Super User

Super User

Könül, “Ədəbiyyat və incəsənət”

 

Ən yeni poeziyada isti-isti, mürəkkəbi qurumamış şeirlərin təqdimatını davam etdiririk. Bu dəfə rubrikamızda şair Rəfail İncəyurdun təqdim etdiyi yeni şeiri yer alacaq. Şeir 19.02.25 tarixində yazılıb.

Xoş mütaliələr. 

 

Əylən, getmə günaha,

Boylan düz bax sabaha.

Gedənlər gedib daha – 

Qalanları hifz elə.

 

Nə oyanıb dan atma, 

Nə gecəni qanatma.

Olmazlara can atma,

Olanları hifz elə.

 

Hirs-hikkə bunca olmaz,

İrfanı da sev bir az.

Sidq ilə Haqqa namaz

qılanları hifz elə.

 

Kimin nədi hədəfi?

Hara düzlənir səfi?

İşıq gələn tərəfi 

bulanları hifz elə.

 

Yerin-göyün eşqi nə?

Sev, yayılsın eşq ünə.

İllac zəhrin eşqinə

İlanları hifz elə.

 

Bir daş götürüb hərə

Tolazlasın qəlplərə.

Vətənləşən qəlblərə

Dolanları hifz elə.

 

“Ədəbiyyat və incəsənət”

(25.02.2025)

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik qiraətdə sizlərlə yenidən Əlizadə Nuridir. Bu dəfə:

 

Əl də çatmır əsaya,

Nəyim var ki, nə sayam?

Gedin deyin İsaya

Dünya da çarmıxdadı...

 

-deyir şair. Və bu dəfə də mükəmməl deyir. 

Xoş mütaliələr!

 

 

Gedin deyin İsaya...

               Qulu Ağsəsə

 

Yaman yorulmuşam mən,

Bəlkə də iş qırxdadı?

Günah köhnə bazarda 

Yoxsa təzə nırxdadı?

 

Gəldik  sözü qazmağa,

Misra-misra azmağa...

Papaq yoxdu asmağa,

Divar özü mıxdadı.

 

Əl də çatmır əsaya,

Nəyim var ki, nə sayam?

Gedin deyin İsaya

Dünya da çarmıxdadı...

 

“Ədəbiyyat və incəsənət”

(25.02.2025)

Çərşənbə axşamı, 25 Fevral 2025 15:06

“Hava limanı” - İlqar Rəsulun hekayəsi

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə İlqar Rəsulun hekayəsi təqdim edilir. 

 

Anası dedi, axşam saat səkkizdə gəl məni apar hava limanına. O, - yaxşı, ana, gələrəm, - deyib, getdi. Evləndi, oğlu oldu, xanımı onu atıb başqası ilə getdi, uşağı tək böyütdü, əsgərliyə yola saldı, işinin başına qayıtdı, bütün günü yeni layihələr üzərində çalışdı. Axşama doğru işdən çıxdı, saat səkkizdə gedib anasını hava limanına apardı. Özünə bilet alıb evə gəldi. Oğlu əsgərlikdən qayıtmışdı. Sevindi. Məclis düzəldib, qohumlu-qardaşlı əlamətdar hadisəni qeyd elədilər. Axşam qonaqlar dağılışandan sonra, oturub ikilikdə çay içəndə oğluna dedi ki, sabah günorta saat üçdə gəlib məni hava limanına apararsan...

Oğul, - yaxşı, ata, gələrəm, - deyib getdi. Ali məktəbə qəbul olundu, oxuyub yaxşı cərrah oldu, məşhur klinikada işə düzəldi, həkim qızla evləndi. Səhəri - günorta saat üçdə getdi gördü atası geyinib qapıda gözləyir. Kişini evə qaytardı, oturub çay içdilər, çoxlu söhbət elədilər. Oğul atasını hava limanına aparmadı. - Sabah axşama doğru gələcəyəm, - deyib, getdi öz evinə, xanımının yanına. Övladı olmurdu deyə xanımı ilə ikisi idi evdə. Heç vaxt axşamlar qadını tək qoymurdu. Səhəri xanımını götürüb dünyanın məşhur məbədlərinə, ziyarətgahlarına apardı. Birlikdə dua etdilər, Allahdan övlad dilədilər. Həkim idilər deyə anlayırdılar ki, tibb onlara övlad verə bilməyəcək. Ona görə üz tutmuşdular göylərə...

Axşam saat səkkizdə gedib atasını hava limanına apardı. Özünə sabah günorta saat üçə bilet alıb evə gəldi. Xanımından xahiş etdi ki, sabah onu hava limanına aparsın. Gecə səhərəcən çoxlu ağır əməliyyat edib xeyli adamın biletini əlində qoydu. Təqaüdə çıxıb günorta saat üçə yaxın evə gəldi. Gördü masada iki qatlanmış kağız var. Açıb oxudu. Xanımı yazmışdı ki, məni bağışla, saat üçdə hava limanında olmalı idim, səni gözləyə bilmədim...

