Super User

Super User

Bazar ertəsi, 24 Fevral 2025 13:29

Nədir mədəniyyət? - BİLGİLƏR

Rəqsanə Babayeva, Beyləqan rayon Mədəniyyət Mərkəzinin rejissoru, “ Gənclik” xalq teatrının rəhbəri. “Ədəbiyyat və incəsənət” üçün

 

Mədəniyyət bir cəmiyyəti digər cəmiyyətlərdən fərqli edən, keçmişdən bəri dəyişməyə davam edən, özünəməxsus sənəti, inancları, adət-ənənələri, anlayışı və davranışı ilə onun kimliyini formalaşdıran yaşayış və düşüncə tərzidir.

Xalqın maddi və mənəvi dəyərlərinin məcmusuna mədəniyyət deyilir.

 

Tarixi-ictimai inkişaf prosesində yaranmış bütün maddi və mənəvi dəyərlərin, onların yaradılması və sonrakı nəsillərə ötürülməsi üçün istifadə olunan vasitələrin məcmusu insanın öz təbii və sosial mühiti üzərində hökmranlığının miqyasını göstərir. Və insanın və cəmiyyətin inkişafının müasir səviyyəsi, insanın yaratdığı və nəsildən-nəsilə ötürdüyü maddi və mənəvi dəyərlərdir.

"Mədəniyyət" anlayışının latın dilindən tərcüməsi "julture"- "becərmək", "bəsləmək", "yaxşılaşdırmaq" deməkdir. Bu sözün ilkin mənası torpağın becərilməsi, əkinçilik, torpağın işlənilməsi idi. Tədricən insanların fəaliyyət dairəsi genişləndi və "mədəniyyət" sözü daha geniş bir məna daşımağa - maarifçilik, bilik, adət-ənənə kimi sözlər kimi tanınmağa başladı.

Mədəniyyət (cultura) sözü ilk olaraq Qədim Romada təcəssüm etmişdir. Bu sözün ilk mənası torpaqşünaslıq və bitkiçilik anlamına gəlmişdir. Bu söz zamanla dəyişərək insanın əxlaqı, tərbiyəsi örnək yaşam tərzi mənasında işlədilməyə başlamışdır. Tarixdə Maarifçilik əsri kimi tanınmış XVIII əsrdə mədəniyyət anlayışı ancaq mənəvi mədəniyyət statusunda işlədilmişdir. “Cultura” termini geniş mənalar kəsb etməyə başladı. Buraya bilikli, tərbiyyəli, düşüncəli, xoş ünsiyyətli, başqalarına qarşı hörmətli, xalqın tarixi, dili, dini, adət-ənənəsi, elmi, ədəbiyyat və incəsənəti daxil idi. Mənəvi dəyərlər həm də insanı cəmiyyətdə formalaşdıran, inkişafa kömək edən davranış qaydaları, dünya sivilizasiyasının təməli qoyulandan yaranmağa başlamış və davam etməkdədir. 

Bugünkü günümüzdə mədəniyyət maddi və mənəvi mədəniyyət olaraq tanımlanır.  Maddi mədəniyyətə tarixi abidələr, kitablar və s... kimi anlayışlar, mənəvi mədəniyyətə isə incəsənət, ədəbiyyat, adət- ənənə və s... anlayışlar  daxildir. 

İncəsənət, teatr, musiqi mənəvi mədəniyyət nümünəsi olub insanlara xoş duyğuları aşılamağla yanaşı nəsildən – nəsilə ötrülərək yaşadılır. İnsan hansı mədəni mühitdə doğulub yaşayırsa  o mühitin mədəniyyəti ilə  mədəniyyətə xas davranış nümunələri və düşüncə sistemi, dolayısıyla şəxsiyyət əldə edir.

Mədəniyyətin əhəmiyyəti nədir?

Mədəniyyəti xarakterizə edən ortaq dəyərlər, adət-ənənələr və tarixlər insanın düşüncə tərzini, hərəkətlərini və dünyaya baxışını formalaşdırır. Ortaq mədəni irs qrupun üzvlərini birləşdirir və cəmiyyətdə qəbul və aidiyyət hissi yaradır.

Hər bir xalqın özünəməxsus mədəniyyəti vardır. Bu mədəniyyəti yaşatmaq, nəsildən- nəsilə ötürmək onun hər bir fərdinin mənəvi borcudur. Çunki mədəniyyəti yaşayan, var olan xalq daim var olacaqdır!

 

“Ədəbiyyat və incəsənət”

(24.02.2025)

 

Bazar ertəsi, 24 Fevral 2025 14:00

SUMQAYIT SƏHNƏSİndə Turqut Özakmanın "Ocağ"ı

Fərhad  Dost, “Ədəbiyyat və incəsənət” üçün

 

Sumqayıt Dövlət Dram Teatrında türkiyəli yazıçı Turqut Özakmanın "Ocaq" psixoloji dramının səhnə təcəssümünə tamaşa etmək üçün şəhərin mədəni elitası toplaşmışdı.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti, Prezident mükafatçısı, "Qızıl Dərviş" mükafatı laureatı Firudin Məhərrəmov, quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı isə sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyevdir. Tamaşa tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanmışdır.

                          

 

Tamaşanın sujet xətti, personajlar və onların xarakteristikası, dramatik yükü və tamaşaçıya təsiri.

 

Tamaşa tamaşaçılara sosial-iqtisadi çətinliklər içində mübarizə aparan yoxsul  Türk ailənin hekayəsini təqdim edir. Ailə dörd uşaqdan, ana,  ata və nənədən ibarətdir. Və ailənin hər üzvü yoxsulluq, xəyallar, ümidsizlik və birlik anlayışları arasında sıxışıb qalıblar. Əsər ailənin birliyi və yoxsulluqla mübarizəsini göstərməklə yanaşı, nəsillərarası konfliktlərə və dəyişən cəmiyyətin yaratdığı problemlərə işıq tutur. Hər bir personaj fərqli dünyagörüşünə sahibdir, malikdir  və bu da dramın əsas dinamikasını yaradır. “Ocaq”  pyesi ailənin yaşadığı dramı tamaşaçının gözləri önündə canlandıraraq, onları dərin bir emosional səyahətə çıxarır. Əsərin əsas mesajlarından biri də odur ki, ailə çətinliklərə baxmayaraq, bir ocaq ətrafında birləşməlidir. Əsərin əsas gücü, tamaşaçını ailənin içindəki çətinlikləri hiss etməyə vadar etməsi və sevgi ilə fədakarlığın birləşdirici gücünü vurğulamasıdır. Turqut Özakman “Ocaq”  pyesi vasitəsilə tamaşaçını yalnız bir ailənin yoxsulluq və mübarizə dolu həyatına aparmır, həm də ailə bağlarının, sevginin və fədakarlığın insanı birləşdirən gücünü vurğulayır. Tamaşaçı bu emosional səyahət boyunca kədər, ümid, sevgi və  acizlik arasında gedib-gəlir, lakin sonda ailənin birlikdə qalmasının əsl dəyərini anlayır.

 

Personajlar və onların xarakteristikası

 

Evin atası Tarık (Əməkdar artist Rauf Ağakişiyev) obrazı, ailənin bütövlüyünü qorumaq və ailə üzvləri arasındakı birliyi təmin etmək məqsədilə mübarizə aparan bir  ata modelini əks etdirir. Xarakterin təqdimatında, onun məsum ifadələri və çətinliklər qarşısında yaşadığı çarəsizlik hissinə baxmayaraq, ümidini itirməməsi xüsusi  vurğulanır.  Aktyorun interpretasiyası, atanın psixoloji və emosional dinamikasını ustalıqla ifadə etməklə, tamaşaçıya xarakterin daxili dünyasını dərindən anlama imkanı yaradır.

Evin anası Səfiyyə  (Əməkdar artist Xatirə Süleymanova)  obrazı, ailənin əsas dayağı kimi mühüm funksiyanı yerinə yetirən və müxtəlif  sosial-psixoloji yükü daşıyan bir xarakter kimi təqdim olunur. O, təkcə övladlarının deyil, həmçinin anasının və həyat yoldaşının emosional vəziyyətini tənzimləmək və ailədaxili balansı qorumaq vəzifəsini icra  edir. Tamaşa boyu onun əhval-ruhiyyəsində hər hansı bir dəyişiklik müşahidə edilmir, bu da xarakterin iradəli və prinsipial mövqeyini vurğulayır. Safiyyə, bir tərəfdən həyat yoldaşının inancına tamamilə sahib olmasa da, onu dəstəkləməyə davam edir, digər tərəfdən isə övladları arasındakı münaqişələri idarə edərək, ailə içində harmoniya yaratmağa çalışır. Bundan əlavə, yaşlı anasının xəstəliyi və qızının yaşadığı emosional çətinliklər fonunda, obrazın situativ analiz qabiliyyəti və hadisələrə münasibəti məntiqli və adekvat şəkildə təqdim edilir.

Əməkdar artist Cəlal Məmmədov tamaşada evin böyük oğlu Nihat obrazını canlandırır. Nihatın xarakteri, məsuliyyətsiz, sərbəst həyat tərzinə üstünlük verən, avara və xəyalpərəst bir fərd kimi qurulmuşdur. Onun obrazı klassik Romeo tipajına yaxın olmaqla, tamaşada dinamik və emosional kontrast yaradır. Aktyorun ifası, zarafatları, canlı intonasiyaları və səs tonu ilə obrazın xarakterik xüsusiyyətlərini vurğulayır. Həmçinin, ağır psixoloji yüklü səhnələrə qatdığı yüngül və təbii oyun tərzi tamaşanın ritmini balanslaşdırır və tamaşaçılar üçün emosional rahatlıq yaradır.

