
Super User
Gənclər Kitabxanasının Beynəlxalq Ana Dili Gününə töhfəsi
Respublika Gənclər Kitabxanasında 21 Fevral - Beynəlxalq Ana Dili Günü münasibətilə biblioqrafik icmal, ənənəvi və virtual kitab sərgisi hazırlanıb.
“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, materiallarda əlamətdar günün yaranma tarixindən, ölkəmizdə keçdiyi inkişaf mərhələsindən ətraflı bəhs edilir.
Virtual sərgidə Ana dili sahəsində Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin müdrik siyasətinə dair fikirlər, bu sahədə imzalanan qanun və sərəncamlar haqqında məlumatlar öz əksini tapıb. Materiallarda akademik Nizami Cəfərovun “Dilin tarixi” məqaləsinin tam mətni, görkəmli şəxslərin dəyərli fikirləri, “Heydər Əliyev və Azərbaycan dilinin inkişaf konsepsiyası”, “Heydər Əliyevin dil siyasəti”, “Qədim türk yazılı abidələrinin dili”, “Dildən dilçiliyə”, “Dilimiz, düşüncəmiz”, “Müasir Azərbaycan dilinin üslubiyyatı”, “Tarixi yaddaş milli dil güzgüsündə”, “Azərbaycanşünaslıq məsələləri” kimi 30-dan çox kitabın biblioqrafik təsviri, qısa annotasiyası və dövri mətbuat nümunələrinin siyahısı yer alıb.
“Ədəbiyyat və incəsənət”
(21.02.2025)
Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi qeyd ediləcək - SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Sərəncamda deyilir: “2025-ci ilin avqust ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Mahmud oğlu Vahabzadənin anadan olmasının 100 ili tamam olur.
Bəxtiyar Vahabzadə mübariz şəxsiyyəti və çoxşaxəli fəaliyyəti ilə XX əsrin ikinci yarısından etibarən Azərbaycan bədii-ictimai fikir tarixinə parlaq səhifələr yazmış qüdrətli simalardandır. Onun Vətənə, millətə və doğma ana dilinə sonsuz məhəbbət ifadə edən, dərin poetik-fəlsəfi düşüncələrlə zəngin irsi daim mədəni-mənəvi dəyərlərə ehtiram, milli azadlıq ideallarına bağlılıq və istiqlal məfkurəsinə sədaqət hissi aşılamışdır. Sənətkar ədəbi və elmi yaradıcılığını uzun illər pedaqoji fəaliyyəti ilə uğurla əlaqələndirərək, bir neçə nəslin milli təfəkkürünün formalaşmasında müstəsna rol oynamışdır. Bəxtiyar Vahabzadə ictimai xadim kimi xalqın taleyüklü məsələlərinə münasibətdə həmişə əsl ziyalı mövqeyi nümayiş etdirmişdir”.
Sərəncama əsasən, Mədəniyyət Nazirliyinə Elm və Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təklifləri nəzərə alınmaqla, Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb. Nazirlər Kabineti isə bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
“Ədəbiyyat və incəsənət”
(21.02.2025)
CƏLİL XƏLİLOV: “Xankəndidə Zəfər parkının inşası tarixi qələbəmizin təntənəsidir”
“Prezident İlham Əliyev tərəfindən Xankəndidə Zəfər parkının təməlinin qoyulması Silahlı Qüvvələrimizin Vətən müharibəsində əldə etdiyi tarixi qələbənin təntənəsidir”.
Bunu “Ədəbiyyat və incəsənət” portalına açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Müzəffər Ali Baş Komandanın liderliyi ilə əldə edilən 8 Noyabr zəfərinin bu şəkildə əbədiləşdirilməsi olduqca qürurvericidir:
“Bu gün respublikamızın hər bir kəndində, hər bir şəhərində 8 Noyabr zəfəri, 44 günlük Vətən müharibəsində ordumuzun göstərdiyi qəhrəmanlıqlarla bağlı hansısa bir abidə, hansısa bir park, küçə və s. mövcuddur. Bütün bunlar şanlı zəfərimizin təbliği, əbədiləşdirilməsi baxımından son dərəcə əhəmiyyətlidir. Bu gün Müzəffər Ali Baş Komandanımız tərəfindəın Xankəndidə Zəfər parkının təməlinin qoyulması da tarixi qələbəmizin əbədiləşdirilməsi istiqamətində atılan mühüm addımlardan biridir.
