Super User
Tülkülər aslanlıq edəndə - SATİRİK QƏZƏL
“Ədəbiyyat və incəsənət” portalı əslən Güney Azərbaycandan olan şair, AYB sədrinin müşaviri Sayman Aruzun satirik qəzəlini təqdim edir.
Güney Azərbaycan mühitini, orada olan vəziyyəti düşünərkən:
Vay o gündən ki, gəda bəylərə sultanlıq edə.
Sanki çaqqal it olub qoçlara oxranlıq edə...
Hay o gündən ki, vətən eşqinə zindan çəkəsən,
Vay o gündən ki, vətən, ruhuna zindalıq edə...
Bağbanı balta olan ormana ümmid eləmə,
Balta qoymz tək ağac birləşə ormanlıq edə...
Kapitan, sakit axan dalğaya aldanmaginan,
Qorx o gündən ki, dəniz tərpənə, tufanlıq edə...
Kükrə, Sayman, qəfəsi əzm ilə sındırmalısan,
İstəmirsənsə əgər tülkülər aslanlıq edə...
“Ədəbiyyat və incəsənət”
(27.09.2024)
Yerli xalqların soyqırımından yaranan ermənipərəst ölkənin tarixçəsi
Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət” poptalının Naxçıvan bölməsi
Ölkəmizin artıq regionda söz sahibi olması, beynəlxalq tədbirlərə ev sahibliyi etməsi və günü-gündən artan nüfuzu ikili standartlardan çıxış edən dövlətlərin yuxusunu ərşə çəkib. İndi Ermənistan qalıb bir kənarda, “böyük bacı” və digər “eltilər”ölkəmizin ünvanına əsassız ittihamlar səsləndirir.
Fransa və Hindistanın ermənilərə hərbi dəstək çağırışlarından sonra növbə Kanadaya çatıb. Bu ölkə xüsusi sifarişlə haylara hamilik edir. Ölkənin xarici işlər naziri Melani Coli ölkəmiz əleyhinə fikirlər səsləndirməyə məcbur edilir. Saxta erməni sevgisi onun çat verən soyuq simasından hiss olunur. Azərbaycana qarşı əsassız ittihamlar səsləndirən Coli həddini aşaraq Ermənistan səfəri zamanı Bakını sanksiyalarla hədələyib. Bu nazir xanım tikanlıqda gizlənib gül bağçasına daş atmaqla məşğuldur. Əgər həqiqəti görmürsə, dönsün, Kanadanın və müdafiəsinə qalxdığı ölkənin keçmişinə baxsın. Azərbaycanı “etnik təmizləmədə” ittiham edən Coli ermənilərin bizi soyqırıma məruz qoyduğunu unudub, yəqin. Sizin ittiham etdiyiniz Azərbaycan Zəfər savaşından sonra ermənilərin Qarabağdan könüllü getmələrinə şərait yaratdı. Əgər faktlardan danışırıqsa, gəlin baxaq: Kanadada aborigen qadın və qızların yoxa çıxması və öldürülməsi nəticəsində1500-ə yaxın ailə üzvü Milli Təhqiqat Komissiyasında ifadə verib. Rəsmi rəqəmlərə görə 1970-ci ildən bəri 4000 qadın itkin düşüb və ya öldürülüb. Bununla bərabər, Kanadada hinduların bir neçə nəslinin hüquqları pozulub. Milli Təhqiqatın baş komissarı Marion Bullerin sözlərinə görə, “Fərqli mənşəyinə baxmayaraq, bütün yoxa çıxmalar və qətllər Kanada cəmiyyətinin iqtisadi, sosial və siyasi marginallaşma, irqçilik təfəkkürü ilə bağlıdır”. Yerli hindu qadınlar zorakılığa məruz qalan qadınların 4%-ni, qətlə yetirilən qadınların isə 16%-ni təşkil edir. Beləliklə, bu sadalanan faktlar Kanadanın müstəqil dövlət olmadığını, kiminsə diktəsi ilə oturub durduğunu sübuta yetirir. Həmçinin Kanada gerbində Fransa bayrağı və gerbinin təsviri…başadüşüləndir!
Rəsmi dilləri ingilis və fransız dilləri olan Kanada əhalisinin 14%-i mütəmadi olaraq marixuana çəkir, 18-30 yaş arası əhalinin 25%-i internetdən bilik və məlumat toplamaq məqsədilə istifadə edir. Mədəni köklərini itirmək üçün ana dilində danışmaq qadağan edilən kanadalıların adları da zaman-zaman dəyişdirilərək Avropalılaşıb. İnanırıq ki, haqq-ədalət bir gün öz yerini tapacaq, bu çirkin siyasəti yürüdən riyakar komandanı növbəti seçkilərdə xalq tarixin bir küncünə tolazlayacaq.
Kanadada böyük erməni diasporu mövcuddur. 2011-ci ildə keçirilən siyahıyaalmanın nəticələrinə görə, Kanadada 55 min 740 nəfər erməni yaşayırdı. Onlardan 30 min 130 nəfəri erməni dilini öz ana dili hesab etdiyini bildirmişdi. Digər qiymətləndirməyə görə isə Kanadadakı ermənilərin sayı 100 min nəfərə yaxındır. Kanada erməniləri, əsasən, ölkənin mərkəzində yerləşən Ontario və Kvebek əyalətində məskunlaşıb. Burada fransızdilli əhali çoxluq təşkil edir. Buna görə də kanadalı nazirin gələcək seçkilərdə seçicilərin səsini almaq üçün ermənipərəst bəyanatlar səsləndirməsi normaldır. Bu da istənilən halda G-7 qrupunda təmsil olunan Kanadanın imicinə ciddi zərbədir.
Paşinyan hakimiyyətə gəldikdən sonra Kanadanın Ermənistana dəstəyi daha da artdı. Ölkə 2023-cü il oktyabrın 25-də Ermənistanda səfirlik açdı. Ermənipərəst açıqlaması ilə gündəm olan xarici işlər naziri Coli İrəvana səfər etdi. Həmçinin avqustun 18-20-də Coli erməni diasporunun Monrealda keçirilən illik festivalında çıxış edərək Kanadanın Qarabağ erməniləri ilə bağlı məsələlərin həllində fəal rol oynayacağını bəyan etdi. “Ermənilər Artsaxda real təhlükə ilə üz-üzədir” , – deyən nazir bildirirdi ki, onun təmsil olunduğu hökumət Cənubi Qafqazda baş verən proseslərə fəal şəkildə müdaxilə edəcək. Kanada həm də Avropa İttifaqının Ermənistandakı hərbləşdirilmiş missiyasına qoşulan yeganə qeyri-Avropa ölkəsidir. 44 günlük Vətən müharibəsi dövründə də Kanada Azərbaycanın işğalçı Ermənistan ordusuna qarşı “Bayraktar TB2”pilotsuz uçuş aparatlarından istifadə etməsinə görə 2020-ci ilin oktyabrında Türkiyəyə müdafiə sənayesi məhsullarının ixracına embarqo tətbiq etmişdi. Təbii ki, bunun nəticəsi olaraq “Telemus Systems”, həm də “L3 Wescam” kimi şirkətləri milyonlarla dollar ziyana düşdü. 2021-ci il fevralın 1-də Azərbaycan Televiziyasında yayımlanan müsahibə zamanıMüzəffər Ali Baş Komandan Kanada haqqında deyirdi: “…bu ölkənin hökuməti, hansı ki Vətən müharibəsi zamanı sırf ermənipərəst mövqe sərgiləyirdi, işğalçıları dəstəkləyirdi, bizim haqq işimizə kölgə salmaq istəyirdi…həmin bu ermənipərəst ölkə 154 milyon vaksin sifariş edir, onun pulunu verir, öz ölkə əhalisinin sayı isə 38 milyondur. Yəni dörd dəfə çox. Deməli, 120 milyona bu vaksin çatmayacaq. Onlar almayacaqlar, onlar xəstələnəcəklər, öləcəklər...Belə olan halda hansı demokratiyadan söhbət gedə bilər? Hansı ədalətdən, mərhəmətdən, insan haqlarından söhbət gedə bilər?..”