Səhnə əsərində atası ilə birgə ailənin dolanışığını təmin etməyə çalışan Fazil obrazı, aktyor Oktay Mehdiyev tərəfindən yüksək ustalıqla təqdim edilmişdir.  Fazıl obrazı realizm və xəyalpərəstlik arasında tarazlıq saxlayan, ailə üzvlərinin maddi və mənəvi rifahını təmin etmək üçün fədakarlıq edən bir şəxs kimi xarakterizə olunur. O, qardaşına cib xərcliyi verəcək qədər məsuliyyətli olmaqla yanaşı, ailədaxili gərginlikləri öz daxilində yaşayan, emosional baxımdan çətinlik çəkən və bu səbəbdən də hər an gərgin vəziyyətə düşə biləcək bir obrazdır. Aktyor bu xarakterin daxili dünyasını dərindən təhlil edərək, onun psixoloji vəziyyətini tamaşaçılara obyektiv şəkildə çatdırmağa nail olmuşdur.

Aktyor sənətində obrazın tamaşaçıya təbii və inandırıcı şəkildə təqdim edilməsi mühüm rol oynayır. Xüsusilə fiziki məhdudiyyətləri olan obrazları ifa etmək aktyor üçün əlavə çətinliklər yaradır. Bu baxımdan, tamaşada Sevda obrazını canlandıran Şəhla Məmmədova öz rolunu yüksək peşəkarlıqla icra edirdi. O, tamaşa boyu fiziki vəziyyətini daim nəzarətdə saxlayaraq, obrazın təbii davranışlarını ustalıqla nümayiş etdirirdir. Bu personajın hissi keçidləri – tamaşanın əvvəlindəki pozitiv əhval-ruhiyyədən finaldakı ümidsizlik və peşmançılığa qədər olan duyğular, aktrisa  tərəfindən yüksək inandırıcılıqla çatdırılırdı.

Ailənin kiçik oğlu, tələbə Özcan obrazında Şəmistan Süleymanlının  ifası xarakterin özünəməxsus xüsusiyyətlərini vurğulamaq baxımından diqqətəlayiqdir. Özcan obrazı, sosial və iqtisadi reallıqlara uyğun şəkildə, dominant qüvvələrin təsiri altında mövqeyini müəyyən edən bir gənc kimi təqdim edilir. O, həyatdakı mövqeyini dəyişən şəraitə uyğunlaşdıran və bu yolla varlığını qorumağa çalışan tipik bir tələbə xarakterini əks etdirir. Aktyor bu xarakterin psixoloji motivasiyalarını uğurla mənimsəmiş və tamaşaçılara dolğun şəkildə təqdim edirdi.

Nənə (Əməkdar artist Fəranə Musayeva) obrazı yaşlılıq bunaması əlamətlərini özündə əks etdirən bir şəxsiyyət kimi təqdim edilir. Aktyorun ifasında yaşlı insana xas olan nitq intonasiyası və səslənmə tonu davamlı olaraq qorunmuş, bu da tamaşanın realizmini artırırdı. Xüsusilə diqqət çəkən məqam odur ki, aktisa səhnədə uzun müddət eyni vəziyyətdə qalaraq, hər hansı qeyri-iradi hərəkətlər etmədən obrazın psixoloji və fiziki vəziyyətini qoruyub saxlamağa nail olmuşdur. Onun minimal fiziki hərəkətlərlə xarakterin daxili aləmini ifadə etməsi, peşəkar teatr ifaçılığında yüksək səviyyəli ustalıq nümunəsi kimi qiymətləndirilə bilər. Obrazın bədən dili və fiziki jestləri də mükəmməl şəkildə aktrisa tərəfindən idarə olunmuşdur. Aktrisanın hərəkət etmədiyi vəziyyətlərdə belə, səhnə plastikasını qoruması və personajın yaşı ilə uyğun olan fiziki məhdudiyyətləri (məsələn, belin əyilməsi, addımlardakı çətinliklər) ardıcıl olaraq nümayiş etdirməsi xarakterin inandırıcılığını artırmışdır. Bu yanaşma tamaşaçılara obrazın gerçəkçiliyini hiss etdirmiş və onun psixoloji vəziyyətini daha aydın başa düşməyə imkan yaradırdı. Əməkdar artist Fəranə Musayevanın ifası, teatr sənətində realist ifa üslubunun ən mühüm göstəricilərindən biri olan xarakterin ardıcıl və təsirli təqdimatına nail olunduğunu nümayiş etdirmişdir. Bu baxımdan aktrisanın performansı yüksək dəyərləndirilməli və peşəkar teatr ifaçılığında uğurlu nümunə kimi qeyd olunmalıdır.

Beləliklə, tamaşa iştirakçılarının hər biri öz obrazlarını yüksək səviyyədə canlandıraraq, tamaşanın uğurlu alınmasına töhfə verdilər. Aktyorların hərəkətləri, mimikası və bədən dili onların oynadıqları personajların xarakterik xüsusiyyətlərini dəqiq çatdırmağa imkan yaradırdı.

 

Tamaşanın dramatik yükü və tamaşaçıya təsiri

 

Əsər, sadə yoxsul ailənin gündəlik mübarizəsini və yoxsulluğun onların münasibətlərinə necə təsir etdiyini realist şəkildə təqdim edir.Tamaşaçı bu çətinliklərin içində öz ailəsindən və ya tanış olduğu insanlardan izlər tapa bilər, bu da əsəri daha təsirli edir. Ana və atanın övladları üçün çəkdiyi əziyyətlər, sevginin fədakarlıqla birləşdiyi anları ortaya qoyur. Böyük uşaq ailəni tərk edib getmək istəyir, amma ata və ana üçün bu,  “ocağın sönməsi” deməkdir. Bu nöqtədə sevgi ilə gələcəyin axtarışı arasında böyük bir konflikt yaranır. Evin tək qızı sevdiyi oğlan ilə qoşulub qaçsa da aylar sonra təkrar ata evinə qayitmaq məcburiyyətində qalır. Getdiyi yerdə də xoşbəxtçiliyi tapmayan Sevda, bir zamanlar bədbəxt yuvası olaraq gördüyü ocağa təkrar geri dönür. Nənə, keçmişin və ailə dəyərlərinin qoruyucusu kimi ənənəvi ailə bağlarının gücünü xatırladır. Tamaşaçılar bu ailənin yaşadığı emosional sınaqlara şahid olduqca, öz həyatları ilə paralellər qurmağa başlayırlar. Ailədəki münaqişələr universal bir mövzu olduğundan, pyes hər kəsin qəlbinin sarı siminə toxuna bilən gücə malikdir. Çətinliklərə baxmayaraq, ailənin bir yerdə qalması və ocağın sönməməsi üçün göstərilən fədakarlıqlar ümid mesajını gücləndirir.  Əsərin sonunda ailənin birliyi qorunur və tamaşaçıya müsbət və təsirli bir nəticə verir.

Bəli. Mən qətiyyətlə deyə bilərəm ki, “Ocaq” tamaşası Sumqayıt Dövlət Dram Teatrının ən yaxşı tamaşalarından biridir. Quruluşçu rejissor, Xalq artisti Firudin Məhərrəmov tərəfindən də yüksək peşəkar səviyyədə qurlub. Onun tərəfindən verilən  mizanlar özləri tamaşaçı ilə danışır. Buna görə də tamaşanı daha baxımlı edir. Bu tamaşanı təkcə Sumqayıt  tamaşaçılarına  yox, məmləkətin və xarici ölklərin tamaşaçılarına da göstərmək olar və inanıram ki, onlar tərəfindən də çox maraqla qarşılanar.

 

“Ədəbiyyat və incəsənət”

(24.02.2025)

 

 

 

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

 

Bütün ölkə ağ yorğana bürünüb. Eləcə də, bizim Ağdam rayonu. Qarlı bazar günü – 23 fevral barədə reportaj hazırlamaq istədim. Bir neçə foto çəkdim kameramla. Amma sözlər nədirsə şeirlə gəldi.

Bəzən hisslərimiz yalnız şeirlə ifadə olunur.

Kədərli bir şeir yarandı. Amma bu, insanın fərdi kədəri deyil, ümumbəşəri kədərdir.

 

Doğmalar içində bir yadam mən.

Sanki yaddan çıxıb, unudulub

xatirə dəftərinin vərəqləri arasında

qurumuş gül ləçəkləri…

 

Dərdlərimi çətir etdim başıma.

döyəcləyir yaz yağışı.

Öz əlimlə ağı qatdım aşıma.

Məni tutdu çiçəkləmiş bir ağacın qarğışı.

 

Yaralı budaqlar sərilib yerə,

Əlimdə ağlayır nar çiçəkləri…

Dua etdim üflədim ovuclarıma.

Uça bilmədi…

Arzularım, istəklərim, diləklərim

qanadları islanmış may böcəkləri…

 

Qar yağır varlığıma.

Ruhumda fırtınalar, tufanlar

İçimdə şaxta, sazaq.

Ürəyim buz bağlamış bir qaya.

Boynubükük ümidlərim günəşə boylanan

qar çiçəkləri…

 

“Ədəbiyyat və incəsənət”

(24.02.2025)                                

 

 

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.

 

Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.                    

 

Hər bir kəsin öz uğur hədəfi var. Amma bu uğur hədəflərinin əksəriyyəti yaxşı maddi təminatı olan güzəran qurmağa hesablanır. Yəni ki, uğur deyəndə, çoxumuz üçün bu, müəyyən madiyyat əldə etmək anlamını bildirir. Bir qism insan çalışdığı müəssisədə uğurlu karyeraya can atır, bir qism insan isə gənc yaşlarından başlayaraq öz şəxsi biznesini qurur.

Statistik hesablamalara görə hər il daha çox insan sahibkarlıq fəaliyyəti ilə məşğul olur, pul qazanmağın, firavan həyat qurmağın yolunu bunda görür.

Dünya təcrübəsi göstərir ki, kiçik və orta biznesin potensialı nəhəngdir. Bir sıra inkişaf etmiş ölkələrdə o, ümumi daxili məhsulun 30-50 faizini, dövlət büdcəsinə bütün daxilolmaların 50 faizdən çoxunu təşkil edir. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə əhalinin hər 100 nəfərinə düşən kiçik müəssisələrin sayı 35-dən (Fransa) 75-ə (ABŞ) qədərdir. Ölkələrin iqtisadiyyatının gücündən, həyat şəraitindən asılı olaraq böyük ölkələrdə kiçik bizneslə məşğul olanların daha çoxu şəxsi müəssisələr açaraq hüquqi şəxs statusunda fəaliyyət göstərir. Əsas sahələr isə, adətən, məişət xidməti, iaşə, ticarət, təmir və tikinti, nəqliyyat, hüquqi yardım, kənd təsərrüfatı, səhiyyə olur.  Kiçik iqtisadiyyatlı ölkələrdə isə «bizneslə məşğul olmaq» anlayışına daha çox kiçik topdansatışla məşğul olmaq, habelə dükan və mağazalarda alver etmək aid olur.

