Super User
İsveçdə Azərbaycan musiqisinin xaricdə tanıdılması mövzusunda videokonfrans keçirilib
İsveçdə Azərbaycanın müasir peşəkar musiqisinin tanıdılmasına həsr olunmuş videokonfransda Avropada yaşayan 40-a yaxın musiqiçi, musiqişünas və musiqisevər iştirak edib.
AzərTAC xəbər verir ki, videokonfransı İsveçin Höteborq şəhərində yaşayan “Qobustan” Azərbaycan Ziyalıları Cəmiyyətinin sədri Səadət Kərimi təşkil edib.
Açılış nitqi ilə çıxış edən S.Kərimi konfrans iştirakçılarına Azərbaycan musiqisinin zəngin və çoxəsrlik tarixindən danışıb. O qeyd edib ki, bu barədə ilk məlumatlar arxeoloji qazıntılar zamanı aşkar edilmiş bir sıra tarixi abidələrdə, o cümlədən Qobustanın qayaüstü rəsmlərində (eramızdan əvvəl XVIII-III minilliklər) və Gəmiqayada (e.ə. III - I minilliklər), eləcə də orta əsr musiqisi haqqında zəngin məlumatları, onun janrları və alətlərini özündə əks etdirən “Kitabi-Dədə Qorqud” dastanı (VII əsr) və dahi Azərbaycan şairləri Nizami Gəncəvi və Füzulinin əsərlərində yer alıb.
Daha sonra çıxış edən bəstəkar, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xədicə Zeynalova yaşadığı Almaniyadakı fəaliyyətindən, əsərlərinin ifa olunduğu dünyanın müxtəlif ölkələrində keçirilən festival və konsertlərdən, eləcə də rəhbəri olduğu “Bridge of Sound” orkestri haqqında danışıb.
X.Zeynalova qeyd edib ki, onun fəaliyyətinin əsas məqsədi Azərbaycan musiqisinin təbliğidir. O, alman tələbə və professor-müəllim heyətinin Qarabağ Universiteti ilə əməkdaşlığı haqqında da fikirlərini bölüşüb.
Niderland-Azərbaycan Odlar Yurdu Cəmiyyətinin sədri Firəngiz Bağırova tədbir iştirakçılarını cəmiyyətin həyata keçirdiyi layihələrlə tanış edib. O bildirib: “Layihələrimizdən biri də “Sarı gəlin” mahnısını 2023-cü il ərzində müxtəlif ölkələrdə ifa edən xor kollektivi ilə bağlıdır. Bu layihənin məqsədi ermənilərin bizim musiqimizi mənimsəmək cəhdlərinin qarşısını almaq idi”.
Firəngiz Bağırova Xocalı faciəsinə həsr olunmuş “Dünya uşaqların gözü ilə” musiqi layihəsindən qürurla bəhs edib. Onun sözlərinə görə, musiqi quruluşu iki il ərzində Niderlandın müxtəlif şəhərlərində nümayiş etdirilib.
Dahi Fikrət Əmirovun tələbəsi, bəstəkar Qalib Həsən Məmmədov Norveçdəki musiqi fəaliyyətindən danışıb. Onun əsərləri Norveçin aparıcı nəşriyyatlarında çap olunur.
Videokonfransda Azərbaycan xalq mahnıları səsləndirilib, Avropada yaşayan soydaşlarımızın əsərlərindən ibarət konsertlərdən parçalar təqdim olunub.
“Ədəbiyyat və incəsənət”
(01.010.2024)
POETİK QİRAƏTdə Əlizadə Nurinin “Dupduru sular kimi...” şeiri
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik qiraətdə sizlərlə yenidən daimi müəllifimiz Əlizaəd Nuridir. Bu dəfə şair Dupduru sular kimi... deyəcək.
Xoş mütaliələr.
Dupduru sular kimi...
Ay işığı aynalar
Hələ diksinməmişdi-
Sənin baxışlarından.
Aynadan balacaydın
Sevib böyütdüm səni.
Bir pirə girən kimi
Ayağımı soyunub,
Girdim sənin ömrünə.
İşığa həsrət idim-
Üzümə tutdum səni...
Kim kimçün dəli olar,
Kim kimdən ötrü ölər?-
Durub oyun oynadıq,
Axır ki sənsiz öldüm-
Axır ki uddum səni.
Dupduru sular kimi
Sevdiyinin üzünü
Yada salmaq elə xoş-
Bir də xatırlamaqçün
Bir də unutdum səni...
“Ədəbiyyat və incəsənət”
(01.10.2024)
Xudavəng monastırı - qədim alban, tarixi Azərbaycan abidəsi
Nemət Tahir, “Ədəbiyyat və incəsənət”, Qarabağ bölməsi
Xudavəng monastırı - qədim alban, tarixi Azərbaycan abidəsi Azərbaycanın qərb hissəsində, Kəlbəcər rayonunun Vəng kəndi yaxınlığında yerləşir. Bu tarixi dini kompleks Azərbaycanın mədəni irsi və Qafqaz Albaniyası dövrünün ən möhtəşəm memarlıq nümunələrindən biridir. Xudavəng (və ya Dadivəng) monastırı Qafqaz Albaniyasına aid qədim kilsə və monastırlardan biri hesab olunur.
