005-ci il martın 1-də vəfat edib. Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(02.03.2023)

Xatırlayaq ki, Ümummilli lider Heydər Əliyevlə o dövrdəki Türkiyə prezidenti Süleyman Dəmirəl sevə-sevə təkrarlayırdılar: Biz bir millət, iki dövlətik. Və təsadqfi olmadı ki, Beynəlxalq Muğam Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə düzənlənən, eyni zamanda içimizdəki Türkiyə sevgisini sərgiləyən konsert “Bir millət, iki dövlət: Azərbaycan-Türkiyə” adlanırdı. 

 

Muğam Mərkəzi və “Dünya Musiqi Xəzinəsinin İncisi – Muğam” İctimai Birliyinin təşkilatçılığı ilə reallaşan konsertdən əvvəl iki qardaş ölkənin Dövlət himnləri səsləndirildi. Sonra Vətən müharibəsi şəhidləri və Türkiyədə baş vermiş zəlzələlər zamanı həlak olan insanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 

Öncə səhnə sözə verildi. Əməkdar artist, xanəndə Nuriyyə Hüseynova çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən danışdı. Qeyd etdi ki, dahi siyasətçi türk dünyasının birliyi və bərabərliyi uğrunda misilsiz işlər görüb. Ulu Öndərin yüksək ideyaları, amalları bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilir.

Türkiyəli müğənni Orxan Çakmak qeyd etdi  ki, Heydər Əliyevin hər zaman diqqət yetirdiyi Türkiyə-Azərbaycan birliyi bu iki qardaş ölkə ilə məhdudlaşmır, bütövlükdə türk dünyasının güclənməsində də böyük rol oynayır. 

Çıxışlardan sonra rəngarəng konsert proqramı təqdim edildi. “Buta” ansamblının (bədii rəhbər Rövşən Qurbanov) müşayiəti ilə Əməkdar artist Nuriyyə Hüseynova, solistlər Orxan Çakmak və Çilənay Hüseynovanın ifalarında xalq və bəstəkar mahnıları səsləndirildi. Çıxışlar alqışlarla qarşılandı. 

“Azərbaycan - Türkiyə” mahnısı isə gecəyə xüsusi yaraşıq verdi.

 

“Ədəbiyyat və incəsənət”

(02.03.2023)

Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq”  layihəsini sizlərə təqdim edir. Bu dəfəki mövzumuz böyük uğrlar sərgiləmiş Uorren Baffetin uğur qazanmaq qaydalarıdır. Qaydalar 13-dür. Hər buraxılışımızda sizlərə 1 yeni qayda verərək əvvəlkiləri də təkrarən saxlayırıq ki, biliyiniz daha təkmil və mükəmməl olsun.

Beləliklə 2-ci qayda.

 

«Yox!» deməyi öyrənin

 

«Siz «yox» deməyi öyrənməsəniz, heç vaxt öz zamanınızı tam olaraq idarə edə, ona nəzarət edə bilməyəcəksiniz».

 

Əvvəlki qayda bu idi:

 Unutmayın – həmişə  özünə investisiya qoymaq lazımdır!

«Hər gün öz xarakterinzin zəif cəhətləri üzərində çalışın, onları daha yaxşı edin, öz qabiliyyət və bacarıqlarınızı inkişaf etdirin. Özünə investisiya qoymaq həmişə universitetlərə təhsil haqqı ödəmək anlamında deyil. Mənim iki diplomum var, amma mən onları çərçivəyə salıb divardan asmıram. Mən hətta bilmirəm ki, onları hara qoymuşam».

 

3-cü qayda “Heç vaxt başqalarına qulaq asmayın” olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(02.03.2023)

 

Azərbaycan musiqiçiləri Vyanada Beynəlxalq Akkordeon Festivalında ilk dəfə konsert proqramı ilə iştirak ediblər. AzərTAC xəbər verir ki, Azərbaycanın görkəmli musiqiçisi, Xalq artisti Ənvər Sadıqovun rəhbərlik etdiyi “Qaytağı” instrumental ansamblı festival çərçivəsində Vyana şəhərinin məşhur “Porgy & Bess” caz klubunda konsert verib.

