
Super User
Gənclər Kitabxanasında Xocalı Soyqırımı ilə əlaqədar silsilə materiallar hazırlanıb
Bu gün Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı Soyqırımından 33 il ötür. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Xocalı faciəsində həlak olan soydaşlarımızın əziz xatirəsinə həsr edilən silsilə materiallar – biblioqrafik icmal, tanıtım çarxları, virtual və ənənəvi kitab sərgiləri hazırlanıb.
“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, biblioqrafik icmalda ölkəmizdə Xocalı Soyqımına dair imzalanan rəsmi sənədlərin tam mətni, “Xocalı indi kədərin yox, Zəfərin rəmzidir!” başlığı altında özündə faciənin tarixi, Azərbaycan xalqının yaddaşında buraxdığı silinməz izlər və sağalmaz yaralar, erməni terrorizminin ən dəhşətli siması, Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işlər, 44 günlük İkinci Qarabağ müharibəsi, bir günlük lokal antiterror tədbirləri nəticəsində əldə edilən tarixi ədalət – Şanlı Qələbə, Xocalı şəhərində aparılan bərpa-quruculuq işləri haqqında məlumat verilir. Biblioqrafik icmalda “Əsir Xocalı”, “Onlar heç vaxt böyüməyəcək”, “Tarixi saxtalaşdırmaq cinayətdir”, “Xocalı qətliamı : erməni qəsbkarlığının qanlı fəsadları”, “Ölümdən o yandakı Xocalı” kimi Azərbaycan, türk, ingilis, rus və digər dillərdə nəşr edilən 50-dən çox kitabın biblioqrafik təsviri, qısa annotasiyası və dövri mətbuat nümunələri sərgilənir.
Kitabxananın rəsmi saytında yerləşdirilən https://ryl.az/multimedia/tarixin-unudulmayan-xocali-izi“Tarixin unudulmayan Xocalı izi” adlı virtual sərgidə Xocalı soyqırımı hadisələrinin xronologiyası, tarixi, acı nəticələri haqqında məlumatlarla yanaşı Ulu Öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin Xocalı Soyqırımı mövzusunda olan tarixi çıxışlarının videogörüntüləri təqdim edilir, son illərdə Xocalı faciəsi mövzusunda qələmə alınan “Solmayan nərgiz”, “Xocalı şikəstəsi”, “Koramal”, “Ümidlərin izi ilə”, “Mələklərin soyqırımı” kimi bədii əsərlərin qısa annotasiyası haqda məlumat verilir.
Bundan əlavə Respublika Gənclər Kitabxanasının sosial platformalarında “Xocalı Soyqırımı bədii ədəbiyyatda” başlığı altında faciəyə həsr olunan ədəbiyyat nümunələrinin tanıtım çarxları paylaşılır. Kitabxana əməkdaşları tərəfindən Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru Varis Yolçuyevin müəllifi olduğu Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin erməni qəsbkarları tərəfindən törədilən Xocalı Soyqırımı nəticəsində yarımçıq qalan sevgi hekayəsi və qəhrəmanlıq dolu həyatından bəhs edən “Qırmızı ləçəklər” kitabının tanıtım çarxı hazırlanaraq istifadəçilərə təqdim edilib. Respublika Gənclər Kitabxanası tərəfindən “Xocalı Soyqırımı bədii ədəbiyyatda” başlığı altında daha bir neçə kitabın tanıtım çarxının hazırlanması nəzərdə tutulur.
Xocalı Soyqırımının 33-cü ildönümü ilə əlaqədar hazırlanan biblioqrafik icmal kitabxananın rəsmi saytında https://ryl.az/funds/biblioqrafik-icmal yerləşdirlib.
“Ədəbiyyat və incəsənət”
(26.02.2025)
XOCALI FACİƏSİNİN ANIM TƏDBİRİ - Bu dəfə Oğuzda
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Bu gün ölkəmizin hər yerində olduğu kimi, Oğuz rayonunun təhsil, mədəni-maarif, səhiyyə müəssisələrində Xocalı Soyqırımının 33-cü ildönümünə həsr olunmuş kütləvi anım tədbirləri keçirilir.
Belə tədbirlərdən biri də Oğuz Rayon Mərkəzi Xəstəxanasında keçirilib.
Tədbirdə öncə şəhidlərimizin və Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin açılışında şıxış edən Oğuz Rayon Mərkəzi Xəstəxanasının direktoru Anar Əzizov Xocalıdakı erməni vandalizmi, xüsusi amansızlıqla həyata keçirilən zorakılıq aktları, maddi-mədəniyyət abidələrinin məhv edilməsi, xalqımızın başına gətirilən bəlalardan danışıb. O qeyd edib ki, “Ermənilər uzun illər Azərbaycan xalqına qarşı müxtəlif terror aktları, soyqırımı törədiblər. Nəticədə, yüzlərlə azərbaycanlı faciələrin qurbanlarına çevrilib. Lakin çox qürurverici haldır ki, 2020-ci ildə başlanan 44 günlük haqq savaşımız, eləcə də 2023-cü ildə baş tutan Antiterror tədbirləri nəticəsində ölkəmizin bütövlüyü və suverenliyi tam bərpa edildi. Qürurluyuq ki, hazırda dogma Xocalı tam azaddır və artıq Xocalı sakinləri öz əzəli dədə-baba torpaqlarına qayıdır. Əlbəttə ki, azadlıq qanla qazanılır və biz də döyüşlərdə şəhidlər vermişik. Hər bir azərbaycanlı ölkəmizin bütövlüyü uğrunda canlarından keçən əziz şəhidlərimizə və qazilərimizə borcludur”.
Daha sonra tibb müəssisəsinin baş həkimi Şəlalə Tahirova, Ümumi şöbənin müdiri Lalə Salamova, Sığortanın təşkili və innovasiya şöbəsinin bölmə müdiri Məhbubə Şəfiyeva və şəhid bacısı Şükufə İbrahimova Xocalı soyqırımı haqqında çıxış ediblər.
Sonda Xocalı faciəsindən bəs edən video-çarx nümayiş etdirilmişdir.
“Ədəbiyyat və incəsənət”
(26.02.2025)
CƏLİL XƏLİLOV: “Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması soyqırımı qurbanlarının xatirəsinə ehtiram, tarixi yaddaşımıza töhfədir”
“Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksi yaradılması ilə bağlı Prezident İlham Əliyevin verdiyi Sərəncam soyqırımı qurbanlarının xatirəsinə sonsuz ehtiram nümunəsi olmaqla yanaşı, həm də tarixi yaddaşımıza töhfədir”.
Bu sözləri “Ədəbiyyat və incəsənət” portalına açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib.
Polkovnik qeyd edib ki, bu kompleks sonsuza kimi erməni faşizminin tarixi cinayətlərinin daşlaşmış rəmzi olaraq hər kəsə bu cinayətlərdən danışacaq, soyqırımı cəlladlarını ifşa edəcək.
