Super User

Super User

Понедельник, 16 Декабрь 2024 16:33

Aysel Fikrətin ən sevdiyi şeir Vaqif Bayatlı Odərdəndir

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Şeirlər şairin ruhunun sözlərə damla- damla köçməsidir.

Hər misra hissləri oyandıran bir gücə malikdir.

Rubrikamızın bugünkü qonağının da poeziya olan sevgisi sonsuzdur.

Bəli, bugünkü qonağımız:

"Əlində əriyən qar dənəsidir,

Bilmədən ömrünə gələn sevgilər.

Qatarın ardıyca qaçıb yıxılsan,

Sənə gendən baxıb, gülən sevgilər." -- söyləyən Aysel xanım Fikrətdir.

 

-Xoş gördük, əziz Aysel xanım. Artıq məlumdur ki, Ədəbiyyata, İncəsənətə bağlı olan Aysel xanımın bu sevgisi tükənməzdir. Elə bu an üçün ona söyləsək ki, " Sevdiyin şeiri gəl mənə söylə", Aysel xanım bizə hansı şairin yaradıcılığından şeir söyləyər?

 

-Sevdiyim şairlər çoxdur; Ramiz Rövşən, İsa İsmayılzadə, Vaqif Bayatlı, Vaqif Səmədoğlu, Əli Kərim, atam- Fikrət Sadıq, Nazim Hikmət, Musa Yaqub, Məmməd Araz, Cabir Novruz və digərləri, uşaqlıqdan onların şeirləri ilə böyümüşəm, həyatı anlamışam.

Onun üçün də rubrikanızın şərtinə görə bir şairi seçməkdə çətinlik çəkdim, xatirimdə gözəl şeirlər çoxdur, amma elə bu an üçün, ovqata görə Vaqif Bayatlı Odərdən bir şeir söyləyəcəyəm.

 

Mən zalım adamam, kamança. 

 

Qardaşım ağaclar, bacım çiçəklər,

Bir də söz tutdu sizi,

Söz tutdu, sevda qurutdu,

Üz tutub yüyürməyin mənə sarı,

Bağlanıb gözümün

Yaş qapaqları.

 

Dünyanın bəla qapıları

Qala qapıları, daş qapıları,

Yetim qapıları, boş qapıları

Bağlanıb könlümə, bağlanıb

Bağlanıb gözümün yaş qapaqları

Mən söz bəlasıyam,

Zalım tifilli.

 

Sürüşüb alnımdam Tanrının əli

Daha sən də

Sən də ağladammazsan məni

Mən zalım adamam, kamança.

 

Yenə deyirəm, şeir içində böyümüşəm. Şeir mənim çörəyim, suyum olub. Ayrı dünyanın adamı olduğumdan bu dünyaya heç sığmadım, birtəhər sürünüb keçirəm bu dünyadan, ən çətin ən dözülməz anımda da dadıma çatan yenə şeir olur. Dünyada ən az inanılan şairlər olur deyirlər. 

"Aldanma ki, şair sözü əlbəttə yalandır" - Füzuli deyib. 

Hərçənd bunu deyirlər, mən şair övladıyam mənim inandığım yer də şeirdi və müqəddəs şairlərdi .

Nə qədər sağam, bu belə də olacaq.

Sizə bu rubrikanı yaratdığınız üçün minnətdaram. Dəvət üçün də təşəkkür edirəm.

 

“Ədəbiyyat və incəsənət”

(16.12.2024)

Понедельник, 16 Декабрь 2024 16:06

“Xəmsə”nin “Xəzinə”si Gəncədə nümayiş olunub

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət”

 

 

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Sumqayıt Dövlət Dram Teatrı dahi Nizami Gəncəvi fəlsəfəsindən bəhs edən "Xəzinə" tamaşası ilə ulu şairin yurdunda- Gəncədə qastrol səfərində olub.

 

Yazıçı-dramaturq Hafiz Ataxanlının qələmə aldığı, baş rejissor, Xalq artisti Firudin Məhərrəmovun quruluş verdiyi iki hissəli pritça baş rəssam Elşən Sərxanoğlunun bədii həlli ilə Nizami konseptini- bəşəri problemləri, yaradılışın sosial- fəlsəfi mahiyyətini, irfani düşüncəni özündə ehtiva edir. 

Şairin beş əsəri də pritçada istifadə edilib. Tamaşa boyu zəka ilə daş-qaş mübarizəsi verilir.

Tamaşanın musiqi tərtibatçısı Telman  Qəniyev, icraçı rəssam Nizami Dadaşovdur. 

Gəncə tamaşaçıları "Xəzinə"ni alqışlarla qarşılayıb.

 

“Ədəbiyyat və incəsənət”

(16.12.2024)

Понедельник, 16 Декабрь 2024 15:28

POETİK LÖVHƏLƏR, Ramiz Qusarçaylı, “Qar”

Yurdumuza qış gəlib. Bu şənbə hər yan ağappaq örpəyə büründü. Eləcə də cənnətməkan Qubanıza qar yağdı. Ustad şair Ramiz Qusarçaylı da dərhal qara bir gözəlləmə həsr etdi.

“Ədəbiyyat və incəsənət” portalı “Qar” şeirini sizlərə təqdim edir. 

 

Qar

 

Yağır, yaman yağır Qubanın qarı,

Yenə Təngə qardı,

Afurca qardı.

Üzür dağ kəndini qışın qübarı

Tox toxa söylənir, ac  aca, - qardı.

 

Qar qovur küləyi o dağ, bu dağda,

Sovrulur, səslənir dərə tabaqda,

Beləcə yağırdı min il qabaq da

Bu qar köhnə qardı,

çox qoca qardı...

 

Zirvədən asılıb soyuyur bulud,

Unut soyuqluğu buludum, unut...

Bir evdə od yanır,

bir evdə sükut 

Bir baca tüstüdü,

bir baca qardı.

 

Qar düşüb ovçunun tələsinə də,

Qar qonub tüfəngin lüləsinə də,

Qar yağır gecənin şöləsinə də

Bu qar sirli qardı, tapmaca qardı.

 

Boyundan boy verir boyların üstə,

Oynayır sıldırım layların üstə,

Uzanıb ən uzun çayların üstə,-

Adına gəlincə,- bir heca, Qardı...

 

“Ədəbiyyat və incəsənət”

(16.12.2024)

Понедельник, 16 Декабрь 2024 15:00

Yazarlar 2024-cü ili necə uğurlayırlar? - III yazı

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” 

 

Təqvimlə üz-üzə dayanıb dərləşdiyimiz çox olur.  Düşünürük ki, hər təqvim vərəqində bizdən nəsə var... Eləcə də, düşündüyümüzə, etdiyimizə hər keçən gün özündən nəsə qatır.  

 

Bəlkə də, insanın günləri adlandırmağı, təqvim yaratmağı onun ehtiyacından çox, xəyalı idi. Xəyallar ehtiyacdan doğulmur, insanın yaşamaq ehtiyacının özüdür. Xəyallarından sabaha saxlamayan insan elə həmin gecə ölür…

Bəlkə də, ilin son ayında ili dəyərləndirmək ehtiyacım gələn ilə saxladığım ümidlərimin cücərmə ehtimalını artırmaqdır mənimçün.   Qələm dostlarımla 2024-cü ilin yazılarımızın içindən necə keçib getdiyini müzakirə etdik. Üz tutduğum ilk qapı Ustad Əkbər Qoşalı idi, son qapı da “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəsdir. Dediyinə görə, 2024-cü ili də ürəklə “yaşadım” dediyi illər siyahısına salıb: 

 

“Maraqlı il oldu 2024-cü il... Bir an kimi keçib getdi. Ümumiyyətlə, bir yaşdan sonra insana elə gəlir ki, ömür atlanıb, harasa naməlum sona doğru çapır. Çapağan atı da zamandır. Bu ilin əvvəli yaradıcılığım üçün düşərli oldu. Bakı Slavyan Universitetinin dosenti, filoloq Kəmalə Umudova   yaradıcılığıma həsr etdiyi “Adı soyadını eşidən şair - Qulu Ağsəs” adlı kitab yazdı. Kitab "Azərbaycan Kitab, Maarif və Poliqrafçılar" İctimai Birliyinin "Ədəbiyyatşünaslığa dəstək” layihəsi çərçivəsində nəşr edildi. Kitabın məqsədi mənim şeirlərimdəki estetikanın, bədii dillə ifadə edilən aksioloji dəyərlər sisteminin anlaşılması, təhlili, şeirlərimin bədii strukturunun və ideyasının (məzmununun) böyük ədəbiyyatla vəhdətləşməsinin önə çəkilməsidir. Keçən aylar göstərdi ki, kitab məqsədinə çatdı. Bir çox söz adamları, sözə dəyər verənlər kitab haqqında yüksək fikirlər söylədilər. Geniş oxucu kütləsinə - filoloqlara, jurnalistlərə, ali və orta təhsil müəssisələri müəllimlərinə, tələbələrə, doktorantlara və Azərbaycan ədəbiyyatı, mədəniyyəti ilə maraqlananlara ünvanlanan kitabın redaktoru sevimli uşaq yazarımız Sevinc Nuruqızı, rəyçiləri filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli və filologiya elmləri doktoru, professor Leyla İmaməliyevadır. Üz qabığındakı portretin müəllifi “Ulduz”un rəssamı, əsl sənət fədaisi Ədalət Həsəndir. 