Maşına oturub hava limanına sürdü. Düşüb təngnəfəs uçuş zolağı görünən yerə qaçdı. Gecikmişdi. Səma bomboş idi. Biletini dəyişib axşam saat səkkizə aldı. Qayıdıb evini, maşını satdı, bankdakı pullarını da çıxartdı. Özünə beş-üç manat saxlayıb, qalanını "Valideyn himayəsindən məhrum olmuş uşaqlar fondu"na keçirtdi. Ödənişin qəbzinə baxıb sevindi, gözləri yaşardı, bir anlıq ona elə gəldi ki, çoxlu uşağı var. Hər yaşda çoxlu oğlan və qız. Hamısının da adını bilir. Tez-tələsik bir neçəsinin adını pıçıldadı öz-özünə. Atasının, xanımının, bir də qızı olarsa, qoyacağı ad idi dodaqlarının arasından xəfifcə çıxıb uçuşan adlar. Bankdan çıxıb şəhərdə gəzindi. Parka gedib uşaq vaxtı atasının onu yellətdiyi yelləncəyə oturdu. Gözlərini yumdu, dabanları ilə təkrar-təkrar yeri itələyib özünü göyə qaldırdı. Külək qulaqlarını batıranda sürücüdən pəncərəni bağlamağı xahiş etdi. Küçənin səsi şüşənin arxasında qalanda gözlərini açdı. Bayırda hava qaralmışdı. Qolunda saat səkkizə doğru gedirdi. Onu hava limanına aparan kimsəsi olmadığına təəssüfləndi. Bankın qəbzi ilə gözlərinin yaşını yığıb cibinə qoydu. Arxanı göstərən güzgüdə özünə baxdı. Xanımı ilə atası yanında oturmuşdular. Güzgüdən ona əl edib gülümsünürdülər. Eybi yox - düşündü - yola salan olmadısa da, qarşılayan olacaq. Üzünə təbəssüm qondu. Sürücünün səsini eşitdi: çatmışıq. Taksidən enib ətrafa göz gəzdirdi. Hava limanı saysız-hesabsız işığa qərq olmuşdu...

 

“Ədəbiyyat və incəsənət”

(25.02.2025)

Çərşənbə axşamı, 25 Fevral 2025 12:32

Gizli yara və görünən gülüş - ESSE

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

İnsan ruhu qədim xalçalar kimidir—hər ilməsində bir həyat hekayəsi, hər naxışında bir sirr gizlənir. Üzdə parlaq rənglər, incə naxışlar görünə bilər, lakin onların altında keçmişin ağrıları, ayaq izləri və zamanın qopardığı saplar var.

 

 “Yüz yerdə yüz yaram var. El sanır ki, sağ gəzirəm…”—bu sözlər insan həyatının ironik reallığını əks etdirir. Hamımız bir şəkildə yaralanmışıq, amma cəmiyyət qarşısında sağlam görünmək məcburiyyətindəyik. Çünki dünya ağrını açıq yaşamağa icazə vermir; o, bizdən daim güclü, daim “sağ” olmağımızı gözləyir.

Amma bu həqiqətən sağlamlıqdırmı? İnsan ürəyi parça-parça olduqda, ruhu qırıldıqda, yalnız özünü güclü göstərməklə sağ qala bilərmi? Yoxsa bu, sadəcə bir maskadır, sosial bir oyundur?

Yunus Əmrə deyirdi: “Bir ben var, benden içre.” İnsan, yalnız görünəndən ibarət deyil. Onun daxilində gizli bir mən daha var—dərd çəkən, düşünən, sorğulayan, bəzən üsyan edən, bəzən susan. Bizim əsl varlığımız, cəmiyyətin gördüyü “sağ gəzən” bədəndən deyil, içimizdəki o görünməz məndən ibarətdir. O “mən” yaralıdır, bəlkə də heç vaxt sağalmayacaq, amma biz onu gizlədərək dünyaya başqa bir sima təqdim edirik.

Mevlana isə belə deyirdi: “Ya olduğun kimi görün, ya da göründüyün kimi ol.” Lakin dünya bizə nəinki bu seçim haqqını verir, hətta bizi özümüzü unutmağa məcbur edir. Yaralı olduğumuzu qəbul etmək zəiflik sayılır, dərdimizi açıq söyləmək “şikayət” adlanır, həqiqi hisslərimizi paylaşmaqsa risk kimi görünür.

Bəlkə də həqiqi sağlamlıq, yaraları gizlətməkdə deyil, onlarla barışmaqda və başqalarının yaralarına da eyni anlayışla yanaşmaqda gizlidir. Çünki hər kəsin içində bir savaş var və hər kəsin qəlbi susqun bir fəryadla doludur.

Dədə Qorqud deyirdi: “Dost başa baxar, düşmən ayağa.” Biz isə çox zaman dostlarımızın da, düşmənlərimizin də bizə baxarkən əsl dərdimizi görmədiyini anlayırıq. Çünki cəmiyyət gözlərini bizim üzü gülən, güclü dayanan tərəfimizə dikib, içimizdə qopan tufanları isə bizdən başqa heç kim hiss etmir.

Bəs sən, həqiqətən sağlam gəzirsən, yoxsa yalnız elə görünürsən?