Beləliklə, təkrar edək ki, get-gedə daha çox insan biznesə üz tutur. Amma acı reallıq budur ki, hər bir insan da bu yolla pul qazana bilmir, firavan həyat qura bilmir.

Bill Qeyts, Uorren Baffet, Mark Tsukerberq, Ceff Bezos, Çarlz Kox, Amansio Orteqa və bu qəbildən olan dünyanın ən varlı insanlarının sırasına düşmək şansı təbii ki, çox cüzidir. Əgər hazırda dünyada təqribən 8 milyard insan yaşayırsa və bu əhali arasında təqribən 2 000 nəfərin varidatı milyard dollardan yuxarıdırsa, demək, hər milyon adamdan yalnız biri milyardçı ola bilir. Milyardçıları, milyonçuları bir kənara qoyaq, özünə normal güzəran qurmuş adi statistik planet sakinini götürək. Həmin bu «normal güzəran» qurmaq yolu əksəriyyət üçün sahibkarlıq fəaliyyətindən keçirsə, uğurlu sahibkar olmağın zəruri şərtləri bəs nədir?

Mən bu mövzunu illərdir ki, araşdırmışam. Araşdırmalarımın nəticəsi olaraq «Biznesdə uğur qazanmanın düsturu»nu qurmağa müvəffəq olmuşam. Və sevinirəm ki, bu düstur uğurla işləyir, faydalar verir.

İqtisadliyyatı bazar və situasiyalar idarə edir, düzdür! Ancaq dünya iqtisadliyyatının tarixinə nəzər salsaq, görərik ki, həm bazarın, həm də iqtisadi situasiyaların böhran vəziyyətinə düşməməsi, uçuruma yuvarlanmaması üçün hər bir zaman insan faktoru həlledici olmuşdur. Daha dəqiq desək, «dahi insan faktoru» . Dünya iqtisadiyyatının bugünkü uğurlarının, dünya bazarının bugünkü funksionallığının arxasında hər bir zaman dahi iqtisadçılar, strateqlər, liderlər durmuşlar.

Sadəcə olaraq, qarşınıza qoyduğunuz məqsədlərə çatmağın istiqamətlərini müəyyən edin. Uğurlu biznesmen olmaq istəyinizi sizin bütün düşüncənizi, varlığınızı bürüməli olan bir istək kimi hiss edin. Onda siz qaçılmaz olaraq qarşınıza çıxacaq bir çox problemləri həll edə biləcəksiniz.

Aşağıdakı suallara düzgün, açıq şəkildə cavab verməyə çalışın:

- Şəxsi biznesimi yaratmaq, ona sahib olmaq və onu idarə etmək üçün mənim hər hansı təcrübəm (səriştəm) varmı?

- Mən özüm hər hansı biznesə başlaya bilərəmmi? Hansı biznesə? Hansı sahədə mən daha güclüyəm? Mən nə ilə məşğul olum?

- Müxtəlif adamlarla mənim qarşılıqlı təmasım yaxşıdırmı? Mən konfliktliyəmmi? Mən güzəştlərə gedə bilərəmmi?

- Mən müxtəlif qərarları nə dərəcədə çevik və düzgün qəbul etməyi bacarıram?

- Mənim biznesi idarə etmək üçün hər hansı məhdudiyyətlərim varmı?

- Mən işi nə dərəcədə yaxşı planlaşdıra və təşkil edə bilərəm?

- Bİznesdə idarəetməyə meyilliyəmmi?

- Mənim biznesim mənim ailəmə necə təsir edəcək?

Yolun əvvəlində hətta özünüzün də genişləndirə biləcəyiniz bu suallar sıralanmasına cavab verərkən siz dəqiqliklə müəyyən edə biləcəksiniz:

Təzə nə isə etməyə başlamağa dəyərmi? Həyatınızı dəyişməyə dəyərmi? 

 

“Ədəbiyyat və incəsənət”

(24.02.2025)

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Prozası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi yazıçı Təbrizdə yaşayan Məhsa Əbdüləlizadədir.

 

Məhsa Əbdüləlizadə

Təbriz

 

SARI İŞIQ

 

Yenə səslərini başlarına atıblar. Heç gecə-gündüz də düşünmürlər. Beynimi kazarma edib hər an parad getməkləri əsəblərimi qarışdırır. Səsləri anamla atamın savaşdıqlarını anımsadır. Sanıram atam yenə patı çəkib anamın canını əlinə alıbdır. Kölgəsi artıq qısalmış, gözyaşı otağımın divarına hopur. Kölgənin anam olduğunu, atamın şilləsini, saçının otağımda tapılmasından sezirəm. Atamdan sonra kimsə onu belə vura bilməzdi. Anamın səsi divarların arasından gəlir, düşünürəm.

Kölgələr otağımdakı divarlarda savaşanda, heç görmədiyim sinemada oturub, sonu yox bir filmə baxıram sanki. Yaxınlaşdıqca yerimin içində sıxılıb, uşaqlıqda həsrətində qaldığım qırmızı neylon topa oxşayıram.

Kölgələr savaşırdılar. Əsəblərim bir-birilərini bıçaqlayırdılar. Anamın qarnından damcılayan qan, alnımın ortasına sıçrayır. Diksinib atamın əlindən bıçağı alıram. Eləyə bildiyim qədər çığırıb divara sarı yürüyürəm.

Anam divara sərilir. Divarı qucaqlayıb uca səslə ağlayıram. Əllərimi anamın qarnında gəzdirdiyimdə qarnımın içi gicişir. Bıçaqla qarnımı qurdalayıb içimdəkiləri tökməyim gəlir. Əlim bıçağa sarı getdikdə kölgəsinin divara əsməsini duyuram. Əlimi kəpənək edib kölgəsi ilə oynamağım gəlir.

Patı çəkənlər adamları olduqları kimi görmürlər. Dünən tərəvəz arıtladığımda qəzetdəki titri zığ bürümüşdü. Əlimlə təmizləyib oxumuşdum. "Bir kişi 12 yaşlı uşağını meymun gördüyünə başını kəsdi!"

Anamın kölgəsinin qıçından yapışıb, son gücümlə silkələyirəm. Boyumun qıssa olduğundan gözlərinə baxa bilmirəm.

Otağın guşəsindəki çarpayını gətirib üstünə çıxıram. Özümü onun gözlərinə soxuram. İllər boyu ürəyimə yığdığım sözləri deməyim gəlir. Əlindəki qanlı bıçağın kölgəsindən qorxub, "Səndən zəhləm gedir" - deyə bilmirəm.

Baş barmağımı gözünə soxub, çıxardır. "İndi de görüm məni nə cür görürsən?" Çığırıram. Səsim otağıma yayılır. Səsim təzə yetkinlik yaşında olan oğlanların səsinə oxşayır. Səsimdən qorxub pişik kimi divarı cırmaqlayıram. Çarpayıdan yerə axınıram. Alt köynəyim masanın qırağına ilişib cırılmağının səsi qulağıma dolur.

Atam iki-üç il öncə çarpayının üstünə çıxıb, zirzəmidə özünü asmışdı. Anam yeralma-soğan gətirməyə ora getməsəydi, indi neçə kəfən çürütmüşdü. Çığırmağını eşitdiyimdə "Yəqin yenə siçan ya pişik ölüsü görüb ha..." - deyib, zirzəmiyə qaçdım. Atamın üz-gözü göyərmiş, zirzəminin ortasında böyürü üstdə qalmışdı. Boğazında kəndirin izini gördüyümdə, bir an xəfələnib, örtüyümün düyününü boşaltdım. Anam məni görcək üz-gözünü didib "Yeri qonşulara hay sal, yox ey, əminə zəng vur" - deyib, yaşı min yerdən tökürdü. “Bu kişi hər kim olsa da, uşaqlarımın atasıdır” - deyə ömür boyu yaşayırdı. Qırmızı kəndir ilan kimi atamın gövdəsinə yayılmışdı...

Əlimi arxama uzadıb, köynəyimin harası cırıldığını axtarıram. Kürəyim göynəyir. Baş barmağımda bir damcılıq qan izi qalır. Divardakı kölgələrin filmi bitmiş kimi, səslərin freskanı azalmışdı.

Atamın sələmçidən pul götürdüyü gündən hər nə başlamışdı. Borclular həyətin ortasında yaxasından yapışıb, pullarını istəyirdilər.

Bizə xor baxanda cınqırını çıxarda bilmirdi. Nənə-bacı yamanını eşidəndə, həyətə çıxıb abırını tökməyim gəlirdi. Oyuncaq kimi qucaqdan qucağa atılırdım demək. Sanırdım uşaqlıq etmədən, boy atıram. Uşaqlara qoşulmağım gəlmirdi artıq. Gözümün qabağında onların oynadıqları oyunların anlamını unudurdum.

Ayın işığı otağın ortasında, sanki LED çırağı yanırdı. Bacım yuxudan durmasın deyə çarpayını yavaşca yerinə qaytarıram. Dil-dodağım quruyub. Otaqdan çıxıram. Yavaşca otağa gedirəm. Soyuducunun qapısını açdığımda sarı işıq ayağımın altından otağın divarına sarı süzüb bacımın sifətində dayanır. Dodağının üstündəki qara xala dalıram. Sanki anamın başını kəsib onun sinəsinə qoyubdurlar. Üzdə qara saçını darayıb hörüyümdə hıçqırığımı udub gizlədirəm. Haçansa "Yenə ağlayırsan" - sorğusunu soruşanda bir cavab tapa bilmirdim.

