
Super User
CƏLİL XƏLİLOV: “Xankəndidə Zəfər parkının inşası tarixi qələbəmizin təntənəsidir”
“Prezident İlham Əliyev tərəfindən Xankəndidə Zəfər parkının təməlinin qoyulması Silahlı Qüvvələrimizin Vətən müharibəsində əldə etdiyi tarixi qələbənin təntənəsidir”.
Bunu “Ədəbiyyat və incəsənət” portalına açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Müzəffər Ali Baş Komandanın liderliyi ilə əldə edilən 8 Noyabr zəfərinin bu şəkildə əbədiləşdirilməsi olduqca qürurvericidir:
“Bu gün respublikamızın hər bir kəndində, hər bir şəhərində 8 Noyabr zəfəri, 44 günlük Vətən müharibəsində ordumuzun göstərdiyi qəhrəmanlıqlarla bağlı hansısa bir abidə, hansısa bir park, küçə və s. mövcuddur. Bütün bunlar şanlı zəfərimizin təbliği, əbədiləşdirilməsi baxımından son dərəcə əhəmiyyətlidir. Bu gün Müzəffər Ali Baş Komandanımız tərəfindəın Xankəndidə Zəfər parkının təməlinin qoyulması da tarixi qələbəmizin əbədiləşdirilməsi istiqamətində atılan mühüm addımlardan biridir.
Zəfər parkının Xankəndidə inşası bizim üçün mənəvi baxımdan da ikiqat əhəmiyyətə malikdir. Çünki Azərbaycanın tarixi ərazisinin ayrılmaz bir parçası olan Xankəndi uzun müddət erməni separatçılarının əsas sığınacaq məntəqələrindən biri olmuşdur. 2023-cü ildə ordumuzun gerçəkləşdirdiyi 23 saatlıq antiterror əməliyyatı nəticəsində bir sıra yaşayış məntəqələri kimi Xankəndi də separatçılardan təmizləndi və Azərbaycanın de-fakto nəzarətinə keçdi. Bu, suverenliyimizin tam şəkildə bərpasına imkan yaratdı. Biz buna görə Müzəffər Ali Baş Komandanımıza, Silahlı Qüvvələrimizə, şəhdilərimizə, xalqımızın mübarizə əzminə borcluyuq.
Əminəm ki, bu gün Xankəndidə təməli qoyulan Zəfər parkı illər, əsrlər sonra da vətəndaşlarımız üçün doğma məkanlardan biri olacaq, öz gözəlliyi, əzəməti ilə onu ziyarət edən hər kəsə daim ordumuzun qəhrəmanlığını, xalqımıza qazandırdığı böyük zəfəri xatırladacaq”.
“Ədəbiyyat və incəsənət”
(21.02.2025)
“Mən həmən oğlanam, a dağ yolları” – MƏMMƏD İLQARIN 75-İNƏ
İbrahim İlyaslı, “Ədəbiyyat və incəsənət” üçün
Günlərdən - Çağdaş Azərbaycan poeziyasının müqayisəsiz və ünlü imzası, şeirləri ilə türkəm deyən hər kəsin duyğulu könüllərini fəth etmiş görkəmli şairimiz MƏMMƏD İLQARIN 75 illik yubiley günü!
Kutlu olsun!
Həm Azərbaycan Yazıçılar Birliyinin poeziya bölməsi olaraq, həm də öz adımdan Ustadı səmimi qəlbdən təbrik edir, ən xoş diləklərimi yetirirəm!
Və qeyd etmək istəyirəm ki, şairin yubiley tədbirinə yaşadığı Sumqayıt şəhərində möhkəm hazırlıqlar gedir. Zamanı çatanda Məmməd İlqar sevərləri dəvət edəcəyik.
Şair Məmmədov Məmməd Mədət oğlu (Məmməd İlqar) 1950-ci ilin 21 fevralında Qazaxın Aslanbəyli kəndində ziyalı ailəsində doğulub. Uşaq yaşlarından şeirə böyük marağı olan və artıq gənc yaşlarından rayon qəzetlərində şeirləri çap olunan Məmməd İlqar Bakıya gəldikdən sonra ədəbiyyat cameəsinin bir çox tanınmış imzalarıyla tanış olur və ara sıra şeirləri o dövrün məşhur qəzet və jurnallarında (“Azərbaycan”, “Gənclik”, “Ulduz”, “Ədəbiyyat”) çap olunmaga başlayır.
1991-ci ildə "Məni baxtıma tapşırma" adli ilk şeirlər kitabı işıq üzü görür. Məmməd İlqar yaradıcılığı axımlı, yadda qalan, folklor örnəklərini qoruyub saxlayan və ehtiva edən, aşıq şeir şəkillərinindən düzgün istifadə edən, zəngin yaradıcılıqdır.
Çox təəssüf ki, Məmməd İlqar 2013-cu ildən sonra şeir yazmayıb. Və çox təəssüf ki, ünlü şair xəstəlikdən əziyyət çəkməkdədir.
Məmməd İlqar Azərbaycan milli şeirini, təcnisini, qoşmasını XX və XI əsrdə yenidən hörmətə gətirən nadir şairlərimizdəndir. Onun bir neçə şeirlərini təqdim edirik:
Yğıldı başıma dostum-qardaşım,
Dərdimi yüz yerə yozub getdilər.
Dünyanı, zamanı söydülər yenə,
Seltək coşub, yeltək əsib getdilər.
Gördülər dərdimin dərmanı yoxdu,
Səbrim öz sinəmə sancılan oxdu,
Şöhrətim çoxdusa, dərdim də çoxdu
Bəlkə də, dərdimdən bezib getdilər.
Dedilər-həyatdı, uyu dibində
Vayı dibindədi, toyu dibində…
“Məlik”siz Məmmədəm quyu dibində,
Mənim kəndirimi kəsib getdilər.
***
Qarı dünya, bu nə qovğa, nə qaldı-
Aman ver, aman ver, a yağı, bir...bir...
Öyündüyüm-güvəndiyim nə qaldı?
Alırsan əlimdən a yağı, bir-bir.
Ha çağırdım-taleyim hey...baxtım hey...
Gah bulanıb, gah durulub axdım hey...
Yüz gümanla ağ yollara baxdım hey...
Getdi gözlərimin ay ağı, bir-bir.
Məmməd İlqar, dar günündü, seyr elə-
Nə vaxt düşər, bir də belə seyr ələ...
İnanmazdın - qohum-qardaş seyrələ-
Çəkilə dostların ayağı bir-bir.
***
Ha çaldım, könlümün bu təşnə vaxtı,
Sazım dinmədi ki dinmədi, neynim.
İstədim qarğıyam taleyi, baxtı-
Dilim dönmədi ki dönmədi, neynim.
Özüm öz odumda əridim, itdim,
Karvan buludları bəri yeritdim.
Arazı axıtdım, Kürü yeritdim-
Odum sönmədi ki sönmədi, neynim.
Aldı bir havalı xatirə məni,
Bələdi əmbərə-ətirə məni,
Dedim, bəlkə, mənə yetirə məni-
Göydən enmədi ki enmədi, neynim.
İlğımdı, dumandı, sisdi, nədisə,
Sehrdi, sədadı, səsdi nədisə,
Axır-bu zamlımın qəsdi nədisə-
Aparır hələ də Məmmədi, neynim?...
