Super User

Super User

 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov “Ədəbiyyat və incəsənət” portalına açıqlama verib. Polkovnik qeyd edib ki, İrəvan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xəbərdarlıqlarından ciddi nəticə çxıarmalı, revanşist qruplara meydan verməməlidir:

“Prezident İlham Əliyev ADA Universitetində təşkil edilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumdakı çıxışında Cənubi Qafqaz regionunun gələcəyi ilə bağlı maraqlı fikirlər səsləndirdi, regionda sülh və təhlükəsizliyin təmininin həm də Ermənistanın atacağı addımlardan asılı olduğunu bildirdi. Həmçinin, dövlət başçısı vurğuladı ki, hazırda Ermənistanda güclü revanşist qruplar mövcuddur. Prezident qeyd etdi ki, Azərbaycan sülh üçün əlindən gələni edib və prosesin tamamlanması üçün Ermənistanın da üzərinə düşən öhdəlikləri yerinə yetirməsi lazımdır. Bir sözlə, dövlət başçısı İrəvana üzərinə düşən məsuliyyəti bir daha xatırlatdı, Ermənistanın nicatının region dövlətləri ilə səmimi əməkdaşlıqda olduğunu söylədi.

Hesab edirəm ki, Ermənistan hakimiyyəti Prezident İlham Əliyevin xəbərdarlıqlarından, çağırışlarından ciddi nəticə çxıarmalı, regional sülh və təhlkəsizlik üçün konkret addımlar atmalıdır. Bu addımlar mahiyyət etibarilə olduqca sadədir. Ermənistan Azərbaycanın sülh səylərini dəstəkləməli, revanşist qrupların regionda vəziyyəti gərginləşdirməsinə imkan verməməlidir. İrəvan anlamlıdır ki. Ermənistan üçün real xilas yolu Azərbaycanın sülh səylərini dəstəkləməkdir və bu variantın heç bir alternativi yoxdur”.

“Ədəbiyyat və incəsənət”

(10.04.2025)

 

 

Tanınmış şair Fəxri Müslüm yeni şeirlərini portalımıza ünvanlayıb. Bu 10 aprel günü həm də onun doğum günüdür. Bu münasibətlə şairi təbrik edir, şeirlərini oxucularmıza təqdim edirk.


İl-il artıb, doldu yaşa, yeddi də

Hələ də, dağların ruhu var məndə,
Dağ  ömrü yaşaram qoşa yeddidə.
Çiçəkli, çəmənli yaşıl yamacda,
Ömrümü  cızardım daşa, yeddidə.

Nə bilərdik, necə keçir il-ildən,
Ayaq yığılmazdı bayırdan, çöldən,
Tutub buraxmazdı xəta da əldən,
Hərdən  iş gələrdi başa, yeddidə.

Dağ-aran yolunda yol uzanardı,
Gözlərdə zirvələr, yal uzanardı,
Yol-izdə qalmağal, qal uzanardı,
Boran da çırpardı qaşa, yeddidə.

Nə yaxşı, ömrün də, yaylağı vardı,
Dodağı göynədən bulağı vardı.,
Yaylıma daşıyan  oylağı vardı,
Günümüz keçməzdi boşa, yeddidə.

Can da  baharıyla,  yazıyla  keçdi,
Alına yazılmış yazıyla, keçdi,
Bir kövrək sim üstə sazıyla keçdi,
Hələ də, göynədir,
Damcı-damcı gözüm yaşı, yeddi də.

Onda şairliyi Allah bilirdik,
Bir bənd fikirləşib tez də, silirdik,
Hiss edib çiçək də, gül də, gülürdü,
Gülürdü, söz naşı, naşı, yeddi də.

Sonra  fikirləri sərhəd haqladı,
Ağrılı, acılı  min dərd haqladı,
Enişli, yoxuşlu min sədd haqladı,
İl-il artıb, doldu yaşa, yeddi də.

Hələ də, dağların ruhu var məndə,
Dağ ömrü yaşaram qoşa yeddidə.
Çiçəkli, çəmənli yaşıl yamac da,
Ömrümü  cızardım daşa, yeddidə.
                                          31.03.25.
 


Bağdan-bağatdan yaz düşüncələri.

Xalları gül üstə gülür yoncanın,
Oyanıb sinəmdə söz, havalanır.
Boy verib vələmir dənə gəlibdi,
Könlümdə baharım, yaz, havalanır.

Almanın puçuru düymə-düymədi,
Vaxtsız düşər deyə əlim, dəymədi,
 Nə yaxşı yan keçib dolu döyməyib,
 Tutulub mehinə  üz, havalanır.

Açıb qanadını tut da göylərə,
Barla müjdə verir hətda, göylərə,
Yonulub çanaqtək düşüb öylərə,
 Gümüşü sim üstə saz, havalanır.

Zoğal bozqurd kimi bozarıb qalıb,
Zoğu xırda-xırda qızarıb qalıb,
Qulluqdan, ya sudan sozalıb qalıb,
Oddan-ocağından köz, havalanır.

Akasiya sığınıb küncə-bucağa,
İynə-tikanından gəlməz qucağa,
Qazanda meyvəsin assan ocağa,
Keçibuynuzundan göz, havalanır.

Şamlar qərib-qərib sıralanıbdı,
Ancaq buludlardan yararlanıbdı,
Boy verib yer-yurddan aralanıbdı,
Sanki mələksayaq naz, havalanır.

Ara-sıra yemlik dəyir gözlərə,
Ha yedikcə taqət verir dizlərə,
Şipşirincə dadın qatır sözlərə,
Ömrümdən-günümdən  iz, havalanır.

Xalları gül üstə gülür yoncanın,
Oyanıb sinəmdə söz, havalanır.
Boy verib vələmir dənə gəlibdi,
Könlümdə baharım, yaz, havalanır.
                                         04.04.25

       

Gedir

Nə sabahı, sabah, nə günü, gündü,

Salıb mısmırığnı sürünüb, gedir.
Yaxşı ki, abırnı çən, duman örtür,
Gecəli, gündüzlü bürünüb, gedir.

Azar bizə qalıb, dərd bizə qalıb,
Yel tutan ayağa, ya dizə qalıb,
O taylı, bu taylı göz-gözə qalıb,
Araz, baxa-baxa, dirənib, gedir.

