Sumqayıtda “Gənclərə tövsiyələr"in panel- müzakirəsi

 

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

 

Sumqayıt Gənc Müəllimlər birliyinin və Sumqayıt MKS uşaq bölməsinin birgə təşkilatçılığı ilə millət vəkili Ceyhun Məmmədovun "Gənclərə tövsiyələr" kitabı üzərindən panel- müzakirə keçirilib.

 

Öncə ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  Azərbaycan Dövlət Himni səsləndirildikdən sonra uşaq bölməsinin hazırladığı millət vəkilinin fəaliyyətini əks etdirən "Yol və zirvə" adlı videoçarx nümayiş etdirilib.

Moderator, yazıçı- dramaturq, kulturoloq Hafiz Ataxanlı dövlətçilik tariximizə ekskurs edib, yeni dünya nizamında önəmli yer tutan ölkəmizin siyasi- beynəlxalq nüfuzunu, iqtisadi inkişafını vurğulayıb və təbii ki, bu tərəqqidə hər bir gəncin uğur hekayəsinin ümümi işə töhfəsindən danışıb.

"Gənclərə tövsiyələr"in müəllifi, kreativ layihələri ilə seçilən millət vəkili kitabın yazılma ideyasından söz açıb. Dövlətimizin gənclər siyasətinin istedadlı gənclərə yol açdığını xatırladıb.

AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, Əli Kərim adına Poeziya evinin direktoru İbrahim İlyaslı, "Zərdabi" nəşriyyat- poliqrafiya müəssisəsinin direktoru, Həsən bəy Zərdabi nəslinin nümayəndəsi Aydın Məlikov, REHA təhsil- təlim mərkəzinin rəhbəri İlhamə Axundova, şəhər 5 nömrəli məktəbin direktor müavini  Arzu Əliyeva, şair Hikmət Fərzəli, şair-publisist İlhamə Məhəmmədqızı, şair Gülnar Ümid, tələbə İlahə Bağıyeva və başqalarının çıxışlarında və millət vəkilinə ünvanlanan suallarda vacib məsələlərə işıq salınıb.

Lütfizadə məntiq olimpiadasının qalibi Kənan Nəcəflinin səmimi çıxışı da maraqla qarşılanıb.

Sumqayıt MKS uşaq bölməsinin rəhbəri Yeganə Hüseynova və Sumqayıt Gənc Müəllimlər birliyinin rəhbəri Rəna Nəcəfli  millət vəkilinə və qonaqlara təşəkkürlərini bildiriblər. 

Tədbirdə Azərbaycan  Milli Konservatoriyası nəzdində Sumqayıt Musiqi Kollecinin Simli kvarteti Könül Bəbirovanın rəhbərliyi ilə musiqi nömrələri ifa ediblər.

Sonda millət vəkili Ceyhun Məmmədov bir daha gənclərə öz tövsiyələrini söyləyib, qaldırılan məsələlərin həllinə yardımçı olacağına söz verib.

 

“Ədəbiyyat və incəsənət”

(24.02.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.