Kanada 3 dəfə - 1996, 2002 və 2004-cü illərdə saxta erməni soyqırımını tanıyan ölkədir. Kanadanın bir dövlət kimi yerli xalqların soyqırımı nəticəsində yaradılması dünyaya məlumdur. Kamlups şəhərindəki adsız məzarlıqda 215 hindu uşağın dəfn olunduğu, 1831-1996-cı illərdə ölkə ərazisində fəaliyyət göstərən internat məktəblərində 150 minə yaxın hindu uşağının evlərindən və ailələrindən güclə ayrıldığı, bu uşaqlardan bir çoxunun üzərilərində keçirilən tibbi sınaqlar səbəbindən ölmələri dünya mediasında kifayət qədər işıqlandırılan mövzulardır. Düşünün ki, öz vətəndaşlarına, uşaqlara qarşı törədilən cinayətlərə görə məsuliyyət daşımaqdan imtina edən bir ölkənin naziri Azərbaycanı etnik təmizləmədə ittiham edir. Nəzərə alaq ki, yerli aborigen xalqların soyqırımı nəticəsində yaradılmış Kanada bu sözü deyəcək sonuncu ölkədir. Bu dövlətin siyasətinin əsas xətti ksenofobiya və islamafobiyadır.
Hazırda Kanada özünün uran ehtiyacını Mərkəzi Asiya ölkələri vasitəsilə təmin edir. Uranı ya Çin, yada Azərbaycan üzərindən Kanadaya aparmaq mümkündür. Hazırkı vəziyyətə görə Pekinin bunarazılıq verməsi Kanadanı bu ticarətdə rəsmi Bakıdan asılı edir. Azərbaycan isə istənilən vaxt bu ixracı dayandıra bilər. Bu isə o deməkdir ki, Başa dil gətirəni, el gətirə bilməz!
Şəkildə: Hindular Kolumbu qarşılayır. Qədim qravüra.
“Ədəbiyyat və incəsənət”
(27.09.2024)
BİR SUAL, BİR CAVAB Faiq Hüseynbəyli ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL
Sizə "qismət", "əzəl", "nakam", "kədər", "qaranlıq" sözlərindən bir poetik cümlə qurmanızı xahiş etsək, təxəyyülünüzdən hansı cümlə doğular?
CAVAB
Hər poetik sözün öz fəlsəfəsi var. Təqdim etdiyiniz sözlər uğursuz insan modelini şəkilləndirir. Şeir nə zaman güclü olur? Əlbəttə ki, yaşantı güclü olanda. Əzəldən nakam qisməti kədərli qaranlıqlar olan şairlər öz tənhalıqlarını yaşamağa məhkumdurlar. Bu da olsun verilən sözlərə uyğun bir cümləlik ifadə.
“Ədəbiyyat və incəsənət”
(27.09.2024)
Türk Mədəniyyəti və İrsi Fondunun İstanbulda keçirdiyi Türk Dünyası Mədəni İrsinə aid forum bu gün yekunlaşır
Habil Yaşar, “Ədəbiyyat və incəsənət”
Xəbər verdiyimiz kimi, baş qərargahı Bakıda yerləşən və türkdilli dövlətlər üzv olduğu beynəlxalq təşkilat olan Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü ilə 23 sentyabrda İstanbulda Ərazi İdarəetmə Təcrübə Paylaşımı Proqramının açılışı olmuşdu, 5 gün davam edən proqram bu gün yekunlaşacaq.
Təcrübə Paylaşma Proqramında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Macarıstan, Özbəkistan və Türkmənistandan yüksək səviyyəli menecerlər iştirak edirlər.
Proqram Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Fatih Bələdiyyəsi, İstanbul Ticarət Universiteti və Türk Dünyası Vəqfinin töhfələri ilə həyata keçirilir.
Proqram çərçivəsində iştirakçılar Türkiyə Cümhuriyyəti Cumhurbaşkanlığı Milli Saraylar Müdirliyi, Vəqflər Ümumi Müdirliyi, Gelibolu Tarixi Ərazi Müdirliyi, Çanaqqala Savaşları Gelibolu Tarixi Ərazi Müdirliyi, İstanbul Tarixi Ərazilər Bölgəsi Müdirliyi, Fatih Bələdiyyəsi və İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi (IRCICA) tərəfindən həyata keçirilən ərazi idarəçiliyi təcrübələri haqqında nəzəri və praktiki biliklər əldə etməkdədirlər.
Bu gün - 27 sentyabr 2024-cü il tarixində İstanbul Ticarət Universitetinin Sütlüce Kampusunda keçiriləcək Təcrübə Paylaşımı Proqramının sonuncu günü səhər sessiyalarının ilkində Türk Dünyası Ərazi İdarəetmə Dərnəyi Vizyon Seminarı iştirakçıları arasında ünsiyyət və qarşılıqlı əlaqənin artırılmasına dair ideyaları müzakirə edəcək. Qurumlarla birlikdə layihələr inkişaf etdiriləcək və ortaq qanunvericilik üzərində çalışılacaq. Bu seminardan sonra iştirakçılar öz ölkələrində mədəni irs və konservasiya təcrübələri haqqında təqdimatlar edəcəklər.
Bu gün ictimaiyyətə açıq olan proqramın günorta seansları İstanbul Ticarət Universitetinin Sütlüce Kampusunun konfrans zalında saat 14:00-da başlayacaq. Günortadan sonra keçiriləcək ilk sessiyanın moderatorluğu Türk Mədəniyyəti və İrsi Fondunun layihə rəhbəri Nuri Aksu və Yıldız Texniki Universitetindən Prof. Zeynep Gül Ünal, Gürcüstan Universitetindən Prof. James K. Reap və Liverpool Universitetindən Prof. Soumyen Bandyopadhyay-ın məruzəçi olacağı "Türk Dünyasında Mədəni İrs və Qorunma" adlı panel keçiriləcək. Bu paneldən sonra tədbir Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti və beynəlxalq təşkilatların nümayəndələrinin yekun nitqləri ilə yekunlaşacaq.
Türk Mədəniyyəti və İrsi Fondu haqqında:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentlərinin dəstəyi ilə yaradılmış Türk Mədəniyyəti və İrsi Fondunun əsasnaməsi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (hazırda Türk Dövlətləri Təşkilatı kimi tanınır) Bişkek Zirvə toplantısında 23 avqust 2012-ci ildə qəbul edilmişdir. Fond öz fəaliyyətinə 11 sentyabr 2015-ci ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Astana Zirvə toplantısında səfir Günay Əfəndiyevanın Türk Mədəniyyəti və İrsi Fondunun ilk prezidenti təyin olunması ilə başlayıb. Beynəlxalq təşkilat statusuna malik olan Fondun Katibliyi Bakıda yerləşir. Hazırda Fonda Qazaxıstanın keçmiş mədəniyyət naziri Aktoti Raimkulova rəhbərlik etməkdədir.
Türk Mədəniyyəti və İrsi Fondu layihə və proqramların dəstəklənməsi və həyata keçirilməsi yolu ilə türkdilli xalqların mədəniyyətini və irsini qorumaq, öyrənmək və təbliğ etmək məqsədi daşıyır. Bu məqsədlərə çatmaq üçün Fond müvafiq qurumlarla əməkdaşlıq edir və türk xalqları arasında mədəniyyət, təhsil, elm, insan hüquqları, turizm, informasiya və kommunikasiya sahələrində və digər prioritet sahələrdə fəaliyyətə dəstək verir.