Nə bu sirr açılır,  nə fal açılır,
Basıbdı basarat nə yol açılır,
O tayda nə örtük, nə şal açılır,
Bir yadın nəfsindən  çiyrənib, gedir.

Bu, hansı səfehdi  başlayır yenə?
Qədim torpağımda qışlayır yenə,
Özü bir ovucdu, quşlayır, yenə,
Qan başa vurduqca kürünüb, gedir.

İndi yalanlar da saman çöpüdü,
Kəfgirlə alınan qazan köpüdü,
Bilən sifətinə elə, tüpürüb,
Künə palanında görünüb, gedir.

Hasan səbbaların çulu düşübdü,
İtirib başını, beli, düşübdü,
Təbrizə hüriyyət yolu düşübdü,
Üçrəngli bayraqla yürüyüb, gedir.

Qapılar taybatay açılar bir gün,
Səhərlər umudla açılar, bir gün,
Haqqın da günəşi ucalar bir gün,
Ziyası könlümlə  dərilib, gedir.

Xalçamda ilmənin yerləri qalıb,
Xalında aypara gülləri qalıb,
Hələ də Turanın sirləri qalıb,
Elə,  nöqtə-nöqtə  aranıb, gedir.

Bu daşı, daş üstə hörüb  gözlərəm,
Hürrün qapısından girib, gözlərəm,
O günü ölmədən, diri, gözlərəm,
Can, kövrək sim üstə girlənib, gedir.

Nə sabahı, sabah, nə günü, gündü,
Salıb mısmırığnı  sürünüb, gedir.
Yaxşı ki, abırnı çən, duman örtür,
Gecəli, gündüzlü bürünüb, gedir.
                                        07.04.25.


Görkəmli rejissor Mərahim Fərzəlibəyova
        (  Zarafatyana )

Heç narahat olma, çox da əfəndim,
Vaxt gələr səksəni, yüzü, yazaram,
Açılar Ay kimi qaşın, qabağın,
Könlünə baharı, yazı, yazaram.

Hopar misralara əməlin, ruhun,
Çəkilər canından kədərin, ahın,
Rejissor işində sənintək şahın,
Sənətdə qoyduğu izi, yazaram.

Səhnə əsərlərin dil açar hər an,
Neçə ürəklərdə gül açar hər an,
Sinəndə bir kövrək tel açar hər an,
“Başsarıtel” üstə sazı, yazaram.

Dönərsən gəncliyə, özə, dönərsən,                       
Quzeyli, güneyli yaza dönərsən,                 
Dəli-dolu eşqdən közə dönərsən,
 Bir Mələk ovqatda nazı,  yazaram.

Onacan dünya da düzələr biraz,
Təzə əsər üstə söz ələr biraz,
Çəkilər sinirdən nizələr biraz,
Sıxıb yaddaşımı düzü, yazaram.

Çevrilər səhnəyə böyür də, baş da,
Oynayar yerindən qaya da, daş da,
Talenin yazdığı həmin o yaşda,
Canda ilmələnmiş sözü, yazaram.

Dost-tanış yaxşıdı yeri düşən də,
Adamı incidər biri, düşən də,
Ya qismət, sən çağır-,  biz görüşəndə,
Banketdə əllini, yüzü, yazaram.

Heç narahat olma, çox da əfəndim,
Vaxt gələr səksəni, yüzü, yazaram,
Açılar Ay kimi qaşın, qabağın,
Könlünə baharı, yazı, yazaram.
                                     20.03.25

 

Yaşadar

Salam, yaz yağışı, salam, göy üzü,

Bu ömrü, bu günü nurun, yaşadar.
Nə yaxşı, ümidlər  torpağa bağlı,
Göyərən  zəmilər, barın, yaşadar.

Adamı yazağzı bağ-bağat çəkər,
Adamı yazağzı tər ovqat çəkər,
Bu eşqin, istəyin hər qatı çəkər,
Gülü  puçur-puçur narın, yaşadar. 

Kəsilməz ayağı suyun, selin də,
Şellənər dənizin, çayın, gölün də,
Zirvənin başında, dağın belində,
Xarlamış, tar olmuş qarın, yaşadar.

Xalıtək yamacdan gözlər güllənər,
Meh əsib keçdikcə üzlər güllənər,
Gecə, böcəklərdən  şərqi yönlənər,
Adamı bir kövrək  xoru, yaşadar. 

Bilirəm kölgələr dərədən keçər,
Könlün də,  körpüsü  bərədən keçər,
Çiçək də, ətirdən,  şirədən  keçər,
Adamı bal üstə arın,  yaşadar.

Şenlənər yurd yeri, şenlənər ellər,
Canlanar canda da arzu, diləklər,
Ocaq çıtır-çıtır, alov, millənər,
Adamı, ya közü, qoru, yaşadar.
 .
Salam, yaz yağışı, salam, göy üzü,
Narın yağışınla, çənlə döy, üzü,
Çaşdırma gözümdə gecə, gündüzü,
Bu canı, bu ömrü yarı, yaşadar.

Salam, yaz yağışı, salam, göy üzü,
Bu ömrü, bu günü nurun, yaşadar.
Nə yaxşı, ümidlər  torpağa bağlı,
Göyərən  zəmilər, barın, yaşadar.
                                       21.03.25


Hava sapı qaçmış paltar kimidi

Hava sapı qaçmış paltar kimidi,
Küləyin ağzında cındırı çıxır.
Bu keçən qaraçı köçümü belə?
Nə yaxşı, şaxtadan can diri çıxır.

Göylərin üzündə buludlar kövrək,
Kipriyi yaş üstə bir himə bənddi.
Bu dəli  küləyin, yelin əlindən,
Ağlamaq  bir telə, bir simə bənddi.

Yazağzı sopsoyuq qılınc kimidi,
Döyüş meydanında savaş axtarır.
Cibi mədəsitək boş olanlar da,
Künə bir kafedə bozbaş axtarır.

Sükuta qərq olub şəhər də, kənd də,
Yazın da ilk günü şəhidlə bitdi,
Namərdlik elədi dağların qarı,
Qışı  da mərdimlə, igidlə bitdi.

Tanrıda,  hörmətə, izzətə bir bax,
Bu hava  “ Pasxanı” gözləyə gərək.
Əl qoya əkinə, tarlaya biraz,
Onların nazını izləyə gərək.

