Super User

Super User

Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyi (ANAİB) idarə heyətinin növbəti görüşü keçirilib. Görüş zamanı nəşriyyat sektorunun inkişafı, kitab sənayesinin qarşılaşdığı çətinliklər və layihələr müzakirə olunub.

 

“Ədəbiyyat və incəsənət” portalına ANAİB-dən verilən məlumata görə, toplantıda nəşriyyatlar arasındakı əməkdaşlığın genişləndirilməsi, kitab sərgiləri və mütaliə təşviqinə yönəlmiş tədbirlərin təşkili məsələlərinə toxunulub, nəşriyyat işinə innovativ yanaşmanın tətbiqi istiqamətində bir sıra məsələlər müzakirə edilib.

Bundan başqa, artıq ənənəyə çevrilmiş Uşaq Kitab Festivalı və Oxu Gününün Sumqayıtda keçirilməsi ilə bağlı müzakirələr aparılıb, tədbirin keçirilmə yeri və vaxtı haqqında razılıq əldə edilib.

Görüşdə əlavə olaraq təhsil sahəsində müxtəlif forumlar və gənclər arasında ədəbiyyata maraq yaratmaq üçün tədbirlər haqqında da müzakirələr aparılıb. Qeyd edilib ki, bu təşəbbüslər uşaq ədəbiyyatının inkişafı və gənclərin bu sahədə daha aktiv fəaliyyət göstərməsi məqsədini güdür.

Müzakirədə üzv nəşriyyatların fəaliyyəti ilə bağlı yeni addımlar atılması və əməkdaşlıq imkanları haqqında təkliflər səsləndirilib. Nəşriyyatların birgə fəaliyyəti ilə bağlı yenilikçi təşəbbüslər irəli sürülüb. Üzvlükhaqqı məbləğinə yenidən baxılması müzakirə olunub və nəşriyyatların bu prosesdə daha fəal iştirakının təmini məqsədilə tədbirlər planı təqdim edilib.

Çıxışçılar bildiriblər ki, bu müzakirələr ANAİB-in nəşriyyatlar arasında əməkdaşlığı gücləndirmək, sektorda davamlı inkişafı təmin etmək istiqamətində atacağı addımlar üçün ciddi əhəmiyyət daşıyır. Gələcəkdə sözügedən istiqamətdə daha çox təşəbbüs və layihənin həyata keçirilməsi gözlənilir.

 

“Ədəbiyyat və incəsənət”

(24.02.2025)

Bazar ertəsi, 24 Fevral 2025 09:44

Sumqayıtda keçirilən maraqlı aksiya

Fərhad  Dost, “Ədəbiyyat və incəsənət” üçün

 

Sumqayıt Dövlət Dram Teatrında Beynəlxalq ‘Kitab Bağışlama Günü’ münasibətilə yeni bir mədəni təşəbbüs həyata keçirilib. Layihə çərçivəsində teatrın kitabxanasının fondunun zənginləşdirilməsi məqsədilə tamaşaçılardan kitab bağışlanması təşviq edilmişdir.

 

Tədbir teatrın foyesində təşkil olunmuşdu. Tədbirin moderatoru olan teatrın aktyoru, Əməkdar artist Cəlal Məmmədov Beynəlxalq Kitab Bağışlama Gününün tarixi və əhəmiyyəti barəsində məlumat vermişdir.

Tədbirdə millət vəkilləri Elnarə Akimova, Aydın Hüseynov, Ceyhun Məmmədov, AMEA Ədəbiyyat İnstitutunun direktor müavini Mehman Həsənli, elmi katib Aygün Bağırlı, Əməkdar müəllim, “Şöhrət”  ordenli şair Ofeliya Babayeva və Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fərman Kazımov çıxış etmişlər.

