Yenidən başlamağı öyrət mənə - ESSE Featured

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

 

Salam, Torpaq.

Sən məni tanıyırsan, eləmi? Addımlarımı xatırlayırsan? Dəfələrlə üzərinə düşmüş, qaçmış, dayanmış, bəzən səni qucaqlamışam. Bəzən isə sadəcə ayağımın altında susmusan, sanki heç var olmamışsan kimi.

 

Sən mənə demisən ki, hər kəs sənin üzərində gəzər, amma yalnız bir neçəsi səni həqiqətən hiss edər. Mən isə səni hiss etməyi seçdim. Əllərimi sənə basanda bilirsənmi, Torpaq, içimdəki yorğunluq axıb gedir. Sən məni dinləyirsənmi? Sənə yükümü danışsam, qəbul edərsənmi?

Axı sən hər şeyi bilirsən, deyilmi? İnsanların gəldiyini və getdiyini. Sən, üzərində addımlayan hər insanın hekayəsini eşidən, amma heç birini danışmayan sirdaşsan. Mən də sənə sirrimi açım? Əslində çox şeydən yorulmuşam, amma dayanmaq istəmirəm.

Bilirsən, Torpaq, sənin içindən ağaclar boylanır, çiçəklər açır. Mən də belə olmaq istəyirəm. İçimdən yaşamaq istəyi boy versin, yarpaqlarım yazdan yazacan yaşıl qalsın. Amma bəzən fəsillərim dəyişir, yarpaqlarım tökülür, soyuq küləklər məni titrədir. Onda sən mənə nə deyərsən, Torpaq?

Sən susarsan, mən bilirəm. Çünki susmaq sənə yaraşır. Amma sənin sükutunda bir hikmət var. Bəlkə də demək istəyirsən ki, “Hər şey yenidən başlayır. Sən də başlayacaqsan.”

Elədirsə, mən buradayam, Torpaq. Yenidən başlamağı öyrət mənə. Öyrət ki, necə kiçik bir toxum yerin dərinliklərində öz yolunu tapıb işığa can atırsa, mən də belə edə bilim. Öyrət ki, düşdüyüm yerdən çürümədən boylana bilim. Öyrət ki, yağış yağanda islanmaqdan qorxmayım, çünki sən bilirsən, bəzən böyümək üçün islanmaq lazımdır.

Mən sənə baxıb öyrənəcəyəm, Torpaq. Çünki sən həmişə səbir edirsən. Səni tapdalayanları bağışlayırsan, səni qazıb qarışdıranlara qarşı dözümlüsən. Bəlkə də sənə görə həyat belədir – yıxılsan da, qarışdırılsan da, sıxılsan da, sonunda bir toxum cücərə bilər.

O toxum mən olum, Torpaq. Mən də yaşamağı səndən öyrənim.

 

“Ədəbiyyat və incəsənət”

(28.02.2025)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.