Türk Mədəniyyəti və İrsi Fondu aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:
* Türk mədəniyyətinin və irsinin qorunması, bərpası və təbliği;
* Türk mədəniyyətinin və irsinin qorunması, bərpası və təbliği ilə bağlı elmi-texniki problemlərin həlli;
* seminarların, treninqlərin, konfransların, konqreslərin və sahə tədqiqatlarıyla sərgilərinin təşkili;
* Dövri nəşrlərin elektron və çap formatında hazırlanması;
* müsabiqələr, festivallar, turnirlər və s. tənzimləmə;
* türkdilli xalqların yaşadığı bölgələrdə ənənəvi və tətbiqi sənətin canlandırılması, dəstəklənməsi və inkişafı;
* Sənətkarlara, rəssamlara və digər yaradıcı sənətçilərə əqli mülkiyyət hüquqlarının qorunmasında köməklik etmək.
“Ədəbiyyat və incəsənət”
(27.09.2024)
“Ulduz”da “Genç yürekler”
Şəfa Vəli, “Ədəbiyyat və incəsənət”, Şəki-Zaqatala təmsilçisi
“Yazının işığında geleceye yürüyoruz...” “Genç Yürekler” dərgisinin şüarı olan bu cümlə ilə yazının sevdalı yollarına addım qoymaq xoşbəxtlikdir. Nə qədər Rey Bredberi “Dadli Stounun ölümü” hekayəsində beynimizə yeritməyə çalışsa da ki, “yaşamaq yazmaqdan əfzəldir”, ruhumuz bunu qəbul etmir. Yazmaq taleyimiz, yazmaq həyatımızın özüdür.
“Genç Yürekler” dərgisinin adı da elə-belə seçilməyib. Dərginin heyəti “bir gəncin ürəyinə toxunmaqla başlar hər şey” gerçəkliyi ilə Türk dünyasında özlərinə ulduz yolu salmaq qərarında idilər 2019-cu ildə. 5 il keçdi, yolları Türk dünyasının Qafqazda vuran ürəyi olan Bakıda “Ulduz” ilə kəsişdi.
Qulu Ağsəsin rəhbərliyi ilə “Ulduz” kollektivi daim ədəbiyyata sadiqdirlər. Hər ay yeni sayının çıxmasını nənəmin turşulu supu, anamın qurudlu xəngəli kimi dişlərimin ucu sızlaya-sızlaya gözlədiyim tək jurnaldır “Ulduz”. Müqayisə edə biləcəyim daha həsrətli heç nə tapammaram; nənəm 5 ildir ki, bu dünyada yoxdur, anam 10 ildir ki, qurud qoymur. Hər ayın başında yenilənən həsrətimi hər ayın sonu “Ulduz”la ovuduram. Və bu sətirləri yazarkən belə, gözlərim dolur...
Hə, təsəllidir mənə “Ulduz”. Və bu ilin sentyabrında “Ulduz”dan “Genç Yürekler” keçdi. Həsrətimin rənginə ay-ulduzlu al bayrağın məğrurluğunu qatdı “Ulduz”un sentyabr sayı. Balaca Şəkinin böyük ürəkli insanları qapılarına üçrəngli bayraqla yanaşı, al bayraq da asıblar, gələnlər görür. Və mən Şəkinin gözəl payızında “Ulduz” oxuyuram.
Muhterem Şahin “Senin törene kurban” deyə yazıb Bestami Yazgana ithafən... O Bestami Yazgan ki, “Ah benim korlu yüreğim” şeirində deyir: “Hasret başa taç yazılmış, Dert, alnına borç yazılmış...” Bəlkə də, sayın Muhterem Şahin “Tozlanmış raflardan bir şiir buldum” deyəndə elə bu şeiri nəzərdə tutub, kim bilir?! Düşdüyü o heyrətin içində Tanrının ona əta etdiyi şair ruhunu adam arasına çıxarmağı bacarıb. Təsəllisi bu olub: “Hayret edip şaşmak yasak!” “Burası Bozok yaylası” şeirində deyir ha, sayın Şahin, “her ilçesi bir gül koklaması”, “Genç Yürekler”e ürəyini açmış “Ulduz” da gül qoxusu saçır. Ürək qoyulan hər yazıdan gül ətri gələr!
“Genç Yürekler” dərgisinin yola qoyulduğu gündən bu yana qət etdiyi məsafə, kamına yetdiyi səmt ağacları, nəfəs dərdiyi yolayrıcları haqqındadır Mehmet Hakkı Yanmazın şeiri. “Yazının işığında atılan addımlar gələcəyə çatacaq” inamı var şeirin içində:
İlmin, eğitimin, bilgin ve kültürünle,
Kalemin ve kelamın tesirli hikmetiyle,
Aydınlık günler kapında, sabret, az ötende,
“Genç Yürekler”, gelecek gelecek seninle.
Arslan Kayanın (Âhar) “Şairin şiiri”ndə pəncərə-dünyaya baxıb keçən şairlərin xatırlanması vəfadır-şairə, şeirə, insanın özünə. “Sürgündeyken Halikarnas gibi Sessiz gemilerde türküler söylemek” arzumudur, yaşanmışlıqmıdır, xatirəmidir? Bəlkə, heç biri deyil, Tanrının şairə sirr pıçıldamasıdır? Halikarnas balıqçısının-Cevat Şakirin Azra Erhata göndərdiyi son məktubdakı o cümlələri xatırlayıram: “Yahu, mən bu dünyaya bir daha gəlməyəcəyəm. Dağların, suların necə axdığını görsünlər ki, gözlərim açıq qalmasın…” Şeirlərdəki sirləri də bilsəydi insanlar, şair olaraq gözümüz açıq qalmazdı dünyadan yükümüzü çəkəndə… Müşfiq demiş, “arzuya bax...”
“Turana esiyor Baküden rüzgar, Yeşil, kızıl, bir de gök, ay-yıldız var!” Cemil Sütbaşın “Kızıl elma” şeirini oxuyandan sonra dilimin əzbəri olan misralardır. Heca-heca qürurlanmışam! Qürurumun müşayiətçisi Fazlı Sakarın “İki hece” şeirindən seçdiyim misradır: “Sokakları bırakan yolun hayalindeyim”. O yolun ki, Türk dünyasının bu başından başlayır, o başınacan gedir.
Erdem Ayıkın “Değişmeyen tek şey” adlı yazısını Baumanın 44 məktubunun davamı kimi oxudum. Həyatımızın hər anında fərqində olmadan özümüzə nəsə qazandırdığımızı deyən müəllif insanın nəyisə dəyişmək cəhdinin bəzən boşuna olduğunu vurğulamaqdan çəkinmir. Onun fikrincə, insan dəyişimə özündən başlamalıdır. Güllərin qurumasını istəməyən insan hər gün o gülləri sulamağı vərdişə çevrilməlidir. Bacararmı? Erdem Ayıkın yazısının sonunda açıq qalan sual budur.
Şərqi Anadolunun qış mənzərəsində insanın xoşbəxtlik arayışından bəhs edir müəllifi Esma Erdoğan Ayçiçek olan “Doğudan bir kış öyküsü”. İnsana ən soyuq qış günündə belə, isinməyi öyrədən yazıdır.
Ayşe Nur Sivri “İstikbalimizin İstiklali” yazısını Mehmet Akif Ersoyun “İstiklal marşı”na həsr edib. Qəşəng bir cümlə keçir yazıda: “Biz Türk milletiyiz, aç yatarız, yeri gelir susuz kalırız; ancak Vatan olmadan yaşayamayız”. Vətənə olan sevginin sadə sözlərlə bu qədər dərin anladılması Ayşe Nur xanımın qələminin peşəkarlığının göstəricisidir.