Qafqaz Albaniyasının xristian dövründə tikilmiş bu kompleks öz zəngin tarixi ilə Azərbaycanın dini və mədəni mənzərəsinin ayrılmaz hissəsi olmuşdur.
Monastırın adının mənşəyi müxtəlif izahlarla əlaqələndirilir. "Xudavəng" sözü yerli dildə "Allahın monastırı" kimi tərcümə edilir və bu məkanın dini və mənəvi əhəmiyyətini vurğulayır. "Dadivəng" adı isə bəzən monastırın qurucusu olduğu güman edilən Dadi adlı müqəddəs şəxslə bağlıdır. Bu şəxsiyyətin xristian dininin yayıldığı dövrlərdə bölgədə missioner fəaliyyəti göstərdiyi düşünülür.
Xudavəng monastırı təxminən VI-VII əsrlərdə tikilməyə başlanmış və sonrakı dövrlərdə müxtəlif əlavələr və yenidənqurmalarla genişləndirilmişdir. Kompleksin memarlığı, o dövrün xristian dini tikililərinin tipik xüsusiyyətlərini daşıyır. Kilsənin strukturunda bərk daş materiallardan istifadə olunmuş, həmçinin zəngin bəzək elementləri, mozaikalar və freskalarla bəzədilmişdir.
Monastır kompleksinə daxil olan binalar arasında kilsə, ibadətgah, yaşayış binaları və başqa tikililər mövcuddur. Kompleksin mərkəzində yerləşən əsas kilsə, onun monumental giriş qapısı və içərisindəki dekorativ elementlər diqqətəlayiqdir. Bəzi freskalar və oyma işləri qədim Qafqaz Albaniyasının dini təsvirlərini əks etdirir.
Xudavəng monastırı, Azərbaycanın dini və mədəni həyatında xüsusi yer tutur. Bölgə xristianlarının müqəddəs ziyarətgahlarından biri kimi uzun əsrlər boyu fəaliyyət göstərmişdir. Xristianlıq dövründə və xüsusilə orta əsrlərdə burada dini mərasimlər və ibadətlər keçirilmişdir. Monastır həm də təhsil və mədəniyyət mərkəzi kimi tanınmış, dini və fəlsəfi mətnlərin yazıldığı və saxlandığı məkanlardan biri olmuşdur.
Xudavəng Monastırı yalnız dini məkan kimi deyil, həm də Azərbaycanın müxtəlif dini icmaları arasında mədəni əlaqələrin qurulmasında mühüm rol oynamışdır. Burada saxlanılan dini əlyazmalar və digər maddi-mədəniyyət nümunələri Azərbaycan və Qafqaz regionunun tarixi və dini irsi haqqında qiymətli məlumatlar verir.
Kəlbəcər rayonu 1993-cü ildə Ermənistan tərəfindən işğal edildikdən sonra Xudavəng monastırı da zərər görmüşdür. Münaqişə nəticəsində monastırın bir çox hissəsi dağıdılmış, tarixən əhəmiyyətli abidə vandalizmə məruz qalmışdır. Lakin 2020-ci ildə Qarabağ müharibəsinin sona çatması ilə Kəlbəcər Azərbaycanın nəzarətinə qayıtdı və bu bölgədə yerləşən tarixi abidələrin, o cümlədən Xudavəng monastırının bərpası məsələsi gündəmə gəldi. Hazırda monastırın yenidən bərpası və tarixi əhəmiyyətinin qorunması istiqamətində işlər aparılmaqdadır.
Son olaraq qeyd edək ki, Xudavəng monastırı Azərbaycan tarixi və mədəni irsinin nadir nümunələrindən biridir. Qafqaz Albaniyasının dini mərkəzlərindən biri olaraq, monastır ölkənin xristian irsini qoruyub saxlayan abidələrdən biri kimi xüsusi əhəmiyyətə malikdir. Onun tarixi əhəmiyyəti, memarlıq gözəlliyi və dini mənəvi rolu Azərbaycanın mədəni irsinin vacib bir hissəsini təşkil edir. Monastırın bərpası və qorunması bu zəngin irsi gələcək nəsillərə çatdırmaq baxımından mühüm addımdır.
“Ədəbiyyat və incəsənət”
(01.10.2024)
Diyarşünaslıq muzeyləri Vətənimizin tarixini yaşadırlar - MÜSAHİBƏ
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Ölkəmizdə tarix-diyarşünaslıq muzeylərinin yaradılması və inkişafı dövrü əsasən ötən əsrin 70-80-ci illərinə təsadüf edir. 1980-ci illəri muzeylərin infrastrukturunun inkişafında, eksponatların toplanmasında zirvə nöqtəsi hesab etmək olar.