Soyuducunun içindəki düzülmüş araqların qoxusu burnumu gicişdirir. Qonşuların anama "Bu kişidən sənə bir şey aid olmaz, boşan, çıx get" - söz yadıma düşür. Xəyal quşum ərik ağacımızın budağında oturub mən ilə bacımın hovuzun başında ağladığımıza baxır. Anam çadrasını başına atır. Qolumdan yapışır. Həyətdən eşiyə çıxırıq. Seyid Əmi küçədə anamın qabağını alıb onu danlayır. Danışarkən əlini oynadanda təsbehinin səsi qulağıma dolur. Özü öldükdən sonra təsbehi arvadının əlindən düşmür. Yekə muncuqlu göy rəngli təsbehdir. Anam evlərini təmizləyəndə gizlicə götürüb baxmışdım. Muncuqların üstünə Allah, Məhəmməd yazılmışdı. Arvad deyirdi qayın atam bunu Kərbəladan gətirmişdi. Qurban olduqlarım qəbirlərinə sürtülüb deyəndə küçənin arvadları təsbehi gözlərinə qoyub öpürdülər. Böyük nənəm gilə yetişənədək anam dodağının altında danışırdı. "Biqeyrət kişi, təkcə arvad almağın qalmışdı." Eşitdiyim sözlərin anlamını düşünmədən yaşımı gizlətmək üçün dostlarımdan ayrılıram. Atamın hər günki işi idi. Ayın başı gəlmədən anamın gözünün altında badımcan əkib onun aylığını verirdi. Dırnaqlarımı anamın yayın istisində düzəltdiyi sarıkök bəstəsi kimi dərmədən yeyirdim.

Dayılarım onu arvadı ilə gördüklərini anama deyən gündən evdən eşiyə çıxa bilmədim. Dostlarımın məktəbdən gələndə səslərini küçədən eşidirəm. Eşiyə çıxa bilmədiyimə dişlərim bir-birinə sürtülürdü. Daha ən yaxın yoldaşım atamın hər günki cibimdən oğurladığım siqara və böyük anam düzəltdiyi taxta matışqası olmuşdu. Səhər bacımı qabağıma qoyub eyvanda darıxmalarımı onunla paylaşırdım. Ağlayarkən dodağım əsəndə Səhər ovunurdu. Güləndə təzə çıxmış iki dişi görsənirdi. Yatağından tutub "Dovşanımsan" - deyirdim. Anam evdə olmayanda daha çıxıb məktəbdən gülə-gülə gəldiyimiz yola donuxub bir bucağa sıxılıram. Siqaraya qullab vurub, atam kimi hər nəyə xəyalsız olmaq istəyirdim.

Siqaret çəkdiyim gündən anam ilə də ara açırdım. Qorxurdum məni qucaqlayıb üzümdən öpəndə siqaranın qoxusunu paltarımdan duysun. Həyətimizdə əkdiyim qızılgüllərini yeyirdim. Evdə az danışırdım.

Soyuducunun içindən su parçını götürüb nənəliyimin vasvası olduğunu vecimə almadan başıma çəkirəm. Hər gün həyətdən tualetin kafelinədək təmizləyir. Atam evə gələndə həyətdəki hamama saldırmayınca evə qoymur. Suyun soyuqluğu beynimdəkiləri doldurub məni sitildədir. Nənəliyimin yuxu davaları ərinin araq şüşələri kimi soyuducuda sıralanmışdı. Əlimi uzadıb birini götürürəm. Minlər fikir beynimə gəlir, gedir. Anamın kölgəsi aşpazxananı canına çəkir.

Qabaqlar qonşumuzun qızı bu davalardan qaçmaq üçün, özünü damdan atıb öldürmüşdü. Yazıq atası zorla ərə vermək istəyirdi. Nənəsi hamıya "Qızımı ərim öldürdü. Yoxsa on beş yaşında bir qız nə bilir özünü öldürmək yəni nə?" - deyirdi.

Anam bu sözü eşitdiyi gündən tualetə də gedəndə bizim arxamızca gəlirdi.

Davanı o qədər əlimdə sıxmışdım, ovcumdakı tər muncuq kimi üstündə qalmışdı. Onu yerinə qaytarıb otağa qayıdıram. Atamla arvadının üst qatdan gülüşmələrinin səsi qabaqkı evimizin tavanı kimi başıma yağır. Köhnə yaralarım göynəyir. Anamın bir dəfə əri ilə ürəkdən gülmə səsi arzusunda qaldığı yadıma düşür. Dişlərimin qıcıldamasından tüküm biz-biz durur. Sanıram atam yenə patı çəkibdir. Nənəliyimin gülməsinin səsi daha ucalır. Divarların dörd bir yandan gövdəmi sıxmasını hiss edirəm.

Addımlarımı otağa sarı atıb qapının astanasından Səhərə baxıram. Üstü açıq qalmış yerinin içində neylon toplara oxşayır! Yuxu davalarını atmaq fikri gözlərimdən axan yaş kimi beynimə axır. Atamla arvadının səsi ilan kimi içimə süzülürlər. Fısıltılı səsi ürəyimi sancır. Ağ mələfəni Səhərin üstünə çəkdiyimdə sanki ölü birisinin üstünü çəkdim. Üşüyürdüm. Yuxum gəlmədən yatmaq istəyirdim. Səhəri qucaqlayıb öpmədən sarı işığın yolunu tutub gəldiyim yolu geri qayıdıram...

 

 “Ədəbiyyat və incəsənət”

(24.02.2025)

 

 

“Ədəbiyyat və incəsənət” portalı Nazim Əhmədlinin “Qız təbəssümü” hekayəsini təqdim edir. 

 

 

Bu hekayə Azərbaycanda Azərbaycan tükcəsi ilə “Qız təbəssümü”, Təbrizdə “Bürkü”adlarında, Rusiyanın Orenbruq şəhərində rus dilində və Tokioda bir yapon dilində dövri mətbuatda çap olunub, eləcə də Tiflisdə gürcü dilində“Dəli” adlı hekayələr kitabına daxil edilib.

 

Elə bil bu otuz üç il bir göz qırpımında gəlib keçmişdi. Ürəyindən ötüb keçənlər qızı çaşdırmışdı. Yeddi ildən sonra qırx olacaq. Qırxdan sonra… Həyətin başından anasının səsi eşidildi.

- Ay qız, hardasan?

Qız anasının onu gördüyünü bilsə də cavab vermədi. Gözünü beş-altı yerdən çat vermiş  güzgüyə zilləmişdi. Güzgü çiy kərpicdən tikilmiş evin eyvan  dirəyindən asılmışdı. Anasının dediyi kimi, bu güzgü Nikolayı taxtda görmüşdü.

Axşamın alatoranında hava qaralmışdı, kəndin girəcəyindki yolla örüşdən qayıdan mal-qaranın, qoyun-quzunun səsi gəlirdi. Gündüzkü sükutun pozulduğuna baxmayaraq kəndin sakit həyatında darıxdırıcı bir ovqat vardı. Bu ovqat günlərlə qızın ürəyindən çəkilmir, ruhunu sıxırdı.

Qız gözünü sınıq güzgüyə dikib, saçlarını da açıb sinəsinə tökmüşdü. Kəndin qənşərindəki dəmir yolunda ara-sıra görünən qatarlar güzgüdə əks olunurdu. Gecə- gündüz bu qatarlar hara dartınır görəsən? Hərdən bu darısqal həyətdən çıxıb o qatarlara sarı qaçmaq, o qatarlarda hara isə, ağlının huşunun gətirmədiyi, tanımadığı lap uzaq yerlərə getmək istəyir. Təki bu sınıq güzgüdən səssiz-küysüz, işsiz-gücsüz bu həyatdan uzaq olsun, çox uzaq.

-Ay qız,  hardasan? Şər qarışanda güzgüyə baxmazlar, gəl toyuq-cücəni hinəyığ. Əl-ayağın yığılan vaxtıdı.

Qız öz aləmində idi. Anasının səsi elə bil dərin bir quyunun dibindən gəlir, güzgüyə toxunub cingilti ilə onun saçlarına dağılır, ordan da yerə tökülürdü. Qız güzgünün içində gördüyü kəndin dəmir yolundan gözünü çəkmirdi. Hə, görəsən yenəmi oradan qatar keçəcək? Kimlər gələcək bu qatarda? Bəlkə… Yox,  yəqin  daha o, gəlməz, deyirlər, çoxdan evlənib. Bəlkə hələ  uşaqları da var. Kim bilir, dünyanın o biri başında nələr olur? Əl boyda bir məktub nədi ki, onu da yazmır.

Anasının dediyi kimi, indi daha heç kimə inam qalmayıb, hamı dəyişib. Özü də insanları bu  dağılmış zəmanə dəyişdirdi. Çarxın dönsün fələk, rahatca oturmuşduq evimizin altında, bu nə oyundu, başımıza gəldi?

Güzgüdən ayrılıb anasına sarı getdi. Toyuq-cücəni hinə doldurub, evlərinin yan tərəfindəki daxıla (onlar bu daxıla duş deyirdilər) keçdi, bir az əvvəl  odun qalayıb yandırdığı «kalonkada» qızan suyu soyuqladı, paltarlarını soyunub bir tərəfə atdı, suyu açıb saçlarını islatdı, yuyub qurulayandan sonra çiyinlərini suyun altına tutdu. Yarıqaranlıq daxılda işıq olmadığından qız hərdən üşənən kimi olurdu. İsti yay axşamlarında ilıq su ilə oynamaq xoşuna gəlirdi. Çiyinlərindən üzü aşağı incə bədənini yalayıb axan ilıq su hələ əl dəyməmiş balaca məmələrinin arasından keçib bədəninin aşağılarına doğru axırdı. Ovcunu məmələrinin alt hissəsinə tutub suyu saxlamaq istəyirdi. Hələ dodaqları öpüş görməmiş, saçlarına kişi nəfəsi dəyməmişdi. Hər dəfə ilıq duşun altına girəndə bu yarıqaranlıq daxılda qəribə hisslər keçirirdi. Sərin su çiyinlərini, kürəyini, incə belini, ağ-appaq baldırlarını yalayıb üzüaşağı axır, ayaq barmaqlarının ucundan daxılın döşəməsindəki boruya dolur, ordan da çöldəki arxa gedirdi. Hər dəfə də çiməndə bədənini yalayıb keçən bu ilıq su kişi əllərini, kişi nəfəsini xatırladır və bir az sonra isə uydurulmuş “əl və nəfəs su” şəklində axıb gedirdi.

