Super User

Super User

Harun Soltanov, “Ədəbiyyat və incəsənət”

  

Salam Torpaq..

Sən bir zamanlar canlı idin. Biz səni hiss edirdik, sən bizi bəsləyirdin. Barmaqlarımızın arasından süzülən qara torpağın hər zərrəsi doğma idi. Yağış düşəndə, sənin bədənindən torpaq qoxusu yüksələrdi—saflıq, həyat və ölümün qoxusu. Amma indi? Sən ölmüsən, torpaq! Və biz sənin qatillərin olmuşuq.

 

Sənə ağı deyən dillər çoxdan susdurulub, səni sevən əllər paslanmış çərçivələrin arxasında qalıb. Sənə "qibləmiz" deyənlər indi səni dəmir çubuqlarla deşib, asfaltın altına basdırıblar. Bizim üçün sən artıq sadəcə bir maneəsən, evlərimizin altında gizlədiyimiz, betonun altında nəfəsi kəsilən bir kölə.

Torpaq, biz sənə xəyanət etdik. Sənin canını bizdən soruşan olmayacaqmı?

Bizi dünyaya gətirən sən idin. Biz sənin içində doğulmuşduq, sənin üzərində qaçıb oynayırdıq. Balaca əllərimiz səndən-gildən küftələr düzəldirdi, palçıqdan qəsrlər ucaldırdı. İndi isə sənə toxunmaqdan qorxuruq. Çünki sən artıq təmiz deyilsən. Biz səni çirkləndirdik.

Plastik qalıqların içində boğulan meşələr, sənə səpələnən zəhərli tullantılar, damarlarına axan qara neft, ağ ciyərlərini boğan kimyəvi qazlar.. Biz sənin üzərində bir virus kimi çoxaldıq, sən isə səssizcə bizi daşımağa davam etdin. Amma torpaq, bəsdir! Biz artıq özümüzdən iyrənirik, sən də bizi özündən at!

Sən indi bizim üçün bir yük, bir unudulmuş yaddaşsan. Amma sən unutmazsan, torpaq! Sən hər şeyi saxlayırsan,öldürülən çiçəklərin qoxusunu, kəsilmiş ağacların kök ağrısını, öldürülən canlıların son nəfəsini. Sən hər şeyi udursan, amma heç nəyi bağışlamırsan!

Biz səni dəhşətə saldıq, Torpaq. Biz sənin damarlarını deşib neftinlə alver etdik. Biz səni asfalta büküb sənin nəfəsini kəsdik. Biz sənin içində yaşıl çəmənlər əvəzinə dəmir qüllələr tikdik. Amma bilirik ki, sən unutmursan. Və bir gün-biz sənə geri dönəndə,sən bizi unutmadığını göstərəcəksən.

Biz səndən gəldik, sənə dönəcəyik. Belə deyirlər. Amma biz artıq sənə dönə biləcəyikmi? Biz indi plastik tabutlarda çürüyürük, çünki bədənlərimiz belə sənə qarışmaqdan qorxur. Bizim ölümümüz belə süni olub, torpaq. Biz sənin içində torpaq kimi yox, tullantı kimi çürüyürük.

O gün gələndə, biz sənə qarışmağa çalışacağıq. Amma sən bizi qəbul edəcəksənmi? Yoxsa betonun altında sıxılıb qalmış bir ruh kimi çabalayacağıq? Sən bizi özünə ala biləcəksənmi, yoxsa biz artıq sənə yadıq? Biz torpağa dönə bilməyəcəyik, torpaq! Çünki sən bizi çoxdan silmisən.

Biz səni unutduq, amma sən bizi unutmadın.

İndi nə olacaq, torpaq?

İndi kim kimə məzar olacaq?

 

“Ədəbiyyat və incəsənət”

(27.02.2025)

“Ədəbiyyat və incəsənət” portalı yazar Ehtiram İlhamın “Qənirə xanım Paşayevanın 50 yaşı tamam olur” başlıqlı yazısını təqdim edir.

 

 

Düz 9 gündən sonra unudulmaz və dəyərli Qənirə xanım Paşayevanın 50 yaşı tamam olur.

1975-ci ilin 7 martında dünyaya göz açan bu əvəzsiz şəxsiyyət həyatının ən gözəl illərini mənsub olduğu məmləkətin firavan yaşamasına, haqq səsinin hər yerdə ucalmasına həsr etdi.

 

Onun ən sadə insanlara etdiyi təmənnasız yaxşılıqların sayı-hesabı olmadı. Ruhunda gəzdirdiyi vətən sevgisi, könlündəki xeyirxahlıq hissləri ömrünün sonunadək tərk etmədi onu. Əlacsız qalanlara arxa-dayaq, kömək oldu həmişə. Öz yorulmaz, coşqun fəaliyyəti ilə əsl millət vəkili obrazının parlaq nümunəsini yaratdı. Əslində, Tanrı belə insanları missiya daşıyıcısı olaraq xəlq edir. Çox az-az dünyaya gələn bu cür tarixi şəxsiyyətlər öz passionarlıqlarını sonadək daşıyıb, örnək qoyub gedirlər bu fanidən. 

