Super User
Mavi sular mavi gözlü gözəl olar... - DOST SÖZÜ
Əzizağa Elsevər, yazıçı, tarixçi alim, “Ədəbiyyat və incəsənət” üçün
Şeir səmimiyyətdən doğur. Şair özü olanda, özünə qayıdanda şeir yaranır. Şair ömrü narahat bir ömürdür. Daim axtarışda, daim bir yenilik, daim yanğı, sevinc, kədər içində keçən ömür. Xalq şairi Nəbi Xəzri demişkən:” Yazmasan- narahat... Yazsan narahat...”
Şair dərd, kədər hopdurucusu, sevinc, fərəh bölücüsüdür. Özündən çox, başqaları üçün yaşayan, düşünən, yanandır. Şairin böyüklüyü, şeirin gözəlliyi də elə ondadır.
Bir şair ömründən, bir şeir, sənət dünyasından danışmaq, misra-misra yaddaşımı vərəqləyib, şeirlərin işığında bir anlıq xatirə cığırından dünənimə boylanmaq istəyirəm. Haqqında söhbət açmaq istədiyim dənizçi-şair Faiq Balabəyli mənim şagirdim olub, orta məktəbdə, doğma kəndimizdə tarix müəllimi olmuşam. Müəllim sənəti elə bir müqəddəs sənətdir ki, zəkasıyla ömürlərə paylanar, neçə-neçə talelərdən boylanar. Ümid işığına dönüb yol göstərər, həyatın keşməkeşli, dolaylı, qolaylı yollarından yetirmələrini keçirib aparar. Cığırlar yollara qovuşar, yollar bitməz, tükənməz.
Faiqin yaradıcılığında xoşa gələn cəhətlərdən biri odur ki, sevdiyi, könül bağladığı, qoynunda gəzib-dolaşdığı yer-yurd adlarını (Xamrava, Bazı düzü, Qarayarçay və s.) şeiriyyətə gətirir. Sevdiyi kimi, oyalanan xatirələr işığında oxucusuna da sevdirməyi bacarır. İnsan harda doğulubsa, o yerləri heç vaxt unutmur, yaddaşına yazıb, xatirə aynasında həmişə o yerləri dolaşır. Yaradıcı insan xatirələrə dalanda həzin, kövrək duyğuların ovsununa düşür, sehrinə bələnir. Şair özü olanda səmimiyyəti də inama, əqidəyə söykənir. Səmimiyyət dolu şeirlər isə hər an doğulmur. Doğuldusa, hafizələrə, yaddaşlara köçür, dillərdə, dodaqlarda dolaşır.
Faiqin ömrünün 40 ildən çoxu dənizlə bağlıdır. Onun şeirlərini oxuyanda hərdən içimdə bir sual dolaşır: Dəniz sevgisi onda bu qədər hardandır? Axı doğulduğu kəndin, rayonun dənizlə yaxınlığı, bağlılığı yoxdur axı?! Ancaq müsahibələrindən birində o, “Məni dənizə ədəbiyyat gətirib” - deyir. Bəli, ötən əsrin 70-ci illərində sanki hamı bədii ədəbiyyat acı idi.İndiki kimi, onda hələ kitabın kitabı bağlanmamışdı. Hər təzə çıxan bədii əsərdən hamı xəbər tutur, oxuyur, hətta, yeri gələndə müzakirə də edirdilər. Buna görə, Faiqin müsahibələrindən birində “məni dənizə ədəbiyyat gətirib” deməsi, heç də təsadüfi, bəlağət xatirinə deyilmiş söz deyil. O da çoxları kimi mütaliə həvəskarı idi. Bir az da, qaynarlığı, dəcəlliyi var idi. Nə gizlədim, dərsi oxumadığı, ya zəif öyrəndiyi günlərdə danladığım hallar da olmuşdu. Ancaq həmişə üzündə təbəssüm əskik olmazdı. İçində sabah yaxşı oxuyacam inamını da gəzdirərdi. Ancaq, sən demə, bu sarışın saçlı şagirdimin içində yaşatdığı dəniz sevgisi elə o vaxtlar bəyaz yaylıqlar kimi yellənib onu arzularının dalıyca çağırırmış.