Yazın  qaranquşu  gecikir yenə,
Dağılmış yuvanın  çöpü yellənir,
Küləyin ağzında, yelin ağzında,
Çarpaz bağlaması, ipi yellənir.

Yer  var ki,  göylərdən od-atəş yağır,
Yer də var, nə haqqı, düzü bilən döy.
Dünya da tərsinə dönmədən belə,   
Bu köpək can verən,  nə də, ölən döy.

Hava sapı qaçmış paltar kimidi,
Küləyin ağzında cındırı çıxır.
Bu keçən qaraçı köçümü belə?
Nə yaxşı, şaxtadan can diri çıxır.
                                      23.03.25.


Bu günün

Elə yaxşıdı ki, hava da, göy də,
Günəşi gözlərdə gülür, bu günün.
Bulud da çəkilib küncə-bucağa,
Kölgəsi,  güneydə  ölür, bu günün

Könül puçur-puçur qönçələnibdi,
Bahar-yaz  üstündə cilvələnibdi,
Əllər  salavatda,  çömçələnibdi,
Göylərlə duasın bölür, bu günün.

Ağac çiçək-çiçək umud yeridi,
Tanrının dağından, daşdan bəridi.
İllərlə dolanan yadın şəridi,
Səsi, Urmiyadan gəlir, bu günün.

Meh ovqat oxşayır, canı oxşayır,
Açılan səhərlər, danı, oxşayır,
Nədənsə, hələ də, zaman axsayır,
Yaddaşda ağrısı qalır, bu günün.

Hələ də, hal-əhval nağıldan keçir,
Hər kəs uşaqlaşıb noğuldan keçir,
Elə çaqqallar var, ağıldan, keçir,
Üstünü qaramat alır, bu günün.

Günəş də, gah itir, gah üzə çıxır,
Dərd-azar gah belə, gah dizə çıxır,
Nə yaxşı, gecələr gündüzə çıxır,
Yazannı, pozannı bulur, bu günün.

Keçir  ömrümüz də, ilmədən belə,
Bilərəkdən, ya da bilmədən, belə,
Keçəmmir kəlamdan, kəlmədən belə,
Çəkib  gündəliynə salır, bu günün.

Elə yaxşıdı ki, hava da, göy də,
Günəşi gözlərdə gülür, bu günün.
Bulud da çəkilib küncə-bucağa,
Kölgəsi,  güneydə  ölür, bu günün
                                        28.03.25.


Bakıya

Qovlamısan çəni dağlar,

Gəlib çıxıb düz, Bakıya.
Bəs etmirmi tüstü filan,
Neftin iyi, qaz, Bakıya?

Hələ şirin yuxudasan,
Aya-günə yaxındasan,
Qışın da son oxundasan,
Erkən gəlir yaz, Bakıya.

Hər gün bir boy, ərik qalxır,
Boydan uca hörük qalxır,
Villalardan can karıxır,
Batman  gəlir söz, Bakıya.

Çaqqal da var, qudurubdu,
Yoxdan  qanun uydurubdu,
Özgə mülkü sökdürüb də,
Hərdən edir naz, Bakıya.

Elə bağ var künə qalıb,
Darvazası günə qalıb,
Dərd qıfılbənd, simə, qalıb,
Aça bilmir saz, Bakıya.

Yenə tezdən çən duruxdu,
Hər tərəfim  sədd, qoruxdu,
Yad, yarımçıq, yad, qırıxdı,
Çəkibdi dağ, köz, Bakıya.

Qovlamısan çəni dağlar
Gəlib çıxıb düz, Bakıya.
Bəs etmirmi tüstü filan,
Neftin iyi, qaz, Bakıya?
                         29.03.25.

 

“Ədəbiyyat və incəsənət”

(10.04.2025)

 

Четверг, 10 Апрель 2025 07:36

Prezident yeni mərhələnin konturlarını açdı

Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün

 

Azərbaycan Prezidenti İlham Əliyevin ötən gün (09.04.2025-ci ildə) Bakıda - ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” adlı beynəlxalq forumda səsləndirdiyi fikirlər sadəcə diplomatik ismarıc deyildi – bu fikirlər Azərbaycan-Türkiyə-KKTC üçbucağında yeni mərhələnin ideoloji konturlarını müəyyən edən açıqlama idi.

 

Bu çıxış, beynəlxalq siyasətdə cəsarətli mövqe nümayişi ilə yanaşı, tarixi ədalətin səsi kimi yadda qalacaq.

Doğrusu, iki qardaş ölkəmizlə bağlı (bəlkə də doğru çıxmaz deyə) dəqiqləşdirməyə ürək etmədiyim məyusedici bir xəbər fonunda, Bakıdan Lefkoşaya uzanan möhtəşəm çağırış mənim üçün yeni bir qürur qaynağı oldu.

Qardaşlarımızın Kıprısın rum kəsimində elçilik açmalarına dair xəbər ya doğru olmamalıydı, ya bu addımdan geri çəkilməliydilər, ya da bu xəbəri üstələyəcək sevindirici bir xəbər almalıydıq – aldıq!

Prezident İlham Əliyev ikili standartlara qarşı öz haqq səsini bir bayraq kimi ucaltdı!

 

Prezident Əliyev çıxışı zamanı 2004-cü ildə keçirilən Kıbrıs referendumu ilə bağlı BMT Baş katibinin çağırışını və sonucda rum tərəfinin birləşməyə qarşı çıxmasına baxmayaraq, Avropa Birliyinə üzv qəbul edilməsini xatırlatdı. Bu, sözün əsl anlamında ikili standartın Avropa diplomatiyasında necə kök saldığını göstərən bariz örnəkdir. Azərbaycan dövlətinin başçısı bu ədalətsizliyə toxunmaqla, beynəlxalq ictimaiyyətdə (necə deyərlər) susdurulmuş bir həqiqəti səsləndirdi.

Prezidentin “Bizim bu sahədə başqa gündəliyimiz yoxdur. Biz yalnız qardaşlarımıza necə kömək edə bilərik, onu düşünürük” sözləri, Azərbaycan diplomatiyasının dərin qardaşlıq və əlbəttə, haqq-ədalət fəlsəfəsinə söykəndiyini sübut edir. Bu, təkcə siyasi açıqlama deyil – həm də Azərbaycanın öz milli maraqlarını ümumtürk qardaşlıq maraqları ilə uzlaşdırma bacarığıdır. KKTC-nin dövlətçiliyinə, müstəqilliyinə və beynəlxalq tanınmasına yönəlmiş bu açıq ismarıc, bölgədə formalaşmaqda olan yeni geosiyasi düzənin xəbərçisidir.

