İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Bu gün ölkəmizin hər yerində olduğu kimi, Oğuz rayonunun təhsil, mədəni-maarif, səhiyyə müəssisələrində Xocalı Soyqırımının 33-cü ildönümünə həsr olunmuş kütləvi anım tədbirləri keçirilir.
Belə tədbirlərdən biri də Oğuz Rayon Mərkəzi Xəstəxanasında keçirilib.
Tədbirdə öncə şəhidlərimizin və Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin açılışında şıxış edən Oğuz Rayon Mərkəzi Xəstəxanasının direktoru Anar Əzizov Xocalıdakı erməni vandalizmi, xüsusi amansızlıqla həyata keçirilən zorakılıq aktları, maddi-mədəniyyət abidələrinin məhv edilməsi, xalqımızın başına gətirilən bəlalardan danışıb. O qeyd edib ki, “Ermənilər uzun illər Azərbaycan xalqına qarşı müxtəlif terror aktları, soyqırımı törədiblər. Nəticədə, yüzlərlə azərbaycanlı faciələrin qurbanlarına çevrilib. Lakin çox qürurverici haldır ki, 2020-ci ildə başlanan 44 günlük haqq savaşımız, eləcə də 2023-cü ildə baş tutan Antiterror tədbirləri nəticəsində ölkəmizin bütövlüyü və suverenliyi tam bərpa edildi. Qürurluyuq ki, hazırda dogma Xocalı tam azaddır və artıq Xocalı sakinləri öz əzəli dədə-baba torpaqlarına qayıdır. Əlbəttə ki, azadlıq qanla qazanılır və biz də döyüşlərdə şəhidlər vermişik. Hər bir azərbaycanlı ölkəmizin bütövlüyü uğrunda canlarından keçən əziz şəhidlərimizə və qazilərimizə borcludur”.
Daha sonra tibb müəssisəsinin baş həkimi Şəlalə Tahirova, Ümumi şöbənin müdiri Lalə Salamova, Sığortanın təşkili və innovasiya şöbəsinin bölmə müdiri Məhbubə Şəfiyeva və şəhid bacısı Şükufə İbrahimova Xocalı soyqırımı haqqında çıxış ediblər.
Sonda Xocalı faciəsindən bəs edən video-çarx nümayiş etdirilmişdir.
“Ədəbiyyat və incəsənət”
(26.02.2025)