Cəlil Xəlilov söyləyib:
“Erməni faşizmi tarixən xalqımıza qarşı bir-birindən ağır, bir-birindən dəhşətli cinayətlərə yol verib, çoxsaylı soyqırımları törədib. Belə soyqırımlarından xüsusi amansızlığı və qurbanlarının sayı ilə seçilənlərindən biri də 1992-ci ilin 26 fevral tarixində baş verən Xocalı soyqırımıdır. Əminliklə demək olar ki, Xocalı soyqırımı yalnız XX əsrin deyil, bəşər tarixinin ən dəhşətli soyqırımlarındandır. Bu soyqırımı erməni faşizminin nə qədər qorxunc və təhlkəli olduğunu, habelə, insani dəyərlərdən nə qədər uzaq olduğunu bir daha göstərdi. Xocalı soyqırımı sübut etdi ki, erməni faşizmi yalnız Azəbaycan yox, bütün bəşəriyyət üçün ciddi təhlükədir.
Azərbaycan bütün şəhidləri kimi Xocalı soyqırımı qurbanlarının qisasını da Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən mühüribəsində döyüş meydanında düşməndən aldı, həlak olanların ruhuna sevinc bəxş etdi. Lakin buna baxmayaraq, Xocalı soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, erməni vəhşiliklərinin ifşası oldquca vacibdir və cənab Prezidentin Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması ilə bağlı verdiyi Sərəncam çox böyük əhəmiyyətə malikdir.
Bu Kompleks soyqırımı qurbanlarının xatirəsinə əbədi ehtiram nümunəsi olacaq, eyni zamanda illər, əsrlər sonra da onu ziyarət edən insanlara erməni faşizminin qanlı əməllərindən, qorxunc cinayətlərindən bəhs edəcək”.
“Ədəbiyyat və incəsənət”
(26.02.2025)
İnsanlıq hələ sağdırmı? - ESSE
Harun Soltanov, “Ədəbiyyat və incəsənət”
Bəzi gecələr var ki, onlar heç vaxt bitmir. O gecələr tarixin tozlu səhifələrində qalmır, keçmişə qarışmır, zamanın axarında yox olub getmir. Onlar bir millətin yaddaşına həkk olunur, ruhuna hopur, min illər keçsə belə, insanın qanında, göz yaşında, dərin, susqun bir haray kimi qalır.
Xocalı gecəsi də belə bir gecə idi. Qarlı, ayazlı, soyuq bir fevral gecəsi. Amma bu soyuq qarın altında yanan evlər, alova bürünmüş bədənlər vardı. Bu qış gecəsində yalnız hava soyuq deyildi – insanlıq donmuşdu. Dünya donmuşdu. İnsanlar Xocalıda öldü, amma əslində ölməyən nə qaldı? Həqiqət? Ədalət? Vicdan? Yoxsa yalnız xatirələr?
1992-ci il fevralın 25-dən 26-na keçən gecə, Qarabağın Xocalı şəhərində insanlıq tarixinin ən dəhşətli cinayətlərindən biri baş verdi. Ermənistanın silahlı qüvvələri, Sovet ordusunun 366-cı motoatıcı alayının bilavasitə dəstəyi ilə şəhəri işğal etdi. O gecə 613 nəfər amansızcasına qətlə yetirildi. Onların 106-sı qadın, 63-ü uşaq, 70-i isə ahıl insanlar idi.
Bu, sadəcə bir qətliam deyildi. Bu, sadəcə müharibə deyildi. Bu, xalqın ruhunu qırmağa yönəlmiş bir məhv planı idi. Çünki orada yalnız insanlar öldürülmədi – orada bir şəhər öldü, bir tarix silindi, bir xalqın yaddaşı qana boyandı.
Xocalının yolları o gecə qanla yuyuldu. Hamilə qadınların qarınları süngü ilə deşildi. Körpələrin başları daşlara çırpıldı. Əsgərlər insanların dərisini soyaraq, onlara işgəncə verdi. Gözlərini çıxardılar, başlarını kəsdilər, diri-diri yandırdılar.
Bilirsən əziz oxucu? Bəzən tarixin ən böyük cinayətləri yalnız onları törədənlər tərəfindən deyil, həm də onları görüb susanlar tərəfindən yazılır. Xocalını dünya gördü. Amma Xocalıya baxıb gözlərini yumdu.
Birləşmiş Millətlər Təşkilatı? Susdu.
Avropa? Susdu.
Amerika? Susdu.
Hətta bəzi müsəlman ölkələri belə susdu.
Hər bir dövlətin öz maraqları vardı, hər bir dövlətin öz siyasəti vardı. Amma insanlıq üçün, 613 insanın canı bahasına baş verən bir qətliam heç bir siyasətə sığmaz. İnsanlığa qarşı törədilmiş bir cinayətin bəhanəsi olmaz.
Dünya Xocalıya şahid oldu, amma cinayəti törədənləri cəzalandırmadı. Çünki bu dünya həmişə gücün tərəfində olub. Amma Xocalının qırmızı qarının üstündə ölüb qalanlar zəiflər deyildi – onlar yalnız silahsız idilər. Onlar tək idilər. Onlar unudulmuş idilər.
Amma Xocalını görüb susmayanlar da vardı. O gecənin şahidlərindən biri də Çingiz Mustafayev idi. Onun kamerası Xocalını ölümsüzləşdirdi. Onun gözləri Xocalının dəhşətini əbədi yaddaşa həkk etdi.
Çingiz Mustafayev Xocalıya ilk girən jurnalistlərdən biri idi. Onun çəkdiyi kadrlar təkcə bir reportaj deyildi – onlar tarix idi. Körpə meyitlərinin donmuş gözləri, anaların qana bulaşmış bədənləri, atılmış, çürüyən cəsədlər... Bu kadrlar insanlığın iflasını sübut edən sənədlər idi.
Amma həqiqət həmişə təhlükəlidir. Çingiz çox danışdı, çox çəkdi, çox göstərdi. O, Xocalının susmuş qurbanlarının səsi oldu. Və... həqiqətin şahidləri həmişə qurban olur. Çingiz də bir neçə ay sonra müəmmalı şəkildə həlak oldu. Amma o, ölmədi. Çünki həqiqət öldürülə bilməz.
Xocalıda yalnız qurbanlar yox, həm də qəhrəmanlar vardı. O gecə silahsız insanlar düşmənə qarşı son nəfəsinə qədər dayandı. Kimisi uşaqlarını qorumaq üçün özünü qabağa atdı. Kimisi tüfəngindəki son gülləyə qədər döyüşdü. Kimisi yaralı dostunu çiynində daşıyıb, özünü düşmən atəşinə verdi.
Orada insanlar yalnız həyatları uğrunda döyüşmürdü – onlar kimliklərini qoruyurdular. Onlar təkcə Xocalını yox, bir xalqın şərəfini müdafiə edirdilər.
Xocalı gecəsi yalnız bir soyqırım deyil. O, həm də bir millətin yaddaşına yazılmış əbədi bir yaradır.