 

Bu çıxışla, Azərbaycan rəhbərliyi faktiki olaraq mənəvi ittifaq fəlsəfəsinin praktik konturlarını sərgilədi. Artıq Bakı yalnızca Ankara ilə deyil, Lefkoşa ilə bağlı da öz sözünü açıq şəkildə bölüşür. KKTC-nin beynəlxalq hüquqla tanınması yönündə Azərbaycan kimi önəmli bir ölkənin açıq dəstəyi, türk dövlətləri üçün də yeni yol xəritəsi ola bilər.

 

Ayrıca, biz bununla yeni dünya düzənində öz layiqli yerimizi də prinsipial olaraq müəyyənləşdiririk.

Forumun adı təsadüfi deyildi - bəli, “Yeni dünya nizamına doğru”! Prezident Əliyevin çıxışı, Azərbaycan-Türkiyə-KKTC üçlüyünün timsalında Türk dünyasının bu yeni düzəndə necə və harada mövqe tutacağını nümayiş etdirən manifest xarakteri daşıyır. Yəni, bu, Türk Dövlətləri Təşkilatı (TDT) içində, həm də daha geniş coğrafiyada birlik və həmrəylik çağırışının özüdür.

 

Bəli, zaman bizi təsdiqləyir!

Azərbaycan bu gün təkcə iqtisadi və enerji mərkəzi olaraq deyil, həm də geosiyasi əxlaqın daşıyıcısı kimi çıxış edir. Prezident Əliyevin KKTC ilə bağlı tarixi çağırışı, zamanın vicdanını səsləyən açıqlama idi. Bu açıqlama ilə birlikdə, Azərbaycanın Türk dünyasında liderlik rolu daha da möhkəmləndi. 

Özü də, axı bu yalnız indi və yalnız bir dəfə ifadə edilmiş mövqe deyil. Gəlin yada salaq:

- Tarixən, KKTC Türk dünyasının bir parçasıdır. Orada yaşayan türklər bizim qardaşlarımızdır;

- Azərbaycan olaraq, KKTC-nin Türk Dövlətləri Təşkilatına tamhüquqlu üzv olmasını dəstəkləyirik. Bu çox təbiidir, çünki tarixən KKTC Türk dünyasının bir parçasıdır;

- Azərbaycan bütün Türk dünyasında birləşən qardaşlarımızın hər zaman yanında olubdur. -  KKTC-nin TDT-nin müşahidəçi seçilməsini çox sevindirici hal adlandıran Azərbaycan Prezidenti 2023-cü il sentyabrın 7-də belə deyirdi: “Bu münasibətlə bütün türk qardaşlarımızı ürəkdən təbrik edirəm! Bu, bir daha bizim birliyimizi göstərir, bir daha iradəmizi göstərir. Onu göstərir ki, biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq”! -

- Bunlar KKTC haqqında geniş rezonans doğuran fikirlərindən yalnız kiçik bir bölümüdür.

 

Bəli, Prezident İlham Əliyev KKTC ilə bağlı bir sıra önəmli və tarixi əhəmiyyət daşıyan fikirlər səsləndirib. Onun çıxışlarında ardıcıl olaraq qardaşlıq, ədalət, beynəlxalq hüququn prinsipləri və Türk dünyası ilə həmrəylik vurğulanır.

Prezident İlham Əliyev “Quzey Kıprıs Türk Cümhuriyyəti” ifadəsini beynəlxalq platformda - Türk Dövlətləri Təşkilatının Səmərqənd (2022) Zirvəsində

açıq şəkildə işlətdi və KKTC nümayəndə heyətini təşkilatın Zirvə toplantısında salamlamaqla əsl diplomatik dəstək verdi.

 

Türk Dünyası Media Platforması üçün 2023-cü il müsahibəsində də İlham Əliyev KKTC-nin tanınmasını, təkcə Kıprıs türklərinin deyil, bütün Türk dünyasının məsələsi kimi xarakterizə etdi. 

 

İlham Əliyev dəfələrlə çıxışlarında Kıprıs türklərinə qardaş xalq deyə müraciət edib, onların uzun illərdir üzləşdiyi haqsızlıq və beynəlxalq izolasiya siyasətini tənqid edib.

 

Azərbaycan və KKTC arasındakı bağların inkişafı, təkcə iki dövlət üçün deyil, bütün Türk dünyası üçün strateji önəm daşıyır. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan, KKTC-nin beynəlxalq aləmdə tanınması və haqlarının müdafiəsi istiqamətində mühüm addımlar atmaqdadır. Bu münasibətlərin daha da möhkəmlənməsi, bölgəsəl sabitlik və işbirliyi üçün yeni imkanlar yaradacaqdır.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

“Ədəbiyyat və incəsənət”

(10.04.2025)

Четверг, 10 Апрель 2025 18:11

Varlıqda yox olmaq - ESSE

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

 

Bir zamanlar yoxluqda var olmağı bacaran biz, indi varlıqda yox olmaq üzrəyik. Nəitirdik? Nə qazandıq?

 

Yoxluqda bir tikə çörəyə, bir damla suya, bir sözə belə dəyər verirdik. Hər şey çətinidi, ancaq var idik. Çətin olsa belə, yaşamaq, var olmaq özü bir səbəb idi. Birlik vədəyər var idi. Və sahib olduğumuz dəyərlər bizi hər çətinliyə qarşı güclü edirdi.

Qazancımız çox olmasa belə, itirəcəyimiz heç nə yox idi.İndi isə hər şey var. Bolluq içindəyik: texnologiya, rahatlıq, geniş imkanlar, azadlıq və daha çoxu... Ancaq biz bu imkanların içində özümüzü, ruhumuzu yoxsul hiss edirik.

Sanki hər şeyimiz var, ancaq heç nəyimiz yoxdur. Yoxluq bizi birləşdirərkən, varlıqbizi bir-birimizə qarşı yadlaşdırdı.

İndi dəyişən nə oldu? Zaman, yoxsa biz?

