Super User
“Adam istəsə, bənövşə olar...” - Mina Rəşidin şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Mina Rəşidin şeirləri təqdim edilir.
Xocalı laləzarı
Burda qırmızı lalələr
Saya gəlməz, Xocalı...
Qırmızı köynək geysən də,
Dərd köhnəlməz, Xocalı!
Gözümüzün biri gülər,
Biri ağlar, Xocalı.
Bu lalələr min dərdimə
Məlhəm olar, Xocalı!
Bu laləzar qırğınlara,
Qadalara "Yox!" deyər.
Düşmənə meydan oxuyar,
"Gözəlliyə bax!" deyər.
Şəhid ruhlarını oxşar,
Məzarları qucaqlar.
Bu laləli yurdda yenə
Gur yanacaq ocaqlar.
Hər şey yaxşı olacaq
Bunu özün bilirsən,
Hər şey könüldən başlar.
İstər güldürər səni,
İstər qaralar bağlar.
Sənə qəlbin pıçıldar:
- Hər şey yaxşı olacaq.
Çoxu elə qəlb qırar,
İnsan olmaq istəməz.
Adam var, bir xoş sözü
Başqasına söyləməz.
Sən özünü unutma...
Ürəyin döyündükcə
Dinlə, sənə nə deyir:
- Hər şey yaxşı olacaq.
Haqq-hesaba çəkmirsən
Bilirəm, adamları.
Heç üzə də vurmursan
Nə qədər olanları.
Ürəyinə salırsan...
Qıyma, özünə qıyma,
Hər şey yaxşı olacaq.
Adamlardan incimək
Sənə yaraşmır, könül!
Adamlar günəş deyil,
adamlar gülüş deyil...
Hələ ulduz görməyən
Adam səni nə görsün?!
Yağışla rəqs etməyən
Adamlar necə gülsün?..
Çəmənlərin, çöllərin,
Dağların aşiqisən.
Sən günəşi, yağışı,
Ağacları sevirsən...
Qəlbini dinləyən var,
Şükür, Allaha şükür!
Əsən külək də deyir:
- Hər şey yaxşı olacaq.
- Hər şey yaxşı olacaq!
Adam istəsə,
bənövşə olar...
...Avtobusa bənövşə mindi, deyəsən,
Bənövşə qoxusu bürüdü havanı.
Demək, adam istəsə, bənövşə olar,
qızılgül olar, günəş olar, bulud olar...
Adam istəsə, dünyanı dəyişər -
Müharibələr olmaz, uşaqlar ölməz.
Amma o dünyaya kin bəsləyir,
Adam insan olmaq istəmir hələ,
robot olmaq istəyir...
Səni heç sevməyən varmı?
Günel Natiq üçün...
Sən insana qardaş oldun,
Mehriban oldun quşlara.
Dərdinə dəryalar qurban,
Qəmin dağlara, daşlara.
Dərd insanla yoldaş olar.
Qar alar dağın başını.
Tufan dağa neyləyəcək?!
Dağlar söyləməz yaşını.
Sən bir günsən, sən bir elsən,
Səni heç sevməyən varmı?!
Yaradan da sevir səni,
Yoxsa, bu sınaq olarmı?
Biz simurq quşu kimiyik,
Külümüzdən doğularıq.
Hər gün təzə arzularla
Qəlbimizdən doğularıq.
Sübh çağı dua elədim,
Kaş mələklər alqışlasın.
Sənə bir zaval gəlməsin,
Allah bizə bağışlasın.
Bu qədər dəymə könlümə
Nifrətdən ölərsən, qadın,
Üzündə bir işıq saxla.
Gözlərində bir təbəssüm,
İzində yaraşıq saxla.
Gör, necə çirkin olursan,
İlan kimi baxışlarla.
Üst-başından zəhər yağır,
Neyləyirsən qarğışlarla?
Güləndə nar çiçəyitək
Sevimli, gözəl olursan.
Bu qədər dəymə könlümə,
Vallah, ahımı alırsan...
Sənsiz
Sənsiz nə bu güllərin ətri gələr,
Nə də ağaclar belə titrəyər,
Bax, bu yağışın damlaları da
qüssə kimi yağar üstümə,
Günəş də məndən küsər,
Özümü öldürsəm də, qəlbimi isitməz
sənsiz...
Səni sevdim, İlahi!
Qəlbimə bir işıq düşdü,
Sevdim, sevdim, İlahi!
Sevdiyimdən daha artıq
Səni sevdim, İlahi!
Sənsən mənə qanad verən,
Süzürəm göy üzündə.
Bu həminki dünyadırmı?
Çox dəyişdi gözümdə…
Simurq quşuna dönmüşəm,
Külümdən doğulmuşam.
Məni başdan yaratmısan,
Yenidən doğulmuşam.
Sən mənim
nağıl dünyamsan
Sən mənim nağıl dünyamsan
Gerçək olmadın, olmadın.
Qəlbimdəki naxışlartək
Göyçək olmadın, olmadın.
Xəstəyə dərman deyilsən,
Nə olsun ki, inadın var.
Sən də adi adammışsan,
Sanırdım ki, qanadın var.
Heyif, nağıl gerçək olmur,
Göy üzünə yad adamsan.
Səni heç qınamıram ki,
Bu dünyanın adamısan.
Ağappaq işığa
boyanıb dünya
Necə adi idi dünən bu dünya,
Ay tale ulduzum, günəş bənizlim.
Dünya boz rəngdədi, onun naxışı
Bir sənsən, bir də ki, mənəm, əzizim.
Sanki şaxtalı qış dönüb bahara,
Ağ ləçəklər yağır göyün üzündən.
Ağappaq işığa boyanıb dünya,
Elə bil, çiçəklər düşüb izimə.
Səninlə yenidən doğulmuşam mən,
Dağı dağ üstünə qoya bilərəm.
Sən mənə ilahi bir hədiyyəsən,
Sənsiz günəş sönər, sənsiz ölərəm.
Sərçə
Adamlar səndən dərs götürsün gərək, sərçəcik.
- Cik-cik-cik...
Səsində həyat eşqi, ümid var,
soyuqdan, kindən, paxıllıqdan
deyirsən, hələ ölməmişəm, yaşayıram...
balaca olsan da,
qərib könlümü oxşadın bu səhər,
cik-cik-cik...
səsinə qurban, sərçəcik!
Olmazmı?
Bir-birinə güllə atmaq yerinə
çiçək bağışlamaq,
nifrət əvəzinə təbbəssüm etmək,
acılamaq yerinə
xoş söz söyləmək olsaydı...
olmazmı?
Yenidən doğulmaq,
tərtəmiz, işıq kimi bir ürəklə...
Axı bizi yaradan var,
sevgi ilə yaradan,
O gözəl Xaliqə haqqını qaytaraqmı?
Ulduz
De, nə axtarırsan, tapa bilmirsən?
Getdikcə adamı udur bu dünya.
Dünyanın üzünü görmək çətindi,
Bir Allah bilir ki, nədir bu dünya.
Biri dövlətindən asılıb gedir,
Biri şöhrətinə vurulub gedir.
Bər-bəzək dünyanın örtüb üzünü,
Təkəbbür adamı oyuncaq edir.
Özünü hamıdan ağıllı sanır
Bir könüldən xəbər bilməyən adam.
Şəkildə gör, necə gülümsəyir, bax,
Üzümə bircə yol gülməyən adam.
Özündən xəbəri yoxdu yazığın,
Bilmir ki, dünyada adi qonaqdı.
Unudub göydəki ulduzları da,
Bu ulduz bilmir ki, həyat sınaqdı.
Yaxşılıq
Quşlara qoşulub nəğmə deyirəm,
Budaqlar əl çalır, çiçəklər gülür.
Sular xəyalımı çəkib aparır,
Göy otlar qəlbimdən kədəri silir.
Günəş heç bilmir ki, təkəbbür nədir,
Elə təbəssümlə baxır üzümə.
Göy üzü tərtəmiz nur dənizidi,
Min bir naxış vurur adi sözümə.
Sözümlə dünyanı qucaqlayıram,
Dünya gülümsəyir doğma nəfəsdən.
Könlümdən pəncərə açdım yollara,
Qəlbim azad oldu dar qəfəsindən.
Bircə təbəssümlə dəyişər insan,
İntihar etməyi buraxıb gedər.
Sənə savab düşər, ona yaşamaq,
Həyat dəyərlidir yaxşılıq qədər.