Bəzən insanlar düşünür ki, Xocalı sadəcə bir tarixdir. Amma Xocalı bizim ruhumuzun dərinliyində bir qış gecəsi kimi qalacaq. Onun ağrısı illər keçsə belə, qarda, soyuqda donmuş bədənlər, körpələrin susmuş gözləri, qocaların kəsilmiş başları yaddaşımızdan silinməməlidir.
Xocalını unutmaq, Xocalıda öldürülənləri bir daha öldürməkdir.
Xocalını unutmaq, Çingiz Mustafayevin kamerasındakı həqiqəti silməkdir.
Xocalını unutmaq, gələcəkdə yeni bir Xocalıya yol açmaqdır.
Amma biz unuda bilmərik. Biz unutmamalıyıq. Çünki Xocalı təkcə keçmiş deyil – o, gələcəkdir. Əgər biz onu xatırlamazsaq, əgər biz onun acısını yaşamazsaq, əgər biz onu dünyaya hayqırmasaq, bir gün başqa bir gecədə, başqa bir Xocalı yenə yaşanacaq.
Hər il fevralın 26-sı gələndə, biz təkcə ölənləri anmırıq. Biz özümüzə bir sual veririk:
– İnsanlıq hələ sağdırmı?
Və o sualın cavabı hələ də bizdən asılıdır...
“Ədəbiyyat və incəsənət”
(26.02.2025)
POETİK QİRAƏTdə Əlizadə Nuri “Göy üzü bir çətirdi...” şeiri ilə
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik qiraətdə sizlərlə yenidən Əlizadə Nuridir. Bu dəfə:
O ay işığına bax.
Kim dəyişər altuna?
Göy üzü bir çətirdi-
Hamı girib altına.
-deyir şair. Və bu dəfə də mükəmməl deyir.
Xoş mütaliələr!
Göy üzü bir çətirdi...
Yağış yağıb...çiçəklər
Elə bil doluxsunub.
Gecəni məst eləyib
Axan çayın ovsunu.
O ay işığına bax.
Kim dəyişər altuna?
Göy üzü bir çətirdi-
Hamı girib altına.
Bu da yaşın əllisi,
Ölüm gəlib haqlayıb.
Sənin yükün ağırdı-
Ver, dərdini saxlayım...
...Çıxıb getdim evimdən,
Qaldım yağışlar ilə.
Ad günümü keçirdim
Çöldəki quşlar ilə...
İçim səhra olandan,
Gözlərimdən qum gəlir...
...Unutmuşdum adımı-
Adıma məktub gəlib…
“Ədəbiyyat və incəsənət”
(26.02.2025)
Rəsm qalereyası: Pavel Astaulov, “Natürmort”
Rəsm qalereyası: Pavel Astaulov, “Natürmort”
Rus rəssamı Pavel Astaulovun 2011-ci ildə çəkdiyi “İkona və samovarla natürmort” əsəri çağdaş rəngkarlığın ən dəyərli nümunələrindən biri hesab edilir.
Kətan/Yağlı boya.
Rəsmin ölçüsü 100/75sm
KİTAB BƏLƏDÇİSİNDƏ – Napoleon Hill, «Düşün və varlan»
Könül, “Ədəbiyyat və incəsənət”
Xüsusən gənclər, ən çox da tələbələr özünüinkişaf kitabları axtarırlar, belə kitablardan ən qiymətlisi «bizneçdə və peşəkar fəaliyyətdə uğur qazanmaq» mövzusunda ən populyar motivasiya bestsellerləri sayılan Napoleon Hillin «Düşün və varlan»kitabıdır.
Hətta belə bir deyim var, həyatında müəyyən uğur qazanan insan, hökmən Napoleon Hillin sözügedən bu kitabını yəqin ki, oxumuş insandır.
Bu gün bu kitab planet boyu milyon tirajlarla çıxır, (indiyə kimi 30 milyondan çox nüsxəsi satılıb), əksər biznesmenlər Napoleon Hilli uğur psixologiyasının banisi hesab edirlər. Bu kitabın hər bir uğurlu insanın, biznesmenin stolüstü kitabı olması da iddia olunur. Həyatının 20 ili boyunca Endryu Karnegi, Henri Ford, Tomas Edison və digər ən şöhrətli varlı insanların həyatını öyrənən, 5000 ən varlı amerikalıdan həyatları ilə bağlı müsahibələr alan müəllif sonda belə bir qənaətə gəlmişdir ki, bu şəxslərin hamısı oxşar xüsüsiyyətlərə malik olmuş, müvəffəqiyyət qazanmanın eyni qanunlarına riayət etmişlər.
Bu elə bir kitabdır ki, onu təkrarən oxuyacaq və hər dəfə yeni bir şeylər tapacaqsınız. Dünyanın ən varlı insanlarının uğur sirrini bilmək sizə zarafat gəlməsin.
Kitabda xoşbəxt həyatı təmin edən müvəffəqiyyətin 13 prinsipi də verilmişdir və təsəvvür edin, bütün bu prinsiplərin mayasında inam dayanır.
“Ədəbiyyat və incəsənət”
(26.02.2025)
BİRİ İKİSİNDƏ – Zəhra Namazlının debütü
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün debüt vaxtıdır, Zəhra Namzalının araşdırma-məqalə təqdimatıdır.
KEÇMİŞ TARİX VƏ TARİXİN KÖLGƏSİNDƏ BU GÜN
Tarixin kölgəsinə nəzər salmaq gələcəyə daha da ümidlə addımlamağa və geniş məlumat kütləsini təhlil etməyə imkan verir. Tarixi qədim olan bir ölkə dərin köklərə sahibdir və müasirliyi də bir o qədər çoxşaxəlidir. “Qədim xalq” anlayışı etnik tarixi olan bir ölkənin zəngin göstəricisidir. Azərbaycan xalqı tarix boyu keşməkeşli yollardan keçmiş və dövrümüzdəki müasir mühitdə, modern cəmiyyətdə inteqrasiya edərək beynəlxalq səviyyədə böyük nüfuza sahib olmuş, yüksək tribunalarda ev sahibliyi etməyə vəsiqə qazanmışdır.
Keçmiş Azərbaycan xəritəsinə nəzər salsaq, antik dövrün izlərini araşdırsaq, daha aydın olar ki, ibtidai icmanın qalıqları həkk olunmuş zəngin torpağın irsi silinməz bir tarixdir. Arxeoloji araşdırmalar nəticəsində belə yekun qənaətə gəlmək olar ki, Böyük Qafqaz, Kiçik Qafqaz, Dağlıq Qarabağ, Aran və digər coğrafi relyeflər sirlərlə dolubdur. Bu sirlər tarixi köklərə dayanan zəngin irsdir. Füzulidə Azıx mağarası, Qazaxda Damcılı bunların bariz sübutlarıdı. Daha sonra e.ə IX-e.ə VI əsrlərdə tarixi Azərbaycan ərazisində, indiki Cənubi Azərbaycanın şimal-qərbindəki Urmiya gölünün sahilində qədim dövlət olan Manna yarandı. Manna qədim Azərbaycan torpaqlarında yaranan ilk mərkəzləşdirilmiş dövlət hesab olunur. Azərbaycan dövləti antik mühitin digər müxtəlif milli etnik köklərinə bağlı olmuşdur. E.ə III minillikdə bu regionda mövcud olmuş qədim lulubi, kuti, sak tayfaları tayfa ittifaqlarının bilavasitə varisi idi.