Qız həmişə Rusiyada işləməyə gedən cavanları qınayırdı. Ancaq  onlara yazığı da gəlirdi. Neyləsin, cavan, boylu-buxunlu oğlanlar nə etməli, acından ölməliydilərmi? Uzaq ellərə çörək dalınca didərgin düşən cavanların taleyi onu çox narahat edirdi. Nə isə, daha bu barədə fikirləşməyəcək!

Qız suyun altından çıxmaq istəmirdi. Yay axşamları sərin su ilə oynamaq onun xoşuna gəlirdi. Birdən daxılın qapısına bərkidilmiş güzgüdə özünü gördü. İlahi, necə də qəşəngdi, güzgüdən ona baxan qız. Özünə gülməyi tutdu. Ay ağılsız, o sənsən, axı.

Qızın bu kənddə heç rəfiqəsi də yoxuydu. Tay-tuşları hamısı ərə getmişdi. Hərənin bir dəstə külfəti varıydı. Bəs o?  O, niyə getməyib? Kimi gözləyir?

Yenə güzgünün içindən görünən dəmir yolu gözünün qabağına gəldi. Yəqin ki bir gün o qatar kimisə gətirəcək.

Çimib qurtardıqdan sonra nazik çit xalatını əyninə çəkib evə girdi. Anası dəmlədiyi çaydan bir stəkan içib yerinə uzandı. Heç yuxusu da gəlmirdi. Yatağında ilan kimi qıvrılır, bədənində gəzən həsrəti qovmağa çalışır, ancaq bacarmırdı. Həm də bu sirli giziltinin, bədənində gəzən qərib həsrətin nə olduğunu yaxşı bilirdi.    

Gündüzlər ona məhrəm olmayan kişi tayfasının yad və acgöz baxışlarından qaçmaq üçün evdən çölə çıxmır, bütün günü anası ilə həyətdə qurdalanırdı.

Axşamlar isə kənddə işıqlar yanmadığından televiziya verilişlərinə baxa bilmir, tez yıxılıb yatırdı.  

Pəncərənin bir küncündən göy üzünün bir parçası görünürdü və ona elə gəlirdi ki, ulduzlar göy üzünə səpələnmiş buz parçalarıdır. Onların nə istiliyi, nə də  soyuqluğu yer üzünə gəlib çatmır.

Çox vaxt yatağına girəndə yuxusu ərşə çəkilir və ona elə gəlirdi ki, uzandığı çarpayı get-gedə balacalaşır və dərin bir quyunun dibinə sallanır. Bədənindəki gizilti ruhunu təlatümə gətirən həsrətə qarışır, boğazındakı qəhərdən yanağına axan isti göz yaşları yastığını isladırdı. Ancaq neyləmək olar. Taleyi ilə barışmalıydı.

Qorxmazın onu atıb getməsi, artıq on üç ildən bəri ürəyinə düyün vuran ayrılıq, hələ qaytara bilmədiyi nişan üzüyü, hər şey, hər kiçik detal belə varlığına dərd–qəm kimi yazılır, amansız taleyinin törəməsi olan tənhalığı ürəyini göynədir, həyatda yarımadığını hiss elədikcə fələyin ona bağışladığı belə ağrılı taleyini lənətləyir və əlacı hər yerdən üzüləndən sonra gücü gözlərindən tökdüyü yaşa çatırdı. Adi vaxtlarda isə kənddə onu tanıyanlar belə qızın daxili dünyasını görə bilmir, dərdlərindənsə bir  kimsənin xəbəri olmurdu. 

Səhər tezdən durub evlərinin yanından keçən su arxının yanına getdi. Bu su arxının üstündə bəlkə də hər gün dava düşürdü. Kimsə bağ-bağatını sulamaq üçün suyu öz bağçasına döndərir, başqa birinə su çatmır, bir sözlə, aləm qarışır bir-birinə.

Qız arxın yanındakı balaca daşın üstündə əyləşib ayaqlarını suya sallamışdı.

Arxın suyu sakit olduğundan eyvanlarındakı dirəyə bərkidilmiş güzgünü xatırladırdı. Qızın şəkli suya düşmüşdü. Qəribədi, arxın suyunda güzgüdəkindən də gözəl görünürdü. Göydəki bulud layları da elə bil suyun altında idi. Və qız elə bil göy üzündən bu arxa baxır və bu arxın su üzündən o yanda (əslində isə bu yanda) özünü görürdü. Suyun içindəki qızın dodağında şirin bir təbəssüm alışıb yanırdı.

Suyun içindən qızın üzü daha çox gənc görünürdü.

Şeytanın ağlına gəlməyənlər də onun ağlına gəlir. Birdən əksini su apardı, bəs onda nə olacaq. Yox, su onu apara bilməz, axı  o  real deyil. Reallıq burda arxın yanındadı. 

O, əyləşib suya baxır, su da axırdı. Bir addımlığındakı söyüdlərin budaqlarındakı uzun, nazik yarpaqlar xışıldayır, ara-sıra sərçələrin civiltisi eşidilirdi.

Qız başını qaldırıb qarşı dağlara baxdı. Dağların başı üstündə bulud layları durmuşdu. Bir az da qaralıb yerə doğru sallanaraq aşağı yamaclara kölgə salmışdı.

O bulud laylarının altındakı dağlardan o yana başqa dağlar başlayırdı və o dağlardan o yana başlayan dağlarda bəlkə bir inni-cinni yoxuydu. Ancaq onu bilirdi ki, əlləri çatmayan o dağlara gedən yollar bağlıdı. Bir zamanlar həmən dağların ətəyindəki gözəl bir kənddə də onların ailəsi yaşayırdı və iki mərtəbəli gözəl bir evləri də vardı. Kəndin yaşıl talasında da nənələrinin, babalarının qəbirləri vardı. Ancaq o qəbirlərin indi salamat olub-olmadığını bilmirdi. On ildən artıq bir vaxt keçdiyinə baxmayaraq, o yerlər cığır-cığır, tala–tala yadında qalmışdı. Ordan ayrılanda iyirmi üç yaşı olardı. Qardaşı bu kənddə müəllim işləyirdi, atası da vəfat eləmişdi. Nişanlısı Qorxmaz da çörək qazanmaq üçün Rusiyaya getmişdi. İndi Rusiya uzaqda, çox uzaqlarda idi və onun nişanlısı da həmən o uzaq Rusiyada, hansısa şəhərin bazarında çak-çukla məşğul olurdu. Yəqin ki, orada bir “sarısaçı” da vardı.

Səhərin açılmasından bir neçə saat keçməsinə baxmayaraq, hələ bulud laylarının arxasından boylanmaq istəyən günəş dağların sinəsində yatıb qalan boz dumanı  qova bilməmişdi. Kəndin qızları bəzənib-düzənib dəmiryol stansiyasının yanındakı kluba tərəf gedirdilər. Deyəsən, şəhərdən artistlər gəlmişdi. Dünən danışırdılar ki, məşhur müğənnilər konsert verəcək. Bəlkə o da getsin? Yox, o, getməyəcək! 

 

Həyətin girəcəyinə çatanda anasını gördü. Anası çaşqın halda dedi:

-Ay qız, harda itib-batmısan, kəndin qızları kluba getdi, sən də hələ suların yanında veyllənirsən, nə görmüsən bu sularda, suya, güzgüyə baxmaqdan axırda başına hava gələcək. 

Qızın dodaqları qaçdı üzünə yayılan xoş təbəssüm gözlərində güldü. Anasına heç nə demədi və yavaşca evə girib qapını örtdü. Bəlkə də anası düz deyirdi. Nə vaxta kimi bu arxın qırağında durub suya axmaq olar.

Atası anasını çox erkən -  on səkkiz yaşı olanda qaçırdıb. Anasının anası isə daha gənc olanda  on altı yaşında ərə gedib. Özününsə otuz üç yaşı var, hələ də güzgüdə dağlara, sulara baxır.

Yaşadıqları kəndin dörd yanı düzənlikdi. Bir tərəfdən baxanda isə dağlar görünür.

Yayın cırhacırında da o dağların başından qar əskik olmur. Keçmişdə ağır xəstələr üçün o dağlardan qar gətirərmişlər. Bunu anasından eşitmişdi. Anasına da yerli camaat danışmışdı. İndi isə o dağlara getmək müşgüldü, lap istəyir bütün kənd xəstə düşə və hamı da qar istəyə. Çünki o dağlar artıq bizdə deyil. Bir də axı, indi zaman dəyişib. Lap ucqar kəndlərdə də qar istəyən xəstəyə soyuducudan buz verirlər, buz da ki, ya o yanlıq eləyir, ya da bu yanlıq. Bir də axı qarın nə dəxli var…

Qızın fikirlərinin tarım çəkildiyi, ovqatının zəhrimar daddığı bir məqamıydı və özünü darısqal bir yerdə, hava çatışmayan bir məkanda hiss eləyirdi. Onu beş-on adam qovurmuş kimi nəfəsi tıncıxmışdı. Başında dəhşətli bir ağrı vardı. Göz qapaqlarının ağırlığından bədəni süstləşmişdi. Eyvan dirəyindən asılan güzgü

gözünün qabağındaydı elə bil. Güzgüdən də ona sarı sanki üzündə qırışlar olan qarı baxırdı. Qarının saçları ağarıb tökülmüşdü. Ağzında da bir dənə belə dişi də yoxuydu.

-Lənət şeytana! – qız öz-özünə danışır, kimi isə çağırırdı.

Ancaq  çağırdığı anası deyildi. Kimi isə başqa bir adamı çağırırdı. Çağırdığı da ona səs vermirdi. Qız çağırdıqca səsi dərin quyunun dibindən əks-səda verib qayıdır, qulaqlarındakı uğultu evin tavanına dəyib döşəməyə səpələnirdi elə bil.