 

Qənirə xanımın 50 yaşı onu tanıyanların, sevənlərin yadından çıxmamalıdır. Müxtəlif törənlər, anım gecələri, xatirəsinə həsr olunan tədbirlər keçirilməlidir və heç şübhəsiz ki, keçiriləcək də.

Bildiyim qədər, yaxın günlərdə əsərlərindən ibarət çoxcildlik hazırlanıb, oxucuların ixtiyarına veriləcək.

Amma rəsmi qaydada işlər də görülsə, daha yaxşı olardı. İlyarım öncə, dünyasını dəyişən dönəmlərdə qardaş Türkiyənin müxtəlif şəhərlərində Qənirə xanımın adına parklar salınaraq xatirəsi əbədiləşdirildi. Bu işi ölkəmizdə də görmək lazımdı. Həm də daha geniş miqyasda. Onun adına paytaxtda və digər bölgələrimizdə, o cümlədən doğulduğu Tovuzda küçələr verilib, parklar salına bilər. Haqqında yazılan saysız-hesabsız yazılardan ibarət xatirə kitabları çap etdirmək də yaxşı olardı. Televiziya verilişləri təşkil etmək, filmlər çəkmək və.s. bu kimi işlərin görülməsi də Qənirə Paşayevanın xatirəsinə yaraşan olardı...

Çox işlər görülməlidi. Çünki insanlar onu çox sevirdi. 

Öz həyatı və fəaliyyəti ilə Qənirə xanım bütün bunları çoxdan haqq edib”.

 

“Ədəbiyyat və incəsənət”

(26.02.2025)

 

 

 

 

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Almaniyaya səfəri çərçivəsində Berlin şəhərində fəaliyyət göstərən Xarı-Bülbül Azərbaycan Mədəniyyət Evini ziyarət edib.

 

“Ədəbiyyat və incəsənət” portalına Komitədən verilən məlumata görə, Mədəniyyət Evinin fəaliyyəti ilə yaxından tanış olan komitə sədri Azərbaycan həftəsonu məktəbindəki dərs prosesində iştirak edib, məktəbin müəllim heyəti və şagirdlərlə söhbətləşib, tədris prosesi ilə bağlı müzakirə aparıb.

Hazırda 100-dən çox azərbaycanlı uşağın təhsil aldığı həftəsonu məktəbinin fəaliyyətini yüksək qiymətləndirən sədr bir daha xatırladıb ki, xaricdə yaşayan azərbaycanlı uşaqların ana dilini öyrənməsi Prezident İlham Əliyevin Azərbaycan diasporuna mühüm tövsiyələrindən biridir.

Xarı-Bülbül Azərbaycan Mədəniyyət Evinin rəhbəri Sevda Badaliouri bildirib ki: “Son zamanlar Mədəniyyət Evinə gələn azərbaycanlı uşaqların sayı daha da artıb, əldə olunan nəticələr ürəkaçandır. Mədəniyyət Evində həftəsonu məktəbi ilə bərabər, müxtəlif dərnəklər də fəaliyyət göstərir. Gələcəkdə buranı Azərbaycan məktəbinə çevirmək və bununla da azərbaycanlı uşaqların orta məktəb sertifikatı almalarına şərait yaratmaq niyyətindəyik”.

Görüşdə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev də iştirak edib.

Xatırladaq ki, bu gün dünyanın müxtəlif ölkələrində 30 Azərbaycan Evi və 100-dən çox həftəsonu Azərbaycan məktəbi fəaliyyət göstərir.

 

“Ədəbiyyat və incəsənət”

(26.02.2025)

Ukraynanın “Kiyev diplomatik” nəşrində Xocalı soyqırımı haqqında məqalə dərc olunub.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, “Azərbaycanlıların Xocalı soyqırımının 33-cü ildönümü: tarix nə deyir?” başlıqlı məqalənin müəllifləri həmvətənlərimiz hüquq elmləri doktoru, professor, diplomat, Ukrayna Elmlər Akademiyasının akademiki Arif Quliyev və Boqdan Xmelnitski adına Melitopol Dövlət Pedaqoji Universitetinin aspirantı Qara Həsənovdur.

Məqalədə erməni millətçilərinin Azərbaycan xalqına qarşı soyqırımı siyasətinin və təcavüzünün 200 illik tarixi olduğu yazılıb və Xocalı soyqırımının xronikası barədə geniş məlumat verilib.