Yaradıcılığımla bağlı ikinci kitabın müəllifi  şair- publisist, AYB və AJB- nin üzvü Təranə Dəmirdir. “Mücrü” nəşriyyatında nəşr olunan kitab “Üşüyəndə özünü yandıran şair” adlanır. 7 məqalədən ibarət olan kitabın naşiri Müşfiq Xan, ön sözünün müəllifi və redaktoru AYB və AJB- nin üzvü Nəzirməmməd Zöhrablıdır. Öz həmkarımın bu cür kitab yazmağı, əlbəttə, əlamətdar hadisədir. 

Qısa vaxt ərzində yaradıcılığım haqqında həm bir alimin, həm də bir yazıçının kitab yazmasını yüksək qiymətləndirirəm. Qeyd etməliyəm ki, bu kitablar qətiyyən bir-birinə bənzəmir. Kəmalə Umudova yaradıcılığımı elmi cəhətdən təhlil edib, Təranə Dəmir isə poetik cəhətdən. 

2024-cü ildə  uzun-uzun düşüncələrdən sonra, nəhayət, yeni şeir kitabımın nəşrinə qərar verdim. “Görsən üşüyürsən...” adlı kitabımda həm əvvəl yazmış olduğum, heç bir yerdə çap olunmayan, həm də son illərdə yazdığım şeirlər yer aldı. Kitabın nəşrə hazırlanmasında redaktorum Günay Səma Şirvan və gənc dostum, məni şeir kitabı çıxarmağa, bir növ, təşviq edən Süleyman Muradlı çox kömək etdi. Naşir Tural Axundova da nəfis tərtibat üçün mütəşəkkirəm. 

Bu kitabların üçü də yaz fəslində işıq üzü görüb. Beləcə, deyə bilərəm ki, bu 3 kitab 2024-cü ili mənim yaradıcılığımçün bir fəslə-yaz fəslinə çevirdi. 

Redaktoru olduğum “Ulduz” jurnalı üçün də 2024-cü il dopdolu keçdi. “Ulduz” jurnalının Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə (İSİM)  əməkdaşlığı çərçivəsində keçirilən hekayə müsabiqəsi uğurla başa çatdı. “Məişət zorakılığına YOX deyək!” adlı müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi də elə yaz fəslində baş tutdu.  Hazırda “Ulduz” və İSİM növbəti müsabiqəni-“Narkomaniyaya YOX deyək!” adlı müsabiqəni həyata keçirir. Qaliblərin adı yaxında açıqlanacaq. 

Eyni zamanda, “Ulduz” jurnalının Azərbaycan Ədəbiyyat Fondu ilə birgə təşkilatçılığı ilə Xalq yazıçısı Anarın 85 illik yubileyinə həsr edilmiş hekayə müsabiqəsi, Xalq şairi Vaqif Səmədoğlunun 85 illik yubileyinə həsr edilmiş poeziya müsabiqəsi də uğurla  keçirildi.  Hər iki müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi də ədəbi hadisə kimi yadda qaldı. 

“Ulduz”un keçən ilin sonları-bu ilin əvvəlində oxuculara təqdim etdiyi xüsusi nömrələr də ədəbi hadisə dəyərindədir.  “Yeni nəsil: proza”, “Yeni nəsil: poeziya”, “Yeni nəsil:tənqid” buraxılışları ədəbiyyatşünaslığımıza da töhfədir.   Jurnalın Qərbi Azərbaycana həsr olunmuş xüsusi nömrəsi Naxçıvanda keçirilən “Qərbi Azərbaycana qayıdış” festival-konqres çərçivəsində təqdim olundu. 

2024-cü ildə “Ulduz” jurnalının imza atdığı bir ilk də oldu. Sentyabr sayını bütövlükdə Qardaş Türkiyə ədəbiyyatına həsr etdik. Və bunu olduqca orijinal şəkildə etdik: “Genç Yürekler” dərgisinin bir sayını bütövlükdə “Ulduz”da nəşr etdik. İlin sonunadək  “Ulduz”un bir nömrəsi də Ankarada –“Genç Yürekler” dərgisində işıq üzü görəcək. Bu, ortaq ədəbiyyat tariximiz naminə  qarşılıqlı atılmış uğurlu addımlardır. 

“Ulduz”un dahi Füzuliyə həsr olunmuş buraxılışı haqqında danışmağı isə sənə həvalə edirəm, Şəfa. Əminəm ki, “Ədəbiyyat və İncəsənət” saytının oxucuları üçün “Ulduz”un həmin sayı üçün gözəl bələdçi olacaqsan. 

2025-ci il üçün də planlar çoxdur. Plan tutmaq asandır, o planı həyata keçirmək də...  Əsas olan ömrü yaşamağı bacarmaqdır. Şükür, hələ ki, “bu ömrü yanlış gəldim” deməyimiz olmayıb...” 

 

Əziz oxucu, şair Qulu Ağsəsin  sözünə əməl edərək sizi “Ulduz” jurnalının Füzuliyə həsr edilmiş  xüsusi buraxılışı ilə tanış etməyə tələsdim.  Və bəribaşdan demək istəyirəm ki, Azərbaycan ədəbiyyatının Füzuliyə deyəcək sözü heç vaxt bitməyəcək... “Ulduz” jurnalının bu buraxılışı mənim Füzuli yaracıdılığına, onun şair kimi daxili dünyasına baxdığım nəfəsliyin çərçivələrini bir az daha genişlətdi. Və o qismi genişlikdə gördüklərimdən yazıram... 

Filologiya elmləri doktoru Pərvanə Bəkirqızının redaktorluğu ilə nəşr olunan xüsusi buraxılış prezident İlham Əliyevin 25 yanvar 2024-cü il tarixli, Füzulinin 530 illiyinə həsr olunmuş tədbirlər planının həyata keçirilməsinə dair Sərəncamı ilə açılır.  Ulu Öndər Heydər Əliyevin 8 noyabr 1996-cı ildə Respublika sarayındakı nitqini də jurnaldan oxuyuruq. Dahi şairin 500 illik yubileyinə həsr edilmiş təntənəli nitq bir daha sübut edir ki, Heydər Əliyev Azərbaycan ədəbiyyatına, ədəbiyyat tarixinə dərindən bələd olub. “Məhəmməd Füzuli öz yaşadığı dövrdən əvvəlki dövrü geniş təhlil etmiş və həm Şərqin ona qədər yaratdıqlarını, həm də qədim yunan, rum antik ədəbiyyatının, qədim hind ədəbiyyatının nümunələrini öz əsərlərində cəmləyərək, yaradıcılığında Şərqin və Qərbin sintezinin nəticəsi olaraq şeirin, elmin, fəlsəfənin ən yüksək zirvələrinə çatmışdır"-bu cümlədə Ulu Öndərin  Füzuliyə olan sevgisi, mənəvi bağlılığı da duyulur... Çünki, Füzuli bəşəri şairdir. Onun şeiriyyəti bəşəriliyi elmi,  təfəkkürü sayəsində qazanıb. Yenə qarşımıza “oxumaq, öyrənmək” prinsipi çıxır.  Tarixə, ədəbiyyata,  bəşərə bələd olmaq yaradıcılığı fərdilikdən uzaqlaşdırır, bəşəri edir. 

"Heydər Əliyevin Füzuli sevgisi" adlı yazıda qeyd olunur ki, Naxçıvanda orta məktəb şagirdi olarkən belə, Heydər Əliyev Füzuli yaradıcılığının sirrinə vaqif imiş. Həmçinin, uşaqlıqdan yaradıcılığa-rəssamlığa, memarlığa böyük maraq göstərirmiş.  Onun çəkdiyi ilk rəsm əsərlərindən biri Füzulinin portreti olub. Portret həmin dövrdə məktəblilərin rəsm əsərlərindən ibarət müsabiqədə l yeri qazanıb.

Firudin bəy Köçərli  “"Molla Məhəmməd Bağdadi "Füzuli" təxəllüs"” adlı yazısında belə qənaətə gəlir ki, Füzuli öz ana dilini həddən artıq sevdiyindən türkcə yazıb.  Məqaləsi boyunca Füzulinin şeirlərindən misal çəkməməyə çalışır. Bunu belə izah edir: "Azərbaycan türklərinin handa azacıq savadlısı varsa, onun əsərləri ilə az-çox tanışdır".

Mirzə Cəlilin "Füzuli" adlı yazısı da maraqlıdır.  Mən bu yazıda Qulu Ağsəsi də tapdım və onun həmişə dediyi bir fikri yada salıb gülümsədim. Qulu müəllim etiraf edir ki, biz sözün ehtiva etdiyi məna yolunun ilk deyil, növbəti yolçularıyıq. Biz elə yeriməli,  bizdən əvvəl şəninə min şeir qoşulmuş bir əlçim otu, mamırlı daşı elə təsvir etməliyik ki, bu yolda iz qoya bilək.  Mirzə Cəlilin indi misal çəkəcəyim cümləsi isə həm Füzulini öyür, həm də bizi  Qulu Ağsəsə gözüyumulu inanmağa vadar edir: “Keçmiş əsrlərdən gələn Sədilər, Füzulilər o qədər xalqın həyatını əhatə edə bilən bir şair olmuşlar ki, birisi türkcə, birisi də farsca deməmiş bir söz qoymayıblar".