 

“Ədəbiyyat və incəsənət”

(25.02.2025)

Çərşənbə axşamı, 25 Fevral 2025 14:03

Travma: Həqiqətlər və yanlış yanaşmalar - AKTUAL

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Son illərdə "travma" anlayışı gündəlik həyatımızda daha çox işlədilməyə başlanıb. İnsanlar yaşadıqları çətinlikləri, uğursuzluqları və emosional sarsıntıları travma kimi qəbul edirlər. Lakin travma psixologiyada daha dərin və spesifik mənaya malikdir. Bu yazıda travmanın həqiqi mahiyyəti, onun təsirləri və bu anlayışın nə dərəcədə yanlış istifadə edildiyi haqqında psixoloji analiz aparacağıq.

 

Travma Nədir?

 

Travma bir insanın həyatını ciddi şəkildə sarsıdan, fiziki və ya psixoloji təhlükə yaradan hadisələr nəticəsində meydana gələn dərin emosional və psixoloji təsirdir. Travmanın təsiri insandan insana dəyişə bilər, lakin onun əsas xüsusiyyətləri aşağıdakılardır:

 

-Güclü qorxu, çarəsizlik və şok hissi

-Hadisənin yaddaşda daim təkrarlanması

-Funksional həyatın pozulması (yuxusuzluq, stress, iş və şəxsi həyat problemləri)

-Uzunmüddətli emosional təsirlər, depressiya və ya post-travmatik stres pozuntusu (PTSP)

 

Psixoloji araşdırmalara görə, travmanın əsas səbəbləri arasında müharibə, ağır qəza, zorakılıq, uşaqlıq travmaları və ciddi itkilər dayanır. Lakin hər neqativ təcrübə travma deyil.

 

Travmanın yanlış istifadəsi : 

 

Bəzi hallarda insanlar həyatlarında qarşılaşdıqları çətinlikləri və emosional problemləri travma adlandıraraq məsuliyyətdən qaçmağa çalışırlar.

 

Münasibətlərdə məsuliyyətsizlik: "Ailəm emosional ehtiyaclarımı ödəməyib, bu səbəbdən münasibət qura bilmirəm."

 

İş həyatında uğursuzluq: "Uşaqlıqda danlandığım üçün indi bir işin qulpundan yapışmaqdan qorxuram."

 

Bağışlama və güvən problemləri: "İnsanlar mənə zərər verib, ona görə də heç kimə güvənə bilmirəm."

 

Bu kimi hallar bəzən həqiqi psixoloji təsirlərin nəticəsi ola bilər, lakin eyni zamanda insanın öz həyatının məsuliyyətini üzərinə götürməkdən çəkinməsinə də səbəb ola bilər.

 

Travmanın öhdəsindən necə gəlmək olar?

 

Həqiqi travma yaşayan insanlar üçün peşəkar psixoloji dəstək almaq çox vacibdir. Lakin travma yaşamadığı halda, bu anlayışdan istifadə edərək öz həyatını məhdudlaşdıran insanlar üçün aşağıdakı məqamlar önəmlidir:

 

Özünü dərk etmək: Keçmiş təcrübələrin təsirini qəbul etmək, lakin onların həyatı tam idarə etməsinə imkan verməmək.

 

Məsuliyyət götürmək: Həyatda qarşılaşdığımız çətinliklərdən dərs çıxararaq irəliləmək.

 

Empatiya və anlayış: Həqiqətən travma yaşayan insanlara qarşı daha həssas yanaşmaq və onların yaşadıqlarını kiçiltməmək.

 

Nəticə :

 

Travma ciddi və kompleks bir psixoloji fenomendir. Onun təsirlərini dəyərləndirərkən məsuliyyət anlayışını itirməmək və hər çətinliyi travma adlandırmamaq vacibdir. Həyatımızın idarəsini əlimizə alaraq keçmişin təsirlərini minimuma endirmək mümkündür. Eyni zamanda, travma anlayışının cəmiyyət tərəfindən düzgün anlaşılması, həqiqi psixoloji problemləri olan insanlara daha effektiv dəstək verilməsinə kömək edər.

 

“Ədəbiyyat və incəsənət”

(25.02.2025)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının Azərbaycan Respublikasının yeni sosial-mədəni strategiyasının reallaşdırılmasına vətəndaş dəstəyi məqsədilə həyata keçirdiyi “Yüksək mədəniyyətli Azərbaycan vətəndaşı” innovativ kulturoloji layihəsi davam edir.

 

“Ədəbiyyat və incəsənət” portalı olaraq “Simurq”  Assosiasiyasının prezidenti, professor Fuad Məmmədovla əlaqə saxlayaraq ondan layihənin növbəti oxunmaları barədə məlumat aldıq. Məlumatı nəzərinizə çatdırırıq.

 

 

QARA-ŞAXTAYA BAXMAYARAQ…

 

21 fevral 2025-ci il tarixində Azərbaycan Atatürk Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin qrantı ilə “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının “Yüksək mədəniyyətli Azərbaycan vətəndaşı” layihəsi çərçivəsində keçirilən beşinci kulturoloji elmi oxunmaları keçirilib.

Bakı üçün havaların qeyri-adi soyuq keçməsinə baxmayaraq, oxunmalarda alimlər, ali və orta məktəblərin müəllimləri, tələbələr, məmurlar, həkimlər, ictimai xadimlər, yaradıcı ziyalılar, QHT nümayəndələri, muzey və kitabxana işçiləri iştirak ediblər. Oxuların moderatoru “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının vitse-prezidenti, professor Səlahəddin Eyyubov olub.