Zəfər parkının Xankəndidə inşası bizim üçün mənəvi baxımdan da ikiqat əhəmiyyətə malikdir. Çünki Azərbaycanın tarixi ərazisinin ayrılmaz bir parçası olan Xankəndi uzun müddət erməni separatçılarının əsas sığınacaq məntəqələrindən biri olmuşdur. 2023-cü ildə ordumuzun gerçəkləşdirdiyi 23 saatlıq antiterror əməliyyatı nəticəsində bir sıra yaşayış məntəqələri kimi Xankəndi də separatçılardan təmizləndi və Azərbaycanın de-fakto nəzarətinə keçdi. Bu, suverenliyimizin tam şəkildə bərpasına imkan yaratdı. Biz buna görə Müzəffər Ali Baş Komandanımıza, Silahlı Qüvvələrimizə, şəhdilərimizə, xalqımızın mübarizə əzminə borcluyuq.
Əminəm ki, bu gün Xankəndidə təməli qoyulan Zəfər parkı illər, əsrlər sonra da vətəndaşlarımız üçün doğma məkanlardan biri olacaq, öz gözəlliyi, əzəməti ilə onu ziyarət edən hər kəsə daim ordumuzun qəhrəmanlığını, xalqımıza qazandırdığı böyük zəfəri xatırladacaq”.
“Ədəbiyyat və incəsənət”
(21.02.2025)
“Mən həmən oğlanam, a dağ yolları” – MƏMMƏD İLQARIN 75-İNƏ
İbrahim İlyaslı, “Ədəbiyyat və incəsənət” üçün
Günlərdən - Çağdaş Azərbaycan poeziyasının müqayisəsiz və ünlü imzası, şeirləri ilə türkəm deyən hər kəsin duyğulu könüllərini fəth etmiş görkəmli şairimiz MƏMMƏD İLQARIN 75 illik yubiley günü!
Kutlu olsun!
Həm Azərbaycan Yazıçılar Birliyinin poeziya bölməsi olaraq, həm də öz adımdan Ustadı səmimi qəlbdən təbrik edir, ən xoş diləklərimi yetirirəm!
Və qeyd etmək istəyirəm ki, şairin yubiley tədbirinə yaşadığı Sumqayıt şəhərində möhkəm hazırlıqlar gedir. Zamanı çatanda Məmməd İlqar sevərləri dəvət edəcəyik.
Şair Məmmədov Məmməd Mədət oğlu (Məmməd İlqar) 1950-ci ilin 21 fevralında Qazaxın Aslanbəyli kəndində ziyalı ailəsində doğulub. Uşaq yaşlarından şeirə böyük marağı olan və artıq gənc yaşlarından rayon qəzetlərində şeirləri çap olunan Məmməd İlqar Bakıya gəldikdən sonra ədəbiyyat cameəsinin bir çox tanınmış imzalarıyla tanış olur və ara sıra şeirləri o dövrün məşhur qəzet və jurnallarında (“Azərbaycan”, “Gənclik”, “Ulduz”, “Ədəbiyyat”) çap olunmaga başlayır.
1991-ci ildə "Məni baxtıma tapşırma" adli ilk şeirlər kitabı işıq üzü görür. Məmməd İlqar yaradıcılığı axımlı, yadda qalan, folklor örnəklərini qoruyub saxlayan və ehtiva edən, aşıq şeir şəkillərinindən düzgün istifadə edən, zəngin yaradıcılıqdır.
Çox təəssüf ki, Məmməd İlqar 2013-cu ildən sonra şeir yazmayıb. Və çox təəssüf ki, ünlü şair xəstəlikdən əziyyət çəkməkdədir.
Məmməd İlqar Azərbaycan milli şeirini, təcnisini, qoşmasını XX və XI əsrdə yenidən hörmətə gətirən nadir şairlərimizdəndir. Onun bir neçə şeirlərini təqdim edirik:
Yğıldı başıma dostum-qardaşım,
Dərdimi yüz yerə yozub getdilər.