“Azərbaycan şəhəri olan Xocalı çoxdandır ki, Babiy Yar, Osvensim, Xatın, Buhenvald kimi sadəcə coğrafi ad deyil. Bu şəhər amansızlığı və vəhşiliyi ilə dünyanı silkələyən kütləvi qətllərin ən faciəli ünvanlarından biridir”,- deyə qeyd olunub.

 

“Ədəbiyyat və incəsənət”

(26.02.2025)

 

Çərşənbə, 26 Fevral 2025 12:16

Şəhidlər barədə şeirlər – Nicat Şükürlü

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü

Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Şükürlüyə həsr edilmiş şeirlə tanış olacaqsını

 

 

NİCAT AYAZ OĞLU ŞÜKÜRLÜ

(23.10.1991.-11.10.2020.)

 

Əslən Kürdəmirdən olan, Bakının Badamdar qəsəbəsində anadan olmuş,  Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi

 

 

        BAŞINI DİK TUT, AY ANA

       

        Şəhid Nicat anası Yeganə xanıma müraciətlə:

 

Başını dik tut, ay ana, Nicat kimi övladın var,

Ağlama, qəmgin dayanma, “Şəhid Anası” adın var.

Sən  elə oğul böyütdün, adı düşübdü dillərə,

Elə hünər göstərib ki, müjdə verib  səhərlərə.

 

Uşaqlıqdan zirək idi, çox xoşlayırdı zəhməti,

Məktəbdə əlaçı idi, yalnız “beş” idi qiyməti.

İnsanı şəxsiyyət edən  saf əqidə, saf amaldı,

Müəlimlər deyirdilər  Nicata əhsən, halaldı.

 

Nicat həm də idmançıydı, qazanmışdı diplom, medal,

Üz-gözündən tökülürdü  mərifət, qanacaq, kamal.

Orta məktəbi bitirib,  yollandı hərbi xidmətə,

Əsgəri borcunu verdi   bu vətənə, bu dövlətə.

 

Amma rahat deyildi o, qəlbi elə göynəyirdi,

“Faşistlər qovulmalıdır,  yurdumuzdan” -  söyləyirdi.

Bir an boş dayanmazdı, oxuyurdu, çalışırdı,

İntiqam, qisas hissiylə  o,  yanırdı, alışırdı.

 

İnsan necə xoşbəxt olur  halallıqla ucalanda,

Ali təhsil diplomunu  çox sevinmişdi alanda.

Polad bəyin şəhidliyi onu sarsıtmışdı yaman,

Dua edirdi Allaha: - Baş Komandan versin fərman.

 

Atılaraq döyüşlərə, məhv edəyin ermənini,

Bizim bircə əsgərimiz  şil-küt eyləyər minini.

Könüllütək yazılmışdı  döyüşlərə getmək üçün,

O müqəddəs savaşlarda qələbəyə yetmək üçün.

 

Arzusuna çatan zaman, necə sevinirdi Nicat:

-Bu savaş bizə qələbə, torpağa qurtuluş, nicat.

Manqa komandiri oldu, Vətən ona arxalandı,

Düşmənə sübut eylədi  erməni, mifdi, yalandı.

 

Füzulidə döyüşərkən  göstərdi nə qədər hünər,

Əsgərlərinə deyirdi  bizimdir qələbə, zəfər.

Hadrut uğrunda döyüşdə  Nicat əsil cəngavərdi,

Elə burda o, cənnətdən, solmayan gül-çiçək dərdi.

 

Doğma torpaq, haqq yolunda candan keçənlər ölməzdir,

Şəhidlərin xatirəsi xalq qəlbindən silinməzdir.

Başını dik tut, ay ana, Nicat kimi övladın var,

Ağlama, qəmgin dayanma, “Şəhid Anası” adın var.

 

 

“Ədəbiyyat və incəsənət”

(26.02.2025)

 

Avstraliya İttifaqının Sidney şəhərində “Land of Fire” (“Odlar Yurdu”) adlı Azərbaycan milli rəqs dərnəyi fəaliyyətə başlayıb.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, komitənin dəstəyi ilə fəaliyyətə başlayan dərnəyin müəllimi Əməkdar artist, xoreoqraf Sevinc Hüseynlidir.

Dərnəkdə yerli və əcnəbi vətəndaşlara milli rəqslərimiz tədris olunacaq. Gələcəkdə dərnəyin peşəkar rəqs qrupunun yaradılması planlaşdırılır.  

 

“Ədəbiyyat və incəsənət”

(26.02.2025)

Çərşənbə, 26 Fevral 2025 10:44

Helsinkidə Xocalı faciəsi anılıb

Finlandiyanın paytaxtı Helsinkidə fəaliyyət göstərən Azərbaycan Evində 26 fevral – Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Xocalı soyqırımı zamanı həlak olmuş günahsız insanların, qadın və uşaqların əziz xatirəsi dərin ehtiramla yad edilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Helsinki Azərbaycan Evinin sədri Ülviyyə Cabbarova “Xocalıya ədalət” beynəlxalq şüarının həm milli, həm də beynəlxalq səviyyədə ədalət çağırışı olduğunu vurğulayıb. O, Xocalı həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılmasının vacibliyini qeyd edərək, bu istiqamətdə daha genişmiqyaslı işlərin aparılmasının zəruriliyini diqqətə çatdırıb.