Oxumalarda “Kulturologiya və yüksək mədəniyyətli insan: anlayışlar və vəzifələr” mövzusunda giriş sözü ilə bəndəniz -  “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, professor Fuad Məmmədov çıxış edib.

 

 

FUAD MƏMMƏDOV

 

O bildirib ki, Azərbaycanda yüksək mədəniyyətə malik insanların “istehsalı” Ümummilli Lider Heydər Əliyevin xalqın ruhi mədəniyyətinin hərtərəfli inkişafının zəruriliyi haqqında göstərişlərinin həyata keçirilməsinin ən yaxşı yolu və Azərbaycanın yeni sosial-mədəni strategiyasının ən mühüm vəzifəsidir. Anlamaq bilikdən daha vacibdir. Mədəniyyətin insanın ağlı, qəlbi və əməyi ilə yaradılmış vahid sosial sistem kimi, düzgün dərk edilməsi Azərbaycan cəmiyyətində mütərəqqi transformasiyaların maraqları naminə ruhi mədəniyyətin nəhəng dəyişdirici potensialından məhsuldar istifadə etmək üçün yeni imkanlar açır. 

Natiq eyni zamanda, bəşəriyyətin dayanıqlı, rəqabətədavamlı və təhlükəsiz inkişafının əsas qüvvəsi kimi,i ntellektual mədəniyyətin prioritet inkişafının zəruriliyini vurğulamışdır. Buna misal olaraq XIX-cu əsrin sonlarında Yaponiyada “Meydzi restavrasiyası” kimi tanınan mədəni inqilab göstərildi. Onun iki imperativə - “Yapon ruhu üstəgəl Avropa biliyi” və “Maarifli idarəetmə”yə əsaslanan uğurla həyata keçirilməsi, ən qısa tarixi dövrdə ölkəni dünya sivilizasiyasının ön sıralarına çıxardı.

O, dövrün tələblərinə, dünya sivilizasiyasında baş verən sürətli dəyişikliklərə və qloballaşmanın çağırışlarına stinad edərək, Azərbaycan cəmiyyətində, universal kulturoloji biliklərin yayılmasının müxtəlif formalarından, ilk növbədə, icbari kulturoloji təhsil və maarifləndirmədən, dövlət tərəfindən istifadə edilməsinin, eləcə də meritokratik tərbiyə və idarəetmə mədəniyyətinin inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır.

Kulturologiyanın və cəmiyyətin və dövlətin strateji inkişafı problemlərinin təhlilinə sistemli kulturoloji yanaşmasının əvəzsiz əhəmiyyətini vurğulayan Fuad Məmmədov, qeyd edib ki, bu, dövlətçilik mədəniyyətinin inkişafı, istehsalın, cəmiyyətin bütün sahələrinin təşkili və idarə olunması sahəsində yüksək səviyyəli səriştə, bilik və peşəkarlıq, əmək mədəniyyəti və məsuliyyət mədəniyyətinin formalaşması üçün etibarlı açardır. 

Kulturologiya, milli inkişaf panoramasında, dünya sivilizasiyasının məkan və zamanında yeni imkanların görünməsinə kömək edir. Bu elm xalqın sistemli kulturoloji təfəkkürünün inkişafı üçün əvəzsiz mənbədir. O, xalqın mədəni genezisinin mütərəqqi proseslərinin inkişafını təmin etmək üçün lazım olan, keçmişdən düzgün tarixi dərslərin çıxarılmasına kömək edir.

Professor Azərbaycan Respublikasının yeni sosial-mədəni strategiyasının əsas vəzifəsi kimi, ölkədə yüksək mədəniyyətə malik insanların formalaşmasını və inkişafını qeyd edərək, vurqulayıb ki, bu gün bu, təkcə Azərbaycanın davamlı inkişafı üçün deyil, həm də bütün bəşəriyyətin humanitar təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan ən mühüm vəzifədir. 

Bu yanaşma Azərbaycan dövlətinin rəqabət qabiliyyətinin və təhlükəsizliyik səviyyəsinin yüksəldilməsində mühüm rol oynamalıdır. O cümlədən, intellektual mədəniyyətin sürətləndirilmiş inkişafı, əmək və idarəetmə mədəniyyəti səviyyəsinin yüksəldilməsi hesabına.

 

 

NİZAMİ CƏFƏROV

 

Daha sonra Azərbaycan Atatürk Mərkəzinin direktoru, Azərbaycan Mədəniyyət Nazirliyi İctimai Şurasının sədri, akademik Nizami Cəfərov “Azərbaycan dilinin inkişafı - Azərbaycanın yeni sosial-mədəni inkişaf strategiyasının prioritet vəzifəsi kimi” mövzusunda maraqlı məruzə ilə çıxış edib. Nizami Cəfərov çıxışında Azərbaycan dilinin zənginliyini deyil, həm də milli inkişaf üçün yaradıcılıq potensialını əks etdirən tamamilə yeni cəhətləri önə çəkib. 