Bu tarixin ardı olaraq e.ə IV əsrdən Azərbaycan ərazisində Qafqaz Albaniyası çarlığı mövcud idi. Regionun digər cənub-şərq hissəsi isə Atropatenanın tərkibində idi. Xronoloji ardıcıllığa əsasən, VIII əsrdə Atropatena və Albaniya Ərəb xilafətinin tərkibinə daxil olur. Və beləliklə, qədim xalqımız İslam mədəniyyəti ilə tanış olur. Baş verən digər xarici müdaxilələr və separatçı qüvvələrlə münaqişə yeni bir eranın başlanmasına zəmin yaradır. Azərbaycan tarixinə nəzər yetirsək, ən qədim dövrdən ən yeni tarixə kimi çoxəsrli ardıcıllığı olan antik bir ensiklopedik mənzərəylə rastlaşarıq. Antik tarix bizə məlum olan faktlar, araşdırmalar, ardıcıl xronologiya, tarixi siyasi-iqtisadi əlaqələr, dövlətlər arasında qarşılıqlı imzalanmış müqavilələr, tərtib olunan sazişlər, müharibələrin yaratdığı dağıntılar, xalqlar arasında qeyri-humanist rəftarın soyuq müharibə ilə nəticələnməsi və digər faktorlar. Tarix yalnız müharibələr, dağıntılar, nəhəng insan tələfatının nəticələndiyi qarşıdurmalar və savaşlardanmı ibarətdir? Genişləndirmə, vur, parçala anlayışının aktual olduğu bir zamanda yalnız dürüst hökmdarın və doğru siyasətin orduya başçılıq etməsindən başqa çarə görünmürdü. Müharibə hər hansı bir xalq, millət üçün dəhşətli nəticəsi olan fəlakətdi. Dövlətlər, tayfalar, siyasi qruplar və onların hərbi birləşmələri arasında hərbi əməliyyatlar formasında gedən münaqişə müharibə anlayışını yaradır. Böyük alim Albert Eynşteyn deyir: "Suveren dövlətlər mövcud olduqca müharibə qaçılmazdır! Əgər müharibə varsa, iki tərəfdən biri ya uduzmalı, ya da qalib gəlməlidir. Lakin tarix yalnız müharibə deyil, tarix zəngin mədəniyyət, incəsənət, elm, musiqi, ədəbiyyat, etnoqrafiya – bir sözlə, dərin və silinməz irsdir. Bir çox elm sahələri hələ bir neçə minilliklər bundan qabaq kəşf olunmuşdur. Bu isə bizə tarixin demək istədiklərini müəyyəm anlayış çərçivəsində izah edir".
Azərbaycan tarixinə nəzər yetirsək, çox dolğun şəkildə və sadə dillə desək, hələ qədim dövrdə yaranan dövlətlərin təsir dairəsini aydınlaşdırmaq bizə lazımi əsaslar verər. İlk öncə aşağıdakı mərhələlərdən keçərək bir daha Azərbaycan tarixinin necə zəngin və qədim olduğunu sübut edərik. Bunun nəticəsində dərin köklərə əsaslanan böyük mənbələrə nəzər yetirək. İlk öncə tarixin intibah dövrü olan nəhəng bir quruluşun – feodalizmin bu relyefdə yaratdığı yenidənqurma dövrünə və ilk yaranan Azərbaycan torpaqlarındakı müstəqil dövlətlərin ardıcıllığına nəzər yetirək.
İlkin yaranan feodal dövlətlər: Şirvanşahlar, Salarilər, Sacilər, Rəvvadilər, Şəddadilər Cənub-Şərqi Qafqazda, əsasən, indiki Azərbaycan Respublikası və qismən də indiki Dağıstan ərazisində mövcud olmuşdu. 1000 illik tarixə köklənən sülalənin yaratdığı hakimiyyət Azərbaycan orta əsrlər tarixində silinməz bir iz qoydu. XI əsrdə Azərbaycan torpaqları Böyük Səlcuq imperiyasının tərkibinə daxil olmuş və Azərbaycan xalqının formalaşmasında mühüm bir rol oynamışdır. X əsrdə Azərbaycan xalqının formalaşması prosesi sona çatdı. Tarixin iziylə getsək, xarici hücumlara məruz qalmış və torpaq istilaları ilə nəticələnən bir çox məlumatlar aşkar edərik. Teymurilərin və monqolların Azərbaycan torpağına basqınları və uğurlu yürüşləri yeni hadisələr üçün zəmin yaratdı.
XVI əsrdə yaranan Səfəvilər dövləti tarixdə yeni və uzun bir başlanğıc oldu. Şah İsmayıl Xətainin hakimiyyəti dövrü xalqın qırılmaz mübarizə əzmində silinməz bir iz qoydu. Bəli, ilk dəfə Azərbaycan tarixində müstəqil dövlətin yaranması Səfəvilər sülaləsinin adı ilə bağlıdır. XVI əsrdən etibarən eyni sülaləyə mənsub olub müxtəlif hökmdarlar xarici və daxili qüvvələrlə misilsiz mübarizə apardılar.
1747-ci ildən XIX əsrə kimi Azərbaycan ərazisində xanlıqların hakimiyyəti hökm sürür. Müxtəlif regionlarda ayrıca müstəqil xanlıqların yaranması möhkəmləndirmə siyasətini bir daha bəyan etdi. Azərbaycanın şimalında yeni politik qüvvə, cənubunda, şərqi və qərbində digər iqtisadi, aqrar islahatlar həyata keçirildi.
Azərbaycan torpaqları əsrlər boyu cənubda ərəblərin hücumuna, şimaldan isə Rusiya imperiyasının təcavüzünə məruz qalıb. Xanlıqların hakimiyyətindən sonra XIX əsrdə torpaqlarımız Rusiya imperiyasının tərkibinə daxil oldu. Və bunun nəticəsində Azərbaycan torpaqlarında xanlıqlar hakimiyyətinə son qoyuldu, ərazi quberniya və əyalətlərə bölündü.
Rusiya imperiyasının süqutundan sonra 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Daha sonra 1920-ci ildə yaranan Azərbaycan SSR 1936-cı ildə SSR-nin tərkibinə daxil oldu. Ta ki 1991-ci ilə kimi Azərbaycan SSR-nin tərkibindən çıxıb müstəqilliyini elan edənə kimi. Bu uzun sürədə bir xalqın tarixi ən əsaslı şəkildə desək, arxeoloji abidələri, tarixi irsi, ədəbiyyatı, mədəniyyəti haqqında geniş bir məlumat toplusu yaradır.
Bunlara əsaslanaraq yeni tarixə nəzər saldıqda II Dünya müharibəsindən sonra XX əsrin birinci və ikinci yarısında Azərbaycan SSR mədəniyyəti yarandı və çiçəklənmə, intibah dövrü keçdi.