Dostluq-mənə görə, sevgidən daha mücərrəd qavramdır. İnsanı sevgidən çox, məhz dostluq xəyal qırıqlığına uğradır. Bumin N.Dündarın “Dost hançeri” şeiri elə bu xəyal qırıqlıqlarının poetik əksidir. “O`ndan gelir, O`na gider” deyən Bestami Yazgan isə “həyat-məmat arasında qaçaraq keçən ömrün” faniliyini anladaraq, sanki dost xəncəriylə uğradığımız xəyal qırıqlıqlarını bağışlamağımızı diqtə edir. Mənsə, sayın Bestami Yazgana üz tuturam: “Yalan dünyanın köçəri quşları kimi yaşadığımız zaman kəsiyində sol tərəfimizə dost əliylə son sürət saplanan bıçağı bağışlamayan bizmi günahkarıq, yoxsa o bıçağı saplayan?”
Ahsen Yıldız Şahin və Selahaddin Kaşgarlı öz yazılarında uyğurların məruz qaldığı zülmə diqqət çəkirlər. Yazıları oxuduqca Türkün tarixində hələ dilə gəlməyən, hələ üstü açılmayan nə qədər zülm olduğunu düşündüm. Babalarım, valideynlərim 1988-ci ilin o qarlı qışında canlarını götürüb Ermənistan-Azərbaycan sərhəddini bəri keçəndə də zülmün əlindən qaçmışdılar. Zülm zülümdür-zaman onun rəngini də, yaşatdığı ağrıları da dəyişmir. Bişirdiyi yeməyi qazanında qoyub zalımın qəddarlığından qaçan anamın qaçqınlıq günlərində yazdığı qırıq-qırıq xatirələrin bir gün kitab kimi nəşr olunmasını diləməkdən başqa əlimdən nəsə gəlmir. Və zülm haqqında yazılan yazılara giziltili bir şükür duyğusu ilə yanaşıram. Nə də olsa, “söz uçar, yazı qalar...” Murat Aybirdi “Türkistanlı çocuklara tunç kafiye” adlı şeirində təsəlli verməkdən ötəyə keçməsə də, inanıram ki, “Bitecek bu kara kış, mevsim dönecek yaza”. Və Türkün izi nə silinəcək, nə də unudulacaq! Zaman-zaman o izlər axtarılacaq, tapılacaq, üzə çıxarılacaq: Ali Onur Karanın “Batı Trakyada Türk varlığı” adlı yazısı kimi.
Edib Aykut Çiçekli “Ebediyeti kutlu kılmak” adlı yazısında müasir insanın insandan qopmasını dilə gətirir. İmran Azaklı Tekelinin “Ağlamaklı bir Mona Lisa” yazısı Edib Aykut Çiçeklinin fikirlərinin təsdiqi kimi qələmə alınıb sanki. İnsan insana gərəkdirsə, insan insansız yaşaya bilmirsə, seçdiyimiz/itələndiyimiz tənhalıq bizə əlac ola bilərmi? Təbii ki, yox! Amma ürəyimizi qıranlar, qəlbimizə dəyənlər bizi həmin əlacsızlıqla baş-başa qoymaqda mahirdirlər! Dünənimizə baxanda-tarixə boylananda müasir insanın, həqiqətən də, tənha olduğunu anlayır, üzülürük... Məsafələr daha uzunkən, zaman daha yavaş irəliləyərkən, həyat daha bəsit yaşanırkən insan insandan bu qədər qopmamışdı heç. Muhammet Bekir Karacakaya “Türkistandan Anadoluya Türk kültüründe ferfene toplantısı” adlı yazısında ictimai münasibətlərin dünənindən bəhs edir... O dünəndə ortaq asılan qazanlar, eyni sevinən uşaqlar var.
Payız bizim ürəyimizdən keçir, yoxsa biz payızın ürəyindən? Yaradıcı insan olaraq bizmi qazanclı çıxırıq payızdan, yoxsa payızmı neçə-neçə şeir, hekayə, esse qazanır ürəyimizdən keçdiyi anlıq yolçuluqlarda? Melike Yazganın “Sonbaharım” şeirini oxuyarkən bunları düşündüm... Cavabsız qalan bütün suallara ehtiramla, növbəti yazını oxumağa tələsdim. “Sevgi güzel şey” dedi Lokman Tümtürk. Yazıda sevgidən daha çox sevənin nəyə çevrilməsindən bəhs edilir. Sevgi gözəlləşməkdir!
Yolun məramı kirlənməyibsə, yolçuluq qudsaldır. Havva Ay “Yolcu selamı” şeirində yazır: “Bu satırlarda tanıştık siz yolcularla, Yolunuz hangi güzergâhta?” Əhməd İsayevin Bəndər romanında Göygöldən üzübəri Gəncəyə gələn yolun təsviri var. Bu iki misrada o yolu niyə xatırladım, bilmirəm. Hikmətini yolu yaradan-Yaradan bilir... Unutmaq istədiyim, daha doğrusu, yerli-yersiz xatırlamaq istəmədiyim o qədər oxucu xatirəsi var ki, ruhumda. Unutmağın çətin olduğunu söyləyə bilməyənlər elə asanca “Unut!” deyə məsləhət verə bilirlər ki! Amma Ebru Yılmaz bütün səmimiyyətiylə “Zor olacak” deyir:
Tam unuttum derken,
Ya da unuttum diyerek kendimi kandırırken,
Kimseye bizden bahsetmeyerek
Yaşatıyorum derinlerde seni...
Cem Arslan “Genç Yürekler” dərgisinin Sorumlu Yazı İşleri Müdürüdür. “Ulduz”un sentyabr sayında onun olduqca məsuliyyətli bir işin altına çiyin verdiyinin şahidi oldum. Cem Arslan yazar, redaktor, akademik Dr.Ömer Küçükmehmetoğlu ilə müsahibə edib. Söhbətin “Köroğlu” dərgisi ilə bağlı hissəsində 2016-cı ilin qışında Gülnar Səma ilə birgə Mikayıl Müşfiq haqqında yazı yazmağımız, “Köroğlu” dərgisinə göndərməyimiz yadıma düşdü… Dərgi nəşr olunanda da yazmağın verdiyi sevinc qədər sevinmişdik.
Büşra Ekinci “Güven edebiyatı” adlı yazısında günümüzün dərdlərindən birini dilə gətirib: insanın insanainamı qalmayıb. Hə, o gerçəklə razıyam ki, insan həmişə insandan əyrilik, vəfasızlıq gözləyib. Amma kürəyini söykədiyi, ürəyini verdiyi birindən qeyri-dürüst hərəkət görəndə özünə zehnən qurduğu dünya yıxılır axı… O anlarda ədəbiyyat köməyə çatırmı, xilaskara çevrilirmi? Büşra Ekinci həmkarlarına üz tutur, yazdıqlarımızla insanın insana güvənməsini aşılamağa çağırır bizi.
Necdet Özkaya “Edebiyat başka türlü anlatmaktır” kitabından kiçik bir yazı ilə “Ulduz” oxucularının görüşünə gəlib. Danışılan nağılların, rəvayətlərin qədim insanları öz sehrinə salmağından yazan müəllif bu prosesi ədəbiyyatın yolçuluğunun bir hissəsi sayır. Yazıda, həmçinin, ədəbiyyatın təkcə var olanı deyil, bəzən olacaqları da anlatdığı həqiqətini oxuyuruq.
Hərdən ağlımıza gəlir hamımızın: “Telefon, internet yox ikən insanlar necə xəbərləşirdilər? Məsələn, kəndin o başında olub-bitəndən necə xəbərləri olurdu? Axı insan informasiyasız yaşaya bilməz”. Hələ atalar sözümüz də var insanın doymaz marağı haqqında: “Qulaq gündə bir söz eşitməsə, kar olar!” Bəs keçmişdə qulaq o yeni sözü necə eşidirdi? Hamza Öztürkçünün “Kirazlı köyün berberi” hekayəsində məhz bu suallara cavab tapacaqsınız.