***
İlahi! Belə də gözəl olarmı?-
Kimdi qələm çəkən, nə gözəl çəkir.
Üz- üzə, göz- gözə sehrlənmişik,
Nə mən göz çəkirəm, nə gözəl çəkir,
Güney gözlüm, gözəllikdə bircəsən,
Bu güllükdə bir mən olam, bircə sən...
Gül üstündə arıya bax bircə sən-
Gör gülün nazını nə gözəl çəkir?...
Salma gəl Məmmədi gözündən, gözəl,
Gözüm gözmü görüb gözündən gözəl !..
Mən ölmüş neynim ki, gözündən, gözəl-
Nə bir könül doyur, nə göz əl çəkir !
***
Ay gözü göyçəyim, gözün hardadı –
Dən salıb saçıma dərdin dən, belə…
Yeriyən, danışan ölüyəm sənsiz –
Kim ölər mənimtək dərdindən belə?..
Dərd oxuna nişangahdı sinəm də,
Dərd əlindən ha gizlənəm, sinəm də.
Nə dərd desən yuvalanıb sinəmdə -
Bir bala sərçənin dərdindən belə…
Tapşır gözlərinə ilqara gəlsin,
Qiyma ki, ay qara, il qara gəlsin.
Gələn dərdin Məmməd İlqara gəlsin –
Neynər dərdli kəsə dərd indən belə?!.
***
Əcəb gündü – günlərin ən gözəli,
Gördüm səni – əcəb düşdüm oda mən.
Camalın ki, şölə verib yanırdı,
Bax, o gündən səcdəliyəm oda mən.
Kəsmə kərəmini, bir kərəm eylə,
Neynək, kərəmini bir kərəm eylə…
Gəl yandır, məni də bir Kərəm eylə –
Yəqindi ki, yanmalıdı od əmən.
Açmadınsa, hər yetənə qəlbi – düz!
Məcnundusa, fərqi nədi: qəlbi, düz?
Səndən ötrü əhdi qayım, qəlbi düz,
Məmməd adlı bir şair var – o da mən!
* * *
"Sənə də qar yağdı, güvəndiyim dağ."
Özün bir vaxt dost demirdin mənə bə?
Məsəl var ki- "dost-dostuna tən gərək",
Tənə gəlir bu dostluqdan mənə bə...
Nənəm derdi-bir verməsən üç alma,
Oxu bir al, birinci ol, üç alma.
Nağıl bitdi, göydən düşdü üç alma,
Biri ona, biri buna, mənə bə?..
Kişi gərək "qan bağlaya" şər kəsə,
Heç bir dosta tuş gəlməsin şər, kəsə!
Qatma məni "bə!" dediyin şər kəsə,
Mənəm-Məmməd İlqar-indi mənə "bə"?
* * *
Qönçələr bürüyüb çölləri yenə
Açallar, inşallah, gül, gülə-gülə
"Görəllər-güləllər" gəlməz eyninə,
Sarılar, sarmaşar gül gülə, gülə.
Güllər al-əlvandı, bülbüllər sarı,
Görməsin gül üstə bülbüllər sarı.
Güllər gülümsünər bülbüllər sarı,
Görən, varmı görən gül gülə gülə
Yarəb, yetir məni bir gülə, dedim,
Məmmədin könlü də bir gülə-dedim.
Açdım ürəyimi bir gülə dedim
Ağlar qoydu məni gül gülə-gülə.
***
Mən şeir yazmıram,oğul,
Canımı sıxıram ağ kağızlara.
Söz-söz gözlərimdən damıram,oğul,
Süzülüb axıram ağ kağızlara.
Qəm gəlir üstümə,qaça bilmirəm,
Ömrü bu qəmlərdən uca bilmirəm.
Od tutub alışmır necə,bilmirəm-
Yağıkən bu qədər ah kağızlara.
Sözlərə çökmüşəm,o illərə yox,
Qəbrimə səpdiyin o güllərə yox.
Yadina düşdümsə,şəkillərə yox-
Aç da bu dəftəri,bax kağızlara.
Ustad şair Məmməd İlqarın şeirlərindən bir neçəsini sizlərə təqdim etdik. Amma şairin bugünkü ovqatına tam uyğun, yaşadığı həyata tam bab olan bir şeirlə tamamlamaq istəyirik ona təbrik olaraq ünvanladığımız bu yazını. Şairin ən gözəl şeirlərindən biridir bu: Mən həmən oğlanam, a dağ yolları.
Ömrün o başından dönüb gəlmişəm,
Mənəm, başınıza dönüm, gəlmişəm.
Bəs məni yandırıb, nə yaxırsınız,
Belə maddm - maddım nə baxırsınız.
Bax bu palıdların budaqlarında
Yellənən oğlanam, a dağ yolları.
Sorub baldırğanla bulaqlarından
" Keflənən" oğlanam, a dağ yolları,
Mən həmən oğlanam, a dağ yolları.
Qayalar belində gül bitirərdi,
Di gəl ki, xoşluqla gül verməzdilər...
Əlimi uzatsam əl yetirərdi,
Gicitkanlar mənə gün verməzdilər,
Qanıma bələrdi moruq kolları,
Mən həmən oğlanam, a dağ yolları.
Almazdım eynimə çəni, çiskini,
Dolu da yağsaydı - qənd deyildimi?
Sizdən küsən günü qəzəbim, kinim
Bir tütək səsinə bənd deyildimi?
Gözümə çıxardı könlümün varı,
Mən həmən oğlanam, a dağ yolları.
Sinəmdə bir belə sevgi varikən
Bu səfeh səbrimlə dil tapammadım.
Daşın da qəlbinə yol taparikən
Bir şəhər qəlbinə yol tapammadım...
Gəlmişəm- ətək boş, ömür-gün yarı,
Mən həmən oğlanam, a dağ yolları.
Bir böyük sevgidən yıxılmışam mən,
Bilirəm dadını diz ağrısının.
Babamın başına qaxılmışam mən,
Bələdəm oduna söz ağrısının.
Bu qədər sınağa çəkməyin məni,
Siz mənim xətrimə dəyməyin barı.
A dağ yolları...
Getdi o dumanla güvəndiklərim,
Əlim ətəyinə yetməz, bilirəm,
Qalan gümanlarım- saman çöpləri...
Mən sevən ölümə getməz, bilirəm
Bu tale yolları, bu baxt yolları.
Məni qinamayin, a dag yollari
Mən həmən oğlanam, a dağ yolları.
“Ədəbiyyat və incəsənət”
(21.02.2025)
Ölkəmiz qar yorğanının altındadır - ƏN ÇOX QAR HARA YAĞIB?
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bu gün - fevralın 21-i bu saata olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.
Hal-hazırda Bakıya qar yağmaqdadır, düzdür, güclü külək qara sevinməyimizə imkan vermir, ancaq uşaqlar daldey yerlərdə imkan tapıb qartopu oynayırlar hər halda.
Küçələrdə avtomobillər hərəkət edə bilir, amma bu gecə şaxtanın yolları dondurmaq təhlükəsi böyükdür.
Hazırda Bakıda 2,5 dərəcə şaxtadır. Şimal-qərb küləyi əsir, narıncı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25 m/s-dək güclənib.
Dənizdə dalğanın hündürlüyü 5.1 metrdir.