Bir az sonra müxtəlif səslər bir-birinə qarışdı. Anasının, atasının, qardaşının səsləri və bir də bu kənddə tanımadığı başqa adamların səsləri. Deyəsən qonşularından da kiminsə səsi varıydı. Ancaq bu səsləri biri-birindən ayırd eləmək çox çətin idi. Bir azdansa, qız bu səslərin daha çoxaldığını, çığırtılarla əvəz olunduğunu hiss elədi. Elə bil bütün kənd onun başına yığılmışdı, hamı qışqırırdı.

Deyəsən bir qadın ağlayırdı. Anasının səsinə oxşadı o qadının səsi. Qız bu evdən o yanları da görürdü. Bir az aralıda isə kəndin qənşərindən keçən dəmir yoluydu…

Özü də hər gün güzgüdən gördüyü dəmir yolu…

Bütün qonşular onlarda idi. Qız huşunu itirib yıxılmışdı. Kəndin həkimi onu müayinə edib, nevrozdu, qorxulu bir şey yoxdu deyib getmişdi. Artıq qız da özünə gəlmişdi. Yanaqlarına qan gəlmiş, özünün rəngi də qayıtmışdı. Dodaqlarında şirin bir təbəssüm vardı. Ancaq bu şirin təbəssümün içində daha çox kədər çalarları hiss olunurdu.                                                              

Axşama az qalırdı. Artıq hamı dağılıb getmişdi, qız anası ilə qalmış, əməlli–başlı da özünə gəlmişdi. Hərdən onda belə hallar olurdu. Hələ köçkün düşməmişdən əvvəl ermənilərin atdığı  mərmidən qorxmuşdu. 

Durub həyətə çıxdı.

Havanın isti olmasına baxmayaraq, nazik gödəkcəsini də əyninə aldı. Soyuducudan bir az soyuq su götürüb içdi. Ürəyinə sərinlik yayıldı.

Uzaqdan qatarın taqqıltısı gəlirdi. Bu vaxtlar dəmir yolundan qatar keçmirdi.

Qeyri-ixtiyari dirəkdən asılan güzgüyə yaxınlaşdı. Onların yaşadığı ev bir az yüksəklikdə olduğu üçün stansiyanın bir tərəfi ovuc içi kimi görünürdü. Qız dəmiryolu stansiyasına həmişə güzgüdə baxırdı. Və deyəsən indi kəndin girəcəyindəki yolda nə isə olub. Elə bil hamı oraya sarı qaçırdı. Qatar dayanmışdı.

Bir neçə adam qatarın güzgüdə görünən qapılarının birindən nəsə düşürdü. Qız diksinən kimi oldu. Düşürdülən şey cənazəyə oxşayırdı. Kimdi görəsən,  o bədbəxt? 

Barmağını dişləməyə macal tapmamış anasının çığırtısını eşitdi.

-Qorxmaz!!!                                                 

Qız özünü itirdi. Çaşmış kimi əlləri ilə dirəkdən asılan güzgünü döyəclədi, güzgü çilik–çilik olub yerə töküldü.

Qız saçları dağılmış halda ayaqyalın həyətdən çıxdı. Dəmir yoluna sarı qaçırdı. Ayaqları tutulmuşdu, elə bil, heç yerə də dəymirdi. Uçurdu deyəsən. Bəs hara gedir, bu nədi, elə bil o uçur? Hə, bu da bulud layları. O, buludların arasıyla hara uçurdu görəsən? Dəmiryolu isə hələ uzaqdaydı. Lap uzaqda. Ancaq ona elə gəlirdi ki, bax indicə çatacaq. Çata da bilmirdi. Nəfəsi tıncıxmış, saçları da üzüaşağı sallanıb dartılırdı. Yanaqlarından üzü aşağı qan axırdı elə bil…

Hə, bax çatır deyəsən. Heç qatar da yoxdu. Qatar gedib deyəsən. Hara getdi bu qatar? Bəs cənazəni kim apardı?

Qonşular qızın qolundan tutub gətirəndə anası həyətin bir küncündə büzüşüb ağlayırdı. Birtəhər anasının yanına gəlib onu qucaqladı. Yanaqlarından yuvarlanıb axan isti göz yaşları bir az əvvəl dodaqlarına qonan təbəssümü əridib yox eləmişdi.

Güzgü qırıntıları isə ətrafa səpələnmişdi. 

Günəşin yandırıcı şüaları güzgü qırıntılarına dəyib müxtəlif istiqamətlərə əks olunurdu.

 

“Ədəbiyyat və incəsənət”

(24.02.2025)

 

 

“Ədəbiyyat və incəsənət” portalının üç yarpaq rubrikasında sizlərə Təranə Dəmirin şeirlərini yarpaq-yarpaq təqdim edirik.

 

 

Bir  gözüm  işıq  axtarır,

Bir  gözüm  gecədən baxır.

Bir  gözüm  qapıda qalıb,

Bir  gözüm  bacadan baxır.

 

Səsimə səs  verən  yoxdu,

Vurnuxuram  öz  içimdə.

Hər tərəf ocaq yeridi,

Üstüm-başım köz içində.

 

Bu yuxu dar ağacıdı,

Məni gözümdən asıbdı.

Qaranlıqdan tuta-tuta 

Gəlib gözümdə azıbdı.

 

Başımın üstündə ölüm

Dolanır dumansayağı.

Nə yaman ağırdı, Allah, 

Bu gələn günün ayağı.

 

 

***

 

Gözlərimin  qabağında

Can verdi ərik ağacı.

Bu  həyətin, bu bacanın,

Bu evin çörək ağacı.

 

Bu ağac öz torpağından,

Daşından quruyub getdi.

Şaxtasından, sazağından,

Qışından quruyub getdi.

 

Yıxildı öz ocağından,

Külündən yıxıldı ağac.

Yarpağından,budağından,

Gülündən yıxıldı ağac.

 

Heç kimin əli gəlmədi, 

Özü  özündən yıxıldı.

Yerin dibində bitmişdi, 

Göyün  üzündən yıxıldı.

 

 

***

 

Addım-addım ölçürəm şəhəri,

Kölgəm də mənimlə addımlayır.

Ölçürəm adamları, yolları, maşınları,

Ağacları, binaları, səkiləri.

Qarğalar  məni addım  səslərimdən  tanıyır,

Kölgəmə  qaçır  yiyəsiz  küçə  itləri.

Başımın  üstündə  səma, 

Ayağımın  altında  torpaq  yeriyir.

"Kimsə arxamca danışır" -

Qulağım  cingildəyir.

Addım-addım  keçirəm  şəhərin  tarixini,

Küçələri,  reklamları, 

Afişaları, heykəlləri, şəkilləri...

İçimdə tutub saxlayıram nəfəsimi,

Ürəyim ovcumda döyünür.

Gözümün qabağında 

rəng verib rəng alır adamlar,

saxta  gülüşlərdən  diksinir 

divarlar, daşlar,   ğaclar, quşlar.

Addım-addım yeriyirəm qaranlığın üstünə,

Qürubun şəkli düşür dənizə,

Nə yaxşı dəniz var...

 

“Ədəbiyyat və incəsənət”

(24.02.2025)

 

Bazar ertəsi, 24 Fevral 2025 12:02

Bu səssizliyin içində Sən varsan… - ESSE

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

 

Əziz Allah!

Bu məktubu yazmağa başlayanda tərəddüd etdim. Sən hər şeyi bilirsən, elə deyilmi? Niyə yazmalıyam ki? Onsuz da qəlbimdə olanları oxuya bilirsən. Amma bəlkə də elə bu yazmaq hissi mənə lazımdır, səssizliyimi qırmaq üçün.

 

Uşaq vaxtlarımdan Səni axtarmışam. Bəzən göyə baxaraq, bəzən gecələr dualarımda, bəzən isə sadəcə susub ürəyimdə danışaraq. Sənin varlığını bilmək məni həm sakitləşdirib, həm də çaşdırıb. Çünki həmişə başa düşmək istəmişəm: İnsan bu qədər çətinliklərə niyə məhkumdur? Niyə bəziləri sevgi və qayğı içində böyüyür, digərləri isə hər şeyə təkbaşına dözmək məcburiyyətində qalır?

Mənə verilən həyatı qəbul etməyə çalışmışam. Bəzən özümü başqaları üçün kifayət qədər yaxşı olmamaqda günahlandırmışam. Çox şey yaşamışam, amma bəzən mənə elə gəlir ki, bu yaşadıqlarım məni olduğumdan daha kədərli, daha yorğun edib. Bəlkə də mənə göstərmək istədiyin bir hikmət var, amma bəzən bu hikmətin içində itib-batmaqdan qorxuram.

 

Allahım, mənə elə bir güc ver ki, ürəyimdəki qorxulara, keçmişimin izlərinə qalib gələ bilim. Məni bu dünyada sınamağa davam edirsənsə, xahiş edirəm, ən azından içimdə o sınanmalara qarşı dayanacaq bir işıq burax. Bəzən elə olur ki, insan özünə belə yadlaşır. Mən də çox vaxt öz içimdə qərib oluram. Elə bil, başqa birisi olmalı idim, amma məcburən bu versiyamla yaşamalıyam.

Bir sualım da var, Allahım. İnsan nə vaxt tam olur? Nə vaxt özünü olduğu kimi qəbul edə bilir? Mən hələ də bu suala cavab tapa bilmirəm. Çünki bu həyat elə bil ki, mənə hər zaman bir şeylərdən imtina etməyi öyrədib. Bəlkə də böyümək imtinalarla dolu bir prosesdir, bilmirəm. Amma bilirəm ki, mənim içimdə hələ də ümid var. Sən məni bu qədər sınadınsa, bəlkə də içimdə nəyinsə böyüməsini istəyirsən. Əgər belədirsə, xahiş edirəm, mənə yön ver.