Dünya mədəniyyəti və sivilizasiyasının inkişafına öz töhfəsi ilə tanınmış, mədəniyyət yaradıcılarının elmi və bədii əsərlərinin Azərbaycan dilində nəşrinin və bu kitabların dünyanın müxtəlif ölkələrinin kitabxanalarına istifadə üçün göndərilməsinin vacibliyi də vurğulanıb. Natiq qeyd edib ki bu, təkcə Azərbaycan dilinin inkişaf etdirilməsi və beynəlxalq nüfuzunun yüksəldilməsinə deyil, həm də Azərbaycan xalqının dünyagörüşünün genişləndirilməsinə, o cümlədən, intellektual mədəniyyətinin inkişafına yönəlmiş mühüm məsələlərdən biridir.

 

 

FİRDOVSİYYƏ ƏHMƏDOVA

 

Azərbaycanın Əməkdar Müəllimi, tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova Azərbaycan xalqının və onun mədəniyyət elitasının mədəniyyət tarixinin məzmunlu kulturoloji təhlilini təqdim edib.

“Azərbaycanın mənəvi mədəniyyətinin inkişaf tarixindən: mədəni elitalar xalqın milli sərvəti kimi” adlı məruzəsində şəxsiyyətin hərtərəfli, harmonik inkişafının vacibliyi vurğulanıb. Firdovsiyyə xanım qeyd edib ki, məhz məqsədyönlü və səmərəli yaradıcılıq fəaliyyəti, eləcə də yüksək mədəniyyətə malik ziyalı azərbaycanlıların vətənpərvərliyi sayəsində əsrlər boyu Azərbaycan xalqının yüksək intellektual və mənəvi mədəniyyəti formalaşıb.

Natiq eyni zamanda deyib ki, Azərbaycanda minillik dövlətçilik ənənəsində sülalə hakimiyyətinin əsas rol oynadığı mərhələ hakimdir. Tarixdə irsi hakimiyyətin uğurları ayrı-ayrı şəxslərin adları ilə bağlıdır. Mənəvi keyfiyyətlərin öz təsirini itirmədiyi şəraitdə, dünyagörüşü, təcrübəsi, liderlik qabiliyyəti, təhsil səviyyəsi, siyasi bəsirət və diplomatik bacarıqlar zaman keçdikcə sülalələr daxilində müəyyən adları yüksəldə bilirdi. Azərbaycan mütəfəkkirləri ruhi mədəniyyətin inkişafında mühüm rol oynamışlar. İntellektual və mənəvi mədəniyyət daşıyıcıları olan şəxslər mədəni mühit yaratmağa qadirdirlər. Bu baxımdan cəmiyyətin intellektual potensialının daşıyıcıları müxtəlif modelləri həyata keçirməyə can atan ziyalılar idi. 20-ci əsrin əvvəllərində cümhuriyyət modelində birləşən mədəniyyət elitası türk-islam dünyasında ilk dəfə müasir dövlət yarada bildi.

Elmin və təhsilin inkişafı nəticəsində formalaşan intellektual potensial müstəqil Azərbaycan Respublikasının əsas sərmayəsinə çevrilmişdir. Xalqın milli sərvəti olan mədəni elita yüksək mədəniyyətli insanların yaratdığı mühitdə formalaşır. Tarazlıq yüksək mədəniyyətli insanın intellektual və mənəvi mədəniyyətinin vəhdətində mühüm amildir. Əks halda, bəşəriyyət keçmişin acı taleyinə dözməli olacaq. Bir intellektual mədəniyyətin digərindən üstünlüyü müasir dünyamızın təhdid və təhlükələrini qaçılmaz edir. “Yüksək mədəniyyətli insan” məqsədi qlobal əhəmiyyət kəsb edir və professor Fuad Məmmədovun Azərbaycanda keçirdiyi müvafiq təlimlər və mühazirələr beynəlxalq ictimaiyyətə ciddi mesajdır.

 

 

YEGANƏ ƏLİYEVA

 

“XXI əsr Şərq ziyalılarının kulturoloji təfəkkürü qlobal ideyalar dialoqunda: alternativlik və paritet” - Bu maraqlı mövzu kulturologiya üzrə fəlsəfə doktoru, Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan Kulturoloqlar Cəmiyyətinin üzvü, dosent Yeganə Əliyevanın məruzəsində açıqlanıb. Natiq XXI əsrdə mədəni dəyərlərin qlobal transformasiyası fonunda Şərq ziyalılarının mədəni əks etdirilməsinin meqa-trendlərini araşdırıb. O qeyd edib ki, mənəvi dəyərlərin qlobal transformasiyası fonunda insanlar və cəmiyyət yeni kommunikativ münasibətlərə cəlb olunur. Müxtəlif mədəniyyətlərin mənəvi dəyərlərinin ziddiyyətli təsiri altında sərhəd mövqeyində olan İnsan obrazı gündəmə gətirilir. Cəmiyyətin mənəvi-mədəni həyatında müşahidə olunan tənəzzül, xaos və böhran şəraitində yaşanan ziddiyyətli hadisələri izah etməyə ancaq kulturologiya elmi və kulturologiya metodologiyası qadirdir. Bu gün bütün humanitar və təbiət elmləri, tədqiqat predmetində sərhəd hadisələrinin izahı üçün metodoloji əsasların kifayət qədər olmadığı ortaya çıxanda kulturoloji metodologiya aparatına müraciət edirlər.

