
Super User
Seçmə şeirlər – SƏMƏD VURĞUN, “Eşq olsun sənətkara”
Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
SƏMƏD VURĞUN
EŞQ OLSUN SƏNƏTKARA!
Bir qocaman qartalın qanadları dayandı;
O, bir daha qıy vurub dağlardan keçməyəcək.
Dünya öz yerindədir, yenə səhər oyandı,
O, Vətən dağlarının suyundan içməyəcək.
Ah, o bir də göz açıb görməyəcək aləmi,
Dostlar ilə bir daha gəlməyəcək üz-üzə.
Susdu onun rübabı, sındı qurşun qələmi,
Yeni-yeni nəğmələr qoşmayacaq o bizə.
Ölüm sevinməsin qoy! Ömrünü vermir bada
El qədrini canından daha əziz bilənlər.
Şirin bir xatirətək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər...
Budur, baxır üzümə, baxır sənətkar gözü,
Yenə gülür, danışır, nəfəs alır Üzeyir;
Süzülür qəlb evimə onun hər odlu sözü,
Rübabının səsinda qanad açır min şeir.
Sənətkara eşq olsun! Eşq olsun qəhrəmana!
Açıq alınla gedir o, yenə də cəbhəyə.
Xəyalı bir dəniztək yenə gəlir tüğyana,
Kommunizmin bayrağı günəşə qalxsın deyə!
O sabah da bizimlə addımlayır yanaşı,
"Koroğlu"dan oxuyur yenə zəfər ordumuz.
Ey Füzuli şeirinin bir bəstəkar qardaşı,
Şöhrət tapdı adınla bizim ana yurdumuz.
Ölüm sevinməsin qoy! Ömrünü vermir bada
El qədrini canından daha əziz bilənlər.
Şirin bir xatirətək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər...
Mən bu kiçik şeirimi yazıram göz yaşımla,
Çünki vidalaşıram bir ürək sirdaşımla!
1948
“Ədəbiyyat və incəsənət”
(07.04.2025)
Almaniyada Azərbaycan əleyhinə olan filmə etiraz
Almaniyada yaşayan beynəlxalq hüquq üzrə ekspert Asəf Əsgər həmin ölkəyə məxsus “DW Documentary” internet kanalının Azərbaycan əleyhinə hazırladığı sənədli filmə etiraz olaraq, ARD və ZDF televiziyalarına məktub ünvanlayıb.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Asəf Əsgər "Ermənistanın Qafqazda torpaq və kimlik uğrunda mübarizəsi" adlı proqramda birtərəfli yanaşmanın ortaya qoyulduğunu, Ermənistan və onun havadarlarına istinadən çoxlu sayda dezinformasiyadan istifadə edildiyini bildirib.
Ekspert bu cür yanaşmaların iki ölkə arasında sülh müqaviləsinin razılaşdırıldığı bir vaxtda separatçıların yenidən fəallaşmasına səbəb ola biləcəyini qeyd edib.
Bundan əlavə, torpaqlarımızın işğalından, Xocalı soyqırımından, Qarabağ müharibəsi nəticəsində yurd-yuvasından qovulmuş 1 milyondan çox azərbaycanlıdan və ölkəmizə vurulan 100 milyardlarla ziyandan nə üçün bəhs edilmədiyi sualını verib.
Azərbaycanın beynəlxalq səviyyədə tanınan torpaqlarını erməni tapdağından azad etməsinin haqq-ədalət prinsiplərinə əsaslandığını bildirərək, işğalçı tərəfin birmənalı şəkildə Ermənistan olduğunu vurğulayıb.
Məktubun sonunda anti-Azərbaycan mövqeyinin sərgiləndiyi filmin yayımlanmasına görə üzrxahlıq tələb edilib.
