Virciniya ştatının Feyrfaks şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb Featured

ABŞ-nin Virciniya ştatındakı Azərbaycan Evinin təşkilatçılığı ilə “Cinema Arts Theatre” kinoteatrında keçirilən tədbirdə Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim, Türkiyə və Azərbaycanın ABŞ-dəki Səfirliyinin əməkdaşları, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi, yerli ictimaiyyətin, eləcə də Azərbaycan və türk diasporlarının təmsilçiləri iştirak ediblər.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, anım tədbirində Xocalı soyqırımının dəhşətlərini əks etdirən fotosərgi nümayiş olunub. Eyni zamanda Milli Qəhrəman Natiq Qasımov haqqında olan “Oğul” sənədli filmi, 20 Yanvar hadisələri və bu hadisələr zamanı şücaət göstərmiş dənizçilərimiz barədə çəkilən “20 Yanvarda doğulanlar” adlı bədii-sənədli filmi nümayiş göstərilib.

Tədbirdə Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, soyqırımını törədənlərin ifşa olunması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində Prezident İlham Əliyev, Birinci vitse – prezident Mehriban Əliyevanın gördüyü işlərdən danışılıb. Bildirilib ki, dünya ölkələri tərəfindən bu qətliama beynəlxalq səviyyədə ədalətli hüquqi-siyasi qiymət verilməli və bu cinayətin təşkilatçıları cəzalandırılmalıdır.

Qeyd edək ki, 5 günlük Xocalı həftəsi çərçivəsində tədbir iştirakçılarına  soyqırımı faktlarını əks etdirən məlumatlandırıcı flayerlər paylanılıb.

 

“Ədəbiyyat və incəsənət”

(27.02.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.