Abdulla Şaiq "Füzuli haqqında düşüncələrim"də əmindir ki: “O, mühitinə deyil, mühiti ona yabançı qalmışdır".  Razılaşmamaq olmur. Yazı əhlinin,  ümumdan fərqli düşüncə sahiblərinin hamısı haqqında “zəmanə adamı deyil” demirikmi? Ardınca "Həyatın ən böyük məktəb" olduğunu deyən Abdulla Şaiq yazır: "... Füzulinin ruhunda qüvvət, qənaət, alicənablıq və mətanəti doğuran onu həyata bağlayan iztirablardır".

"Füzuli və onun yeri" adlı yazının müəllifi Bəkir Çobanzadə isə Füzulinin mövcudiyyətinə daha romantik yanaşır: "Füzuli dörd yüz il əvvəl ədəbiyyatımızın dumanlı-buludlu üfüqlərində doğmuş, ölməmişdir". “...ədəbiyyatımızın dumanlı-buludlu üfüqləri...” Necə kədərli, necə sevindirici və necə də düşündürücüdür. İndi mən-XXI əsrin hansı qırışının arasında yeri olduğunu müəyyənləşdirə bilməyən Azərbaycan şairi  ədəbiyyatımızın üfüqlərində gördüklərimin fərqindəyəmmi? Ya siz, əziz oxucu, siz bu üfüqlərdə nə görürsünüz?  Dərin suallardır... Yenə  təsəllimiz Bəkir Çobanzadənin başqa bir cümləsidir: “İstiqbal Füzuli kibi səmimi şairlərindir".

Cəfər Cabbarlı "Füzuli haqqında" yazısında dahi şairi öyməklə qalmır, onun milli ədəbiyyat tariximizdəki yerini bir daha təsdiqləyir: "Füzuli öz dühası ilə Azərbaycana parlaq klassik bir ədəbiyyat verdi". Əkrəm Cəfər isə "Füzulinin yubileyi qarşısında qəlbim" adlı yazısında xalqımızın şairə, şeirə qiymət verməsindən bəhs edir. Müəllif  Füzuliyə verilən qiymətdə onun ruhən də, fikrən də öz xalqına doğmalığının payı olduğu düşüncəsindədir: "Azərbaycan xalqı da ölməz şairini qəlbinin bütün həyəcanıyla sevir, beyninin bütün girinti-çıxıntılarıyla anlayır..."

Məsud Əlioğlunun jurnalda 3 yazısı  yer alıb. O, "Füzuli və müasir ədəbiyyatşünaslığımız" adlı yazısında Həmid Araslının və Mir Cəlal Paşayevin Füzulinin fikir dəryasından tapıb üzə çıxartdıqları inciləri tanıtdırır.  Qeyd edir ki, "Həmid Araslı Füzuli yaradıcılığını təhlil etməzdən əvvəl şairin yaşayıb-yaratdığı dövrü və bu dövrün mürəkkəb siyasi, tarixi hadisələrini elmi dəlillər əsasında təhlil edir".   Bu cümlə məni kədərə qərq etdi; bunu etiraf etməliyəm.   Çünki son illərdə oxuduğum bəzi ədəbiyyatşünaslıq mətnlərində  haqqında danışılan imzanı öz əsrindən, zəmanəsindən kənarda təqdim etmək cəhdi var. Və mən bu cəhdi qəsdli hesab etmirəm...  Mətn müəllifinin ya vaxt yetməzliyindənmi, ya elə hövsələsizliyindənmi imzaya köklənib, o imzanı yetirən, püxtələşdirən dövrü açmamağı məni həm təəccübləndirib, həm də peşman edib... “Niyə oxudum?” deyildi peşmanlığım, əsla! “Niyə özüm bu imzanın zəmanəsini araşdırmağa vaxt sərf etməmişəm?” peşmanlığıydı bu... Peşmanlığı xatırlamaq da bir kədərdir. Özü də, ədəbi kədər... Nə isə... Məsud Əlioğlu deyir ki: “Mir Cəlal daha çox Füzulinin hiss və həyəcanlarını, arzu və meyillərini, fəlsəfi - əxlaqi görüşlərini ifadə edən lirikasını, qəzəllərini təhlil edib qiymətləndirmişdir". Demək, Füzulinin romantikasını Mir Cəlalın araşdırmalarında, reallığını isə Həmid Araslının  araşdırmalarında axtarmalıyıq, əziz oxucu. Bu mənada, Məsud Əlioğlunun "Füzuli və müasir ədəbiyyatşünaslığımız" yazısını  yolgöstərən saymaq olar.

"Füzuli sənətinin iki əsas canlı məsdəri vardır : eşq və idrak". Bu cümlə isə Məsud Əlioğlunun "Füzuli kədəri"adlı yazısındandır. Demək, Füzulinin araşdırmaçılarını araşdıra-araşdıra Məsud Əlioğlu özü də yekun qərara gəlməyi bacarıb. Bu qətiyyət  Məsud Əlioğlunun Füzuli yaradıcılığının bətninə doğru uzanan yolunda nailiyyətidir. "Füzuli və Üzeyir" yazısında isə Məsud Əlioğlu oxucuya Şərq ədəbi mühitinin Füzuli sirrini açır: “Füzuli tükənməzlik xüsusiyyəti-möcüzəsi ilə ağılları, ürəkləri heyran qoymuşdur". Hə, gəlib çıxdıq örkənin doğanaqda ilişdiyi yerə...Tükənməzlik... Şairin, ümumən, Tanrının öz yaratmaq qüdrətindən bir çimdik bəxş etdiyi insanın tükəndiyi məqamlar çox olur. Bu mənada kimsə “tükənmərəm” deyib sinəsinə döyürsə, səmimi deyil.  Buradan-bu uzaqlıqdan Füzuliyə baxarkən Məsud Əlioğlu onun tükənməzliyini görür. Elə biz də görürük və heyrətlənirik. Amma əminəm ki, Məsud Əlioğlunun “möcüzə” adlandırdığı sirrin özünün də batinində bir sirr var: Füzulinin tükənmişlik uçurumundakı çırpıntıları... Biz  o tükənmişlik uçurumuna dair Füzuli yaradıcılığında heç bir iz görmürük.  Ona görə ki,  Füzuli oradakı çırpıntıların belə, yaradıcılıq üçün xammal olduğunu bilirdi! Dahilik bir də bundadır! 

Jurnalda Füzuliyə ithaf edilmiş poeziya nümunələri də yer alıb. Əlağa Vahid "Füzulidən təxmis"də “Həyatı, aşiqin eşq olmasa, əfsanə bir röya..." deyir. Füzulinin aşiqliyi necə görməsinin ədəbi güzgüsüdür bu misra. Rəsul Rza isə üzünü Füzuliyə tutsa da,  əbədi sualını bütün ədəbiyyata -burada ədəbiyyat üçün dövr, janr, imza anlamı yoxdur,- ünvanlayıb: 

 

Deyirlər, İraqdan ayrılmamısan,

Ömrün Kərbəlada, Bağdadda keçib.

Əgər doğma idi sənə o yerlər,

Niyə bütün ömrün fəryadda keçib? 

 

Və Rəsul Rza bu sualın cavabını bilirdi. Füzulinin əsrlərin o tayından ona bircə “ah”ıyla  cavab verdiyini də eşidirdi... O cavabı dilə gətirirəm,  bu gün səizinbələdçinizəm axı, əziz oxucu. Cavab budur: “Ədəbiyyat adamı hər yerdə, hər anda qəribdir”.  Fikrimin təsdiqini Bəxtiyar Vahabzadənin Füzulinin heykəli önündə dilə gətirdiyi şeirinin adında tapa bilərsiniz: "Onun pərişanlığı".  Bəxtiyar Vahabzadə sualının mərkəzinə özünü qoyur: “Öz əsrində Füzuli, Axı nəyə ağlamış?"

Əli Kərim həm  Füzuliyə heyranlığıyla, həm də onunla eyni xalqa mənsub olmağıyla  qürurlanır: "Dünya səni qocaltdı yaşıdın olsun deyə..." Zəlimxan Yaqub "Görüş - ayrılıq"da Füzulinin  Məcnunundan yazır. O Məcnun ki, saysız-hesabsız şeirin, poemanın, nəsr əsərinin, əfsanənin qəhrəmanı oldu, amma heç birində Füzulinin onu ucaltdığı zirvənin yamacına da qalxammadı.   Zəlimxan Yaqub bunu bilirdi. Bilirdi deyə yazırdı: "Səhrada Məcnuna qurduğun saray Bütün saraylardan möhtəşəm oldu".

Məmməd Cəfər "Füzuli sevir..." yazısında "Füzulinin qəlbinin insanlığın faciəsi, dərdi üçün döyündüyünü" qeyd edir.  Bəs bu faciə nədir? Dərininə getsək, faciənin də şaxələndiyini, ayrı-ayrı məna donu geyindiyini görərik.  Dayazında isə insanlığın yeganə faciəsi var: “var olmaq”.  "Uzaq ellərin yaxın töhfələri"ndə Rəsul Rza Füzuli üçün eşqin iztirabının eyil, Vətən dərdinin qorxulu olduğunu deyir. İnanıram... Yenə qürbətin doğmalığı, doğmaların yadlığı və qəribliyi var düşüncənin zirvəsində... 