Dünyanı, zamanı söydülər yenə,
Seltək coşub, yeltək əsib getdilər.
Gördülər dərdimin dərmanı yoxdu,
Səbrim öz sinəmə sancılan oxdu,
Şöhrətim çoxdusa, dərdim də çoxdu
Bəlkə də, dərdimdən bezib getdilər.
Dedilər-həyatdı, uyu dibində
Vayı dibindədi, toyu dibində…
“Məlik”siz Məmmədəm quyu dibində,
Mənim kəndirimi kəsib getdilər.
***
Qarı dünya, bu nə qovğa, nə qaldı-
Aman ver, aman ver, a yağı, bir...bir...
Öyündüyüm-güvəndiyim nə qaldı?
Alırsan əlimdən a yağı, bir-bir.
Ha çağırdım-taleyim hey...baxtım hey...
Gah bulanıb, gah durulub axdım hey...
Yüz gümanla ağ yollara baxdım hey...
Getdi gözlərimin ay ağı, bir-bir.
Məmməd İlqar, dar günündü, seyr elə-
Nə vaxt düşər, bir də belə seyr ələ...
İnanmazdın - qohum-qardaş seyrələ-
Çəkilə dostların ayağı bir-bir.
***
Ha çaldım, könlümün bu təşnə vaxtı,
Sazım dinmədi ki dinmədi, neynim.
İstədim qarğıyam taleyi, baxtı-
Dilim dönmədi ki dönmədi, neynim.
Özüm öz odumda əridim, itdim,
Karvan buludları bəri yeritdim.
Arazı axıtdım, Kürü yeritdim-
Odum sönmədi ki sönmədi, neynim.
Aldı bir havalı xatirə məni,
Bələdi əmbərə-ətirə məni,
Dedim, bəlkə, mənə yetirə məni-
Göydən enmədi ki enmədi, neynim.
İlğımdı, dumandı, sisdi, nədisə,
Sehrdi, sədadı, səsdi nədisə,
Axır-bu zamlımın qəsdi nədisə-
Aparır hələ də Məmmədi, neynim?...
***
İlahi! Belə də gözəl olarmı?-
Kimdi qələm çəkən, nə gözəl çəkir.
Üz- üzə, göz- gözə sehrlənmişik,
Nə mən göz çəkirəm, nə gözəl çəkir,
Güney gözlüm, gözəllikdə bircəsən,
Bu güllükdə bir mən olam, bircə sən...
Gül üstündə arıya bax bircə sən-
Gör gülün nazını nə gözəl çəkir?...
Salma gəl Məmmədi gözündən, gözəl,
Gözüm gözmü görüb gözündən gözəl !..
Mən ölmüş neynim ki, gözündən, gözəl-
Nə bir könül doyur, nə göz əl çəkir !
***
Ay gözü göyçəyim, gözün hardadı –
Dən salıb saçıma dərdin dən, belə…
Yeriyən, danışan ölüyəm sənsiz –
Kim ölər mənimtək dərdindən belə?..
Dərd oxuna nişangahdı sinəm də,
Dərd əlindən ha gizlənəm, sinəm də.
Nə dərd desən yuvalanıb sinəmdə -
Bir bala sərçənin dərdindən belə…
Tapşır gözlərinə ilqara gəlsin,
Qiyma ki, ay qara, il qara gəlsin.
Gələn dərdin Məmməd İlqara gəlsin –
Neynər dərdli kəsə dərd indən belə?!.
***
Əcəb gündü – günlərin ən gözəli,
Gördüm səni – əcəb düşdüm oda mən.
Camalın ki, şölə verib yanırdı,
Bax, o gündən səcdəliyəm oda mən.
Kəsmə kərəmini, bir kərəm eylə,
Neynək, kərəmini bir kərəm eylə…
Gəl yandır, məni də bir Kərəm eylə –
Yəqindi ki, yanmalıdı od əmən.
Açmadınsa, hər yetənə qəlbi – düz!
Məcnundusa, fərqi nədi: qəlbi, düz?
Səndən ötrü əhdi qayım, qəlbi düz,
Məmməd adlı bir şair var – o da mən!
