
Super User
ADİL KƏRİMLİ: “Azərbaycan mədəni irsin mühafizəsi məsələlərini tənzimləyən bütün beynəlxalq universal konvensiyalara qoşulub”
Fevralın 27-də Milli İncəsənət Muzeyində Azərbaycan Respublikasının mədəni mülkiyyətinin qanunsuz dövriyyəsi mövzusunda dəyirmi masa keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tədbirdə mədəniyyət naziri Adil Kərimli ölkəmizdə mədəni mülkiyyətin qorunması istiqamətində həyata keçirilən işlərdən danışıb. Mədəni irs sahəsində dövlət siyasətinə toxunan nazir bildirib ki, Azərbaycanda mədəni mülkiyyətin qorunması daim ölkə rəhbərliyinin diqqət mərkəzində olub və bu sahədə qanunverici bazanın təkmilləşdirilməsi istiqamətində mühüm işlər görülüb.
A.Kərimli çıxışı zamanı ölkəmizdə tarixi abidələrin monitorinqi, inventarlaşdırılması, abidələrin bərpa və konservasiyası, tarix-mədəniyyət qoruqlarının fəaliyyəti, mədəni irsin qorunması işinin təkmilləşdirilməsi (qanunsuz müdaxilələrin qarşısının alınması) və digər məsələlərə toxunub. Diqqətə çatdırılıb ki, ölkəmizdə mədəni irsin dairəsi, onun mühafizə mexanizmi və inkişafı ilə bağlı qanunverici və institusional baza yaradılıb. Azərbaycan mədəni irsin mühafizəsi məsələlərini tənzimləyən bütün beynəlxalq universal konvensiyalara qoşulub.
Nazir Birinci Qarabağ müharibəsi vaxtı və işğal illərində mənfur ermənilər tərəfindən Qarabağ və Şərqi Zəngəzurda daşınar və daşınmaz mədəni irsimizin məhv edilməsi və qanunsuz çıxarılmasından da söhbət açıb. Vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışdan sonra mədəniyyətimizin dirçəlməsi və qorunması prioritet siyasət istiqamətlərindən olub. İşğal dövründə ermənilər tərəfindən Qarabağdan qanunsuz olaraq çıxarılmış mədəni sərvətlərin bir qismi Ümummilli Liderin iradəsi ilə geri qaytarılmışdır. Buna bariz nümunə olaraq Şuşada güllələnmiş heykəllərin Gürcüstandan gətirilməsini göstərə bilərik. Bunlar Azərbaycanın üç dahi şəxsiyyəti - Üzeyir Hacıbəyli, Bülbül və Natəvanın heykəlləridir. Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci il yanvarın 14-də Şuşaya səfəri zamanı heykəllərin açılışını etmişdir. Prezident tərəfindən Ulu Öndərin siyasətinin davam etdirilməsi və postmünaqişə dövründə dağıdılmış abidələrin surətli şəkildə bərpası həyata keçirilir.
Nazir bildirib ki, bugünkü tədbirdə mədəni irsin qorunmasına cavabdeh olan qurumların nümayəndələri iştirak edir və təqdimatlar, müzakirələr bu sahədə vacib məqamlara aydınlıq gətirəcək.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərovun moderatorluğu ilə davam edən tədbirdə Vəkillər Kollegiyasının üzvü Nazlı Əhmədova, Gömrük Komitəsinin sədr müavini Güloğlan Muradlı, Türkiyənin Mədəniyyət Nazirliyinin Mədəni irs və muzeylər şöbəsinin müdir müavini Bülent Gönültaş və başqaları çıxış edərək mədəni mülkiyyətin qorunması sahəsində görülən işlərdən danışıblar.
“Ədəbiyyat və incəsənət”
(28.02.2025)
“Köhnə çamadanlar” filmi tələbələr üçün nümayiş olunub
“Xəzər” Universitetində Xocalı faciəsinin 33-cü ildönümü münasibətilə “Köhnə çamadanlar” filmi nümayiş olunub.