Bir zamanlar əlindəkini, sahib olduqlarını paylaşan biri indi sərvətini gizlədir. Birzamanlar həqiqəti danışan dillər indi susur, səssizliyə çəkilir. Bir zamanlar birlik olaninsanların indi yolları ayrıdır. Birlikdə çörək kəsən, dərdini paylaşan insanlar idik. İndihər kəs yalnızdır – çoxluqda olsa belə. Varlıq gəldi, birlik getdi...

Zaman keçdikcə güvən, etibar, xoşbəxtlik, dostluq, sevgi – bizi birləşdirən buduyğular – indi bizə yadlaşan şeylərə çevrilir. Artıq tanımadığımız insanlaraçevrilmişik – həm özümüzə, həm də bir-birimizə.

Bəs görəsən, o köhnə xatirələri yenidən xatırlamaq, içimizdəki “bizi” oyatmaqmümkündürmü? Yoxluqda var olmağı bacardığımız kimi, varlıqda da var olmağıbacaracağıqmı?

 

“Ədəbiyyat və incəsənət”

(10.04.2025)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Yüksək peşəkar səviyyədə hazırlanmış Vaqif türbəsi qoruq şəhər olan Şuşanın memarlıq üslubuna yeni bir nəfəs gətirmiş gözəl abidədir.

 

1967-ci ildə Şuşada olarkən Heydər Əliyev Vaqifin məzarını ziyarət etmək istəmiş, lakin məzarı tapa bilməmişdir. Onun göstərişi ilə məzar tapılmış və Vaqifin məzarı üstündə 1980-1981-ci illərdə abidə, türbə tikilmiş və 1982-ci ilin yanvar ayında Heydər Əliyevin iştirakı ilə təntənəli açılışı olmuşdu.

Türbə AMEA-nın həqiqi üzvü, sənətşünaslıq doktoru Əbdülvahab Salamzadə və əməkdar memar, memarlıq üzrə elmlər namizədi Eldar Kanukovun layihəsi əsasında tikilmişdir. Vaqif türbəsi Şuşanın cənub-qərb tərəfində, bayram şənlikləri və cıdır yarışları təşkil edilən məşhur Cıdır düzündə, şairin həlak olduğu və dəfn edildiyi qayalı təpədə ucalır.

Şairin türbəsinin inşası məsələsi həll edilərkən, ətrafdakı dağ mənzərəsi və şəhərsalma xüsusiyyəti nəzərə alınmış, Azərbaycanın qülləvari türbələrinin kompozisiya quruluşundan istifadə edilmişdir. Türbənin inşasında müəlliflərin xalq memarlığının yerli ənənələrinə, monumental-dekorativ və tətbiqi plastika vasitələrinə geniş müraciət etmələri diqqəti cəlb edir.

1992-ci il mayın 8-də Ermənistanın silahlı dəstələri işğala məruz qoyduqları Şuşa şəhərində mədəniyyət nümunələrinə qarşı vandalizm aktları törətmiş, Vaqifin məqbərəsini dağıtmışlar. 

İkinci Qarabağ müharibəsində qələbəmizdən sonra isə  Molla Pənah Vaqif türbəsi üzərində  abadlıq işləri aparılıb.

Abidənin hər detalında tarixi görkəm qorunub saxlanılıb. Abidə kompleksinin bütün infrastrukturu yenidən qurulub, yağış suları üçün drenaj xətləri və elektrik xətləri çəkilib quraşdırılıb. Landşaftda istinad divarları və meydança tarixi görkəmi çərçivəsində qranitlə üzlənib. Eyni zamanda ətrafda o dövrün şəkillərində əks olunduğu kimi, müxtəlif növ qızılgül kolları əkilib.

2021-ci il avqustun 29-da Şuşada dahi Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı olub. AR Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(10.04.2025)

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə Ədəbiyyatımızı tanıdaq layihəsində bu gün sizlərə İlkin Özün şeirləri təqdim ediləcək, 

 

Hərdəmxəyal silsiləsi

 

*

İstəmirəm Adəm olum, günahı mən yaradım.

İstəmirəm həqiqəti məscid, məbəd, 

kilsələrdə axtarım.

İstəmirəm, güzgüyə baxıb 

Allahı orda tapım.

 

*

Göz yaşının mənbəyi

Buza dönmüş ürəkdi.

Bəs sentimental adamlar

Onda kimə gərəkdi?!

 

*

Ən optimal terapiya

və ən uğurlu motivasiya

Gözəl qızlarla 

söhbət etməkdi.

 

*

Ağ Bayraqlar

Ölkəsində

Qırmızıya yoxdu yer!

 

*

İndi biz bir telefon məsafəsi qədər

Uzaqda olsaq da, 

səsimiz bir-birimizə çatmır.

 

*

Xoşbəxt olmaq çətin deyil.

Bir fincan kofe,

maraqlı, bir kitab 

və bir qutu siqaret bəsdi.

 

*

Artıq heç nə vecimə deyil,

Ağ şaxtaya meydan oxuyan

Pinqivinlərdən və ayaq altda qalan

qarışqalardan başqa...

 

*

Yerdə qalanlar

"Günəşə daş atır,

it hürür, karvan keçir", - deyə

ucuz şairlər bahalı qəfəsdə

hey fikirləşir...

 

*

Səni sevmək üçün gəldim dünyaya,

Heyif, başqasına vuruldum...

 

*

Demos yuxuda gördü ki,

Demokratiya, əslində, seçmək üçün yox,

susmaq üçündü...

 

*

Qışa nifrət edirəm,

amma qarı sevirəm...

Dənizə nifrət edirəm,

amma balıqları sevirəm...

Qaranlığa nifrət edirəm,

amma gecəni sevirəm...

Sevgiyə nifrət edirəm,

amma səni sevirəm...

 

*

Nankorluq -

Günəş doğanda

Elektrik lampalarını

söndürməkdi.

 

*

Qadın tanrıtək qurban tələb edir!

Məsələn, onlara gül alarkən

çiçəkləri uğruna 

öldürdüyümüzü zənn edir...

 

*

Hər kəsin həyat fəlsəfəsi fərqlidir.

Yağış yağarkən kimsə axtarır çətir.

Kimsə torpaqdan gələn ətri

Ürəkdolusu içinə çəkir...

 

*

Bir gecə izləyirsənsə

Küləklərin rəqsini,

Bil ki, həmin külək

Səsindəki musiqini duyub...