“Ədəbiyyat və incəsənət”
(07.04.2025)
“Israel National News”: “Azərbaycan xarici müdaxilə olmadan öz işlərini idarə etmək xəttinə sadiq qalan ölkədir”
Azərbaycan hər hansı regional gücün qıcıqlanmasından çəkinməyərək bütün istiqamətlərdə fəaliyyət göstərən, kənar müdaxilə olmadan öz işlərini idarə etmək xəttinə sadiq qalan ölkədir. Azərbaycanın öz milli maraqlarını üstün tutaraq Avropa İttifaqının vasitəçiliyi ilə Ermənistanla sülh danışıqları aparması, eyni zamanda Rusiyanın dəstəklədiyi Avrasiya İqtisadi İttifaqı çərçivəsində fəaliyyət göstərməsi bunun aşkar təsdiqidir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru, tanınmış siyasi şərhçi və jurnalist Reyçel Avraham ölkəsinin populyar “Israel National News” nəşrində dərc olunmuş “ABŞ-İsrail-Azərbaycan strateji tərəfdaşlığının əhəmiyyəti” başlıqlı məqaləsində yazıb.
ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun Bakıya səfərini təhlil edən məqalədə Azərbaycanın Qərbə və İsrailə konstruktiv münasibətinin sadəcə ritorika olmadığı yazılıb. İsrail Dövlətini çoxdan tanıyaraq orada səfirlik açan Azərbaycanın Avropa İttifaqı ilə geniş enerji ticarəti əlaqələri qurmaqla qitənin enerji təhlükəsizliyinə mühüm töhfə verdiyi qeyd edilib. Bunları nəzərə alsaq, Azərbaycanın hazırda ideal regional vasitəçi kimi mövqe tutduğu aydın olur. Qonşuları ilə normal əlaqələri qoruyan və ABŞ-nin dominant olduğu Qərblə konstruktiv əməkdaşlıq edən Azərbaycan eyni zamanda İsrail ilə möhkəm dostluq əlaqələri saxlayır. Ona görə də Azərbaycanın son nəticədə Rusiya ilə ABŞ, eləcə də İran və İsrail arasında vasitəçi kimi çıxış etməsi tam məntiqlidir. Bu mənada ABŞ-nin Azərbaycanı rəsmi olaraq regional vasitəçi kimi görmək strategiyası region üçün daha stabil gələcəyə zəmin yarada bilər.
Müəllifin qənaətinə görə, Uitkofun səfəri böyük ehtimalla Azərbaycanın bölgədə maraqlı güclər arasında manevr qabiliyyətini gücləndirmək və regional sülhün xeyrinə hərəkət edə biləcəyi əlavə təsir sferalarını müəyyənləşdirmək məqsədi daşıyır. Sözügedən səfər ABŞ-nin artıq tərəflərin aydın maraqlarına əsaslanan alyanslar vasitəsilə fəaliyyət göstərdiyini, sülh və sadiq əməkdaşlıq müqabilində hər bir tərəfə istədiyini təklif etməyə hazır olduğunu göstərir. “Biz yalnız ümid edə bilərik ki, ABŞ-nin praktiki yanaşması və Azərbaycanın bir-birinə zidd, lakin paralel kanallar arasında naviqasiya qabiliyyəti regiona sülh və əmin-amanlıq gətirəcək” – israilli jurnalist sonda əlavə edib.
“Ədəbiyyat və incəsənət”
(07.04.2025)
O, Azərbaycandan kənarda da öz psixoloji və siyasi detektivləri ilə maraqla oxunur – ÇİNGİZ ABDULLAYEVİN DOĞUM GÜNÜDÜR
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bu gün nasir, publisist, Azərbaycan xalq yazıçısı Çingiz Abdullayevin doğum günüdür. Təbii ki, o, çağdaş Azərbaycanın ən titullu, məşhur yazıçılarından biridir, ən əsası, sərhəddən o yanda da onun kitablarını kitab mağazalarından alıb oxumaq mümkündür.