AzərTAC xəbər verir ki, müəllim və tələbələrin izlədiyi nümayişdən öncə universitet nümayəndələri və filmin yaradıcı heyət üzvləri çıxış edərək Xocalı qurbanlarını, onların timsalında Qarabağ müharibəsi şəhidlərini ehtiramla yad etdilər.
Bildirilib ki, zorla cəlb olunduğumuz və minlərlə dinc soydaşımızın əziyyət çəkdiyi müharibə və onun izləri uzun illər yaddaşlardan silinməyəcək. Sözsüz ki, bu gerçəkliyin ədəbiyyatda, teatrda, kinematoqrafiyada, ümumilikdə yaradıcılığın bütün sahələrində geniş şəkildə əks olunması və gələcək nəsillərə ötürülməsi vacib amildir.
Real hekayələr əsasında ərsəyə gələn “Köhnə çamadanlar” filminin bu mənada tarixi həqiqətlərimizi, savaşdan əziyyət çəkən insanların, xüsusən qadın və uşaqların ümumiləşmiş obrazını yaratdığını bildiriblər.
Ekran işi maraqla izlənilib və nümayişin ardınca tamaşaçıları maraqlandıran suallar cavablandırılıb.
Xatırladaq ki, müharibə və qadın mövzusuna özünəməxsus baxış sərgiləyən, Xocalı soyqırımına, ümumilikdə savaşın ağrı-acısına kinematoqrafik təsvir verən “Köhnə çamadanlar” tammetrajlı bədii filminin quruluşçu rejissoru Saida Haqverdiyeva, ssenari müəllifləri Sevda Sultanova və Saida Haqverdiyeva, görüntü rejissoru Şahmar Səfəroğlu, montaj rejissoru Rza Almasi Pərqu, quruluşçu rəssamı Əfşan Əsədova, bəstəkarı Vüqar Camalzadə, baş prodüseri Pərvinə İsmayılova, icraçı prodüserləri Kəmalə Nəhmətova və Nicat Məmmədovdur.
Ekran əsərində rolları Xalq artistləri Məmməd Səfa, Pərvanə Qurbanova, Əməkdar artistlər Gülzar Qurbanova, Şəfəq Əliyeva, Nəsibə Eldarova, aktyorlar Zemfira Əbdülsəmədova, Zümrüd Qasımova, Ülviyyə Əliyeva, Zülfiyyə Qurbanova, Zarina Qurbanova, Aygün Fətullayeva, Türkay Cəfərli, Könül Qasımova, Səmimi Fərhad, Aqil M.Quliyev, Namiq Ağayev, Vüqar Hacıyev, Cavanşir Məhərrəmov, Rəsmiyyə Nurməmmədova, Qızılgül Quliyeva və digər aktyorlar canlandırıblar. Həmçinin filmdə İkinci Qarabağ müharibəsinin iştirakçıları, Sərhəd Qoşunlarında xidmət edən hərbçilər, eləcə də sağlamlıq imkanları məhdud istedadlı şəxslər də iştirak ediblər.
“Ədəbiyyat və incəsənət”
(28.02.2025)
Ussuriyskdə Xocalı soyqırımının qurbanları yad edilib
Rusiyanın Primorye diyarının Ussuriysk şəhərində fəaliyyət göstərən “Bizim era” diaspor təşkilatı Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirib.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, önncə Xocalı soyqırımı qurbanları və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Sonra Xocalı faciəsinin dəhşətlərini əks etdirən videoçarx və fotomateriallar nümayiş olunub.
Təşkilatın sədri Ziyadxan Camalov və onun övladları çıxış edərək tədbir iştirakçılarına erməni quldur dəstələrinin Xocalının dinc sakinlərinə, o cümlədən qadınlara, uşaqlara və qocalara qarşı törətdiyi amansız qətliam barədə məlumat veriblər.