Milli Hidrometeorologiya Xidmətinin bu səhər yaydığı məlumata əsasən, hazırda tək Bakıya və Abşeron yarımadasına deyil, ölkənin əksər yerlərində qar yağır. Bakıda və Abşeron yarımadasında qarın hündürlüyü 7 sm-dir. Bəs ən çox qar hara yağıb?
İlk ikiliyi sona saxlayaraq sırada 3-cü dayanan Gədəbəydən başlayırıq. Burada qarın hündürlüyü Gədəbəydə 45 sm-dir.
Sonrakı sıralanma belədir: Şəkidə 25, Qubada 17, Şahdağda və Kəlbəcərdə 15, Lerikdə 14, Laçın, Qubadlı, Daşkəsən və Oğuzda 12, Altıağacda 11, Şamaxı və Naxçıvanda 10, Balakən, Şuşa, Şahbuz və Xaltanda 8, Xocalı, Xankəndi, Şərur və Tərtərdə 7, İmişli, Füzuli, İsmayıllı və Ağdamda 6, Zərdab, Tovuz və Qəbələdə 5, Qusar, Yardımlı, Culfa, Qobustan, Ağstafa və Göyçayda 3,
Qar örtüyünün ən nazik olduğu bölgələr isə Cəlilabad, Şabran, Ağsu və Naftalandır, cəmi 1 sm.
İndi isə ilk ikilik.
Sırada ikinci Qax rayonudur. Sarıbaş kəndində qarın hündürlüyü 50 sm-ə çatır. Ən nəhayət, birincilik isə 71 sm-lə Zaqataladanın Əlibəy kəndindədir.
Gün ərzində havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3, Aran rayonlarında 1, Naxçıvan MR-da 9, dağlıq rayonlarda 15 dərəcəyədək şaxta olacaq.
Yeri gəlmişkən, Yol Patrul Xidmətinin əməkdaşları buzlanmaya qarşı tədbirlər görür, magistral yollarda nəzarəti gücləndirir və sürücülərə zəruri yardım göstərirlər. Hədəf isə hər kəsin təhlükəsiz şəkildə mənzil başına çatmasını təmin etməkdir. Bu çox yaxşı haldır. Qapaq fotosunda isə yol polisi əməkdaşının uşağa buzlu yolu keçməkdə köməklik göstərməsi həkk olunub.
Ən qarlı-şaxtalı hava belə sizi qorxutmasın. Təki ürəkləriniz isti olsun!
“Ədəbiyyat və incəsənət”
(21.02.2025)
TMİF XƏBƏRLƏRİ - Aktotı Raimkulova Azərbaycan Milli Konservatoriyasının rektoru ilə görüşüb
18 fevral 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaş-zadə ilə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalı Fonda istinadən xəbər verir ki, Fondun prezidenti Kamilə Dadaş-zadəni Azərbaycan Milli Konservatoriyasının rektoru vəzifəsinə yeni təyin olunması münasibətilə təbrik edərək, bu təyinatın Azərbaycanın çox əsirli musiqi irsinin inkişafına və dünya miqyasında daha da tanıdılmasına töhfə verəcəyinə əminliyini ifadə edib.
Aktotı Raimkulova Azərbaycanın zəngin musiqi mədəniyyətinin Türk dünyasının ayrılmaz bir hissəsi olduğunu qeyd edib. Fondun rəhbəri təşkilatın həyata keçirdiyi layihələrdən bəhs edərək, Azərbaycan Milli Konservatoriyası ilə qarşılıqlı əməkdaşlığın perspektivləri barədə fikirlərini bölüşüb.
Azərbaycan Milli Konservatoriyasının fəaliyyəti haqqında ətraflı məlumat verən Kamilə Dadaş-zadə, türk xalqlarının ortaq musiqi ənənələrinin inkişaf etdirilməsi və bu sahədə birgə tərəfdaşlığın vacibliyini vurğulayıb.
Görüşdə qədim Türk mədəni irsinin qorunması və gələcək nəsillərə çatdırılması sahəsində ortaq layihə və tədbirlərin həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
“Ədəbiyyat və incəsənət”
(21.02.2025)
Zaqatalada “44 gün – Tarixi zəfər” kitabı təqdim edildi
Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi
Fevralın 20-də Zaqatala rayon Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin Respublika Xatirə Kitabı Redaksiyası tərəfindən Vətən müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi üçün hazırlanan “44 gün – Tarixi zəfər” adlı kitabın I, II və III cildlərinin təqdimatı keçirilib.
Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova kitab haqqında, həmçinin qurumun indiyədək gördüyü işlər barədə ətraflı məlumat verərək bildirilib ki, kitabın I cildində 44 günlük Vətən müharibəsi ilə yanaşı, 2016-cı ilin Aprel döyüşləri və Tovuz döyüşləri zamanı həlak olanların da adları əbədiləşdirilib.
Kitabın I, II və III cildlərində ümumilikdə 2700-dək şəhid haqqında ensiklopedik məlumat yer alıb.
Şəhid ailələrinin üzvləri çıxış edərək redaksiyanın rəhbərliyinə və kollektivinə belə bir kitabın nəşrinə görə öz təşəkkürlərini bildiriblər.
Sonda şəhid ailələrinə Xatirə Kitabı Redaksiyasının nəşr etdiyi “44 gün - Tarixi zəfər” kitabı hədiyyə olunub.
“Ədəbiyyat və incəsənət”
(21.02.2025)
TMİF XƏBƏRLƏRİ - Aktotı Raimkulova YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının Baş katibi ilə görüşüb
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Seymur Fətəliyev ilə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalına Fonddan verilən məlumata görə, görüşdə Fondun 2024-сü il ərzində həyata keçirilmiş layihələri, gələcək fəaliyyət istiqamətləri haqqında fikir mübadiləsi aparılıb.
Eyni zamanda Türk Dünyasının qədim və zəngin irsinin mühafizəsi və daha artıq tanıdılması məqsədilə Fond ilə Türk dövlətlərinin YUNESKO üzrə Milli Komissiyaları arasında əlaqələrin genişləndirilməsinin önəmi vurğulanıb, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Fond ilə səmərəli əməkdaşlığı xüsusi qeyd olunub.
“Ədəbiyyat və incəsənət”
(21.02.2025)
“Qızlar əmanətdir məlakələrdən” - Əhməd Qəşəmoğlunun şeirləri
“Ədəbiyyat və incəsənət” portalı Əhməd Qəşəmoğlunun şeirlərini təqdim edir.
Əhməd Qəşəmoğlu şair, publisist, sosioloqdur, 1988-ci ildən AYB-nin üzvüdür, iqtisad elmləri doktoru, “Ahəngyol” elmi-fəlsəfi konsepsiyasının yaradıcısıdır.
O, fevral ayının 15-də 74 yaşını qeyd etdi, yenə də gənclik şövqü ilə yazıb yaradır. Əslən Naxçıvanın Babək rayonunun Vayxır kəndində olan müəllif ilk dəfə 1977-ci ildə Azərbaycan xalq şairi Rəsul Rzanın təqdimatı ilə "Azərbaycan Gəncləri" qəzetində dərc edilib, bundan sonra onun şerləri müntəzəm olaraq respublika mətbuatında çap olunub. "Vurğun külək" adlı ilk şeirlər kitabı 1981–ci ildə "Gənclik" nəşriyyatında çap olunub.