Bir şairin başqa bir şairin şeirində düşüncədöngələrinin xəritəsini tapdığını görmək həmişə xoşbəxt edir məni. Bu, qələmin həmrəyliyidir! Bu, yaradıcılığın səmimiyyətidir! “Cemal Safi için gönlümden…” yazan Mehmet Ali Kalkana bu mənada mütəşəkkirəm. Elə səmimiyyətlə yazıb ki, “Cemal Ağabey”! Yazıda Cemal Safinin “İmkansız” şeirinin yurdunu da tanıyırıq. Sədnik Paşa deyirdi: “Şeirin özündən yurdu şirindir!”
“Mutsuzluk: hakkı çok yenen bir kavram” yazan sayın Hatice Zeynep necə gözəl yanaşıb müasir insanın bədbəxtliyinə. Xoşbəxtliyin nisbi olduğunu anlamamaq cahillikdir-müəllifin “Mutluluk anarşisti” adlı yazısını oxuyandan sonra gəldiyim qənaət budur. Ardınca, Ayşe Şeyma Arslanın “Türk” şeirindəki xoşbəxtliyini gördüm. “Dağları əridən”, “Cahanı saran” bir qövmün mirasçısı olmağın xoşbəxtliyini yaşayır bu günün türk şairi! Belinay Demir isə hekayəsində türkün tarixində öz izini qoymuş bir qəhrəmandan-Kara Mehmet Çavuşdan yazıb. Türk Milli Mücadiləsinin adsız qəhrəmanlarına ithaf edilmiş hekayə hər şeyini geridə qoyub Vətənin hayına yüyürən igidlərin fədakarlığının ədəbiyyatda bir daha boy göstərməsidir.
Esra Söylemezin “Atarlı Aziz” hekayəsinin qəhrəmanı da adsız qəhrəmanlardandır. Amma bu dəfə biz qəhrəmanı düşmən gülləsinin qarşısında deyil, insan eqosu ilə müharibədə görürük. “Doğma”, “yad” anlayışının mənasızlaşdığı, təkcə insan olmağın bir dəyərə sahib olduğu anlar yaşanır hamımızın həyatında. Bizim missiyamızın biri, bəlkə də, birincisi o anı əlimizdən qaçırmamaqdır. Yoxsa ruhumuzda elə peşmanlıqlar tayalanar ki, içində kədərlər yuva qurar… Murat Karakoyunlunun “Halet-i Ruhiye”sində həmin peşmanlıqları oxuyuruq içimizdəki günəş qürub etmədən. Ümidimiz diri qalır: hər qürub bir dan üzünün müqəddiməsidir!
Mehmet Kütükçüoğlunun “Çivi Mustafa” hekayəsinin qəhrəmanının gözü uzağa dikilib. O qədər uzağa ki, özünü də unudub. Yaşamağın ən asanının özünü unutmaq olduğunu düşünür bəzən kimsə… Yanıldığını anlaması gecikmir… Cümləmin sonuna nə “şükür” kəlməsini qoya billəm, nə “heyif”; insan olmaqdan danışıram, konkret sərhədlər çizirəm, amma özüm də bilirəm ki, insan olmağın çərçivələri elastikdir… Bəşəriyyətin daş sütunlarından biridir: “İnsan əvvəlkidir elə!”
“Başlanğıç”: Gerçeklik üzerine… Erdem Yapan həyatın, düşüncənin ədəbiyyatda deyil, kinodakı əksindən danışır, incəsənətin bu sahəsi ilə ədəbiyyatın sərhədlərində gəzişir. Erdem Yapan o sərhəddə oxucudan gizlətdiyi daha nələri tapmışdı, bilmirəm, amma gizlədilən hansısa düşüncə olduğunu fərq etmək çətin deyil.
“Hamının ən gözəl əsəri anası haqqındadır…” Bizim dəyərli Elxan Yurdoğlunun sözüdür. “Xətir üçün…”dən sonra aldığım rəylər məni bir yazıçı kimi sevindirdi, bir övlad kimi ağlatdı. Mən hələ anamı anladacaq gözəl əsər yazmamışam, məncə… Uğur Zaferin “Sol yanımda gül saklı” şeiri də onun anasına yazdığı ən gözəl şeir deyil, məncə… Ümumiyyətlə, ananı anladacaq o ən gözəl söz dilə gəlməyib, bəlkə də… Fəlsəfəni bir tərəfə qoyuram, etiraf edirəm ki, bu şeiri ağlayaraq oxudum.
Türkistan aydını Kasım Tınıstanoğlunu Sabırbek Börübayın yazısında tanıyırıq. Bir daha anladım: “Öz xalqının dərdi ilə dərdlənən aydınların işığı zamanın bağrını yarmağa qadirdir!” Dərddən qorxmaq bəşərin ən asan etdiyi seçimdir, düzdür, amma dərd yükünü kürəyinə alan, onu mənzil başına çatdıranlardır düz dünyanın düz vaxtını xatırlayanlar, bu haqda danışanlar, yazanlar… Məncə, Tuba Özkanlı elə buna görə ürəklə, çəkinmədən “Endişe sermayedir” deyir.
Amma şairin gözünə “Şimdiki zamanın penceresinden” hər şey fərqli görünür: insan yaşadığı anların cəmindən ibarət olanı yığır, üstünə adını yazır: “Yaşadıqlarım…” İnsan nə yaşasa, onunla vardır. Nurşah Talay ən sadə sözlərlə insanın həmişə olduğu yeri/heç vaxt olmadığı yeri anladıb:
Ne ilerdeyim ne geride
Tam ortada andayım
Ne geçmişteyim ne gelecekte
Anı yaşarım
Hayatım orda benim
Yağmur Filiz Şahin “Özüm atasözüm” yazısında qeyd edir ki, “Atasözleri, toplumların en değerli kültürel parçalarıdır”. Mənim böyüdüyüm atalar sözləri və göyçəli məsəlləri isə mənimçün təcrübələrin deyil, düşüncələrin nəticələridir. Çünki təcrübə sübut edir ki, atalar sözləri reallığın fövqünə qalxa bilir, yaxud tam tərsinə, reallığın hökmranlığı altında əzilir. Semiha Arasboranın şeirində biz həmin o hökmran reallığın bircə küncünü görürük. “Ben köylü kızıyım, Anadoluyum” adlı şeirdə ən sevdiyim misralar bunlar oldu: “Bir tebessüm ile kalmaz kederim,Ben köylü kızıyım, Anadolu’yum”. Hə, insan bəzən budur-kədəri olduğu kimi-müvəqqəti yaşayan. Hatice Zingi isə “İnsan kimdir?” adlı yazısında insan olmağı tamam başqa cığırların kəsişmə nöqtələrində anladır. Onun fikrincə, Tanrının sözləri sayılan bütün qudsal kəlamlar “Yaradanın insana öz gerçəyini xatırlatmaq cəhdidir”. Lakin müəllif bu cəhdin uğurlu olub-olmadığı barədə bizə ipucu vermir. Düz də edir! Həqiqət individualdır!
Kenan Karanın “Gülcihan” şeirində ayrılıq var. Lirik qəhrəman ayrılığın səbəbini axtararkən ilkinlikdən sıyrılıb çıxa bilmir: günahkar seviləndir... Ya əgər o da sevirsə? Milyon illərdir ki, ayrılığın günahkarı odur, sənsən, mənəm. Və elə o vaxtdan bəri də, hamımız günahsızıq... Özümüzə yaratdığımız kədəri də, özümüzə tapdığımız kiçik sevincləri də seyr edən bircə tamaşaçımız olur həmişə-dövran. Ona görədir ki, hamımızın pəncərəsində “qandan bir hırka var”.