Azərbaycan xalqının və dünya azərbaycanlılarının erməni hərbi birləşmələrinin insanlığa zidd hərbi cinayətlərinin unutdurulmasına yol verməyəcəyi, Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünü bərqərar etdiyi kimi, Xocalı soyqırımının günahkarlarının ədalət mühakiməsi qarşısında cavab verməsinə nail olacağına əminlik ifadə edilib.
“Ədəbiyyat və incəsənət”
(28.02.2025)
Böyük Britaniyada Xocalı soyqırımının ilə bağlı məlumatlandırıcı aksiya keçirilib
Böyük Britaniyada Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş genişmiqyaslı məlumatlandırma aksiyası keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Britaniya Azərbaycanlıları Cəmiyyətinin rəhbəri, Birləşmiş Krallıqda fəaliyyət göstərən Azərbaycan Diaspor Təşkilatlarının Koordinasiya Şurasının üzvü Fəridə Pənahovanın təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə Xocalı həqiqətlərini əks etdirən LED ekranlı maşınlar London və Edinburq şəhərlərində hərəkət edib, eləcə də əhalinin sıx toplaşdığı məkanlarda, rəsmi qurumların binaları qarşısında dayanaraq soyqırımı ilə bağlı vacib məlumatları ictimaiyyətin diqqətinə çatdırıb.
Qeyd edək ki, əvvəllər olduğu kimi bu il də Böyük Britaniyada həyata keçirilən aksiya geniş ictimai maraq doğurub. Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş bu tədbir Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə daha geniş çatdırılması, soyqırımın tanıdılması və erməni işğalçılarının törətdiyi cinayətlərin dünya miqyasında ifşa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
“Ədəbiyyat və incəsənət”
(28.02.2025)
İsrailin Kiryat Bialik şəhərində Xocalı soyqırımı qurbanları anılıb
Azərbaycanın İsmayıllı şəhəri ilə qardaşlaşmış Kiryat Bialik şəhərində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri təşkil edilib. Tədbir “Beyt a-Yadidut” (Dostluq Evi) Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və Kiryat-Bialik bələdiyyəsinin dəstəyi, İsraildə fəaliyyət göstərən “Azİz” İsrail-Azərbaycan Mədəniyyətlərarası Əlaqə” Assosiasiyasının təşkilatçılığı ilə baş tutub.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tədbirdə “Azİz” Assosiasiyasının icraçı direktoru Şaul Siman-Tov ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda yaşadığı dövrlə bağlı xatirələrini bölüşüb. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışını ruh yüksəkliyi və ümidlə qarşıladığını qeyd edib.
İsraildəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman tədbir iştirakçılarına Xocalı soyqırımı və Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçı siyasətin tarixindən danışıb.
“Azİz” İsrail-Azərbaycan Mədəniyyətlərarası Əlaqə” Assosiasiyasının prezidenti Adam Amilov, Kiryat Bialik şəhərinin mer müavini Naxum Raxevski hər zaman Azərbaycan xalıqının yanında olduqlarını vurğulayıblar.
Tədbir “Sevgi” ansamblının musiqiçiləri – tarzən və solist Salman Rabayev, nağara ifaçısı Rüstəm Yunayev və muğam ifaçısı Yaqub Məmmədovun çıxışları ilə davam edib.
“Ədəbiyyat və incəsənət”
(28.02.2025)
Kolumbiya Universitetində Xocalı soyqırımı ilə bağlı anım tədbiri keçirilib
ABŞ-nin Nyu York şəhərində yerləşən Kolumbiya Universitetində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş “Echos of Khojaly: Remembering the İnnocence” (“Xocalı sədaları: Məsumluğun Anımı”) adlı anım tədbiri keçirilib.
“Ədəbiyyat və incəsənət” portlına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumta görə, Azərbaycan Amerika Gənclər Federasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyinin, Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyinin, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, eləcə də Kolumbiya, Harvard və digər universitetlərdə təhsil alan gənclər, Nyu York yaşayan Azərbaycan və türk diasporlarının təmsilçiləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan və ABŞ-nin Dövlət himnləri səsləndirilib və Xocalı soyqırımı qurbanları, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Açılış nitqi ilə çıxış edən Amerika Gənclər Federasiyasının rəhbəri Leyla Aslanova qonaqları salamlayaraq Xocalı soyqırımı haqqında iştirakçılara ətraflı məlumat verib.
Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi səfir Tofiq Musayev Xocalıda ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımına beynəlxalq arenada hüquqi-siyasi qiymət verilməsi üçün işlərin aparıldığını qeyd edib.
Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova Xocalı soyqırımının xalqımızın qan yaddaşı olmasından, beynəlxalq ədalətin bərpası istiqamətində görülən işlərdən, 30 illik həsrətdən sonra məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışından söz açıb.
Azərbaycan Respublikasının ABŞ-dəki Səfirliyinin əməkdaşı Ceyhun Novruzov soyqırımın ABŞ-də hüquqi qiymət verilməsinə nail olmaq üçün səfirliyin gördüyü işlərdən bəhs edib.
“Geo TV”-nin rəhbəri, BMT-də akkreditə olunmuş jurnalist Azim Mian ölkəmizə səfəri barədə danışıb, səfər zamanı Azərbaycanın işğaldan azad olmuş ərazilərdəki erməni vandalizminin şahidi olduğunu, minalanmış zonaların insanların həyatına təhlükə törətdiyini və gələcəkdə Xocalı soyqırımına beynəlxalq aləmdə hüquqi qiymət veriləcəyinə ümid etdiyini bildirib.
Sonra Heydər Əliyev Fondunun hazırladığı və Xocalı soyqırımı şahidlərinin o dəhşətli gecədən bəhs edən fikirlərinin yer aldığı videomateriallar nümayiş olunub.
Azərbaycan Amerika Gənclər Federasiyasının üzvü, Kolumbiya Universitetinin tələbəsi Kamran Həsənov Xocalı soyqırımı ilə bağlı araşdırma əsasında məruzə ilə çıxış edib.
Anım tədbirində Xocalı soyqırımının bəşəri cinayət olması və cinayətkarların beynəlxalq ədalət məhkəməsi qarşısında cavab verməli olduqları auditoriyanın diqqətinə çatdırılıb.
Tədbirdə Nyu-Yorkda yaşayan sənətçilər-Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin rəhbəri, beynəlxalq müsabiqələr laureatı, Azərbaycanın Əməkdar artisti Nərgiz Əliyarova (fortepiano) və diaspor fəalı Aqil Hüseynovun (tar) ifasında Xocalı soyqırımı qurbanlarının xatirəsinə ithaf olunmuş həzin musiqi səsləndirilib.
“My Way” Uşaq-Gənclər İnkişaf Mərkəzində təhsil alan uşaqların əl işindən ibarət Xocalı soyqırımının dəhşətlərini əks etdirən sərgi, eyni zamanda Mərkəzin mədəniyyət üzrə direktoru, azərbaycanlı rəssam-heykəltəraş Emin Quliyevin müəllifi olduğu "Xocalı Harayı" kompozisiyası nümayiş olunub.
Qeyd edək ki, Xocalı soyqırımı haqqında məlumatlılığın artırılması, Ermənistanın işğalçı siyasəti nəticəsində insanlığa qarşı törədilmiş cinayətin, Qarabağ və regiondakı mövcud vəziyyətlə bağlı gerçək faktların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, yayılmış erməni dezinformasiyalarının qarşısının alınması, regionda sülh və sabitliyin təmin edilməsi prosesinə diqqətin cəlb olunması məqsədilə keçirilən bu cür tədbirlərin əhəmiyyəti olduqca faydalıdır.