Çingiz Abdullayev 1959-cu il aprelin 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Əmək fəaliyyətinə Bakı istehsalat birliyində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi və şöbə rəisi kimi başlamışdır. Afrika, Asiya və Avropa ölkələrində ezamiyyətdə olmuşdur. Sonra Bakı şəhəri Əzizbəyov rayonu icraiyyə komitəsində şöbə müdiri, KP Qaradağ rayonu komitəsində təşkilat şöbəsinin təlimatçısı, siyasi-maarif kabinetinin müdiri vəzifələrində çalışmışdır. 1989-cu ilin fevralından Azərbaycan SSR Yazıçılar İttifaqının katibi seçilmişdir.
Beynəlxalq təcavüz problemi barədə dissertasiya müdafiə edib hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır. Polşanın Krakov Universitetinin fəxri professorudur. H. Z. Tağıyev adına Xeyriyyə Cəmiyyətinin sədri və Azərbaycan Yazıçılar Birliyinin katibidir. Azərbaycan Demokratik Ziyalılar İttifaqı nəzdində olan milli akademiyanın doktorudur. Azərbaycan PEN klubunun vitse-prezidentidir.
Ədəbi fəaliyyətə tələbəlik dövründən başlamışdır. 1983-cü ildən dövri mətbuatda oçerk, məqalə və detektiv janrda yazdığı hekayələrlə müntəzəm çıxış edir. Rus dilində yazıb-yaradır. İngilis və italyan dillərində danışa bilir. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Almaniyada, İrlandiyada, Fransada, Rusiyada kütləvi tirajla buraxılmış, milyonlarla nüsxədə olan 600-dən çox kitabı dünyada yayılmışdır. 200-dən çox kitabın müəllifidir.
Xidmətlərinə görə "Qırmızı əmək bayrağı" ordeni və medallarla təltif olunmuşdur. Keçmiş SSRİ Yazıçılar İttifaqının nümayəndələri tərkibində Çexoslovakiya, Yuqoslaviya, Bolqarıstan, Danimarka, Polşada səfərdə olmuşdur. 2014-cü ilin noyabr ayından İnterpolun fəxri səfiridir.
Çingiz Abdullayev yeganə azərbaycanlı yazıçıdır ki, rus dilində psixoloji və siyasi detektiv janrında əsərlər yazır. Ədəbi fəaliyyətə bir neçə lirik hekayə ilə, o cümlədən "Vals" və "Bir tikə çörək" ilə başlamışdır. Yazıçının ilk böyük əsəri — "Mavi mələklər" romanı 1988-ci ildə Bakıda işıq üzü görüb. Sonralar trilogiya — "Əclafların qanunu", "Əclafların əqidəsi" və "Əclafların vicdanı" nəşr olundu. Çingiz Abdullayevin ssenarilərinin əksəriyyəti Azərbaycan dilində yazılıb.
Xaricdə nəşr olunmuş kitabları:
- İsveçin "Tresselit" ("Tresselit") nəşriyyatı - "Qaranlıq simfoniyası" romanı
- Rumıniyada "Paidea" nəşriyyatı - "Günəş altında qaranlıq" və 5000 nüsxə tirajla"Dronqo"romanı
- Estoniya – “Mənim gözəl alibim”, “Kabuslar tuneli”, “Demək olar ki, inanılmaz qətl”, Öz dünyanı yarat” əsərləri
- Fransanın "L’Aube" ("L’aube"; "Sübh") nəşriyyatı - "İdeal hədəf", "Bütlərin yükü" və "Öldürməyə öyrədilmiş" romanları
- Latviyanın "Juvetas" nəşriyyatı - "Bütlərin yükü", "Tənha ürəklərin evi", "Tərsinə çevrilmiş reallıq", "Qurban sindromu", "Alliqator xətti", "Həvəskarların arzusu"
- Bosniya və Herseqovina - "Avropanın ələhidarları" romanı
- Bolqarıstan - "Herodun kölgəsi", "Adında şər" və "Adında xəyanət" romanları
- Serbiya –“İngilis Bulvarı”
- Polşa - Transilvaniyaya Səyahət”
- Albaniya – “Oliqarxın Varisi”
- Ukrayna – “Əfsanə hüququ”
Təltifləri
1. Azərbaycan Respublikasının Xalq Yazıçısı fəxri adı;
2. "Qırmızı əmək bayrağı" ordeni;
3. "Şöhrət" ordeni;
4. Xarici İşlər Nazirliyinin medalı (Azərbaycan);
5. Yusif Məmədəliyev adına qızıl medal (Azərbaycan);
6. Belarus Yazıçılar İttifaqının medalı
7. "Şərəf" ordeni
8. "Dostluq" ordeni (Rusiya)
9. "Nizami Gəncəvinin 880 illiyi (1141-2021)" xatirə nişanı
10. "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı
Fürsətdən istifadə edib “Ədəbiyyat və incəsənət” ailəsi adından sevimli yazıçımızı doğum günü münasibətilə təbrik edir, ona sağlamlıq, uzun ömür, yeni-yeni əsərlər və Nobel mükafatı arzu edirik.