Bəxtiyar Vahabzadə üçün Füzuli həm də "Qəlb şairi"dir. Əziz oxucu, indi mənə irad bildirmək haqqına sahibsiniz: “Şairlərin hamısı qəlb şairidir də!”  Hə, amma hər şairin bir mövzu ustalığı var ki, o mövzuyla bağlı suallarına cavab verə bilər.  Füzuli isə... Elə BəxtiyarVahabzadənin sözlərini təkrarlasam, yaxşıdır: “Düşünən, duyan, hiss edən, sevən, nifrət edən-bir sözlə, sözün geniş mənasında, yaşayan hər kəs Füzuli şeirindən öz sualına cavab tapa bilər”.

Samət Əlizadə "Füzuli sözünün sehri"ni oxucu (ya da araşdırmaçı) zövqündə axtarır. Tapdığı da onun özünəməxsus qənaətidir: “Yüz illər, min illər keçəcək, dünyaya gələn yeni nəsillər Füzuli şeirlərini təkrar-təkrar oxuyub şərh edəcək, lakin şərhlər bitib-tükənmək bilməyəcək”. Yaşar Qarayev isə Füzulini tanımağın yolunu başqa cür göstərir- "Türk-İslam intibahının zirvəsi - Füzuli" adlı yazısında deyir: "Füzulidə "eşq" sözü də "elm" sözünün özü, onun daha ali mərtəbəsi deməkdir".

"Unutmamak lazımdır ki, Füzuli hemen bütün Şark edebiyyatının gerçek şiir vadisindeki en üstün şairidir".Bəli, Nihad Sami Banarlı da Füzulinin bütün araşdırmaçıları ilə həmfikirdir. "Füzulinin dühası" adlı yazının hər abzasında Banarlının Füzulinin yaradıcılığı, ümumən, ədəbiyyat qarşısındakı  heyrətini görürük... 

“Ulduz” jurnalının Füzuliyə həsr olunmuş xüsusi buraxılışı Füzulinin söz inciləri ilə sona çatır... O inciləri düşüncənizin, duyğunuzun yaraşığı etmək sizin işinizdir, əziz oxucu. Bunu bacaracaqsınız, əminəm! Yetər ki,  jurnalı əlinizə alın, vərəqləyin və o incilər olan səhifələrə əlinizin izini, alnınızdakı qırışıqlığın kölgəsini salın... 

Bu il çatdırmasanız da olar, heç mən də oxumaq istədiklərimin hamısını oxuyub, yazmaq istədiklərimin hamısını yazıb çatdıra bilməmişəm. Gələnilki mütaliə planınıza salın “Ulduz” jurnalını... “Əlim çatmaz” deməyin, “Ulduz”a abunə olmaqçün ilk addımı elə bu gün atın, hər ayın sonu jurnal özü  gəlib ünvanınızı tapacaq! 

 

“Ədəbiyyat və incəsənət”

(16.12.2024)

17 dekabr saat 16:00-da Şəhriyar adına Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarına həsr olunan “Söz” adlı teatrlaşdırılmış ədəbi-bədii musiqili kompozisiyanın premyerası baş tutacaq.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, layihə rəhbəri və ideya müəllifi Turan döyüş sənəti olan Dünya Alpaqut Federasiyasının ideoloji məsələlər üzrə vitse-prezidenti, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai birliyinin fəxri üzvü, bəstəkar, yazar Fərahim Sadiq olan kompozisiyanın quruluşçu rejissoru 18 yaşlı gənc aktyor, yazar, bədii qiraətçi Aysu Türkeldir. Xatırladaq ki, bu onun rejissor kimi ilk işidir. 

Ədəbi-bədii musiqili kompozisiyanın aktyor heyətinin sırasında respublikanın əməkdar artisti və peşəkar aktyorlar: Əməkdar artist Qasım Nağı, Xalidə Əliməmmədova, Pərviz Qurbanlı, Şövqi Əmiraslanov, Aysu Türkel, Təhminə Qarayeva, Allahverdi Qurbanov, Elcan Məmmədov, Tofiq Əhmədli, Pərviz Rzayev, İlkin Rafiqoğlu, Əlibala Qasımov yer alıblar.

Kompozisiya hərbi-vətənpərvərlik mövzusunda qurulub.

 

“Ədəbiyyat və incəsənət”

(16.12.2024)

Понедельник, 16 Декабрь 2024 14:27

“Qaçhaqaç" romanından parça - Seyran SƏXAVƏT

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Seyran Səxavətin yeni yazdığı romanından parça 

təqdim edilir. 

 

 

- Çuvak, hardasan, səhərdən səni axtarıram... - Ziya dedi.

- Gözünün qabağındayam, bu bir, ikinci, Ziya, bir də sən mənə çuvak desən, sənin o dilini dartıb xirtdəyindən çıxardacam, bildin?! - Onun üstünə qışqırdım.

- Bildim, bildim, - Ziya çaşdı, - dekan səni çağırır.

- Görürsən siqaret çəkirəm, - əlimdəki siqareti göstərib mülayimcəsinə dedim, -gedirəm... - Ziya bu dəfə də tərsinə çaşdı.

- Tay özün bil, mənnən demək... uşaqlar da gördü ki, mən dedim. - Ziya hər təsadüfə qarşı özünə şahidlər də "bron" elədi və attana-attana getdi, yerişi eləydi.

Dekanın otağına girən kimi o, əlindəki təqvim vərəqini mənə göstərib dedi:

- Bu nömrəyə zəng elə, özü də təcili.

- Həsən müəllim, sizdə iki qəpiklik var?

- İki qəpikliyi neynirsən, burdan zəng elə... işlərin necədi?

- Çox sağ ol, Həsən müəllim, yaxşıyam, - onun üzünə baxdım, - bu kimin nömrəsidi?

- Nəbi Xəzrinin... televiziyanın sədr müavini.

Nömrəni yığdım, bir qadın götürdü.

- Bağışlayın, - dedim, - Nəbi müəllimi olar?

- Nəbi müəllim yoxdu.

- Necə yəni yoxdu? - dedim.

- "Yoxdu" sözünü başa düşürsünüz? - Qadının hikkəli səsi az qaldı qulağımda partlasın.

- "Yoxdu" sözünü başa düşürəm ee... ancaq bir şeyi başa düşmürəm.

- Nəyi başa düşmürsünüz? - Eyni tonla soruşdu.

- Nəbi müəllim özü deyib ki, ona zəng eliyim.

- Həəə? - Qadının səsi Şəki ipəyi kimi yumşaldı, - belə deyin də, bağışlayın, kimdi ki, danışan?

- Deyin ki, Seyran Səxavətdi.

- Bircə dəqiqə gözləyin... - Qadın bu dəfə, yalan olmasın, xahiş elədi ki, bir dəqiqə gözləyim, mənə elə gəldi.

- Gözləyirəm, - dedim.

Heç yarım dəqiqə keçməmiş qadının səsi gəldi:

- Seyran müəllim, bağışlayın ee, o qədər adam zəng eləyir ki, işləməyə qoymurlar. Nəbi müəllimi, indi calaşdırıram, danışın.

Nəbi müəllimin səsi gəldi.

- Alo.

- Nəbi müəllim, Seyran Səxavətdi narahat eliyən.

- Xoşdu, xoşdu... Necəsən, ay gözəl oğlan!

- Çox sağ olun, Nəbi müəllim, yaxşıyam.

- Seyran, "Azərbaycan" jurnalında şeirlərini oxudum, çox xoşuma gəldi. Əhsən! Sən belə elə də... Özünün xoşuna gələn on-on beş dənə şeirini də götür, sabah saat üçdə ol yanımda, vaxtın varmı?

- Mütləq gələrəm, Nəbi müəllim, çox sağ olun.

- Yaxşı, gözləyəcəm... görüşərik, dud... dud...dud...dud...

Soyuq adamı kəsib doğruyurdu. Axşamdan yağan qar səngimişdi. Şaxta adamın iliyinə işləyirdi. Torpağın, ağacların donu açılmamışdı. Bir yandan da Bakı küləyinin dəliliyi tutmuşdu, adama elə gəlirdi ki, bu külək bir də heç vaxt "ağıllanmayacaqdı".

Üçə beş dəqiqə qalmış birtəhər gəlib Nəbi Xəzrinin qəbul otağına çıxdım.

- Sizə kim lazımdı? - Qadın mənim şaxtadan qızarıb pörtmüş sifətimə baxıb üşüyən kimi oldu.

- Nəbi müəllim çağırıb, - dedim, saat üçə, - qol saatıma baxdım, - hələ beş dəqiqə var.

- Siz Seyran...

- Bəli, - mən onun sözünü kəsdim.

- Buyurun, buyurun, əyləşin.

- Sağ olun. - Mən paltomu soyunub əyləşdim, - yaman soyqudu, çöldə iti quyruğundan bağlasan, durmaz.

Qadın qaqqıldayıb güldü, mən ona baxan kimi dedi:

- Ömrümdə belə söz eşitməmişdim.

Mən ona fikir vermədim, ürəyimdə dedim:

- Cəhənnəmə-gora eşit... elə yerdə oturmusan ki, burda heylə sözləri hardan eşidə bilərsən ki?!

Mən içəri girən kimi Nəbi Xəzri ayağa durub qabağıma yeridi, əl verdi:

- Xoş gəlmisən, ay gözəl oğlan... buyur, əyləş.

Nəbi Xəzri mənimlə üzbəüz oturdu, onun boş qalmış kreslosunun sağ tərəfində beş-altı telefon var idi. "Bu telefonların hamısı birdən zəng çalsa, tək adam ona nə təhər cavab verər görəsən?"