“Ədəbiyyat və incəsənət”
(08.10.2024)
ƏN YENİ POEZİYA: Cəlil Cavanşir, “Ana, mən qorxuram ölməkdən...”
“Ədəbiyyat və incəsənət” portalının Ən yeni poeziya rubrikasında bu gün şair Cəlil Cavanşir növbəti kədər yüklü şeirini təqdim edilir.
Necə deyərlər, mürəkkəbi hələ qurumamış bu şeiri isti-isti sizlərə çatdırırırq.
Ana, mən qorxuram ölməkdən...
bir gün çıxıb gedəcəyəm, sakit, səssiz-səmirsiz
nə günəş batacaq gedişimlə, nə ulduz axacaq
nə tufan qopacaq...
bəlkə qızım ağlayacaq üç gün,
sonra kiriyib susacaq
oğlum bir qız sevəcək hansısa uzaq şəhərdə,
və bir də,
getdiyim yollara baxacaq anam...
ana, mən getməyə qorxuram...
...arxanca baxan yoxdursa, ən yaxşısı getməkdi...
bir gün çıxıb gedəcəyəm, elə-belə, səbəbsiz
bir yarpaq düşəcək səssiz
bir şeir yarımçıq qalacaq dəftərimdə
bir söz donacaq dilimin ucunda,
məsələn, “əlvida”...
kimsə darıxacaq başqa bir şəhərdə,
kimsə əl yelləyəcək uzaqda...
nə zülümlə qopardım bu yaşımı əcəldən,
mən ki yol adamıyam,
mən yolçuyam əzəldən...
...arxanca baxan yoxdursa, yaxşısı dönməməkdi...
bir gün çıxıb gedəcəyəm, ən sonuncu qatarla
bir xəyal sürətilə, yoxa çıxıb itəcəm
yəni səssiz gedəcəm,
mən səbəbsiz gedəcəm...
boşaldıb ağrıları ürəyimin içindən
itəcəyəm hamının
və hər kəsin gözündən...
nə xatirəm qalacaq kiminsə ürəyində,
nə ağlayan olacaq...
heç kəs darıxmayacaq.
bir gün məktub yazacam qürbətdən:
“ana, mən qorxuram ölməkdən...”
...arxanca baxan yoxdursa, getmək elə ölməkdi...
“Ədəbiyyat və incəsənət”
(08.10. 2024)
POETİK QİRAƏTdə Əlizadə Nurinin “Salam olsun...” şeiri
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik qiraətdə sizlərlə yenidən daimi müəllifimiz Əlizaəd Nuridir. Bu dəfə şair “salam olsun” söyləyir…
Xoş mütaliələr.
Salam olsun...
Yaxınları öpüb keçdim,
Uzaqlara salam olsun.
Hər gün bir arzu böyüyən
Uşaqlara salam olsun...
Salam, ŞƏHİD, salam, QALAM!
Ay ömrü sətirdə qalan...
...Oğul ölən,açıq qalan
Qucaqlara salam olsun..!
Öz yurdunmuş bu sildiyin,
Çətin günündə sindiyin...
Tüstüsündə isindiyim
Ocaqlara salam olsun...
“Ədəbiyyat və incəsənət”
(08.10.2024)
Elşənin kitab oxuması, əslində, hamımıza faydalıdır
Murad Vəlixanov, “Ədəbiyyat və incəsənət”
Filmlər və ədəbiyyat…
Adətən bu mövzulu yazıda öncə bu iki məfhumun ümumi və spesifik cəhətlərindən söz açmaq lazım gəlir. Amma kitab və film arasında zaman anlayışı o qədər böyük, eyni zamanda, o qədər kiçikdir ki...
Sözsüz ki, kitab filmdən qat-qat qədimdir. Kitab kuldur, mədəniyyətin ilki, təsdiqi, sivilizasiyanın fəxridir. Kitabı olmaq dəyəri olmaq deməkdir. Film isə gənc, cazibəli bir "oğru"dur. O, kitabdan süjetləri, mövzuları, hətta oxucuları oğurlayır.
Kitab, musiqi və teatr. Orta əsrin ruhi qidası bunlar idi. Romanlar oxuyur, musiqi dinləyir, teatra gedirdilər. Ötən əsrin ortalarından bədii ədəbiyyat oxuyanların çoxunu kino "oğurladı"- böyük bir qismini seriallara aludə etdi. Amma kitabın nüfuzu böyük idi, onun sayəsində minlərlə ekran əsəri yaransa da, bədii ədəbiyyatın kino həlli bir çox hallarda müəllif təxəyyülündən, oxucunun kitabda görüb təsirləndiyi dünyadan geri qalırdı.
Azərbaycan filmlərində də kitab və mütaliə mövzusu müxtəlif rakurslarda əksini tapıb. Bu xüsusda iki uşaq filmini qeyd etmək istərdim. Rejissor Əlisəttar Atakişiyevin "Bir qalanın sirri"ndə qəhrəman - Elşən kitab oxuyur. Bu vacib ştrixdir. O həm fiziki güclə, həm də kitabların köməyi ilə qəhrəman olur. Kitab tilsimləri sındırır. Film uşaqlarda kitaba sevgi, həvəs aşılayır, bu isə çox böyük işdir. Uşaqlara kitabı sevdirmək...
Həmin rejissorun “Sehrli xalat” filmində kitabın texniki inkişafı haqqında sanki öncəgörmə kimi epizod mövcuddur. Gələcəyə düşmüş uşaqların əlində müasir elektron kitablar var. Həmin kitablar günümüzün planşetlərinə, "e-book-reader"ə çox bənzəyir. Filmlər çin çıxır.
Şəkildə: “Bir qalanın sirri” filmindən kadr
“Ədəbiyyat və incəsənət”
(08.10.2024)
“İŞĞALA” SON QOYMALI!!! - Söhbət xarici dillərin işğalından gedir
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
İldə 5-6 dəfə həkim müayinəsi və müxtəlif münasibətlərlə Bakı şəhərində oluram. Hər gəlişim-gedişin isə 4-5 gün çəkir. Son səfərim bir neçə gün artıq çəkdi.
Fürsətdən istifadə edib, bir vaxtlar çox gəzib-dolaşdığım gözəlim küçələri bir daha gəzmək könlümdən keçdi. Gəzib dolandıqca bir daha Bakının çox inkişaf etdiyinin, xeyli gözəlləşdiyinin şahidi oldum. Buna sevindim, qürrələndim.
Əvvəl elə bildim ki, hansısa xarici ölkədəyəm. Amma yanımdan ötüb-keçənlərin şirin-şəkər ana dilimdə danışdıqlarını eşidib ayıldım. Ayıldım və çox dilxor oldum, əsəbiləşdim, qeyzləndim. Sanki mənim Bakım xarici dillərin “işğalına” məruz qalıb.
Şəhərin küçə və meydanlarındakı yazılarda, məkanların adlarında Azərbaycan dilinin küncə sıxılıb tapdanması, Azərbaycan əlifbasının ələ salınması, xalqımın milli qürurunun və milli varlığının nişanəsinin nüfuzdan salınması məni çox narahat etdi. Akademik Teymur Hacıyevin haqlı olaraq, bir vaxtlar yazdığı sözlər yadıma düşdü: “Mən ötəri saymışam. Bakının küçə və meydanlarındakı yazılarda ən azı 12 dildən və elə o qədər də əlifbadan, həm də son dərəcə qarışıq şəkildə istifadə olunur. Çox ölkələr gəzmişəm, amma dünyanın heç bir ölkəsində dilə qarşı bu qədər hörmətsizlik görməmişəm”.
Siz Allah, bəzilərinin adını sadalayım, özünüz də baxın. Bəlkə, mən düz demirəm?Bank adları - ”Bank of Baku", “Bank of Azerbaijan”; şadlıq sarayları: “Niaqara”, “Neolit”, “Siyaqut”; gözəllik salonları: “Jozefina”, “Dolche Vita”, “Miss Scarlett”, “Angels”, “Cinemadonna”; dükan adları: “Magic”, “Accesqorize”, “Arsigle”, “Enjoyment”, “Baldinini”, “Carpets”, “Ambiance”, “Lodro”, “Brigeston”, “Bind”, “İqoloçka”, “Ariston”, “Albatros”, “N&M, A? mart”, “Sladko”, “Meçta xozyayki”; mebel evləri: “Arstil”, “Belux mebel”, “Home Life Mebel”, geyim mağazaları: “BebeTom” (körpə-bəbə Tom), “Eurokids” (avropalı uşaq), “Bandido” (quldur), "Samuray", “Killer” (başkəsən), “Second hand” (nimdaş, köhnə paltar, ölü paltarı) və s. “Hətta iş o yerə çatıb ki, bapbalaca gül dükanını ”FloversHouse", avtoyuma qarajını “Evro yuma” adlandırıblar. (Apardığımız bir neçə sorğu göstərdi ki, obyektlərin işçilərinin özləri belə o adların mənasını bilmirlər.)