Çıxışçılar kitabın insan intellektinin formalaşmasında, mənəvi dəyərlərin qorunmasında və cəmiyyətin inkişafında oynadığı roldan bəhs etmiş, kitab oxumağın müasir gənclərin dünyagörüşünə müsbət təsir etdiyini vurğulamışlar. Layihə çərçivəsində iştirakçılar şəxsi kitabxanalarından və yazdıqları müxtəlif nəşrləri teatra hədiyyə etmişlər. Bu təşəbbüsə Sumqayıt şəhərinin ədəbi mühiti, Sumqayıt Dövlət Universitetinin müəllim və tələbə heyəti də fəal dəstək vermişdir.

Tədbirin rəsmi hissəsindən sonra qonaqlar türkiyəli yazıçı Turqut Özakmanın "Ocaq" psixoloji dramının tamaşasına baxmaq üçün teatr zalına daxil olmuşlar. Tamaşanın quruluşçu rejissoru Xalq artisti, Prezident mükafatçısı, "Qızıl Dərviş" mükafatı laureatı Firudin Məhərrəmov, quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı isə sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyevdir. Tamaşa tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanmışdır.

 

“Ədəbiyyat və incəsənət”

(24.02.2025)

 

 

 

Rubrikanı təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Rubrikamızda Davud Nəsib həftəsi davam edir.

Bu gün sizlərə “Ata laylası” şeirini təqdim edəcəyik. Xatırladaq ki, Davud Nəsib Azərbaycan poeziyasında ata həsrətinin poetik ifadəsinin ən gözəl nümunələrinin müəllifidir. Bu şeirin hamını təsirləndirəcəyinə əminik. Allah bütün atalara cansağlığı versin, dünyadan köçənlərə rəhmət eləsin!

 

Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən olan Davud Nəsib (Davud Məcid oğlu Nəsibov (25 avqust,1942, Qazax – 26 mart,2003, Bakı) SSRİ dönəmində gəncliyin ən sevilən şairlərindən biri olub. Vətənə, valideyinlərə ülvi məhəbbət, saf sevgi hissləri, nəcibliyin, xeyirxah əməllərin tərənnümü Davud Nəsib poeziyasının leytmotivini təşkil edib. Müstəqillik dönəmində isə şair qələmini süngüyə çevirərək erməni millətçiliyi ilə mübarizəyə qalxıb, bir-birindən sanballı əsərlər ortaya qoymaqla gənc nəslin vətənpərvərlik, qəhrəmalıq ruhunda yetişməsinə öz töhfələrini verib.

 

ATA LAYLASI

 

Neçə laylalar yatır

Hər ocağın közündə.

Saysızdır, hesabsızdır

Laylalar yer üzündə.

 

Yaşıl olub dağıldı

Təbiətin laylası.

Möcüzədi, nağıldı

Məhəbbətin laylası.

 

Hörmətdir, səxavətdir

Hər qonağın laylası.

Zəhmət ilə sərvətdir

Bu torpağın laylası.

 

Sevincdir, səadətdir

Balaların laylası.

Kişilikdir, qeyrətdir

Qalaların laylası.

 

Qalibiyyət çələngidir

Yürüşlərin laylası.

Qəhrəmanlıq cəngisidir

Döyüşlərin laylası.

 

Hər ürəyin havası,

Yoxun, varın laylası,

Laylaların laylası –

Anaların laylası.

 

Bilməyənlər qoy bilsin,

Nə bu yolun yorğunu,

Nə də durğunuyam mən,

Qoy hamıya deyilsin:

Ata dəlisiyəm mən,

Ata vurğunuyam mən.

 

Bu dərddən Davud xəstə,

Eşitsin, bilsin hamı.

Mən ölsəm qəbrim üstə

Salın yada laylamı:

Çalın mənim mahnımı,

Çalın ata laylamı.

 

“Ədəbiyyat və incəsənət”

(24.02.2025)

 

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Almaniyanın Düsseldorf və ətraf şəhərlərindəki Azərbaycan icması ilə görüşüb. Görüş Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən Vətən oğullarının əziz xatirəsinin ehtiramla yad olunması ilə başlayıb.