“Ədəbiyyat və incəsənət”
(07.04.2025)
5 illik xoşbəxtlik və 30 illik zülmün qisası- Kəlbəcər rayonu
Murad Vəlixanov, “Ədəbiyyat və İncəsənət”
Hər nə qədər o dövrdə anadan olmasam və o çətinlikləri yaşamasam belə, qazi soyundan gələn biri olaraq müharibənin, ata-baba yurdundan zorla qovulmağın yaşatdığı çətinliklərin şahidi olmuşam və bu gün ata-baba yurduna qayıdan insanların çöhrəsində yaranan sevinc və qürurun, bir-birinə qarışdığı göz yaşlarının nə demək olduğunu başa düşürəm.
Aprel ayının 3-də Kəlbəcər rayonunun işğalının 33-cü ildönümü idi. 2020-ci ilin sentyabr ayında ermənilərin boynuna endirdiyimiz ədalət qılıncının sayəsində bu ləkəni alnımızdan təmizlədik. Artıq Kəlbəcərin işğalından 33 il keçməsini deyil, işğaldan azad olmasının 5 illiyini qeyd edirdik.
Qarabağı azad görmək üçün canını, qanını fəda edən şəhidlərimizin ruhu həmin gün şad idi. Bu gün məhz Kəlbəcər haqqında danışmaq qərarına gəldim.
Kəlbəcər 8 avqust 1930-cu ildə inzibati rayon statusu almışdır. Və təsəvvür edin ki, ərazisinə görə, Azərbaycanın ən böyük inzibati rayonu hesab edilir.
1993-cü il aprelin 3-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 10 noyabr 2020-ci ildə üçtərəfli bəyanətə uyğun olaraq 25 noyabrda Ermənistan Silahlı Birləşmələri Kəlbəcər rayonunu boşaldıb Azərbaycan Silahlı Qüvvələrinə təhvil vermişdir. Rayonun 1 şəhəri - Kəlbəcər şəhəri, 1 qəsəbəsi - İstisu qəsəbəsi və 127 kəndi Abdullauşağı, Ağbulaq, Ağcakənd, Ağdaban, Ağdaş, Ağqaya, Ağyataq, Alaqaya, Alçalı, Alıbəyli, Alırzalar, Allıkənd, Almalıq, Alolar, Armudlu, Aşağı Ayrım, Aşağı Qaraçanlı, Aşağı Şurtan, Babaşlar, Bağırlı, Bağırsaq, Bağlıpəyə, Barmaqbinə, Baş Qaraçanlı, Başkənd, Başlıbel, Bəzirxana, Birinci Milli, Boyaqlı, Bozlu, Böyükdüz, Böyürbinə, Cəmilli, Comərd, Çaykənd, Çayqovuşan, Çəpli, Çıraq, Çobangərəhməz, Çopurlu, Çorman, Çovdar, Dalqılınclı, Daşbulaq, Dəmirçidam, Dərəqışlaq, Əsrik, Fətallar, Göydərə, Güneypəyə, Günəşqaya, Günəşli, Hacıdünyamalılar, Hacıkənd, Həsənlər, Hopurlu, Xallanlı, Xoləzəy, İkinci Milli, İlyaslar, İmanbinəsi, İstibulaq, Kaha, Keçiliqaya, Keşdək, Kəndyeri, Kilsə, Kilsəli, Qalaboyun, Qamışlı, Qanlıkənd, Qaragüney, Qaraxançallı, Qasımbinəsi, Qasımlar, Qazıxanlı, Qılınclı, Quzeyçirkin, Laçın, Lev, Məmmədsəfi, Məmməduşağı, Mərcimək, Mişni, Mollabayramlı, Moz, Mozqaraçanlı, Nadirxanlı, Nəbilər, Nəcəfalı, Orta Qaraçanlı, Orta Şurtan, Oruclu, Otaqlı, Otqışlaq, Pirilər, Rəhimli, Sarıdaş, Seyidlər, Soyuqbulaq, Susuzluq, Şahkərəm, Şaplar, Şeyinli, Tağılar, Taxtabaşı, Tatlar, Təkdam, Təkəqaya, Təzəkənd, Tirkeşəvənd, Tövlədərə, Üçüncü Milli, Vəng, Yanşaq, Yanşaqbinə, Yellicə, Yenikənd, Yuxarı Ayrım, Yuxarı Şurtan, Zağalar, Zallar, Zar, Zərqulu, Zəylik, Zivel, Zülfüqarlı Azərbaycana qaytarılıb.