Dilimizin təəssübkeşlərindən biri, görkəmli şairirimiz B.Vahabzadə məhz belələrini nəzərdə tutaraq yazırdı:
Bir vaxt rusca idi bütün reklamlar.
İndi ingiliscə dürtülür gözə.
İtin də dilinə hörmətimiz var,
Təkcə öz dilimiz yaramır bizə.
Bu siyahıda göstərilən adlar heç Bakıdakı əndirabadi adların bir faizi də deyil. Belə qəribə adda obyektlər yüzlərlədir. (Artıq regionlarda da belə adların sayı artmaqdadır.) İndi siz deyin: bu, Bakının xarici dillərin “işğalına” məruz qalması deyil, bəs nədir?! Niyə həmin adların altında onların dilimizdəki mənası oxunması mümkün olmayacaq dərəcədə kiçik yazılır? Bu, məlum tamaşada Balaşın öz valideynlərini qonaq qabağına çıxarmaqdan “utanmasını” və bir otağa qapamasını xatırladır mənə.
Qeyd etmək yerinə düşər ki, “Dil haqqında” Qanunun 17-ci maddəsinə əsasən, hüquqi şəxslərin, onların nümayəndəliklərinin, filiallarının və idarələrinin adları Azərbaycan dilinin normalarına uyğun yazılmalıdır.
“Reklam haqqında” Qanuna görə də reklamda dövlət dili işlənilir və bu, dövlət dilinin normalarına uyğun olaraq tətbiq edilməlidir. Zəruri hallarda reklamda dövlət dili ilə yanaşı, digər dillər də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir.
Bu qanunların tələbi həm yerli, həm də xarici iş adamları üçün məcburidir. Amma bunlara nə qədər əməl olunur? Demək olar ki, çox pis əməl olunur, həm də bu işlərə zəif nəzarət edilir. Məncə, əsas günahkarlar həmin obyektlərin açılmasına rüsxət verən dövlət qurumları və onların məmurları, bu işlərin monitorinqini aparan qurumlar, həmçinin həmin obyektlərin sahibləridir.
Təəssüf ki, indi də ingilis dili bilməyən sahibkarlar belə öz dükanlarının, ofislərinin və istehsal etdikləri bəzi məhsulların adlarını ingilis dilində yazırlar. Acınacaqlısı odur ki, yuxarıda da dediyimiz kimi, bunların içərisində çoxlu “ziyalı”larda var.
Vaxtı ilə “Molla Nəsrəddin”in səhifələrində amansız tənqid olunan bu “obrazovonlulara” ulu öndərin bir öyüdünü xatırlatmaq istərdik: ”Öz dilinizi unutmayın və öz ana dilinizi heç bir başqa dilə dəyişməyin”.
Bizim “obrazovonlular” anlamalıdırlar ki, dil hər bir kəsin özünə məxsus əşya deyil. Ana dili millətimizin namusudur. Namus isə paltar deyil ki, onu havaya və fəslə görə dəyişəsən. Bu dil bizi dünyaya gətirən anamızın dilidir. Atalar demişdir: ”Dilini bilməyən anasını tanımaz”. Böyük Üzeyir bəy ana dilini bilməyənləri “zavallı”, ulu öndərimiz H.Əliyev isə “şikəst adamlar” adlandırırdı. Nə qədər haqlı və sərrast deyilmişdir!
Kimsə deyə bilər ki, belə şeyləri böyütmək lazım deyil, bu bizim sahibkarların fəaliyyətinə mane ola bilər. Səhv düşüncədir. İş adamlarımızın (onların çoxu ziyalılardır) özləri dilimizin təəssübkeşi olmalı, müştəriləri obyektlərin adları ilə deyil, oradaki malların və xidmətlərin qiyməti və keyfiyyəti, xidmətin səviyyəsi ilə cəlb etməlidirlər. Bir də ki, o obyektlərin bir çoxuna, bəlkə də, aylarla əcnəbi müştəri gəlmir, gələnlərin də çoxu baxıb çıxır. Guya əcnəbilər bizdən az bilir, yoxsa pullarının qədrini bilmirlər?
Əlbəttə, xarici dilləri öyrənmək lazımdır. Artıq qloballaşan dünyada çoxdillilik zərurətə çevrilmişdir. Yer üzündə hakim dilə ehtiyac gündən-günə artmaqdadır. Belə bir dil isə ingilis dilidir. İngilis dili indi “lingua franca” statusundadır. Bu dildə, yaxud başqa dillərdə danışmaq yüksək bacarıqdır, aqillikdir. Bir neçə dildə danışan insanlar həm şəxsi, həm də professional həyatda daha geniş ünsiyyət dairəsinə malik olurlar. Çoxdilli insan əmək bazarında üstünlüyə, dünya ölkələrinə sərbəst səyahət imkanlarına, texnologiyanın imkanlarından yüksək səviyyədə istifadə etmək bacarığına malik olur.
Bir daha təkrar edirik ki, çox dil bilmək, bir neçə xarici dildə danışmaq aqillikdir. Ancaq ana dilini bilməmək, ona xor baxmaq əsl nadanlıqdır. Xarici dillər ana dilinin nüfuzuna xələl gətirmədən, onun coğrafiyasını məhdudlaşdırmadan öyrənilməli, ölkə daxilində heç bir sahədə praktiki olaraq ana dilindən üstün tutulmamalıdır. Unutmaq lazım deyil ki, dil yalnız ünsiyyət yaratmır, xalqın tarixini, mədəniyyətini, milli əxlaqını və soykökünü təyin edir.
Azərbaycan dili Azərbaycan xalqının yaratdığı ən möhtəşəm əsərdir. Xalqımızın ən müqəddəs və ən qiymətli milli sərvətidir. Hər kəlməsi, hər sözü, adicə intonasiya və vurğuları minillik tarixə malikdir.
Görkəmli dövlət xadimi və şair Ş.İ.Xətai demişdir: ”Ərənlərimiz bizə üç əmanət qoyub getmişlər: dilimiz, torpağımız və qeyrətimiz.” Dilimizi yaşatmaq, inkişaf etdirmək və onun saflığını qorumaq hər bir vətən övladının qeyrət və namus borcudur. Torpağımız kimi ana dilimizi də işğaldan qorumalı və gələcək nəsillərə ərməğan etməliyik.
Əgər biz dilimizin həmişə var olmasını istəyiriksə, M.Ə.Rəsulzadənin dediyi kimi, “...onu cameiyyəti - milliyyəmizdə ən mühüm bir ittihad və tərəqqi amili ədd etməliyik (hesab etməliyik)”.
Yazımı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən bir əvvəlki yazımda da istifadə etdiyim iqtibasla bitirirəm. Cənab Prezidentimiz 2018-ci ildə Ağdam Muğam Mərkəzinin açılışı zamanı demişdir: “Bizim zəngin dilimiz var və Azərbaycan ədəbiyyatı bunu təsdiqləyir. Ancaq indi dünyada gedən qloballaşma prosesləri, digər proseslər istər-istəməz dilimizə də təsir edir, biz dilimizi xarici təsirlərdən qorumalıyıq. Bizim dilimizə lüzumsüz xarici kəlmələr lazım deyil. Bizim dilimiz o qədər zəngindir ki, istənilən fikri, istənilən məsələni ifadə etmək mümkündür. Ancaq biz görürük ki, bəzi hallarda həm kütləvi informasiya vasitələrində, həm də digər sahələrdə dilimizə yad kəlmələr daxil olur. Bunlar dilimizi zənginləşdirmir, əksinə, bəzən mövcud sözlər yeni sözlərlə əvəzlənir və mən bunun qəti əleyhinəyəm. Bu gün fürsətdən istifadə edərək, bir daha bildirmək istəyirəm ki, hamımız öz dilimizi qorumalıyıq”.
