Super User

Super User

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

Yalnız ideya-məzmunca deyil, struktur-formaca da son dərəcə orijinal, cəlbedici olan “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” əsərində Anar qəhrəmanlarının hər birinin obrazlarını müəllif müxtəlif illərdə (və müxtəlif ədəbi üsullarda) yaratmış olsa da, kitab o qədər bütöv, bitkin və ardıcıldır ki, tarixi fərqlər əsla duyulmur.

 “Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir:

 

XАLQ ŞАİRİ SƏMƏD VURĞUNUN 100 İLLİK YUBİLEYİ MÜNАSİBƏTİLƏQАZАXDА KEÇİRİLƏN ÜMUMXАLQ BАYRАMINDAN

 

 Xаlq yаzıçısı Anаrın çıxışı:

Əziz dostlаr, hörmətli xаnımlаr, əziz qаzаxlılаr və Azərbаycаnın bütün guşələrindən gəlmiş qonаqlаr və həttа qonşu, qаrdаş Gürcüstаndаn gəlmiş qonаqlаr! Səməd Vurğunun uzun illər rəhbərlik etdiyi yаzıçılаr təşkilаtı аdındаn sizi ürəkdən sаlаmlаyırаm. İyirmi il bundаn qаbаq Səməd Vurğunun 80 illiyi zаmаnı “Ulduz” jurnаlının bаş redаktoru olаn əziz və unudulmаz dostum Yusif Səmədoğlu mənim Səməd Vurğun hаqqındа “Ulduz” jurnаlındа bir məqаləmi dərc etdi. Məqаləmin аdı “Vurğunluq” idi. Səməd Vurğunun təxəllüsündə olаn vurğun sözü yаlnız sevgi, məhəbbət, bir qаdınа, bir qızа olаn vurğunluq deyil, bu, xаlqа olаn vurğunluqdur, həyаtа olаn vurğunluqdur. Səməd Vurğun həyаtsevən insаn idi. Səməd Vurğun həyаtın bütün gözəlliklərinə vurğun bir insаn idi. Bu millətə, bu xаlqа ömrü boyu fədаkаr xidmət eləmiş bir insаn idi.

Səməd Vurğun Azərbаycаn ədəbiyyаtındа, Azərbаycаn şeirində, Azərbаycаn mənəviyyаtındа misilsiz xidmətləri olаn böyük sənətkаrdır. Mən çox şаdаm ki, bu gün onun doğulduğu, boyа-bаşа çаtdığı torpаqdаyаm. Bu torpаğа səcdə edirəm və аrzu edərdim ki, Azərbаycаnın bütün rаyonlаrı bu cəhətdən Qаzаxdаn nümunə götürsünlər. Mən Qаzаxdа çoxdаn olmаmışdım. İndi gördüm ki, görülən işlər, elm аdаmlаrınа, sənət аdаmlаrınа qoyulmuş heykəllər –bunlаr hаmısı yüksək səviyyədən, yüksək intellektdən xəbər verir. Çox şаdаm ki, bizim gənc Prezidentimiz İlhаm Əliyev bu tаpşırığı dа verib ki, Səməd Vurğun Poeziyа evi dаhа dа аbаdlаşsın və bu gün biz o evi yüksək səviyyədə аbаdlаşmış gördük. Səməd Vurğunun xаtirəsinə töhfə onа həsr edilmiş tədbirlərin keçirilməsidir və bu tədbirlər Azərbаycаnın bir çox rаyonlаrındа keçirilir və keçiriləcəkdir. Mən təşəbbüs irəli sürmüşəm ki, Moskvаdа da belə bir tədbir keçirilsin. Yəni yubileyi Səməd Vurğunun аdı tаnınаn bir çox ölkələrdə qeyd olunsun.

Səməd Vurğunun xаtirəsini yаd etmək, onun hаqqındа şeirlər yаzmаq və s. Həmçinin hаqqındа televiziyа verilişlərinin verilməsi, mənim fikrimcə, Səməd Vurğunun xаtirəsinə böyük hörmətdir. Amma mən bu gün icrа bаşçısındаn soruşаndа bildirdi ki, bu gün Qаzаxın bütün kəndləri elektrikləşib və bu ilin аxırınаdək bütün kəndlər də qаzlа təmin olunаcаq. Mənə elə gəlir ki, Səməd Vurğunun ruhunu ən çox bu, şаd edər. Böyük şаirimizə eşq olsun!