Anım mərasimində Türkiyənin Finlandiyadakı Səfirliyinin nümayəndələri, eləcə də Finlandiyada yaşayan soydaşlarımız iştirak edib. İştirakçılar Xocalı faciəsi haqqında ətraflı məlumat verib, beynəlxalq ictimaiyyətin  bu məsələyə daha çox diqqət yetirməsinin vacibliyi barədə fikirlərini bölüşüblər.

Çıxışlarda Xocalının azad edilməsi zamanı Azərbaycan ordusunun qəhrəmanlığı, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Xocalıya səfərləri, sakinlərlə görüşlərinə diqqət çəkilib. Qeyd olunub ki, Xocalıda insanların rahat həyat və fəaliyyəti üçün hərtərəfli şərait yaradılır, doğma yurdlarına qayıdan soydaşlarımızın təhlükəsiz yaşaması, onların məşğulluğunun təmin edilməsi, rifah halının yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi və bərpası istiqamətində mühüm işlər görülür.

Finlandiyada fəaliyyət göstərən “Azər-Türk Gənclər Təşkilatı”nın və Helsinki Azərbaycan Evinin fəal üzvü Mona Savaşovar 2021-ci ildə Finlandiyada Xocalı haqqında nəşr olunmuş məqaləsi barədə məlumat verib. O, məqalənin yerli ictimaiyyətə Xocalı həqiqətlərini çatdırmaq baxımından əhəmiyyətini vurğulayıb və gələcəkdə bu mövzuda daha genişmiqyaslı işlərin aparılmasının vacibliyini xatırladıb.

Qeyd edək ki, diaspor təşkilatlarının və fəallarının gördüyü bu kimi işlər Azərbaycan reallıqlarının, tarixi həqiqətlərinin beynəlxalq ictimaiyyətə düzgün çatdırılması baxımından olduqca faydalıdır.

 

“Ədəbiyyat və incəsənət”

(26.02.2025)

 

 

Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün

 

Sizə bir adıyaman alaydan danışacam amma az sonra… Öncə diqqətinizi bir soyada, bağışlayın, soysuz ada çəkim: İvanyan derlərdi ona. - Bu soysuz ad sizə tanış gəldimi? - Kristafor İvanyan (ԻվանյանՔրիստափորԻվանի; ИванянХристафорИванович; 20.12.1920, Tiflis – 30.08.1999, Sankt-Peterburq) — keçmiş SSRİ-nin və müvəqqəti Ermənistanın generalı idi. O, həm II Dünya müharibəsində, həm də I Qarabağ müharibəsində iştirak etmiş, qondarma “Dağlıq Qarabağ Müdafiə Ordusu”nun yaradıcılarından biri olmuşdu.

 

Ermənilər soyqırımı törətdikləri Xocalıya İvanyanın adını qondarmışdılar. Öz kəmağılları ilə Xocalı küçələrini də ermənicə dəyişdirmiş, Xocalıya qanunsuz köç təşkil etmiş, “ikinci erməni dövləti”ni ev-ev, küçə-küçə, kənd-kənd, Xocalı-Xocalı qurduqlarına özlərini inandırmışdılar.

Tarix təkcə baş verənlərdən ibarət deyil; ona verdiyimiz anlamlar, ondan çıxardığımız nəticələr və gələcəyə necə daşıdığımızdır, tarix!.. Xocalı bu baxımdan yalnız bir faciənin baş verdiyi yerin adı deyil, həm də Azərbaycan xalqının iradəsinin, mübarizəsinin və yenilməz ruhunun simvoludur. Qanla yazılmış, göz yaşları ilə möhür vurulmuş bu səhifə artıq bir matəm gününü anlatmır; eyni zamanda, dirənişin, əzmkarlığın və zəfərin hekayəsidir!..

Xocalı Soyqırımı tariximizin ən ağrılı, lakin eyni zamanda ən böyük dərslərindən biridir. O gecə dinc insanların qətlə yetirilməsi təkcə bir xalqın yox, bəşəriyyətin yaddaşına həkk olunmalı dəhşət idi. O dəhşətli gecədən 33 il keçib. Hissimizin adı kin deyil - biz qalib xalq və qalib dövlət olaraq bizə yaraşanı edirik; lakin bu, əsla unutmaq anlamına gəlməməlidir. Unutmaq düşmənin arzuladığı bir məşğuliyyət və məğlubiyyətdir. Xocalının ən ağır gününü unutmamaq bizim borcumuzdur – ancaq ağlaşma ilə deyil, onu gələcəyə ədalət, güc və quruculuqla daşımaqla!..