Mənə özümü sevməyi öyrət, Allahım. Çünki bəzən bu o qədər çətin olur ki... Başqalarına sevgi vermək daha asan gəlir, amma özümə gələndə, sanki mən buna layiq deyilmişəm kimi düşünürəm. Halbuki, Sən insanı sevgi ilə yaratdın, elə deyilmi? O zaman, mənim də bu sevgidən payım var. Mən də Sənin yaratdığın bir bəndəyəm. Bunu özümə xatırlatmağı mənə nəsib et.

 

Sənə dua edirəm, amma cavabını bilmirəm. Bəlkə cavabın səssizlikdir, bəlkə də yollarımı mənə tək tapmağı öyrətmək istəyirsən. Amma hər nə olursa olsun, bilirəm ki, mən tək deyiləm. Əgər bir gün həqiqətən yolumu itirsəm, xahiş edirəm, məni tap. Səni həmişə içimdə hiss etmək istəyirəm.

 

Bu məktub uzun oldu, amma mənim içimdə uzun illər boyu susan sözlər də çox idi. Cavabın nə olursa olsun, mən Sənin varlığına tutunmağa çalışacağam.

Sənin yaratdığın, amma bəzən özünü yad hiss edən bir bəndən.

 

“Sizdən əvvəlkilər də sınağa çəkildi ki, Allah doğru danışanları və yalançıları üzə çıxarsın.”

(Ənkəbut, 2-3)

 

Cavabın səssizlik olsa belə, mən buradayam. Amma indi bilirəm ki, bu səssizliyin içində Sən varsan.

 

“Ədəbiyyat və incəsənət”

(24.02.2025)

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Bu dünyada əbədi yaşayacaq kimsə yoxdur. Hər kəsin öz möhləti var və bu möhlət, necə deyərlər, fərqi yox, ya vəlvələdən, ya zəlzələdən, başa çatdısa- əlvida!..

 

Tarixçi alimlər iki çür olurlar - hadisələrə öz mülahizə və düşüncələrini qatıb, qələmə alanlar və hadisələri olduğu kimi təqdim edənlər. Birincilərin kitablarını oxuyarkən biz tarixi hadisələrə onların düşüncəsindən boylanırıq, ikincilərin vasitəsi ilə isə heç bir rəng qatılmadan, hadisələrlə çılpaqlığı ilə tanış oluruq və olaylara dəyər vermək biz oxucuların səviyyəsindən asılı olur. Nəsiman Yaqublu tarixi hadisələri olduğu kimi oxucuya çatdırmağa çalışan alimlərimizdən idi...

 

O, 1962-ci ildə dünyaya gəlmişdi. Zəngilan rayonunda orta təhsilini başa vurduqdan sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olmuşdu. 1983-cü ildə təhsilini davam etdirmək üçün Rusiyaya gedərək, Sankt-Peterburq Universitetinin Jurnalistika fakültəsində oxumuşdu. 1986-cı ildə Sankt-Peterburq Universitetini bitirdikdən sonra Bakıya qayıdıb "Yazıçı" nəşriyyatında redaktor vəzifəsində çalışmışdı. 

 

1990-cı ildə stalinizmin azərbaycanlı qurbanları haqqında "Ağrılı ömürlər" kitabını, 1991-ci ildə isə Azərbaycan Xalq Cümhuriyyəti və onun yaradıcısı olan M. Ə. Rəsulzadə haqqında əsərini nəşr etdirib. 1992-ci ildə Xocalı faciəsi haqqında "Xocalı qırğını" kitabını ərsəyə gətirib və 30 000 tirajla çap etdirib. Mətbuat tarixi və jurnalistika ilə bağlı da bir çox kitabın müəllifidir. Sonuncu kitabı- "Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası" olub...

Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü idi. Hacı Zeynalabdin Tağıyev adına Milli Mükafatın və Həsən bəy Zərdabi Mükafatının laureatıydı. Tarixi və publisistik yazıları Azərbaycanda, Türkiyədə və Polşada çap edilib. 

1993-cü ildən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində baş müəllim vəzifəsində çalışırdı…

 

...Daim axtarışda idi. Rusiya, Türkiyə və Avropa arxivlərində tədqiqatlarını yorulmadan davam etdirirdi. 30 ildən çox olardı ki, özünü M.Ə.Rəsulzadə irsinin tədqiqinə həsr etmişdi. Demək olar ki, hər il bir kitabla oxucularının görüşünə gəlirdi...

 

 Bəli, bu dünyada Nəsiman Yaqublu adında bir alim vardı. 

Yaşasaydı fevralın 22-də 63 yaşı tamam olacaqdı.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(24.02.2025)

 

 

Fərasət Babazadə, NDU- nun Filologiya ixtisası üzrə II kurs tələbəsi. “Ədəbiyyat və incəsənət” üçün

Cəlil Məmmədquluzadə qələmində xalqın qəlb döyüntüsünü, dilində isə haqqın çağırışını daşıyan müdrik bir ruhun təcəssümüdür. Onun doğulduğu gün, elə bil, tarix öz səhifələrinə bir nur kəsrəsi əlavə etdi. Fevralın 10-u yalnız bir insanın doğum günü deyil, haqqın, ədalətin və bəşəriyyətin əbədi oyanış günüdür.

 Azərbaycan ədəbiyyatının qəlbində nurlu bir çıraq, cəhalətin zülmətində işıq saçan bir əql övladı idi. O, təkcə qələmin deyil, həm də ruhun inqilabçısı, sönməz idealların daşıyıcısı olaraq bəşəriyyətin düşüncə sərhədlərini genişləndirdi. Onun dünyaya gəlişi, 10 fevral 1869-cu il, sanki elə həmin gün qaranlığın təbəssümü yerini işığa vermək istəyirdi. 

O, zamanın sərt küləklərinə meydan oxuyan bir fırtına idi. Cəhalətin zülmətinə qarşı qaldırdığı bayraq, elə bil, yalnız öz xalqının deyil, bütün insanlığın vicdanı idi. O, qələmini yalnız kağıza deyil, bəşəriyyətin düşüncəsinə sancırdı - sevgi və ümid toxumlarını orada yetişdirmək üçün. 

Mirzə Cəlilin qələmindəki mürəkkəb, zülm və nadanlığın qanı idi. O, hər cümləsində haqqı, ədaləti və azadlığı səsləndirirdi. Onun satirası gülüşün göz yaşları ilə qarışdığı, lakin hər zaman insan ruhunu oyatmağa qadir olan bir möcüzə idi. 

Həyatı boyunca cəhalət zənciri ilə döyüşən Cəlil, sanki qaranlığın qoynunda parlayan bir ulduz idi. Onun mübarizəsi, bir fədainin son nəfəsinədək vuruşması kimi idi - əzəmətli, fədakar və əbədi. 

"Molla Nəsrəddin"dəki hər bir karikatura, hər bir hekayə, zamanın daş yaddaşına həkk olunmuş ölümsüz bir fəryad idi. Mirzə Cəlil yalnız qələm ustası deyil, həm də xalqının ağrılarını öz ürəyində daşıyan bir əzabkeş idi. 

O, qadın azadlığının müdafiəçisi, cahilliyin qatı düşməni, elmin və maarifin sönməz çırağı idi. Onun üçün insan milləti ilə deyil, düşüncəsi və vicdanı ilə dəyərləndirilirdi. 

Mirzə Cəlil, avamlığın qandallarını qırmaq üçün mübarizə aparırdı. O, maarifin azadlıq mahnısını səsləndirən bir şair, həqiqət yolunun yorulmaz yolçusu idi. 

“Dünyada hər bir kəs üçün sözdən böyük yadigar yoxdur. Zira ki, mal, mülk tələf olur gedir, amma söz qalır.” 

Cəlil Məmmədquluzadə öz dövründə həm əsərləri, həm də jurnalist fəaliyyəti ilə cəmiyyətin problemlərini üzə çıxarıb, insanların düşüncələrinə təsir edib. “Molla Nəsrəddin” jurnalında qələmə aldığı satirik yazılar xalqın maariflənməsi və ədalətsizliklərə qarşı mübarizə aparması yolunda mühüm rol oynayıb. Maddi sərvəti olmasa da, sözləri onu əbədiləşdirdi. Bu yanaşma göstərir ki, insanın dəyəri malik olduğu sərvətlərdə deyil, öz arxasında qoyduğu mənəvi izdədir. Məmmədquluzadə də məhz söz vasitəsilə öz xatirəsini əbədiləşdirib və bu gün də insanların düşüncəsinə təsir etməyə davam edir. 

Cəlil müəllim sözə güvənirdi, çünki bilirdi ki, söz bəşəriyyəti dəyişməkdə ən güclü vasitədir. "Molla Nəsrəddin" jurnalını yaratmaqla o, təkcə kağız üzərində deyil, xalqın ruhunda da əbədi olaraq bir inqilab başlatdı. O, digərlərindən fərqli olaraq ədalətsizlikləri gözləri ilə görən və bunları fəryad etməkdən çəkinməyən bir vicdan oğlu idi. Cəlilin mübarizəsi, əslində, insanın öz daxilindəki cahilliklə savaşı idi. O, hər bir insanın azad düşüncəli olmasını arzulayırdı və bilirdi ki, xalq yalnız maariflənməklə öz həqiqətinə çata bilər. Qələmindən çıxan hər bir söz, sanki zülmət dünyasında doğan bir ulduz idi.

Cəlil Məmmədquluzadənin "Molla Nəsrəddin"i, sanki düşüncələrin sərhədini aşaraq əbədi bahar gətirən bir külək idi. Hər bir satirik yazısı, xalqın ruhunu silkələyən və onu təzədən həyatın anlamını dərk etməyə çağıran bir fəryad idi. 

"Molla Nəsrəddin"in səhifələrində Cəlilin səsi, sanki küləklə daşlaşmış səhraya sərin bir yağış kimi enirdi. O, məzlum xalqın dərdlərini pıçıldayan, zalımın üzünə həqiqəti hayqıran bir haqqa fəryad idi. Onun satirası yalnız tənqid deyil, həm də məhəbbət idi - xalqına olan dərin sevgisinin ifadəsi. 

“Mən bir dəli aşiqəm, ey pək nəfəsim,

Sənsiz könül aləmim olsun qəfəsim.”