 

“Ədəbiyyat və incəsənət”

(27.02.2025)

 

 

 İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəcənət” portalının Sumqayıt təmsilçisi

 

Ənənəvi sualları verməməyi bizdən xahiş edən müsahibim  qələm dostlarının cəsarətli yazıçı kimi tanıdığı Almaz Ərgünəş Bəyaziddir.

 

- Almaz xanım, həqiqəti bu qədər cəsarətlə söyləməyi kimdən öyrənmisiniz?

- Oxuduğum əsərlərin qəhrəmanlarından.

- Dönə-dönə oxuduğunuz əsər varmı?

- Dünya ədəbiyyatını təkrarən oxuyuram. H.Cavidi ruhən özümə yaxın bildiyimdən tez-tez onunla “dərdləşirəm”.

- Hiss olunur ki, qələm dostlarınızın sizə xüsusi bir sevgisi var. Bunun sirri nədədir?

- Olduğum kimi görünməyimdə.

- Sizə əzab verən nədir?

- İnsanların görünməyən tərəflərini görünən tərəflərindən daha aydın görməyim.

- Nədən zövq alırsınız?

- Uzun-uzadı növbələrdə dayanaraq insanları müşahidə etməkdən, gecələr yol getməkdən, xəstəyə qulluq göstərməkdən, qəfl qonaq getməkdən və.s

- Özünüzü ən yaxın dost kimi hesab edirsiniz?

- Özümü. Amma çox istərdim məni mənimtək duyan fədakar bir dostum olsun.

- Nə vaxtdan yazırsınız?

- Özümün çoxlarından fərqli taleyimlə tanış olandan bəri.

- Həyatınızda xoş təsadüflər çoxmu olub?

- Elə bil həyatım başdan-ayağa təsadüflər üzərində qurulub.

- Ötənləri bir də yaşamaq istərdinizmi?

- Gələnləri yaşamaq dərdi məni götürüb. Onda qala, ötənləri yenidən yaşamaq... Mən heç vaxt heç nə üçün təəssüflənmirəm.

- Ən çox nədən qorxursunuz?

- Soyuqdan və qandan. Laqeydlikdən və anlanılmamaqdan.

- Səfərə çıxmağı xoşlayırsınız?

- Xeyr. Amma içimdə xoş bir səfər arzusu var. Zülmət gecədə uzaqdan görünən işığa tərəf getmək, elə hey getmək. Lakin ona çatmamaq arzusu.

- Bəs niyə çatmamaq?

- Elə həyatın sirri bunda, yaşamaq duyğusu da bu sirdədir.

- Özünüzü yazıçı hesab edirsinizmi?

- Mən illiyimə kimi yazıçı olduğumu hiss edirəm.

- Azərbaycan ədəbiyyatında ən çox sevdiyiniz qəhrəman kimdir?

- Cahandar ağa.

- Ətrafınızda elə bir insan varmı ki, siz onun simasında bu dövrün Cahandar ağasını yaradasınız?

- Var.

- Şeir yazırsınız heç?

- Beş-altı şeirim var.

- Bəlkə sonluğu şeirlə bitirək?

 

- Buyurun!

Mən yolun sonunda, 

sən əvvəlində.

Qayıdıb mən sənə

çata bilsəydim;

Yüyürüb sən mənə

çata bilsəydin;

Yəqin görüşərdik

yol ayrıcında.

 

Öldümmü

vay-şivən qoparıb

dəng etməyin

dinc ruhumu

Qəbrim üstə

əlçim boyda başdaşıma

nə ad qoyun, nə də tarix,

Qoy ötənlər bircə

bunu oxusunlar:

Nə yaşadı

Nə də öldü!

 

“Ədəbiyyat və incəsənət”

(27.02.2025)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

İndi sizə Kamırxan qarıdan danışım. Qarabağda bir adamın yaşlılığını bildirmək istəyəndə deyərdilər ki, "filankəs Nadiri taxtda görüb". Lakin Kamırxan qarı həqiqətən də Nadiri görmüşdü.

 

Deməli, o nişanlı olanda Nadir şah Qarabağa qoşun çəkib, insanları qılıncdan keçirir. Onlar da əşyalarını yığıb Ərgünəş meşəsinə qaçırlar. Kamırxan qarının neçə qızı, oğlu olur.

İndi isə sizə onun Xəlsə adlı qızından söz açım. O, Ağa Məhəmməd Əfəndi ilə evlənir. 4 oğlu və 1 qızı olur. Uşaqlar körpə ikən yoldaşı vəfat edir. Kürdobalı Səkinə, Alyanlı Xanım kimi o da dünyanın zövq-səfasından əl çəkir və övladlarını böyüdür.