 

Haşiyə:

366-cı alayı da unutmamışıq. Necə bir “təsadüf”dür: o alay qurulduğu ilk illərdə də türk ulusuna, İslam ümmətinə qarşı vuruşub, son pisliyini də türk ulusuna, İslam ümmətinə etdi: Türküstandan Xocalıyadək!..

Alay öz başlanğıcını bolşeviklərin Türkistanda açdığı cəbhənin 3-cü Türkistan süvari diviziyasından götürüb. 366-cı alayın “əcdad”ı olan diviziyanın bir qolu olan süvari briqadası 30-cu illərə qədər Türkmənistanda basmaçılarla döyüş əməliyyatlarında iştirak edib. Bundan öncə də, sonra isə yenidən təşkil edilmiş alayın yeri, bir müddət sonra, Özbəkistana - Fərqanə və Namanqana dəyişdirilmişdi.

 

II Dünya müharibəsindən sonra (1945-ci ilin oktyabrında) adı, sayı və s. bir daha dəyişdirilmiş alay, o zamankı Zaqafqaziya Hərbi Dairəsinin 40-cı Ordusunun tərkibinə - Azərbaycana köçürülümüşdü. 31-ci mexaniki qvardiya qərargahı (qoşun hissəsi 06715) və diviziyanın hissələrinin çoxu Şəmkirdə yerləşdirilmişdi. 1957-ci ildə keçmiş SSRİ Silahlı Qüvvələrinin 31-ci qvardiya mexanikləşdirilmiş diviziyası 25-ci qvardiya motoatıcı diviziyasına çevrilmişdi. Diviziyanın xətt alaylarının sayı, sıralaması yenidən dəyişincə, keçmiş qvardiya mexanikləşdirilmiş alayı 366-cı qvardiya motoatıcı alayına çevrilmiş oldu.

1985-ci ildə 366-cı alay Şəmkirdən keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin inzibati mərkəzinə köçürüldü. Rəhbərliyində xeyli erməninin olduğu keçmiş SSRİ Silahlı Qüvvələrinin bu yerdəyişmə qərarı, sizcə, təsadüf idimi? 366-cı alayın köçürülməsinə qədər keçmiş DQMV ərazisində böyük hərbi birləşmələr mövcud deyildi. Bu yerdəyişmə keçmiş Zaqafqaziya Hərbi Dairəsinin rəhbərliyi ilə yüksək vəzifəli erməni millətçilərinin gizli danışıqlarına əsasən baş verməyibsə, bəs nəyə və kimə görə baş vermişdi?..

Belə sualların cavabı, yerdəyişmədən cəmi 3 il sonra Xankəndinin baş meydanında duyulan “Miatsum” bağırtısında üzə çıxmadımı? Xocalı Soyqırımı 366-cı alayın yerdəyişməsinin öncədən planlaşdırılmış bədniyyətli hərəkətin və hərəkatın tərkib hissəsi olduğunu təsdiqləmədimi?..

Bəli,

Xocalı Soyqırımı rəsmi İrəvanla Kremlin ortaqlaşa törətdiyi insanlıq dramıdır. Nə tarixin, nə də bizim unutmaq haqqımız yoxdur!

 

***

Beləliklə, 

uzun illər Azərbaycan öz səsini dünyaya çatdırmaq üçün mübarizə apardı. Biz bizi eşitmək istəməyənlərə haqq davamızın ədalətli olduğunu sübut etmək üçün diplomatiya meydanında, informasiya savaşında, beynəlxalq platformalarda mübarizə apardıq. “Xocalıya Ədalət” kampaniyası təkcə bir çağırış deyil – bu, xalqımızın toxtaqlığını, diplomatik bacarığını, haqq yolunda dönməz iradəsini, ləyaqətli davranışını nümayiş etdirir.

Tarix göstərdi ki, çağdaş dünya heç də çağdaş deyil və ədalət yalnız güclə qorunur. 2020-ci ildə şanlı Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi ədaləti bərpa edərək, bütün dövrlərdəki şəhidlərimizin ruhunu şad etdi.

Bundan 17 ay öncə - 2023-cü ilin payızının ilk ayında antiterror tədbirləri oldu və çox keçmədən Xocalıda da bayrağımız qaldırıldı!

Azərbaycan Prezidenti İlham Əliyevin Xocalıda Dövlət Bayrağını ucaltdığı an təkcə bir simvolik hadisə deyil, tarixin dönüş nöqtəsi, daha doğrusu, haqqın qalibiyyət nidası oldu!

Xocalı artıq nə yas yeri, nə də intiqam meydanıdır!

Xocalıya qayıdış Zəfərin dirçəltdiyi ruhun təntənəsidir! Biz təkcə məğlubiyyətin yaralarını sağaltmırıq, biz torpağa yeni həyat verir, onu yenidən Azərbaycan ruhu ilə canlandırırıq.