Ə. Qəşəmoğlu 1980–ci ildə Tuva MSSR–in paytaxtı Qızıl şəhərində keçirilən "Gənc yazıçıların Ümumittifaq Toplantısı"nın laureatı olub. Buna görə də onun "Vlyublennıy veter" (Aşiq olan külək) kitabı Moskvada "Molodaya qvardiya" nəşriyyatında çap olunub. Razılaşın ki, o dövrdə belə uğur hər kəsə nəsib olmur. Üstəlik, Əhməd Qəşəmoğlu SSRİ Yazıçılar İttifaqına üzv də seçilib. O, həm də "Rəsul Rza" adına ədəbi mükafatın laueratıdır.
Yubiley yaşına doğru səmt götürən Əhməd müəllim redaksiyamıza xeyli şeir təqdim edib. Olduqca maraqla oxunan və əksəriyyəti lirik olan bu şeirlər həm də düşündürücüdür, günümüz üçün aktualdır.
Yaxın bir neçə gündə oxucuları Əhməd Qəşəmoğlu poeziyası ilə baş-başa buraxacağıq.
Mənim ağ ilanım
yuxuda ag ilan xeyrə yozulur,
ag ilan olan ev, ocaq sayılır.
ömrümə ag ilan gələndən bəri
qəlbim sirr içində alışıb yanır.
mənim ağ ilanım - bir ag qızıl gül,
ətri ətirlərin ən ilahisi.
getsəm yer üzünün hansı yanına,
mənim qulağımda tək onun səsi.
mənim ağ ilanım mehriban, gözəl,
məlakə ruhludu, ruhlar ruhudu.
heyif, aramızda cəpərlər qalxıb,
hər tikan qəlbimin min-min ahıdı.
əsrlər kecəcək, mənim qəbrimin
yanına gələnlər bir ağ ilanı,
görsələr astaca sürüşdü, itdi.
Hərənin bir yerə gedər gümanı...
Vədəsində
Nə gözəl gəlmisən ömrümə mənim?!
Sanki bir pöhrəsən yaz vədəsində,
Ögeylik ömrümə olmuşdu qənim
Yaxşı ki, gəldin sən öz vədəsində.
Xəyallara gedib, duruxma belə,
Üstünə nur yağır, karıxma belə,
Bu qəfil sevgidən qarıxma belə
Allah qismət edir, düz vədəsində.
Sən haqqa aşiqisən, mən sənə lələ,
Sübhdə bal arısı qonmaz hər gülə.
Üzündən birçəyi tez ol, dəstələ
Ömrümə gülümsə tez, vədəsində.
Ilham pərisi
...tarixin ən gözəl günlərindən biri
“Şəbü-hicran” qəzəlinin yarandığı gündü...
həmin gün nələr olubsa tarixdə
bu şeirdən sonra gəlir...
kim idi o vədə Füzuli ruhunu
göy üzünə kökləyən,
qəlbini üzən gözəl?
bu ilahi sözləri
bu ilahi nizamla
düzən gözəl...
...bu dünyadan gedə bilməz
o gözəlin ruhu...
hansısa çiçəyin, göy üzünün
gözəliyindən boy verir indi
onun ruhu...
aman, aman!
mən inandığıma inan,
o gözəlin nuru içindəsən...
o gözəldən də gözəlsən...
“Şəbu-hicran” dan da gözəl
şeir yazdıra biləsən...
qızlar əmanətdir məlakələrdən
insanlar hələ
doğulan qız uşaqlarının
məlakələrdən onlara
bir əmanət olduğunu bilmir...
məlakə tək böyütmək əvəzinə
min oyun açırlar
o körpələrin başına...
düşürlər məlakələrin qarğışına.
elə ona görə də yer üzünün
üzü gülmür...
Dəniz kənarında bir qız...
Dəniz kənarında tənha, tək, titrək,
Bir gözəl gənc qız, pəjmürdə, kövrək,
Gələn ağ gəmini seyr eyləyərək
Suallar əlində bilmir neynəsin...
Suallar əlində bilmir neynəsin,
Bilmir öz halını kimlərə desin,
Əlvan çiçəklərdən kömək istəsin?
Qoşulur səmada ağ buludlara...
Qoşulur səmada ağ buludlara,
Bilmir tale onu aparır hara,
Istəyir sirrini desin sulara
Görür batıb səsi, dillənə bilmir.
Görür batıb səsi, dillənə bilmir,
Ömrünün illərin düşünür bir-bir,
Unudub hər şeyi, nə olub? Bilmir,
Gəmi yaxınlaşır, aparsın onu.
Gəmi yaxınlaşır, aparsın onu,
Əynində alova dönür al donu,
-Allahım, nolacaq bu işin sonu?
Düşünə-düşünə dua eyləyir.
Düşünə-düşünə dua eyləyir,
Ruhundan, qəlbindən kömək diləyir,
Ruhu öz hökmünü ona söyləyir,
Qəlbi arzularla, ümidlə dolu...
ahəng içində
...sevgilim bir gözəldi,
bəşər övladı deyil !
mən onu vəsf elədim,
dedilər, -“ röyadı”,
deyil...
dünyanın zərrəsində
əks olunur dünya özü...
dünyada heç bir zərrə
sadəcə, adi deyil...
qəlblərdən doğan işıq
aləmdəki işıqdırmı?
İlahinin bir sirridi,
işıq onun adı deyil.
bir ahəngin içindədi
bu yer üzü, bu göy üzü,
dünya özü...
o ahəngi duya bilmək
bir qismətdi,
sadə deyil.
Qəşəmoğlu!
dediyin hələ nədi?
çox cüzidi,
damlanın milyonda biri,
hələ o ifadə deyil !
Uzaqlardan gələn gəmi
Oyatma yatan qəlbimi,
İlahi mələklər kimi.
Uzaqlara üzüb gedər,
Uzaqlardan gələn gəmi.
Haraylayıb bağırmadım,
Gəmini mən çağırmadım,
Ağır-ağır, addım-addım
Gəlir, düşüb buzlaqlara...
Mən gözləyəndə gəlmədi,
Ürəyim dəlmə-dəlmədi.
Mən kiməm? kimsə bilmədi...
Əsir düşdüm sazaqlara.
Ömür keçdi, ögey keçdi,
Ögey ömür heçdən heçdi.
Gəmidəki o nə yükdü?
Salıb məni soraqlara.
O gəmiylə gələn kimdi?
Niyə axı gəlir indi?
Bəxtin üzümü güldü,
Mənim kimi yazıqlara?
“Ədəbiyyat və incəsənət”
(21.02.2025)
BİR ŞAİR, BİR ŞEİR -Ağrının simptomları
İlkin Vəliyev, “Ədəbiyyat və incəsənət”
Ağrının simptomları məlumdur da. Sancı, narahatçılıq, kəskin həmlə… Bəs ədəbiyyatda o necə təcəssüm olunur? Onda lütfən bu şeiri oxuyun.
Bəlkə göz yaşlarım bir savab olar
Susuz qalan uşaq içəndən sonra.
Bizim aramızdan su keçsə nolar...
O boyda dəryalar keçəndən sonra.
Heçnələr dəyişir bəzən hər şeyi,
Onda gözüm baxmır, danışmır dilim.
Mənə “Yüz yaşa” yox, “Düz yaşa” deyin
Deyin ki, dayanım, yaşaya bilim.