Ömer Kayanın “Sarışın kurda ağıt” şeiri haqqında fikir bildirməyə cürət etmədim. Ruhum bu şeir qarşısında sayğı duruşunda:
Sarı yağız bir deli kurdu andırırdı gözleri
Ömrü bir destan, yüreği bir kor, sözü ateşti
Şimdi mıh gibi aklımda tutuyorum ettiği sözleri
Ağıtlara sığmazdı ya... bir tabuta sığdı gitti
Ayakta tutan bizi kavgası, derdi ve ülküsü
Kabına dar gelen adam kırklara karıştı gitti
Şimdi dudağımda yarım kalan bir Bozdoğan türküsü
Aydın'ım kurt nefesli ordularla yarıştı gitti
Semiha Dede “Yeşim taşı efsanesi” (bir kitap eleştirisi)adlı yazısında dünya ədəbiyyatındakı ümumi problemdən-uşaq ədəbiyyatının yetəri səviyyədə olmadığından danışır. Uşağına oxumağa milli ədəbiyyat nümunəsi tapmayan valideyn məcbur qalır, xarici müəlliflərin kitablarını alır. Nəticə etibarilə, uşaq öz milli-mənəvi dəyərlərindən, mənsub olduğu xalqın təfəkküründən qopur, uzaqlaşır. Yerli yazarların da eləsi var ki, xarici ünsürləri əsərinəqatmaqla, müasir üslubda yazıb-yaratdığını düşünür. Və belə bir vaxtda Semiha Dede Ömer Ünalın “Yeşim taşı efsanesi” kitabına rast gəlib. “Türk tarixi dastanlarındakı real qəhrəmanların bolluğu”ndan istifadə etməyi həmkarlarına tövsiyə edən müəllif ümidlidir ki, Ömer Ünal kimi yazarların sayəsində “uşaqlar doğma torpaqlarla bağlarını itirməyəcəklər”.
Yusuf Alper Oyar “Malihuyla dönemeçleri” adlı şeirində qəribə bir hikmətə söykənir: “İnsan insanın ihanetidir”. “Dönemeç sonsuzluğuna tutukluydu hayat...” deyən şairin ümidsizliyin qoynunda çiçək açdırmağını umur oxucu. Təəssüf ki, tapmır… Yolu bu dəfə də Aslı Elif Demirin “Girdap”ına düşür oxucunun. Ümid olmasa da, tərəddüd var burada-ümidsizlik uçurumunun başında durub ayağımızı yerdən qaldırmadan öncə bu tərəddüd bəs edir bəzən geriyə dönməyə: “Vefa(sızlık), Parçalar durursun içimi!” Tərəddüdlər həmişə həqiqətə doğru gedən yolun səmt ağacıdır!
“Müəllim çörək yemir”…İndiki uşaqları bilmirəm, amma biz birinci sinfə gedəndə belə bilirdik. Geriyə dönüb baxanda ömrümüzdən keçən müəllimlərin hansının əsl, hansının qəlp olduğunu yaxşıca seçə bilirik. Çox istəyərdim ki, mənim xatirəmdə qəlp izlər qoyanlar da nə vaxtsa Sümeyra Karaca kimi özlərini sorğulayaydılar: “Ben öğretmen olamadım…” Cümlənin sonuna sual qoymaq şansı da tanıyardım o qəlp müəllimlərə.
Tuncay Çalışkanın “Günebakanların arasından” adlı yazısı isə səmimiyyətin əslidir. Ukraynada yaşayan türklərə baş çəkən Tuncay Çalışkan yazır: “Kırım’da su aynı, su tadı başka, gece aynı, serinliği başka, güneş aynı, sıcağı başka, kavun aynı, lezzeti başka, evler aynı, pencereleri başka, yollar aynı, yürüyeni başka, çocuklar aynı, giyimleri başka, ezan aynı, avazı başka; iyilik aynı, muhabbet aynı- hepsi aynı, bakışlar da, gözdeki yaş da, akıl taşıyan baş da, duvardaki damgalı taş da-her şey Türkiye ile aynı”.
“Neşter” şeirində Ülkücan Sütbaşın lirik qəhrəmanı üsyankardır. Yaşama, dövrə, ətrafdakı insanlara-hər şeyə üsyan edən qəhrəman özünə təsılli yeri axtarmır. Bunu şairin ədəbi manevri kimi dəyərləndirdim. Təsəlli yerini oxucu özü öz həyatında tapsın, şeiri hansı ahəngdə istəsə, o cür də oxusun… Mustafa Türk isə “Adamın biri” şeirində ən böyük təsəllinin Yaradan olduğunu söyləyir.
Vedat Oyuklunun “Kaybedilen yitik” və Muhammed Burak Tunayın “Yorgun emekçiler” şeirləri həyat otağımın divarındakı tabloların bədii təsviridir. Məncə, çox adam bu iki şeirdə özünü tapacaq. “Hamı” demədim, bu tabloları görməyənlər də var. Və bu görməməzlik həmin tabloların reallığını yox etmir.
…Beləcə, gəlib çatdım bir payız “Ulduz”unun sonuna. Yarpaqların sarının saysız çalarına bürünməyini gözləyirdim, leysan qoymadı. Dumanında azdığım bir payız günündə “Ulduz”un üz qapağına baxa-baxa oxuduğum yazılardan neçəsinin məni ağlatdığını saymağa çalışıram. Sonra da düşünürəm: ağlamağa vaxt yoxdur, məni “Azalyanın kitabı” və “Afayət muzeyi” gözləyir. Bu şeirin haradan, niyə gəldiyini isə özüm də bilmədim…
Bu payız sarı gəlmədi...
Geyindiyi boz nimtənə
Naxış həsrətinə yenik...
Arzu yolum heç bitmədi,
Sözləri qoydum nimçəmə,
Dolanıram gədik-gədik...
İtdi yarpaq arasında
Dünənimin ayaq izi,
Sabahıma nə aparım?!
Hörümçəyin sarısında
Axtarıram bu payızı,
Özümü kimdən qoparım?!
Şeirlərim mesaj olur,
Mesajlarım dərd yanğısı...
Görən soruşar: "Dəlisən?"
Ağlamağım yasaq olur...
Güzgüdə də sükunətdir,
Tapılmır üzümə deyən:
... Ağla, qoy gözün ağrısın,
Ağlamağın şeiriyyətdir,
Sən axı Şəfa Vəlisən!
“Ədəbiyyat və incəsənət”
(27.09.2024)
“Değişmeyen tek şey” - Erdem Ayık
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində Türkiyənin “Genç Yürekler” jurnalının təqdim etdiyi 51 türk müəllif inin yazıları yer alır. Türkiyə türkcəsində yayılan əsərlərin əsas qayəsi budur: “Dildə, fikirdə, işdə birlik!”.
“Değişmeyen tek şey”
Erdem Ayık
En sevdiğim rengin hangisi olduğunu ancak yirmi üç yaşıma gelince anlayabildim ve kulağıma en hoş hangi sesin geldiğini. Ne tarz şarkılar bana hitap ediyor ve ya hangi filmleri izlediğimde bir şeyler uyanıyor içimde. Tüm bu olanlara yeniden bir tanım verebilmek zor, sadece “kendimi tanıyorum” diyerek geçiştirebiliyorum.