* * *
"Sənə də qar yağdı, güvəndiyim dağ."
Özün bir vaxt dost demirdin mənə bə?
Məsəl var ki- "dost-dostuna tən gərək",
Tənə gəlir bu dostluqdan mənə bə...
Nənəm derdi-bir verməsən üç alma,
Oxu bir al, birinci ol, üç alma.
Nağıl bitdi, göydən düşdü üç alma,
Biri ona, biri buna, mənə bə?..
Kişi gərək "qan bağlaya" şər kəsə,
Heç bir dosta tuş gəlməsin şər, kəsə!
Qatma məni "bə!" dediyin şər kəsə,
Mənəm-Məmməd İlqar-indi mənə "bə"?
* * *
Qönçələr bürüyüb çölləri yenə
Açallar, inşallah, gül, gülə-gülə
"Görəllər-güləllər" gəlməz eyninə,
Sarılar, sarmaşar gül gülə, gülə.
Güllər al-əlvandı, bülbüllər sarı,
Görməsin gül üstə bülbüllər sarı.
Güllər gülümsünər bülbüllər sarı,
Görən, varmı görən gül gülə gülə
Yarəb, yetir məni bir gülə, dedim,
Məmmədin könlü də bir gülə-dedim.
Açdım ürəyimi bir gülə dedim
Ağlar qoydu məni gül gülə-gülə.
***
Mən şeir yazmıram,oğul,
Canımı sıxıram ağ kağızlara.
Söz-söz gözlərimdən damıram,oğul,
Süzülüb axıram ağ kağızlara.
Qəm gəlir üstümə,qaça bilmirəm,
Ömrü bu qəmlərdən uca bilmirəm.
Od tutub alışmır necə,bilmirəm-
Yağıkən bu qədər ah kağızlara.
Sözlərə çökmüşəm,o illərə yox,
Qəbrimə səpdiyin o güllərə yox.
Yadina düşdümsə,şəkillərə yox-
Aç da bu dəftəri,bax kağızlara.
Ustad şair Məmməd İlqarın şeirlərindən bir neçəsini sizlərə təqdim etdik. Amma şairin bugünkü ovqatına tam uyğun, yaşadığı həyata tam bab olan bir şeirlə tamamlamaq istəyirik ona təbrik olaraq ünvanladığımız bu yazını. Şairin ən gözəl şeirlərindən biridir bu: Mən həmən oğlanam, a dağ yolları.
Ömrün o başından dönüb gəlmişəm,
Mənəm, başınıza dönüm, gəlmişəm.
Bəs məni yandırıb, nə yaxırsınız,
Belə maddm - maddım nə baxırsınız.
Bax bu palıdların budaqlarında
Yellənən oğlanam, a dağ yolları.
Sorub baldırğanla bulaqlarından
" Keflənən" oğlanam, a dağ yolları,
Mən həmən oğlanam, a dağ yolları.
Qayalar belində gül bitirərdi,
Di gəl ki, xoşluqla gül verməzdilər...
Əlimi uzatsam əl yetirərdi,
Gicitkanlar mənə gün verməzdilər,
Qanıma bələrdi moruq kolları,
Mən həmən oğlanam, a dağ yolları.
Almazdım eynimə çəni, çiskini,
Dolu da yağsaydı - qənd deyildimi?
Sizdən küsən günü qəzəbim, kinim
Bir tütək səsinə bənd deyildimi?
Gözümə çıxardı könlümün varı,
Mən həmən oğlanam, a dağ yolları.
Sinəmdə bir belə sevgi varikən
Bu səfeh səbrimlə dil tapammadım.
Daşın da qəlbinə yol taparikən
Bir şəhər qəlbinə yol tapammadım...
Gəlmişəm- ətək boş, ömür-gün yarı,
Mən həmən oğlanam, a dağ yolları.
Bir böyük sevgidən yıxılmışam mən,
Bilirəm dadını diz ağrısının.
Babamın başına qaxılmışam mən,
Bələdəm oduna söz ağrısının.
Bu qədər sınağa çəkməyin məni,
Siz mənim xətrimə dəyməyin barı.