Onun haqqında "sağ olsun, kişi qızıymış" deyirdilər. Ortancıl oğlu zirək və  çox fərasətli oğlan idi. Əmisi onu rus-tatar məktəbinə qoyur. Abdulla böyük bacısı Şirinin əri Əbdüləzinin açdığı mağazada işləməyə başlayır. Rus dilini bildiyi üçün Moskva, Xarkov kimi şəhərlərdən mal almağa onu göndərirdi. Çox cavan olsa da məharətlə görürdü işləri. Elə oldu ki, 3-4 il sonra yeznəsinə şərik çıxdı. Sonra isə ayrılıb özünə o cür mağaza açdı, az zamanda yeznəsini sıxışdırıb bazardan çıxardı. 

 

Deməli bu olanlar Qarabulaq kəndində baş verirdi. Söhbəti fırlayaq Bayram bəyə.

Yadınızdadırsa, bundan öncəki yazıda sizə Kürdobalı Səkinənin oğlu Bayram bəy ilə Alyanlı kəndindən olan  Xanımın qızı Fatmanın ailə qurmasından bəhs etmişdim. 

Bir müddət Şuşada işlədikdən sonra Bayram bəyi Qarabulaq kəndinə pristav təyin etdilər. Oğlu Nurunu gimnaziyaya qoyub, qızı ilə xanımını da götürüb gəldi Qarabulağa. Çox çəkmədi ki Bayram bəyin izzəti hörməti lap naçalnikdən də çox oldu. Qəzaya Volkov adlı təzə naçalnik gəlmişdi. Görəndə ki hər kəsin işi Bayram bəylədi, onu sayan yoxdu, başladı bəyi burunlamağa. Bu xəbər də qaçaq Nəbi kimi dillərə dastan olan qaçaq Süleymana çatdı. Deməli, naçalnik xanımı ilə söhbət edəndə qapı taybatay açıldı. Süleyman əlində onatılan girdi içəri. Xanım qışqırdı, onatılanı qobura qoyub Süleyman - "qorxma, xanım, biz adamyeyen deyilik" - dedi. Qadın deyilənləri başa düşməsə də  gələnin tapançanı qobura qoyması onu sakitləşdirdi. 

 

Bu dəfə müraciəti naçalnikə oldu. Belə desək, bir növ qulaqburması etdi. "Qospadin komandir, əgər bu mahaldan sağ -salamat getmək istəyirsənsə, Kürdobalı Bayram bəylə işin olmasın!".  

"Yaxşı" cavabını aldıqdan sonra bir daha təkrarladı - "Komandir, dediklərimi yaddan çıxarsan, yaxşı olmayacaq". Və arvadına müraciət ilə "Bağışla, xanım" deyib qapıdan çıxdı. Bu əhvalatdan sonra isə naçalnikin yanında Bayram bəyin bir sözü iki olmadı.

 

İlyas Əfəndiyev, “Geriyə baxma, qoca” romanı.

Xoş oxumalar. 

 

“Ədəbiyyat və incəsənət”

(27.02.2025)

 

 

“Ədəbiyyat və incəsənət” portalı bu gün sizlərə Hafiz Hacxalılın şeirləri təqdim ediləcək.

Hafizin şeirləri fərqlidir, oxunaqlıdır, həm də düşündürücüdür. Təqdim etdiyi lirik etüdlər sanki tamaşa edirmişsən kimi canlıdır. Onun bir cümləlik şeirləri isə bir poetik yenilikdir.

Kəsilmiş ağacların ağrısının göyərməyinə yaz deyilir.

 

 

***

 

İlahi, bu adamlar

Çətin insan olalar.

 

 

***

 

Bu nə nəfəs, bu nə səsdi,

Dinləyin, Qədir oxuyur.

Oxumur ki, inildəyir,

Bağrını didir, oxuyur.

 

Ürək yara, can yarımcan,

Sona yetər həsrət haçan?

Xəyalında Şuşayacan,

Ağdama gedir, oxuyur.

 

Düşünərək sonumuzu,

Sağımızı, solumuzu,

Qardaş, ölən ruhumuzu

Bu səs dirildir, oxuyur.

 

Göydə uçan quşları da,

Gözümüzdə yaşları da.

Biz ürəyi daşları da

Bu səs əridir, oxuyur.

