Super User

Super User

 

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Gənc şair, Qarabağ müharibəsi qazisi Həsən Kürün dünənki intihar cəhdi və ağır vəziyyətdə xəstəxanaya çatdırılması xəbəri çoxumuzu sarsıtdı. 

 

Hadisə Sabunçu rayonunda yerləşən "Sevinc Moll" ticarət mərkəzində qeydə alındı. Həsən özünü ticarət mərkəzinin 3-cü mərtəbəsindən atdı. 

Gənc şairi ağır vəziyyətdə Sabunçu xəstəxanasına çatdırdılar, reanimasiyaya yerləşdirdilər. 

TƏBİB-in medianın sorğusuna cavab olaraq verdiyi məlumatda bildirilirdi:

"22.02.2025-ci il tarixində saat 19:10 radələrində 1996-cı il təvəllüdlü (kişi cinsli) şəxs müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Qapalı kəllə-beyin travması, sol bud sümüyünün qapalı sınığı, kəllə sümüyünün sınığı diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib. Hazırda müalicəsi Cərrahi profilli reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağırdır".

Bu gün səhər jurnalist Nadir Yalçın sosial mediada belə bir paylaşım etdi: 

“Dostlar, Sabunçu Xəstəxanasındayam. Həsən Kürün vəziyyəti ağırdır. Qapalı kəllə-beyin travması, sol bud sümüyünün qapalı sınığı, kəllə sümüyünün sınığı diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib. Hazırda müalicəsi Cərrahi profilli reanimasiya şöbəsində davam etdirilir.

Deyirlər, beyninə qan sızıb. Amma ilkin rəyə görə, həyati təhlükə müşahidə edilməyib. İnşallah, yaxşı olar…”

 

Bunlar hadisənin və onun nəticəsinin təfsilatları. Bəs səbəb nədir axı? 

İlkin məlumata görə, Həsən Kür maddi problemlərə görə özünü öldürmək istəyib. 

Və elə bu yerdə qeyd etmək istəyirəm ki, təqribən 2 il öncə Həsən Kürün o dönəmdə mühafizəçi işlədiyi özəl şirkətdə yanğın baş vermişdi və Həsən ətrafındakılara şikayətlənmişdi ki, yanan texnikanın pulunu ona ödətmək istəyirlər, çarəsizdir, intihar edəcək.

Həsən tanınmış şair, gözəl insan Nigar Həsənzadənin rəhbərlik etdiyi “SÖZ” ədəbi layihəsinin üzvü idi, Nigar xanım təşəbbüsü ələ alıb həm öz sosial media hesablarında, həm də şəxsən dost-tanışlarına, yazarlara, ümumən, xeyirxah insanlara müraciət etdi, hamı pul ödədi və həmin insident bitdi.

Ondan sonra Həsən problemlər məngənəsindən çıxmış kimi görünürdü.

Dünyaya yeni körpəsi də gəlmişdi. Hətta təşəbbüs göstərib ötən ilin noyabr ayında ədəbi birlik də yaratmışdı. O bax beləcə, birliyinə üzv olmaq üçün yazarlara çağırış etmişdi:

“Əziz istedadlı insanlar! Bu gündən etibarən yeni ədəbi birlik olan - ƏDƏB (Ədəbi Dövrün Əbədi birliyi) öz fəaliyyətinə başladı. Öncə mənə bu yolda dəstək olan hər kəsə çox təşəkkür edirəm.

ƏDƏB olaraq məqsədimizi Azərbaycan Ədəbiyyatı tarixində gördüyümüz müsbət işlərlə qalmaq, istedadlı insanları üzə çıxarmaqdır. Birliyin tərkibində ümumi poeziya bölməsi ilə yanaşı Əruz vəzni tədrisi, Qiraət Nəsr bölmələri də olacaq.

Bundan əlavə mütəmadi olaraq uduşlu şeir və qiraət müsabiqələri, video - yarışmalar keçiriləcək.

Yaşadığı bölgədən asılı olmayaraq hər kəsi bizimlə birlikdə böyüməyə dəvət edirik. HəsənKür”.

Və onunyenidənintiharfikrinə düşməsi, budəfə bunureallaşdırması ürəkağrıdıcıdır. Bəli, bir təsadüf nəticəsində sağ qalıb, amma bu qədər zədələr, keçirdiyi dəhşətli sarsıntı da az deyil axı.