40-60-cı illərdə iqtisadi inkşafa nəzər yetirsək, görərik ki, II Dünya müharibəsi ölkənin təsərrüfatına və sənayesinə ağır zərbələr endirdi, işğal olunmuş Sovet əraziləri azad olunduqca Respublikada xalq təsərrüfatı bərpa edilirdi. Neft sənayesinə yeni texniki avadanlıq, təchizat və texnologiyaların tətbiqi genişləndi, yeni neft yataqları istismara verildi. Dünyada ilk dəfə olaraq Azərbaycanda açıq dənizdə neft çıxarılmasına başlandı.
1947-ci ildə açıq mədəndə neft eskadaları quruldu. Dənizdə qazılan kəşfiyyat quyusu 1949-cu ildə fontan vurdu. Azərbaycanın təcrübəli neftçiləri Sovet İttifaqının müxtəlif regionlarında, xüsusən Volqaboyu və Uralda yeni neft yataqlarının kəşfində və istismarında böyük xidmətlər göstərdilər. Bu dövrdə Azərbaycanda Sumqayıt, Daşkəsən, Mingəçevir, Şirvan kimi yeni sənaye mərkəzləri yaradıldı. Bu dövrdə Sumqayıt şəhəri böyük kimya və metallurgiya şəhərinə çevrildi. Tezliklə burda Azərbaycan əlvan metallurgiyasının ilk müəssisəsi – Alüminium zavodu işə salındı. Burda nəhəng kimya kombinatı, sintetik kauçuk, boru-prokat zavodları işə salındı.
1945-1954- cü illərdə Cənubi Qafqazda ən böyük Su Elektrik Stansiyası Mingəçevirdə, Abşeronda Dövlət rayon elektrik stansiyası, Daşkəsəndə Filizsaflaşdırma kombinatının əsasları qoyuldu. 50-ci illərdə SSR-də ən böyük tikinti müəssisələrindən olan Qaradağ sement zavodu işə salındı.
1950-ci illərin II yarısı, 60-cı illərində Bakıda poladəritmə, soyuducu və şin zavodları, Sumqayıtda superfosfat və neft-kimya, Mingəçevirdə kabel, Gəncədə alüminium zavodu, Şirvanda İşıq Elektrik Stansiyası istismara verildi.
70-ci illərdə artıq əhalinin 50%-i şəhərdə məskunlaşmışdı.Bu səbəbdən sanaye şəhərlərinin yüksək inkşaf etməsi, yeni sənaye sahələrinin yaradılması əsaslı rol oynadı. Bütün bunlar əhalinin sosial rifahının yüksəlişinə münbit zəmin yaratmışdı. 1947-ci il dekabırın 14-də ərzaq və sənaye mallarına kartoçka sistemi ləğv edildi. 1967-ci ildə noyabırın 6-da Yaxın Şərqdə ilk metropoliten, Bakı metrosu istismara verildi.
Halbuki bu tarixdə totalitar rejim davam edirdi. Güclü totalitar rejimin təmin olunmasında Stalinin, Azərbaycanda isə Bağırovun şəxsi nəzarəti altında işləyən Dövlət Təhlükəsizlik və Daxili İşlər Nazirliyinin mühüm rolu vardı.
Rusiya imperiyası bir çox ziyalıları, yazıçıları, alimləri təqib etməyə başladı və bir çoxlarını həbs edir, güllələyir və yaxud uzaq ölkələrə sürgün edirdilər. Repressiya qurbanlarını amansızca ağlagəlməz işgəncələrə məruz qoyurdular. Rusiya şərqşünaslıq elminin banisi Mirzə Kazımbəy çarizmə sədaqətlə xidmət etməkdə günahlandırıldı. “Kitabi-Dədə-Qorqud” dastanı feodal həyatını əks etdirən epos kimi dəyərləndirildi, tətqiqatçıları təqib edilməyə başlandı.
Akademik Heydər Hüseynovun 1949-cu ildə çap olunmuş “XIX əsr Azərbaycanda ictimai və fəlsəfi fikir tarixində” əsərində təsvir olunmuş Şeyx Şamilin başçılığı ilə xalq hərəkatı çarizmin müstəmləkəçilik siyasətinə qarşı mübarizə kimi qiymətləndirildi. Bu əsərə görə ona verilmiş Stalin mükafatı geri alındı.
Bu illərdə, əlbəttə ki, erməni fitnəkarlığının müxtəlif sahələrdə təşəbbüsü davam edirdi. Azərbaycanda yaradılan yeni sanaye mərkəzlərinə bir çox erməni ailələri köçürülürdü. Bu da deportasiya siyasətinin ilkin addımlarıydı.
1997-ci il dekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı fərmanda 1948-1953-cü illərdə Ermənistandan azərbaycanlıların kütləvi deportasiyası etnik təmizləmə və soyqırımı siyasəti qətiyyətlə pisləndi.
Xalq maarifi və mədəni maarif müəssisələrinin əasasının qoyulması mədəni inqilabın başlanğıc xronologiyası idi. İnqilabadək əhalinin yalnız 10%-ə qədəri savadlı idi. Sovet hakimiyyəti illərində ümumi icbari təhsil həyata keçirilmişdi. Bu isə xalqın maariflənməsində elmə olan marağın artırılmasında mühüm bir rol oynadı. Bir neçə məktəb, ali təhsil müəssisələri, texniki və peşə məktəbləri istismara verildi. Mədəni maarifə də olan maraq bir o qədər çoxalmışdı. Kütləvi kitabxanalar, klub, müəssisə, dövlət muzeyləri buna bariz nümunədir.
Azərbaycan xalqının xilaskarı, tarixdə böyük və silinməz bir iz qoymuş şəxsiyyət, humanizim və qayğının hökm sürdüyü bir dövrə rəhbərlik edən dahi şəxsiyyət – Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi Azərbaycan xalqının həyatında yeni bir səhifə idi. Bu səhifə qaranlıq yollarda yorulmuş və tükənmiş bir xalqın gələcəyə ümidlə baxması və günəşli bir günə oyanışı idi. Mərd, vətənpərvər hisslərin ali olduğu bir millətin güclü və sarsılmaz siyasəti olan hökmdara ehtiyacı vardı. Nəzər saldığımız bütün tarix boyu bir çox məyus olduğumuz hallarla rastlaşdıq. Amma bir xalq olaraq heç bir zaman boyun əymədik və sarsılmadıq. Sanki əsrlər boyu güclü bir sərkərdənin gəlişini gözləyirdi xalqımız. Ulu öndər yalnız Azərbaycan tarixində deyil, bütün dünya tarixində güclü bir lider idi. Xalqa verdiyi siyasi töhfələr bir sivilizasiya üçün yenidən quruluş və yenidən oyanış idi sanki.