Günəş sən gedəndən olubdur dəli,
Ora-bura qaçır, gəlməyir ələ!
Mən sənə “Günaydın” söyləməyəli,
Günün aydın olur?
-De görüm hələ...
Ayrılıq bir fildir, eşq qarışqadır
Ayrılıq eşq üstə minib elə bil.
Ya məni yaradan Tanrı başqadır,
Ya səni yaradan Tanrı, o deyil...
“Ədəbiyyat və incəsənət”
(20.02.2025)
Şahmat – ƏLİ ÇAĞLANIN HEKAYƏSİ
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi Əli Çağla sizlərə Təbrizdən öz salamlarını yetirir və öz yeni hekayəsini təqdim edir.
Bəzən hündür bədbəxtliklərə məğlub olmayan xoşbəxtlikləri unuduruq. Qalib gəldiyimiz anları yaddaşımızın köhnə kolleksiyalara aid olan zirzəmisinin küncünə buraxırıq. Sonra onların toz basıb köhnəldiyini bilib-bilmədən götürürük, qolumuzun uzandığı qədər tullayırıq.
Səhvimiz olur, səhvimizin qarşısında qazandığımız təcrübələrə əsaslanaraq, doğru yolu seçməyimiz üçün cəhd edirik. Cəhdimizin qarşısında isə doğru yolu seçdiyimiz üçün aldanırıq, inanırıq. Səhvimizin bir də təkrar olmamağı yaddaşımızdan tamamilə silinəndən sonra, onlar sümsük itlərə çevrilirlər, qapımızın ağzında dayanırlar. Ona yal atan da, onu vəfalı bilən də, onu böyüdən də biz oluruq. Sonra o, yırtıcılaşır. Sonra o, bizim kim olduğumuzu tanımır. Sonra o...
Yaz havasının qoxusu hər yeri ağzına almışdı. Aprelin ortası idi. Bükülü saxladıqları qırmızı naxışlı xalçaları evin zirzəmisindən çıxartdılar, qonaqların oturacağı otağın ortasına sərdilər. Xalçaların butalarında olan rəngarəngliklər adamın ürəyində sevinc hissi yaradırdı. Ancaq o xalçaları toxuyan hansısa analar, gözlərinin məhsulunu, günlərini həmin xalçalara sərf edərək toxumuşdurlar. O anaların çəkdikləri nəfəslər, birbəbir ilməklərin arasına oturmuşdular, hər bir ilməyin arxasına onların zümzümə elədikləri mahnılar hopmuşdular. Sonra nə olmuşdu? Sonra o xalçaları anaların bükülü belləri kimi büküb qaranlıq zirzəmidə gizlətmişdilər. Qonaqlara yeni görünsün deyə otağa sərmişdilər, o anaların göz məhsullarını, nəfəslərini, zümzümələrini ayaqlamağı düşünmədən, sadəcə evin bəzəyinə yenilik qatmışdılar. O analar, xalçaların ayaq tərəfində toxuduqları butalarını şən mahnılar ilə zümzümə etsələr də, həmin butanın tayını xalçanın sonunda kədərli mahnılar zümzümə edərək toxuyub qurtarmışdılar. Anaların karıxmadan ilməkləri öz yerinə toxumaqları onların həyatda yaşayan insanlara buraxacağı təsirlərə nə qədər diqqətli olduqlarını göstərirdi.
Zirzəmidə toz basmış xalçaları döşədilər. Toz-torpaqlarını alsınlar deyə onları yaş süpürgə ilə süpürdülər. Pəncərələri açdılar. Şüşələrini sildilər. Xalçaların üstünə yatan toz-torpaqlar, evdə fırlanıb özlərini həmin pəncərədən həyətə atıb intihar etsələr də, göyə çəkilirdilər. Yerə düşmədən məhv olurdular. Həmişə intihar göydən yerə düşmək cazibəsi ilə baş vermir, bəzən də göyə çəkilərək intihar prosesi həyata keçirilir.
Həyəti süpürdülər, qapının ağzına su səpdilər. Keçən il, onların qonşusu Qəhrəmanın oğlunun futbol topu qapılarının başında olan lampaya dəymişdi, topa vurulan ağır zərbənin ucbatından lampa ovuq-ovuq olmuşdu. Patronun üzərində lampanın tilişkəsi qalmışdı. Çıxartdılar, patrona yeni işıqlı lampa qoşdular. Hələ qaranlıq çökməsə də, yeni lampanın necə yandığını yoxladılar.
Məhəmməd, dərzi Şakirə təzəcə tikdirdiyi kostyumunu məhəllənin paltar ütüləyəni Mustafadan aldı, qıvraq ayaqları ilə addımlarını tələsik götürüb evə doğru yollandı. Həyət qapısını açıb içəri keçdi. Heç zaman oxunmayan qəzetlərə bükülmüş qara kostyumunu yerə salmasın deyə həyət tərəfindən qapını ayağı ilə üstünə örtdü. Sonra budlarının iki tərəfini də qapıya dayayıb yavaşcadan bağladı.
-Ay kişi, indicə qonaqlar gələr, cəld ol! – deyən qadın, Məhəmmədin həyat yoldaşı Şəhlanın səsi idi.
Şəhla, həyətdə tələm-tələsik iş görə-görə hər şeyi sahmana salmaq istəyirdi. Hələ bəzənəcəyi üçün, qonaqlıqda hansı paltarı geyinəcəyini düşünməyə vaxt ayırmamışdı. Şəhla hər şeyi deyinə-deyinə görürdü, hələ də bəzənə bilmədiyini vurğulayaraq mızıldanırdı. Bu mızıltıları Məhəmməd eşitməsəydi də, yaxşı anlayırdı. Onsuz da bu gün, Şəhlanın ömrünün ən əziz günlərindən hesab olunurdu.
-Nə yaxşı ki, novruz bayramında aldığımız yeni paltarları geyib köhnəltməmişik. – Aylin idi. Başını, axşam qonaqlar oturacağı otağın bir az öncə xalçanın tozları özünü həyətə atıb intihar elədiyi pəncərədən eşiyə çıxardıb dedi.
Dediyi sözə Məhəmməd ilə Şəhladan cavab gözləmədən içəri keçdi. Mobilinə sevgilisi Arazın tərəfindən gələn mesajı oxuyandan sonra təbəssüm ilə yazışmağa başladı.
Məhəmməd, həyəti evin dəhlizinə qovuşduran üç pilləni çıxdı, dəhlizin qapısının ağzında iki əli ilə də kostyumundan yapışdı, kürəyini divara söykədi, sağ ayağında olan ayaqqabının pəncəsi ilə sol ayaqqabısının dabanını sıxdı, sol ayağını azca yuxarı qaldırıb ayaqqabısından çıxartdı. Eyni işi sağ ayağında olan ayaqqabısına da gördü. Şəhlaya deyinmək, mızıldanmaq bəhanəsi yaranmasın deyə çıxartdığı ayaqqabılarını cütlədi. Həyətdən dəhlizə keçdi. Aylin, əlinə daraq almışdı, sarı saçlarını darayırdı. Atasının qarşısına çıxdı. Məhəmməd, qızının boynundan, üzündən öpəndən sonra təbəssüm dodağına qonaraq “Qızım, dayan!” dedi.