İntiharın hələ də doğru-dürüst tərifini verən tapılmayıb. Bəziləri bunu gücsüzlük, acizlik kimi ifadə edirlər. Halbuki, heç bir gücsüz, aciz insanın özünə qıymağa gücü çatmaz. Bəziləri bunu, əksinə, güclülük əlaməti hesab edirlər. Güclü də uduzub mübarizədən qaçarmı? Ən azından, öz problemini ailəsinə yükləyib canını qurtararmı?

İstənilən halda Həsəni – istedadlı şairi, Qarabağ müharibəsi qazisini, gənc atanı intihara vadar edən səbəblər çox ciddi səbəblərdir, bu səbəblər olmamalıdır. Azərbaycanın qələm sahibi, müharibə iştirakçısı, gənc ailə başçısı maddi ehtiyac çəkməməlidir. Cəmiyyət, toplum da başqasının dərdinə biganə qalmamalı, darda olana hamı əl tutmalıdır.

Əks təqdirdə, həyatın maddi və mənəvi təcavüzü qarşısında aciz qalıb intihara əl atan Həsənlər hələ çox olacaq.

Və son olaraq onu da deyim ki, həqiqətən də intihar çıxış yolu deyil. İntihar – öz yükünü çəkə bilməyib əzizlərinin üstünə atmaq deyilmi?

 

Allah sənə şəfa versin, Həsən. Tezliklə sıralarımıza qayıt. Birlikdə xoşbəxt cəmiyyət qurmağa çalışaq.

Bu şeir də sənindir.


Gedib qayıtmayanlara ithaf

 

- Qızım, sənin adın nə?
- Mənim adım Qərənfil.
- Gözünə qurban olum,
darıxırsan elə bil.

- Atamı gözləyirəm.
- Atan hardadır məgər?
- Müharibəyə gedib;
o döyüşür gecələr.

- Nə vaxt gedibdir atan;
gecikdiyi çoxdurmu?
- Çoxdur, əmi can, çoxdur.
- Ananın da atandan
bir xəbəri yoxdurmu?

- Anam indi işdədir.
- Qızım, harda işləyir?
- Anam çox mehribandır,
yarpaqları çox sevir,
səhərdən-axşamacan
onları təmizləyir.

-Yaxşı, mehriban anan
atandan bir söz demir?
- Demir, əmi can, demir,
daha yollara baxmır,
daha onu gözləmir.

Mən dünən çox ağladım
gecə yatmazdan öncə.
Anamın nə etdiyin
izləyirdim gizlicə.

Atamın divardakı
şəklini qucaqlayıb,
belə deyirdi, əmi:
“Mən necə böyüdəcəm
Atasız bu yetimi”.

 

“Ədəbiyyat və incəsənət”

(23.02.2025)

 

 

Fevralın 20-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında AMEA-nın Ümumi yığıncağı keçirilib. İclası AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq Ümumi yığıncağın gündəliyindəki məsələləri diqqətə çatdırıb. Tədbirdə Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova da iştirak edib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbirdə çıxış edən Aktotı Raimkulova rəhbərlik etdiyi təşkilatın türk xalqlarının zəngin mədəni irsinin qorunması, tədqiqi və beynəlxalq arenada tanıdılması istiqamətində fəaliyyətindən bəhs edib.  AMEA-nın Türk Mədəniyyəti və İrsi Fondunun olduqca mühüm tərəfdaşlarından biri olduğunu vurğulayan Aktotı Raimkulova Akademiya ilə birgə müxtəlif konfrans və seminarların keçirildiyini qeyd edib.

O, Fond tərəfindən Parisdə UNESCO-nun mənzil qərargahında Türk dünyasının və ümumiyyətlə dünya mədəniyyətinin ən dəyərli xəzinələrindən biri olan “Divanü lüğat-it-türk” - ün 950 illiyi münasibətilə keçirilən beynəlxalq konfransa verdiyi dəstəyə və fəal iştirakına görə İsa Həbibbəyliyə dərin təşəkkürünü bildirib. 