Yox, əgər qulaqlarına çatırsa,

Qapqaranlığın qulaqbatıran səsi,

onda bil ki, Zülmət belə

məni dinləməkdən yorulub...

 

Riyazi poeziya

 

Bəzi insanların mənası,

bəzi misalların həlli

yox idi.

Kəsr xətti:

Surətdə sənin qiymətin,

Məxrəcdə "sıfır" kimi.

 

İkilik

 

İkilik say sistemində

iki rəqəm:

Bir mənəm, 

Sıfır sən.

 

Təklik

 

Biz əvvəl təkdik,

ikilikdə birləşdik.

Sonra ikiyə bölündük,

indi isə heçik...

 

Yaranış

 

Dostum P.Məmmədova

 

Tanrı həyatı,

həyat ədəbiyyatı, 

ədəbiyyat mədəniyyəti,

mədəniyyət isə bəşəriyyəti 

yaratdı...

 

Absurd

 

Həmkarım Azər Ərziyə

 

Şair, hələ

əsas məsələ

doğru insanı tapmaq yox, 

yanlış insanı sevməkdir.

 

Xülya

 

Bir yaz günündə

tanımadığım küçədə 

göz-gözə gəldiyim

gözəl qız mənə

söz verə:

Söz verə ki, 

hər səhər gözəlliyiynən öyünən 

sarımtıl saçlı Günəşin acığına 

uzaqlaşaq hər kəsdən...

Aylı gecə... sən və mən

söhbətləşək, 

şeirləşək,

sözləşək...

isitsin bizi külək.

Üşüsün "bəlkə"lərimiz,

qovuşsun boz kölgələrimiz...

 

Üçlük

 

Sofiyaya

 

Görən, hansı qüvvəydi,

bizi o gün rast salan:

Tanrı, Tale, yoxsa baxt?!

 

Eyni şəhər, eyni küçə, 

eyni vaxt

Səni görcək birdən-birə 

dəyişdi...

 

...Sonra əlimiz üstə

İtmi hürdü, bilmirəm?

 

Kənarlaşdım şəhərdən,

Küsdü küçə bir anda.

 

Düşdü əqrəblər qışa,

Daşa döndü zaman da.

 

Görən, kimdi günahkar,

Tanrı, Tale, yoxsa baxt?!

 

Həmin şəhər, həmin küçə, 

həmin vaxt

Mənə yaddı, mənə yaddı, 

mənə yad...

 

(Lənkəran-Cəlilabad)

 

“Ədəbiyyat və incəsənət”

(10.04.2025)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

 

 

 

Sizlər üçün seçdiyim qəribə və maraqlı məlumatlardan ilk 5 dənəsini diqqətinizə çatdırıram.

 

 

 

1. Timsahlar dilini çölə çıxara bilmir – Onların dili damaqlarına yapışıb, bu səbəbdən yeməyi udurlar, çeynəmirlər.

 

 

 

2. Venesuelada “Catatumbo ildırımı” adlı təbiət hadisəsi var – Orada ildə 260 gün ərzində eyni yerdə ildırım çaxır. Bu, dünyada ən çox ildırım çaxan yerdir.

 

 

 

3. Dünyada ən böyük səhralıq Səhrə (Sahara) deyil, Antarktidadır – Çünki səhranın əsas meyarı – çox az yağıntı almasıdır, və Antarktida da buna cavab verir.

 

 

 

4. Oktopuslar (ahtapotlar) üç ürəyə sahibdir – İki ürək qanı qəlsəmələrə, biri isə bədənə pompalyayır. Maraqlısı budur ki, üzərkən bədənə işləyən ürək dayanır.

 

 

 

5. İnsanlar 60 mindən çox düşüncə keçirir bir gündə – Amma bu fikirlərin çoxu təkrar olan və ya mənfi düşüncələrdir.

 

 

 

Sizlər bəs hansı maraqlı hadisələr barədə bilgilisiniz? Həmən yazın, bölüşək.

 

 

 

“Ədəbiyyat və incəsənət”

 

(10.04.2025)

 

 

 

 

 

 

Четверг, 10 Апрель 2025 16:06

SÜDABƏ SƏRVİ - Həmişə irəliyə baxan xanım

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

 

 

 

 

Bugünki söhbətimin qəhrəmanı şair, publisist, jurnalist Südabə Sərvidir. Sərvi təxəllüsünü ona mərhum şair İlyas Tapdıq verib.

 

Bu gün Süqdabə xanımın növbəti ad günüdür...

 

 

 

Nəsib Abid onun haqqında yazır:- “İlham, ruhun həyat atəşindən yaranan sevgidir. İlham, insanın könül dünyasının odu, atəşidir. İlham, insanın qəlb evinin yanan çırağıdır. Şair Südabə Sərvinin şerlərində, insanın yaşam döngüsünün, həyati rəngarəngliyinin tablosu var...”

 

 

 

Südabə Sərvi Göyçayda dünyaya gəlib. ADPU-nun Filologiya fakültəsini bitirib. Bir müddət Göyçayda 7 saylı tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyib. Eyni zamanda rayonda çıxan “Yeni həyat” qəzetinin əməkdaşı və rayon Gənc Müəllimlər Şurasının sədri olub. 1996-cı ildən Bakıda “Hürriyyət”, “525-ci qəzet”, “Respublika”, “Ekspress” qəzetlərində köşə yazarı kimi fəaliyyət göstərib. Yüzlərlə publisistik məqalənin, dəyərli şəxsiyyətlərdən götürdüyü müsahibələrin, mənəviyyatla bağlı yazıların müəllifidir. 2003-2005-ci illərdə Azərbaycan Dövlət Radiosunda, “Qərib axşamlar” proqramında ssenarist-redaktor kimi çalışıb. 2005-2010-cu illərdə İctimai Televiziyanın Ədəbi Verilişlər redaksiyasında ssenarist-redaktor kimi ədəbi verilişlər hazırlayıb. O, 2010-cu ildə ANS TV Şirkətlər Qrupuna, ölkədə çox populyar olan “EL” jurnalına şef-redaktor kimi dəvət olunub. Bir müddət bu vəzifədə işləyib. Hazırda isə AYB-də məsul vəzifədə çalışır. AYB-nin yaranmasının 75 illiyi münasibətilə ərsəyə gətirilən 30 dəqiqəlik filmin ssenari müəllifi və redaktorudur. Film bu gün də İctimai Televiziyanın fondunda saxlanılır...