Şəhlanın həyətin o başında olduğunu yoxlamaq üçün çevrilib həyətə baxdı. Bir əlində su şlanqını saxlamışdı, bir əli ilə də həyətin tut ağacından qopub kafellərin üzərinə düşən şirələrinə süpürgə çəkirdi. Şəhla, Məhəmmədin səsini eşitsin deyə ağzını həyətə tutub uca səslə - Qızım, qonaqlar gəlməmiş şahmat oynayaq? – dedi. Məhəmmədin ömür boyu ən çox ləzzət apardığı anları, qızı Aylin ilə şahmat oynamaqda keçmişdi. Aylinin şahmat oyununda mahir olduğuna baxmayaraq, indiyə kimi atasını məğlub edə bilməmişdi. Amma oyunun harasındasa səhv etdiyi hərəkətlər onun üçün yeni bir təcrübəyə çevrildiyini düşünərək, o səhvlərin bir daha təkrar olmağına yol verməmişdi, oyunda məğlub olduğunda yeni strategiyalara malik olmuşdu, bu isə onu çox sevindirirdi.
Şəhla, deyinə-deyinə kranı bağlamamış özünü dəhlizə çatdırıb ərinin sağrısını çimdiklədi. Məhəmməd isə arvadını daha artıq əsəbiləşdirmək üçün qızına göz vurub səsini yenidən ucaltdı:
-Hə qızım, oynayaq?
Aylin boylandı, ətrafa göz gəzdirdi, anasının uzaqda olduğunu sezdikdən sonra o da atası kimi səsini ucaltdı:
-Hə ata, gəl oynayaq. – dedi.
-Yaxşı, keç fiqurları qur, kostyumumu geyinib gəlim.
Məhəmməd, sözünü deyib qurtarmamış, pıqqıldayıb güldü, Aylin isə özünü saxlaya bilmədi, gülüşdülər.
-Ay qız, utan! Əslində qonaqlar sənin üçün gəli... – Şəhla, sözünün ortasında başını qaldırıb qızı ilə həyat yoldaşına baxdı, onların güldüyünü, onu ələ saldıqlarını görəndə başını tovlayıb hirsini boğazında uddu.
Gələn qonaqlar Aylinə görə gəlirdilər. Qonaqların tərəfindən qadınlar, bir neçə dəfə söz danışmaq üçün gəlmişdilər, Məhəmmədi, Aylinin evlənməyi üçün razı salmışdılar. O günlər, məhərrəmlik mövsümünün son günləri olduğu üçün - Qohum-qonşular toy tutduğumuzu eşidərlər, dindən ötrü söyüş qalmaz yağdırarlar. – deyə kəbin kəsib şənlik etmək gününü yas günlərindən sonraya tənzimləmişdilər. Məhəmmədin belə şeylərə inancı yox idi, amma öz inancını isə canının qorxusundan heç kimə deyə bilmirdi. Həm də bir tərəfdən qız atası idi, özünü hər yerdə ağır aparmalı idi. Yaşadığı mühit bunu məcburiyyətlə tələb edirdi. – Qız atasısansa cızığından çıxmayacaqsan, yoxsa üstünə damğa yapışdırarlar, qızın yolundan olar – deyən xalqla bir yerdə yaşayırdı. Bir tərəfdən də oğlanın atasının dinə olan inancı yüksək idi. Hər il məhərrəmlik mövsümündə baş yarırdı, şaxsey gedirdi, yas saxlayırdı.
Aylin, sevgilisi Araz ilə evlənmək qərarına gəlmişdilər. Arazın atası ilə Məhəmməd bir-birinə bənzəyirdilər. İkisinin də qalın bığı var idi, gözləri qap-qara, burunları eyni şəkildə, ikisi də bir boyda idilər. Daha sonralar, onlar qayınatalarını əmi səsləyəcəkdirlər.
Məhəmməd, təzəcə ütülənmiş qara kostyumunu geyindi. Şəhla, bəzənib qonaq paltarlarını geyindiyi an, qapının zəngi çalındı. Qonaqlar gəldilər, Aylin, qonaqlara çay gətirdi.
Oğlan tərəfindən gələn ağsaqqal – Arazın dədəsi Sədi, “Allah xoşbəxt eləsin” dedikdə, evdə oturanların hamısı onların xoşbəxt olmaqlarına alqış ilə yekun vurdular.
Məhəmməd, qızının seçiminə güvənirdi. Qızının kimi sevdiyini, xoşbəxt olmasını özü öz həyatında seçdiyinə, Aylinin isə seçimini dəyərləndirməyini illər öncə ürəyində planlaşdırmışdı.
***
Artıq Araz ilə Aylin evli idilər. Bir müddətdən sonra Aylin, hamiləlik xəbərini utana-utana, qızara-qızara qayınanası Məryəm ilə anası Şəhlaya bildirdi. Doqquz ayın Aylin üçün necə ağır günlər olduğuna baxmayaraq, o, ümid dolu hisslər ilə öz uşağını qarnında saxlamışdı. Uşağın adını Anna qoydular. Uşaq üçün alınan hədiyyələrin sayısı bəlli deyildi. Məhəmməd, nəvəsinə aldığı hədiyyələrdə heç bir şeyi gözdən yayındırmamışdı. Oğlanın atası da iki bilərzik almışdı. Anna böyüdüyündən sonra biləyinə taxacaqdırlar, indi körpənin biləyinə çox böyük gəlirdi, yəqin 7-8 yaşına münasib idi.
Aylin, zahı olduğuna görə atasının evində qalırdı. Anası Şəhla, Annanın bütün məsuliyyətini öz öhdəsinə götürmüşdü, sevinə-sevinə qulluq eləyirdi. Aylin, uşaq üçün gətirilən hədiyyələri ayırıb otağın bir küncünə qoydu. Anna, bələkdə idi, dünyada olanların heç birisindən xəbəri olmadan şirin röyalarda seyr eləyirdi. Aylin, qayınatasının hədiyyə aldığı iki bilərziyi götürüb onların çəkisini yoxlamaq üçün bir neçə dəfə əlini yumşaltdı, onların ağırlığını nəzərdən keçirdi. Məhəmmədin səsini eşitdi.
-Qızım, çoxdandır ki, atanla şahmat oynamırsan. Demək daha məni saymırsan, qocalmışam.
Aylin, atasına yaxınlaşıb gülər üzlə üzündən öpdü. Şahmat taxtasını gətirib atasının oturduğu masanın önünə qoydu. Annanın 7 yaşında salacağı bilərzikləri isə masanın üzərinə atdı, bilərziklər bir neçə dəfə fırlandıqdan sonra dayandı. Atası ilə şahmat oynamağa başladı. Şəhla, mətbəxdə iş görürdü.
Oyundan on dəqiqə keçmişdi. Aylin, atasından daha yaxşı oynayırdı. Öz atasından öyrəndiyi strategiyanı onun özünə işlədirdi. Növbə Aylinə çatanda, hansısa şahmat fiqurunu yerindən qaldırandan sonra atasının üzünə baxırdı, xoşbəxtlik təbəssümünü saxlaya bilmirdi.
-Ata, artıq böyümüşəm. Bu dəfə oyunda məğlub olacaqsan. – deyib güldü.