Dəniz təmizlik, gözəllik, saflıq, həm də qorxu, fəlakət mənbəyidir. Hər kəsin içində dənizi görmək, onun bir udumluq havasının həsrəti var. Kim bilir, bəlkə buna görə hamı ona sarı can atır. Elə ümman sevdalı Faiqi də dənizsiz təsəvvür etmək çətindir. Dəniz onun üçün hər şeydir. Dəniz iş yeri, çörək yeridir. Yediyi çörəyə də dəniz nəfəsi, dəniz sevgisi qatır. Dəniz həm də onun yaradıcılıq masası, ilham mənbəyi, çətinə düşəndə məsləhət, düşüncə, fikir ortağıdır. Xəyalının çapar yeri, ilhamının kükrəyən, bulaq kimi çağlayan, ürəyindəki ağrı-acılara məlhəm yeridir. Dəniz onun üçün sirdir, müəmmadır, həyatla, ölüm arasında, sanki bir sınaq meydanıdır. Dənizin gözləri dolanda uşaq kimi kövrəlib ağlaması, gecələr gümüşü ay işığına baş qoyub şirin-şirin mürgüləməsi, səhər dan yeri söküləndə üfüqdə günəşi salamlayıb, fəcrin qızılı-çəhrayı tellərindən nazlanıb saçlarını daraması var. Xırdaca ləpələrinin gizlənpaç oynaması, axıb-axıb xəfif mehin ayaqları altına sərilib itməsi, tənbəl-tənbəl yuxudan oyanması, ləngər-ləngər yerindən tərpənməsi var. Dənizin nəğməsi, sevgisi, sehri də gözəldir. Darıxanda dəniz qırağına qaçırıq, ürəyimiz açılır, içimizdə elə dəniz boyda yaşamaq eşqi, sevgisi doğulur. Dəniz, bəlkə də, Allahın insanlara verdiyi, göndərdiyi yaşamaq eşqidir. Faiqi Faiq eləyən də, bəlkə elə bu eşqdir, dənizə vurğunluğudur.
Mavi sular mavi gözlü gözəl olar,
Naz eləyər dənizçiyə,
Mənim üçün əziz olub,
Heç bilmirəm dəniz niyə?! - deyən dənizçi-kapitan, şair də bu məhəbbətin, vurğunluğun sirrinə cavab tapmağa çalışır. Bəzən də uşaq kimi kövrəlib:
Yamyaşıldı duzlu suyun köynəyi,
Qayaların üzü cızıq-cızıqdı.
Gəmiləri üzüb gedib, göynəyir,
Bu dənizin limanları yazıqdı... – pıçıldayıb gördüyü mənzərəni unuda bilmir. İçində xəfif bir duyğu mehi əsib keçir. Sanki içində həzin bir duyğu dil olub danışır. Görən gəmiləri gəlib sinəsinə baş qoyacaqmı bu limanların? Yoxsa limanların gözləri yol çəkəcək, kim bilir bəlkə də o qədər yol çəkəcək ki, gözlərinin tovu da azalıb, işığı hicran, həsrət yağışına dönüb bulud kimi boşalacaq.
Faiqin əksər şeirlərində sanki dənizin nəfəsi, ruhu var. Elə bil ki, dənizə də canlı bir varlıq kimi baxır. Nədən yazırsa yazsın, yenə də dəniz nəğməsinə baş qoyur, qəlbinin dərinliyindən qopub gələn pıçıltılarına ən təmiz ümman ətrini də qatıb oxucularına təmizlik, gözəllik ərmağan edir. Şair elə bil ki, dənizlə danışır, onun ürəyinə yol tapıb ürəyində yaşayır. Bəlkə buna görə dəniz ürəklidir o. Onun da həlim, sakit, ipək kimi yupyumşaq xasiyyəti, elə dəniz boyda Vətən, el sevgisi var. Şeirlərində misra-misra axıb gələn ilhamın işığı da sanki dənizin bağrından qopub gələn işıqdır, hərarətdir.
Dəniz çirkabı sevməz, dartınar, çırpınar, atar qoynundan o çirkabı. Faiqin şeirlərində də elə dəniz kimi naqisliklərə üsyankarlıq, qəzəb var. O da cəmiyyətin içindəki eybəcərlikləri görür, laqeydlik, biganəlik içində boğulan insanların dərdinə əlac, şərik olmağa can atır. Məramı odur ki, şair, ziyalı mübariz olsun gərək. Öz dərdinə yanmayan, başqalarının dərdini nə bilər axı?! İnsan dərd, kədər, sevinc, fərəh daşıyıcısıdır. Sevincindən pay verməyən kədərlə qucaqlaşar.
Şair özü ilə tək-tənha qalanda xəyallar qoynunda çırpınar. Dəniz həm də Faiq üçün tənhalıq, özünə qayıdış yeridir. Onun hər əmək səfəri limanlardan ayrılıq, hicran, həsrət səfəridir. Liman uzaqlarda qalan həsrət yeridir, bir də gəmilər kimi o yerlərə qayıdacaqmı ümidinə bələnmiş inam, güman şirinliyidir.
Faiq Balabəyli Bakının başını qara buludlar alanda, işğalçı rus əsgərləri Bakıda at oynadanda, pozulmuş haqqını tələb edən dinc əhalini qanına qəltan edəndə dənizdən dünyaya hayqıran bir vətənpərvər övlad idi. Onda gülləyə də tuş gələ bilərdi, həyatı vəhşi sarıqulaqların qəzəbində alışıb yana bilərdi. Ancaq hamı kimi o da qorxu nə olduğunu bilmədi. Bütün varlığıyla qəzəbini, etirazını bildirdi. Onun “Bakı buxtası-20 yanvar”, “Dənizçilərimiz Vətən müharibəsində” kitablarında o günlərin iztirabları, ağrı-acıları səmimiyyətlə işıqlandırılıb.