“Ədəbiyyat və incəsənət”
(08.10.2024)
“Gəlin səhrada bitən ilk qızılgül biz olaq” - ESSE
Jalə İslam, “Ədəbiyyat və incəsənət”
Ayın 5-də növbəti Müəllimlər Günü qeyd edildi. O gün barədə yalnız bu gün bir şeylər yaza bildim…
Allah bilir ki, abituriyent vaxtı hazırlaşarkən heç vaxt müəllimlik peşəsini istəməmişəm. Həmin vaxtları xatırlayarkən özümə arada yazığım gəlir. Koronovirusun ölkəni zəbt etdiyi vaxtlar idi. Hələ imtahanı belə nə vaxt verəcəyimiz haqqında məlumatlı deyildik. Ailəmin maddi sıxıntıları, özümün depressiv vəziyyətim, ard-arda stresdən və soyuqdan baş qaldıran xəstəliyim və s. O vaxtlar deyirdim ki, mən sadəcə ödənişsiz olaraq qəbul olsam, oxuyacam. Bu düşüncənin ağırlığı isə daha pis idi. Sanki üzərimə ikiqat yük düşürdü. Gədəbəyin ucqar, çovğunu sərt kəndindən çıxıb buralara qədər gəlmək, sizə görə bilmirəm, amma mənə görə qürurverici bir haldır. Kəndimizin məktəbində bir çox fəndən müəllim əksikliyi var idi və bu əksikliyi də o məktəbdən çox, onun şagirdləri hiss edirdi. Texnologiya müəllimi fizika, riyaziyyat kimya keçəndə, rəsm dərsini Azərbaycan dili müəllimi keçəndə alma bizim başımıza düşür, suya karbon qazını qatır və dünyanın hansı formada olduğunu başa düşə bilmirdik. Mənim şəxsən fizika fənnindən qandığım qrafa yox idi və hələ də yoxdur. Bir-iki ay hazırlığa getdikdən sonra anladım ki, gecikmişəm, yəni bu fənn mənlik deyil. Amma nə təsadüfdürsə, kimyanı anladım və imtahanda da ən çox ondan yazmışdım. Koronovirus zamanı başqa rayon və şəhərlərdən gələn müəllimlər də artıq geri qayıtdılar və beləcə ingilis dili müəllimim də getdiyinə görə çarəsiz vəziyyətdə kəsiləcəyimi gözləyirdim. Mən qonşu kəndə həftədə üç dəfə kimyadan piyada hazırlığa gedirdim. O piyada getdiyim hazırlıq günlərindən mənə xatirə olaraq sonda təsirli bir soyuqlama qaldı. Nə isə, imtahanı verdikdən sonra nəticə elə də pis olmadı, amma təbii ki, mən ödənişsiz təhsil almaq istədiyim üçün sırf buna nəzərən seçim etməli idim və seçim Sumqayıt idi, SDU-nun Riyaziyyat və İnformatika müəllimliyi mənim üçün ən yaxşı seçim şansı idi. İstədiyimə də nail oldum və indi 5-ci kursu bu il bitirəcəm. Öz şagirdlərim var. Artıq bilirəm ki, yolumu informatika müəllimi, ümumiyyətlə informatika sahəsində davam etdirəcəm. Bu günə qədər çox müəllim görüb, ünsiyyətdə olmuşam. Amma çoxunun bu ada layiq olmadığının da bariz şahidi olmuşam. Bir nüansı həmişə qeyd etmişəm ki, mənim qohumlarımın yanında müəllimlərim çiçək kimi adamlar olub. Bəlkə də bu, mənim ən böyük şansımdır. Uşaqları və gəncləri sevmək lazımdır. Onlara layiq olduqları sevgini və qayğını vermək, travmalarını təkrarlatmamaq, “heç kəs olmasa da mən sənin yanındayam” demək lazımdır. Ona görə ki, hər birimiz anlayışlı ailələrin uşaqları deyilik, fəqət bu o demək deyil ki, bizlər də anlayışsız olaq. Gəlin səhrada bitən ilk qızılgül biz olaq.
Yəni sözümün canı budur ki, həyat mən istəmədən də olsa, məni doğru yola sürükləyib, çünki məndən elə müəllim olarmış.
“Ədəbiyyat və incəsənət”
(08.10.2024)
Təbrizli, imanlı Təbriz İman” - ƏKBƏR QOŞALI YAZIR
“Ədəbiyyat və incəsənət” portalı tanınmış şair, publisist Əkbər Qoşalının “Təbrizli, imanlı Təbriz İman” məqaləsini təqdim edir.
(Dostum-qardaşım, şair Təbriz İmanın “Sabahın vicdanı” kitabına önsöz)
“Ruha, cana salam olsun”! – Bu, Borçalı köklü, Borçalı ruhlu, Darvaz doğumlu Təbriz İmanın salamıdır. – Onun yeni şeirlər kitabı, ilk bəndində bu misranın yer aldığı “Salam olsun” şeiri ilə başlayır. Ərəb demiş: Və aleykum salam! İslamda “Əs-Səlam” Yaradanın adlarından biri, yəhudilikdə “Salam” Yaradanın sifətlərindən biri olaraq qəbul görüb. “Salam” özü anlamca barış, əmin-amanlıq deməkdir. Müsəlmanlar və yəhudilər rastlaşdıqda, görüşdükdə biri digərinə “Salam” deyərək, Yaradandan ona salamatlıq, əmin-amanlıq, firavanlıq diləmiş olur; yəni üzərinə barış, əmin-amanlıq olsun! Beləliklə, “Salam” müsəlmanlar və yəhudilər arasında görüşərkən işlədilən ilk ifadə olması ilə özəl yerə sahibdir – rastlaşmanın, görüşün, söhbətin bismillahıdır. İslamı qəbul etmiş türk xalqlarının çoxu da bu sözü işlədir.
Təbriz İmanın həyata, dünyaya baxışı eynən Azərbaycan bayrağının boyalar qurultayı kimidir: göy, qırmızı, yaşıl... O, türk oğlu türkdür, çağdaş çağırışlara nəinki biganədir, əksinə, qabaqcıl düşüncəli aydınımızdır və imanlı, halal insandır. Ay-ulduz da, necə deyərlər, öz energetikası ilə, onun bütün işinə-gücünə hopub. Şairin bayrağa, Vətənə ad etdiyi şeirləri ilə yanaşı, ümumən bütün yaradıcılığı dediyimiz üçboyalı qurultaycadır, Ay-ulduzludur.
Yaxından tanıyanlar yaxşı bilir, o, torpağa da çox bağlıdır. “Mənim sadiq yarım qara torpaqdır” misrasını Aşıq Veysəl işlətməmiş olsaydı, bəlkə, onu çağımızda Təbriz İman deyərdi. “Torpaqda izi olmayanın, süfrədə üzü olmaz”, “Torpaq deyir: öldür məni, dirildim səni” deyimlərini də, daha öncələr eşitməmiş olsaydıq, olsun ki onları da Təbriz İmandan eşidə bilərdik. Bax, belə bir aparıcı torpaq amilinə baxmayaraq, Təbriz İmanın ruhu, eşqi onu daha çox Ay-ulduz şairi kimi, Göylərlə əlləşən duyğu-düşüncə adamı kimi qələmə verməyə əsaslar yaradır. Yalnız bir önşərtlə: o, mövzuya cılxa romantika ilə baxmır, uslu (ağıllı) yanaşmadan da uzaqlaşmır. O, el-obasının, soyunun, coğrafiyasının alqoritmini tutan, könlünü göyün üzünə də, torpağın bərəkətinə də eyni məhəbbətlə açan şairdir!.. Yoxsa, ilin-günün, dünyanın indiki vaxtında (çağırışlarında), Ay işığından, çiçək-böcək... çevrəsindən çıxa bilməsəydi, onu nəinki təqdir edər, qardaş ərki ilə qınayardım, bəlkə...
Əlbəttə, “ilin-günün bu vaxtı” da, “çağırışlar” da ötəridir – “Əbədiyə qəh-qəh çəkir əbədi dünya”... – Bunları bilməzmiyik?. – Bilirik və deyirik: şeirin, bədii sözün, emosional mətnin özəlliyi də ondadır ki, sən düzxətli, bərabərsürətli düşünməyəsən, olmazlara da, olmuşlara da öz baxışın ola, söz kimi söz söyləyəsən. Yanaşılmamış limanlar, varılmamış qıyılar şairi gözləyir... Təbriz özü demiş:
“Ruhun, canın yanaşdığı,
Hər limana salam olsun”!