Yeqyanə Əliyeva vurğulaylb ki, “Simurq” Mədəniyyət Assosiasiyasının həm milli, həm də beynəlxalq əhəmiyyət kəsb edən, kulturoloji layihəsi – “Yüksək mədəniyyətli insant” Ulu Öndər Heydər Əliyevin vəsiyyətlərinə, dövlətimizin başçısının çağırışına və ölkəmizin yeni sosial-mədəni strategiyasının qarşıya qoyduğu vəzifələrə son dərəcə aktual cavabdır. Bu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 yanvar 2024-cü il tarixdə yerli telekanallara verdiyi müsahibədən sonra xüsusi əhəmiyyət kəsb etmişdir. Respublika Prezidentinin bu məsələni ictimai müzakirə səviyyəsinə qaldırmaq çağırışına hərarətlə cavab verən Azərbaycan kulturoloqları ölkədə ilk kulturoloji elmi oxunmalarını təşkil etdilər. Onlar cəmiyyətimizə müraciət edərək, ölkəmizin gələcək inkişafının prioritetlərini müəyyən edən milli ideyanın nədən ibarət olması məsələsinin müzakirəsində məmurların, alimlərin, müəllimlərin, həkimlərin, incəsənət xadimlərinin və yazıçıların, jurnalistlərin, muzey və kitabxana işçilərinin, qadın və gənclər təşkilatlarının nümayəndələrinin fəal iştirakına çağırıblar.

 

 

İLHAMƏ ÖMƏROVA

 

Qədim dünyanın diplomatik mədəniyyəti kontekstində dövlətçilik mədəniyyəti tarixi problemi siyasi elmlər üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının dosenti İlhamə Ömərovanın məruzəsinin mövzusu olub. Bu maraqlı tarixi məruzədə qədim dövlətlərin: Şumer dövləti, Qədim Roma İmperiyası, Yunanıstan, Misir, Hindistanın daxili və xarici siyasətləri ilə bağlı məsələlər təhlil edilirdi. Çıxışda təsvir edilən kulturoloji panorama, tarixi mənbələrə görə, Mesopotamiya, Misir, Çin, Hindistan, Cənubi Avropa və Yunanıstanda IV minilliyin ikinci yarısında və ya sonlarında yaranmış ən qədim dövlətləri əhatə edirdi. İlhamə Ömərova qeyd edib ki, qədim dövlətlərdə diplomatiyanın təşkilinə quldarlıq sisteminin özəllikləri də təsir edib. Bu dövlətlərin səfirləri tamhüquqlu vətəndaşların açıq iclasında seçilirdilər və öz missiyalarını başa vurduqdan sonra öz rəhbərləri qarşısında məsuliyyət

daşıyırdılar. İstənilən tamhüquqlu vətəndaş öz hərəkətini düzgün hesab etmədiyi halda, səfiri məsuliyyətə cəlb edə bilərdi. Bu, Romadan daha çox Yunan respublikalarında tətbiq olunurdu. Əgər Yunanıstanda xarici siyasətin ali orqanı milli məclis idisə, Romada bu funksiyanı Senat yerinə yetirirdi. Qədim Şərq diplomatiyasının ən parlaq nümunələri e. e. ə. XV-XIV əsrləri əhatə edən Tell əl-Amarna yazışmalarıdır. Bunlar Misir fironları ilə Xet İmperiyası, Babil və digər Mesopotamiya fövlətləri arasında iqtisadi və diplomatik münasibətlər kontekstində bağlanmış müqavilələrdir. Tell el-Amarna arxivi hazırda Londondakı Britaniya Muzeyində və Berlindəki Dövlət Muzeyində saxlanılır. Manu qanunları (e.ə. II əsr – eramızın II əsri) qədim hind ədəbiyyatının abidəsi və tarixi mənbəyidir. Manu qanunları dünyanın ilk qanun dəstlərindən biridir.

Natiq çıxışına yekun vuraraq qeyd edib ki, dünyanın müxtəlif ölkələrində dövlət quruculuğu və idarəetmə proseslərinin tarixi qanunauyğunluqlarını və xüsusiyyətlərini dərk etmək üçün dövlətçilik və dövlət idarəçiliyi mədəniyyətinin qədim təcrübəsinin sistemli kulturoloji təhlili heç də az əhəmiyyət kəsb etmir.

 

Oxunmalar maraqlı kulturoloji diskussiya ilə başa çatıb, burada çıxış edənlərlə yanaşı “Simurq” AMA-nın vitse-prezidenti, professor Səlahəddin Əyyubov, İqtisad Universitetinin dosenti Anar Əyyubov, kulturoloq Xanım Mehdixanlı, Ədliyyə Nazirliyinin nümayəndələri, QHT-çılər və başqaları iştirak ediblər. 

 

 

LAYİHƏ MARTDA YEKUNLAŞACAQ

 

“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının Azərbaycan Respublikasının yeni sosial-mədəni strategiyasının reallaşdırılmasına vətəndaş dəstəyi məqsədilə həyata keçirdiyi “Yüksək mədəniyyətli Azərbaycan vətəndaşı” innovativ kulturoloji layihəsinin nə zaman yekunlaşacağı barədə də “Simurq”  Assosiasiyasının prezidenti, professor Fuad Məmmədovdan bilgi aldıq. O, mart ayının əvvəlində layihəyə yekun vurulacağını bildirdi.