O, əllərini üst-üstə qoyub diqqətlə mənə doğma bir nəzər salandan sonra dedi:

- Səni necə təsəvvür eləmişdimsə eləsən.

- Sağ olun, Nəbi müəllim.

- Şeirləri gətirmisən?

- Bəli.

- Sənin yazılarını həmişə izləyirəm. "Ədəbiyyat və incəsənət"dəki şeirlərin də çox xoşuma gəldi. Qəzeti saxlayıram.

Nəbi Xəzri  stolunun üstündən qəzeti götürdü, gözünü ora zilləyib oxudu:

 

Gözümdə qaranlıq, gözümdə sabah,

Yol var cığır yükü daşıya bilmir.

Deyirəm, dünyanın işlərinə bax,

Yollar tapdanmasa yaşaya bilmir,

 

-  çox əladı, burda söhbət yoldan yox, insan taleyindən gedir, adamın gözünün qabağına əzabkeş insan gəlir. İndi hamısını oxumaq istəmirəm, hamısı gözəldi, tutarlıdı, hər misranın öz yükü, öz çəkisi var. Sən yaşda olanda biz belə şeirlər yaza bilmirdik... hə... Yaxud da, "Adalar" şeiri. Deyirsən ki: 

 

İndi alim olub hər xalq, hər ölkə

Onlar adaları yaxşı duyarlar.

İyirminci əsrdi, nə bilim, bəlkə

Adasız dənizi oğurlayarlar.

İnsanın bir şeydə gözləri qalsa,

Əksi gözlərinin yaşına düşər.

Dənizə ildırım düşməli olsa,

Yenə adaların başına düşər.

 

Və yaxud: 

 

Qərib adaları kimsə gəzməyib,

boynunu həsrətlə burubdu torpaq.

Suların altında sanki dözməyib,

Qalxıb ayaq üstə durubdu torpaq.

 

Hamısı gözəldi. Jurnaldakı "İlk məhəbbət - son məhəbbət" şeirin sevgi haqqında yazılmış nadir şeirlərdəndi. Sonra, "Mənim subay planetim..." Yer kürəsinin, bəşəriyyətin taleyi ilə bağlı nə boyda narahatlıq var orda.

Başımı aşağı salıb Nəbi Xəzrinin dediklərini bütün dəqiqliyi ilə tuta bilməsəm də, onu bilirdim ki, məni bərk tərifləyir. Tər dabanımdan gedirdi, çölün soyuğu bu təriflərdən sonra damla-damla canımdan çıxırdı.

- Heç mənim qəzetdəki şeirlərdən xəbərim yox idi. Əliağa Kürçaylı zəng eləyib təriflədi, mən də tapıb oxudum, gördüm ki... aləmdi.

Qadın iki stəkan çay gətirib stolun üstünə qoyan kimi Nəbi Xəzri dedi:

- İsti-isti iç, qızış, - sonra pəncərədən bayıra baxdı, - bu gün bərk soyuqdu, heç Moskvada belə soyuq olmur. Moskvada belə külək olmur, ha...

- Çox sağ olun, Nəbi müəllim, məni nə təhər təriflədinizsə qızışdım... - dedim.

- Olanı dedim, fikirləşdiklərimi... Halal haqqındı sənin.

- Çox sağ olun.

- Sən sağ ol ki, belə şeirlər yazırsan... çay iç...

Biz çay içə-içə xeyli söhbət elədik, çox şey barədə, ədəbiyyat, adamlar, təbiət, münasibətlər, Cənubi Azərbaycan...

- Bəxtiyar da səni tərifləyirdi o günü, hətta bir şeirindən sitat da gətirdi, mənim də yadımda qalıb... bir dəyqə, bir dəyqə... hə... Lirik qəhrəman sevdiyinə deyir ki:

 

Evinizin başına

Mənim kimi dolanan

Barını da sevirəm.

 

Bəxtiyar dedi ki, burda Allahlıq eliyib... Nə isə bunlar öz yerində. Bilirsən də, bizdə, televiziyada "On dəqiqə poeziya" rubrikası var. - Üzümə baxdı.

- Bəli, - dedim.

- Hə... Bilirsən ki, orda ancaq yaşlı adlı-sanlı şairlər çıxış eliyirlər... heç baxmısan?

- Bəli, demək olar ki, hamısına.

- Lap yaxşı. Ənvər müəllimnən, Ənvər Əlibəyliynən danışmışam ki, sən də "On dəqiqə poeziya" verilişində şeirlərini oxuyasan.

Nəbi Xəzri elə bil məni öz kabinetindən götürüb dağın başına qaldırdı ki, otur burda, sənin yerin buradı. İnanın ki, qulaqlarıma, qulaqlarım cəhənnəm, gözlərimə inanmadım; çünki mən həmişə qulaqlarımdan çox, gözlərimə inanmışam.  Axı, "On dəqiqə poeziya" verilişinin ənənəsinə və tələblərinə görə mən, ən yaxşı halda, iyirmi ildən sonra orda çıxış eləyə bilərdim. Nə mənim, nə də  yaşıdlarımın yuxusuna da girməzdi belə şey... cəmisi iyirmi iki yaşım vardı.

Burda bir həqiqəti deməyi lazım bilirəm. Xahiş eləyirəm, məni düz başa düşün, söhbət nə mənim istedad sahibi olmağımdan, nə mənə göstərilən diqqətdən, nə də özünütəbliğdən gedir, söhbət ondan gedir ki, bunlar hamısı olub və mən də başıma gələnləri yazıram axı... Diqqətinizə və məni düz başa düşdüyünüzə görə minnətdaram və bu da o demək deyil ki, sizin boynunuza nəsə qoyuram. Ancaq yenə özünüz bilən məsləhətdi...

"Söz vaxtına çəkər", deyiblər, mən də deyirəm. 1983-cü ildə, Nəbi Xəzri ilə görüşümüzdən təxminən, on beş il sonra, Moskvada, Vladimir İliç Leninin beş-on addımlığındakı "Moskva" mehmanxanasında idim. "Sovetski pisatel" nəşriyyatında çap olunacaq povestlər və hekayələr kitabımla əlaqədar gəlmişdim. Noyabr ayı idi, burda da iti quyruğundan bağlasan, çöldə durmazdı. Burda da şaxta adamı kəsib doğrayırdı. Ancaq burda Bakı küləyi əsmirdi -  Allah moskvalıların üzünə baxmışdı.

Rusiyalı gənc şair Lyubov Varapayeva ilə görüşüm vardı, "SDL" kimi tanınan, "sentralnıy dom literaturov" kimi şifrə olunan Mərkəzi Ədiblər evində. Məşhur rus şairi Rimma Kazakova bu yaxınlarda Lyubov Varapayevanı Sovet oxucularına təqdim eləmişdi, qız da bu təqdimatdan sonra yerə-göyə sığmırdı, çünki o vaxt belə bir təqdimat, özü də Rimma Kazakova tərəfindən, böyük uğur sayılırdı və hər istedad sahibinə də qismət olmurdu. Bu gün Lyubov Varapayeva Rusiyanın ən məşhur nəğməkar şairlərindən biridi, sevilir və mükafatlar alır.

Ancaq görüşümüzə hələ iki saatdan da bir az artıq vaxt qalırdı. "Moskva" mehmanxanasından Mərkəzi Ədiblər evinə isə taksi ilə on dəqiqəlik yol idi. Yeri gəlmişkən, onu da deyim ki, Mərkəzi Ədiblər Evinin və SSRİ Yazıçılar İttifaqının birgə yerləşdiyi bu yer İkinci Aleksandrın malikanəsi olmuşdu. İkinci Aleksandrın binanın həyətindəki at tövləsində isə "Drujba narodov" jurnalının redaksiyası yerləşirdi. Mərkəzi Ədiblər Evində kimə desən, rast gələ bilərdin; Rəsul Həmzətova, Mirzə Tursunzadəyə, Yevgeni Yevtuşenkoya, Andrey Voznoseneskiyə, Valentin Katayevə, Kaysun Kuliyevə, Nəbi Xəzriyə, Mirzə İbrahimova, Andrey Bitova, Bela Axmadulinaya və kimlərə, kimlərə... Çünki burda yeyib-içmək hamıya ləzzət eləyirdi. SSRİ-nin illərlə bir-birini görməyən yazıçıları, şairləri burda bir-birinə rast gəlir, stol arxasında dərdləşir, bir-birinə təzə kitablarını bağışlayırdılar.

Fikirləşdim ki, bu qədər vaxtı mehmanxanada oturub neyləyəcəm ki, yaxşısı budu, gedim Mərkəzi Ədiblər evinə, kofedən-zaddan içim, bəlkə dost-aşnaya da rast gəldim. Vaxtımı öldürərəm, ona qədər Lyuba da gəlib çıxar.

Geyinib aşağı düşdüm. Liftdən çıxanda Nəbi Xəzri ilə üz-üzə gəldim. O liftə minmək istəyirdi, ancaq minmədi. Məni görüb sevindi.

- Nə yaxşı sən də burdasan, ay gözəl oğlan, nə var, nə yox?

- Sağ olun, Nəbi müəllim, siz necəsiniz?

- Mən yaxşıyam. Nə vaxt  gəlmisən?

- İki gündü, - dedim.

- Heç qarşılaşmamışıq... burda olduğunu bilmirdim.