Faiq Balabəyli bu gün ömrünün müdriklik çağını yaşayır. İnanıram ki, bundan sonra da gözəl əsərlərlə öz oxucularını sevindirəcəkdir!
“Ədəbiyyat və incəsənət”
(04.10.2024)
Kazanda keçiriləcək BRICS sammiti çərçivəsində “Planetlə dialoq” filmi nümayiş olunacaq
Oktyabrın 22-24-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində keçiriləcək BRICS sammiti çərçivəsində tanınmış rusiyalı rejissor Qriqori Naxapetovun “Planetlə dialoq” adlı sənədli filmi nümayiş olunacaq.
Bu barədə AzərTAC-a Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun prezidenti Nüsrət Məmmədov məlumat verib.
Qeyd edək ki, ekran əsəri məşhur qırğız yazıçısı Çingiz Aytmatovun 95 illiyinə və Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət və siyasət xadimi Heydər Əliyevin 100 illiyinə həsr olunub.
“Ədəbiyyat və incəsənət”
(04.10.2024)
“Narkomaniyaya YOX deyək!" mövzusunda hekayə müsabiqəsi bitmək üzrədir
Narkomaniya bir bəladır və get-gedə daha çox adamı öz ağuşuna alır. Və onunla mübarizə hər kəsin ümdə vəzifəsi olmalıdır. O cümlədən də qələm əhlinin.
Narkomaniya və digər zərərli vərdişlərin sağlamlığa təhlükəli təsirləri, narkotik maddələrdən istifadənin ağır fəsadları barədə əhali arasında geniş maarifləndirilmənin aparılması, narkomaniya ilə mübarizənin daha da genişləndirilməsi, o cümlədən sağlam həyat tərzinin gənclər arasında təbliğ və təşviq edilməsi məqsədilə hekayə müsabiqəsi elan olunur.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Azərbaycan Yazıçılar Birliyi (AYB) ilə əməkdaşlıq çərçivəsində keçirilən hekayə müsabiqəsində iştirak üçün yaş məhdudiyyəti qoyulmadan yazıçılar dəvət olunur. Seçilmiş hekayələrin AYB-nin orqanı olan “Ulduz” jurnalında və xüsusi olaraq hazırlanan kitabda nəşri, qaliblərin mükafatlandırılması nəzərdə tutulur.
Müsabiqə şərtləri:
- Narkomaniya ilə mübarizə mövzusunda (Narkomaniya və digər zərərli vərdişlərin sağlamlığa təhlükəli təsirləri, narkomaniyanın ağır fəsadları, narkotik maddələrdən istifadənin səbəb olduğu acı nəticələr və s. istiqamətdə) hekayələrin yazılması;
- Müəlliflərin ad-soyadının, əlaqə telefonunun qeyd edilməsi;
- Hekayələrin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına göndərilməsi.
Son müddət: 10 oktyabr 2024-cü il.
“Ədəbiyyat və incəsənət”
(04.10.2024)
«Əllərin sehri” adlı yaradıcılıq müsabiqəsində iştirak etməyə tələsin
Xətai Sənət Mərkəzində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində heykəltaraşlıq sahəsi üzrə “Əllərin sehri” adlı yaradıcılıq müsabiqəsi elan olunur.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Mərkəzdən verilən açıqlamaya görə, yeniyetmə və gənclər arasında reallaşan müsabiqənin məqsədi şəxslərin yaradıcılıq ruhunun yüksəldilməsi və asudə vaxtlarının səmərəli istifadəsinə xidmət, həmçinin əl işinin xüsusi enerjiyə və dəyərə malik olduğunu göstərməkdir.
Gənclərin müxtəlif kompozisiya nümunələri ilə müsabiqəyə qatılması mümkündür. Layihənin sonunda qalib gələn əsərlər seçilərək nümayiş olunacaq.
İştirakçılar Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına sənədlərini göndərməklə müraciət edə bilər.
Müraciət üçün son tarix cari il oktyabrın 15-dir.
Müsabiqə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Uşaq Sənəti Qalereyasının təşkilatçılığı ilə reallaşacaq.
“Ədəbiyyat və incəsənət”
(04.19.2024)
“Bəxtdən gələn bir yazıyla çıxdım ömür səfərinə... “ - Firuzə Məmmədlinin şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Firuzə Məmmədlinin şeirləri təqdim edilir.
Səfər
Bəxtdən gələn bir yazıyla
çıxdım ömür səfərinə:
Qarşıdaydı Şuşa taxtım, -
yolları gözümə taxdım.
Qartal kimi dağlar qalxdım,
çaylar kimi dərə axdım.
Endim, qalxdım,
qalxdım, endim...
Allah! Allah!
Yer üzünə göydən baxdım.
Qarabağın yollarını
qoluna dolayıb getdim.