 

“Ədəbiyyat və incəsənət”

(25.02.2025)

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi

 

Yağışdan sonra yollara iz düşür… - Başllq dahi Azərbaycan şairi, ədəbiyyatşünas, ictimai xadim Bəxtiyar Vahabzadənin iki şeirindən götürülüb. Yağışdan sonra yollara su izi düşür. Amma gün tədricən onu qurudur. 

Bəxtiyar Vahabzadənin öz izlər isə əbədidir. Bu gün bu izləri daim görür, duyuruq. 

 

24 fevral tarixində Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin dəstəyi, Şəki şəhər Heydər Əliyev Mərkəzinin, 2 nömrəli Uşaq Musiqi məktəbi və MKS-nin 9 nömrəli kitabxana filialının birgə təşkilatçılığı ilə dahi Azərbaycan şairi, ədəbiyyatşünas, ictimai xadim Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd edilib.

 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub. 

Yubiley tədbirində Şəki şəhər İcra Hakimiyyətinin nümayəndələri, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəhbərliyi və əməkdaşları, tanınmış şair Vaqif Aslan, Şəhid ailələri, mədəniyyət işçiləri və bir sıra dövlət rəsmiləri iştirak edib.

Tədbirdə Bəxtiyar Vahabzadənin Azərbaycan dili ilə yanaşı, müxtəlif dillərə tərcümə olunan şeir kitablarından ibarət sərgi təşkil olunub. Həmçinin sərgidə həvəskar rəssam Könül Salahovanın Bəxtiyar Vahabzadə şeirlərindən, poeziyasından ilhamlanaraq çəkdiyi rəsmləri də yer alıb.

2 nömrəli Uşaq Musiqi məktəbinin müəllimlərindən ibarət ansamblın ifasında Bəxtiyar Vahabzadənin sözlərinə yazılmış musiqilər və dillər əzbəri olan şeirləri səsləndirilib. 

Bəxtiyar Vahabzadənin Ev-Muzeyinin direktoru Elşən Zəkəryəbəyli çıxış edərək, onunla olan xatirələrədən və B.Vahabzadə yaradıcılığının zənginliyi, unikallığı və Azərbaycan ədəbiyyatında qatdığı dəyərdən bəhs edib.

Tədbirdə çıxış edən Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəisi Emil Bədəlov dahi şairin yaradıcılığından bəhs edib. Ölkə Prezidenti  İlham Əliyevin Azərbaycan ədəbiyyatına, incəsənətinə, mədəniyyətinə göstərdiyi qayğıdan söz açıb. O bildirib ki, B.Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında verilən sərəncam məhz bunun bariz nümunələrindən biridir. 

Sonda Şəki şəhərində yerləşən Bəxtiyar Vahabzadənin Ev-Muzeyinin direktoru Elşən Zəkəryəbəyli Regional İdarə adından Təşəkkürnamə ilə təltif edilib. 

Qeyd edək ki, 21 fevral 2025-ci il tarixdə cənab Prezident İlham Əliyev Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi B.Vahabzadənin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. 

 

Bəxtiyar Vahabzadə 16 avqust 1925-ci ildə Şəki şəhərində dünyaya gəlib. 1934-cü ildə onun ailəsi Bakıya köçür. Burada orta məktəbi qurtarandan sonra ADU-nun Filologiya fakültəsində təhsil alıb. Bədii yaradıcılığa 1943-cü ildə "Ana və şəkil" adlı ilk şeirini çap etdirdikdən sonra başlayıb. 

Onun lirik şeir və poemalarında, mənzum pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir edilir. "İkinci səs", "Vicdan", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad", "Hara gedir bu dünya", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı" və "Rəqabət"  pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulub.

 Bəxtiyar Vahabzadə 1960-cı illərdən başlayan milli azadlıq hərəkatının öncüllərindən biri idi. O, 1958-ci ildə yazdığı "Gülüstan" poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirmiş, rus və fars imperiyasının pəncəsi altında qalan Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulub. B. Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir.  

B.Vahabzadə uzun sürən xəstəlikdən sonra  2009-cu il fevral ayının 13-də, 83 yaşında  Bakıda vəfat edib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(24.02.2025)

 

​​24 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində “ASAN xidmət indeksi” üzrə 2024-cü il qiymətləndirmə nəticələrinə dair  təqdimat keçirilib.

“Ədəbiyyat və incəsənət” portalına Agentlikdən verilən məlumata görə, “Dövlət Xidmətlərinin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli 262 nömrəli Fərmanı ilə verilmiş tapşırığa əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “ASAN xidmət indeksi”ni təşkil edən parametrlər rəhbər tutulmaqla dövlət xidmətlərinin qiymətləndirilməsi tapşırığının icrası 2024-cü ildə də davam etdirilib.

Qiymətləndirilmənin keçirilməsində əsas məqsəd dövlət xidmətləri haqqında məlumatların vahid mənbədə toplanması və sistemləşdirilməsi, xidmətlərin göstərilməsində təkrarlığın aradan qaldırılması və yeni növ xidmətlərin yaradılması yolu ilə bu sahədə idarəetmənin çevikliyinin təmin edilməsi, xidmətlər üzrə təhlil və proqnozlaşdırma imkanlarının artırılmasıdır.