Bəli, Təbriz İman bu dünyaya Borçalıda göz açıb – “Vətənin qıraqda qalan yer”ində. Balaları isə Bakıda, Xəzər qıyısında dünyaya göz açıb. O da, dağlar döşünü dəniz qırağına xoşməramlı, könüllü dəyişənlərdəndir. Əgər alqoritmdən, duyğusallıqla usluluğun dəngəsindən danışırıqsa, üstəlik, dədə-babalarımızın Altaylardan Adriatikə at səyirtdiyini unutmamışıqsa, o zaman burdan-bura – Darvazdan Abşeron yarmadasına görünmüş Yolu da qəribsəmirik...
Təbriz Bakıya oxumağa gəlmişdi – oxudu, öyrəndi və burada qalası oldu. Ancaq bu işlər belə sadə cümlələrlə tamamlanmır axı, yeraltı çaylar kimi, şüuraltı axınlar kimi, “ilk yuva” özləmi bir türlü bitib-tükənmir, tükənmir...
“Bizim əllərimiz uzalı qaldı,
Bəxtim dağ olanda, mən aran oldum.
Bu həsrət özümü özümdən aldı,
Həmişə bəxtimdən nigaran oldum”. (“Oldum”)
“Vətənin qıraqda qalan yeri”ndə doğulmaq, hələ-hələ orada doğulub da, 90-cı illərdə Bakıda öyrənci olmaq, nələrə-nələrə tanıq olmaq alın yazısıydı... Dövlət müstəqilliyinin dadını-duzunu görməmiş torpaqlarımız işğala uğradı, yüzminlərlə soydaşımız qaçqın-köçkün düşdü... Dağılan “İttifaq”la birgə bütün “müttəfiq respublikalar” arasında ayrımçılığın, yeni bağların yaranması başqa bir fəsil gətirdi... Ən azı, bizim yaşıdlar o fəslə hazırlıqsız yaxalanmış kimi oldu... Əgər sənin əlində #qələm, könlündə sevda varsa, fəsillər sənin ömründən keçərkən qələmindən də keçir... Sonra görürsən, nisgilli-nisgilli alxış edirsən... Örnəyi, şair Təbriz şəhər adaşına yazan kimi:
Şəfəqlər hökmünü uzağa sürsün,
Günəş tellərini buludmu hörsün?
İlahi, rəhm eylə, Turanı görsün,
Az qalıb Təbrizin ölüm vaxtına.
Dadaloğlu necə deyirdi: - “Ölən ölür, qalan sağlar bizimdir”! Daha nə deyirdi Dadaloğlu? – “Fərman Padşahındı, dağlar bizimdir”. Mən də, qardaş ərki, dost sayğısı ilə demək istəyirəm, Təbriz, artıq bizim nə şəhərimizin, nə insanımızın ölən vaxtı deyil! Ustad sözüdür:
“Yol Tanrının, haqqı dərkin dünyası,
Əvvəl-axır dünya Türkün dünyası,
Üç gün, beş gün gecim-tezim olacaq,
Bugün-sabah dünya bizim olacaq”! (Z.Yaqub)
İnanıram, Təbriz İman inanır, milli tariximizin Təbriz fəsli gələcək, Turan Günəşi doğacaq!Ozan Arif demiş: “Başqa yolu yox artıq”!
“Ədəbiyyat və incəsənət”
(08.10.2024)
“Bu gün Kəlbəcərə təzə qar yağıb…” - QARABAĞ BÖLGƏSİ YAZARLARI: SƏXAVƏT KƏLBƏCƏRLİ
Nemət Tahir, “Ədəbiyyat və incəsənət”, Qarabağ bölməsi
Qarabağ bölgəsi yazarlarının təqdimatında bu gün sizləri Səxavət Kəlbəcərli ilə tanışlıq gözləyir.
Səxavət Kəlbəcərli - Səxavət Ellaz oğlu Süleymanov 1985-ci ildə Kəlbəcər rayonun Zar kəndində anadan olmuşdur. Məlum Qarabağ hadisələrindən sonra Mingəcevir şəhərində məskunlaşıblar. Gəncə Humanitar Kollecini bitirmişdir. Hələ çox gənc yaşlarından bu imza mənə tanışdır. Məclislərdə ara-sıra gözəl və məzmunlu şeirlərini dinləmişəm. 2012-ci ildə “Mənim ürəyimi sən yaşadırsan” adlı kitabı nəşr olunub. Ailənin sonbeşiyidir. Azərbaycan Yazçılar Birliyinin üzvüdür. 2018-ci ildə birillik Prezident təqaüdünə layiq görülüb.
“Ədəbiyyat və incəsənət” portalının oxucularına Səxavət Kəlbəcərlinin şeir çələngini təqdim edirəm. Qarabağ ağrılı şeirlərin çoxusu Zəfərimizdən illər öncə yazılıbdır.
1.
Deyirsən sevirəm, amma yaşın çox,
Mən nə yaşadım ki, yaşım çox oldu?
Sənin gözlərinə baxdığım zaman
Bütün sarsıntılar bir an yox oldu.
Kim səni qınayır qınasın elə
Sevirəm sözünü dilində saxla.
Qoy sənə kimsənin sözü çatmasın
Birini deyəndə, birin də saxla.
Elə xoşum gəlir, inan əzizim
Qoy olsun əbədi mənim saçların.
Burda bölünməli nə var ki, gülüm
Mənim yaşım uzun, sənin saçların.
2.
Vaxtım itib, görən saat neçədi
Bilirəm ki, bir ömürlük gecədi.
Sən ey dəniz, söylə gorüm necədi ?
İki ürək bir ürəyin içində.
Deyilər ki, sadiq olaq bir birə,
Hərdən küsək nəticəsi;- bir- birə.
Nə şirincə sarılıbdı birbirə-
İki ürək bir ürəyin içində.
Çin olmamış arzuları söyünür,
Qara gözlüm paklığıyla öyünür.
İnan, bütöv dünya boyda döyünür
İki ürək bir ürəyin içində.
Bu qəm yükün daşıyarmı görəsən?
Ayrılarmı, boşuyarmı görəsən?
Xoşbəxt olub yaşayarmı görəsən?
İki ürək bir ürəyin içində?
3.
Kimsənin işinə qarışmaq olmaz,
Ay insan, əməlin, işin mübarək!
Daş nədi, əllərə nizə götürün
Şeytanın bağrını deşin- mübarək.
Ziyarət edirsiz can bahasına,
Şöhrət bahasına, şan bahasına,
Tanrının yanında qan bahasına,
Aldığın qiymətin - beşin mübarək!
Səxavət, dünyaya sirr gəlişindən,
De varmı xəbərdar pir gəlişindən?!
Bir kral oğlunun bir gəlişindən-
A cənnət, bir yığın leşin mübarək!...
4.
Biz silaha köklənmişik,
Hər anımız Qarabağdı.
Həm yaralı torpağımız,
Həm canımız Qarabağdı.
Karvan -karvan köçündəyik
Yığındayıq, biçindəyik.
Biz bir dərdin içindəyik
Hər yanımız Qarabağdı.
Yad əliylə yanıb qalan
El obasın anıb, qalan.
Qanadları sınıb qalan
Tərlanımız Qarabağdı.
Vətən gözəl, Yurdum xalı
Sona yetsin qeylü-qalı!
İnamımız qayıtmalı!
İmanımız Qarabağdı!
Bax o günə qalıbdı az
Ay Səxavət zəfərdən yaz.
Qılıncımız umur qisas
Ünvanımız Qarabağdı.
5.
Bizlərə haray yoxdu, yad qonşudan, yamandan,
Xocalını göynədir, o qarlı gün, həmin dan.
Ey Müdrik Prezdentdim, ey Ali Baş Komandan,
Bu illər dolandıqca dağ üstə çəkir dağı-
Vədəsi çoxdan keçib, qaytaraq Qarabağı.
Sarılaq silahlara, canlar alaq, can verək,
Cadar-cadar torpağa qanımızdan qan verək.
Üçrəngli bayrağmıza şöhrət verək, şan verək
Yerlə yeksan eyləyək, “zatı qırıq calağı”-
Vədəsi çoxdan keçib, qaytaraq Qarabağı.
Çoxumuz dildən düşüb, azımız dilə gəlsin
Saralıb dağlarımız, yazımız gülə gəlsin.
Şeirimiz havalansın, sazımız dilə gəlsin
Şəmşirin məzarının üstə qoyaq çırağı –
Vədəsi çoxdan keçib, qaytaraq Qarabağı.