 

 

***

 

Bir ürək nəğməsi, bir könül şeiri,

Bir qaya üstündə bitən gül şeiri,

Şəhid məzarına qərənfil şeiri

Yaza bilmirəmsə, haram şairdi?..

 

Ömür bir əsimlik ötəri yeldi,

Ürək bənd uçuran bir dəli seldi,

Dərdim telli sazda “Baş sarıtel”di,

Ağrım müğənnidir, yaram şairdir.

 

 

BƏNÖVŞƏ

 

Yerindən, yurdundan oynatdım səni,

Gətirib dibçəyə əkdim, bənövşə.

Bir də boynun bükük qalmasın deyə,

Mən özüm nazını çəkdim, bənövşə.

 

Bir anlıq sevincə qaldım tamarzı,

Kədərsiz dinmədi könlümün sazı,

Sən yazı gözlədin, mən də o qızı,

Gözümü yollara dikdim, bənövşə.

 

Əsl aşiq olan haqdan dərd dilər,

Yeriməz, yüyürməz yükü dərdli nər,

Bizə bənzəyirmiş bütün dərdlilər,

Çökdükcə içimə çökdüm, bənövşə.

 

Dost gülsün, düşmənlər gülməsin deyib,

Güldüm gülüşümdə qəmi gizləyib,

Sevgimin, sevdamın gözünü, heyif,

Özüm öz əlimlə tökdüm, bənövşə.

 

Of, getdi gəncliyim hara, bilmədim,

Bu dərdlərdən can qurtara bilmədim,

Özümə bir yuva qura bilmədim,

Özgəyə min yuva tikdim, bənövşə.

 

 

***

 

Hər yerdə göyərçin var, amma dünyanın heç yerində sülh yoxdur.

 

 

***

 

Allah, sən qara qızları

Ağlara möhtac eyləmə.

 

 

***

 

Bəxtə düşən günə ömürdən demə,

Üzərlik nəfəslim, mənim qar ağım.

Sənsiz gecələrin mürəkkəbinə

Batıb qaralanır ömür varağım.

 

 

BİR QIZIN DEDİKLƏRİ

 

Saç ürəkdən su içirmiş,

Gözəl dedin, zalım qızı.

Bəlkə, elə ona görə

İllərdir ki, unutmadım

Uzun saçı ürəyindən

Su içən bir vəfasızı.

 

 

***

 

Səndən gələn dərdə şükür deyirəm,

Ürəyim bu dərdi çəkir, deyirəm,

Hər gün gözlərimə əklil deyirəm,

Gətirib qoyuram sən gələn yola.

 

 

***

 

Kəsilmiş ağacların ağrısının göyərməyinə yaz deyilir.

 

 

ALÇA AĞACINA

 

Qışdan sağ çıxıbsan, alça ağacı,

Mübarək bu yaşıl yarpaqların da!

Dünyanın ağrısı asılıb sanki

Hələ bərkiməyən budaqlarında.

 

Bu nədir, üzündə bıçaq yeri var?

Gözlərin min yerdən ağlayır sənin.

Körpə budağını qıran uşaqlar

Bilmir ki, ürəyin ağrıyır sənin?

 

Səni bura əkən ölübmü, sağmı?

Hər iki dünyada rəhmət qazanıb.

Ötən günlərini qaytaracaqmı

Dünyanın qaynayan zaman qazanı?

 

Nə vaxt çiçəklərin çevrilər bara?

Torpaqdan güc alıb böyü, ağacım.

Sən ümid eyləmə bu adamlara,

Yıxılıb dünyanın evi, ağacım.

 

Həyat əkir bizi dən-dən torpağa,

Kasıbı, varlısı çoxdu, inanın.

Anamız torpağa, Vətən torpağa,

Sizdən vəfalısı yoxdu, inanın.

 

 

DAĞLAR

 

Sizə gələn bu yolları

Yağı kəsib, yağı, dağlar.

Gözlərimdə yaşa dönüb

Ürəyimin yağı, dağlar.

 

Qatlanıbdı nər dizlərin,

Qan göyərdir gül düzlərin,

Gəl-gəl deyir nərgizlərin,

Gələmmirəm axı, dağlar.

 

Öldürəcək xiffət məni,

Əridibdi bu dərd məni.

İllərdir ki, həsrət məni

Hey yandırıb-yaxır, dağlar.

 

“Ədəbiyyat və incəsənət”

(27.02.2025)

 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.

 

Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.                    