A dağ yolları...
Getdi o dumanla güvəndiklərim,
Əlim ətəyinə yetməz, bilirəm,
Qalan gümanlarım- saman çöpləri...
Mən sevən ölümə getməz, bilirəm
Bu tale yolları, bu baxt yolları.
Məni qinamayin, a dag yollari
Mən həmən oğlanam, a dağ yolları.
“Ədəbiyyat və incəsənət”
(21.02.2025)
Ölkəmiz qar yorğanının altındadır - ƏN ÇOX QAR HARA YAĞIB?
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bu gün - fevralın 21-i bu saata olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.
Hal-hazırda Bakıya qar yağmaqdadır, düzdür, güclü külək qara sevinməyimizə imkan vermir, ancaq uşaqlar daldey yerlərdə imkan tapıb qartopu oynayırlar hər halda.
Küçələrdə avtomobillər hərəkət edə bilir, amma bu gecə şaxtanın yolları dondurmaq təhlükəsi böyükdür.
Hazırda Bakıda 2,5 dərəcə şaxtadır. Şimal-qərb küləyi əsir, narıncı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25 m/s-dək güclənib.
Dənizdə dalğanın hündürlüyü 5.1 metrdir.
Milli Hidrometeorologiya Xidmətinin bu səhər yaydığı məlumata əsasən, hazırda tək Bakıya və Abşeron yarımadasına deyil, ölkənin əksər yerlərində qar yağır. Bakıda və Abşeron yarımadasında qarın hündürlüyü 7 sm-dir. Bəs ən çox qar hara yağıb?
İlk ikiliyi sona saxlayaraq sırada 3-cü dayanan Gədəbəydən başlayırıq. Burada qarın hündürlüyü Gədəbəydə 45 sm-dir.
Sonrakı sıralanma belədir: Şəkidə 25, Qubada 17, Şahdağda və Kəlbəcərdə 15, Lerikdə 14, Laçın, Qubadlı, Daşkəsən və Oğuzda 12, Altıağacda 11, Şamaxı və Naxçıvanda 10, Balakən, Şuşa, Şahbuz və Xaltanda 8, Xocalı, Xankəndi, Şərur və Tərtərdə 7, İmişli, Füzuli, İsmayıllı və Ağdamda 6, Zərdab, Tovuz və Qəbələdə 5, Qusar, Yardımlı, Culfa, Qobustan, Ağstafa və Göyçayda 3,
Qar örtüyünün ən nazik olduğu bölgələr isə Cəlilabad, Şabran, Ağsu və Naftalandır, cəmi 1 sm.
İndi isə ilk ikilik.
Sırada ikinci Qax rayonudur. Sarıbaş kəndində qarın hündürlüyü 50 sm-ə çatır. Ən nəhayət, birincilik isə 71 sm-lə Zaqataladanın Əlibəy kəndindədir.
Gün ərzində havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3, Aran rayonlarında 1, Naxçıvan MR-da 9, dağlıq rayonlarda 15 dərəcəyədək şaxta olacaq.
Yeri gəlmişkən, Yol Patrul Xidmətinin əməkdaşları buzlanmaya qarşı tədbirlər görür, magistral yollarda nəzarəti gücləndirir və sürücülərə zəruri yardım göstərirlər. Hədəf isə hər kəsin təhlükəsiz şəkildə mənzil başına çatmasını təmin etməkdir. Bu çox yaxşı haldır. Qapaq fotosunda isə yol polisi əməkdaşının uşağa buzlu yolu keçməkdə köməklik göstərməsi həkk olunub.
Ən qarlı-şaxtalı hava belə sizi qorxutmasın. Təki ürəkləriniz isti olsun!
“Ədəbiyyat və incəsənət”
(21.02.2025)
TMİF XƏBƏRLƏRİ - Aktotı Raimkulova Azərbaycan Milli Konservatoriyasının rektoru ilə görüşüb
18 fevral 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaş-zadə ilə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalı Fonda istinadən xəbər verir ki, Fondun prezidenti Kamilə Dadaş-zadəni Azərbaycan Milli Konservatoriyasının rektoru vəzifəsinə yeni təyin olunması münasibətilə təbrik edərək, bu təyinatın Azərbaycanın çox əsirli musiqi irsinin inkişafına və dünya miqyasında daha da tanıdılmasına töhfə verəcəyinə əminliyini ifadə edib.