Xocalı indi yalnız keçmişin adı, xatiratı deyil – o, gələcəyin şanıdır!

 

Xocalı Soyqırımını, 

Qarabağın keçmişdəki qara günlərini, 

bir sözlə, Azərbaycan həqiqətlərini dünyaya məğrur görkəmdə çatdırmaq, milli gücümüzü qorumaq başqa bir dirçəliş hadisəsi, ayrı nizam, fərqli düzəndir.

Nə ağlaşmağa, nə də unutmağa bir daha yol verməyəcəyik! 

Biz Xocalını, Qarabağı, Zəngəzuru, Azərbaycanı yaşadacaq, quracaq və gələcəyə daha güclü addımlarla irəliləyəcəyik! And olsun!

Şəhidlər ölmədi, 

Vətən bölünmədi!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

“Ədəbiyyat və incəsənət”

(26.02.2025)

Çərşənbə, 26 Fevral 2025 08:30

Heş vaxt unudulmayacaq BƏŞƏRİ CİNAYƏT!

 İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

İllərdi xalqımıza min cür müsibət, bəla gəlmişdi. İstər keçmiş dövrlərdə, istərsə də indiki dövrdə ölkəmizin başına yalnızca vicdansız, qansız insanların törədə biləcəyi oyunlar açılmışdı. Xocalı Faciəsində, Qanlı Yanvar və  uğrunda neçə  min igidin canından keçdiyi 1-ci və 2-ci Qarabağ müharibəsində də günahsız insanlara qarşı zorakılıq edilmişdi.

 

Təkrar-təkrar deyilir ki, bu rəqəmləri hamı yadında saxlasın: 1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə vəhşi erməni dəstələri Xocalının işğalına başladılar və neçə-neçə insanı qətlə yetirdilər. 63 nəfər uşaq, 106 nəfər qadın, 70 nəfər ahıl və qoca insanlardan ibarət nə az, nə çox tam 613 nəfər amansızcasına öldürülməklə qalmamış, meyitləri də təhqir olunmuşdu. Taleyi hələ də məlum olmayan 150 nəfərində içində olduğu 1275 nəfər isə girov götürülmüşdü. Bu soyqırım nəticəsində 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər isə valideynlərindən 1-ni itirmişdi. Bu, erməni  milləti tərəfindən xalqımıza törədilmiş qanlı bir qətliamdı.

 

Xocalıya 3 istiqamətdən hücum olunmuşdu. Buna görə də əhali kürün sağ qolu olan və Şuşa, Xankəndi, Ağdam və Ağcabədi rayonları ərazisindən axan Qarqar çayı istiqamətində meşələrə doğru qaçmağa məcbur olmuşdu. Bu çay Qarabağ silsiləsinin şərq hissəsindən axan Kərkicahan, Xəlfəli və Zarıslı çaylarının birləşməsindən əmələ gəlir. Meşədə zəifləmiş insanların çox hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən burada da xüsusi qəddarlıqla məhv edilmişdir.

 

Xocalı faciəsində baş vermiş həyat hekayələrindən söz açım.

 

Xocalıda bir ailə yaşayırdı. Cəmi-cümlətanı bir övladları var idi. O qızcığaz illər sonra onlara bəxş olunmuşdu. Qaçdıqları yerdə 6 yaşlı uşağın ayaqqabısı ayağından çıxdı, geriyə dönüb onu götürmək istəyəndə erməni gülləsinə tuş gəldi. Anası: balam – deyə qışqırdı. Alnından vurmuşdular. O alın ki, atası qızını hər daim üzünün o hissəsindən öpürdü. Və indi anasının bütün üzü qızının al qanına boyanmışdı. Üzərindəki qanı görən qadın özünü itirdi. Gözləri, dodaqları əsməyə başladı. Ayaqları cismini saxlaya bilmədi, o, tirtap yerə yıxıldı. Çox qəribə idi, bu mənzərə qarşısında onun gözlərindən yaş axmırdı, qurumuşdu göz yaşları sanki. Öz – özünə danışmağa başladı: gözəl qızım, nastı balam, mavi gözlüm deyə sayıqlayırdı. Atasının gözləri doldu, hönkür – hönkür ağlamağa başladı. Erməni vəhşiləri kişini tutub kənara çəkdilər. Vəhşi sözü az qalar bu caniləri təsvir etməyə. Gözləri qarşısında qızını tankın süngüsünə keçirdilər. Qan ətrafa fışqırdı. Ermənilərin əllərindən vurnuxub çıxmaq istədi, alınmadı. Döyməyə başladılar, sonra dizləri yerə  çökük vəziyyətdə başını yuxarı qaldırdılar. Onsuz da canı yanırdı, bir az da yandırmaq istədilər. On il bir yastığa baş qoyduğu yoldaşını gözləri önündə təcavüz etməyə başladılar. O qədər qəddar insanlardı ki, acı verməkdən doymurdular. Xanımı dinmirdi, yerdə yatan cansız bir bədən idi sanki. Qadının saçından tutub ayağa qaldırdı vəhşi erməni canisi. Əlindəki bıçaqla qadının başını kəsməyə başladı. Yoldaşının gözü hədəqəsindən çıxacaq qədər böyüdü. Bir insan necə mərhəmətsiz, vicdansız ola bilər axı? Qızını, xanımını gözləri önündə həyatdan məhrum etdilər. Yaşasaydı bu anlar gözləri önünə bəlkə də hər an gələcəkdi. Yaşamağa imkan versəydilər. Lakin onu da öldürdülər, qollarından tutub qarın üzərində sürüyə -  sürüyə tankın altına atdılar, sonra da üzərindən keçib qanına qəltan etdilər. Onlar bir ailəni beləcə məhv etdilər.