Hayatımızın her bir anını kendimize bir şeyler katarak geçiririz. Bu eylemi farkında olmadan gerçekleştiririz. Davranışlarımıza, duygularımıza, hislerimize bunları dahil edip güneşin her doğuşuyla başlayan yeni günlerimizde yaşatırız. Tamamen yaşantımıza entegre olan bu şeyler, zamanla ilk yaptığımız anlardaki anlamını yitirmeye başlar ve artık günlük yaşantımızın sıradan bir durumu olarak kalır. Sanki bir kitabın hep aynı sayfasını okumak gibi. Verdiği bir haz, bir mana kalmaz artık. Alışkanlıktan öteye bir şey değildir. Öyle bir hayatı yaşamaya başlamış, o sıradanlığa erişmiştim. Kitabı okumak için okuyor, filmi izlemek için izliyordum. Balkona oturup izlediğim gökyüzü hep orda olduğu için bir anlam ifade etmiyordu artık. Düşünceler ve hayaller yarından ötesine geçme gereksinimi duymuyor, yeni aktiviteler edinmek çekici gelmiyor ve hep olmaktan korktuğum insan olmaya başlıyordum. Kendime yabancılaşıyor, tanımak için ise bir adım bile atmıyordum. Bir hevessizlik almış beni yanına, kol-kola yürüyorduk.
Ve yeniden doğdum, hissettim…
Gün oldu, yaşamak istemediğim, ama değiştirmek için de mücadele etmediğim bu hayat akışıma yeniden bir canlanış geldi. “Yeniden doğmak”, “yeniden hayat bulmak” deyimini kendi içerimde yaşadım. Daha anlamlı geliyor yağmurların yağışı ve ıslattığı kaldırımlar, daha da haz veriyor bir kitap ve yahut şiir okumak. Yeni alışkanlıklar edinmek, güneşin her doğuşunda yeni bir günün başladığını kavrayabilmek. Esen rüzgarı hissetmek, gökyüzünün derinliğinde kaybolmak. Taze bir sürgün, bir fidan gibi yeşermek yeniden. Köklerime sıkı-sıkıya sarılıp hayatın her bir anını doyasıya, her şeyin anlamlarını hissederek yaşayabilmek…
Kendimi yeniden tanımaya başlamanın, o değişmez hayatın değişiminin engin mutluluğu içerisinde yaşamaya devam ediyorum. Bazen bir şeylerin değişmesini beklemenin manası kendimizi değişmez hale getirmekten başka bir şey değildir. Güzelliklerin ve en güzel hayallerin olduğu yer içimizdir. İçimize dokunan, hislerimizi hareket ettiren her olay, aslında yaşamak istediğimiz dünyayı oluşturmada bizleri adım atmaya yönlendiren olaylardır. Yeter ki, etrafımızda olan her şeyin manasının farkına varalım. Bir kuşun kanat çırpışında, bir gazelin ağaçtan kopup toprağa düşüşünde, bir kedinin miyavlamasında, bir şiirin mısralarında, bir kitabın sayfalarının arasında-her an her yerde bu hisleri yakalayabilmeliyiz.
Unutmamalıyız ki, değişim kendimizde başlar. Ve değişmemesi gereken tek şey, değişimin kendisi olmalı.
“Ədəbiyyat və incəsənət”
(27.09.2024)
ŞƏHİDLƏR XİYABANININ İLK “SAKİNİ”
İmran Verdiyev, Şəhidin müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi, “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Həyatda elə igidliklər var ki, onu səssiz qəhrəmanlıq da adlandırmaq olar. Bu qəhrəmanlıqları göstərən oğullar heç zaman düşünmürlər ki, onlar qəhrəmandırlar. Düşünürlər ki, öz borclarını yerinə yetirirlər.
Bu qəhrəmanlar heç vaxt sinələrinə döymürlər ki, mən qəhrəmanam. Onlar heç bir mükafat ummurlar. Zaman özü verir onların qiymətini və özlərindən xəbərsiz yazılırlar mənsub olduqları xalqın yaddaşına, tarixinə. Bu da əbədiyaşarlıq deməkdir. Yalnız mərd, xalqını və Vətənini böyük məhəbbətlə sevən qartal timsallı insanlar yüksələ bilərlər bu uca zirvəyə. Belə ömür şərəflidir, əbədidir. Həyatda şücaətlər göstərən, Vətən naminə çarpışan qəhrəmanların adı xatirələrdə yaşayır, onların şərəfinə abidələr ucaldılır, əməlləri barədə şeirlər yazılır, mahnılar, dastanlar qoşulur.
Belə qəhrəmanlardan biri də Babayev Tale Bəyənulla oğludur. O, 1964-cü ildə Oğuz (keçmiş Vartaşen) rayonunun Yaqubluda anadan olmuşdu. Ağdərənin və Güllüdağın gül ətirli və saf havasını uda-uda, mayası halallıqdan yoğrulmuş bir ailədə böyümüşdü. Kiçik yaşlarından atasını itirmişdi.
Kənddəki orta məktəbinin VIII sinfini bitirəndən sonra ehtiyac üzündən təhsilini qiyabi formada davam etdirməklə “Azərbaycan” sovxozunda işə girmişdi. Bir neçə il heyvandarlıq sahəsində çalışmışdır.
1984 – 1986-cı illərdə Qazaxıstanın Semipalatinsk şəhərində həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətini başa vurandan sonra bir neçə il Rusiyanın müxtəlif şəhərlərində yaşamış və işləmişdi.
1991-ci ildə doğma kəndi Yaqubluya qayıtmışdı. 1992-ci ilin mart ayında könüllü olaraq qardaşı Tehranla birlikdə cəbhəyə yola düşmüşdü. Onların rotası Şuşa rayonunun Kosalar kəndini müdafiə edirdi.
1992-ci ilin mart ayının 29-da səhər tezdən rotaya düşmən hücumunu qabaqlamaq üçün hücuma keçmək əmri verildi. Müxtəlif istiqamətlərdən hücum başladı.
Həmin qanlı döyüşün iştirakçılarından A.Əliyev deyir: “Döyüşdən bir gün əvvəl Talenin dişi ağrıyırdı. Onu müalicə üçün Şuşaya göndərmişdilər. Lakin Tale Şuşada bir gün qalıb geri qayıtdı. Mən ona bir neçə günlüyə icazə alıb ailəsinə baş çəkməsini təklif etdim. Lakin o dedi ki, mən sizi burda – düşmən qarşısında qoyub gedə bilmərəm. Əməliyyata hazırlıq günü diş ağrısından sifəti şiştiyi üçün komandir onu döyüşdən azad etmək istədi. Lakin Tale and içdi ki, özünü lap yaxşı hiss edir. O, bizim ən cəsur və qorxmaz döyüşçülərimizdən idi. Ürəyində böyük Vətən sevgisi, düşmənə dərin nifrət vardı. Düşmənlə döyüşü səbrsizliklə gözləyirdi...”
Qardaşı Tehranın söylədiklərindən: “Biz Kosalar kəndini müdafiə edirdik. Kəndin ətrafındakı postların birində mövqe tutmuşduq. Təxminən 80 nəfərlik canlı qüvvəmiz vardı. Düşmənin hücumunu qabaqlamaq üçün 1992-ci ilin mart ayının 29-da səhər tezdən döyüşə başladıq.
Müxtəlif istiqamətlərdən hücum başladı. Bir neçə düşmən postunu darmadağın etdik. Ermənilər məcbur olub yaxınlıqdakı qayalıqlara çəkildilər. Atəş altında qaldığımıza görə qayalıqlara qalxa bilmirdik. Mən qardaşım Taledən ayrı düşmüşdüm.
Atəş altından çıxmaq üçün bir qədər geri çəkildik. Bu zaman qardaşımın qəhrəmancasına həlak olduğunu bildim. Düşmənlər onun meyitini götürməyə imkan vermir, aramsız atəş açırdılar. Silah yoldaşlarım Tofiq, Namiq və İlhamın köməyi ilə qardaşımın cəsədini döyüş meydanınından çıxara bildik. Artıq günorta idi. Döyüş isə davam edirdi. Biz qələbə çalmaq üzrə idik...”.
Bu Talenin son düyüşü oldu. O, Vətən uğrunda öz canını qurban verdi. Allah dərgahına – şəhidlik zirvəsinə ucaldı.