Oğuz Rayon Tarix-Diyarşünaslıq müzeyi də həmin dövrdə fəaliyyətə başlamışdır. Fəaliyyətə başladığı gündən burada əraziyə aid tarixi abidələri, təbii-elmi və bədii kolleksiyaları, xalq sənətkarlığı nümunələrini toplamaq, qorumaq, öyrənmək və təbliğ etmək üçün çox iş görülmüşdür. Muzeyin əməkdaşı Gülnurə xanımın müşaiyəti ilə eksponatlarla tanışlıqdan və “Rəylər kitabı”ndakıları oxuyandan sonra buna bir daha əmin olduq. Daha ətraflı məlumat almaq üçün Oğuz Rayon Tarix-Diyarşünaslıq muzeyinin direktor müavini Arzu xanıma müraciət etdik. Sağ olsun, sözümüzü yerə salmadı, geniş müsahibə verdi.
Arzu xanım Əliyeva ilə həmin müsahibəni təqdim edirik.
- Salam, Arzu xanım. gəlin söhbətimizə muzeyin yaranması tarixindən başlayaq.
- Salam, xoş gəlmisiniz. 1980-ci ildə ulu öndərimiz Heydər Əliyev bütün rayonlarında tarix-diyarşünaslıq muzeyləri yaratmaq barədə tapşırıq vermişdi. Həmin dövrdə yaranan muzeylərdən biri də Oğuz Rayon Tarix-Diyarşünaslıq muzeyidir. Muzey 1981-cı ilin fevral ayının 19-dan fəaliyyətə başlamışdır. İnşası XVIII əsrin sonu XIX əsrin əvvəllərinə aid edilən ibadətgahda yerləşir. Oğuz Tarix-Diyarşunaslıq muzeyində rayonun qədim və zəngin tarixini, dünənini və bu gününü əks etdirən qiymətli eksponatlar toplanmışdır. Yarandığı zaman fondda təqribən 200 eksponat vardı, ötən 43 il ərzində onların sayı 4556-a çatmışdır. Hazırda burada mənimlə birlikdə 4 nəfər əməkdaş çalışır. Mövcud olduğu dövr ərzində muzeydə eksponatların sayının artması, gələn tamaşaçıların ildən-ilə çoxalması və s. işlərimizin uğurla davam etdiyini göstərir. Əsas məqsədimiz coğrafi və ya inzibati əraziyə aid tarixi abidələri, təbii-elmi və bədii kolleksiyaları, xalq sənətkarlığı nümunələrini toplamaq, qorumaq, öyrənmək və azərbaycançılıq məfkurəsini uğurla təbliğ etməkdir.
- Muzey neçə bölmədən ibarətdir? Tamaşaçılar hansı bölmələrə daha çox maraq göstərirlər?
- Muzeyimiz dörd bölmədən ibarətdir: təbiət, qədim dövr, sovet dövrü və müasir dövr (müstəqillik dövrü). Muzeyə qədəm qoyanlar ilk növbədə rayonun xəritəsi önündə dayanırlar. Muzeylə ilk tanışlıq da buradan başlayır. Çox zəngin flora və faunaya malik olan Oğuzun təbiətini əks etdirən bitki və heyvanat aləmi, təbii faydalı qazıntılar, rayon ərazisinin az qala yarısını əhatə edən meşələr, nadir dərman bitkiləri, qiymətli ağaclar ekspozisiyaya tamaşa edənlərdə rayonun təbiəti barədə aydın təsəvvür yaradır. Bu bölmədə bitki nümunələrindən, rəsm əsərlərindən, nadir meşə heyvanlarının buynuzlarından, dərilərindən və s. istifadə edilib.
Qədim dövr bölməsi (bunu arxeologiya bölməsi də adlandırmaq olar) muzeyin ən zəngin və ən çox tamaşaçı cəlb edən bölməsidir. Bu ekspozisiyada qədim insanların ov səhnəsinə aid maketlər, Yaqublu kəndi yaxınlığındakı ərazidən tapılmış, od əldə etmək üçün istifadə olunmuş daş, qədim kurqanlardan aşkar olunmuş insan sümükləri və s. nümayiş olunur. Quruluş və həcmlərinə görə bir-birindən fərqli olan Sincan, Dəymədərə, Kərimli kəndlərindən aşkar edilmiş, Xocalı-Gədəbəy mədəniyyətinə aid edilən gildən hazırlanmış dopular, süddanlar, vazlar, matralar, tək və cütqulplu bardaqlar xüsusi maraq doğurur. Bölmədə həmçinin müxtəlif illərdə rayonun müxtəlif ərazilərində aşkar olunan maddi mədəniyyət nümunələri, daş kitabələr, məişət əşyaları da nümayiş etdirilir. Ümumiyyətlə, burada rayon ərazisindən əldə edilən çoxlu maddi mədəniyyət nümunələri toplanmışdır. Bu nümunələr yaşanmış tərəqqini izah edir, yerli əhalinin iqtisadiyyatı, ticarəti və mənəvi dünyası haqqında hərtərəfli informasiya almağa imkan yaradır.