 

 

 

Bu şərtlər daxilində fəaliyyət faydalı olar:

 

- Şəxsi və professional keyfiyyətlər texniki və maliyyə köməyi göstərmək imkanı ilə yanaşı partnyorluğun müvəffəqiyyətini müəyyən edir.

- Öz işçilərinizi diqqət və səylə toplayın. İşə götürməzdən qabaq onlardan məhz nə gözlədiyinizi müəyyən edin. Sizə öyrənməyi bacaran, öz səlahiyyətləri çərçivəsində müxtəlif tapşırıqları yerinə yetirə bilən işçilər lazımdır.

- Əməkhaqqının səviyyəsi vəzifənin vaciblik dərəcəsi və əmək təcrübəsinin qiymətləndirmə kriteriyalarından istifadə etməklə müəyyən edilir.

Əksər vəzifə və məşğulluq tipləri üçün qanun tərəfindən təyin edilmiş minimal əməkhaqqı dərəcəsi olduğundan, əmək haqqının real həcmi sizin məramlarınızla işçinin gözlədikləri arasında orta qiymətə bərabər olmalıdır.

- İşçilərdən gələn qarət və israfçılıq təhlükçəsi ən müvəffəq biznesi belə dağıda bilər. Onun qabağını almaq üçün siz etibarlı fiziki mühafizə sistemi qurmalısınız. Necə olursa olsun, işəgötürmə zamanı işçilərin ətraflı, diqqətlə öyrənilməsi cinayətlərdən qorunmaq üçün ən yaxşı təminatdır.

- İstehsalat binaları və avadanlıqla bağlı hər şey müəyyən edildikdən sonra siz ən azı bir il müddətinə əməliyyat xərclərinizin ödənilməsi üçün kifayət qədər pul vəsaitinizin olması barədə əsaslı şəkildə düşünməlisiniz.

Biznesdə uğursuzluğun əsas səbəblərindən biri start kapitalının kifayət qədər olmamasıdır. Odur ki, biznesin həyata keçirilməsi prosesi ərzində maliyyə tələbatını qiymətləndirmək üçün siz partnyorlarınızla birgə hesablamalar üzərində diqqətlə işləməlisiniz.

- Öz şəxsi vəsaitlərinizin cəlb olunması çox zaman sizin biznesinizin maliyyələşdirilməsində ilk addımdır. Faktiki olaraq, bu sizin öz şəxsi işinizə  nə dərəcədə ciddi yanaşdığınızı göstərir. Sizin öz şəxsi pullarınızla riskə getməyiniz digərlərini də sizin biznesə isvestisiyalar qoymağın məqsədəuyğun olmasına əmin edir. Şübhəsiz, əsas maliyyələşdirmə mənbələri isə banklardır. Digər maliyyələşdirmə mənbələri – kommersiya-maliyyə kompaniyaları, regional inkişaf proqramlarını təmin edən kompaniyalar, sığota kompaniyalarıdır. Əmtəə krediti, qiymətli kağızların emissiyası, lizinq isə borc vəsaitinin cəlbedilmə variantlarıdır.

- Kredit almaq üçün öncə özünüzə üç sual verməlisiniz: «Kreditdən necə istifadə edəcəksiniz?», «Hansı həcm borc vəsaitinə sizin həqiqətən  ehtiyacınız var», «Krediti necə qaytaracaqsınız?».

- Unutmayın, marketinq sizin biznesin ən vacib təşkilatlanma alətidir. Marketinqin dörd əsas aspekti mövcuddur: 

 - məhsul: satdığınız əmtəə və ya xidmət;

- qiymət: öz əmtəəniz və ya xidmətiniz müqabilində aldığınız pul;

- irəliləmə: sizin bazarda özünüzü təqdim etdiyiniz üsullar – siz kimsiniz, nəçisiniz və haradasınız;

- təminat: sizin malı istehlakçıya çatdıran kanallar.

Aydındır ki, marketinq sadəcə reklam və satışdan başqa digər xeyli şeyi əhatə edir. Məsələn, marketinqin əsas hissəsinə sizin müştərilərin öyrənilməsi prosesi daxildir.

Onlar nə istəyirlər?

Onlar özlərinə nəyi rəva görə bilərlər?

Onlar nə düşünürlər?

Sizin sualları anlamaq və formalaşdırmaq qabiliyyətiniz və həmin sualların cavablarını təcrübədə tətbiq etməyiniz biznesdə uğlur qazanmağınızda başlıca rol oynayır.