Atasının hər dəfə oyunda deyəcəyi - Məni məğlub edən anasından olmayıb – cavabını gözləsə də, cavab gəlmədi. Sıra Məhəmmədə çatmışdı. Tərpənmədən əlini çənəsinin altına yerləşdirib şahmat oyununun ağ-qara kvadratlarına baxırdı. Aylin, atasının fikrini yayındırmaq üçün bir də həmin sözü gülə-gülə dedi. Yenə də Məhəmməddən xəbər çıxmadı. Heyrətləndi. Axı atası, heç zaman Aylini cavabsız buraxmamışdı?!
Məhəmməd nəyə fikirləşirdi? Nə olmuşdu?
Səhvimiz olur, səhvimizin qarşısında qazandığımız təcrübələrə əsaslanaraq, doğru yolu seçməyimiz üçün cəhd edirik. Cəhdimizin qarşısında isə doğru yolu seçdiyimiz üçün aldanırıq, inanırıq. Səhvimizin bir də təkrar olmamağı yaddaşımızdan tamamilə silinəndən sonra, onlar sümsük itlərə çevrilirlər, qapımızın ağzında dayanırlar. Ona yal atan da, onu vəfalı bilən də, onu böyüdən də biz oluruq. Sonra o, yırtıcılaşır. Sonra o, bizim kim olduğumuzu tanımır. Sonra o...
Qızının sözünü eşitmirdi. Bəlkə də eşidirdi, cavabdeh olmaq istəmirdi. Məhəmməd, on səkkiz il öncəyə, Aylinin yeddi yaşı olduğu zamana qayıtmışdı.
Parkın ortasında, yerdə təzəcə göyərmiş çəmənlərin üstünü gön ayaqqabıları ilə ayaqlaya-ayaqlaya qaçırdı. Ağacların arxasını axtarırdı. Nəzərdə tutduğunu tapmadıqdan sonra o biri ağacların arxasını yoxlamaq üçün keçib gedirdi. Parkın sonunda olan ağaclara çatmamışdan, qaçdığı yerdəcə dayanıb ötdüyü ağacın arxasına baxdı. Aylin, təzəcə əkilmiş bir kiçik daş palıd ağacının altında dayanmışdı, dondurma yeyirdi. Məhəmməd, qızını görduyündə qucaqladı, doyunca boynundan, üzündən öpdü.
-Qızım, burda nə iş görürsən? - deyib nəfəsini dərdi. Məhəmməd, qızını qucaqlayıb onun saçlarını sığalladı.
-Səni kim bura gətirdi? Kimsə sənə bir söz demədi ki? Bu dondurmanı sənə kim alıb?
Aylin, 18 il sonra atası ilə şahmat oynadığı zaman güləcəyi kimi gülə-gülə dondurmaya bir dilim dişini batırdı.
-Ata, mənə dondurmanı dayım, yox, əmim aldı. Dedi ki, sənin atan ilə qardaşam. Ata, sənin qardaşın mənim əmim olur, yoxsa dayım? Hə, anam öyrətdiyi qədər əmim olduğunu bilirəm.
-Kim? Son... Sonra... Nə oldu? – Məhəmməd, stress içində boğulurdu.
Aylin, əlini uzadıb parkın o tərəfindəki dondurmaçını göstərdi:
-Əmim mənə dedi ki, qolundakı bilərzikləri ver, sənə dondurma alım. – Aylin, yenə də dondurmadan bir dilim dişlədi, dondurmanın kakaosu dodaqlarının ətrafını batırmışdı.
Məhəmməd, əl atıb Aylinin qollarına baxdıqda, bilərziklərin oğurlandığını anladı. Təəccüblənərək qışqırdı:
-O kim idi?
-Dayım idi. Yox, əmim. Dedi ki, atanın qardaşıyam. – Aylin, yenə də gülümsədi.
Məhəmməd gön firmasında işləyirdi. İşlədiyi pulları toplayıb qızı Aylinə iki bilərzik almışdı. Onu aldığı zaman Aylinin adı ilə soyadının birinci hərflərini bilərziyin arxasında həkk elətdirmişdi.
Qızının əlindən yapışıb dondurmaçıya tərəf addımladıqda, Aylin aşağıdan yuxarı atasının üzünə baxıb – Ata, sən də mənə dondurma alırsan? – deyib sevindi.
Atası dondurmaçıya yaxınlaşıb dayandılar. – Bağışlayın cənab! – dedi.
Dondurmaçı, sarı saqqallı, arıq bir gənc oğlan idi.
-Buyurun. – deyərək qarşısında qızının əlindən yapışaraq tərləyib dayanan kişinin üzünə baxdı.
Məhəmməd, özünü itirmiş adamlar kimi səsləndi:
-Cənab, indicə burda mənim qızıma bir kişi dondurma alıb, onun hara getdiyini gördünüzmü?
-Məgər siz deyildiniz?
-Yox, mən deyildim. Təəssüflə qızımın bilərziklərini oğurlayıb.
Dondurmaçı bir addım geri çəkilib təəccübləndi.
-Cənab, onu gördünüzmü? Nə təhər bir adam idi? – Məhəmməd, müsbət cavab eşitmək üçün bir az yumşalmışdı.
-Onun boyu siz boyda idi. Sizin kimi bığları var idi. O, qızınızın əlindən yapışıb o tərəfə getdi. – barmağı ilə qızının bir az öncə altında dayandığı daş palıd ağacını göstərdi.
Məhəmməd çevrildi, həmin yerə bir də baxdı. Bayaq qızını tapdığı daş palıdın altında heç kim yox idi. Dondurmaçıya tərəf çevrildi:
-Siz indiyə kimi həmin adamı burda görübsünüzmü?
-Yox, vallah. Görsəm də xatırlamıram. Mənim çoxsaylı müştərilərim olur. Sifətləri yadımda qalmır.
-Ata, mənə dondurma al. – Aylin, yeyib qurtardığı dondurmanın çubuğunu yerə atdı. Heç nədən xəbəri yox idi.
Sarı saqqallı gənc oğlan, qızın atasından söz gözləmədən əlini soyuducuya aparıb bir ədəd dondurma çıxardıb Aylinə tərəf uzatdı. Məhəmməd, dondurmanın pulunu ödədiyində, ağzını açıb yenə də sual soruşmaq istədiyində bir başqa müştəri dondurmaçıya yaxınlaşdı. Məhəmmədin gözləri kişinin yanında dayanan uşağın bilərziklərinə sataşdığı an, dondurmaçıdan soruşacağı sözünü udqundu. Qız uşağı altdan-yuxarı onun əlindən yapışan kişiyə baxdı:
-Əmi, mən dondurmanı çox sevirəm. – dedi.
Dondurmaçı, gülər üzlə soyuducunun qapağını götürdüyü an, Məhəmmədin bir əlində Aylinin əli, bir əlini də atıb qız uşağı tərəfindən əmi səslənən bığlı kişinin biləyindən yapışdı.
-Sən bu uşağın əmisisənmi? – dedi
Kişi diskindi. Sonra özünü ələ alıb – Necə? Sənə nə? – deyərək sərt cavab verdi. Məhəmmədin beynində qalmaqal yaranmışdı. Hamıya şübhəli idi. Kişi, dondurmaçıya üz tutdu:
-Fərhad, bu nə deyir? Ağlını itirib sanki! – deyib əsəbiləşdi.
Fərhad, bir əlində dondurma, o biri qolunu onlara tərəf apardı, savaşmasınlar deyə araya atılıb Məhəmmədi qane etməyə çalışdı:
-Bu mənim dostumun qardaşıdır, adı da Hüseyndir. Hər gün məndən dondurma alar. Lütfən əsəbiləşməyin, sizi anlayıram.