Deyən elə uça-uça
gözlərimi yuma-aça
zirvələrə uçuş etdim,
bu dağların, bu düzlərin
oba-oba, mənzil-mənzil
yarasına öpüş etdim.
Gəldim sənə, bacım Şuşa
taxtım Şuşa, tacım Şuşa.
Yaddaşım
Yaddaşım məni aldadır,
Daş deyib yadlara atır.
Gah heç nədən ara qatır,
Gah yaddan çıxır yaddaşım.
Bilmir nədir uzaq-yaxın,
Ta andı-fəndi - bu yaxam.
Mən belə yaddaşla yoxam,
Canımı sıxır yaddaşım.
Nəyi hara qoydum, bilmir,
Hənək bilmir, oyun bilmir.
Elin yasın, toyun bilmir,
Dəyəmi yıxır yaddaşım.
Taqət deyil ayağıma,
Çiyin vermir dayağıma.
Görmədiyim oyağıma,
Gördüyüm yuxu yaddaşım.
Deyirdi
Yəni doğrudanmı vardı o günlər, -
Hər anı, saatı şeir deyirdi?!
Eh çalıb-çağıran tardı o günlər,
Elə gələcəkdən deyir... Deyirdi.
Şerə vurğundu, elmə vurğun,
Nə zəif düşərdi, nə də ki yorğun.
Əlləri cavabdı, fikri sorğu,
Şərə rəml atsaydı, xeyir deyirdi.
Canında naz yoxdu, dilində zəhər,
Ölüb-dirilirdi içində qəhər.
Yuxusuz gecədən çıxıb birtəhər,
"Səhər qıpımızı döyür", deyirdi.
Yəni doğrudanmı olub o günlər? -
Min arzu, min ümid dolu o günlər.
Eh, ağıl, dərrakə yolu o günlər,
"Durma, yaz, gözünü doyur" deyirdi.
Mirvari - hər sözü, inci - hər sözü -
Deyən, daşdan çıxır indi hər sözü.
Könlünün bucağı, küncü hər sözü
"Vaxt məndə özünü öyür," deyirdi.
Yalan yaşımsan
Gözümdən işığı, dilimdən sözü,
Ömrümdən illəri alan yaşımsan.
Neynim ki, canımı, heyimi üzüb,
Fikrimdə, zikrimdə talan yaşımsan.
Səndə nələr gördüm, özün bilirsən,
Çəkdiyim nə varsa, dözüm bilirsən.
Dünyanın hər sirrin, sözün bilirsən,
Deyən, anam yaşım, balam yaşımsan.
Qaldım saya-saya daş ümidləri,
Sərsəm ümidləri, çaş ümidləri.
Əvvəldən biləydim, kaş, ümidlərin
Elə sonucuna qalan yaşımsan.
Ölüb-dirilsək də biz bu yolboyu,
Neçə il yaşadıq sənlə qolboyun.
Çox da qürurlanma - Tanrı bol qoyub,
Sən də dünya kimi yalan yaşımsan.
Ürəyim
Ürəyim pis-pis döyünür,
İçində min hiss döyünür.
Gah kədər, gah hirs döyünür,
Elə diltəng edir məni.
Aça bilmirəm sirrini,
Unudub, tapmır yerini.
Hərdən sarsağın birini,
Yada salıb didir məni.
Bir də gördün, saxta vurur, -
Solda durub, sağda vurur.
Deyirsən bəs, taxta vurur...
Sökür sətir-sətir məni.
Bitəmmir gözləməyi də,
Tükənmir "döz" deməyi də.
Bir ömürlük əməyi də
Deyir, haqqa yetir məni.
Sənək deyil, suda sına,
Mən sınamsa, o da sına.
Günə həsrət odasına
Niyə edib çətir məni?!
Nə günü, nə güzarı var,
İçində qəm bazarı var.
Bilmirəm, nə azarı var,
Deyir, öldür, itir məni.
Gətir
Ailəsindən uzaq
düşənlərə
İnadın dağa dirənib,
Gözündən həsrət ələnir.
Aşır yolundan bərəni,
Sənsizə özünü yetir.
Qayıt gəl ev-eşiyinə,
Qayıt körpə beşiyinə.
Sənsiz qəlbi üşüyənə,
Bir isti sözünü gətir.
Vardı yoxun, vardı varın,
Üz tut qismətinə sarı.
Bu yolun, bu da - qatarın,
Gəlişin tezini yetir.
*
Yenə günün qarasını
Sürtüb təmizləyəmmirəm.
Buza qoyum, duza qoyum,
Pörtüb təmizləyəmmirəm.
Tanrı aça haqq qapısın,
Bir uğurlu vaxt qapısın.
Mən bu qara baxt qapısın,
Örtüb təmizləyəmmirəm.
Elə şəri xeyir eləyir,
Dərd əridib şeir eləyir.
Gendə durub seyr eləyir,
Yetib təmizləyəmmirəm.
İlahi
Neynirdin, neynirdin pis adamları,
Xəbis adamları, hirs adamları?