 

O vaxtı Hüseynağa adlı bir döyüşçü var idi. Düşmənimiz olan ermənilər onun qabırğalarını sındırmışdılar. Yadıma gəlir, Səttar adlı bir adama deyirlər: Səttar kişi, sənin Zahid adında oğlun var?

Deyir, “yox”.

—Səttar kişi diqqətli ol, sənin Zahid adında oğlun var?

Deyir, “yoxdur”.

Meyitin üstünə fanarı vurun deyirlər. Pərdəni çəkirlər, açılır pərdə. Ata görür ki, oğlunu öldürüblər burda. Aman Zahid oğul – deyəndə həmin əyləşdiyi stolda, taxta stolda iynə vurmadan 5 dişini çıxarmışdılar erməni terrorçuları. Bunlar vicdansız ermənilərin insanlara etdikləri vəhşiliklərin bir qismidi. Çox əzab veriblər, çox.  Faiq Alməmmədova deyirlər ki – „Faiq, sən denən ki, Qarabağ ermənilərindi, biz səni öldürməyəcəyik. Lakin Faiq bunu demir. Ona görə də bədənini “aşsüzənə” döndərmişdilər, bədənində salamat yer yox idi onun. Eyni sualı Təvəkkül adlı yaşlı bir sürücüyə də verirlər. O da demir. Bağlayırlar ağaca əlləri arxada çarpazlanmış şəkildə. 8 yaşlı Xəzəngül :  mənim atamı öldürməyin nolar – deyir . Orda camaatın gözü qarşısında onu diri – diri benzin töküb yandırdılar ermənilər. 

 

O günlərin şahidi olmuş Bahar ana yaşanmış erməni vəhşiliklərindən birini danışır. O belə qeyd edir: Bir cavan gəlinin meyidini gətirirlər. Görürlər ki, qadının qarnı enib – qalxır,  tərpəniş var. Qarnını açırlar, 4 dənə pişik balası gəlinin qarnından çölə çıxır.

 

Xocalı faciəsində və Vətənimizə qarşı edilmiş bütün terror əməliyyatlarında həyatını itirən cəmi Şəhidlərimizə Allah rəhmət eləsin!

Amin!


19–20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində azad olunmuşdur. Yevlax rayonunda keçirilən danışıqların nəticəsində Xocalı rayonu 24 sentyabr 2023-cü ildə Azərbaycan Respublikasının nəzarətinə keçib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

3 rəngli, şanlı bayrağımız daim ucalarda dalğalan inşəAllah!

Amin!

 

“Ədəbiyyat və incəsənət”

(26.02.2025)

ABŞ-in İllinoys ştatında Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş “Keçmişlə Gələcək Arasında Körpü” adlı II Beynəlxalq Dialoq Konfransı keçirilib. Tədbir ölkənin aparıcı ali təhsil ocaqlarından Harper Kollecində baş tutub.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, konfransda müxtəlif ştatlarda fəaliyyət göstərən və Amerika Azərbaycan Təşkilatları Alyansına daxil olan Azərbaycan diaspor təşkilatlarının rəhbərləri, Azərbaycan icmasının üzvləri, Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın ABŞ-dəki Səfirliyinin, Türkiyənin Çikaqodakı Baş Konsulluğunun əməkdaşları, ölkənin aparıcı ali təhsil müəssisələrinin professorları, siyasi analitiklər, jurnalistlər iştirak edib.

Azərbaycan Respublikasının və ABŞ-nin Dövlət himnləri səsləndirilib, Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunub.

Amerika Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin rəhbəri Fərid Məmmədov və təşkilatın sədr müavini  Mehriban Məmmədova soyqırımı haqqında iştirakçılara ətraflı məlumat veriblər. Qeyd olunub ki, hər il Amerika cəmiyyəti sistemli şəkildə bu müdhiş hadisə ilə bağlı məlumatlandırılır.

Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova Xocalı soyqırımının xalqımızın qan yaddaşı olmasından, dünya azərbaycanlılarının “Xocalıya Ədalət” kampaniyasında fəal iştirakından və beynəlxalq ədalətin bərpası istiqamətində görülən işlərdən danışıb.

Türkiyənin Çikaqodakı baş konsulu Tahir Bora Atatanır, ölkəmizin Vaşinqtondakı səfirliyinin birinci katibi Fərid Zeynallı, Amerika Azərbaycan Təşkilatları Alyansının üzvü, Şimali Karolina Universitetinin professoru Əli Əsgərov çıxışlarında soyqırımı ilə bağlı geniş məlumat verib, bu dəhşətli hadisəni törədənlərin hüquqi müstəvidə cəzalandırılmasının və beynəlxalq səviyyədə cavab verməsinin vacibliyini vurğulayıblar.

Çində fəaliyyət göstərən geosiyasi analitik Malik Ayub Sumbal Xocalı soyqırımı ilə bağlı tarixi faktlara diqqət çəkib, faciənin dəhşətlərinin xarici mətbuatda işıqlandırılması haqqında danışıb. “Tovuz to Karabakh: A Comprehensive Analysis of War in South-Caucasus” (“Tovuzdan Qarabağa: Cənubi Qafqazda müharibənin hərtərəfli təhlili”) adlı kitabın müəllifi münaqişənin tarixinə dair fikirlərini konfrans iştirakçıları ilə bölüşüb.

ABŞ-ın Milli Müdafiə Universitetinin dosenti Stefan Mark Ermənistanın Xocalıda törətdiyi qətliamı müasir dünyanın ən böyük və ağlasığmaz vəhşiliklərindən biri adlandırıb.

Amerika Azərbaycan Təşkilatları Alyansının katibi, Floridadakı Azərbaycan-Amerika Gənclər Təşkilatının sədri Nabat Eminova ədalətin bərpa olunmasında soydaşlarımızın birgə səylərinin ciddi rol oynadığını nəzərə çatdırıb. Gənc soydaşımız Fatimə Əsgər tədbir iştirakçılarının soyqırımı haqqında daha müfəssəl məlumatlandırılması üçün fəallıq nümayiş etdirib.

Konfrans çərçivəsində ABŞ-də təhsil alan azərbaycanlı tələbə Ağadadaş Balaqadaşovun moderatorluğu ilə panel baş tutub. Panel müzakirələri tarixi faktlarla zənginliyi və soyqırımla bağlı dərin təhlillərin aparılması ilə yadda qalıb. Azərbaycanın işğaldan azad olunmuş tarixi torpaqlarına səfər etmiş braziliyalı jurnalist Fabiana Mendes Qarabağda gördüklərini dilə gətirib və qədim Azərbaycan torpaqlarında törədilən vandalizmdən dəhşətə gəldiyini bildirib. O, azərbaycanlı jurnalistlərin mina partlayışları nəticəsində həlak olmalarına da diqqət çəkib.

Amerikalı jurnalist, “BBC”, “CNN” və “Əl-Cəzirə” kanallarında siyasi şərhçi kimi fəaliyyət göstərən Kelvin Dark müzakirələrdə yaxından iştirak edib, Qarabağa səfəri barədə danışıb, səfərin təşkilinə görə Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkür edib. O, hazırda mina təhlükəsi səbəbi ilə Qarabağda insanların həyatlarının davamlı təhlükə altında olduğunu, həmçinin bölgədə böyük yenidənqurma işlərinin aparıldığını qeyd edib.

“Keçmişlə Gələcək Arasında Körpü” adlı II Beynəlxalq Dialoq Konfransında bir neçə videoçarx və sənədli film nümayiş olunub. Prezident İlham Əliyevin Xocalı sakinləri ilə görüşünün əks olunduğu videoçarx, ELTV Media qrup və “Vətən” Azərbaycan Mədəniyyət və İncəsənət Mərkəzinin “Azərbaycan tarixi” layihəsi çərçivəsində hazırlanmış Xocalı soyqırımından  bəhs edən film, soyqırımı şahidlərinin xatirələrini əks etdirən videoçarx, Azərbaycanın tarixi torpaqlarında aparılan yenidənqurma işlərinin yer aldığı digər videomateriallar maraqla izlənilib.

Konfransın bədii hissəsində Aqil Hüseynov tarda Bayatı-Şiraz ifa edib, İllinoys ştatında yaşayan pianoçu Günay Ələskərovanın ifasında öz bəstəsi olan “Xatirələr”  səslənib.

Qeyd edək ki, artıq ikinci ildir Amerika Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin təşəbbüsü, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə elmi və tarixi müzakirələrin aparıldığı belə konfrans təşkil olunur.

 

“Ədəbiyyat və incəsənət”

(26.02.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.