 

Konsertdən öncə elan edilib ki, martın 26-dək keçiriləcək sayca 24-cü Beynəlxalq Akkordeon Festivalı dünyanın müxtəlif ölkələrindən peşəkar və yeni istedadları bir araya gətirir, bir ay boyunca Vyanada müxtəlif məkanlarda konsertlər təşkil edir. Builki festivalın xüsusiyyətlərindən biri isə ilk dəfə olaraq Azərbaycanın bu festivalda təmsil olunmasıdır, uğurlu əməkdaşlıq və dəstəyə görə Azərbaycan Mədəniyyət Mərkəzinə xüsusi təşəkkür elan edilib.

Vyanada musiqisevərlərin sevimli məkanları sırasında yer alan və anşlaqla keçən konsertdə, həmçinin görkəmli caz pianoçusu və bəstəkar, beynəlxalq müsabiqələr laureatı Emil Əfrasiyab da iştirak edib. Konsertdə Azərbaycan xalq və bəstəkar mahnıları əsasında hazırlanmış kompozisiyalarla yanaşı, Ənvər Sadıqov və Emil Əfrasiyabın müəllifi olduğu əsərlər də böyük maraqla qarşılanıb. Dahi bəstəkarlar Volfqanq Amadeus Motsart və Üzeyir Hacıbəylinin əsərləri əsasındakı kompozisiya isə alqışlara səbəb olub. Eyni zamanda, silahlı münaqişələr və təbii fəlakətlər zamanı həlak olmuş insanlara ithafən ifa edilən “Atama məktub” əsəri kövrək və duyğulu ab-hava yaradıb. 

Azərbaycan milli musiqi alətlərində ifalar isə konsertə xüsusi rəng qatıb, Azərbaycan milli musiqisinin özünəməxsus xüsusiyyətləri yüksək səviyyədə təqdim olunub. Konsertə Azərbaycan bəstəkarları Qara Qarayev və Rauf Hacıyevin əsərlərindən ibarət kompozisiyalar ilə yekun vurulub. Azərbaycan xalq və bəstəkar mahnıları, muğam, klassik, eləcə də caz musiqisinin komponentlərindən ibarət proqram sürəkli alqışlarla qarşılanıb.

Konsert “Porgy & Bess“ caz klubunun canlı yayım portalı vasitəsilə yayımlanıb, eləcə də “Emap.fm” internet radio kanalı vasitəsilə səs yazısı olaraq qeydə alınıb.

 

“Ədəbiyyat və incəsənət”

(02.03.2023)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün növbədə Şeir vaxtıdır, Tural Turanın şeirləri ilə tanışlıqdır.

 

 

ŞEİR VAXTI

 

 

Tural TURAN


***

 

Burda yovşan-yovşan ölür qoxular,

boynuna ip salır yalquzaq səsi...

Gözümdə can verir itkin yuxular,

ağlayır arxamca öz uzaq səsim...

 

Öpdüm yanağından ağrılarımın,

başımın altına yastıq elədim.

Asıldım qolundan sarğılarımın,

öldüyüm yeri də yazıq elədim.

 

Hər səhər ovcumdan doğdu Günəş də,

Gözümdən çəkildi içimin çəni!

Ruhumu yandırdı odsuz atəşdə,

Tanrı da ovcumdan oxşadı məni...

 

 

***

 

Bütün tabutlar

Tanrının ana bətnidi,

bütün qəbirlərsə

qorxu simfoniyası.

Ölümü soruşma,

ölüm sevdiyindən bezməkdi...

Allah

sevgisi tükənəndə

öldürür adamları.

Ölüm həm də

intiqam almaqdı insan ağlından.

Bax,

dəlilər öləndə heç kim ağlamır,

heç Tanrı da...

Ölüm həm də

bir xəstə çarpayısında

Yaradanın intiharıdı...

İnsansa yaşayıb intiqam alır

öz alın yazısından...

Gülün yaşadıqlarınıza...

Gülün ki, evinizin işığı yansın...

 

 

***

 

Qol saatımda intihar edir ömrüm,

əlimdəki təsbeh dənələyir günlərimi

oğlum üçün...

Oğlum ağlayır,

kiriyir saat əqrəbi,

şam işığı süd verir körpəmin duasına.

Anlayıram,

anlayıram ki,

ata olmaq oğul ömrü yaşamaqdı,

ayaqlarını itirmiş otaqda...

Ata olmaq

bir saat əqrəbində axsamaqdı...