Məhəmməd, qızına tərəf çevrildi:
-Aylinim, qızım, bayaq sənə dondurma alan əmi bu idi?
-Yox, ata, mənim əmim bu deyil! – deyib dondurmasını dişləyərək Hüseynin əlindən yapışan uşağa baxıb gülümsədi.
Məhəmməd, işlədiyi pulu qəpik-qəpik yığıb iki bilərzik almışdı. Onları da oğurlamışdılar. O, bilərzikləri aldığı gün, Şəhlanın gözləri par-par parıldamışdı. Aylin isə sevindiyindən atasının boynundan aslanıb ehtirasla üzündən öpmüşdü. Üçü də sevinmişdilər. Bir gecənin sevinci, illərcə işləyib həmin pulu bir yerə toplamaq ilə bərabər idi. Bir anda sevincin kədərə çevrilməsi daha qorxunc, daha dəhşətli idi.
Evə qayıtdılar. Şəhla, bilərziklərin oğurlandığını eşitdiyində özünü saxlaya bilməyib ağladı. Anasının göz yaşlarını görən Aylin, işin nə olduğunu sezib ağlamağa başladı. Məhəmməd, Aylin ilə Şəhlanın boynundan, üzündən öpüb onlara təsəlli verdi:
-Ağlama qızım. Canın sağ olsun. Allah canımıza dəyməsin, işləyib ondan yaxşısını alaram.
Həyatda hər şey başqa cür təkrar olunsa da, təkrar olunur. Həyatın təkrarlarından qurtarmaq qeyri-mümkündür. Başqa bir zaman, həmin olaylar baş verir. Həmin səhvlər! Amma bu dəfə Məhəmmədin qızı Aylinin bilərziklərini oğurlamamışdılar, onu başqa tərzdə özünə qaytarmışdılar, arada oğurlanan şey; xoşbəxtlik idi. Məhəmməd, etdiyi səhvlərini unutmuşdu, yenə də həmin səhvlərə ayrı cür yol vermişdi. Bunu özü də bilməmişdi. Nəvəsinə hədiyyə alınan iki bilərziyin arxasında Aylinin adı ilə soyadının ilk hərfləri həkk olunmuşdu. Həmin bilərziklər idi.
Aylin, yenə də atasının üzünə baxıb gülə-gülə - Ata, bu dəfə at mənimdir, meydan da mənim. Əlimdən qaça bilməyəcəksən. Artıq böyümüşəm, qalib gələcəyəm. – dedi.
Məhəmməd, birdən-birə özünə gəldi, bir kəskin bıçağın ürəyinə soxulduğu hissi yaşadı, oturduğu yerindən dik atıldı. Boylanıb həyətə baxdı, yağış yağırdı. Qızına baxıb onun təəccübləndiyini görəndə, özünü ələ aldı, Aylin onun vəziyyətini sezməsin deyə gülümsədi. Şahmat oyununda, Aylinin qara fiqurlu ordusu Məhəmmədin ağ şahını mühasirəyə salmışdılar. Şah, mat olmuşdu. Şəhla, mətbəxdə hələ də iş görürdü. Anna şirin yuxuda idi. Aylin isə qalib gəldiyi üçün zəfər sevinci yaşasa da, atasının məğlub olduğuna görə narahat idi, ona hörmətsizlik elədiyini hiss edirdi. Yağış, həyətin kafellərinə dəydikcə şır-şır səsi evə dolurdu. Aylinin əlindən yapışdı:
-Hə qızım, sən artıq böyüyübsən. Bax, uduzdum. Mən bundan sonra şahmat oynamayacağam! – deyib ayağa qalxdı.
Şəhla, nə qədər deyinsə də onun sözünü dinləmədi. Pencəyini geyib on səkkiz il öncə Aylini itirib-tapdığı parka yönəldi, Aylini dondurma yeyərkən tapdığı daş palıd ağacı dirçəlmişdi, altında dayanıb ağladı...
“Ədəbiyyat və incəsənət”
(21.02.2025)
Labirintin içində - ESSE
Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”
Bir labirintin içindəyəm. Çıxış yolu axtarıram. Hansı yola getsəm də, yenə eyni yerə çıxıram. Sanki bütün yollar bir yerə aiddir. Axı bu doğru deyil. Bir çıxış yolu mütləq ki, olmalıdır. Mən isə həmin yolu tapa bilmirəm.
Artıq günlər keçir və mən bir döngənin içində yox olmaq üzrəyəm. Zaman məfhumunu da unutmuşam. Keçən dəqiqələr, saatlar, günlər... Sanki hamısı bir-birinin içində ərimiş kimi. Burada neçə gün olduğumu belə artıq unutmuşam. Hər gün bir gün əvvəlkindən heç nə ilə fərqlənmir. Bəlkə də mən artıq var deyiləm? Bəlkə də mən bir labirintə çevrilmişəm? Əgər bir çıxış yolu yoxdursa, mən özüm çıxışa çevrilməliyəm.
Qarışmış düşüncələrim məni tarıma çəkir. Mən bu labirintin içində tək başıma mübarizə aparıram. Bu çox çətindir. Saatlarla yerimdə oturub əllərimi üzümə tutaraq bir yol axtarıram. Hər yolu getdiyimi düşünürəm, ancaq bütün yollar yenə mənə çıxır.
İndi mən nə etməliyəm? Yenə də düşünürəm: Bəlkə bu labirintdən kimsə çıxmayıb? Bəlkə bu bir son deyil, başlanğıcdır? Mən hər zaman buradan çıxış yolu axtarmışam. Bəlkə də mən buradan heç çıxmayacam, bura mənim bir hissəmə aiddirsə...
Allah, mənə kömək et. Bu çarəsiz bəndənə bir çıxış yolu göstər. Mən arafda qalmışam. Öz yolumu tapmaqda kömək et. Mənə səndən başqa kimsə kömək edə bilməz. Mən ən çətin anlarımda sənin adınla təssəlli tapdım. Yenə mənə göstər, görə bilmədiklərimi, bacara bilmədiklərimi...
Dualarımın sükut içində əks-sədasını gözləyirəm. Bir cavab yoxdur...
Birdən içimdə bir fərqli duyğu hiss edirəm: “Mən hər zaman buradan çıxış yolu axtarmışam, bəlkə də hər zaman bir yol axtarmaq lazım deyil, sadəcə dayanmaq və buranı anlamağa çalışmaq.”
Ayağa qalxıram. İndi hər şeyə daha fərqli baxıram. Labirintin divarlarına toxunuram. Sanki canlıdır, məndən bir parça kimidir. Bəzi tərəfi isti, bəzi tərəfi isə soyuqdur. Yavaş-yavaş ətrafı dərk etməyə başlayıram. Bura məndən bir hissə olduğunu anlamağa başlayıram. Bəlkə də anlayanda o məni buraxacaq. Artıq tələsmirəm, qaçmıram, bir yol axtarmıram. Sadəcə yerimdə dayanıb gözlərimi yumub dərin bir nəfəs alıram. Var olduğumu hiss edirəm. Gözümü açanda birdən qarşımdakı divar titrəyir və yavaş-yavaş dağılmağa başlayır...
“Ədəbiyyat və incəsənət”
(21.02.2025)