 

 

 

Deyir ki:- “Bəzi adamları anlaya bilmirəm. Görəsən, klassik şair və yaıçılara qarşı bu qədər kin, nifrət hardandı onların içində? Hərəsi bir söz deyib, onları aşağılamağa çalışır. 37-ci il olsaydı, bu sözləri deyə bilərdilərmi? Xatırladım ki, 37-ci ilin qorxusu bütün sahələrdə uzun müddət insanların beyinlərdən getmədi. Hətta Stalinin ölümündən sonra çox illər ədəbiyyatda "bığ" sözü işlədilmədi. İnanmırlarsa, o illərin tarixini qaldırıb, baxa bilərlər. Və 90-cı illərə qədər bu qorxu bəzi yaşlı yazarlarda davam etdi. Yadımdadır, 1999-cu ildə yazıçı Manaf Süleymanovdan o illər haqqında müsahibə götürəndə çantamdan diktafonu çıxardım, dərhal sifəti ciddiləşdi və sərt şəkildə dedi ki, diktafonu söndürüm. Yoxsa heç nə deməyəcək. Sözüm bu gün ədəbi senzuranın olmadığı bir zamanda ağızları isti yerdə olub da söz azadlığından gen-bol istifadə edənlərədir! İndi kimisə "satqın", "xain" çıxartmağa nə var ki?”

 

 

 

Necə deyərlər, odlu-alovlu, cəsarətli xanımdır. İnadkar, iradəli və qətiyyətlidir. Sözü üzə deməyi, haqqı tələb etməyi bacarır. Yerində saymağı xoşlamır, hərəkət onun üçün çox vacib məsələdir…

 

 

 

“Mən Məhəmməd Əmin Rəsulzadıni Səməd Vurğunun şeiriylə tanıdım. "Millət rəhbəri Rəsulzadə" deməklə şair onun böyüklüyünü şüuraltı yeridirdi beynimizə. Acı da olsa, etiraf edəcəm, ermənilər tarix boyu öz yalanlarını dünyaya sırımaq üçün istedadı oldu olmadı, həmmillətlərini qabağa verirlər. Bu gün Rusiya televiziyalarında görün nə qədər erməni var? Biz isə doğru olanlarıımızı da tanıda bilmirik. Başımız qarışıb şər-böhtana, klassikləri, o cümlədən zəmanəmizin istedadlıarını daşlayırıq. Səd heyif!”- söyləyir.

 

 

 

Onun “Döz görüm” adlı ilk şeirlər kitabı 2003-cü ildə çap edilib. Daha sonra bəstəkar Emin Sabitoğlu haqqında “Bu dənizin gözü yaşlı sənsiz”, türk dünyasının böyük yazarı Çingiz Aytmatov haqqında “Mən Manasın oğluyam”, “Bəstəkar Qara Qarayev”, "Tarın məcnunu", "Tikdim ki izim qala", Xalq yazıçısı Anarın həyat və yaradıcılığından bəhs edən “Anar fenomeni” publisistik, Qarabağ-Xocalı faciəsinə həsr olunan “Alyoşa əfsanəsi”, şəhid Milli Qəhrəman Çingiz Babayev haqqında “Əfsanəvi qəhrəman”, 1-ci Qarabağ şəhidlərinə həsr olunmuş "Açılmayan güllə" kitablarının müəllifidir. “Mən Manasın oğluyam” kitabı qırğız, rus, ingilis dillərinə tərcümə olunub və 17 ölkədə təqdimatı keçirilib...

 

 

 

Deyir ki:- “Gözəl xatirələr unudulmur. 15 il əvvəl ANS-in “EL” adlı bir jurnalı vardı. O vaxt arxivlərə girərək araşdırıcı yazılar hazırlayırdıq və inanın ki, jurnalın hər nömrəsini almaq üçün oxucular ANS-in həyətinə qədər gəlirdilər. Oxumağa maraq da güclüydü o vaxt. Həqiqətən ANS bir məktəb olub. Bunu danmaq olmaz! Heyif ki, o cür jurnal Azərbaycanda bir daha çıxmadı...”

 

 

 

2010 və 2014-cü illərdə Dövlət Sərhəd Xidmətinin təşkil etdiyi vətənpərvərliklə bağlı hekayə müsabiqəsində onun “Mənim əsgərim” və “Qorxmaz” hekayələri xüsusi mükafata və Fəxri diplomlara layiq görülüb...

 

 

 

Çətinliklər onu ruhdan salmır, əksinə, həvəsləndirir, amma çox səbirsizdir. Qayğıkeş və insanpərvərdir. Hətta başqalarının hüquqları üçün mübarizə aparmaqdan çəkinmir. Nə qədər ki, inanır, o, bütün gücü və əzmi ilə bir məqsəd uğrunda mübarizə aparacaq. Sonsuz nikbindir, geriyə baxmağı xoşlamır, həmişə irəliyə baxır. Amma uşaq kimi saf və səmimidir. Fəqət kimsə onu tənqid etməyə cəsarətlənirsə, o insan özünü müdafiə etməyə hazır olmalıdır. Çünki bu xanım, cavab verməkdən qorxmur...

 

 

 

Bəli, biz Südabə Sərvini növbəti ad günü münasibətlə təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayırıq.

 

 

 

“Ədəbiyyat və incəsənət”

 

(10.04.2025)

 

 

 

 

 

 

Четверг, 10 Апрель 2025 15:40

Türk sözünün yaranması və tarixi mənası

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun “Ədəbiyyat və incəsənət” portal ilə birgə Türklərin tarixi layihəsində bu gün sizlərlə Türk sözünün yaranması və tarixi mənası barədə danışacağıq.

 

"Türk" sözü zəngin və mürəkkəb bir tarixi fonə sahibdir və bu sözün mənşəyi, çoxsaylı dil, mədəniyyət və etnik təsirlərlə formalaşmışdır. Bu yazıda, "türk" sözünün yaranmasını və zamanla necə geniş bir mənaya sahib olduğunu araşdıracağıq.