Aktotı Raimkulova çıxışında qeyd edib ki, Türk Mədəniyyəti və İrsi Fondu AMEA ilə birgə 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyinin yüksək səviyyədə təşkili üçün hazırlıq işləri aparır. Fondun prezidenti gələcək əməkdaşlıq perspektivləri, təşkil olunacaq aşıq sənətinə dair beynəlxalq elmi konfrans haqqında da danışıb.

O, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Türkmənistan alimlərinin sıx əməkdaşlığı sayəsində qarşılıqlı əlaqələrin gücləndirilməsi və inkişafına, bundan sonra da mədəni və elmi təşəbbüslərin genişlənəcəyinə inamını bildirib, alimlərə uğurlar arzulayıb.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev, Türkiyə Elmlər Akademiyasının prezidenti professor Müzəffər Şəkər (onlayn), ÇXR Honq-Konq Kore Akademiyasının İdarə Heyətinin üzvü professor Li Lei (onlayn), AMEA-nın Rəyasət Heyətinin üzvləri, deputatlar, akademiyanın həqiqi və müxbir üzvləri, AMEA-nın və əhatə etdiyi elmi müəssisə və təşkilatların direktorları, ali təhsil müəssisələrinin rektorları və başqaları iştirak edib.

 

“Ədəbiyyat və incəsənət”

(22.02.2025)

 

 

Ölkədə qarlı-şaxtalı hava şəraiti hökmranlıq edir. Xüsusən ölkəmizin şimal-qərb hissəsində şaxta daha güclüdür, qar örtüyü daha qalındır. O cümlədən də Şəkidə. Amma heç bir soyuq hava Ana dili ilə bağlı tədbir keçirməyə mane olmadı. 

 

21 fevral tarixində  Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə 21 fevral Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir keçirib. 

Tədbirdə Şəki şəhər İcra Hakimiyyəti, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin məsul şəxsləri, şəhid ailələri, mədəniyyət, təhsil işçiləri, müəllimlər, şagirdlər iştirak edib.

Şəki şəhər Səməd Vurğun adına Folklor evində təşkil olunmuş tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Çıxış edənlər Beynəlxalq Ana Dili Gününün əhəmiyyətindən bəhs edərək, hər bir xalqın ana dilinin onun milli sərvəti və kimliyinin göstəricisi olduğunu söyləyiblər. 

Qeyd olunub ki, tarix boyu xalqların və millətlərin keçdiyi yol, onların mədəni səviyyəsi ilk növbədə ana dilində öz əksini tapmışdır. Dilimizin qorunması və gələcək nəsillərə miras olaraq ötürülməsinin hər bir azərbaycanlının vətəndaşlıq borcu olduğunu diqqətə çatdıran natiqlər, həmçinin nitqimizdə və yazılarımızda ədəbi dilin normalarına riayət etməyin vacibliyini vurğulayıblar.

Sonda Azərbaycan dilinin inkişafına həsr olunmuş videoçarxlar nümayiş etdirilib. Şagirdlər ana dilimizə həsr edilən şeirlər, mahnılar söyləyib və ədəbi-bədii kompozisiyalarla çıxış ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(22.02.2025)

Şənbə, 22 Fevral 2025 08:32

Komitə sədri Məclisdə qəbul keçirib

 

Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa ötən gün Məclisdə növbəti vətəndaş qəbulu keçirib.

“Ədəbiyyat və incəsənət” portalına Komitədən verilən məlumata görə, vətəndaş cəmiyyəti institutu nümayəndələri - TESAM-ın ("Türkiyə İqtisadi, Sosial və Strateji Araşdırmalar Mərkəzi"nin) Azərbaycan təmsilçisi Elməddin Məmmədzadə, "Mədəniyyətin, İncəsənətin İnkişafı və Təbliği" İctimai Birliyinin təsisçisi Turanə Orucova, vətəndaşlar - İzzət Kərimov, Ellada Məmmədli, Güləhməd Hacıəliyev, Şəhriyar Kərimov, Rəşad Əliyev və b. ilə görüşən Fazil Mustafa, onları ətraflı dinlədikdən sonra, toxunulan mövzularla bağlı fikirlərini bölüşüb. 