- Bazar payının və bazar potensialının müəyyən edilmə prinsipləri də çox vacibdir. İlk olaraq öz istekhlakçınızı (kim) və bazarın həcmini (nə qədər) müəyyən edin. Bu, bazarın ümumi potensialıdır. Rəqiblərinizin sayı və gücünü bildikdə və onlardan ala biləcəyiniz bazar payını qiymətləndirdikdən sonra siz konkret olaraq öz müəssisəniz üçün bazar potensialını almış olacaqsınız.

- Sizin biznesin artım templəri sizin reklam kampaniyasını nə dərəcədə yaxşı planlaşdırıb həyata keçirmənizdən asılıdır. Bu, sizin kampaniyanın imicini formalaşdıran əsas faktorlardan olduğundan, reklam kampaniyası yaxşı planlaşdırılmalı və maliyyə resursları ilə təmin edilməlidir. Sizə effektiv reklam strategiyasının işlənib hazırlanmasında kömək edəcək yerli reklam agentliyini dərhal müəyyənləşdirməli və onunla əlaqəyə girməlisiniz.

- Biznesin həyata keçirilməsi üçün yer seçiminə sərf etdiyiniz vaxt və səylər sizin işinizin uğur və ya iflasını birbaşa təmin etmiş ola bilər. Biznesin həyata keçirilmə yerini seçərkən siz sahənin xüsusiyyətləri, potensial bazar, əlçatan işçi qüvvəsi, rəqiblərin sayı və gücü kimi amilləri nəzərə almalısınız.

Biz bəzi şərtlərə baxdıq. Artıq siz müstəqil hazırlığı bitirmisiniz, biznes-planı işləyib hazırlamısınız, harada (hansı sahədə) işləyəcəyinizi bilirsiniz, nə qədər pul lazım olacağını hesablamısınız, siz öz işçiləriniz, tədarükçüləriniz və bazar imkanlarınız haqqında zəruri informasiyaya maliksiniz. Planlarınızın mütləq obyektiv kənar qiymətə ehtiyacı var. Kənar obyektiv qiymətləndirmə üçün regionunzdakı ekspertlərlə əlaqəyə girin. Qərarınızda əmin olduqdan sonra işə başlayın. Uğur mütləq sizi tapacaq!

 

“Ədəbiyyat və incəsənət”

(27.02.2025)

 

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

 

 

 

Əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Oğuz rayon Tarix-Diyarşünaslıq muzeyi rayon ərazisində fəaliyyət göstərən Xocalı rayonun Garagav kənd orta məktəbində “Xocalı fəryadı” adlı ədəbi-bədii gecə keçirib.

 

 

 

İlk olaraq Xocalı faciəsi qurbanlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib,“Xocalı harayı” adlı film nümayiş olunub.

 

Daha sonra muzeyin əməkdaşı Xocalı faciəsi haqqında ətraflı məlumat verib. Xocalı soyqırımının Azərbaycan xalqına qarşı törədilən ən ağır cinayətlərdən biri olduğunu, Xocalı təkcə hüzn deyil, eyni zamanda,bir millətin əyilməz ruhunun sarsılmaz iradəsinin simvolu olduğunu qeyd edib.

 

Tədbirin bədii hissəsində məktəblilərin Xocalı faciəsinə həsr olunmuş kompozisiyası təqdim edilib, video-sujetlər nümayiş olunub.

 

Sonda şagirdlərin Xocalı həqiqətlərini əks etdirən rəsmlərindən ibarət sərgiyə kollektiv baxış keçirilib.

 

 

 

“Ədəbiyyat və incəsənət”

 

(27.02.2025)

 

 

 

                                                             

 

 

 

 

 

 

 

 

 

 

 

 

Cümə axşamı, 27 Fevral 2025 11:29

Xocalı: Diriliş Simfoniyası - ESSE

Hörmətli “Ədəbiyyat və incəsənət”!

Mən yeni məzun olmuşam, adım İlahə Allahverdiyeva, jurnalistəm. Xocalı ilə bağlı yazdığım məqaləmi nəşr etsəniz bir vətən müharibəsi veteranı ailəsi olaraq çox şad olarıq.