- Mən də sizin burda olduğunuzu bilmirdim, yoxsa, tapardım sizi.

- Tapdın də, - Nəbi Xəzri dedi.

- Bəli, - dedim.

- Hara belə gedirsən?

- İki saatdan sonra "SDL"də görüşüm var, - dedim.

- Hələ çox var, - dedi, - qalxaq mənim otağıma.

- Qalxaq, - dedim.

Nəbi Xəzri lüks otaqda qalırdı, burda lap futbol oynamaq olardı. Pəncərənin qabağındakı ağ royal otağa xüsusi yaraşıq verirdi. Royalın sol tərəfində böyük bir vazada gül qoyulmuşdu. Sizə zarafat gəlməsin, kişi SSRİ Dövlət mükafatı laureatı idi.

- Çoxdan gəlmisiniz? - Nəbi Xəzridən soruşdum.

- Bir həftədi. Sabah gedirəm, - dedi.

- Nə tez?

- Yaponiyaya uçuram.

- Yaponiyaya? - Mənim üçün gözlənilməz oldu.

- Hə.

- Orda olmusunuz, yoxsa...

- Birinci dəfədi, - dedi, - çoxdankı arzum idi.

Hal-əhval tutandan sonra Nəbi Xəzri ayağa durub soyuducuya tərəf getdi. Əlində "Napoleon" konyakı və iki rumka ilə qayıtdı:

- Əlli-əlli içək, - dedi, - hava da soyuqdu... aclığın var?

Yoox, təzə yemişəm.

- Elə mən də... - dedi, - süz görək.

Nəbi Xəzri dedi ki, qəfil görüşümüzə çox şaddı, özü də Moskvada. Mənim şərəfimə, sizə ətraflı demək istəmədiyim təmtəraqlı, səmimi bir sağlıq dedi, içdik.

- Təmiz fransuzskidi... çox yumşaqdı. - Nəbi Xəzri konyakı təriflədi.

Sonra biz çox şeylər barəsində söhbət elədik: dünya ədəbiyyatındakı yeniliklərdən, öz ədəbiyyatımızın uğurlarından və naqis cəhətlərindən, insani münasibətlərdən, sənətə dəxli olan ayrı-ayrı şəxslərdən, respublikamızın problemlərindən... Söhbət genişləndikcə vaxtım daralırdı. Mən bir dəfə qol saatıma baxan kimi o dedi:

- Başımız qarışdı, söhbət uzandı, mətləbdən yayındıq. Sən "On dəqiqə poeziya"da çıxış elədiyin vaxtdan gör neçə il keçib...

- Hardasa on beş il. - Mən tez cavab verdim.

- Ondan sonra, - Nəbi Xəzri davam elədi, - biz müxtəlif tədbirlərdə səninlə dəfələrlə görüşmüşük, bir dəfə də soruşmadın ki, ay Nəbi müəllim, o vaxt nə məsələydi, niyə bir heylə tay-tuşlarımın içində məni çıxartdın, "On dəqiqə poeziya"ya... - Nəbi Xəzri üzümə baxdı.

- Nəbi müəllim, o vaxt sizin dediklərinizdən belə başa düşmüşdüm ki, şeirlərim xoşunuza gəlib, ona görə.

- Düzdü, - dedi, - bu da əsasdı... ancaq bunun başqa bir səbəbi də var, - üzümə baxdı.

Maraq məni götürdü ki, başqa nə səbəb ola bilər, nə qədər fikirləşsəm də, ağlıma heç nə gəlmədi. Dedim:

- Bilmirəm, vallah...

- Mən də sənə onu demək istəyirəm də... aradan illər keçib, sən də böyümüsən, indi sənə demək olar.

- Eşidirəm, Nəbi müəllim, - doğrudan, maraq məni götürmüşdü.

- Bilirsən, Seyran, oğul, insanıq də. Mənim çox hörmət elədiyim bir qadın vardı,  səninlə açıq danışıram, bir dəfə necə oldusa, bakılıyam də... Bakılılığıma salıb onu bərk incitdim, özü də haqsız yerə. Yaman əzab çəkirdim, özümə yer tapa bilmirdim. Üzr istəməyə də imkan vermirdi, zəng eliyirdim, səsimi eşidən kimi adboy verirdi. Özümdən başqa heç kəs mənə kömək eliyə bilməzdi, əslinə qalanda bu yerdə başqasının mənə kömək etməsinin özünü təsəvvür eləmirdim, - üzümə baxdı, istəyirsən, bir əlli vuraq?

İçdik.

- Həə... - Nəbi Xəzri davam elədi, - sifariş göndərməli də deyil, çünki özün bilirsən də... Nə qədər fərdi cəhdlər eləsəm də, hamısı boşa çıxdı elə bil ki, özümdə-sözümdə deyildim. Vicdanımın ağrısı baş ağrısına çevrilmişdi. Hə... Əlli də vuraq?

İçdik.

- Hə... əlacsız qalıb taleyimlə barışdım, "Nə olar, olar", dedim. Bir gün işdə mənə "Azərbaycan" jurnalı verdilər, vərəqlədim, sənin şeirlərinə rast gəldim, "İlk məhəbbət - son məhəbbət" şeirini elə bil ki, mənə yazmışdın, özümün bütün sarsıntılarımı gördüm o şeirdə. Heç özüm də bilmədim necə oldu, ümidsiz-filansız o şeiri kəsdim jurnaldan, bir konvertə qoyub öz əlimlə poçt qutusuna salıb onun ünvanına göndərdim. Günləri sayırdım, günləri saymağnan qurtaran deyil axı. Düz on beş gündən sonra, kabinetdə mənim ailə üçün ayrıca şəhər telefonum vardı, o telefon zəng çaldı, elə bildim ki, evdəndi. Dəstəyi qaldırdım, o idi, telefonda hönkür-hönkür ağlayırdı, telefonda ağlayanı sakitləşdirmək, üzbəüz ağlayanı sakitləşdirməkdən min dəfə çətindi axı. Ömrünün ən uzun üç-dörd dəqiqəsi oldu. Özü-özünü sakitləşdirəndən sonra pıçıltı ilə dedi:

- Nəbi, o şeiri mən də jurnalda oxumuşdum, mənim də ürəyimdən keçirdi ki, onu kəsib sənə göndərim, ancaq özümə sığışdırmırdım. Sənnən ötrü yaman darıxmışam, sabah zəng vuracam... - Nəbi Xəzri susdu.

Azərbaycan və SSRİ ədəbi mühitinin son dərəcə ciddi adam kimi tanıdığı, əslində də beləydi. Nəbi Xəzri necə kövrəlmişdi, uşağa dönmüşdü.

- Seyran, oğlum, bu mənim sirrimdi, övladım kimi onu sənə etibar eliyirəm. Ancaq məndən sonra, nə vaxtsa yerinə düşsə, xatirələrinin birində mütləq yazarsan. Yazarsan ki, necə oldu birdən-birə sən "On dəqiqə poeziya"da çıxış elədin. Sən Nəbi Xəzriyə yox, ona borclusan...

- Oldu, Nəbi müəllim, söz verirəm...

..."Moskva" mehmanxanasında Nəbi Xəzri ilə aramızda olan bu söhbətdən nə az, nə çox - düz iyirmi yeddi il keçir. Onun mənə etibar elədiyi sirri otuz ilə yaxın göz bəbəyim kimi qorudum. Bir neçə ildi ki, Nəbi Xəzrini itirmişik. Ancaq o mənim üçün diridi və ona diri kimi sifariş göndərirəm:

- Əziz Nəbi Xəzri! Sizə verdiyim sözə əməl elədim, vədimə naxələf çıxmadım...

Ünvanına çatacağına inanmasaydım, heç vaxt bu dünyadan o dünyaya sifariş göndərməzdim...

Hörmətlə, Seyran Səxavət.

 

“Ədəbiyyat və incəsənət”

(16.12.2024)

Понедельник, 16 Декабрь 2024 14:04

“Qor-qor, köz-köz olan könlüm” - Namiq Abdullayevə rekviyem

“Ədəbiyyat və incəsənət” portalı sevilən şair Zahid Sarıtorpağın mərhum yazıçı Namiq Abdullayev barəsindəki xatirə yazısını və şeirini təqdim edir. 

 

BİR NAMİQ ABDULLAYEV VARDI…

 

Yəqin yaşlı nəsil fantastik əsərlər müəllifi  Namiq Abdullayevi yaxşı xatırlayır... Ruhən də, cismən də tərki-dünya bir insan idi. Baxanda deyirdin dünyaya sərxoş doğulub. Elə o cür də köçdü dünyadan... Söhbətimiz gözəl tuturdu onunla. Hərdən Şamaxıya da gəlirdi, görüşürdük. Bu şeiri çoxdan ona həsr eləmişəm... Öz dilindən yazmışam...

 

NƏYƏ İNANIRLAR ORALARDA BƏS...