 

Bu tapşırığın yerinə yetirilməsi məqsədilə 2024-cü ildə Dövlət Agentliyi tərəfindən 37 mərkəzi icra hakimiyyəti orqanının 167 xidməti, 23 yerli icra hakimiyyəti orqanının 89 xidməti və 15 hüquqi şəxsin 44 xidməti daxil olmaqla, ümumilikdə 300 xidmət qiymətləndirilib.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 15 sentyabr tarixli 781s nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı"nın 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planına əsasən 2024-cü ildən etibarən Naxçıvan Muxtar Respublikasının dövlət orqanları tərəfindən göstərilən dövlət xidmətlərinin “ASAN xidmət indeksi” əsasında qiymətləndirilməsi həyata keçirilib. Qeyd olunan 300 xidmətin 78 xidməti məhz Naxçıvan Muxtar Respublikasının 23 dövlət orqanına aiddir.

 

Təqdimat 2 hissədən ibarət olub. Birinci hissədə 2024-cü ildə “ASAN xidmət indeksi” üzrə qiymətləndirmə ilə bağlı qısa təqdimat keçirilib və nəticələr açıqlanıb. Sonra mərkəzi icra hakimiyyəti, yerli icra hakimiyyəti və hüquqi şəxslər üzrə 2024-cü ildə ən yüksək göstəriciləri olan qurumlar mükafatlandırılıb.

Mərkəz icra hakimiyyəti orqanları arasında ən yüksək göstəriciləri olan qurumlar:

1-ci yer: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;

2-ci yer: Dövlət Miqrasiya Xidməti;

3-cü yer: Energetika Nazirliyi.

 

Yerli icra hakimiyyəti orqanları arasında ən yüksək göstəriciləri olan qurumlar:

1-ci yer: Pirallahı Rayon İcra Hakimiyyəti;

2-ci yer: Yasamal Rayon İcra Hakimiyyəti;

3-cü yer: Binəqədi Rayon İcra Hakimiyyəti.

 

Hüquqi şəxslər arasında ən yüksək göstəriciləri olan qurumlar:

1-ci yer: “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti;

2-ci yer: “Azəriqaz” İstehsalat Birliyi;

3-cü yer: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi.

 

Tədbirin ikinci hissəsində dövlət qurumlarının nümayəndələrinə qiymətləndirmənin nəticələrinin geniş və interaktiv şəkildə təqdimatı keçirilib.

 

Sonda tədbir sual-cavab hissəsi ilə davam etdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(24.02.2025)

 

Otto Erelman (1839 - 1926) holland rəssanıdır, ən məşhur əsəri olan “At arabasında” rəsmini yağlı boya ilə çəkib.

 

Əlibala Məhərrəmzadə, professor, millət vəkili

 

Azərbaycan elminə ağır itki üz verib. Professor, ədəbiyyatşünas, görkəmli alim Nizaməddin Şəmsizadə vəfat edib. O bir müddət komada idi, süni tənəffüs aparatına qoşulmuşdu. Həkimlər ona Sepsis diaqnozu qoymuşdular. O, həmçinin dializ və şəkər xəstəsi idi. Bu səhər ölüm xəbərini aldıq.

 

Professorun vəfatı bütün Azərbaycan xalqı üçün itkidir, xüsusən, biz qubalılar üçün böyük itkidir. O bizim yerlimiz idi.

Nizaməddin Şəmsizadə 1954-cü il dekabrın 30-da Qubanın İspik kəndində anadan olmuşdu. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirərək 1982-ci ildə namizədlik, 1990-cı ildə doktorluq dissertasiyalarını müdafiə etmişdi.

N.Şəmsizadə ondan çox monoqrafıyanın, bir sıra hekayə, şeir və esselər kitabının, 250-dən çox ədəbi-tənqidi, elmi-nəzəri və fəlsəfi-publisistik məqalənin müəllifidir. Onun "Seçilmiş əsərləri" 3 cilddə işıq üzü görüb. Professor Nizaməddin Şəmsizadə milli ideologiyamız - azərbaycançılıq nəzəriyyəsi haqqında ilk kitabın və bu gün ölkənin ali məktəblərində tədris olunan "Ədəbiyyat nəzəriyyəsi" adlı fundamental dərsliyin müəllifidir. O, elmi xidmətlərinə görə akademik Y.Məmmədəliyev mükafatının laureatıdır.

Prezident İlham Əliyevin Sərəncamı ilə Nizaməddin Şəmsizadə "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" kitabına görə Dövlət Mükafatına layiq görülüb. 2019-cu ildə isə ölkə başçısının müvafiq Sərəncamına əsasən, Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə "Əməkdar elm xadimi" fəxri adına layiq görülüb.

Bəli, Azərbaycan ictimaiyyəti, Azərbaycan elmiçox ciddi bir itki ilə üzləşdi. Ancaq Nizaməddin Şəmsizadənin qoyduğu irs onu daim yaşadacaq, onun işıqlı xatirəsi heç vaxt yaddaşlardan əskilməyəcək.

Allah görkəmli alimimizə rəhmət eləsin. Mərhumun ailəsinə, qubalılara, bütün xalqımıza başsağlığı verirəm.

 

“Ədəbiyyat və incəsənət”

(24.02.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.