Bu irsi davam etdirən, azərbaycanlı anlayışını bütün dünyaya beynəlxalq tribunadan bəyan edən, bütün çətinliyi və ağırlığıyla bu çətin missiyanı öz üzərinə götürən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tarixdə silinməz bir iz qoydu. Prezident İlham Əliyev böyük tarixi şəxsiyyət, böyük dövlət xadimi və böyük strateqdir. Dünyanın siyasi tarixinə nəzər saldıqda xalqların taleyinə, bəşəriyyətin gələcəyinə təsir edən həlledici faktorlar sırasında lider amilinin rolu xüsusi olaraq diqqəti cəlb edir. Tarixi təcrübələr göstərir ki, tarixi-siyasi, coğrafi şəraitindən, siyasi sistemin xüsusiyyətlərindən asılı olmayaraq, liderlik fenomeni xalqların gələcək taleyində, milli dövlətin inkişafında aparıcı rola malikdir. Prezident İlham Əliyev strateji hədəfləri reallığa çevirməklə möcüzə yaratdı. Milli dövlətçilik tariximizin inkişaf mərhələləri çoxəsrlik keçmişə dayanır və olduqca keşməkeşlidir.
XX yüzilliyin sonunda yenidən müstəqilliyə qovuşan Azərbaycan xalqı qədim və zəngin dövlətçilik tarixinə malikdir. Tarixi Azərbaycan torpaqları müasir sivilizasyanın inkişafa başladığı ən qədim mədəniyyət mərkəzlərindən biridir!
“Ədəbiyyat və incəsənət”
(26.02.2025)
ZEYDULLA AĞAYEV – “Intizarin səssiz sədası”na uvertüra
Nurəddin Ədiloğlu, yazıçı-jurnalıst, “Ədəbiyyat və incəsənət” üçün
Martın 4-də Azərbaycan Dillər Universitetində görkəmli yazıçı, tərcüməçi, publisist və nüfuzlu pedaqoq, filologiya elmləri doktoru, professor Zeydulla Ağayevin 80 illik yubileyinə həsr olunmuş “İntizarın səssiz sədası” adlı xatirə gecəsi keçiriləcək. Sözsüz ki, gecədə mərhum alimin zəngin ədəbi irsindən, tərcümə sahəsində özünəməxsus xidmətlərindən, xatirələrdə közərən mənalı və şərəfli ömür yolundan bəhs olunacaq.
Ən ümdəsi, vaxtilə çiyin-çiyinə çalışdığı həmkarları Zeydulla Ağayevin elmi və pedaqoji fəaliyyətindən, tələbələri isə onun öz mənəvi varidatını qoruyan, ziyalı adını uca tutan humanist bir müəllim olduğundan söhbət açacaqlar. Əminəm ki, şəfqət və ülfət ayı sayılan mübarək Ramazan günündə xatirə gecəsi Zeydulla müəllimin əziz ruhuna layiqli hədiyyə olacaqdır.
Bəli, ömrünün 69-cu ilində haqqın dərgahına qovuşan yazıçı-tərcüməçi, filologiya elmləri doktoru, professor Zeydulla Ağayev dünya durduqca cəmiyyətdə həmişə yeri görükən, xeyirxah əməlləri ilə ÖLMƏZLİK HAQQI qazanan vətənpərvər ziyalılarımızdan biri kimi xatırlanacaq!
Bizim ölkəmizdə Zeydulla Ağayevi kim tanımırdı ki?! Onun istedadı, zəhmətsevərliyi, eləcə də humanistliyi, əxlaqı keyfiyyətləri təkcə bizim ölkədə deyil, ədəbi əlaqələr sahəsində əməkdaşlıq etdiyi xarici ölkələrdəki məşhur həmkarlarına, qələm yoldaşlarına da bəlli idi...
AYZEK ƏZİMOVUN AZƏRBAYCANLI QONAĞI
1989-cu ildə Zeydulla müəllim ABŞ-da uzunmüddətli ezamiyyətdə olarkən dünya şöhrətli Ayzek Əzimov, Artur Heyli, Stiven Kinq kimi yazıçılarla şəxsən tanış olmuşdu. Sonralar onlarla məktublaşar, ədəbi əlaqələrini bu və digər şəkildə davam etirirdi. Hətta Zeydulla müəllim görkəmli fantast yazıçı Ayzek Əzimovun sağlığında Nyu-York şəhərindəki evində qonağı olmuş, ondan maraqlı müsahibə də götürmüşdü. Səmimi söhbət zamanı Ayzek Əzimov Zeydulla müəllimə əslən Azərbaycanın Quba rayonundan olduğunu etiraf etmişdir.
Amerika səfərindən sonra Zeydulla müəllim öz həmkarları ilə söhbətlərində, eləcə də mətbu yazılarında soykökü Quba yəhudilərindən olan Ayzek Əzimov kimi nəhəng şəxsiyyətlərdən Azərbaycan həqiqətlərini dünyaya yaymaqda istifadə etməyin necə əhəmiyyətli olduğunu vurğulayırdı.
LUİZİANA ŞTATININ FƏXRİ VƏTƏNDAŞI
Zeydulla Ağayev Azərbaycan-ABŞ ədəbi əlaqələrinin yorulmaz və fəal tədqiqatçı idi. Bu sahədə xidmətlərinə görə ABŞ-ın Luiziana ştatının Fəxri vətəndaşıadına layiq görülmüşdü. Dəfələrlə ABŞ-da elmi ezamiyyətdə olan cəfskeş alim iki il ərzində Vaşinqton və Kaliforniya Universitetlərində çalışaraq elmi araşdırmalar aparmışdı. Eyni zamanda dünya universitetləri arasında mükəmməl reytinqə sahib olan Los-Anceles Universitetində mühazirələr oxumuşdu.
Zeydulla müəllim Allahın ona bəxş etdiyi istedadla yanaşı çox səmimi, qədirbilən, dostcanlı, alicənab insan idi. Ehtıyacı olanlardan heç vaxt əlindən gələn köməyi əsirgəməzdi. Sanki Allah-təala ona yaşından xeyli gənc görünməyi ürəyinin saflığına, dürüstlüyünə görə mükafat olaraq vermişdi. Bir dəfə Azərbaycanın xalq şairi Nəriman Həsənzadə ilə Zeydulla müəllim haqqında söhbət edərkən dedi ki, onun gənc və şux qalmasının səbəbi xeyirxahlığından irəli gəlirdi.
"MƏSLƏKİM – TƏRCÜMEYİ-HALIMDIR"
XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri və çoxşaxəli fəaliyyət göstərmiş Abbas Səhhətin bu məşhur fikrini Zeydulla müəllimə də şamil etmək olar. Azərbaycanın adını onun hüdüdlarından uzaqlarda zirvəyə qaldıran professor Zeydulla Abdulla oğlu Ağayev 80 il əvvəl Masallının axarlı-baxarlı Qəriblər kəndində dünyaya göz açmışdı. Uşaq vaxtı o da öz yaşıdlarıyla Şır-şır bulağın dişgöynədən suyundan içmiş, Təkkeçidin dar, taxta körpüsündən keçib Dəmbəlovun zirvəsinə çıxmışdı. Buradan İstisu ətrafı zümrüd rəngli palıd meşələrini, qıvrıla-qıvrıla dağların qoynundan dənizə can atan Viləş çayının gözoxşayan mənzərələrini seyr etmişdi.