Oğlumu ağlatma, Tanrı

hardan biləsən, sevdiyim,

hardan biləsən, o ağlayanda

boynu vurulur bütün duaların.

Hardan biləsən, sən ata olmamısan...

Göz yaşlarında möhtəşəmlik çökür,

sükutun batır yanaqları...

Ağrılarım başını sığallayır oğlumun

... və təkcə qol saatımda deyil,

köksümün sol saatında da

intihar edir ömrüm...

Oğlumu kirit, Tanrı,

himn oxumasın qaranlığa;

qalxmasın ayaq üstə zülmət,

gözündəki işıqlar atsın çəliyi!

Mənə güc ver,

mənə güc ver

oğlumun üzündən düşən gülüşləri

təzədən yerinə hörüm...

 

 

***

 

Bütün ilk məhəbbətlərə...

 

Ayrılığın qız üzündə qoyduğum,

Göz yaşının rəngi yenə ağdımı?

Bir yazının yaxasından asdığım

Alın yazın bu ömrünə sığdımı?!

 

Yenə gözün yol qalxırmı piyada?

Səni gördüm hər yuxusuz boyada...

Ölüm də yox, gəlib məni oyada,

Sən gəl, soruş: – pəncərəsi sağdımı?

 

Tikib-uçurduğum yuvam sən oldun!

Tanrının üzündə boyam sən oldun...

Ovcumda titrəyən duam sən oldun,

Məndən sonra Tanrı sənə baxdımı?!

 

 

SƏN GÜL...

 

...Bəlkə, insan kölgəsinin alın yazısıdı,

Bəlkə də, Tanrının ağzından saldığı

ağıl dişidi...

Bəlkə də, cəhənnəm elə insanın özüdür –

Qucaqlayır anadan yetim qalmış soyuqları...

...Yanaqlarından

bir təbəssümlük kərpic düşüb elə bil,

qapısı açıq qalıb gülüşlərinin...

Zarafat edirəm, sən gül,

sən güləndə

qəbirlər də gülür,

tabutlar da...

Yaradanın sevinc göz yaşını sağır

çiyni yapıncılı buludlar da...

Sən gül...

Gül ki, saat əqrəbləri qibləsini tapsın,

Zaman intihar etsin qollarında...

Gülüşün

bir sözlük məktub olsun gələcəyinə...

 

 

***

 

Səndən əvvəl daşlar gəlin köçmüşdü bu evə,

səndən sonra mamır uzaqlıqlar böyütdü

bu daxmanın pəncərələri...

Kaş bu evin güzgüsünü də aparaydın;

bələyəydin, böyüdəydin...

toxuyaydın ayrılığın xalçasına ilmə kimi...

 

...Qayıt, əlindən tut

            ayaqları keyimiş məhəccərlərin,

qayıt, qadınsız yaşaya bilmir

            bu evin döşəməsi.

Sən gedəli tavanlar iməkləyir

            döşəmənin üstündə.

 

Üşüməsin deyə, ayaq izlərini

bir cüt coraba büküb cibimə atmışam.

Ciblərim bələk olub ayaq izlərinə...

Qayıt, özün yürgələ ayaq izlərini.

 

Qayıt, beşiyində boğ,

böyüməsin üç yaşlı çarpayı tənhalığı...

...Sən gedəli bu evin divarları da

daş-daş göz yaşları tökür, qayıt...

 

 

***

 

Məktub yazma, ağ kağıza gülümsə,

Göndər mənə, biləcəyəm halını...

Hər gedişin qayıdışı ölümdü,

Yorulanda gözləyirəm yolunu.

 

Ağ şərfini saxlayıram hələ də,

Boynuna doladım hər xatirənin.

Yorğanı çək, bax, üşüyür ayağı,

Mənsiz yatammayan bir xatirənin...

 

Yuxunu söndür gəl, lap ölümsayaq,

südü bitən ağrı, bəlkə, kiriyə...

İçimdə adını çəkmişdim bayaq,

Divardakı şəklin döndü geriyə...

 

Payız da bu gecə yorğun, əsəbi,

Sənli xatirələr gözümdən axır.

Səsinə inanmır saat əqrəbi,

Sənmi gəldin? – deyə qapıya baxır.

 

 

***

 

İlahi, ovcumu yumuram Sənə,

İlahi, duamın başını bağla.