 

(Mərhum yazıçı Namiq Abdullayevin

ağı üstündə gecikmiş gileyi)

 

qor-qor köz-köz olan könlüm

açılmış yaram kimidi deyirəm — inanmırlar

şövqü yüz yerə bərq vurur

təzə sınmış cam kimidi deyirəm — inanmırlar

 

dolanda nurla silələnib dolur

haqdan bulur məqamını göz qırpımında

göyə çıxır qərib olur ey qərib olur

yerə düşür xam kimidi deyirəm — inanmırlar

 

bircə yol fələk də dinmir dindirə

dindirə dərdin söndürə bircə yol

içib kuzəni sındıran bu zalım

bir ömər xəyyam kimidi deyirəm — inanmırlar

 

açılır bu baxtsız baca açılır üzünə

küfr ilən çıxır hərraca uçunur eləcə

gəlin gəlin baxın budur

yarıyacan

yanıb sönmüş şam kimidi deyirəm — inanmırlar

 

tut yasını qara günlüm tut yasını

haqq yolunda zülüm-zülüm dərdi ünlüm

səndən üzü dönən könlüm dönən könlüm

cismimə haram kimidi deyirəm — inanmırlar

 

nəyə inanırlar oralarda bəs?

 

“Ədəbiyyat və incəsənət”

(16.12.2024)

Понедельник, 16 Декабрь 2024 13:29

BİRİ İKİSİNDƏ – Füzuliyə ithaf edilmiş şeirlər

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsi böyük Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr edilib. Bu dəfə sizlərə Füzuliyə ithaf edilmiş şeirləri təqdim edirik.

 

Əlağa VAHİD

 

FÜZULİDƏN TƏXMİS

 

Diyari-eşqə sultanəm, bəlalər çox çəkib başım,

Cəlali-şövkətim qəmdir, hücumi-dərd fərraşım,

Ömürlərdir axar kuyində yarın qanlı göz yaşım,

“Degilsən çoxdan, ey gərdun, cahan seyrində yoldaşım,

Nola xəm olsa qəddin, səndən artıqdır mənim yaşım”.

 

Xəyal eylər görən, bir bülbüləm gülzari-eşq içrə,

Yaxar gülzari naləm ahi-atəşzari-eşq içrə,

Məni sevdayi-həsrətdür yıxan azari-eşq içrə,

“Tərazuyi-əyari-möhnətəm bazari-eşq içrə,

Dolub hər dəm gözüm, min daşə hər saat dəyər başım”.

 

Görüb rüsvalığım eşqində yarın, tən edər hər kim,

Bəlalər çəkməyə guya məni çərx eyləmiş təhkim,

Fələkdən başıma daşlar yağır, qılmaq dilər tərkim.

“Sirişkim al, bağrım parə, bir kuhi-bəlayəm kim,

Fləmişə laləvü ləl ilə rəngindir içim, taşım”.

 

Həyatı aşiqin eşq olmasa, əfsanə bir röya,

Məhəbbətdir fəqət pəjmürdələr qəlbin edən əhya,

Məni aşiq doğub, qoynunda yalnız bəsləmiş dünya,

“Mənə manənd bir divanəsurət bağlamaz guya,

Qələm sındırdı təsvirim çəkəndən sonra nəqqaşım”.

 

Sevinci könlümün yar etdiyi qəhri-qəzəbdəndir,

Vəfadə sabit olmaq aşiqə əslü-nəsəbdəndir,

Cəfayə dözməmək, Vahid, demə, rəsmi-ədəbdəndir.

“Füzuli, xazini-gənci-vəfayəm, ol səbəbdəndir,

Cühərlər tökdü israf ilə bu çeşmi-gühərpaşim”.

 

 Rəsul RZA

 

FÜZULİ

İlk sətirlər

 

Şeirinlə, fikrinlə doluyam, ustad!

Elə bil ürəyim baharla dolub.

Gecə-gündüz yazıb-pozduğum sözlər

Sanki gül-çiçəkdir, bir uşaq yolub.

 

Dəstə bağlamağı bacarmır ancaq,

gah bunu, gah onu götürür, baxır.

Müşkülə düşmüşəm, qınama, ustad,

adına bağlanır bu dəstə axı!

 

Səni axtarıram sözlər içində.

Yox, adına layiq söz axtarıram.

Dərdini, naləni duyan bir ürək,

möhnətini görən göz axtarıram.

 

Bilirəm, el dərdi, vətən həsrəti

quru sazaq kimi səni kəsibdir.

Hər vətən deyəndə yaşarıb gözün,

dodağın titrəyib, dilin əsibdir.

 

Vətən bəzən dərdli, bəzən nəşəli,

düşünən, yaradan insan deməkdir.

Yüz çayı, yüz çölü, yüz dağı olsun,

insansız bir torpaq nəyə gərəkdir?!

 

Torpaqsız insan da yuvasız quşdur,

ömrün boranından necə qorunsun?

Qanadlı bir quş da, nə qədər uçsa,

axırda gərəkdir bir yerə qonsun.

 

Dağlar da görmüşəm, qayalar da mən,

başı buludlarda şəlalələr də.

Budaqları pıtraq bəhərli bağlar,

çölə yanğın salan tər lalələr də.

 

Bəs neçin yurdumun daşı, torpağı

hər çöldən, çəməndən mənə əzizdir?

Nədəndir Arazın bulanıq suyu

duru göz yaşından mənə təmizdir?

 

Deyirlər, İraqdan ayrılmamısan,

ömrün Kərbəlada, Bağdadda keçib.

Əgər doğma idi sənə o yerlər,

niyə bütün ömrün fəryadda keçib?

 

Bir daş ürəkliyə könül vermisən,

yandırıb qəlbini külə döndərib,

Bəs necə hikmətdir yanan ürəkdən

çıxan hər sözünü gülə döndərib!

 

Yanıq nəğmələrin yayıldı elə,

ümidin gözündə bir çənə döndü.

Bircə muradınla dönmədi dövran,

muradına qarşı döndü, nə döndü!

 

Ürəyim şerinlə doludur, ustad!

yazıb-pozduqlarım varaq-varaqdır.

Bu çətin yollarda mənzil başına

məni məhəbbətin aparacaqdır.

 

 

                                

                              Bəxtiyar VAHABZADƏ

 

ONUN PƏRİŞANLIĞI

 

(Füzuli heykəlinin açılışı münasibətilə)

Heykəlin müəlliflərinə

Sağ olun,

Çox sağ olun,

Gözəldir heykəliniz.

Qoy var olsun əliniz!

Füzulini deyil, siz

Bu günü duymuşsunuz.

Sənətin bizim əsrə

Sözünü duymuşsunuz.

Öz əsrində Füzuli

Axı nəyə ağlamış?

Kim deyir ki, Məcnuna,

Ya Leyliyə ağlamış?

Mən anlaya bilmirəm,

Şah İsmayıl əsrini

Yamanlaya bilmirəm.

O, öz zərrə dərdinə

Ümman dedi, dağ dedi.

O, öz “yalan”larıyla

Əsri də silkələdi.

Bizsə ağ yalanları

Daddıq həqiqət kimi –

Bədbəxtliyi səadət,

Zəhəri şərbət kimi.

Heykəliniz gözəldir!

Onun o əyri beli

Sanki mənim əsrimin

Dərdilə yüklənibdir.

Şeirinin hər nidası,

Nəğməsinin hər xalı

Əsrinə köklənməyib,

Əsrimə köklənibdir.

Onun pərişanlığı

Köksündə od qalanmış,

Ana yurdu talanmış

Elin pərişanlığı...

Yüz yerə parçalanmış

Dilin pərişanlığı.

O, sakit görkəmiylə

Qaya kimi dayanıb,

Dərya kimi çağlayır.

Öz doğma millətinin

Dünəninə güvənir,

Bu gününə ağlayır.

 

 iyul 1962

 

 

                              Əli KƏRİM

FÜZULİ

 

Dünya səni qocaltdı, yaşıdın olsun deyə

Gömüldü dərdin yerə, ucaldı ahın göyə.

Dərdə şərik – dərd özü, sükut – suala cavab.

Qranit dağlar belə gətirməzdi buna tab.

 

Füzuli, o nə dövran!..

Görsələr yanır insan,

Yanana od verdilər.

 

Füzuli, o nə kədər!

Görsələr donur insan,

Donana buz verdilər...

 

Füzuli, o nə qədər? –

Görsələr batır insan,

Batana dəryaları

birdən bəxş elədilər.

 

Dünya səni qocaltdı,

Qocaldın dünya kimi,

Könlün kədərlə dolu –

çalxanan dərya kimi.

 

Gəldi kəsdi qapının ağzını şöhrətlə ad.

Ey böyük ustad,  heyhat.

Ürəyində o ada, şöhrətə yer vardımı?

Min bir kədər əlindən

orda yer qalardımı?

Gəldi cavan bir qızın

vədəsiz məhəbbəti,

Könlündə dərd əlindən

bu eşqə yer vardımı?

Bəzən də xanəndənin

cilvələndi sənəti,

Qəzəllərindən ayrı

qəzəl oxunardımı?

Doğma sözlərinə də

qəlbində yer vardımı?

Dünya səni qocaltdı –

cavan görünsün deyə.

 

Yanğınlar tüstüsütək

ahın ucaldı göyə.

Sən od tutub alışdın.

Bu odu qoca Şərqin

hər yerindən gördülər –

gördü bu doğma yerin.

 

Bütün bu gen dünyanın

gözləri göydə qaldı.

Göy də şəfəqlər saçan

ahına baxdı, daldı.

 

Dedilər ki, fələklər

yaratmışdır bu odu,

Fəqət bu oda yanan

fələklər özü oldu.

 

Baxıram ucalardan

gəlir Füzuli səsi.

Görünür ucalarda

onun nurlu izləri.

O ulduzlar

Füzuli yanğısının közləri,

O günəşdə Füzuli odunun nişanəsi.