Sovet dövrü bölməsində tamaşaşılarımıza 1920-ci ildən sonrakı dövrlər - kolxoz qurulucuğu, dünyəvi məktəblərin açılması, mədəniyyət müəssisələrinin yaradılması, repressiya, 1941–1945-ci illər müharibəsi, müharibədən sonrakı dinc quruculıuq illərinə aid stendlər, fotolar, sənədlər və s. əşyalar təqdim olunur.
Müasir dövr bölməsində oğuzlu Qarabağ şəhidləri, onlara məxsus əşyalar və sənədlər, rayonun yetirmələri və yazarları guşələri, Oğuz rayonunun tarixi abidələri və turizm potensialı, rayonun istehsalat müəssisələrinin məhsulları ekpozisiyaları tamaşaçıda böyük maraq oyadır. Bir sözlə, Oğuz tarixinin yeni uğurlu səhifələri muzey ekspozisiyalarında öz geniş əksini tapır.
- Muzeyə tamaşaçı gəlişi, xüsusən xarici turistlərin gəlişi barədə nə deyə bilərsiniz?
- Tamaşaçı gəlişindən şikayətlənməyə haqqımız yoxdur. İlin əvvəlindən bu günə kimi 1221 nəfərdən çox qonağımız olub. Onların arasında Oğuz, digər şəhər və rayonlarımızın sakinləri ilə yanaşı, xarici turistlər də az olmamışdır. Muzeyimiz xarici ölkələrdən (Türkiyədən, Rusiyadan, Gürcüstandan, İrandan, İsraildən, Avropa və Ərəb ölkələrindən) rayonumuza gələn turistlərin ziyarət etdiyi əsas obyektlərdən biridir. İndiyə kimi onların sayı 190 nəfərdən çox olub. Türkiyəli alim Mehmet Abdulla, italiyalı (Roma) jurnalist Rosella Fabioni və rus Yepiskopu Aleksey Yuxev təkcə son həftələrdə gələn xarici qonaqlarımızdır.
Tamaşaçılarımız arasında məktəblilərin, tələbələrin və digər gənclərin sayca üstünlük təşkil etməsi bizi daha çox sevindirir. Çünki gənc nəslin nümayəndələrinin muzeyimizdə olması onların qədim və zəngin tariximiz və bu günümüz haqqında dərin biliklərə, geniş dünyagörüşünə malik olmasına, milli dəyərlərə, milli-mədəni və tarixi irsimizə sevgi ruhunda yetişmələrinə xüsusi təsir göstərir. Bu baxımdan təhsil müəssisələri ilə əlaqələrimizə xüsusi diqqət yetiririk.
- Tamaşaçıların, xüsusən xaricilərin konkret olaraq daha çox maraq göstərdikləri eksponatlar barədə nə deyə bilərsiniz?
- Belə eksponatlar çoxdur. Tamaşaçılarımız daha çox neolit, tunç və dəmir dövrünə aid olan eksponatlara maraq göstərirlər. Məsələn, bir az əvvəl də dediyim qədim daş kurqanlardan əldə edilmiş insan sümükləri, kiçik qoç fiquru, tunc xəncər və oxlar, gildən hazırlanmış dopular, güldanlar, vazlar, tək və cüt qulplu bardaqlar, oda sitayişlə əlaqədar olan öküz başı formasında manqal onlarda xüsusi maraq oyadır. Bunlarla yanaşı, tamaşaçılarımız muzeyimizdə nümayiş etdirilən müxtəlif çeşidlərdə toxunulmuş xalçalar, xurcunlar, heybələr, at çulu, tənbəki kisəsi, qırxlıq qablara; güləbətinli, merişkalı, tor üslubunda işlənmiş tikmələrə; sini, səhəng, sərnic, sərpuş, satıl, aftafa, qazan, dolça, camlara; vaxtı ilə yerli xarratların hazırladığı dink, təknə, nehrə, çanaq, çömçə, tabaq, ələk və qaşıqlara; qadın və kişi gümüş bel kəmərləri, üzüklər, sırğalar, muncuqlar və digər zərgərlik nümunələrinə; odlu və soyuq silahlara - dayandoldurum, təkatılan, çaxmaqlı tüfənglər, ox və müxtəlif xəncərlərə, bonistika və numizmatika guşələrindəki qədimi pullara; ADR dövrünə aid sənəd və əskinaslara, II Dünya müharibəsində qəhrəmanlıqlar göstərmiş oğuzluların aldıqları orden və medallara, həmin müharibədə istifadə edilmiş pulemyota, Qarabağ şəhidlərinin şəxsi əşyalarına və onların cəbhə sənədlərinə maraqla tamaşa edirlər.