Rayon mərkəzində orta təhsilini başa vurandan sonra Azərbaycan Pedaqoji Dillər İnstitutunun ingilis dili fakültəsinə daxil olmuş, ali təhsilini 1968 - ci ildə uğurla bitirmişdir. Elə həmin təhsil ocağında 1969-cu ildən 1983-cü ilədək çoxtirajlı “Bilik” qəzetinin redaktoru, 1983-cü ildən 1994-cü ilədək Azərbaycan Dillər Universitetində tərcümə kafedrasının müəllimi, baş müəllimi, dosenti, sonra professoru, 2000-ci ildən 2005-ci ilədək elmi işlər üzrə prorektor, 2007-2009 – cu illərdə Azərbaycan Universitetində kafedra müdiri vəzifələrində çalışmışdır. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü idi.
Zeydulla müəllimin yazıçı kimi imzası ötən əsrin 80-ci illərindən Azərbaycan oxucusuna “Məhəbbət nəğməsi”, “Beş günün intizarı”, “Yenilməzlik”, “Dünyanın düz vaxtı” və s. nəsr kitablarından çox yaxşı tanış idi. Bu əsərlərdə yazıçının toxunduğu problemlər demək olar ki, indi də öz aktuallığını itirməyib.
“TƏRCÜMƏÇİ ƏSƏR MÜƏLLİFİNİN TALE SÖYKƏNCİDİR”
...Öz orijinal nəsr əsərləri ilə yanaşı, o, həm də gözəl mütərcim idi. Tərcümə ədəbiyyatında sahəsində də böyük uğurlara imzasını ataraq, Cek London, Artur Konan Doyl, Teodor Drayzer, Ernest Heminquey, Ayra Levin, Somerset Moyem, Ayzek Əzimov, Elton Sinkler, Con Sommerfild, Artur Heyli kimi dünya şöhrətli yazıçıların roman, povest və hekayələrini dilimizə çevirib, çap etdirmışdır.
1988-ci ildə “Yazıçı” nəşriyyatında çapdan çıxmış tanınmış ABŞ yazıçısı Artur Heylinin “Aeroport” romanı milli ədəbiyyatımızın tarixində birbaşa ingilis dilindən Azərbaycan dilinə tərcümə edilmiş ilk əsərdir. On il sonra Zeydulla müəllim oxuculara Ayra Levinin “Ölümqabağı öpüş” romanını (Bakı, Hərbi nəşriyyat, 1998) təqdim etdi. Zeydulla müəllim mənimlə söhbətlərində deyərdi ki, tərcüməçi əsər müəllifinin TALE söykəncidir.
Bədii ədəbiyyat tərcüməsində kamil sənətkar zirvəsinə yüksələn Zeydulla müəllim Azərbaycan yazıçılarının da hekayə və pyeslərini ingilis dilinə çevirib “Modern Azerbaijan Prose” (Bakı, Azərnəşr, 2003) kitabını çap etdirmişdi. Bu kitaba İsmayıl Şıxlı, Anar, Elçin, Sabir Əhmədli, Yusif Səmədoğlu və başqalarının əsərlərindən ingilis dilinə tərcümə etdiyi nümunələri daxil etmişdir.
Erməni millətçiliyinin iç üzünü tutarlı faktlarla ifşa edən Samyel Uimzin “Ermənistan - terrorçu “xristian” ölkəsinin gizlinləri” kitabı (Bakı, Azərnəşr, 2004) professor Zeydulla Ağayevin rəhbərliyi və təşəbbüsü ilə ingiliscədən tərcümə olunaraq rus dilində böyük tirajla çap edilmiş və MDB məkanında olan ölkələrdə yayılmışdır.
ZEYDULLA MÜƏLLİMİN “HARAY”I
2005-ci ildə Zeydulla Ağayevin ingilis yazıçısı Somerset Moemin “Qisas” povesti əsasında yazdığı “Haray” faciəsinin Azərbaycan Dövlət Gənclər Teatrında tamaşası göstərildi. Bu səhnə əsəri tamaşaçılar və teatr mütəxəssisləri tərəfindən çox rəğbətlə qarşılandı. “Haray” tamaşası İkinci Dünya müharibəsinə həsr olunsa da xalqımızın Qarabağsız çağlarıyla səsləşirdi, əsərdə “Qara bağrımız nə vaxt NİCAT tapacaq?” deyə haray çəkən qadın qəhrəmanı sanki Azərbaycanın qəhrəman oğullarını erməni faşiszminin işğalı altında olan Qarabağı azad etməyə çağırırdı... Zeydulla müəllim həmin səhnə əsərində baş verən hadisələri Qarabağla bağlamaq məqsədi güddüyünü özü də etiraf edirdi…
DÜNYA VAXT GİRİNCİDİR...
Mənim yaddaşıma Zeydulla müəllim elə ilk görüşümüzdən xeyirxahlığın, mənəvi zənginliyin, ziyalılığın mükəmməl obrazı kimi həkk olunub. 45 yaşı olanda ondan rəhmətlik Məmməd Kazımın təsis etdiyi “Qala” qəzeti üçün aldığım “Dünya vaxt girincidir” adlı müsahibəni belə bir sualla başlamışdım: “Dünyanın düz vaxtı” kitabının müəllifi dünyanın əndişəli çağında nə fikirləşir?” Zeydula müəllim dedi ki: “Dünya yaranandan düz vaxtı olmayıb! Hətta tarixçilərin dediyinə görə müharibəsiz, qansız-qadasız dünya cəmi-cümlətanı 280 gün “ömür sürüb.” Dünyanı əndişəli eləyən insandır. İnsan – yer üzünün məhsuludur. Yer üzü nahamvardı, girintili-çıxıntılıdır. İnsan da öz təbiəti etibarı ilə yer kürəsinə bənzəyir. Baxın, kosmosu insan kəşf edir, yerin tərkini insan öyrənir, gəl ki, heç vaxt özünü öyrənib qurtara bilmir və görünür bilməyəcək də... Bir mahnıda deyildiyi kimi: Dünya köhnə dünyadı... Təzələnənsə insanlardı, yaşayış tərzimiz, sosial qayğılar, ədəbi mühütimiz, maddi və mənəvi durumumuzdu...”
Bu müsahibədən iki il sonra - 1992-ci ilin payızında mənim təşəbbüsümlə Masallıda keçirilən həkim, alim, bəstəkar Mirkazım Aslanlı -Sarəngin 80 illik yubileyində görüşdük. Sarəngi yaxından tanıyan və onun tərcümələrini vaxtilə redaktor olduğu “Bilik” qəzetində dərc edən Zeydulla müəllim yubileydə çox maraqlı çıxış elədi.