“Ədəbiyyat və incəsənər”
(28.02.2025
Kalqaridə Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
Xocalı soyqırımının 33-cü ildönümü Kanadanın Alberta vilayətinin Kalqari şəhərində anılıb. Kalqaridə yaşayan Azərbaycan icması Xocalı faciəsi qurbanlarının xatirəsinə qoyulmuş skamyanın ətrafına toplaşaraq soyqırımında həlak olmuş dinc əhalini bir dəqiqəlik sükutla yad edib.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, çıxışçılar bu hadisənin təkcə Azərbaycanın deyil, bütün bəşəriyyətin faciəsi olduğunu vurğulayaraq, onun dünya ictimaiyyətinə daha geniş şəkildə çatdırılmasının vacibliyini qeyd ediblər. Sonda soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq lövhənin önünə gül dəstələri düzülüb.
Qeyd edək ki, 2014-cü ildə Kalqarinin “Edworthy” parkında açılışı olan skamyanın üzərində “Xocalı faciəsi qurbanlarının xatirəsinə” sözləri yazılmış memorial lövhə vurulub. Kalqaridə yaşayan Azərbaycan icmasının üzvlərinin soyqırımı qurbanlarına olan ehtiramının və tarixi ədalətin bərpası üçün apardıqları davamlı fəaliyyətin nəticəsində lövhənin orada qalma müddəti daha 10 il artırılıb.
“Ədəbiyyat və incəsənət”
(28.02.2025)
Azərbaycanın lüks turizm imkanları Qətərdə təbliğ olunub
Azərbaycan Turizm Bürosu Qətərin paytaxtı Dohada keçirilən “Connections Luxury Middle East 2025” tədbirində rəsmi tərəfdaş qismində təmsil olunub.
Dövlət Turizm Agentliyindən AzərTAC-a bildirilib ki, tədbirə Yaxın Şərq, Körfəz Əməkdaşlıq Şurası (GCC) ölkələri, Cənubi Asiya, ABŞ, Böyük Britaniya və digər Avropa dövlətlərindən aparıcı turizm sənayesi nümayəndələri, o cümlədən lüks hotel şəbəkələri, turizm şirkətləri və yüksəksəviyyəli səyahət agentlikləri daxil olmaqla, 100-dən çox beynəlxalq şirkət qatılıb.
Azərbaycan Turizm Bürosu tədbir çərçivəsində aparıcı turizm şirkətləri ilə 40-a yaxın B2B formatlı görüş keçirərək ölkənin lüks turizm potensialını təqdim edib.
Müzakirələr qış və yay turizmi, sağlamlıq və istirahət mərkəzləri, eləcə də Ramazan bayramı ərəfəsində turizm təklifləri ilə bağlı aparılıb.
Tədbir zamanı açıqlanan məlumata görə, Azərbaycan GCC səyahətçiləri üçün 2024-cü ilin ən populyar 10 xarici destinasiyası sırasında premium turizm istiqaməti kimi yer alıb.
“Ədəbiyyat və incəsənət”
(28.02.2025)
AZƏRBAYCAN POEZİYASI ANTOLOGİYASI – Davud Nəsib, “Mənim”
Rubrikanı təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Rubrikamızda Davud Nəsib həftəsi davam edir.
Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən olan Davud Nəsib (Davud Məcid oğlu Nəsibov (25 avqust,1942, Qazax – 26 mart,2003, Bakı) SSRİ dönəmində gəncliyin ən sevilən şairlərindən biri olub. Vətənə, valideyinlərə ülvi məhəbbət, saf sevgi hissləri, nəcibliyin, xeyirxah əməllərin tərənnümü Davud Nəsib poeziyasının leytmotivini təşkil edib. Müstəqillik dönəmində isə şair qələmini süngüyə çevirərək erməni millətçiliyi ilə mübarizəyə qalxıb, bir-birindən sanballı əsərlər ortaya qoymaqla gənc nəslin vətənpərvərlik, qəhrəmalıq ruhunda yetişməsinə öz töhfələrini verib.
Bu gün sizlərə “Mənim” şeirini təqdim edəcəyik.
Yeri gəlmişkən, Davud Nəsib Azərbaycan poeziyasında həm də yurd və vətən sevgisinin uğurlu poetik ifadəçisidir.
İtsə dolaylarda hər ləpir, hər iz
Hay-həşir qoparıb təntiməyin siz.