- Arzu xanım, bilirsiniz ki, Oğuzda 40-a yaxın tarixi və çox sayda təbii abidələr var. Bu abidələrin tanıdılması və turistlərin oraları ziyarət edə bilmələri üçün hansı işlər görülür?
- Bəli, Oğuz Azərbaycanın ən nadir bölgələrindən biridir. Tarixi-mədəni və təbii abidələrlə çox zəngindir. Biz onların tanıdılması üçün ilk növbədə muzeyimizə gələnlərə həmin abidələr və oralardan tapılmış nadir eksponatlar barədə ətraflı məlumatlar təqdim edirik. Məsələn, Kərimli kurqanlarından bəhs edərkən onların eramızdan əvvələ (e.ə. 14-16-cı əsrlərə) aid olduğunu və buradan həm də qızıldan hazırlanmış öküz başı eksponatı (bundan bütün dünyada cəmi 4 ədəddir) aşkarlandığını söyləyirik. Belə informasiyalar tamaşaçılarımızi həmin abidələrə səfər etməyə təşviq edir. Amma bununla kifayətlənmirik. Obyektlərə ekskursiyalar da təşkil edirik. Məsələn, ilin ötən dövrü ərzində xeyli sayda belə ekskursiyalar təşkil etmişik. Muzeyimizin saytında da internet üzərindən virtual olaraq bu abidələrə səyahət etmək mümkündür. Bizimkilər, elə xaricilər də Uğan və Tərkeş mağaralarını, Gövur, Surxay xan və Maluq qalalarını, Muxas qülləsini, Kərimli kurqanlarını, ərazidəki məscidləri, qədim alban abidələrini, yəhudi sinaqoqlarını, zəngin meşələri, Qafqaz dağlarını və dağ keçidlərini, təbii və tarixi abidələrlə zəngin Daşağıl, Tərkeş, Kərimli, Padar, Sincan, Xalxal, Xaçmaz, Calut və Filfilli kəndlərini səyahət etməyə daha çox həvəs göstərirlər.
- Muzeydə qədim yazılı mənbələr – əlyazmalar və kitablar da varmı?Varsa, onların qorunub saxlanması barədə də məlumat verməyinizi xahiş edirik.
- Hər bir xalq öz keçmişini, inkişaf tarixini müxtəlif kitablar və mənbələr vasitəsilə əldə edir. Muzeydə 270-dən çox kitab və əlyazma var. Bunların 137-ni qədim kitablar təşkil edir. Onlar ərəb və fars dillərində yazılıb. Kitablar İstanbulda, Kazanda və Tiflisdə çap olunub, əlyazmaların isə naməlum xəttatlar tərəfindən üzləri köçürülüb. Kitabların 135-ni müxtəlif mövzularda oğuzlu yazarların əsərləri təşkil edir. Muzeyimizdə bir neçə daş kitabə də qorunur. Nadir əlyazmalar "Qədim əlyazmalar" adlı ekspozisiyada nümayiş etdirilir.
- Bəs muzeydə keçirilən tədbirlər haqqında nə deyə bilərsiniz?
- Muzeyimizdə tez-tez müxtəlif tədbirlər və sərgilər təşkil olunur. Oğuz rayonunda yaşayan azsaylı xalqların nümayəndələri ilə keçirilən “Bura mənim də Vətənimdir”, Azərbaycan arxeologiyasının korifeylərindən biri, həmyerlimiz S.Qazıyevə həsr olunmuş “Axtarışlarda keçən ömür”, rayonun Padar kəndindən olan AXC parlamentinin üzvü Qərib yüzbaşıya həsr edilmiş “Dünya səndən kimlər keçdi”, “Muzeylər tarixin yaddaşıdır”, Anım günü münasibəti ilə “Siz bizim əbədi yanar məşəlimizsiniz”, tarixi yerlər və abidələr, muzeylər gününə, digər tarixi günlərə və s. aid tədbirlər, “Nənəmin boxçasında qorunan gözəllik”, “Zərif əllərin möcüzəsi”, “Payız düşüncələri”, şəhidlərimizə həsr olunmuş “Zəfər, şərəf və qəhrəmanlıq tariximiz” adlı səyyar sərgilər və s. keçirdiyimiz tədbirlərin bir qismidir.
- Sonucu sual: çətinlikləriniz barədə nə isə demək istərdinizmi?
- Elə bir ciddi çətinliyimiz yoxdur. Rayon rəhbərliyinin, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin və Oğuz Rayon Mədəniyyət Mərkəzinin rəhbərliyinin diqqət və qayğısını hər daim hiss edirik. Rayonumuza yeni təyin olunmuş İcra Başçısı cənab C.Əbdül-Qədirovun bu günlərdə muzeyimizi ziyarət etməsini də bu diqqət və qayğının təzahürü hesab edirik.