Aktotı Raimkulova Azərbaycanın zəngin musiqi mədəniyyətinin Türk dünyasının ayrılmaz bir hissəsi olduğunu qeyd edib. Fondun rəhbəri təşkilatın həyata keçirdiyi layihələrdən bəhs edərək, Azərbaycan Milli Konservatoriyası ilə qarşılıqlı əməkdaşlığın perspektivləri barədə fikirlərini bölüşüb.
Azərbaycan Milli Konservatoriyasının fəaliyyəti haqqında ətraflı məlumat verən Kamilə Dadaş-zadə, türk xalqlarının ortaq musiqi ənənələrinin inkişaf etdirilməsi və bu sahədə birgə tərəfdaşlığın vacibliyini vurğulayıb.
Görüşdə qədim Türk mədəni irsinin qorunması və gələcək nəsillərə çatdırılması sahəsində ortaq layihə və tədbirlərin həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
“Ədəbiyyat və incəsənət”
(21.02.2025)
Zaqatalada “44 gün – Tarixi zəfər” kitabı təqdim edildi
Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi
Fevralın 20-də Zaqatala rayon Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin Respublika Xatirə Kitabı Redaksiyası tərəfindən Vətən müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi üçün hazırlanan “44 gün – Tarixi zəfər” adlı kitabın I, II və III cildlərinin təqdimatı keçirilib.
Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova kitab haqqında, həmçinin qurumun indiyədək gördüyü işlər barədə ətraflı məlumat verərək bildirilib ki, kitabın I cildində 44 günlük Vətən müharibəsi ilə yanaşı, 2016-cı ilin Aprel döyüşləri və Tovuz döyüşləri zamanı həlak olanların da adları əbədiləşdirilib.
Kitabın I, II və III cildlərində ümumilikdə 2700-dək şəhid haqqında ensiklopedik məlumat yer alıb.
Şəhid ailələrinin üzvləri çıxış edərək redaksiyanın rəhbərliyinə və kollektivinə belə bir kitabın nəşrinə görə öz təşəkkürlərini bildiriblər.
Sonda şəhid ailələrinə Xatirə Kitabı Redaksiyasının nəşr etdiyi “44 gün - Tarixi zəfər” kitabı hədiyyə olunub.
“Ədəbiyyat və incəsənət”
(21.02.2025)
TMİF XƏBƏRLƏRİ - Aktotı Raimkulova YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının Baş katibi ilə görüşüb
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Seymur Fətəliyev ilə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalına Fonddan verilən məlumata görə, görüşdə Fondun 2024-сü il ərzində həyata keçirilmiş layihələri, gələcək fəaliyyət istiqamətləri haqqında fikir mübadiləsi aparılıb.
Eyni zamanda Türk Dünyasının qədim və zəngin irsinin mühafizəsi və daha artıq tanıdılması məqsədilə Fond ilə Türk dövlətlərinin YUNESKO üzrə Milli Komissiyaları arasında əlaqələrin genişləndirilməsinin önəmi vurğulanıb, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Fond ilə səmərəli əməkdaşlığı xüsusi qeyd olunub.
“Ədəbiyyat və incəsənət”
(21.02.2025)
“Qızlar əmanətdir məlakələrdən” - Əhməd Qəşəmoğlunun şeirləri
“Ədəbiyyat və incəsənət” portalı Əhməd Qəşəmoğlunun şeirlərini təqdim edir.
Əhməd Qəşəmoğlu şair, publisist, sosioloqdur, 1988-ci ildən AYB-nin üzvüdür, iqtisad elmləri doktoru, “Ahəngyol” elmi-fəlsəfi konsepsiyasının yaradıcısıdır.