 

“Ədəbiyyat və incəsənət” portalına Komitədən verilən məlumata görə, Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin sədri Nuran Abdullayev görüş iştirakçılarını təşkilatın işi barədə məlumatlandırıb, Alyansın səmərəli fəaliyyətində bu ölkədə yaşayan soydaşlarımızın müstəsna xidmətləri olduğunu bildirib.

Komitə sədri soydaşlarımıza diaspor işinə verdikləri töhfələrə görə təşəkkür edib. O, komitənin və diasporun həyata keçirdiyi uzunmüddətli layihələr, xaricdəki Azərbaycan Evləri, Koordinasiya Şuraları, həftəsonu məktəbləri, soydaşlarımız arasında uğurla gedən icmalaşma prosesi və diaspor fəaliyyətinin digər vacib istiqamətləri barədə danışıb.

Ümummilli Liderin əsasını qoyduğu diaspor siyasətinin bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf etdirilərək yeni səviyyəyə yüksəldildiyi, məzmunca dərinləşdiyi, xaricdə yaşayan hər bir azərbaycanlının dövlətimizin diqqətində olduğu nəzərə çatdırılıb.

Mədəniyyətimizin dünyada tanıdılmasında Birinci vitse-prezident Mehriban Əliyevanın xidmətlərinin  danılmaz olduğu və xaricdəki soydaşlarımızın bu xidmətləri yüksək qiymətləndirdiyi vurğulanıb.

Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin üzvü̈, “Muğam” Alman-Azərbaycan Musiqi Birliyinin rəhbəri, pianoçu Səbinə Məmmədova çıxışında dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyi istiqamətində aparılan işlərdən danışıb, diaspora göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə minnətdarlıq ifadə edib.

Daha sonra ölkəmizin Qarabağda qazandığı qələbədən bəhs edən videoçarxlar nümayiş̧ olunub və alqışlarla qarşılanıb.

Görüşdə soydaşlarımızın sualları cavablandırılıb, icma fəaliyyətinin inkişafına müasir konseptual yanaşma ilə bağlı təkliflər səsləndirilib, perspektivlər geniş müzakirə olunub.

Tədbir bədii hissə ilə davam edib. Skripkaçılar Fərhad Qarayusifli, Anne-Heloise Gevers, Almaniyada yaşayan bəstəkar, müğənni və multiinstrumentalist  Seyran İsmayılxanov, İtaliyada yaşayan opera ifaçısı, mezzo-soprano Çinarə Şirinova, pianoçu Səbinə Məmmədova, Muğam Televiziya Müsabiqəsinin laureatı Vüsalə Cabirin ifaları və digər zövq oxşayan musiqilər alqışlarla qarşılanıb.

Qeyd edək ki, icma görüşünə Almaniyanın 25-dən çox şəhərindən 200-dən artıq soydaşımız qatılıb.      

Son illər Diasporla İş üzrə Dövlət Komitəsi müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarla sistemli şəkildə görüşlər təşkil edir, soydaşlarımızın təklif və problemləri dinlənilir, vahid diaspor şəbəkəsinin yaradılması istiqamətində aparılan işlər təhlil olunur.

 

“Ədəbiyyat və incəsənət”

(24.02.2025)

Murad Vəlixanov  “Ədəbiyyat və İncəsənət”  

  

Şənbə gününun təqvimdə öz təyinatı vardı, Kəşfiyyatçı Günü. Amma nədənsə bir gün əvvəlki Beynəlxalq Ana Dili Gününü hamı qeyd etdi, hamı gündəm elədi, amma kəşfiyytçılar barədə nədisə bir susqunluq hiss edildi.

 

Bu həyatda  hər kəs və hər şey fanidir. Bir gün gələn bir gün də gedəcəkdir. Kimi öz əcəli ilə, kimi də müqəddəs bir amal uğruna bu dünyadan köçəcəkdir. Bu gün milləti,  dövləti, torpağı, insanı var olsun, yaşasın deyə canını fəda edənlərdən kəşfiyyatçılardan danışacağam.  