Amma bir neçə xahişimiz var. Binanın kiçik cari təmirə ehtiyacı var. Bir də eksponatların sayı xeyli artdığına görə, bina darısqallıq edir. Eksponatları iç-içə yerləşdirmişik. Bu da onların səmərəli nümayiş etdirilməsinə maneçilik törədir. Yeni bina ayrılmasına və ya tikilməsinə ehtiyac hiss edilir. Həm də muzey əsasən yerli əhalinin köməyi ilə zənginləşdirilir. Lakin elə eksponatlar var ki, onları əhalidən almaq üçün müəyyən maliyyə vəsaiti tələb olunur. Nadir və çox qiymətli belə eksponatların alınması üçün müəyyən qədər vəsaitin ayrılması yaxşı olardı. Bu qədər.
- Arzu xanım, sizə işlərinizdə uğurlar arzulayırıq. Və müsahibə üçün təşəkkür edirik. Sağ olun!
- Siz sağ olun! Mən də sizə, portalın rəhbərliyinə və bütün əməkdaşlarına təşəkkür edirəm.
“Ədəbiyyat və incəsənət”
(01.10.2024)
Azərbaycanın qastroturizm imkanları İtaliyada qida festivalında təbliğ edilib
Dövlət Turizm Agentliyinin dəstəyi ilə Azərbaycanın qastroturizm imkanları sentyabrın 26-dan 30-dək İtaliyanın Turin şəhərində keçirilən “Terra Madre Salone del Gusto 2024” qida festivalında təbliğ edilib.
Bu barədə AzərTAC-a Dövlət Turizm Agentliyindən məlumat verilib.
Bildirilib ki, Dövlət Turizm Agentliyi və tabeliyindəki Azərbaycan Milli Kulinariya Mərkəzinin nümayəndələrinin iştirakı ilə milli stenddə Böyük Qafqaz Dağları üzrə “Slow Food” səyahət turizm marşrutu, qastronomik turizmdə “Slow Food” turizm modelinin tətbiqi, yerli biomüxtəlifliyin qorunması ilə bağlı görülən tədbirlər haqqında məlumat verilib.
Həmçinin festivalda Ata-baba fındığı, Qafqaz camışından motal pendiri, Qafqaz dağ balı, tərxun şərbəti, gül və nanə suyu, o cümlədən Azərbaycanda yox olmaq təhlükəsi ilə üzləşən 30-dan çox məhsulun adının yer aldığı “Dad Gəmisi” kataloqu əsasında hazırlanan menyu təqdim edilib.
Azərbaycan milli şirniyyatları - qovut, şəkərbura, paxlava, qoğal, riçal, gülqənd, səməni halvası, firni və əncirfərəc sərgi iştirakçılarına milli çay süfrəsinin elementləri kimi nümayiş etdirilib.
Festival zamanı “Slow Food” menyusunun yaradıcısı, usta aşpaz Orxan Muxtarov tərəfindən “Xüsusi işlənmiş ət – qovurma” mövzusunda praktik seminar keçirilib. Seminarda ziyarətçilərə qovurma ilə yanaşı, Mədrəsə şərabı və yabanı bitkilərdən hazırlanan turşulardan da dequstasiya etmək imkanları yaradılıb.
Festival çərçivəsində Dövlət Turizm Agentliyinin sədrinin müavini Azadə Hüseynova ölkə stendini ziyarət edən “Slow Food” təşkilatının Baş direktoru Paolo Di Croce və regional direktor Elena Aniere ilə görüşüb və mümkün strateji planlar müzakirə edilib.
“Biz təbiətik!” şüarı ilə keçirilən “Terra Madre Salone del Gusto” festivalı 120 ölkədən 3000 nümayəndə və 600 stendi özündə birləşdirib. Bir milyon ziyarətçisi olan tədbir İtaliyanın Xarici İşlər, Kənd Təsərrüfatı, Ekologiya və Turizm nazirliklərinin sponsorluğu ilə “Slow Food International” beynəlxalq təşkilatı tərəfindən təşkil edilib.
“Ədəbiyyat və incəsənət”
(01.10.2024)
Sabah açılacaq X Bakı Beynəlxalq Kitab Sərgisində 56 xarici, 110-dan artıq yerli nəşriyyat iştirak edəcək
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 2-dən 8-dək Bakı Ekspo Mərkəzində X Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair – 2024) keçiriləcək. Builki yubiley sərgisi dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494-1556) anadan olmasının 530 illiyinə həsr edilib.
AzərTAC xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən 10-cu Bakı Beynəlxalq Kitab Sərgisinə həsr olunmuş mətbuat konfransında nazirliyin Media və kommunikasiya şöbəsinin rəhbəri Aynur Kərimova bildirib.
Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli vurğulayıb ki, bu il sərgi özünün 10 illiyini qeyd edəcək. O diqqətə çatdırıb ki, sərgidə 4 qitəni təmsil edən 18 ölkədən 56 xarici təşkilat, 110 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edəcək. Sərgidə Azərbaycanla yanaşı, Türkiyə, İtaliya, Çin, Rusiya, Koreya Respublikası, Macarıstan, Qazaxıstan, Qətər, Özbəkistan, Oman, Argentina, Mərakeş, Venesuela, Gürcüstan, Meksika, Kolumbiya, Çili və Monqolustandan tanınmış yazıçı və şairlər, elm adamları, gənc yazarlar iştirak edəcəklər.
Nazirliyin şöbə müdirinin sözlərinə görə, sərgi çərçivəsində uşaqlar və böyüklər üçün master-klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, müsabiqələr, qiraət və musiqi saatları formatında 327 tədbir keçiriləcək. Bu statistika Bakı Beynəlxalq Kitab Sərgisinin 15 illik tarixində ən yüksək göstəricidir.
Qeyd edilib ki, tədbir gedişində ölkəmizin də üzv olduğu Asiya Hekayəçilik Komitəsinin 16-cı iclası keçiriləcək.
Xatırladaq ki, sərgi zamanı gün ərzində ziyarətçilərin metronun “Elmlər Akademiyası”, “28 May” və “Koroğlu” stansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə gediş-gəlişi təmin ediləcək.
Sərgi hər gün səhər saat 10:00-dan axşam saat 20:00-dək ziyarət üçün açıq olacaq. Sərgiyə giriş ödənişsizdir.
“Ədəbiyyat və incəsənət”
(01.10.2024)
Azərbaycanda növbəti “Yaradıcı həftə” keçiriləcək
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 2-dən 8-dək ölkəmizdə “Yaradıcı həftə” keçiriləcək. Prezident İlham Əliyevin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası çərçivəsində keçiriləcək tədbir mədəniyyət və yaradıcı sənayelər sahəsində yerli və beynəlxalq mütəxəssisləri bir araya gətirən təşəbbüsdür.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, layihənin əsas məqsədi mədəniyyət və yaradıcı sənayelərin vahid bir ekosistem kimi formalaşdırılması və bu sahənin bazar iştirakçılarının fəaliyyətinin dəstəklənməsi, eyni zamanda, sahəvi klasterləşmənin təşviq edilməsidir.
“Yaradıcı həftə”də müvafiq dövlət qurumlarının rəhbərləri, yaradıcı sektorun təmsilçiləri, beynəlxalq və yerli təşkilatların nümayəndələri, yüzlərlə yaradıcı şəxs, şirkətlər və ictimai birliklər iştirak edəcəklər.
Bu il “Baku Cinema Breeze” platforması (https://www.bakucinemabreeze.az/) çərçivəsində XV Bakı Beynəlxalq Film Festivalı, VIII "DokuBaku" Beynəlxalq Sənədli Film Festivalı, VII "ANİMAFİLM" Beynəlxalq Animasiya Festivalı, “Alove" Animatorların Akselerasiyası və Türk Animasiyası Festivalı kimi tədbirlər baş tutacaq. Bundan əlavə, Azərbaycanda ilk dəfə Şərq və Mərkəzi Asiya ölkələrinin film marketi də təşkil ediləcək.
Artıq 10-cu dəfə keçiriləcək Bakı Beynəlxalq Kitab Sərgisi (https://bakubookfair.az/az/main) isə ziyarətçilərə istehlakçılarla ünsiyyət qurmaq, rəqəmsal əsrdə ölkəmizdə kitab biznesinin necə inkişaf etdirilməsi ilə bağlı yerli və beynəlxalq təcrübə və ideyaları bölüşmək üçün ideal platformadır.
Qeyd edək ki, ölkəmizdə ilk dəfə 2023-cü ildə keçirilən “Yaradıcı həftə” çərçivəsində 5000-dən artıq iştirakçı olmaqla ümumilikdə 20-yə yaxın tədbir təşkil edilib. Tədbirlərə ümumilikdə 50-yə yaxın biznes subyekti, 80-dək xarici ölkə nümayəndəsi, 100-ə qədər spiker qatılıb.
“Ədəbiyyat və incəsənət”
(01.10.2024)
Mədəniyyət Nazirliyində bir sıra ölkələrin rəssamlar ittifaqlarının təmsilçiləri ilə görüş olub
Sentyabrın 30-da Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində Bakıda təşkil edilən “İncəsənətdə və abstrakt sənətdə antibiznes” mövzusunda “Xəzər” Biennalesi (28 sentyabr - 1 oktyabr) çərçivəsində ölkəmizdə səfərdə olan bir sıra respublikaların rəssamlar ittifaqlarının təmsilçiləri ilə görüş keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, görüşdə İbrahim Vəlixocayev (Özbəkistan), Nərgiz Həmidova (Tacikistan), Umirbek Jubaniyazov (Qazaxıstan), Laslo Lelkes (Macarıstan), Quram Sertsvadze (Gürcüstan), Ankara Rəsm və Heykəl Muzeyinin direktoru Erdem Akkurt və Azərbaycan Rəssamlar İttifaqının sədri Xalq rəssamı Fərhad Xəlilov iştirak ediblər.