DÜNYANIN DÜZ VAXTININ ADAMI…
2005-ci ildə Sarəngin həyat və yaradıcılığı haqqında qələmə aldığım “Yarımçıq qalmış şikəstə” kitabıma Zeydulla müəllim rəy verib, “Doğma yurda övlad məhəbbəti ilə...” başlıqlı ön söz yazdı. Və təkcə rəy verib ön söz yazmadı, həm yazdığım əlyazmanın üstünə 100 dollar qoyub dedi: “Əlim yüngüldür, bu kitab tez nəşr ediləcək. Sənin xoşbəxtliyin ondadır ki, öz məhdud maddi imkanlarına və gözəl qələmin, qəlbin olmasına baxmayaraq, daimi iş yeri axtara-axtara ünvanlar dəyişdiyin bir vaxtda müqəddəs bir işin qulpundan yapışmış və bu kitabı bizim mühakiməmizə ərmağan etmisən!..”
Doğrudan da dediyi kimi, əli yüngül oldu. Alim həmkarları Musa Quluzadə, Anar İsgəndərli, şair İlham Növruzoğlunun dəstəyi həmin kitab işıq üzü gördü. İllər sonra Zeydulla müəllimin haqqında yazdığım məqalələrimdən birini əbəs yerə “Dünyanın düz vaxtının adamı...” adlandırmamışdım. Çünki ata-baba ocağından götürdüyü nuru qəlbində ömrü boyu hallalıqla daşıyan Zeydulla müəllimin ziyalılığı ilə müdrikliyi vəhtət təşkil edirdi; nə elədiyi yaxşılıqları, nə də ona qarşı edilən haqsızlıqları dilə gətirirdi… Açığını deyim ki, hər kim Zeydulla müəllimin ömrünün son illərində üzləşdiyi haqsızlığa tuş gəlsəydi, ölkəni tərk gedib xarici ölkələrin birində yaşayardı və bu günəcən öz sağlamlığını qorumaq imkanı əldə edərdi.
Zeydulla müəllim deyərdi: “Torpaq ilk növbədə öz oğullarının çiynində dayanır və şöhrət tapir… Məncə şöhrət naminə vətəndən, onun dərd-sərindən üz döndərmək, yazmamaq elə vicadanın səsini eşitməmək kimi bir şeydir...”
ÖLÜM HAQQ OLSA DA...
Zeydulla müəllimin vaxtsız ölümü hamını, o cümlədən, onun alim dostlarını, dərs dediyi tələbələri, qohum-qardaşını, ən çox da ailəsini yandırıb-yaxır… Tələbəsinin ölüm xəbərindən sarsılan Azərbaycan görkəmli ədəbiyyatşünası, folklorşünas - professor Qəzənfər Paşayev “Ədəbiyyat qəzeti”ndə dərc etdirdiyi “Tələbəm haqqında vida sözü” məqaləsində yazırdı: “Mən namizədlik dissertasiyası müdafiə edəndə çox cavan olsa da, yaradıcılığımı ilk işıqlandıran unudulmaz tələbəm Zeydulla oldu. Məqaləyə qeyri-adi ad qoymuşdu: “Yolun pambıq olsun” Fani dünya keşməkeşlidir. Nə edəsən ki, “həyat daimidir, insan amanat”... Ədəbi əlaqələr sahəsində danılmaz xidmətləri olan tanınmış alim, yazıçı və tərcüməçi, qürur duyduğum sevimli tələbəm aramızdan tez getdi. Təsəllini onda tapırıq ki, o, fundamental elmi əsərləri, tərcümələri və bədii əsərləri ilə bizimlədir.”
Zeydulla müəllimin tələbəsi olmuş tanınmış yazıçı-tərcüməçi Kamran Nəzirli “Müəllim adını ucaldan” başlıqlı məqaləsində yazırdı ki, belə bir şəxsiyyətin Azərbaycan ədəbiyyatı, tərcümə sənəti, elmi qarşısında böyük xidmətlərini heç kəs dana bilməz...
Təbiiki insan o zaman unudulur ki, onun özünü və əməllərini xatırlayan kimsə olmasın.
RUHA SƏRİNLİK VƏ ƏTİR ÇİLƏYƏN GECƏ
Əlbəttə, dünya yaxşılardan xali deyil. Mən Azərbaycan Dillər Universitetində professor Zeydulla Ağayevin 80 illik yubileyinə həsr olunacaq “İntizarın səssiz sədası” adlı xatirə gecəsinin təşkilatçılarına – xüsusilə xalq yazıçısı Kamal Abdullaya, yazıçı-publisist, tərcüməçi Kamran Nəzirliyə və Zeydulla müəllimin övladı Ləman xanıma minnətdarlığımı bildirirəm. Əminəm ki, martın 4-də mübarək Ramazanın dördüncü günü 80 illiyinə həsr olunaca xatirə gecəsi professor Zeydulıa Ağyevin ölməz Ruhuna möhtəşəm töhfə olacaqdır.
Adına, şəxsiyyətinə, universal yaradıcılığına və ruhuna böyük etiramla!
Şəkillərdə: Zeydulla Ağayev amerikalı yazıçı-fantast Ayzek Əzimovun evində. 1989-cu il. Zeydulla Ağayev yazıçı Kamran Nəzirli və Nurəddin Ədiloğlu ilə.
“Ədəbiyyat və incəsənət”
(26.02.2025)
BİR ŞAİR, BİR ŞEİR – Nail Zeyniyevdən "Mən Qəribə Adamam"
“Ədəbiyyat və incəsənət” portalının oxucularına "Mən Qəribə Adamam" adlı şeir kitabımın adını götürdüyüm əsas şeirimi təqdim edirəm.
Nail Zeyniyev
Mən qəribə adamam.
Bir üzüm gülən zaman,
bir yanım ağlayır da,
Dərdlərim alov olur,
sinəmi dağlayır da.
Mən qəribə adamam.
Bahar günü saçlarına qar yağan
Günəş batdığı zaman,
qaranlığından doğan
Qəlbi incimiş kimi,
ümidərini boğan
O qəribə adamam..
Mən qəribə adamam.
Özüm də anlamıram,
uçub getmiş sevincdi?
Yox, onu danlamıram.
Danlayıram özümü,
axı niyə qəm dolu
bir ürəklə yaşadım?
Anlayıram sözümü,
gün üzü görmədim ki,
xoşbəxtliyi yaşadım?!
Mən qəribə adamam.
Şair də deyiləm heç,
adi də deyiləm heç.
Düşüncələrdə batan,
bir qoca dənizçiyəm.
Qırıq kürəklə yatan,
üzü solmuş neftçiyəm.
Gözlərimə qaranlıq
çökür, sabahlayıram.
Geriyə dönsəm anlıq,
yuvasından ümidlər
köçür, sayıqlayıram..
Mən qəribə adamam.
Xəzan vurub, ayrılıb,
budağımdan qopmuşam.
Öz əlimlə qurduğum,
evimi uçurmuşam.
Bax, qəribə adamam.
Özümdə anlamıram,
uçub getmiş sevincdi?
Yox, onu danlamıram
Mən qəribə adamam..
“Ədəbiyyat və incəsənət”
(26.02.2025)