Əgər qəribsəsə dağlar kimsəsiz
Dağlara izimi aparın mənim.
Ərisə zirvəsi, qaralsa üzü,
Dağların göz yaşı bürüyər düzü.
Büllur çeşmələrin tutulsa gözü,
Görməyə gözümü aparın mənim.
Birdən ətəyinə yadlar tökülsə,
Əgər süngülərlə köksü sökülsə,
İşdir, zirvələrin qəddi bükülsə,
Köməyə dizimi aparın mənim.
Zirvələr fikrimi başımdan alar,
Yadıma düşdükcə ürəyim dolar.
Baxıram, hədiyyəm mənim nə olar? –
Dağlara sözümü aparın mənim.
Özüm buradayam, qəlbim orada,
Bir şey qalmayıbdır düzü arada.
Bir vaxt mən qocalsam, məndən sonra da
Ora, əzizimi aparın mənim.
Davudam, qönçəni üzə bilmərəm,
Könülsüz bir yeri gəzə bilmərəm.
Heç vaxt ayrılığa dözə bilmərəm,
– Dağlara özümü aparın mənim.
“Ədəbiyyat və incəsənət”
(28.02.2025)
Yenidən başlamağı öyrət mənə - ESSE
Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Salam, Torpaq.
Sən məni tanıyırsan, eləmi? Addımlarımı xatırlayırsan? Dəfələrlə üzərinə düşmüş, qaçmış, dayanmış, bəzən səni qucaqlamışam. Bəzən isə sadəcə ayağımın altında susmusan, sanki heç var olmamışsan kimi.
Sən mənə demisən ki, hər kəs sənin üzərində gəzər, amma yalnız bir neçəsi səni həqiqətən hiss edər. Mən isə səni hiss etməyi seçdim. Əllərimi sənə basanda bilirsənmi, Torpaq, içimdəki yorğunluq axıb gedir. Sən məni dinləyirsənmi? Sənə yükümü danışsam, qəbul edərsənmi?
Axı sən hər şeyi bilirsən, deyilmi? İnsanların gəldiyini və getdiyini. Sən, üzərində addımlayan hər insanın hekayəsini eşidən, amma heç birini danışmayan sirdaşsan. Mən də sənə sirrimi açım? Əslində çox şeydən yorulmuşam, amma dayanmaq istəmirəm.
Bilirsən, Torpaq, sənin içindən ağaclar boylanır, çiçəklər açır. Mən də belə olmaq istəyirəm. İçimdən yaşamaq istəyi boy versin, yarpaqlarım yazdan yazacan yaşıl qalsın. Amma bəzən fəsillərim dəyişir, yarpaqlarım tökülür, soyuq küləklər məni titrədir. Onda sən mənə nə deyərsən, Torpaq?
Sən susarsan, mən bilirəm. Çünki susmaq sənə yaraşır. Amma sənin sükutunda bir hikmət var. Bəlkə də demək istəyirsən ki, “Hər şey yenidən başlayır. Sən də başlayacaqsan.”
Elədirsə, mən buradayam, Torpaq. Yenidən başlamağı öyrət mənə. Öyrət ki, necə kiçik bir toxum yerin dərinliklərində öz yolunu tapıb işığa can atırsa, mən də belə edə bilim. Öyrət ki, düşdüyüm yerdən çürümədən boylana bilim. Öyrət ki, yağış yağanda islanmaqdan qorxmayım, çünki sən bilirsən, bəzən böyümək üçün islanmaq lazımdır.
Mən sənə baxıb öyrənəcəyəm, Torpaq. Çünki sən həmişə səbir edirsən. Səni tapdalayanları bağışlayırsan, səni qazıb qarışdıranlara qarşı dözümlüsən. Bəlkə də sənə görə həyat belədir – yıxılsan da, qarışdırılsan da, sıxılsan da, sonunda bir toxum cücərə bilər.
O toxum mən olum, Torpaq. Mən də yaşamağı səndən öyrənim.
“Ədəbiyyat və incəsənət”
(28.02.2025)