Qırıb çatırdınsa biz adamları,
Niyə yaradırdın, niyə, İlahi?!
Bilirik, şeytana uyanların var,
Haqqın günahını yuyanların var.
Əlinin üstə əl qoyanların var,
Durmusan onlara yiyə, İlahi.
Sənin bu halına nə ad qoyaq, nə?
Çaşbaşıq, bilmirik, baş nə, ayaq nə.
Bu ömür deyilsə, bəs nə sayaq, nə?
Nəyə inam olaq, nəyə, İlahi?!
Bizi görürmüsən? Biləmmirik ta,
Bəxt üçün əl açıb dilənirik ta.
"Yer" adda möhvərdən iyrənirik ta,
Çək apar bizləri göyə, İlahi.
Yalvarıb-yaxarmaq xislətim də yox,
Malından-mülkündən qismətimdə yox.
Sırtıqlıq abrımda, ismətimdə yox,
Qalmışam başıma döyə, İlahi.
*
Bəli, küy deyiləm, kələk deyiləm,
Ərkim özümdədir, fələk deyiləm.
Lap kin-küdurətəm, mələk deyiləm,
Kimsədən söz çəkmir, söz gəzdirmirəm.
Axarım-baxarım hələ ki, kordu,
Ta yol gözləmək də gözümü yordu.
Xan ol, ya sultan ol... Axırı gordu,
Odur ki, sirlərə göz gəzdirmirəm.
Şöhrət dilənmirəm, şan dilənmirəm,
Can verib, yerimə can dilənmirəm.
Halalca haqqımdı, mən dilənmirəm,
Yük deyil... Çiynimdə naz gəzdirmirəm.
“Ədəbiyyat və incəsənət”
(04.10.2024)
BİR SUAL, BİR CAVAB Vahid Əziz ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL
Səmimi və sadə Şairimiz, qəlbində qış fəsli olanların təqvimdə yaşanan yaz fəsli karına gəlirmi?
CAVAB
Elə olub ki, mən yayın qızmarında- avqust ayının 15-16- da " Kaman" şeirini yazmışam:
Qar örtmüş düzənliyi,
Nəhəng bir kaman kimi,
Alıb çiyinin üstünə
Çağırır üfüqlər
Çalır küləklər ilə..
Məs: payız gələndə mən bahar haqqında şeir yazmışam. Ya da bahar gəlir, mən payız haqqında şeir yazıram.
Şairin bədəni xarici iqlimin dəyişməsi ilə nəfəs almır. Şair daxili iqlimi ilə nəfəs alır. Daxilimdəki iqlimə görə yaşayıram. 27 il mən heç nə yazmamışam. Yüksək vəzifələrdə- dövlət işində çalışırdım, vaxtım məhdud idi. Allah qorudu, saxladı və birbaşa Ədəbiyyata göndərdi.
“Ədəbiyyat və incəsənət”
(04.10.2024)
“Sözün qiyaməti qopan yerdəyəm” - Musa Ələkbərlinin yeni kitabı işıq üzü görüb
Tanınmış şair Musa Ələkbərlinin “Sözün qiyaməti qopan yerdəyəm” adlı şeirlərdən və Milli Qəhrəmanımız Mübariz İbrahimovdan bəhs edən “Mübarizlik dərsi” poemadan ibarət kitabı işıq üzü görüb.
“Elm və Təhsil” nəşriyyatında ərsəyə
gələn kitab 776 səhifədən ibarətdir.
Kitabda şairin son iyirmi ildə qələmə aldığı şeirlərinin mühüm bir hissəsi toplanmışdır. Yurd məhəbbəti, vətəndaşlıq yanğısı, sevgi müxtəlif mövzularda qələmə alınmış bu şeirlərin içindən sarı bir sim kimi keçir. Şair nədən yazırsa-yazsın, sevgiylə yazır. Poetik tapıntılarına ürəyinin odunu-közünü bəxş edir.
Kitaba “Önsöz”ü yazıçı İradə Aytel yazıb.
Əlbəttə ki, kitabda Qarabağ dərdinə, vətənimizin bütövlüyü uğrunda qəhrəman oğullarımızın milli mücadiləsinə həsr olunmuş şeirlər xüsusi maraq doğurur. Milli Qəhrəmanımız Mübariz İbrahimovdan bəhs edən “Mübarizlik dərsi” poeması isə Musa Ələkbərli yaradıclığının uğurlu nailiyyəti kimi diqqəti cəlb edir.
Müəllifin 75 illik yubileyi münasibətilə çapdan çıxmış bu kitab onun sayca 16-cı şeirlər kitabıdır.
Yanılmayıb qismətimi göndərən,
Geciksə də o yolları köndələn....
Gözlərinin gözəllikdən köz dərən
Ürəyinin çıraqlanan vaxtıdır.
Harda qaldı “qaçdı-qovdu” bicliyin?
Zövqü yoxdu rahatlığın, dincliyin.