 

                                                         1958

 

 

 

                             Zəlimxan YAQUB

 

GÖRÜŞ–AYRILIQ

 

Səndən xatircəməm, Füzuli babam,

Qəbrinin daşından öpüb gedirəm.

Gözümün yaşını çiçəklər kimi

Məzarın üstünə səpib gedirəm.

 

Kim deyir məzarın dağılıb sənin,

Kim deyir torpağın külə çevrilib.

Ən yaxın həmdəmsən İmam Hüseynə,

Nəfəsin çiçəyə, gülə çevrilib.

 

Milyonlar doğulur, milyonlar gedir,

Hamı belə yerdə uyumur, babam!

Düz beş yüz ildir ki, xalqın, millətin

Sənə məhəbbəti soyumur, babam!

 

Kərbəla taleli, Kərkük haraylı,

Nəcəf xatirəli ustadım mənim.

Min dağı qoparıb bir dırnağilə

Söz dağı ucaldan Fərhadım mənim.

 

Süzülə-süzülə sözə çevrilib,

Əriyə-əriyə qəlbin şəm oldu.

Səhrada Məcnuna qurduğun saray

Bütün saraylardan möhtəşəm oldu!

 

Dünyaya gələndən dünya şeirinin

Ağrı damarısan, ah damarısan.

Bir qəlbin içində yerləşir bəşər,

O qəlbin, ürəyin şah damarısan!

 

Ömür bağışladın, ölməz elədin,

Leyli də, Məcnun da yaşar sinəndə.

Zamandan zamana axar, dayanmaz,

Dəclə də, Fərat da daşar sinəndə!

 

Gəzdiyin yerləri gəzdim, dolandım,

Yatdığın torpaqda yata bilmədim.

Şöhrətin o qədər yüksəklərdədir,

Bircə pilləsinə çata bilmədim!

 

Təzə pöhrəsiyəm Azərbaycanın,

Sözün sünbülündə dənəm, ay ustad!

Vidadi xəstədən Bağdad elinə

Nişanə yetirən mənəm, ay ustad!

 

...Mən indi bildim ki, Bakıyla Bağdad,

Onda bir-birinə həsrət deyilmiş.

İndi bizim üçün qürbətə dönüb,

O zaman bu yerlər qürbət deyilmiş!

 

Təbrizə, Hələbə, Bağdada, Şama,

Nə qədər köç gedib, axın olubdu.

İndi yaxınları uzaq salmışıq,

O zaman uzaqlar yaxın olubdu!

 

Sevgini ən dadlı bir şərbət kimi

Bütün nəsillərə içirən babam.

Ərəbin dərdini türkün dilində

Dünyanın qəlbinə köçürən babam!

 

Baş əyib ölümsüz misralarına,

Qəbrinin daşından öpüb gedirəm!

Gözümün yaşını çiçəklər kimi,

Məzarın üstünə səpib gedirəm!!!

 

Kərbəla, sentyabr 1994

 

 “Ədəbiyyat və incəsənət”

(16.12.2024)

Понедельник, 16 Декабрь 2024 13:03

Hicran, ölüm və hissizliyin adı- Aljir - ESSE

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

 Güclü bir boz rəngin örtdüyü sübh təbiətin sönmək bilməyən qışqırıqıyla qarşılanırdı. Amma bu sübhün heç bir sevinci yox idi, çünki Aljirə günəş doğrudan istilik verə bilmirdi. Qazaxıstanın çölləri məlum bir hekayəni, məhbəs divarları arasında həsrət dolu bir ömrü izah edirdi. Burada hər bir qadının dəyərli hekayəsi, unudulmaz faciəsi var idi.

 

1938-ci ildə Stalin repressiyalarının qaranlıq qanadları Qazaxıstanın Akmola vilayətinə də uzandı. “Vətən xainlərinin ailə üzvləri” ünvanıyla məhkum olunan qadınlar burada, Aljir düşərgəsində toplanırdı. Amma onların yeganə günahı ailədən birinin siyasi rejimə şübhə edilən davranışı idi. Buradakı qadınlar, analar, bacılar, yoldaşlar çarəsizcə azadlıq xəyalları qururdu.

 Düşərgənin bir guşəsində qaraşın gözləriylə uzaqlara baxan Sükriyyə Cavadın yeri həmişə diqqət çəkirdi. O, şair Əhməd Cavadın həyat yoldaşı idi. Qəlbindəki vətən sevgisi, düşərgənin amansız reallıqlarıyla qarşı-qarşıya idi. Hər axşam çöllərin sönük çılıqlıqları arasından bir gül görərdi. O gül onun üçün azadlığın, sevgisinin rəmziydi.

Buradakı qadınlar həyatın hər cür zərbəsinə dözməyi öyrənmişdilər. Düsərgənin sərt qışqırıq və tələbkar təbiəti hər birini daha dəmir iradəli olmağa vadar edirdi. Amma qəlbləri həmişə yumşaq qaldı. Onlar sevirdilər - azadlığı, ailələrini və bir-birlərini.

Bir gün düşərgədə qaraşın gözləriylə uzaqlara baxan Şükriyyə Cavadın yanında Tamara Xoyskaya oturdu. Onların arasındakı dialoq düşərgənin kədərli fonunda yeni bir ümidin rəmzinə çevrildi.

- Şükriyyə xanım, - Tamara sakit səslə başladı, - Burada keçən hər gün, azadlığımızı bir az daha uzaqlaşdırır, elə deyilmi?

Şükriyyə dərindən nəfəs aldı və uzaqlara baxmağa davam etdi.

-Azadlıq... -deyə pıçıltıyla cavab verdi, - O bizim içimizdədir, Tamara. Bizim xatirələrimizdə, sevgimizdə. Onu heç kim bizdən ala bilməz.

Tamara gözlərini qısıb çöllərin uzaq sərhədinə baxdı.

-Amma bura... bu yerlər... nə vaxtsa buradan çıxa biləcəyikmi? - dedi, səsindəki ümidsizliyi gizlədə bilmədən.

Şükriyyə onun əlini sıxdı.

- Tamara, mən bilirəm ki, bir gün bu divarlar yıxılacaq. Amma o günə qədər qəlbimizdəki azadlıq işığını söndürməməliyik. Mən Əhmədin şeirlərindəki o azadlıq hissini daşıyıram. Bu məni güclü edir.

Tamara göz yaşlarını gizlətməyə çalışaraq başını yellədi.

-Mənim atam da inanırdı ki, ədalət qalib gələcək. Amma bəzən qorxuram ki, bu yuxu heç vaxt gerçəkləşməsin.

Şükriyyə gülümsədi, bu təbəssüm kədərli idi.

-Ədalət bəzən yavaş gəlir, amma gəlir, Tamara. Bu günlər, bu çətinliklər bizi sınamaq üçündür. Biz isə sınmayacağıq.

Bu dialoq düşərgədəki qadınların qəlbində yeni bir işıq yandırdı. Hər bir qadın öz hekayəsində azadlığa və ümidə yer ayırmağa çalışırdı.

Aljir, sadəcə bir məhbəs deyil, insanlığın yoxlanmağının simvolu idi. Buradakı qadınların hekayəsi unudulmamalıdır, çünki onların çəkdiyi iztirablar təkrar olunmamalıdır. Hər bir ad, hər bir tale, hər bir qəlbin dərinliyində Aljirə bağlı bir səslənmə var. Hər bir hekayə, insanlığı yenidən qazanmağın bir yoludur.

 

“Ədəbiyyat və incəsənət”

(16.12.2024)

 

 

 

Понедельник, 16 Декабрь 2024 12:34

Bu gün Şəhid jurnalist Salatın Əsgərovanın doğum günüdür

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bu gün onun anadan olmasının 63-cü ildönümüdür. Amma o, hələ də 30 yaşındadır. 630-cu ildönümündə də 30 yaşında qalacaq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

Salatın Əziz qızı Əsgərova  “Молодежь Азербайджана” (“Azərbaycan gəncləri”) qəzetində çalışırdı, 90-cı illərin əvvəllərində onun işıqlandırdığı məsələlər ölkənin ən vacib problemləri ilə bağlı idi. Qarabağ dərdi, torpaqlarımızın bütövlüyü yazılarının başlıca mövzularına çevrilmişdi.

Tez-tez cəbhə xəttinə gedərək qaynar nöqtələrdən operativ materiallar hazırlayan Salatının ailəsi, iş yoldaşları dəfələrlə bunun qarşısını almağa çalışsalar da, ona mane ola bilməmişdilər.

1991-ci il yanvar ayının 9-da içərisində Salatın Əsgərovanın olduğu maşın Laçından Şuşaya gələrkən, yolun 6-cı kilometrində, Qaladərəsi kəndi yaxınlığında erməni quldurları tərəfindən yaxın məsafədən atəşə məruz qaldı. Tanınmış jurnalist vəhşicəsinə qətlə yetirildi, Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edildi. Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı Fərmanı ilə ona  ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verildi.

Xatirəsi kifayət qədər əbədiləşdirilib Salatın Əsgərovanın: Bakı şəhərində adına küçə var, Bakı buxtasındakı gəzinti kateri onun adını daşıyır, “Təfəkkür” Universitetində büstü qoyulub, yaşadığı binaya barelyefi vurulub, yaxınlığında həlak olduğu kənd “Salatınkənd” adlanır.

 

“Ədəbiyyat və incəsənət”

(16.12.2024)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.