Azərbaycan Respublikasının Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli Qərarı ilə Ağdərə rayonu ləğv edilərkən həmin rayonun 24 kəndi Kəlbəcər rayonunun tərkibinə verilmişdir. Həmin kəndlərdən 2-si Kərəmli və Narınclar kəndləri 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. Yerdə qalan 22 kənd isə Bazarkənd, Çapar, Çərəktar, Çıldıran, Çormanlı, Damğalı, Dəvədaşı, Dovşanlı, Hayad, Heyvalı, Həsənriz, İmarət Qərvənd, Kolatağ, Qızılqaya, Qozlu, Qozlukörpü, Mehmana, Şahmansurlu, Vəngli, Yayıcı, Yuxarı Oratağ, Zardaxaç 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycanın suverenliyinə keçmişdir.
Hər il noyabrın 25-i Kəlbəcər günü kimi qeyd olunur.
15 noyabr 2020-ci ildə Kəlbəcər rayonu işğaldan azad edildi. Bəyanata əsasən 15 noyabr tarixində təhvil verilməsi qərarlaşdırılsa da Ermənistan tərəfinin Rusiya vasitəsilə Azərbaycandan xahişi ilə bu müddət 25 noyabr tarixinə qədər uzadılmışdır.
Nəhayət 25 noyabr 2020-ci ildə noyabr ayının 10-da imzalanmış üçtərəfli bəyanata əsasən Kəlbəcər rayonu işğaldan azad edilmiş, Azərbaycan Respublikasının Silahlı Qüvvələri rayona daxil olmuş və nəzarəti ələ almışdır.
Tarixi
"Kəlbəcər" toponiminin mənşəyi qədim türk dilində (oykonimin ilkin forması Kevliçer kimi qəbul edilib) "çay üstündə qala" deməkdir. Kevli "çayın üstü", çer/car "qala" mənasını verir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Buna görə də mütəxəssislər toponimi kevil/kəvl və qədim türk dillərindəki cər (qaya, yarğan) komponentləri ilə əlaqələndirirlər.
Kəlbəcərdəki oronomik toponimlərin hamısı türk mənşəlidir. Bir sıra qədim türk tayfalarının adı bu gün də bu toponimlərdə yaşayır.
Kəlbəcər ən qədim insan məskənlərindən biridir. Bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb.
Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.
Kəlbəcərdə "Türk qəbiristanlığı" adı ilə tanınan bir neçə qədim məzarlıq var. Bunların ən böyüyü Alıbəyli, Kəlbəcər, Zar və b. kəndlərin ərazisindədir. Qəbirstanlıqlar müxtəlif əsrlərdə yaradılmış, forma və ölçüləri ilə bir–birindən fərqlənən at, qoç, sandıq qəbirüstü fiqurlar, başdaşı və günbəzlərlə zəngindir.