İlahi, bu gecə doğuldum yenə,

İlahi, yuxumun huşunu bağla.

 

Mən öz qorxusuna vurulan adam,

Mən öz nəfəsini asan qatiləm.

Mən öz günahında durulan adam,

Mən öz günahından küsən qatiləm...

 

Mən qanlı üzündə gülüş böyüdən,

Can verən kölgənin məzar daşıyam.

Mən dar ağacında öpüş böyüdən,

Son nəfəs əlində tumar daşıyam.

 

İlahi, ovcumu yumuram Sənə,

Üşüməsin deyə körpəcə duam...

İlahi, özün yağ yağış yerinə,

Yağ ki, kirli andı yenidən yuyam...

 

 

 “Ədəbiyyat və incəsənət”

(02.03. 2023)

 

 

Cümə axşamı, 02 Mart 2023 10:15

“Nə gəlməz oldun…”

Xalq artisti Oqtay Kazıminin 90 illiyinə həsr olunmuş tədbir keçirildi

 

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında anşlaq idi. Zövq oxşayan musiqi gecənin qonaqlarını sanki sehirli aləmə aparırdı. 

Musiqi zövqləri müxtəlif olur. Amma ən müxtəlif zövqlüləri bir yerə toplayıb onlara “Qayıt” mahnısını dinlətsən hamısı heyran qalar. Sözləri Əli Kərimə, musiqisi Oqtay Kazımiyə aid olan bu musiqi şedevrini xalq artistimiz Flora Kərimova həmişə sevə-sevə ifa edir. Bax Mahnı Teatrındakı bu sehirli gecə Oqtay Kazımiyə aid idi. 

 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə görkəmli bəstəkar, Xalq artisti Oqtay Kazıminin 90 illiyinə həsr olunmuş konsert keçirilirdi. 

Konsert bəstəkarın həyat və yaradıcılığını əks etdirən videoçarxın nümayişi ilə başladı.  

Qeyd edildi ki, Oqtay Kazımi musiqi mədəniyyətimizdə öz dəst-xətti ilə seçilən bəstəkarlardandır. Bəstəkar böyük simfonik orkestr üçün "Azərbaycan rapsodiyası" (1962), "Qəhrəmanlıq simfoniyası" (1964), "Bayram uvertürası" (1976), proqramlı simfonik süita "Sumqayıt lövhələri (1977), "Şəhidlər" simfoniyası (1990), "Qarabağ lövhələri" (1992) simfonik süitası və s. əsərlərin müəllifidir. O.Kazımi eyni zamanda "Qılınc və qələm", "Ümid", "Danabaş kəndinin əhvalatı", "Müsyö Jordan və dərviş Məstəli şah", "Şeyx Sənan", "Ədirnə fəthi", "Büllur sarayda" və başqa məşhur tamaşalara musiqilər yazıb.

Və əlbəttə ki, dahi bəstəkarın mahnılarına ayrıca toxunuldu. Mahnı janrının ən görkəmli nümayəndələrindən birinin məşhur mahnıları  sadalandı. 

Sonra konsert proqramı təqdim olundu, bəstəkarın mahnılarından ibarət konsertdə  Xalq artistləri Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, Heydər Anatollu, solistlər Fəxri Kazım-Nicat, Aynur İsgəndərli, İlhamə Qasımova, Aytən Məhərrəmova, Ayşən Mehdiyeva, Mətin Rzazadə, Rövşən Qəhrəmanov, Taleh Yəhyayev və “Qaya” Dövlət Ansamblı çıxış etdilər. 

İfaçıları Dövlət Mahnı Teatrının Estrada-Simfonik Orkestri (bədii rəhbər – Xalq artisti Salman Qəmbərov) və ansamblı (bədii rəhbər – Mirxalid Salayev) müşayiət edirdi.

Bizə də sonda Allah dahi bəstəkarımıza qəni-qəni rəhmət eləsin demək qalır. 

 

“Ədəbiyyat və incəsənət”

(02.03.2023)

Cümə axşamı, 02 Mart 2023 10:00

3-cü minilliyin trendləri: multimedia şousu

Bu bəhs edəcəyimiz mövzu özündə həm kinonu, həm də musiqini ehtiva edir, ona görə də onu “Ədəbiyyat və incəsənət” portalının hansı bölümündə yerləşdirmək barədə xeyli baş sındırmalı olduq.