Komitə sədri qaldırılan vacib məsələlər - ictimai birliklərin dövlət qeydiyyatı, fəaliyyəti, vacib layihələr, əməkdaşlıq imkanları, eləcə də, əfv məsələləri üzrə əlaqədar dövlət orqanları ilə müzakirə aparacağını, müvafiq müraciət məktubları göndərəcəyini bildirib.

 

“Ədəbiyyat və incəsənət”

(22.02.2025)

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ

 

 Azərbaycan tarixinə 22 fevral 1988-ci il günü xalqımızın yaddaşına dərin iz salan bir gün kimi həkk olunub. Məhz bu tarixdə Qarabağ hadisələrinin ilk şəhidləri – Əli Hacıyev və Bəxtiyar Quliyev Əsgəran yaxınlığında erməni silahlılarının açdığı atəş nəticəsində həyatlarını itirərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etdilər. Bu hadisə, illər sonra baş verəcək böyük münaqişənin ilk qanlı səhifəsi kimi tarixə düşdü.

 

1988-ci ilin fevral ayında Dağlıq Qarabağ Muxtar Vilayətinin erməni deputatlarının iştirakı ilə keçirilən növbədənkənar sessiyada vilayətin Azərbaycanın tərkibindən çıxarılaraq, Ermənistanın inzibati-ərazi bölgüsünə daxil edilməsi barədə qanunsuz qərar qəbul edildi. Bu addım sovet rəhbərliyinin qeyri-obyektiv münasibəti və erməni separatizmini açıq dəstəyi ilə müşayiət olunurdu. Azərbaycan xalqı isə bu ədalətsizliyə qarşı haqq səsini ucaldaraq etiraz etməyə başladı.

Fevralın 19-da Bakıda və Ağdamda başlayan mitinqlər üç gün davam etdi. Lakin Sovet rəhbərliyindən heç bir reaksiya gəlmədiyi üçün fevralın 22-də silahsız azərbaycanlılar dinc şəkildə Xankəndinə doğru yürüşə başladılar. Yürüş iştirakçılarının məqsədi sülh yolu ilə baş verən haqsızlığa son qoymaq və öz haqlı mövqelərini bildirmək idi. Təəssüf ki, Əsgəran yaxınlığında erməni silahlıları tərəfindən açılan qəfil atəş nəticəsində Əli Hacıyev və Bəxtiyar Quliyev şəhid oldular, 17 nəfər isə yaralandı.

 

Hadisə şahidlərinin xatirələrinə əsasən, bu gənclər Azərbaycan torpaqlarını qorumaq uğrunda ilk igidlər kimi ön sıralarda idilər. Onların şəhadəti, yalnız Qarabağ uğrunda gedən mübarizənin başlanğıcı deyil, həm də xalqımızın azadlıq və ədalət uğrunda apardığı mübarizənin rəmzi oldu.

Bu faciədən sonra da sovet rəhbərliyi və yerli hakimiyyət orqanları tərəfindən hadisələrə qarşı laqeyd münasibət göstərildi. Yaralı gənclərin təhqir edilməsi, yürüş iştirakçılarının təzyiqlərə məruz qalması, Azərbaycan xalqının mübarizə ruhunu zəiflətmək məqsədi daşıyırdı. Lakin bu təzyiqlər xalqın iradəsini qıra bilmədi, əksinə, birliyimizi daha da gücləndirdi.

1988-ci ilin sonlarına doğru, erməni silahlı birləşmələrinin azərbaycanlılara qarşı həyata keçirdiyi qətliamlar daha da amansız xarakter aldı. Quqark və Spitakda baş verən kütləvi qətllər Azərbaycanın mülki əhalisinə qarşı törədilən vəhşiliklərin miqyasını ortaya qoydu.

Bu gün, Əli Hacıyev və Bəxtiyar Quliyev kimi şəhidlərimizin ruhuAzərbaycanın müstəqilliyi və torpaqlarımızın bütövlüyü uğrunda apardığımız mübarizənin simvoludur. Onların fədakarlığı xalqımızın yaddaşında əbədi yaşayacaq və gələcək nəsillərə azadlıq uğrunda mübarizənin müqəddəs bir nümunəsi kimi ötürüləcək.

