Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”
İnsanlar müxtəlif duyğularla yaşayır: sevinc, kədər, qorxu, qəzəb, təəccüb, utanc və s. Ancaq bu duyğuların içində ən çılğını və idarə olunması çətin olanı qəzəbdir. Qəzəb bəzən haqsızlığa qarşı mübarizə aparanda bir gücə çevrilir, bəzən də bir alov kimi hər şeyi yandırıb kül edə bilər.
Bəs insan niyə qəzəblənir? Onu qəzəbləndirən nədir?
Haqsızlıq, başa düşülməmək, yanlış anlaşılmaq, xəyanət, təzyiq, bəzən də illərdir içimizdə yığılıb qalmış hadisələrin bir anda üzə çıxması. Bəzən bu duyğu ani olur və o zaman daha təhlükəli hal alır. Ani ortaya çıxan qəzəb insana sonradan peşman olacağı sözlər dedizdirə, davranışlar sərgilədə bilər. Bu zaman insan özünü idarə edə bilmir. Emosiyalarına yenik düşərək nəzarəti itirir və daha şiddətli halında daha böyük fəlakətlərə yol aça bilir. Əgər insan özünü düzgün şəkildə idarə edə bilsə, qəzəb onu məhv etmək əvəzinə daha güclü biri edər. Qəzəb düzgün idarə olunduğu zaman insanın ən güclü silahına çevrilir.
Nəticə olaraq, qəzəb nə tam zəiflikdir, nə də güc. Önəmli olan onun bizi idarə etməsi yox, bizim onu idarə edə bilməyimizdir. O, insana aid bir duyğudur. Biz qəzəbi tamamilə yox edə və ya yalnız onu içimizdə bəsləyə bilmərik. Ancaq bacardığımız qədər onu idarə etməyi öyrənməli və içimizdə basdırmağa çalışmaq əvəzinə doğru istiqamətə yönəltməyi bacarmalıyıq.
“Ədəbiyyat və incəsənət”
(27.02.2025)