Qonaqları salamlayan mədəniyyət naziri Adil Kərimli “Xəzər” Biennalesi platformasının əhəmiyyətini qeyd edib. Bildirib ki, ənənəvi layihə çərçivəsində Xəzəryanı və digər ölkələrdən rəssamlar, kuratorlar və ekspertlərin bir araya gəlməsi diqqətəlayiq hadisədir. Biennale ölkələrimiz arasında təsviri sənət sahəsində əlaqələrin genişlənməsinə öz töhfəsini verir, təcrübə mübadiləsinə münbit şərait yaradır.
Çıxış edən qonaqlar da biennalenin mədəni mübadilənin dərinləşməsində rolunu vurğulayıb, ortaq sərgilərin keçirilməsinin faydalı olacağını bildiriblər.
Söhbət zamanı “Xəzər” Biennalesinin əhatə dairəsinin ildən-ilə genişlənməsindən məmnunluq ifadə olunub.
“Ədəbiyyat və incəsənət”
(01.10.2024)
Bakı Media Mərkəzinin filmi Kannda “Qızıl Delfin” mükafatına layiq görülüb
Bakı Media Mərkəzinin istehsal etdiyi, rejissoru Fuad Quliyev olan “AZAL təhlükəsizlik qaydaları videosu” turizm filmi Kann Korporativ Media və TV Mükafatlarının (“Cannes Corporate Media and TV Awards”) final mərhələsində qalib olub.
“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, film “Turizm xidmətləri” kateqoriyasında əsas mükafatı - “Qızıl Delfin”i (“Golden Dolphin Award”) əldə edib.
Kann Korporativ Media və TV Mükafatları dünyanın ən yaxşı korporativ filmləri, turizm və sənədli filmlərinin yarışdığı müsabiqədir. Bu il müsabiqəyə 46 ölkədən çox sayda audiovizual əsərlər təqdim olunub. Azərbaycan Hava Yollarının sifarişi ilə Bakı Media Mərkəzi tərəfindən çəkilən “AZAL təhlükəsizlik qaydaları videosu” şirkətin uçuş təhlükəsizliyi təlimatına yaradıcı yanaşmanı nümayiş etdirir. Filmdə təhlükəsizlik, uçuş təlimatları, Azərbaycanın füsunkar təbiəti və turizmi fonunda nümayiş etdirilir. Film il ərzində Yapon Dünya Turizm Filmləri Festivalında və SILKFEST festivalında “Gümüş”, Nyu-York, “Terres Travel” Festivalında və ABŞ Beynəlxalq Mükafatlarında “Qızıl” mükafat qazanıb.
Qeyd edək ki, Bakı Media Mərkəzinin təcrübəli mütəxəssisi Fuad Quliyev çoxsaylı turizm və reklam filmlərinin rejissorudur. Onun turizm videoları müxtəlif beynəlxalq festivalların mükafatlarına layiq görülüb. Rejissorun “Qarabağ FK. 30 mövsüm səfərdə” sənədli filmi də bu il uğurla tamaşaçılara təqdim edilib.
“Ədəbiyyat və incəsənət”
(01.10.2024)
BİR SUAL, BİR CAVAB El Roman ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL
Mağara?!
görəsən, nəyin nəsidir?
Mağara – dağların əsnəməsidir.
Tərsinə asılmış quş qəfəsidir
Belə eşitmişəm yarasalardan...
Bir qoca dedi ki, hələ diriydi
dünən gömüləndə o qız torpağa.
Sonra...
Gəldiyi yerlərə qayıtdı hər şey-
adamlar torpağa, kağız torpağa... ( El Roman)
El Roman bəy, bir gün torpağa dönən bəzi insanların " qumdan hazırladıqları uca təkəbbür qalalarının" müvəqqəti olduğunu anlamamalarının səbəbi nədir?
CAVAB
Bu, tarix boyu belə olub. Heç var-dövlətə də ehtiyac yoxdur ki, sən həyatdan ikiəlli yapışasan. Can şirin şeydir. Hamı ölmək istəyir, amma heç kəs ölmək istəmir. Böyüklər ölməkdən, uşaqlar necə ölməkdən qorxurlar. Hər kəs bu reallıqdan xəbərdardır ki, öləndə özünlə heç nə aparmayacaqsan. "Aparmaq" sözünü də elə rahat işlədirik ki, sanki harasa gedəcəyimizdən tam əminik, hələ bir nəyisə aparıb-aparmamağı da müzakirə edirik. Ölüm bilinməzlikdir. Dünyanın ən sirli hadisəsidir. Gözəl tərəfi də məhz budur, yeganə şeydir ki, texnologiya və ya duyğularla ayaqlaşmayacaq və həmişə sirli olaraq qalacaq.
“Ədəbiyyat və incəsənət”
(01.10.2024)