  1. "Türk" sözünün ilk istifadəsi

 Türk sözünün ən erkən qeyd edildiyi mənbələrdən biri, Orxon yazıtlarıdır. Bu yazıtlar, Göytürk imperiyasının hakimiyyəti dövrünə aiddir (VI əsr). Orxon-Yenisey abidələrindəki yazılarda, "Türk" sözü dövlətin və xalqın adı olaraq qeyd olunur. Bu dövrə aid olan yazılarda, "Türk" sözü, təkcə bir etnik qrupun adını deyil, həm də siyasi bir kimliyi ifadə edir.

  Göytürk dövlətində "Türk" sözü, bu dövləti qurmuş və idarə etmiş xalqı təmsil edirdi. Bu dövrdə "Türk" yalnız bir xalqı deyil, həm də Orta Asiyada müəyyən bir güc və varlılıq simvolunu ifadə edirdi.

  2. Türk sözünün əsl mənası və kökləri

 "Türk" sözünün mənşəyinə dair bir neçə fərqli nəzəriyyə mövcuddur. Bəzi alimlər, bu sözün kökünü "türi" və ya "turük" kimi qədim türk dillərinə bağlayırlar ki, bu da "güclü", "cəsur" və ya "yüksək" mənalarına gəlir. Başqa bir ehtimala görə, "Türk" sözü, Orta Asiyanın qədim türk qəbilələrinin özlərini tanıtdığı bir söz ola bilərdi və bu, zamanla genişlənərək, bütün türk xalqlarının ümumi adı halına gəlmişdir.

 Başqa bir ehtimala görə isə, "Türk" sözü, Türkic dil ailəsinə mənsub olan bir çox etnik qrupun birləşməsini ifadə etmək üçün istifadə olunmuşdur. Məsələn, qədim dövrlərdə Orta Asiyada yaşayan müxtəlif türklər və onların müxtəlif qəbilələri bir-birinə yaxın dil və mədəniyyətlərə sahib idilər, buna görə də "Türk" sözü bu qrupların ümumi adı olaraq qəbul edilmişdi.

  3. Türk xalqının yayılması və "Türk" sözü

 Zamanla, Orta Asiyada yaranan böyük türkdilli dövlətlər və imperiyalar, "Türk" sözünün coğrafi və etnik sərhədlərini genişləndirdi. Hun imperiyasından, Selçuklulara və Osmanlılara qədər, türk xalqları geniş ərazilərdə yerləşdilər. Hər yeni dövlət və imperiya ilə "Türk" sözü, yalnız bir etnik qrupun adı olmaqdan çıxıb, həm də bir mədəniyyətin, dilin və tarixin təmsilçisi halına gəldi.

Məsələn, Osmanlı imperiyasının genişlənməsi ilə "Türk" sözü, təkcə Orta Asiyadakı türkləri deyil, həm də Balkanlar, Anadolu və digər regionlarda yaşayan türkləri əhatə etməyə başladı. Bu dövrdə "Türk" sözü həm etnik, həm də siyasi mənada istifadə olunmağa başlandı.

  4. "Türk" sözünün müasir anlamı

 Günümüzdə "Türk" sözü, təkcə Orta Asiya və Anadolu regionlarında yaşayan bir xalqı deyil, dünya üzrə geniş yayılmış və bir çox ölkədə yaşayan türkdilli xalqları təmsil edən bir anlayışa çevrilib. Bu anlayış, həm də bir dil, mədəniyyət və ümumi tarixi mirası ifadə edir. "Türk" sözü, bir xalqın kimliyini, tarixini və mədəniyyətini simvollaşdırır, eyni zamanda türk dövlətlərinin və onların birliyinin bir işarəsi kimi də istifadə edilir.

 "Türk" sözü, zəngin bir tarixi və mədəni mənşəyə malikdir. İlk olaraq, Orxon yazıtlarında dövlətin və xalqın adı kimi istifadə olunan bu söz, zamanla genişlənərək, müxtəlif türk xalqlarının ümumi adı halına gəlib. Bu söz, həm etnik, həm də siyasi bir kimliyi simvollaşdırır və türklərin tarix boyu qurduqları dövlətlər, mədəniyyətlər və dillər ilə birləşən bir anlayışa çevrilmişdir. Bu gün də "Türk" sözü, dünya miqyasında güclü bir kimlik və tarixə sahib olan bir xalqı təmsil edir.

“Ədəbiyyat və incəsənət”

(10.04.2025)

 

 

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.

 

Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.   

 

Təbiidir ki, illərdir bir çox müəlliflər uğur qazanmağın yollarını göstərmək niyyəti güdən kitablar yazıblar. Onların içində adı dünyalarca məşhurlaşanlar, ən tanınmış motivasiya spikeri adını alanlar da var, yazdıqlarını bestseller səviyyəsinə daşıya bilməsələr belə, kütləvi oxucu qazanmaq şərəfinə nail olanlar da var, heç bir iz qoya bilməyərək yazdıqlarının makulaturaya çevrilməsiylə barışanlar da var.

Əlbəttə ki, mən öz tədqiqatım boyunca ən çox səs-küy qoparan «uğurqazanma bestsellerlərinə» toxunacağam. Oxuculara oxunması məsləhət görülən bu bestsellerlərin əsas müddəalarını göstərəcək, tezislərini qabardacağam.

İndi isə gəlin əksər reytinq sıralamalarında yer alan «bizneçdə və peşəkar fəaliyyətdə uğur qazanmaq» mövzusunda ən populyar motivasiya bestsellerləri arasından sizinçün seçdiyim ən yaxşılara nəzər yetirməyi davam etdirək.

 

Tom Piters. «Özünü brendə çevir». .

Tom Pitersin bu bestsellerində keçid dövrünü necə keçirmək qaydaları, «uğura döğru yolda müvəffəqiyyətə necə köklənməli», «xaraktercə və fiziki cəhətdən necə güclənməli» kimi sualların cavabları verilib. Tom Piters bəyan edir ki, get-gedə cəmiyyətlər dəyişəcək, ağ yaxalıqlı ofis və idarə işçilərinə bir azdan ehtiyac qalmayacaq, fərdin çəkisi artacaq, fərdçilik meydan sulayacaq, bu səbəbdən də fərd olaraq hər bir kəs özünü gələcəyə hazırlamaqçün bir brendə çevirməlidir.

Tom Pitersin devizi də maraqlıdır: «Aylıq əməkhaqqına güvənib düşünmə, qazanacağın günəmuzda güvənib düşün!»

 

“Ədəbiyyatvə incəsənət

(10.04.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.