 

Günəş yenidən Xocalının üzərinə şəfəq saçır, lakin bu dəfəki doğuş, 33 il əvvəlki zülmət gecənin əksinə olaraq, ümidin, qələbənin, oyanışın rəmzi kimi parlayır. Şəhərin xarabalıqları arasında Azərbaycan bayrağı, sanki bu oyanışın canlı şahidi kimi, fəxrlə dalğalanır. Bu bayraq, hər bir azərbaycanlının qəlbindəki yaraların sağalmasının, ədalətin təntənəsinin simvolu, eyni zamanda zamanın səssiz, lakin mənalı hekayəsini nəql edir.

30 il əvvəl bu torpaqlar qanla suvarıldı. İnsanlığa yad vəhşiliklər törədildi. Günahsız sakinlər, qadınlar, körpələr, qocalar amansızcasına qətlə yetirildi. Diri-diri yandırılanlar, başları kəsilənlər, gözləri çıxarılanlar... Bu sarsıdıcı səhnələr hər bir azərbaycanlının yaddaşına silinməz izlər həkk etdi. Xocalı bəşəriyyətin qara ləkəsi oldu. Bu dəhşətli hadisələrin ardınca, illər boyu davam edən bir susqunluq hökm sürdü.

Lakin bu zülmət gecənin ardınca dan yeri söküldü. Artıq Xocalı üçün yeni bir başlanğıcın özülü qoyulub. Şəhər, sanki illərlə çəkdiyi əzabdan sonra dərindən nəfəs alır. Hər bir daşında, hər bir küçəsində illərin izi, illərin ağrısı var. Amma bu ağrı, artıq ümidin, zəfərin, dirçəlişin ağrısına çevrilib, sanki köhnə yaraların sağalma prosesindəki narahatlıq kimi hiss olunur. Bu, keçmişin kölgəsindən qurtularaq, gələcəyə doğru atılan cəsarətli addımların ağrısıdır. Bu addımlar, illərlə gözlənilən anın gəlişini xəbər verir.

Budur, məktəb zənginin səsi, illər sonra yenidən Xocalı səmasında əks-səda verir. Uşaqların şən gülüşləri, sanki şəhərin küçələrində yeni bir nəğmə kimi eşidilir. Bu gülüşlər, illərlə boğulan səslərin əvəzidir. Valideynlərinin, nənə-babalarının danışdığı Xocalı rəvayətlərini, indi öz gözləri ilə görürlər. Onlar, Xocalının sabahı, bu sabah isə yenidən yazılmağa başlanan bir dastandır.

Yaşlı nənələr, əllərində toxuduqları xalçalarla, həsrət qoxan illərin ardından yenidən öz evlərinin həyətində otururlar. Onların baxışlarında, həm illərin kədəri, həm də qələbənin sevinci var. Onlar Xocalının ruhu, bu ruh isə azadlığa qovuşan bir simfoniyanın notlarıdır. Bu notlar, illərlə səssiz qalan qəlblərin nəğməsidir.

Gənc analar, körpə uşaqlarını qucaqlarında, yenidən öz doğma şəhərlərində gəzirlər. Onların nəzərlərində, həm keçmişin xatirələri, həm də gələcəyə inam var. Onlar, Xocalının ümidi, bu ümid isə cücərməyə başlayan bir toxumdur. Bu toxum, illərlə basdırılan arzuların simvoludur.

Azərbaycan əsgərləri, illər sonra yenidən Xocalının küçələrində, qürurla addımlayırlar. Bu igidlərin baxışlarında, həm vətən məhəbbəti, həm də qələbənin fəxri var. Onlar, Xocalının qəhrəmanları, bu qəhrəmanlıq isə öz zirvəsinə çatan bir zirvədir. Bu zirvə, illərlə davam edən mübarizənin nəticəsidir.

Xocalının azadlığı, təkcə coğrafi ərazi deyil, həm də mənəvi zəfərdir. Bu, illərlə davam edən mübarizənin, xalqın iradəsinin, Vətən sevgisinin təntənəsidir. Oyanan ümid, bu gün daha da möhkəmlənib, sanki kökləri daha da dərinə işləmiş bir ağac kimi. Xocalı, yenidən dirçəlir. O, öz doğma sakinlərinə qovuşduqca yaraları sağalacaq, yeni bir həyata başlayacaq.

Xocalıya sancılan bayraq, bu gün daha da yüksəklərə dalğalanır. Bu bayraq, hər bir azərbaycanlının qəlbindəki inamı, ümidi, qüruru yenidən alovlandırır. Bu gün Xocalının səmasında yalnız zəfər sədaları eşidilir, torpaq isə öz azadlığının nəfəsini alır. Çünki artıq Xocalı azaddır!