 

2008-ci il fevralın 20-də Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən hər il Fevral ayının 22-si tarixi  kəşfiyyatçılar günü kimi qeyd edilir. Onların bir anlayışı vardır: “görünmədən görmək, ölmədən dönmək.” Hər zaman ənənələrinə sadiq qalan bu görünməz qəhrəmanlar haqqında səhərə qədər  danışsam, fikrimi tamamlaya bilmərəm. Çünkü onlar bu millətin görünməz, bilinməz qəhrəmanlarıdır və qiyamət gününə qədər də  bu gerçək dəyişilməzdir.

Gizli, lakin əvəzsiz xidmət, səssiz, lakin müstəsna qəhrəmanlıq! Bu gün nəfəs alırıqsa, gəziriksə, yeyib-içiriksə bunu bu qəhrəmanlara borcluyuq. Şəhadət elə bir ali zirvədir ki, o zirvəyə hər yoldan keçən yüksələ bilməz. Onlar elə bir qəhrəmandırlar ki, geridə adam buraxmağı belə sevmirlər. Nə yaralılarını, nə də şəhidlərini qoyub qaçan deyillər. Onlar üçün “yox, bunu edə bilməzlər” deyin və sonrasını oturub izləyin. Ən çətin döyüş tapşırığını qüsursuz şəkildə yerinə yetirən, keçilməz deyilən maneələri keçən, aşılmaz deyilən nöqtələri aşan qəhrəmanlardır onlar.

Bu gün Qarabağımız azaddırsa və şanlı üç rəngli bayrağımız Xankəndidə, Şuşada,  Xocalıda, Ağdamda dalğalanırsa bunun üçün onlara da borcluyuq.  

 

XATIRLATMA:

Kəşfiyyat idarəsi və ya Kəşfiyyat orqanı — hüquq mühafizə, milli təhlükəsizlik, müdafiə və xarici siyasət məqsədlərini dəstəkləmək üçün təhlil və ya tədqiqat apararaq məlumat və kəşfiyyat məlumatları əldə edən dövlət orqanıdır.

Kəşfiyyat orqanlarının açıq və məxfi, casusluqəks kəşfiyyatelektron kəşfiyyat, kriptoanaliz, digər orqanlarla əməkdaşlıq və ictimai mənbələrdən istifadə etmək kimi vəzifələri var. Bu məlumatların əldə edilməsi və yayılması kəşfiyyat təhlili və ya kəşfiyyat kimi tanınır.

Daxili kəşfiyyat ilə xarici kəşfiyyat arasında bir fərq var. Daxili kəşfiyyat terrorizm və əks-kəşfiyyat kimi daxili təhdidlərlə məşğul olur. Xarici kəşfiyyat isə xarici dövlətlərin siyasi və ya iqtisadi fəaliyyəti barədə məlumatlar əldə etməyi özündə cəmləşdirir.

 

“Ədəbiyyat və incəsənət”

 (24.02.2025)

 

 

 

Əlbəttə ki, Azərbaycanın milli-mədəni sərvətləri içərisində dahi mütəfəkkir Nizami Gəncəvinin ədəbi irsi əhəmiyyətli yer tutur. Elə fevralın 22-də Azərbaycanın Ankaradakı səfirliyində təşkil edilən tədbirin də mahiyyətində bu dayanırdı. 

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-ın Türkiyə müxbirinə istinadən xəbər verir ki, tədbir Nizami Gəncəvinin daha bir poemasının – “Sirlər xəzinəsi”nin türk dilinə tərcüməsinin təqdimat mərasimindən ibarət idi. Kitab Türkiyədə Azərbaycan səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə orjinaldan Türkiyə türkcəsinə tərcümə edilərək Ankarada çap olunub.

Tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Azərbaycan mədəniyyət nazirinin müavini Fərid Cəfərov,  nizamişünaslar, ekspertlər, iki qardaş ölkənin ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan səfir R.Məmmədov Nizami irsini “bütün bəşəriyyətin, o cümlədən Türk dünyasının sərvəti” adlandırıb. “Sevindirici haldır ki, Azərbaycanın dahi oğlunun əsərləri türk dilinə də tərcümə olunur ki, bu da müasir Türkiyənin 85 milyonluq əhalisi arasında dahi Nizami haqqında ən dolğun məlumatın formalaşmasına kömək edir”, - deyə diplomat qeyd edib.

Diplomatik nümayəndəliyin rəhbəri Nizami Gəncəvi irsi mövzusunda nəşrlərin sayının artacağına ümid etdiyini bildirib.

Azərbaycan mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxışında dahi Nizaminin kitabının tərcüməsinin təqdimatında iştirakı qürur mənbəyi adlandırıb. “Nizaminin misraları bu gün də dünyada milyonlarla insan üçün bələdçidir”, - deyən nazir müavini Azərbaycan dövlətinin dahi şair və mütəfəkkirin irsinin təbliğinə daim xüsusi diqqət yetirdiyini, yubiley tədbirləri təşkil etdiyini vurğulayıb. O bildirib ki, ölkəmizdə dövlət strukturlarının təşəbbüsü ilə vaxtaşırı olaraq Nizamiyə həsr olunmuş görüşlər və tədbirlər keçirilir.

F.Cəfərov əmin edib ki, bu tədbirlər davam etdiriləcək, o cümlədən Nizami Gəncəvinin əsərlərinin tərcümələrinin beynəlxalq kitab sərgilərində təqdimatı keçiriləcək.

Ölkəmizin Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxış edərək məlumat verib ki, məşhur “Xəmsə”nin bütün beş əsəri 2026-cı ilə qədər orijinaldan türk dilinə tərcümə olunacaq. O əlavə edib: “Bu gün türk oxucuları artıq iki əsərlə - “İsgəndərnamə” və “Sirlər xəzinəsi” ilə tanış ola bilərlər. Gələcəkdə Azərbaycanın bir çox başqa şair və yazıçılarının da əsərlərinin türk dilinə tərcüməsini mərhələli şəkildə həyata keçirməyi planlaşdırırıq”.

Tərcümənin müəllifi, Atatürk Universitetinin (Ərzurum) Fars dili və ədəbiyyatı kafedrasının müəllimi, professor Nimet Yıldırım bildirib ki, Türkiyədə ümumi oxucu auditoriyası Nizaminin əsərləri ilə tam şəkildə tanış deyil. O, hazırda “Leyli və Məcnun”un orijinaldan tərcüməsi üzərində işlərin davam etdiyini bildirib. “2026-cı ilin ortalarına qədər biz “Xəmsə”nin tam tərcüməsini hazırlamağı və dahi Nizami Gəncəvinin “Divan”ına keçməyi planlaşdırırıq”, - deyə Yıldırım qeyd edib.

Onun fikrincə, Nizami yaradıcılığı fars dilini zənginləşdirib. “Diqqətəlayiqdir ki, böyük mütəfəkkirin qələmindən əvvəllər farsca işlənməyən yüzlərlə söz və ifadə çıxıb. Bu fakt fars dilinin izahlı lüğətlərində də qeydlə öz əksini tapıb: ilkin mənbə Nizamidir”, - deyən alim vurğulayıb ki, Azərbaycanın dahi oğlunun irsinin təbliğinə töhfə vermək onun üçün böyük şərəfdir.

Səfir R.Məmmədov layihənin müəllifinə dahi Nizaminin doğulduğu yer – Gəncə şəhərinə həsr olunmuş kitab, Azərbaycan mədəniyyət nazirinin müavini F.Cəfərov isə professora təşəkkür plaketi təqdim edib.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Ədəbiyyat İnstitutunun dosenti Təhminə Bədəlova Nizaminin yaşayıb-yaratdığı tarixi dövr haqqında tədbir iştirakçılarına məlumat verib. O bildirib ki, Azərbaycanın dahi oğlunun əsərləri hələ onun sağlığında geniş şəkildə tanınıb.

Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlı Türkiyə ictimaiyyətinin uzun müddət Nizami Gəncəvini fars şairi kimi qəbul etməsindən təəssüfləndiyini bildirib. “Sevindirici haldır ki, bu təhrif olunmuş fikir Azərbaycanın dahi oğlunun əsərlərinin türk dilinə tərcüməsi sayəsində də dəyişir”, - deyə şair vurğulayıb. O qeyd edib ki, dahi Nizami irsi əsrlərboyu dünya şərqşünasları arasında ehtiram və rəğbətlə qarşılanıb.

Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov mədəniyyət sahəsinə dövlət dəstəyinin vacibliyini qeyd edib. O deyib: “Prezident İlham Əliyevin qərarları bütün Azərbaycan mədəniyyəti üçün güclü stimuldur. Bunun ən son sübutu Bəxtiyar Vahabzadənin 100 illik yubileyi haqqında Sərəncamdır”. Nizaminin əsərlərinin hazırda dünyanın bütün aparıcı kitabxanalarının kolleksiyalarında yer aldığını qeyd edən K.Tahirov bildirib ki, dünya üzrə nizamişünasların və tərcüməçilərin səylərini dəstəkləməyə, onları Nizaminin əsərlərinin bütün mövcud elektron variantları ilə tanış etməyə hazırdır.

Azərbaycan mədəniyyət nazirinin müavini F.Cəfərov Nizami Gəncəvinin türk dilində kitablarının nümayiş etdirildiyi stendlə tanış olub.

 

“Ədəbiyyat və incəsənət”

(24.02.2025)

Bazar ertəsi, 24 Fevral 2025 07:30

UNESCO-da beynəlxalq Ana Dili Günü qeyd edilib

Parisdə UNESCO-nun mənzil-qərargahında Beynəlxalq Ana Dili Günü qeyd olunub.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, Banqladeşin UNESCO yanında Daimi Nümayəndəliyi və UNESCO-nun Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Gününə həsr edilmiş sərgi keçirilib.

 

Sərgidə Azərbaycanla, Paraqvay, Hindistan, Ukrayna, Lüksemburq, Rusiya, Peru, Çili, Nikaraqua, Cənubi Koreya və El Salvador kimi ölkələr iştirak edib.

 

Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin stendində Azərbaycan dili əlifbası, açıqcalar, müxtəlif kitablar, milli suvenirlər nümayiş olunub. Stendimizin ziyarətçilərinə ölkəmizin tarixi, mədəniyyəti, dili haqqında ətraflı məlumat verilib.

 

Sərgi konsert proqramı ilə davam edib. Azərbaycan milli rəqsi “Naz eləmə” təqdim olunub. Sərgi 25 fevraladək davam edəcək.

 

Xatırladaq ki, 1999-cu ildə UNESCO Baş Konfransı zamanı Banqladeşin təşəbbüsü ilə fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.

 

“Ədəbiyyat və incəsənət”

(24.02.2025)

Macarıstanın ən böyük turizm tədbiri olan 47-ci Travel+ sərgisində Azərbaycan da iştirak edir.

 

“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, bu günlərdə HUNGEXPO Budapeşt Konqres və Sərgi Mərkəzində keçirilən sərgi qlobal turizm sənayesi mütəxəssisləri və səyahət həvəskarları üçün mühüm platforma rolunu oynayır, yeni tendensiyalar və imkanları vurğulayır.

 

Builki sərginin əsas mövzusu “ağıllı” turizm olduğu üçün Türk Dövlətləri Təşkilatının Nümayəndəliyi üzv ölkələrin zəngin turizm potensialını nümayiş etdirmək məqsədilə birgə pavilyon təşkil edib. Azərbaycan da bu pavilyonda öz turizm imkanlarını geniş şəkildə təqdim edir.