22 fevral tarixi Azərbaycanın Qarabağda verdiyi ilk şəhidlərinin anım günü təkcə onların xatirəsini yad etmək deyil, həm də milli birliyimizin, vətən sevgimizin və ədalət uğrunda mübarizə əzmimizin təcəssümüdür.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(22.02.2025)

 

 

Xalq şairi Nəriman Həsənzadə doğum günündə "Qazax" Xeyriyyə İctimai Birliyi tərəfindən ziyarət olundu

 

 

Səbinə Yusif, “Ədəbiyyat və incəsənət” üçün

 

Qaçdıq qara saçdan ağ saça qədər

                                      Nəriman Həsənzadə

 

Həm ömrün, həm yaradıcılığın müdriklik çağını yaşayan Xalq şairi, "Şöhrət", "Şərəf" və "İstiqlal" ordeni, Heydər Əliyev Mükafatı laureatı, Azərbaycan Yazıçılar Birliyinin və "Qazax" Xeyriyyə İctimai Birliyinin Ağsaqqallar Şurasının sədri Nəriman Həsənzadəni ziyarət etmək uzaq-yaxın keçmişi, tarixi, tarixə çevrilən bir əsri canlı ziyarət etmək deməkdir.

 

Anadan olmasının 94-cü ilini qeyd edən Xalq şairi Nəriman Həsənzadə "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri professor İlham Pirməmmədovun rəhbərliyi ilə "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvləri, ziyalılar tərəfindən evində ziyarət olundu. İlham Pirməmmədov Nəriman Həsənzadəyə "Qazax" Xeyriyyə İctimai Birliyinin bütün üzvlərinin, Qazax mahalının ziyalılarının adından salam-dualarını, təbriklərini çatdırdı. Nəriman müəllimə gələn il 95 illik yubileyini onu sevənlərlə birlikdə təntənəli şəkildə qeyd etməsini, poeziyaya yeni töhfələr ərmağan etməsini arzuladı.

Şair Rafail İncəyurd, yazıçı-publisist Məti Osmanoğlu, tənqidçi alim Rüstəm Kamal Nəriman Həsənzadə yaradıcılığında tarixi həqiqətlərin daha qabarıq yer almasını xüsusilə vurğuladılar. Rüstəm Kamal Nəriman Həsənzadəni ədəbiyyatın, poeziyanın imperatoru adlandırdı.

Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru Varis Nəriman müəllimə 2 kitab hədiyyəsi gətirmişdi, bunlardan biri Azərbaycan Ədəbiyyat Fondunun Mədəniyyət Nazirliyi ilə birgə ərsəyə gətirdiyi Çağdaş Azərbaycan Ədəbiyyatı Antologiyası idi ki, kitabda bütün xalq yazıçıları və şairlərinin, o cümlədən də Nəriman Həsənzadənin özlərinin seçdikləri ən yaxşı əsərləri dərc edilibdir. İkinci kitab isə Xalq yazıçısı Anarın müəllifi olduğu, yenicə çapdan çıxan 2=3+4, yaxud İKİ AİLƏDƏ ÜÇ XALQ YAZIÇISI, DÖRD XALQ ŞAİRİ kitabı idi ki, kitab Səməd Vurğun və Rəsul Rzanın ailəsindən və bu iki ailənin ədəbiyyatımıza bəxş etdiyi şəxsiyyətlərdən, onların yaradıcılığından bəhs edir, ətraflarında gedən söz-söhbətə aydınlıq gətirir.

Nəriman müəllim həm Anar müəllimə, həm Varis müəllimə diqqət və qayğıya görə təşəkkürünü bildirdi. Səməd Vurğun ailəsindən bəhs edən kitabın "Qazax" Xeyriyyə İctimai Birliyinin təşkilatçılığı ilə təqdimat mərasiminin keçirilməsini tövsiyə etdi.

Aşıq Şaiq İncəli və Aşıq Ramin Qarayev sazda Nəriman Həsənzadənin sözlərini ifa etdilər.

Daha sonra "Qazax" Xeyriyyə İctimai Birliyi tərəfindən rəssam Qafar Sarıvəllinin kətan üzərində yağlı boya ilə çəkilmiş "Göyəzən dağı" əsəri İctimai Birliyin adından Nəriman Həsənzadəyə təqdim olundu.