Sizə 3-cü minilliyin mədəniyyət trendləri barədə bilgi verməkdə davam edirik, bu dəfə miltimedia şousundan danışacağıq. Özü də dünən müşahidə etdiyimiz bir nümunə üzərində. 

 

Ətrafına peşəkar sənət adamlarını toplayan “Art-East Media Group” şirkəti paytaxt sakinləri və şəhərimizin qonaqlarına iki yaradıcılıq layihəsi təqdim etdi. Və təqdim edilən yeni yaradıcılıq layihəsi “Azərbaycanfilm” kinostudiyası və Azərbaycan Dövlət Film Fondu kimi mötəbər sənət ocaqları ilə əməkdaşlıq çərçivəsində ərsəyə gəlmişdi. Belə ki, “Art-East Media Group” şirkətinin brendi olan “Avanqard” Kamera Orkestrinin təqdimatında “Azərbaycanfilm” kinostudiyasının 100, Azərbaycan kinosunun 125 illiyinə həsr olunmuş yüksək bədii zövqlə yeni aranjeman edilmiş milli kinomuzun parlaq nümunələrindən olan musiqi əsərlərini özündə ehtiva edən multimedia şousu nümayiş edilirdi. 

Ekranda filmdən parça nümayiş olunur, səhnədə instrumental musiqi, yaxud rəqqaslar həmin parçanın inikasını nüçayiş etdirirlər. Baxımlıdır və zövqoxşayandır. 

“Kinokonsert” adlanan multimedia şousu qarşısına ölkəmizin ictimai və mədəni həyatında fəal iştirak etmək, dünyada və ölkədə cərəyan edən sənət prosesinə uyğun ideyalar reallaşdırmaq və yüksək sənəti dərk etməyə qadir mütərəqqi tamaşaçı zövqünü formalaşdırmaq kimi məqsədlər qoymuşdu və bu məqsədlərimə də nail oldu.

Bunu səhnə əsərini izləyənlər arasında yer alan həm görkəmli sənət adamları, sənət tənqidçiləri, ictimai xadimlərin, həm də sıravi tamaşaçı rəyləri sübut edir. 

Tanınmış aktyor Ruslan Sabirlinin aparıcılığı ilə baş tutan multimedia şousunda “Avanqard” Kamera Orkestri “Arşın mal alan”, “Baladadaşın ilk məhəbbəti”, “Güllələnmə təxirə salınır”, “Bəxtiyar”, “Alma almaya bənzər”, “Böyük dayaq”, “Əhməd haradadır?”, “Ölsəm bağışla”, “Uşaqlığın son gecəsi”, “O olmasın, bu olsun”, “Gün keçdi” və s. filmlərin saundtreklərini təqdim etdi, bir çox səhnələr peşəkar rəqqas qismində çıxış edən Bakı Xoreoqrafiya Akademiyasının şagird-tələbə heyətinin canlandırdığı xoreoqrafik nömrələrlə müşayiət olundu.

Rislan Sabirli “Ədəbiyyat və incəsənət”ə günün tələbləri olan yeni mədəniyyət trendlərinə, o cümlədən də indi nümayiş etdirilən multimedia şousuna bundan sonra da müraciət edəcəklərini vurğuladı. 

 

“Ədəbiyyat və incəsənət”

(02.03.2023)

Hər bir xalqın ululuğu, qədimliyi, eləcə də mədəni səviyyəsi onun həm yazılı ədəbiyyatı, digər mədəni artefaktları ilə, həm də qədim abidələri ilə ehtiva olunur. 

Vətənimizin öyünə biləcəyi nəsnələri çoxdur, qədim mədəniyyətimizin möhürü pozulmazdır. 

 

Bu gün 6308 tarixi mədəni abidəmiz vardır, bunların 4000-ə yaxını Mədəniyyət Nazirliyinin nəzarətindədir. Təbii ki, həmin abidələrə mütəmadi şəkildə investisiya ayrılır. Abidələr təmir və restovrasiya olunur, böyük sayda heyət onlara xidmət edir. Amma gözdən-könüldən uzaq qalan, uçulub dağılmaqda olan abidələr də az deyil. 

Bu gün işğaldan azad olunmuş ərazilərdə 700-800 tarixi mədəniyyət abidəsi qeydiyyata alınıb və proses davam etdirilir. Onların bərpasına çox ciddi ehtiyac var.