 

Azərbaycanın Macarıstandakı səfirliyi və Budapeştdəki Azərbaycan Evi ilə əməkdaşlıq çərçivəsində təşkil olunan təqdimat mərasimində Azərbaycan Turist Bələdçiləri Assosiasiyasının fəal üzvü xanım Török Timea çıxış edib. Onun peşəkar və təsirli təqdimatı Azərbaycanı mədəni irsi, tarixi abidələri, füsunkar təbiəti və zəngin mətbəxi ilə geniş auditoriyaya tanıdıb.

 

Təqdimatın sonunda iştirakçılar ölkəmiz haqqında videoçarxı izləyiblər. Bu təcrübə iştirakçılara Azərbaycanın turizm potensialını daha yaxından tanımaq imkanı yaradıb.

 

Azərbaycanın Travel+ sərgisində iştirak etməsi və Türk Dövlətləri Təşkilatının digər üzvləri ilə birlikdə təmsil olunması ölkənin Macarıstan və daha geniş Avropa turizm bazarı ilə əlaqələrini möhkəmləndirmək öhdəliyini bir daha vurğulayır. Eyni zamanda, bu iştirak “ağıllı” turizmin səyahətçi təcrübəsini necə yaxşılaşdırdığına dair mühüm bir mesaj ötürür.

 

Tədbir turizm sənayesinin mütəxəssislərini, səyahət həvəskarlarını və ekspertləri bir araya gətirməyə davam edir və bununla da Azərbaycanı qlobal turizm sektorunun vacib istiqamətlərindən biri kimi daha da möhkəmləndirir.

 

“Ədəbiyyat və incəsənət”

(24.02.2025)

 

ABŞ-ın köhnə-yeni prezidenti Donald Tramp ilk fərmanları ilə ABŞ-ı 2 qlobal təşkilatdan çıxartdı: ÜST-dən və İqlim üzrə Paris razılaşmasından. Üstəlik, Rusiya-Ukrayna müharibəsinə münasibətdə Ukrayna prezidenti Zelenskini diktator adlandırmaqla bütün dünyanı tam təəccübləndirdi. 

Gözləntilər nədir?

“Ədəbiyyat və incəsənət” portalı siyasi icmalçı Asif Şəfəqqətovun hadisələrə baxışını təqdim edir. 

 

ÜST və Paris razılaşması ultraqlobalistlərin ən güclü “silahlarından” idi. ÜST vasitəsilə bütün ölkələrə “Pandemik razılaşma” imzalatdırmaq istəyirdilər. Paris razılaşması ilə isə “Davamlı inkişaf”ı (bunun nə demək olduğu barədə ayrıca yazaram) ölkələr üçün əsas hədəfə çevirmişdilər.

Keçən prezidentliyi dövründə Tramp ultraqlobalistlərin planlarına qarşı gözlənilməz maneə oldu. Buna görə də ÜST silahından istifadə edib, pandemiya oyunu qurdular. Pandemiyanın ən böyük qurbanlarından biri ABŞ oldu. Pandemiya 2020-ci ilin yanvarında elan olundu, həmin ilin noyabrında isə prezident seçkiləri olmalı idi. Hətta prezident Tramp belə karantin tədbirlərinə qarşı şübhəsini ictimaiyyətlə bölüşə bilməzdi, dərhal postu silinirdi. Ultraqlobalistlər istəyirdilər ki, ABŞ-da maska rejimindən, karantin tədbirlərindən, məcburi peyvəndləmədən qəzəblənmiş xalq (xatırlayırsınızsa, ABŞ-da bunlara qarşı etiraz mitinqləri olurdu) növbəti prezident seçkilərində Trampa səs verməsin. Trampa qarşı əhalinin etirazlarını daha da gücləndirmək üçün hətta afroamerikan üsyanlarını da təşkil etdilər (üsyanlar, əsasən, demokratik ştatlarda keçdi)...

Yeri gəlmişkən, respublikaçı ştat Cənubi Dakota qubernatoru ÜST-nin məcburi tələblərini yerinə yetirmədi və əhalisi də kütləvi şəkildə ölmədi.