Xalq şairi, el ağsaqqalı, dəyərli ziyalı Nəriman Həsənzadə ona göstərilən diqqət və qayğıya görə İlham Pirməmmədova, İctimai Birliyin bütün üzvlərinə, Qazax mahalının ziyalılarına öz dərin minnətdarlığını bildirdi. Özünə mənəvi qardaş hesab etdiyi İlham Pirməmmədova gördüyü bütün işlərdə uğurlar arzulayıb, öz ağsaqqal xeyir-duası ilə təşəkkürünü bildirdi.

Hörmətli Nəriman müəllim, sizə uzun ömür, can sağlığı arzulayırıq. Yazın-yaradın! Siz bizim fəxrimizsiniz.

94-ü aşırdın, 100-ə nə qaldı, ay Nəriman müəllim!

 

“Ədəbiyyat və incəsənət”

(22.02.2025)

 

 

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Fevralın 20-də Bakı Biznes Universitetində 21 fevral- Beynəlxalq Ana Dili Gününə həsr olunmuş kitab sərgisi və yazıçı, Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru, Ümumdünya Yazıçılar Təşkilatının (WOW) katibi Varislə görüş keçirilib.

 

Filologiya üzrə fəlsəfə doktoru, universitetin Humanitar elmlər kafedrasının Azərbaycan dili müəllimi Reyhan Dadaşovanın təşəbbüsü və Azərbaycan Nəşriyyatlar Asossiasiyasının təşkilatçılığı ilə keçirilən tədbir universitetin rektoru, iqtisad elmləri doktoru, professor İbad Abbasovun açılış nitqi və xeyir-duası ilə başlayıb. Rektor bu təqvim gününün tarixindən, mahiyyətindən, Azərbaycan dilinin dünənindən, bugünündən danışıb. O, tələbələri ana dilini sevməyə, onun qədrini bilməyə, onu əcnəbi sözlərlə yükləməməyə çağırıb.

Bir neçə nəşriyyatın tələbələrə təklif etdikləri kitablar arasında iqtisadi, tarixi, bədii, elmi-kütləvi, biblioqrafik və ensiklopedik nəşrlər üstünlük təşkil edirdi.

Universitetin olduqca geniş, işıqlı, müasir və zəngin kitabxanasında Varislə baş tutan saat yarımlıq görüşdə yazıçı tələbələrə ana dilinin qorunmasında və inkişafında şifahi və yazılı ədəbiyyatın rolu, mütaliənin insan üçün faydaları, çağdaş dövrdə Azərbaycan və dünya ədəbiyyatı barədə bilgilər verib. Eləcə də şəxsi inkişaf və karyera irəliləyişi, uğura gedən yol, arzulara və hədəflərə daha tez və maneəsiz yetişmək vasitələri barədə söz açıb.

Görüşdə tələbələrdən Nurcan Mirzəyeva, Ömər Nağıyev, Zümrüd Kərimli, Leyla Hüseynova,Aytac İbrahimovaNurlan Nağıyev xüsusi fəallıq göstəriblər.

Yazıçı tələbələr üçün kitablar imzalayıb, görüş ailə fotosu çəkməklə yekunlaşıb.

Universitetin prorektoru Cavidan Heydərov Varisə maraqlı və tələbələrdə bol təəssüratlar yaradan görüşə görə minnətdarlıq bildirib, Bakı Biznes Universitetində tələbələrə iqtisadi biliklər verməklə yanaşı, onların mənəvi cəhətdən zənginləşmələri üçün görülən işlərdən, əldə edilən nəticə və nailiyyətlərdən bəhs edib.

Reyhan Dadaşova isə qeyd edib ki, sərgilərin, tələbələrlə ziyalıların bu sayaq görüşlərinin təşkilində əsas məqsəd tələbələrə dilimizi, ədəbiyyatımızı, tariximizi sevdirməkdir.

Varis də öz növbəsində görüşdən hədsiz razı qaldığını söyləyib, tələbələrin yüksək intellektini qeyd edib, universitetin texniki təchizatından, foyelərdəki stendlərin və əyani təşviqat vasitələrinin mükəmməlliyindən, auditoriyaların səliqə-səhmanından, universitetin ölkə təhsilinə verdiyi töhfələr, beynəlxalq sferada tanınması barədə eşitdiyi məlumatlardan məmnunluq duyduğunu ifadə eləyib.