Səxavət, gözləməkdən bağrımız köz- köz olar...
Siyasət meydanıdı, gündə min cür söz olar..
Hücuma keçər olsaq, məramımız düz olar,
Sancılar Dəlidağa Azərbaycan bayrağı-
Vədəsi çoxdan kecib, qaytaraq Qarabağı.
6.
Siz Vətən şeirlərin deyin necə yazdınız?
Qarabağı heç zaman unutmayın, şairlər.
Ruh dəyişdi, bir anlıq fikirdənmi azdınız ?
Qarabağı heç zaman unutmayın, şairlər.
Gecələri düşünün, açılanda dan, yazın,
Əbədi cuşa gəlsin damarlarda qan, yazın.
Laçından, Kəlbəcərdən, “Qanlı Şuşa”dan yazın,
Qarabağı heç zaman unutmayın, şairlər.
Ürəyimdə neçə dərd boya çatdı, irildi,
Sağlarım ölü kimi, ölülərim dirildi.
Qarabağ qan ağlayır elsiz iyirmi bir ildi
Qarabağı heç zaman unutmayın, şairlər.
Birin yazıb durmayın, yazın beşindən yazın.
Ruslarla erməninin qanlı işindən yazın.
Xocalıda kəsilən “ana döşü”ndən yazın
Qarabağı heç zaman unutmayın, şairlər.
Tanrıdan istəmərəm bizlərə səbir versin,
Vətəni qəlbən sevək, öləndə qəbir versin.
Elə yazaq Prezdent döyüşə əmir versin
Qarabağı heç zaman unutmayın, şairlər.
Yaralı məmləkətin söyləsin qan, şairi
Vətən! Vətən!.. Deməli, verəndə can, şairi.
Gərək vulkan püsgürsün Azərbaycan şairi,
Qarabağı heç zaman unutmayın, şairlər
7.
Bir bax, yaşıl donlu gözəlim mənim
Həsrətdən düşübdü, saçımda dən var.
O məğrur daşlarda, sal qaylarda
Neçə şəhid qanı, gör neçə “mən” var.
Qartal tək göylərdə təklənmişəm mən
Qurd kimi baxmışam, şəklənmişəm mən
O qədər qəzəbə köklənmişəm mən
Qəlbimdə şimşək var, gözümdə qan var.
Dağların ağ tala qarı boylanır,
O üzdən könlümün yarı boylanır.
Üzüm Kəlbəcərə sarı boylanır,
Ay Allah içimdə tək birçə yön var.
Səxavət, ürəyim olubdu yara,
Taleyim dönübdü ocağa ,qora.
Bəlkə də ahımdı çəkildi ora,
Bir baxın Kəpəzin başında çən var.
8.
Ürəyi dəhşət ilə dolu, Azərbaycanın,
Uçuruma dönərdi yolu, Azərbaycanın.
İnanın ki, sınardı qolu Azərbaycanın,
Gəl açma düşmənlərə yolu, Türkün Bayrağı-
Gözümüzdən düşməsin Ulu Türkün Bayrağı.
O qapnı yadlara açana haram olsun,
İstəmərəm köksümdə bu da bir yaram olsun.
Niyə daşan səbrimz çəkilsin tarım olsun,
Atın xəyalınızdan bu millətə qıymağı-
Gözümüzdən düşməsin Ulu Türkün Bayrağı.
Korpələrin günahsız ölümündən ayıbdır,
Anaların qapqara geyimindən ayıbdır,
Bir millət iki dövlət deyimindən ayıbdır,
Yağdırma başımıza dolu, Türkün Bayrağı-
Gözümüzdən düşməsin Ulu Türkün Bayrağı.
Həqiqət tapdanmasın, qoy başda başa dönsün,
Yalan olsun bu xəbər, sevincim yaşa dönsun.
Səxavət inanmıram,.. İnanan daşa dönsün,
Xar edərmi heç bizim eli, Türkün Bayağı-
Yağlara yenlməz, Ulu Türkün Bayrağı.
9.
Bu gün Kəlbəcərin işğal günüdü…
Bu gün ağır elim Murovdan keçir.
Ata balasından nigaran qalır
Oğul ata adlı girovdan keçir.
Bu gün Kəlbəcərin işğal günüdü
Solur, Kəlbəcərin çiçəyi solur.
Zirvədə qartalın gözü yaşarır
Kolda bənövşənin ləçəyi solur.
Bu gün Kəlbəcərin işğal günüdü
Bu gün Sücaətin məzarı yanır.
Bu gün Bəhmənimin ruhu yasdadı.
Külli Kəlbəcərin yazarı yanır.
Bu gün Kəlbəcərin işğal günüdü
Bu günü anmışıq 21 dəfə.
Bir igid ömüründən uzun zamanda
Qeyrətə gəlmirik niyə bir dəfə?
Bu gün Kəlbəcərin işğal günüdü
Yeri tapdalanıb, Azərbaycanın.
O cənnət bənzəri Kəlbəcər adlı
Zəri tapdalanıb Azərbaycanın.
10.
Bu gün Kəlbəcərə təzə qar yağıb,
Torpağın, qarın da azad, Kəlbəcər!
Az qalıb, el-oban köçə qoynuna,
Daha həsrətini azalt, Kəlbəcər!
Sən əzəl olursan, yazın gələndə,
Söz qəzəl olursan, yazın gələndə.
Çox gözəl olursan yazın gələndə,
Bir az ocağına duz at, Kəlbəcər!
Yerini vermədi, üz tutduq hara,
Sənsiz ürəyimiz paradı, para!
Bizi, bilirsənmi, ulu dağlara
Gətirdi düz ilqar, düz and, Kəlbəcər!
“Ədəbiyyat və incəsənət”
(08.10.2024)
Sumqayıt Azərbaycan xalqının birlik, həmrəylik şəhəridir - ƏVƏZ MAHMUD LƏLƏDAĞ
“Ədəbiyyat və incəsənət” portalı ilə Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin birgə layihəsi olan “Sumqayıtın tanınmış qələm adamları” layihəsi şəhərin 75 illik yubileyinə həsr edilib.
Layihəni bölmənin sədri Gülnarə Cəmaləddin təqdim edir.
Müsahibimiz "Qabaqcıl təhsil işçisi", "Tərəqqi" medalı, Azərbaycan Respublikası Prezidentin fəxri diplomu,"Heydər Əliyevin 100 illik" yubiley medalı laureatı, şair- publisist, dramaturq Əvəz Mahmud Lələdağdır.
-Necəsiz,Əvəz müəllim?
- Çox sağ olun, təşəkkür edirəm.
-Şəhərimizin 75 illik yubileyi ərəfəsindəyik. Siz şəhərimizdən yaşca böyüksünüz. Yəni bu şəhər gözünüzün önündə yaranıb, inkişaf edib və bu günə gəlib çatıb. Sizinlə birgə Sumqayıtın tarixinə qısa bir ekskursiya edə bilərikmi?
- Mən Sumqayıt şəhərinə keçən əsrin 50-ci illərindən gəlib-gedirdim. O vaxt tələbə idim. Dayılarım Sumqayıtda işləyir, baraklarda yaşayırdılar. Hər həftənin şənbə-bazar günləri Sumqayıta gəlirdim.
Taxtabitinin, milçəyin, ağcaqanadın tüğyan edən vaxtı yuxudan ayılanda elə bil canım məxmirək tökürdü, qaşınma başlayırdı. Dayım mənə ürək-dirək verirdi: “Darıxma, bir azdan gedərik dənizdə çimərsən, dənizin suyu dərmandır, qaşınmanın qarşısını o saat alır”. O zaman baraklardan dənizə
gedən ərazi boş səhranı xatırladırdı. Biz dizəcən quma bata-bata dənizə gedərdik. 1949-cu ildə əhalinin sayı 17 mini keçmişdi. Sumqayıtı qurub-yaradanların milli tərkibi də geniş idi. 1959-cu ildə 10, 1970-ci ildə 15, 1979-cu ildə 77, 1989-cu ildə 81 millətin nümayəndəsi yaşayır, işləyirdilər.
1989-cu il ümumittifaq siyahıyaalınmasının statistik materiallarına görə şəhər əhalisinin milli tərkibi sayına görə belə idi:
Azərbaycanlı: 208144 nəfər
Rus: 26685 nəfər
Ləzgi: 7088 nəfər
Erməni: 4008 nəfər
Ukraynalı: 2314 nəfər
Belarus: 848 nəfər
Talış: 100 nəfər
Fransız: 1 nəfər təşkil edirdilər.