Mirzə Ələkbər Sabirin bu sözləri yalnız şəxsi bir həsrət kimi deyil, həm də xalqına olan məhəbbət və azadlıq arzusu kimi şərh edilə bilər. Burada “könül aləmim olsun qəfəsim” ifadəsi, əslində, Cəlilin yaradıcılığında  da qabarıq görünən, cəmiyyətin cahillik və geriçilikdən doğan mənəvi əsarətinə işarə edir.

Əgər Sabir bu qəfəsdə ruhunun qurtuluşunu sevgidə və həsrətdə görürdüsə, Cəlil bu qəfəsin açarını xalqın maariflənməsində və oyanışında tapmağa çalışırdı. Sabirin “aşiq”liyi yalnız fərdi deyil, həm də ictimai sevgiyə - xalqına qarşı dərin məəbbətə çevrilmişdi. Cəlil də qələmini bu sevgi ilə silahlandırıb, azadlıq və tərəqqi uğrunda mübarizəyə həsr etmişdir. 

Bütün ömrü boyu qarşısında dayandığı ən böyük divar cəhalət divarı idi. Bu divar nə qədər möhkəm olsa da, onun qələmi bu divarı deşməkdə davam edirdi. Məktəblərin açılmasına, qadınların təhsil almasına, köhnə adət-ənənələrin çürüməsinə dəstək verərək, o, zamanının qəliblərini darmadağın etdi. 

Ədibin yazdığı hekayələrdə insan taleyi həyatın kədərli simfoniyası kimi səslənirdi. "Danabaş kəndinin əhvalatları" onun xalqın ruhunu təsvir etmək üçün seçdiyi güzgü idi. Oradakı personajlar, sanki cəmiyyətin qanayan yaraları idi. 

O, inanırdı ki, bəşəriyyət ancaq humanizmlə tərəqqi edə bilər. Zəmanəsinin fanatizmi ilə üzləşsə də, o, həqiqətdən dönmədi, çünki həqiqət onun üçün ilahi bir amaldı. 

Cəlil Məmmədquluzdənin “Anamın kitabı” əsəri bir ailənin qırılan telləri ilə millətin yaralanan ruhunu yan-yana qoyur. Ata evində bir yerə toplanan, amma ürəkləri ayrı düşən üç qardaş – üç fərqli yol, üç fərqli həqiqət axtarışıdır. Rus mədəniyyətinin sərt buzları, şərqin köhnə qəlibləri və türkçülüyün qaynar çağırışı arasında qalan bu qardaşlar, əslində, bir xalqın tarixi keçidlərdəki parçalanmışlığını göstərir. 

Kərbəlayı Səlimin əlində tutduğu “kitab” nə müqəddəs bir mətn, nə də adi bir yazıdır – o, birliyin simvoludur. Amma oğullar kitabı anlamır, kitab isə onların yollarını birləşdirə bilmir. Bu mənzərə bizə nə deyir? Cəlil Məmmədquluzadə sanki pıçıldayır: kitabı oxumamaq onu itirməkdir, amma hərənin öz kitabını yazmaq istəyi daha böyük fəlakətdir.

Bu gün bu əsəri oxuyanda sual yaranır: bizim “anamızın kitabı” hardadır? Bizi birləşdirən dəyərlər, adət-ənənələr, dilimiz, kimliyimiz, mənəviyyatımız – bunlar hələ də bizim evimizdə öz yerindədir, yoxsa hərəmiz başqa bir tərəfə çəkilmişik? Dünənki ata evini bu günkü virtual dünyalar, fərqli ideologiyalar əvəz edir. Əsərdəki ata – Kərbəlayı Səlimin sükutu bu gün də eşidilir: biz öz dəyərlərimizi anlamağa nə vaxt başlayacağıq?

“Anamın kitabı” yalnız keçmişin səsini deyil, həm də gələcəyin xəbərdarlığını gətirir. Cəlil Məmmədquluzadənin o dönəmdə yazdığı bu hekayə də, sanki hər dövr üçün yenidən doğulur. Çünki hər dövrdə itirilən bir kitab, hər zaman yolunu tapa bilməyən bir xalq var. Beləliklə, bu əsər sadəcə tarix deyil, həm də əbədiyyətin səsidir.

Cəlil Məmmədquluzadənin "Anamın kitabı" əsərində toxunulan əsas məsələlərdən biri maariflənmə və milli dəyərlərin qorunmasıdır. Əsərdə ata ocağında toplaşan, lakin bir-birindən mədəni baxımdan uzaq düşən üç qardaşın vəziyyəti, sanki dövrünün təhsilə və mədəniyyətə olan fərqli baxışlarını əks etdirir. Bu gün isə Azərbaycan gənclərinin xaricdə təhsil alaraq qlobal dünyaya inteqrasiya etməsi, amma öz milli köklərini qoruyub saxlamağa çalışması Cəlilin fikirlərinin uzaqgörənliyini göstərir.

Əsərdə Cəlil müəllim bizə deyir ki, xalqın inkişafı maariflənmədən keçir. Bu gün də dövlətimiz xaricdə təhsil proqramları ilə gənclərimizin elmə yiyələnməsi üçün şərait yaradır. Bununla bərabər, milli-mənəvi dəyərlərimizin qorunması üçün çalışır. O dövrdə Mirzə Cəlilin təsvir etdiyi ziddiyyətlər, bəzən bizim də qarşımıza çıxır: gənclərimiz qlobal dünyadan öyrənərkən öz milli kimliyini necə qorumalıdır?

Bu günkü irəliləyişlər, xüsusilə xaricdə təhsil alma imkanları, Cəlil Məmmədquluzadənin maarifçilik ideyalarının müasir dövrdə öz yerini tapdığını göstərir. Lakin burada bir vacib məqam da var: təkcə xaricdə təhsil almaq inkişafın göstəricisi deyil. Əsas məsələ, ədibin dediyi kimi, alınan biliklərin milli dəyərlərimizin qorunmasına xidmət etməsidir. Əgər o biliklər bizi öz köklərimizdən uzaqlaşdırarsa, bu, sadəcə zahiri inkişaf olar. Əsərdəki qardaşların hər biri özünəməxsus biliyə sahib olsa da, onlar bir ocaqda birləşə bilmirlər, çünki dəyərlərdən uzaq düşüblər.

Əsərdə ata evinin qapısı həm keçmişlə gələcək, həm də milli birliyin açarı kimi görsənir. Ata ocağına aparan bu qapı açıqdı, lakin o qapıdan girənlər birlikdə ola bilmir. Bu günkü dövrümüzdə xaricdə təhsil almaq həmin qapıdan keçmək, yeni imkanlar dünyasına addım atmaq kimidir. Lakin əsərdəki kimi, yalnızca qapını keçmək kifayət etmir – o qapının arxasında birləşmək, dəyərləri yaşatmaq lazımdır. Müasir dünyada bu qapını həm maariflənmə, həm də milli dəyərlərimizi qoruyaraq tərəqqi yolu kimi təsəvvür edə bilərik. Dövlətimizin xaricdə təhsilə verdiyi dəstək də, sanki, həmin qapının yenidən möhkəmlənməsinə xidmət edir. Amma əsərdəki sual bu gün də aktualdı: qapıdn keçəndən sonra bir evin içini unutmayacağıq ki?

Bu gün Azərbaycan dövlətinin gənclər üçün yaratdığı şərait, Mirzə Cəlilin maarifçilik idealının real həyatda tətbiqi kimidir. Dövlətimiz, xaricdə təhsil alan gənclər vasitəsilə həm beynəlxalq biliklərə yiyələnməyi, həm də milli dəyərlərin bu biliklər vasitəsilə daha geniş dünyaya tanıdılmasını təmin etməyə çalışır. Gənclərimiz xaricdən qayıdıb ata ocağını (mədəniyyətini, mənəviyyatını və milli dəyərlərini) unutmamalıdırlar. Onun sükutu və sualları bu gün də aktualdır: xaricdə qazandıqlarımızı öz millətimizin tərəqqisinə çevirməyə hazırıqmı?

Beləliklə, "Anamın kitabı" əsərindəki uzaqgörənlik, bu gün xaricdə təhsilin əhəmiyyəti və milli kimliyin qorunması kimi məsələlərlə birbaşa əlaqəlidir. Dünənki ata ocağı ilə bu günki qlobal imkanlar arasında balans yaratmaq – Cəlilin ideyalarının əsl həyata keçididir.

Ədibin hər bir nailiyyəti, sanki küləkdə dalğalanan bir bayraq idi – zəfər və dirçəlişin rəmzi. Onun həyatı yalnız özünün deyil, bütöv bir xalqın tarixini dəyişdirərək, bu gün də yanan məşəl kimi bizi maarifə, irfana, insanlığa çağırır. 

“Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən” ifadəsi insanın özündən sonra qoyduğu mənəvi mirasın əhəmiyyətini vurğulayır. Cəlil Məmmədquluzadənin ideyaları, satirik əsərləri və maarifçi fəaliyyəti ölümsüzdür, çünki insanlar günümüzdə də onun fikirlərindən faydalanır. Bu ifadə həm də insanın özünü tanımağa, əməllərinin cəmiyyət üçün dəyərli olmasına və mənəviyyatla bağlı iz buraxmağa sövq edir.  Məmmədquluzadənin əsərləri buna ən gözəl nümunədir.

Onun əziz xatirəsi, təkcə ədəbiyyatımızda deyil, bütün Azərbaycan xalqının ruhunda əbədi yaşayır. Bu nurlu şəxsiyyətin doğum günü, onun maarif işığında yol göstərən ruhunun əzəmətini anlamaq üçün bir fürsətdir. Onun hər bir cəfası, sanki zamana yazılmış üsyankar bir şeir idi. Cəlil Məmmədquluzadənin ruhu, bu gün də tariximizin və ədəbiyyatımızın qəlbində çırpınır. Onun adı, həyatın özü qədər əbədi, düşüncələr qədər azad, həqiqət qədər müqəddəsdir.

 

“Ədəbiyyat və incəsənət”

(24.02.2025)_

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.