Tramp 1-ci prezidentliyi dövründə ABŞ-ı Paris razılaşmasından çıxartmışdı. Bayden hakimiyyətə gələn kimi ABŞ-ı yenidən Paris razılaşmasına qaytardı (2021-ci ildə). 20 yanvarda Tramp yenidən Paris razılaşmasından imtina etdi.

Göründüyü kimi, Tramp ultraqlobalist təşkilatları boykot edir. Bunlar bir daha göstərir ki, ABŞ mərkəzli dünya başa çatır. ABŞ öz makrozonasına çəkilir və proteksionist siyasətə keçir.

Bu siyasətin məntiqi davamı ABŞ-ın Ümumdünya Ticarət Təşkilatından çıxması olacaq. Onsuz da ÜTT artıq formal fəaliyyət göstərir.

Daha sonrakı addım BMT-nin səlahiyyətlərinin azaldılması olacaq. İsrailin baş naziri BMT-nin Baş katibinin ölkəsinə girməsini qadağan edə bilirsə, BMT-yə kim hörmətlə yanaşacaq?

Əlbəttə, beynəlxalq təşkilatlar dərhal ləğv olunmayacaq. Bəzi dövlətlər də ABŞ-dan nümunə götürərək, onlardan çıxacaqlar. Lakin ultraqlobalistlər həmin təşkilatların saxlanılması uğrunda mübarizə aparacaqlar. 4 il ərzində qalib gələ bilməsələr, həmin təşkilatlar tam ləğv olunacaq və dünya makrozonalara bölünəcək. Hər makrozonanın isə öz oxşar təşkilatları olacaq.

Tramp ilk iş günündə Kubanı terrorçu dövlətlər siyahısına daxil etdi. Kubanı bu siyahıdan ilk dəfə 2015-ci ildə Obama çıxartmışdı. Tramp 1-ci prezidentliyi dövründə Kubanı yenidən həmin siyahıya daxil etmişdi. Bayden isə Kubanı bu siyahıdan 2025-ci ilin yanvarında yenidən çıxartmışdı. 

Tramp Meksika narkokartellərini terrorçu təşkilatlar siyahısına daxil etdi. Bu isə ABŞ qanunvericiliyinə görə onlara qarşı hərbi əməliyyatlar aparılmasına icazə verir. Tramp administrasiyası Venesuela prezidenti Maduronun da devrilməsi üzrə planlar hazırlayır. 

Hələ ki, nə Ukrayna, nə İsrail, nə ərəb ölkələri, nə də Çin haqqında heç bir fərman imzalanmayıb.

Bunlar da göstərir ki, ABŞ üçün prioritet məsələlər Amerika qitəsi ilə çərçivələnir. Başqa sözlə, ABŞ yenidən Monro doktrinasına qayıdır.

Avropanın qara günləri başlayır...

(Rusiya-Ukrayna müharibəsi mövzusuna isə ayrıca qayıdacağıq)

 

“Ədəbiyyat və incəsənət”

(24.02.2025)

 

Fevralın 22-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə Gürcüstanın Şota Rustaveli adına Milli Teatrı arasında beynəlxalq əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı məlumat yayıb. Sənədi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İlham Əsgərov və Ş.Rustaveli adına Gürcüstan Milli Teatrının direktoru Giorgi Tevzadze imzalayıblar.

 

İmzalanma mərasimində Ş. Rustaveli adına  Gürcüstan Milli Teatrının bədii rəhbəri Robert Sturua, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstanın mədəniyyət naziri Tinatin Ruxadze çıxış edərək ölkələrimiz arasında əlaqələrin inkişafından danışıb, bu sənədin mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə xidmət edəcəyini vurğulayıblar.

Gürcüstan həm də kino və teatrın yüksək səviyyəsi ilə öyünə bilən ölkədir, bizim milli teatrın da nailiyyətləri çoxdur, bu cəhətdən yaradıcılıq əlaqəsinin faydası, sözsüz ki, hər iki teatr üçün böyük olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(23.02.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.