O, fevral ayının 15-də 74 yaşını qeyd etdi, yenə də gənclik şövqü ilə yazıb yaradır. Əslən Naxçıvanın Babək rayonunun Vayxır kəndində olan müəllif ilk dəfə 1977-ci ildə Azərbaycan xalq şairi Rəsul Rzanın təqdimatı ilə "Azərbaycan Gəncləri" qəzetində dərc edilib, bundan sonra onun şerləri müntəzəm olaraq respublika mətbuatında çap olunub. "Vurğun külək" adlı ilk şeirlər kitabı 1981–ci ildə "Gənclik" nəşriyyatında çap olunub.
Ə. Qəşəmoğlu 1980–ci ildə Tuva MSSR–in paytaxtı Qızıl şəhərində keçirilən "Gənc yazıçıların Ümumittifaq Toplantısı"nın laureatı olub. Buna görə də onun "Vlyublennıy veter" (Aşiq olan külək) kitabı Moskvada "Molodaya qvardiya" nəşriyyatında çap olunub. Razılaşın ki, o dövrdə belə uğur hər kəsə nəsib olmur. Üstəlik, Əhməd Qəşəmoğlu SSRİ Yazıçılar İttifaqına üzv də seçilib. O, həm də "Rəsul Rza" adına ədəbi mükafatın laueratıdır.
Yubiley yaşına doğru səmt götürən Əhməd müəllim redaksiyamıza xeyli şeir təqdim edib. Olduqca maraqla oxunan və əksəriyyəti lirik olan bu şeirlər həm də düşündürücüdür, günümüz üçün aktualdır.
Yaxın bir neçə gündə oxucuları Əhməd Qəşəmoğlu poeziyası ilə baş-başa buraxacağıq.
Mənim ağ ilanım
yuxuda ag ilan xeyrə yozulur,
ag ilan olan ev, ocaq sayılır.
ömrümə ag ilan gələndən bəri
qəlbim sirr içində alışıb yanır.
mənim ağ ilanım - bir ag qızıl gül,
ətri ətirlərin ən ilahisi.
getsəm yer üzünün hansı yanına,
mənim qulağımda tək onun səsi.
mənim ağ ilanım mehriban, gözəl,
məlakə ruhludu, ruhlar ruhudu.
heyif, aramızda cəpərlər qalxıb,
hər tikan qəlbimin min-min ahıdı.
əsrlər kecəcək, mənim qəbrimin
yanına gələnlər bir ağ ilanı,
görsələr astaca sürüşdü, itdi.
Hərənin bir yerə gedər gümanı...
Vədəsində
Nə gözəl gəlmisən ömrümə mənim?!
Sanki bir pöhrəsən yaz vədəsində,
Ögeylik ömrümə olmuşdu qənim
Yaxşı ki, gəldin sən öz vədəsində.
Xəyallara gedib, duruxma belə,
Üstünə nur yağır, karıxma belə,
Bu qəfil sevgidən qarıxma belə
Allah qismət edir, düz vədəsində.
Sən haqqa aşiqisən, mən sənə lələ,
Sübhdə bal arısı qonmaz hər gülə.
Üzündən birçəyi tez ol, dəstələ
Ömrümə gülümsə tez, vədəsində.
Ilham pərisi
...tarixin ən gözəl günlərindən biri
“Şəbü-hicran” qəzəlinin yarandığı gündü...
həmin gün nələr olubsa tarixdə
bu şeirdən sonra gəlir...
kim idi o vədə Füzuli ruhunu
göy üzünə kökləyən,
qəlbini üzən gözəl?
bu ilahi sözləri
bu ilahi nizamla
düzən gözəl...
...bu dünyadan gedə bilməz
o gözəlin ruhu...
hansısa çiçəyin, göy üzünün
gözəliyindən boy verir indi
onun ruhu...
aman, aman!
mən inandığıma inan,
o gözəlin nuru içindəsən...
o gözəldən də gözəlsən...
“Şəbu-hicran” dan da gözəl
şeir yazdıra biləsən...
qızlar əmanətdir məlakələrdən
insanlar hələ
doğulan qız uşaqlarının
məlakələrdən onlara
bir əmanət olduğunu bilmir...
məlakə tək böyütmək əvəzinə
min oyun açırlar
o körpələrin başına...
düşürlər məlakələrin qarğışına.
elə ona görə də yer üzünün
üzü gülmür...
Dəniz kənarında bir qız...