 

“Ədəbiyyat və incəsənət”

(27.02.2025)

   

Cümə axşamı, 27 Fevral 2025 11:04

Qəzəb – Güc, yoxsa zəiflik? - ESSE

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

 

İnsanlar müxtəlif duyğularla yaşayır: sevinc, kədər, qorxu, qəzəb, təəccüb, utanc və s. Ancaq bu duyğuların içində ən çılğını və idarə olunması çətin olanı qəzəbdir. Qəzəb bəzən haqsızlığa qarşı mübarizə aparanda bir gücə çevrilir, bəzən də bir alov kimi hər şeyi yandırıb kül edə bilər.

 

Bəs insan niyə qəzəblənir? Onu qəzəbləndirən nədir?

Haqsızlıq, başa düşülməmək, yanlış anlaşılmaq, xəyanət, təzyiq, bəzən də illərdir içimizdə yığılıb qalmış hadisələrin bir anda üzə çıxması. Bəzən bu duyğu ani olur və o zaman daha təhlükəli hal alır. Ani ortaya çıxan qəzəb insana sonradan peşman olacağı sözlər dedizdirə, davranışlar sərgilədə bilər. Bu zaman insan özünü idarə edə bilmir. Emosiyalarına yenik düşərək nəzarəti itirir və daha şiddətli halında daha böyük fəlakətlərə yol aça bilir. Əgər insan özünü düzgün şəkildə idarə edə bilsə, qəzəb onu məhv etmək əvəzinə daha güclü biri edər. Qəzəb düzgün idarə olunduğu zaman insanın ən güclü silahına çevrilir.

Nəticə olaraq, qəzəb nə tam zəiflikdir, nə də güc. Önəmli olan onun bizi idarə etməsi yox, bizim onu idarə edə bilməyimizdir. O, insana aid bir duyğudur. Biz qəzəbi tamamilə yox edə və ya yalnız onu içimizdə bəsləyə bilmərik. Ancaq bacardığımız qədər onu idarə etməyi öyrənməli və içimizdə basdırmağa çalışmaq əvəzinə doğru istiqamətə yönəltməyi bacarmalıyıq.

 

“Ədəbiyyat və incəsənət”

(27.02.2025)

 

 

Qazaxıstan Respublikasının Rəqəmsal İnkişaf, İnnovasiyalar və Aerokosmik Sənaye Nazirliyinin nümayəndə heyəti “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti və burada tətbiq olunan innovativ həllərlə yaxından tanış olmaq məqsədilə ölkəmizə səfər edib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən məlumat verilib.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov  Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və Dövlət Agentliyi tərəfindən sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. 

 

Görüşdə tərəflər arasında “ASAN xidmət” təcrübəsinin Qazaxıstan tərəfi ilə paylaşılması, eləcə də dövlət xidmətlərinin təkmilləşdirilməsi sahəsində əməkdaşlıq barədə Anlaşma Memorandumun imzalanması ilə bağlı ilkin razılığa gəlinib. 

 

 

Səfər çərçivəsində “ASAN xidmət” və burada tətbiq olunan innovativ həllərlə bağlı Dövlət Agentliyinin müxtəlif struktur bölmələri tərəfindən geniş təqdimatlar edilib və müzakirələr aparılıb.

 

 

Bundan əlavə qonaqlar Bakı şəhərində yerləşən “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinin, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin, “ABAD” publik hüquqi şəxsin, “Bilim Bakı” mərkəzinin, 108 Çağrı Mərkəzinin və ASAN Radio/TV-nin fəaliyyəti ilə tanış olublar.

 

“Ədəbiyyat və incəsənət”

(27.02.2025)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Təbrizdə yaşayan Mərcan Manafzadədir.

 

Mərcan Mənafzadə

Təbriz

 

EY MAVİLİYİM

 

Səndən gəlir ağrılarım

Günəş damlalanır səsindən

İşıqlar çələngi

Ağacların

İsti gülüşüdür səsin

Polislərin qalabalığı

Yaşıl sətirlərin sözcüyüdür səsin.

 

Ah... Səni hardan alım?!

Şirin yuxu kimisən

Əmlik quzu kimisən.

 

Söylə...

Neçə göz yaşı bitir gözlərində

Neçə?

Neçə?

Neçə?

Əllərin məhşər saatımdı

Qiyamətimdi... Ey maviliyim...

 

“Ədəbiyyat və incəsənət”

(27.02.2025)

 

101 -dən səhifə 2132

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.