Bir quş kimi əldən uçan gəncliyin
Ağrı ilə soraqlanan vaxtıdır.
Qabağını ha kəssən də sən şərin,
Ürəyində şırım açdı çox dərin.
Xəyal-xəyal ötüb keçən illərin
Kitab-kitab varaqlanan vaxtıdır.
Sevgin idi səni uca saxlayan,
O sevgiyə olmadı gün ağlayan...
Nə könlünün çaylar kimi çağlayan
Nə telinin daraqlanan vaxtıdır.
İnnən belə günlərini say, Musa,
Sirlərini şeirə çevir, yay, Musa.
İndi sənnən gözəllər yox, ay Musa,
Mələklərin maraqlanan vaxtıdır.
Doğrudan da, Musa Ələkbərli gözəl şairdir, oxumağa dəyər!
“Ədəbiyyat və incəsənət”
(04.10.2024)
Böyük Turanın əhəmiyyəti bir daha xatırlandı - REPORTAJ
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
“Türk Dünyasından Hekayələr” kitabının təqdimatında iştirak etdiyim gün məni dərin təəssüratlarla baş-başa qoydu. Bu kitab türk xalqlarının zəngin mədəniyyətini, bir-birindən maraqlı hekayələri bir araya gətirərək oxuculara, sanki, unudulmaz bir səyahət təqdim edir. Hekayələri Azərbaycan dilinə tərcümə edən Məleykə xanım Mirzəli bu işdə böyük əmək sərf edərək türk ədəbiyyatının səsi ilə bizi tanış etdi.
Təqdimatda çıxış edənlər arasında Məti Osmanoğlu və Yeganə İsmayılova da vardı. Hər ikisinin nitqində türk xalqlarının birliyi, ortaq tarixi və gələcəkdə bu birliyin daha da güclənməsi ilə bağlı fikirlər xüsusilə vurğulandı. Onların dilindən çıxan hər söz Böyük Turanın əhəmiyyətini bir daha xatırlatdı. Onlar türklərin birliyi, mədəni və tarixi yaxınlığı haqqında danışaraq Böyük Turan ideyasının vacibliyini vurğuladılar. Bu çıxışlar türk xalqlarının güclü əlaqələrini və gələcəkdə bir-birinə daha da sıx bağlı olmasının vacibliyini bir daha göstərdi.
Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşarın çıxışı isə dinləyicilər arasında xüsusi ruh yüksəkliyi yaratdı. O, türklərin bir-birinə bağlılığını, ortaq mədəniyyətin gücünü və birliyin yalnız mədəniyyətdə deyil, gələcəkdə hər sahədə önəmli olduğunu vurğuladı.
Bu təqdimatda hər kəsin dilində türk birliyinin gücü, türk dünyasının əbədi dostluğu və qarşılıqlı dəstəyi əks olundu. Kitabda olduğu kimi çıxış edənlərin nitqində də türklərin tarixi kökləri və ortaq gələcəyi parlaq şəkildə təsvir edildi.
Təqdimat türk dünyasının həm tarixi, həm də mədəni cəhətdən nə qədər zəngin və güclü olduğunu bir daha bizə göstərdi. Türklər bir-birinə dəstək olduqca birlikdə daha böyük uğurlar əldə edəcəklər.
Təqdimatın xüsusi məqamlarından biri də kiçik bacımın orada iştirak etməsi idi.
O, diqqətlə çıxışları dinlədi və bu müzakirələrin onda böyük maraq oyatdığını danışığından hiss etdim. Onun gözlərində bu birlik və ortaq mədəniyyət haqqında xoş təəssüratların yarandığını görmək mənim üçün də çox sevindirici idi.
Bu cür tədbirlər gənc nəslin öz köklərinə olan bağlılığını gücləndirir və gələcəkdə türklər arasında əlaqələrin daha da inkişaf edəcəyinə inam yaradır.
Təqdimatda Qənirə Paşayevanın xatirəsi də unudulmadı. Onun ölümündən bir il keçsə də, bizlərə qoyub getdiyi dəyərlər və ideyalar hələ də qəlbimizdə yaşayır. Qənirə xanımın türk dünyası üçün göstərdiyi zəhmət və apardığı mübarizə biz gənclərə ilham verməkdə davam edir. Bizim onun mirasını davam etdirməmiz Türk dünyasının güclənməsində əhəmiyyətli bir addımdır. Qənirə Paşayevanın gördüyü işlər və gətirdiyi yeniliklər bizə bir örnək olmalıdır.
Bu tədbirdə iştirak edən hər kəs onun ideallarını yaşatmaq üçün bir araya gəlmişdi. Bu, yalnız bir xatirə yox, eyni zamanda gələcəkdəki fəaliyyətlərimiz üçün bir vəddir. Qənirə xanımın ruhu, bu birliyin və davamlılığın əhəmiyyətini bizə bir daha xatırlatdı.