Tale Oğuz şəhərindəki “Şəhidlər xiyabanı”ndadəfn olunmuş ilk şəhiddir. Bu gün isə onun “qonşularının” sayı 109-u keçib. Onların bu torpaqda uyumağa hamıdan çox haqları vardır. Olməz qəhrəmanlarımızın dəfn olunduğu şəhidlər xiyabanı indi bütün oğuzluların müqəddəs ziyrətgahı və and yeridir.
Azərbaycan Respublikası Nazirlər Kabineartinin 13 dekabr 1993-cü il tarixli 606 saylı qərarı ilə T.Babayevin adı təhsil aldığı Yaqublu kənd tam orta məkəbinə verilmişdir. Məktəbdə şəhid T.Babayev şərəfinə xatirə abidəsi düzəldilmiş və xüsusi guşə hazırlanmışdır.
Məktəbin şagirdləri tez-tez xatirə abidəsinin önünə tər gül dəstələri qoyaraq qəhrəmanın xatirəsini əbədi yaşadacaqlarına və Vətəni onun kimi sevəcəklərinə and içirlər.
“Ədəbiyyat və incəsənət”
(27.09.2024)
27 SENTYABR- ANIM GÜNÜ
Aygün Bayramlı, “Ədəbiyyat və incəsənət”, Beyləqan təmsilçisi
Bəli, bu gün tarixin ən fəxarətli günüdür. Dədə-baba yurdumuzun, əbədi-əzəli torpaqlarımızın qəhrəman əsgərlərimizin canı, şəhidlərimizin qanı bahasına işğaldan azad edilməsinin başlandığı gündür.
Bu gün o gündür ki, hamımız bir olmuşuq, birləşib dəmir yumruğa dönmüşük. Bu gün yaşımızı, vəzifəmizi, statusumuzu - hər şeyi bir kənara qoyub, xalq olmuşuq, hərəmiz bir şəhərdən, bir kənddən olsaq da, hamımız Qarabağın parçasına dönmüşük. Şairin də dediyi kimi, bir ovuc artan vətən torpağı üçün canımızı, qanımızı fəda etməyə hazır olmuşuq, çünki vətən daşı olmayandan olmur ölkə vətəndaşı...
Və bu gün həmin gündür, Şanlı Zəfər tarixinə gedən yolun başlandığı gün. Əlbəttə, tarixən belə olub, müharibə itkisiz, qansız-qadasız ötüşməyib, göz yaşı, ağrı-acı, ayrılıqlar gətirib.
Artıq illərdir bizə əzab verən bu hisslər şərəfli duyğularla əvəz olunub. "Torpaq uğrunda ölən varsa vətəndir".
Vətənin qeyrətli, mübariz oğulları 30 ilin ləkəsini 44 gün ərzində xalqımızın alnından təmizlədi, torpaqlarımızın işğalına son qoydu. Haqq da, ədalət də, güc də, bizim tərəfdə idi. Biz bu müqəddəs günə öz əməyimiz, öz iradəmiz, öz gücümüz, sədaqətimizlə, inamımızla yaxınlaşdıq, bu qələbəni milli ruhla bərabər qəhrəmanlıq və peşəkarlıq hesabına əldə etdik.
Şanlı Zəfər tarixinin yazılmasında əvvəlki savaşlarda olduğu kimi Beyləqan şəhidlərinin də payı danılmazdır. Beyləqan rayonu Birinci Qarabağ müharibəsində 214, Aprel döyüşlərində 4, İkinci Qarabağ müharibəsində 141 və 19-20 sentyabr antiterror əməliyyatları zamanı 6 şəhid verib. Bəli, qəhrəman oğullarımız mənfur düşmənin belini qırdılar, onları döyüş meydanında məhv edərək tarixi missiyasını yerinə yetirdilər.
Azadlıq, Vətən, Torpaq uğrunda canından keçən şəhidlərimizə Uca Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik.
Adını tarixə yazdığınız bu xalq Sizinlə qürur duyur, Vətən oğulları!
“Ədəbiyyat və incəsənət”
(27.09.2024)
Güney Azərbaycan Poeziyası Antologiyasında Əli Cavadpurun “Sərhəddə bitən ağac” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Təbrizdə yaşayıb yaradan Əli Cavadpurun şeirlərini təqdim edir.
Əli Cavadpur
Təbriz
SƏRHƏDDƏ BİTƏN AĞAC...
Sərhəddə bitən ağac,
Sən hansı ölkəninsən?
Astanada duran dost,
Nədir səni incidən?
Bağda dar ağacları,
Ucalır yerdən-göyə.
Boyumuz da çatmadı,
Ordan çiçək dərməyə!
Bura ki, qar yağırdı,
Ora gün hardan çıxdı!?
Biz harda durmuşuq ki,
Göy quru, yer palçıqdı!
Dağın qaşında duran -
Ay qaraltı, ay adam;
Günəşmi batır bəlkə
Mən belə sayıqlıram!
“Ədəbiyyat və incəsənət”
(27.09.2024)
Şəhidlər barədə şeirlər - Rəhim Hüseynov
“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.
Şəhid Rəhim Hüseynov
Rəhim Hüseynov 1984-cü il iyulun 1-də Zərdab rayonunda anadan olub. 1998-2001-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb.2001-2005-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb.2005-2006-cı illərdə Silahlı qüvvələrin təlim və tədris mərkəzində təhsil alıb.
İngilis, rus, erməni dillərini mükəmməl bilirdi.
Ailəli idi. 3 övladı yadigar qaldı.
Şəhid mayor Rəhim Hüseynov Azərbaycan Silahlı Qüvvələrinin tərkibində NATO-ya bəyan edilmiş və dəfələrlə götürdüyü öhdəliyi müvəffəqiyyətlə yerinə yetirmiş Əməliyyat İmkanları Konsepsiyası (OCC Bn) taborunun komandiri idi.
Şəhid mayor Rəhim Hüseynov 2020-ci ildə NATO-nun Əfqanıstan İslam Respublikasında Qətiyyətli Dəstək- qeyri-döyüş missiyasında Azərbaycan sülhməramlı kontingentinin və eyni zamanda Həmid Karzai Beynəlxalq Hava Limanının (HKIA) Qüvvə Qorunması taborunun komandiri vəzifəsində “NATO Meritorious Service” medalı (NATO-nun ləyaqətli xidmət medalı) ilə təltif olunan ilk və tək azərbaycanlı zabitdir.
Şəhid mayor Rəhim Hüseynov xidmət müddəti ərzində NATO təlimləri və kursları çərçivəsində dünyanın müxtəlif ölkələrində Azərbacan Silahlı Qüvvələrini layiqli şəkildə təmsil etmiş, Azərbaycan bayrağını şərəflə daşımışdır.
Azərbaycan Ordusunun mayoru olan Rəhim Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlər də iştirak etmişdir.Rəhim Hüseynov oktyabrın 20-də Qubadlı döyüşləri zamanı şəhid olub. II Fəxri xiyabanda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəhim Hüseynov ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəhim Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəhim Hüseynov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəhim Hüseynov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Sən bizim zəfərimiz,
Qələbə sevincimiz.
Vətənin dar günündə,
Səngərdə birincimiz.
Tanrı sənə yazıbdır,
Şəhid taleyi, bəxti.
Sənin ayaqlarınla,
Vətən ayağa qalxdı.
Qalxdı üzərimizdən,
Otuz illik qəm dağı.
Sizlər geri aldınız,
O cənnət Qarabağı.
Etdiniz igidliyi,
Vətən mənası boyda.
Tarixə yazıldınız,
Şuşa qalası boyda.
Sizinlə fəxr edirik,
Ey ər şəhidlərimiz,
Qalib şəhidlərimiz,
Zəfər şəhidlərimiz.
“Ədəbiyyat və incəsənət”
(27.09.2024)