Dəniz kənarında tənha, tək, titrək,
Bir gözəl gənc qız, pəjmürdə, kövrək,
Gələn ağ gəmini seyr eyləyərək
Suallar əlində bilmir neynəsin...
Suallar əlində bilmir neynəsin,
Bilmir öz halını kimlərə desin,
Əlvan çiçəklərdən kömək istəsin?
Qoşulur səmada ağ buludlara...
Qoşulur səmada ağ buludlara,
Bilmir tale onu aparır hara,
Istəyir sirrini desin sulara
Görür batıb səsi, dillənə bilmir.
Görür batıb səsi, dillənə bilmir,
Ömrünün illərin düşünür bir-bir,
Unudub hər şeyi, nə olub? Bilmir,
Gəmi yaxınlaşır, aparsın onu.
Gəmi yaxınlaşır, aparsın onu,
Əynində alova dönür al donu,
-Allahım, nolacaq bu işin sonu?
Düşünə-düşünə dua eyləyir.
Düşünə-düşünə dua eyləyir,
Ruhundan, qəlbindən kömək diləyir,
Ruhu öz hökmünü ona söyləyir,
Qəlbi arzularla, ümidlə dolu...
ahəng içində
...sevgilim bir gözəldi,
bəşər övladı deyil !
mən onu vəsf elədim,
dedilər, -“ röyadı”,
deyil...
dünyanın zərrəsində
əks olunur dünya özü...
dünyada heç bir zərrə
sadəcə, adi deyil...
qəlblərdən doğan işıq
aləmdəki işıqdırmı?
İlahinin bir sirridi,
işıq onun adı deyil.
bir ahəngin içindədi
bu yer üzü, bu göy üzü,
dünya özü...
o ahəngi duya bilmək
bir qismətdi,
sadə deyil.
Qəşəmoğlu!
dediyin hələ nədi?
çox cüzidi,
damlanın milyonda biri,
hələ o ifadə deyil !
Uzaqlardan gələn gəmi
Oyatma yatan qəlbimi,
İlahi mələklər kimi.
Uzaqlara üzüb gedər,
Uzaqlardan gələn gəmi.
Haraylayıb bağırmadım,
Gəmini mən çağırmadım,
Ağır-ağır, addım-addım
Gəlir, düşüb buzlaqlara...
Mən gözləyəndə gəlmədi,
Ürəyim dəlmə-dəlmədi.
Mən kiməm? kimsə bilmədi...
Əsir düşdüm sazaqlara.
Ömür keçdi, ögey keçdi,
Ögey ömür heçdən heçdi.
Gəmidəki o nə yükdü?
Salıb məni soraqlara.
O gəmiylə gələn kimdi?
Niyə axı gəlir indi?
Bəxtin üzümü güldü,
Mənim kimi yazıqlara?
“Ədəbiyyat və incəsənət”
(21.02.2025)
BİR ŞAİR, BİR ŞEİR -Ağrının simptomları
İlkin Vəliyev, “Ədəbiyyat və incəsənət”
Ağrının simptomları məlumdur da. Sancı, narahatçılıq, kəskin həmlə… Bəs ədəbiyyatda o necə təcəssüm olunur? Onda lütfən bu şeiri oxuyun.
Bəlkə göz yaşlarım bir savab olar
Susuz qalan uşaq içəndən sonra.
Bizim aramızdan su keçsə nolar...
O boyda dəryalar keçəndən sonra.
Heçnələr dəyişir bəzən hər şeyi,
Onda gözüm baxmır, danışmır dilim.
Mənə “Yüz yaşa” yox, “Düz yaşa” deyin
Deyin ki, dayanım, yaşaya bilim.
Günəş sən gedəndən olubdur dəli,
Ora-bura qaçır, gəlməyir ələ!
Mən sənə “Günaydın” söyləməyəli,
Günün aydın olur?
-De görüm hələ...
Ayrılıq bir fildir, eşq qarışqadır
Ayrılıq eşq üstə minib elə bil.
Ya məni yaradan Tanrı başqadır,
Ya səni yaradan Tanrı, o deyil...
“Ədəbiyyat və incəsənət”
(20.02.2025)