Sumqayıtda 81 millətin nümayəndəsi çalışır, sıx dostluq əlaqəsi yaradırdılar. Şəhərin qurucuları əsasən 25-30 yaşlı gənclər idi. Məlum hadisələrə görə bir sıra millətin nümayəndələri şəhəri tərk etdilər. Hazırda şəhərimizin əhalisi məcburi köçkünlərlə birgə 400 mini keçmişdir.
1949-52-ci illərdə Sumqayıtda fəaliyyət göstərən Corat 7 №li məktəbi, 1931-ci ildə ibtidai məktəb kimi Tuğ zavodu ərazisində yerləşən 42 №li məktəb, hazırda Təbiət Elmləri Təmayüllü məktəb kimi tanınan binada 145 №li məktəb BŞXMŞ-nin tabeliyində fəaliyyət göstərirdi. 1952-ci ildə Sumqayıt Xalq Maarif şöbəsi yaradıldı, həmin məktəblər BŞXMŞ -dən ayrıldı. Hazırda, şəhərimizdə 43 tam orta ümumtəhsil məktəb, 4 yeni tipli məktəb - 3 lisey, 1 gimnaziya, 3 internat, 4 məktəbdənkənar-tərbiyə müəssisəsi, 56 məktəbəqədər tərbiyə müəssisəsi, 4 peşə liseyi, 1 universitet - SDU, 4 texnikum fəaliyyət göstərir.
1949-cu ilin sonundan Azərbaycan K(b)P-nın Bakı şəhər Partiya Komitəsinin tərkibindən ayrılan Sumqayıt rayon Partiya Komitəsi Nasosnu, Ceyranbatan və Sumqayıt ətrafı ərazilər (Corat) də daxil
olmaqla yeni yaranmış Şəhər Partiya Komitəsi olaraq işləməyə başladı. Sumqayıtın ilk birinci katibi Yəhya Məmmədov oldu. Sonrakı illərdə isə Hacı Əliyev, Kamran Hüseynov, Nadir Balakişiyev,
Firudin Əliyev, Sabit Abbasəliyev, Kamran Bağırov, Həsən Həsənov, Şənlik Əliyev, Feyruz Abdullayev, Cahangir Müslümzadə, Zülfü Hacıyev, Eldar İsmayılov işləmişlər. Respublika müstəqil olandan sonra ilk İcra Hakimiyyətinin başçısı Eldar İsmayılov oldu. AXC-hakimiyyəti dövründə İcra
Hakimiyyətinin başçısı Yusif Sevdimalıyev təyin olundu. 1993-cü ildən sonra Şakir Abuşov, Təvəkkül Məmmədov, Vaqif Əliyev, Eldar Əzizov işlədilər. Nəhayət, 2015-ci ilin sentyabr ayında möhtərəm prezidentimiz cənab İlham Əliyev sumqayıtlıların yolunda əbədi məşəl yandırdı. İşgüzar,
vətənə, xalqa namusla xidmət edən, Sumqayıtı əlinin içi kimi tanıyan, şəhərin ağsaqqalının, ağbirçəyinin, ziyalısının yerini bilən bir şəxsiyyəti -Zakir Fərəc oğlu Fərəcovu Sumqayıt şəhərinə İcra
hakimiyyətinin başçısı təyin etdi.
Sumqayıtın hazırki inkişafı, görkəmi göz qabağındadır.
-Siz şəhərimizin sayılıb- seçilən ağsaqqalı, həm də fenomenal yaddaşa malik söz
sahibisiniz. Sözü çəkidən salanlara, ağsaqqal ola bilməyənlərə nə deyərdiniz? Ümumiyyətlə ağsaqqal olmağın ümumi bir formulu varmı?
- Ağsaqqal ifadəsi müqəddəs məna daşıyır. Hər saqqalı ağarana ağsaqqal demək mümkün deyil. Ağsaqqal müdrik, dünyagörüşü geniş, həyat hadisələrindən baş çıxara bilən, xalqın xeyrinə faydalı,
dəyərli məsləhətlər verən, sözü keçən, özü bütöv, sözü bütöv, məclis-mərəkədə hörmətlə qarşılanan,
yuxarı başa dəvət olunan, yalan danışmayan, gözü-könlü tox, əli əyri olmayan, el malına bəd nəzərlə
baxmayan, elin nəzərində mərd, qayğıkeş adama deyirlər.
Hər saçı ağaran ağsaqqal deyil,
Ağsaqqal gərəkdi pur-kamal olsun.
Məclis-mərəkədə yerini bilsin,
Qədir bilən olsun, əhli hal olsun.
Yalan yurd salmasın dilində gərək,
Əyrilik olmasın əlində gərək.
Xətirli dolansın elində gərək,
Ürəklərdə yeri bir mahal olsun!
-Sumqayıt ədəbi mühiti əvvəl və indi. Sevdiyiniz və inandığınız imzalar?
- Hər şey həyatda nisbidir. O vaxtki ədəbi mühitdə də, indi də ağlına gələnləri və ağzına gələnləri yazanlar var. Mənim xoşuma gələni sən bəyənməyə bilərsən. Hər halda “deyilən söz yadigardı” deyiblər.
-Deyirlər, tarix təkrar olur. Tarixlə xeyli yoldaşlıq etmiş adam kimi bu ifadəyə münasibətiniz?
- Ulularımız demişdir: Su gələn arxla yenə su gələcək. Bu gün 270 il əvvəl Azərbaycanın dilbər guşəsi Qarabağ yenidən bizim oldu, özümüzə qayıtdı. Əgər, biz bu gün dünənki tariximizi bərpa edə bildiksə, deməli tarix təkrar ola bilir.
-Şəhər rəhbərliyinin ədəbiyyata diqqətindən razısınızmı?
- Poeziya evinin Sumqayıt yazarlarına bağışlanması, şəhər rəhbərinin qələm adamları ilə görüşü
tarixi xidmətlərindəndir. Şəhər rəhbərinin şeirə, sənətə, ədəbiyyata olan real diqqətidir.
-Ədəbiyyat nə verir insanlara?
-Ədəbiyyat həyatın güzgüsüdür. O güzgüyə baxmayan nəyə qadir olduğunu dərk edə bilməz, özünü təsdiqləyə bilməz. Milli- mənəvi dəyərlərimiz, milli adət-ənənələrimiz, laylalarımız, bayatılarımız,
oxşamalarımız, nağıllarımız, dastanlarımız, zəngin dilimiz ədəbiyyatdan qaynaqlanır.
-Həyat sizi çoxmu sınağa çəkib?
- Cəmiyyət yaranandan hər şey qoşa yaranıb. Xeyir-şər, mərd-namərd, yaxşı-pis, toy-yas, sevinc-kədər. Həyatda yaşayan hər kəs xeyirlə üzləşsə xeyir görər, şərlə rastlaşan isə sıxıntı çəkər. Mən də
hamı kimi o sınaqlardan, o imtahanlardan dönə-dönə alnıaçıq,üzüağ çıxmışam.
-Sumqayıtdan başlanan yol və sonrası?
- Sumqayıt yarananda və burada tikinti və digər sahələr fəaliyyətə başlayanda nəinki Azərbaycanın bütün bölgələrindən, hətta başqa diyarlardan da buraya insan axını başladı.
Uzaq-uzaq dağ kəndindən,
Xankəndindən,
Ərlər gəldi,
Nərlər gəldi.
Əl bir oldu,
Dil bir oldu,
Hamı burda,
Şirinləşdi ağzımızın,
Dadı burda, tamı burda.
Ulu öndər Heydər Əliyev demişdir: “Sumqayıt bütün Azərbaycanı təmsil edir. Azərbaycanın hər bir yerindən bu şəhərdə yaşayanlar var. Sumqayıt kiçik bir Azərbaycan kimidir. O, Azərbaycan xalqının
birlik, həmrəylik şəhəridir, ölkəmizin dayağıdır, gözəl bir guşəsidir. Sumqayıt yüksək səviyyəli məktəblər və müəllimlər şəhəridir. Sumqayıt istedadlı, savadlı gənc oğlanlar və qızlar şəhəridir”!
Sonra baş verən hadisələr, Sumqayıtın ekologiyası, xalqımıza qarşı uzanan xain əllər hamının xatirindədir. Bu gün həyat tamam başqadır. Bu gün artıq 5-6 il bundan əvvəl Sumqayıtdan çıxmış adam taksiyə minib Sumqayıtın girəcəyinə çatanda çaş-baş qalacaq və deyəcək: -Qardaş, maşını saxla, deyəsən mən səhv gəlmişəm.