Türk xalqları bir-birinə dayaq olduqca Böyük Turanın ideyası reallığa çevrilə bilər. Biz Ulu Öndərin bizə mirası olan Azərbaycanımızı başda Cənab Ali Baş Komandan olmaqla yaşadıb, inkişaf etdirməyə and içmiş, yenilməz bir xalqıq. Yaşasın Azərbaycan! Yaşasın Türk Dünyası!
“Ədəbiyyat və incəsənət”
(04.10.2024)
Cənnət də gözəldir, amma mən sənin üçün darıxıram - BİR XATİRƏ
Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
2020-ci ilin yayı idi. Həm mənim üçün, həm də cəmiyyət üçün çox ağır bir dövr idi. Hər kəs sanki dərin hüzn içində idi. Karantin, Qarabağ münaqişəsinin gərginliyi – hər şey bir-birinə qarışmışdı. O vaxt hələ universitetə hazırlaşırdım, amma düşüncələrim dağılıb gedirdi.
Həmin ərəfələr babamgilə köçmüşdüm və babamın vəziyyəti getdikcə pisləşirdi. Biz artıq ölümün yaxın olduğunu hiss edirdik. Babam həmişə çox kövrək bir insan idi, buna görə nənəm televizorda müharibə ilə bağlı nə görsə kanalı dəyişərdi. Babamın buna dözə bilməyəcəyini bilirdi. Amma babam onsuz da hər şeyi hiss edirdi. Sanki dünyanın ağırlığı onun çiyinlərinə düşmüşdü.
Bir gün məni yanına çağırdı. Gözlərində bir kədər vardı, sözlərində isə dərin bir istək. “Telefondan mənə mərsiyyə qoşa bilərsən?” – dedi. Sözsüz ki, qəbul etdim. Hüseyn şəhidlərinə mərsiyyə qoşdum və... o an... sanki zaman dayandı. Babam dizlərinə vuraraq, göz yaşları içində dedi: “Ay Allah, mən sağam, onlar şəhid olur. Ürəyim dözmür.”
O an göz yaşlarımı saxlaya bilmədim, bir yanda babam, bir yanda o ağrılı hisslər. Babam ağlayırdı, mən ağlayırdım. Onun ağrısını duymaq, onu belə görmək ürəyimi yandırırdı. Bu sözlər beynimdə sanki əbədi olaraq həkk olundu.
Müharibə bitdi. Biz torpaqlarımızı geri aldıq, amma babam da bu dünyanı tərk etdi. Hər dəfə darıxanda, həmin mərsiyyəyə qulaq asıram. Sanki o anlara qayıdıram, babamın dizlərinə vuraraq dediyi sözləri eşidirəm. Onun yoxluğunu daha da dərindən hiss edirəm, amma eyni zamanda, mən o mərsiyyəni hər dinləyəndə babamı yanımda hiss edirəm.
Aradan uzun illər keçsə belə babamın xatirəsi qəlbimdə hər zaman yaşayacaq...
“Ədəbiyyat və incəsənət”
(04.10.2024)
“Haqlı olduğum məsələdə heç kəs məni öz fikrimdən döndərə bilməz” - MÜSAHİBƏ
Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin “Ədəbiyyat və incəsənət” portalı ilə birgə Sumqayıt şəhərinin 75 iliiyi münasibətilə həyata keçirdiyi “Sumqayıtın tanınmış qələm adamları” layihəsini davam etdiririk.
Müsahibimiz şair- publisist, yazıçı, tərcüməçi, Azərbaycan Respublikası Prezidentinin "Tərəqqi" medalına, “Qılınc və qələm" Beynəlxalq Ədəbi mükafatına layiq görülmüş Süleyman Hüseynovdur.
Müsahibəni AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin aparır.
-Necəsiniz, Süleyman müəllim?
-Şükür, hələ ki, ayaq üstəyəm...)))
-Sumqayıtın 75 illik yubileyi ərəfəsindəyik. Sumqayıtın keçmişi və bu günü? Keçmişə tez-tez səyahət edirsiniz?
-Bütün həyatım Sumqayıtda keçib və indi də davam edir. Sumqayıtın dünəni də, bu günü də gün kimi yadımdadır. İnanın, 1966-cı ilin iyunundan bu günə kimi həyatın hər anı gözümün önündədir. Şəhər böyüdükcə mən də böyümüşəm, püxtələşmişəm. Sumqayıtın hər tini, hər döngəsi, hər küçəsi hər an xəyalımda canlanır. Xəyalən keçmişə dönəndə düşünürəm, o vaxt kimya zavodlarının zəhər qoxusu da mənə xoş idi. İnsanlarda bir doğmalıq, səmimiyyət vardı. İndiki dəbdəbəli həyat olmasa da, insanlar daha xöşbəxt idi. Azərbaycanın hər bölgəsindən Sumqayıta işçi axını vardı. Açığı, mahnıda deyildiki kimi, ötən günlərimi qaytarsaydılar, gələn günlərimi qurban verərdim...