Mətbuatda da haqlı olaraq qeyd olunur ki, tarixi mədəni abidələrimiz təhlükədədir. 

Tarixi abidələrə qayğı, onların bərpası çox böyük və daim yenilənən maliyyə xərcləri tələb edir. Bu maliyyə mənbələrini tapmaq da bir ayrı problemdir. Bəs nə etməli? 

 

Mədəniyyət naziri vəzifəsini icra edən mədəniyyət nazirinin birinci müavini Adil Kərimli problemin həllini bu cür görür: Ucqar kəndlərdə kitabxanaların və orada 20 min kitab fondunun olduğu deyilir, amma baxırsan ki, heç 2 min kitab yoxdur. Kənddə yaşayan əhalinin həmin kitabları oxuyub-oxumaması sualına cavab tapmaq lazımdır. Bu qədər aktual olmayan kitabxana lazımdırmı? Rayonlarda, ucqar kəndlərdə 7 minə yaxın mədəniyyət müəssisəsi var. Mədəniyyət müəssisələrində çalışan və büdcədən əmək haqqı alan 30 min işçinin hamısı yerlərdədir. Bəlkə bu yükü azaldıb mədəniyyətin zəruri olan sferasına yönəldə bilərik? Ən əsası da tarixi abidələrin bərpasına.

 

Ekspert Mayil Səlimbəyli isə ayrı-ayrı bölgələrdə olan tarixi abidələrin bərpa və təmirinə elə həmin bölgələrdən olan iş adamlarının maliyyə resurslarının cəlb ediıməsini zəruri hesab edir. İş adamlarımızın milli-mədəni dəyərlərimizə könüllü ianə yatırmaları əlbəttə ki mümkün olan işdir. 

 

Bəli, göründüyü kimi, problemi həll etmək mümkündür. Xüsusən işğaldan azad edilmiş Qarabağ bölgəmizin yerlə-yeksan edilmiş mədəniyyət abidələrinin bərpası bizimçün başlıca məqsəd kimi görünür. 

 

“Ədəbiyyat və incəsənət”

(02.03.2023)

Prezident İlham Əliyev Səbinə Xalid qızı Hacıyevanın Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb. 

 

Bununla bağlı “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinad edərək məlumat verir. 

Prezident İlham Əliyev Azad Məhyəddin oğlu Cəfərlinin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb. 

Qeyd edək ki, 45 yaşlı A.Cəfərli 2021-ci ilin fevralında sözügedən Xidmətin rəisi təyin edilmişdi.

Xatırladaq ki, ötən gün Prezidentin sərəncamları ilə nazirin birinci müavini Vaqif Əliyev və nazir müavini Sevda Məmmədəliyeva işdən çıxarılıblar, Səadət Yusifova Azərbaycan mədəniyyət nazirinin müavini təyin edilib.

 

“Ədəbiyyat və incəsənət”

(02.03.2023)

Çərşənbə, 01 Mart 2023 17:02

Mədəniyyət nazirinin yeni müavini kimdir?

 

Xəbər verdiyimiz kimi, Yusifova Səadət Vidadi qızının Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti bu gün Sərəncam imzalayıb. Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Səadət Vidadi qızı Yusifova Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini təyin edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

“Ədəbiyyat və incəsənət” portalı araşdırma apararaq mədəniyyət nazirinin yeni müavininin dosyesini hazırlayaraq oxucularına təqdim edir. 

Ondan başlayaq ki, mədəniyyət nazirinin müavini vəzifəsinədək Səadət Yusifova Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini vəzifəsində çalışıb. Bu təyinata qədərsə o, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri olub.

O, 1974-cü ildə anadan olub. 1998-ci ildə “Hər gün” qəzetində jurnalist kimi fəaliyyət göstərib. Hüquq üzrə fəlsəfə doktorudur.

Səadət Yusifova Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifəsində də çalışıb.

Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq kafedrasının müəllimi, Azərbaycan Hüquqşünaslari Konfederasiyasinin İdarə Heyətinin üzvüdür.

S.Yusifova 2013-cü ildə dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiyinə görə medalla da təltif olunub. O, Prezidentin 27 iyun 2013-cü il tarixli fərmanı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

 

“Ədəbiyyat və incəsənət”

(01.03.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.