Çünki uzun müddət bu şəhərdə olmayan və bu dəyişiklikləri görüb çaş- baş qalan adam
Sumqayıtdan gedəndə Sülh küçəsinin belə güllü-çiçəkli halını, 1300 damın örtüyünü, işıqlı küçələri, yaraşıqlı parkları, xiyabanları, Sumqayıt bulvarını, Heydər Əliyev mərkəzini, Şahmat məktəbini, Musiqi məktəbini, YAP-nın inzibatı binasını, Bayraq muzeyini, Muğam evini, SDDT-nın binasının
əsaslı təmirini, Kimyaçılar sarayının yenidən təmir olunmasını, Ludviqşafen dostluq parkının yenidən qurulmasını, Nizami Kinoteatrının yenidən inşa edilməsini, böyük Nizami heykəlinin binanın qarşısında qoyulmasını, möhtəşəm stadionu və saya gəlməyən yenilikləri görməmişdi. Ona görə çaşıb qalmışdı.
Möhtərəm prezidentimiz Cənab İlham Əliyev Sumqayıtın dünəni ilə bugününü müqayisə etmişdir: - SSRİ dövründə Sumqayıt ekoloji cəhətdən çox təhlükəli şəhər idi. Sumqayıtın yanından keçəndə maşının pəncərələrini bağlayırdıq. Amma indi Sumqayıt gözəl, yaraşıqlı, havası təmiz, yaşıllıqlar qoynunda inkişaf edən iri sənaye şəhəridir.
-Milli dəyərlərimizə münasibətdən razısınızmı və yaxud, köhnə kişi ifadəsinə münasibətiniz?
-Milliliyimiz, ilkinliyimiz çox qədim tarixə gedib çıxır. Əxlaq normalarımız, adət-ənənələrimiz, milli-mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz bizim sərvətimizdir, ulularımızdan bizə qalan
məsləhətlərdir, tövsiyələrdir.
Salam verib bir məclisə varanda,
Yaxşı əyləş, yaxşı otur, yaxşı dur.
Dindirəndə kəlmə-kəlmə cavab ver,
Görən desin bərəkallah, yaxşıdır.
Qaldı köhnə kişi ifadəsinə. Biz mərdliyi, xeyirxahlığı, əlaçılığı, Vətənə məhəbbəti, düşmənə nifrəti kişi simasında görürük, lakin, nakişilər də mövcuddur. Kişi olan evdən sinəsi, göbəyi açıq qadın
çıxmaz. İnsan 3 amillə kamilləşə bilər: Qeyrət, qüdrət, mədəniyyət.
Qeyrət namusu qoruyur, qüdrət Vətəni, torpağı qoruyur, Mədəniyyət özünü dərk etməyə, təsdiqləməyə yönəlir. Bunlardan hansı biri kəsir olsa, həm köhnə kişilərdən, həm təzə kişilərdən söhbət açmaq asan deyil.
-AYB Sumqayıt bölməsinin işi sizi qane edirmi?
- AYB Sumqayıt bölməsi həyat ilə ayaqlaşır, bu da müsbət haldır.
-75 yaşlı gənc şəhərimizə arzunuz?
-Özümə nə arzulayıramsa, Sumqayıta da onu arzulayıram. Yolların kənarını gül-çiçəkli, yaşıl, bahar nəfəsli, şəhərimizin sakit, sabit olmasını diləyirəm. Mən cənnətə inansaydım, deyərdim Sumqayıt əsl
cənnətdir. Mənim gözəl şəhərimi, gur işıqlı, yaraşıqlı şəhərimi həmişə şən, qoynunu gülşən görüm!
-Sumqayıt sizə nə verdi və nəyi əlinizdən aldı?
- 54 ildir ürəkdən vurulduğum, cazibəsinə heyran olduğum, qocaldıqca cavanlaşan Sumqayıtda yaşayıram. Sumqayıt mənim üçün varlıqdı. Ona görə ki, 41 kitabım, 10 dram əsərim, 627 elmi-publisistik, metodiki məqalələrim, “Qabaqcıl təhsil işçisi”, “Tərəqqi medalı”, “Prezidentin fəxri
diplomu”, Ulu öndərin 100 illik yubiley medalı - hamısını Sumqayıt verib mənə.
Mən Sumqayıta gələndə
ərgən idim.
Bu gün
Nəvələr, nəticələr,
Çiynimdən asılır,
Nənəmin naxışlı
Xurcunu tək.
Biri başını sinəmə qoyur,
Biri qoltuğuma qısılır.
Cüyür balası tək…
Bax beləcə göy Xəzərin sahilində,
Göydələnlər ucaltdıq biz,
Sumqayıtı cavan etdik,
Özümüzü qocaltdıq biz.
-Siz həm də Azərbaycanın tarixində baş vermiş tarixi hadisələrin canlı
şahidisiniz. Gördüklərinizi və bildiklərinizi qələmə alırsız?
-Bəli, Azərbaycanın bugünki tarixini dərindən öyrənirəm, mətbuatda, televizorda müntəzəm çıxış edirəm, kitablar yazmışam və yazıram.
-Səhərimizin 75 illiyi ərəfəsində arzu və təklifləriniz?
- Şəhərimizin 75 illiyi mübarək olsun. Bundan sonra da ölkəmizdə və şəhərimizdə dinclik, əmin-amanlıq olsun. Şəhərimizdə qurub-yaratmaq, abadlıq işləri daha ürəyə yatan olsun.
-Sumqayıta həsr etdiyiniz bir bənd şeir mümkünsə?
-Sumqayıtım gözəl diyar,
Torpağına qurban olum,
Budaqlardan qopub düşən,
Yarpağına qurban olum.
Varlığına keşik çəkən,
Mərd oğluna,
Mərd qızına qurban olum.
Gözəllikdə tayın yoxdur,
Gəl, özünə qurban olum!
-Müsahibə üçün çox sağ olun!
“Ədəbiyyat və incəsənət”
(08.10.2024)
“ASAN xidmət”in nümayəndə heyəti "TEKNOFEST"də
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti "Türkiyə Texnologiya Komandası" - T3 Fondunun dəvəti ilə Türkiyənin Adana şəhərində keçirilən "TEKNOFEST" aerokosmik və texnologiya festivalında iştirak edib.
Dövlət Agentliyindən “Ədəbiyyat və incəsənət” portalına verilən xəbərə görə, agentliyin sədri Ülvi Mehdiyev nümayəndə heyəti ilə birlikdə festivalda finala yüksələn və ölkəmizi təmsil edən bütün komandalarla görüşüb, onları təbrik edib və uğurlar arzulayıb. O, komandaların göstərdikləri səyləri yüksək qiymətləndirərək yeni nailiyyətlər üçün əzmlə çalışmağı məsləhət görüb. Qaliblərə yeni zirvələrə çatmaları və beynəlxalq arenada Azərbaycanı uğurla təmsil etmələri üçün dəstəyini ifadə edib.
Festivalda Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən "Bilim Bakı" mərkəzi də stendi ilə çıxış edib.
“Bilim Bakı” Mərkəzi “TEKNOFEST”in Azərbaycandakı koordinatorudur. Belə ki, festivalda ölkəmizi təmsil edən universitet tələbələri, gənclər və şagirdlərdən ibarət komandalar müxtəlif mərhələlər üzrə hazırlıq prosesini bu mərkəzdə keçiblər. Mərkəz onlara texniki və nəzəri biliklərin artırılmasında dəstək göstərərək, startapların beynəlxalq səviyyədə rəqabətə hazırlaşmasına töhfə verib.
Mərkəzin stendində festivalı ziyarət edən qonaqlara mərkəz haqqında ətraflı məlumat verilib, 6-14 yaş arası uşaqlara astronomiya, kosmos və aviasiya mövzularında təlimlər keçirilib.
2018-ci ildən etibarən təşkil olunan "TEKNOFEST" innovasiya, startap və texnologiya sahəsində dünyanın ən qabaqcıl tədbirlərindən hesab olunur. Festivalın keçirilməsinin əsas məqsədlərindən biri gənclərin qeyd olunan sahələrə diqqətinin cəlb olunması və müvafiq istiqamətlər üzrə inkişafı təmin etməkdir.
“Ədəbiyyat və incəsənət”
(07.10.2024)