-Şəhərimizlə həmyaşıd olmaqdan qürur duyursunuz?
-Əlbəttə! Sumqayıt mənim tale şəhərimdir. Bu şəhərdə yaşayıb-yaratmaq mənim qismətimə yazılıb.
-Çox yaşayan çox bilər, yoxsa çox gəzən?
-Sözsüz ki, çox gəzən. Mən dünyanın 27 ölkəsində (o cümlədən Sovet ittifaqı respublikaları da daxil olmaqla) olmuşam. Hər dəfə özüm üçün nə isə bir yenilik tapmışam, nəsə öyrənmişəm.
-Sumqayıt sizə nə verdi və nəyinizi əlinizdən aldı?
-Sumqayıt məni 17 yaşlı kənddən gəlmiş sadə, saf gənc oğlanı ev-eşik yiyəsi, ailə sahibi, eyni zamanda Sumqayıtın qurucularından biri etdi. Fəxr edirəm ki, şəhərin tarıxində mənim də imzam var! Sağlamlığımı, həyat yoldaşımı, nəvəmi əlimdən aldı... Bu da taleyimə düşənlər, alnıma yazılanlardır. Sevirəm şəhərimi...
-Adam niyə və nə üçün darıxır?
-Səni başa düşən,anlayan olmayanda...
-Siz Sumqayıtın kimya sənayesində uzun müddət çalışmış və tövhələr vermiş insansınız. Çətin olmadı ki?
-Heç nə asan başa gəlmir...
-“And" romanı necə yarandı?
-Siz indicə gəzməklə bağlı sual verdiniz. "And" romanı həmin o səyahətin,
necə deyərlər, gördüklərimin məhsuludur. Özüm şahidi olduğum, eşitdiyim hadisələr, real həyat faktlarıdır. Hardasa 10 faiz yazıçı təxəyyülü, yazıçı fantaziyasıdır...
-Ordan baxanda dünya necə görünür?
-Hardan? Romandan?! Elə olduğu kimi...
-Süleyman Hüseynov üçün Vətən məhfumu ?
-... Amma ki, qoy bilsin, qoy bilsin hamı,
Dözürəm, necə ki, canımda can var,
Yıxılan görməzlər bu Süleymanı,
Nə qədər qəlbində Azərbaycan var!
-Siz xaraktercə kövrək insansınız. Bu xarakteriniz yaşamağınıza mane olubmu? -
-Bəli, haqlısınız. Kövrəyəm, lakin əndazəsində. Amma həm də inadkaram. Haqlı olduğum məsələdə heç kəs məni öz fikrimdən döndərə bilməz. Həyatımda çox çətinliklərlə üzləşmişəm, amma o çətinliklər xarakterimi dəyişə bilməyib.
-Şəhər rəhbərliyinin ədəbiyyata diqqətindən razısınızmı?
-Bəli, razıyam.
-75 yaşlı gənc şəhərimizə arzunuz?
-Zəhmətdən doğulmusan,
Mənim gənclik şəhərim.
Sevgidən yoğrulmusan,
Sevgi dolu səhərim, Sumqayıt!
Saçını xəzri darar,
Qəlbini oxşar Xəzər.
Adın bir nəğmə kimi,
Obalar, ellər gəzər, Sumqayıt!
Gücümün, qüdrətimin,
Şirin barı, bəhrəsi.
Bu günümün sabaha,
Açılan pəncərəsi, Sumqayıt!
Gündən günə gözəlləşən, gözəlləşib, cavanlaşan Sumqayıt beləcə mətin addımlarla addımlasın!
-AYB Sumqayıt bölməsinin işi sizi qane edirmi?
-Düzü, AYB Sumqayıt bölməsinin mərhum sədri Sabir Sarvandan sonra çoxu, o cümlədən mən də Gülnarə xanımın bu işi bacaracağına şübhə ilə yanaşırdıq. Lakin vaxt keçdikdə mən öz fikrimi dəyişdim. Görünür, insanın özünü bacarıqlı kadr kimi göstərməsi üçün, təsdiq etməsi üçün şərait, imkan və bir də məkan lazımdır. Və bu gün Sumqayıt bölməsinin işi təqdirəlayiqdir. Gülnarə xanıma fəaliyyətində uğurlar arzu edirəm!
-Sumqayıtın 75 illik yubileyi ərəfəsində arzu və təkliflıriniz.
-Arzularımı yuxarıda bildirdim. Təklif olaraq demək istəyirəm, niyə Sumqayıtdan xalq şairi və ya xalq yazıçı olmasın?! Qaldı bəzi xırda-para problemlərə, o da iş olan yerdə problem mütləq olur. Onlar da yavaş- yavaş öz həllini tapıb, öz yoluna düşəcək.Şəhər sakinlərini Sumqayıtımızın 75 illik yubileyi münasibətilə təbrik edirəm. Qoy şəhərimizin sakinləri daim xöşbəxt və firavan yaşasınlar!
“Ədəbiyyat və incəsənət”
(04.10.2024)