 

Qeyd edək ki, kitab sərgisi iki gün davam edib. Sərgidə Varisin 5 kitabının eksklüziv nəşr və yayım hüququna malik olan XAN nəşriyyatının direktoru Səbuhi Şahmursoy bizimlə söhbətdə bildirib ki, tələbələrin yüksək fəallığı ilə müşayiət olunan sərgidə bədii ədəbiyyata olan sonsuz maraq bir daha öz əksini tapıb.

 

“Ədəbiyyat və incəsənət”

(21.02.2025)

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bakı Avrasiya Universitetinin (BAAU) Karyera və Təlim Mərkəzinin (KTM) təşkilatçılığı ilə həyata keçirilən “KitabLab” layihəsinə start verilib. Layihənin rəhbəri Natiq Xəlilovdur. Layihə çərçivəsində universitetdə ilk görüş BAAU-nun rektoru, dosent Səyavuş Qasımov ilə yazıçı, psixoloq Rövşən Abdullaoğlu və “Qədim Qala” nəşriyyatın direktoru Şöhlət İxtiyaroğlu arasında baş tutub.

 

Görüş zamanı tələbələr arasında kitab və mütaliəyə marağın artırılması, eləcə də universitetin intellektual və mədəni mühitinin daha da zənginləşdirilməsi istiqamətində əməkdaşlıq imkanları müzakirə edilib.

S.Qasımov universitetin tələbələrinin intellektual inkişafına və kitab oxuma vərdişlərinin gücləndirilməsinə xüsusi önəm verdiyini vurğulayıb. O, “KitabLab” layihəsinin bu istiqamətdə atılan mühüm addımlardan biri olduğunu bildirərək layihənin tələbələr üçün faydalı olacağına əminliyini ifadə edib.

R.Abdullaoğlu və Ş.İxtiyaroğlu BAAU-nun ali təhsil ocağı kimi bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirib və davamlı olmasını arzulayıb. Onlar universitetdə kitaba marağın artırılması və mütaliə mədəniyyətinin inkişafına dəstək göstərməkdən məmnun olduqlarını diqqətə çatdırıblar.

Görüşün sonunda R.Abdullaoğlu rektor S.Qasımov tərəfindən BAAU-nun tələbələri ilə keçirilən səmərəli və maarifləndirici görüşə görə təşəkkürnamə ilə təltif edilib.

Sonra BAAU-nun Kitabxana və İnformasiya Mərkəzində yazıçı R.Abdullaoğlunun oxucuları ilə görüşü baş tutub. Tədbirdə universitetin akademik-inzibati heyət üzvləri, tələbə və magistrlar iştirak ediblər.

Görüşdə yazıçının həyat və yaradıcılığına dair maraqlı müzakirələr aparılıb. Oxucular yazıçıya onun psixoloji və fəlsəfi əsərləri, eləcə  də müxtəlif dillərə tərcümə edilmiş kitabları ilə bağlı suallar ünvanlayıblar. Rövşən Abdullaoğlu kitablarının yazılma prosesindən, əsas mövzulardan və oxuculara ötürmək istədiyi mesajlardan danışaraq kitab oxumağın fərdi və cəmiyyət üçün əhəmiyyətini vurğulayıb. Görüş iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və tədbirin sonunda yazıçı oxucular üçün kitablarını imzalayıb.

Layihə çərçivəsində 2025-ci ilin 19-20 fevral tarixlərində universitetdə “Qədim Qala” nəşriyyatının kitab satış sərgisi də təşkil olunub. Sərgidə müxtəlif janrlarda kitablar – bədii, elmi, psixoloji, biznes və fərdi inkişaf sahələri üzrə nəşrlər təqdim edilib. Sərgidə iştirak edən tələbə və müəllimlər onları maraqlandıran kitabları əldə etmək imkanı qazanıblar.

“KitabLab” layihəsi çərçivəsində növbəti aylarda universitetdə müxtəlif nəşriyyatların iştirakı ilə növbəti kitab satış sərgilərinin keçirilməsi planlaşdırılır. Layihənin əsas məqsədi tələbələr arasında kitab oxuma mədəniyyətini təşviq etmək, onların yazıçılarla birbaşa ünsiyyət qurması üçün şərait yaratmaq və universitetin intellektual mühitini daha da gücləndirməkdir.

Qeyd edək ki, BAAU KTM tərəfindən həyata keçirilən bu layihə universitetin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq gənclərin elmi və mədəni inkişafına töhfə vermək məqsədilə təşkil olunub.

 

“Ədəbiyyat və incəsənət”

(21.02.2025)

 

Günel Quliyeva, “Ədəbiyyat və incəsənət” üçün

 

İdrak liseyində 21 fevral “Beynəlxalq Ana Dili Günü” münasibətilə tədbir keçirildi. Tədbirdə çıxış edən müəllim və şagirdlər Ana dilimizin özəlliklərindən danışaraq, onu göz bəbəyimiz kimi qorumalı olduğumuzu vurğuladılar.

 

Şagirdlərin ifasında “Vaqif” tamaşasından Ana dilimizlə bağlı bir parça nümayiş etdirildi. Bundan başqa məktəblilər başqa bir tamaşa ilə də dahi Nizami dövrünə səyahət edərək dilimizin o vaxtkı vəziyyətini, onun necə çətinliklərdən keçib gəldiyini tədbir iştirakçılarının diqqətinə çatdırdılar.

Tədbirdə Ana dili haqqında dünya filosoflarının fikirlərindən nümunələr səsləndirildi. Doğma Azərbaycan dilimizin müqəddəsliyi, onun zənginliyi və gözəlliyi ilə bağlı Ulu Öndər Heydər Əliyevin və dövlət başçısı İlham Əliyevin fikirləri diqqətə çatdırıldı. “Sarı gəlin” xalq mahnısının sədaları ilə rəqs nümunəsi, iştirakçıların birgə ifasında Ana dilimizə həsr edilmiş mahnı da rəğbətlə qarşılandı. Tədbirdə 13-cü Beynəlxalq uşaq muğam müsabiqəsi və Heydər Əliyevin 100 illiyinə həsr olunmuş 4-cü Respublika musiqi müsabiqəsinin qalibi Yusif Tural oğlu Sadıxov da iştirak edirdi. Onun ifasında əlamətdar günün ovqatına köklənmiş muğam parçası hər kəsə xoş anlar yaşatdı.

Onu da qeyd edək ki, Ana dilimizə həsr olunan tədbirdə “Vətən səsi”nin əməkdaşı, uşaq yazıçısı Mina Rəşid də qonaq qismində iştirak edirdi. Şagirdlər onun birinci sinifin “Azərbaycan dili”dərsliyinə daxil edilmiş “Ana dili” şeirini səsləndirdilər. Mina xanım çıxışında Ulu Öndərimizin Ana dilimizə böyük qayğısından söhbət açaraq, bu diqqətin indi də dövlət başçımız İlham Əliyev tərəfindən davam etdirildiyini söylədi. O, çıxışında “Ana dili” şeirini bir daha səsləndirdi. Tədbirin sonunda əməkdaşımız İdrak liseyi tərəfindən təşəkkürnamə ilə mükafatlandırıldı.

 

“Ədəbiyyat və incəsənət”

(21.02.2025)

 

Azərbaycan Turizm Bürosu və Bakı Konqres Mərkəzi Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən 13-cü “MALT” Konqresində (Meetings Arabia & Luxury Travel) təmsil olunub. 

 

Dövlət Turizm Agentliyindən AzərTAC-a bildirilib ki, Yaxın Şərq regionunun işgüzar tədbirlər və lüks səyahət sahəsi üzrə aparıcı mütəxəssisləri sənayenin inkişaf edən trendlərini müzakirə etmək, strateji əlaqələr qurmaq və əməkdaşlıq imkanlarını qiymətləndirmək məqsədilə bir araya gəliblər. Konqres çərçivəsində Yaxın Şərqin turizm sənayesi nümayəndələri ilə 20-dən çox B2B formatlı görüş keçirilib, Azərbaycanın işgüzar turizm imkanları, lüks hotelləri və ümumilikdə regional biznes tədbirləri üçün imkanları haqqında məlumat verilib.

Tədbirdə müxtəlif ölkələrdən 250-dən çox nümayəndə qatılıb.

 

 “Ədəbiyyat və incəsənət”

(21.02.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.