İlk insan məskəni
1936 kvadrat kilometr ərazisi, 60 min əhalisi, 128 kəndi olan Kəlbəcər rayonu böyük tarixi keçmişi, zəngin mədəniyyəti, qədim tarixi abidələri ilə seçilir. Erməni vandalları buranı işğal etdikdən sonra tarixi abidələrin əksəriyyətini məhv ediblər. Dağıdılmış mədəni abidələr — Vəng kəndi ərazisində Alban məbədi, Çərəkdar kəndində Həsən Cəlal kilsəsi, Qanlıkənd ərazisində Lök qalası, Qaraçanlı kəndinə Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən Alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kəndində məscid, Otaqlı kəndində məscid, Soyuqbulaq kəndində Tərtər çayı üzərindəki Tağlıdaş körpüsü, Kəlbəcər Tarix–diyarşünaslıq muzeyi, Aşıq Şəmşir adına mədəniyyət evi, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı.
Kəlbəcərdə Zar açıq düşərgəsində aparılan arxeoloji tədqiqatlarda sübut olunub ki, ibtidai insan sürü icmasının ilk əmək alətləri (daşdan) meydana gəlib. Eramızdan əvvəl IV minilliyin sonu–III minillik Tunc dövrü və ya Kür–Araz mədəniyyəti adlanır. Bu mədəniyyətin əsas təşəkkül və yayılma sahəsi Kür–Araz ovalığıdır. Bu dövrdə əhalinin həyatında əkinçiliklə yanaşı maldarlıq da böyük rol oynayıb və dağlıq ərazilərdə də yaşayışa ehtiyac yaranıb. Yeni heyvan növlərinin əhliləşdirilməsi, xüsusilə də təsərrüfatda atdan istifadə olunması böyük əhəmiyyət kəsb edir. Kür–araz mədəniyyətinin son inkişaf mərhələsində artıq Azərbaycanın bütün dağlıq zonalarında (Xoşbulaq kurqanları və Xoləzək (Kəlbəcər), İstisu yaylaqlarında yaşayış məskənləri) məskunlaşma başa çatıb. Orta tunc dövrü Azərbaycanda qədim incəsənətin çiçəklənmə mərhələsidir. Saxsı qablar üzərində çəkilmiş naxışlar bunu bir daha təsdiqləyir. Qobustan (Böyükdaş, Yazılıtəpə), Gəlinqaya və Kəlbəcərin digər ərazilərində (Qoçdaşda) qayaüstü rəsmlərdə heyvanat aləmi, məişət və ov səhnələri, əyləncə və Magiya (şamanlıq) təsvir olunub. Kəlbəcər də qədim insan məskənlərindən biri olub. Burada ilk məskən salan albanların izləri də, onun qayaüstü təsvirlərində və küp qəbirlərində son illərə kimi, ermənilər bu müqəddəs yerləri tapdaq altına alana qədər, qalmaqda idi. Kəlbəcər antik dövrün abidəsi kimi də maraqlı ərazidir. Rayonun "Qaragöl" və "Zalxa gölləri" sahillərində, "Ayıçınqıllı" və "Pəriçınqıllı" dağlarında qayalarda həkk edilmiş təsvirlər 1968-ci ildən öyrənilməyə başlanılıb. 1976-cı ildə Kəlbəcər qaya təsvirlərinin yerləşdiyi ərazinin yaxınlığında Azərbaycanda ilk dəfə olaraq yaşayış yeri aşkar edilib. Burada diametri təqribən 20 metr olan dairəvi tikili qalığı üzə çıxarılıb. Mürəkkəb quruluşlu bu tikilinin divarları (qalınlığı 2 metrə qədər) qaya parçalarından və çay daşlarından hörüldüyü bir daha bizə əsas verir deyək ki, bura ilk insan məskəni olub. Çünki o cür nəhəng qaya parçalarını sonrakı nəsil çətin ki, yerindən tərpədə bilsin. Həmin yaşayış yerlərində o dövrə aid, yəni b.e.ə. III minilliyə dair gil qab qırıqları, dən daşları, dəvəgözü və çaxmaqdaşından hazırlanmış bıçaqlar, ox ucluqları və s. də tapılıb. Burada aşkar edilmiş qaya təsvirləri ilə bir dövrdə (Tunc dövrü) yaşayış yerli tayfaların iqtisadi, sosial və mədəni həyatı haqqında təsəvvür yaranır.
Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsi
Kəlbəcər 1993-cü ilin aprel ayının 3-dən Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib.
1993-cü il mart ayının 23-dən aprel ayının 3-dək 10 gündan çox gedən gərgin döyüşlərdə 701 saylı hərbi hissə, Kəlbəcər könüllüləri və helikopterçilər özlərindən 15 qat üstün olan düşmən qüvvələri ilə mühasirə şəraitində vuruşaraq 450 nəfərdən çox döyüşçü itki vermiş və mühasirədə olan 60 min Kəlbəcərlinin təxliyyəsinə nail olmuşdu. Döyüşdə həlak olmuş qəhrəmanlarımız Kəlbəcər torpağında yatır.
Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur, lakin həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilmədi.
Kəlbəcər rayonunun əhalisi Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayır. Kəlbəcər rayonu ərazisində qalmış 13.000-dək fərdi mənzil, 37.852 ha meşə sahəsi işğal dövründə talan olunub. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılmışdı.
1993-cü ilin qiymətlərinə görə Kəlbəcərin xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan vurulmuşdur. İşğal nəticəsində Kəlbəcərdən 53.340 nəfər adam qovulmuş, 50 dinc əhali öldürülmüş, 20 nəfər isə əsir götürülmüş və itkin düşmüşdür.
Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilməsi
Qeyd etdiyimiz kimi, 15 noyabr 2020-ci ildə Kəlbəcər rayonu işğaldan azad edildi. Bəyanata əsasən 15 noyabr tarixində təhvil verilməsi qərarlaşdırılsa da Ermənistan tərəfinin Rusiya vasitəsilə Azərbaycandan xahişi ilə bu müddət 25 noyabr tarixinə qədər uzadılmışdır. Buna səbəb olaraq isə ərazi relyefinin mürəkkəb olması, ərazinin böyüklüyü və humanizm göstərilmişdir.
Məğlubiyyətlə barışa bilməyən erməni əhalisi bölgədə Azərbaycana qarşı ekoloji terror fəaliyyətləri həyata keçirmişdir. Ərazini tərk edən ermənilər evləri ilə yanaşı meşələri də yandırmışdır.
Nəhayət 25 noyabr 2020-ci ildə noyabr ayının 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu işğaldan azad edilmiş, Azərbaycan Respublikasının Silahlı Qüvvələri rayona daxil olmuş və nəzarəti ələ almışdır.
Relyefi
Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Ən hündür zirvələri Camışdağ dağındakı zirvə (3724 m) və Dəlidağdır (3616 m). Ərazinin çox hissəsi meşəlikdir. Kəlbəcər qərbdə Ermənistan Respublikası, şimalda Daşkəsən, Göy–Göl, Goranboy, şimali–şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Kəlbəcər rayonu faydalı qazıntılarla, o cümlədən qızıl, xrom yataqları ilə zəngindir. Sənaye əhəmiyyəti olan civə ehtiyatları Kəlbəcər rayonundakı Şorbulaq və Ağyataqda yerləşir. Alagöllər, Qaragöl, Zalxa gölü və s. gölləri var. Rayonda əsasən çimli dağ–çəmən və qonur dağ–meşə torpaqları yayılmışdır. Meşələrin ümumi sahəsi 30 min hektara yaxındır.
Coğrafi mövqeyi
Murovdağ (Gamışdağ 3724 m, Böyük Hinaldağ d. 3367m), Şərqi Göyçə, Mıxtökən, Qarabağ silsilələrinin və Qarabağ Vulkanik yaylasının (Dəlidağ d. 3616m) bir hissəsi rayonun ərazisində qərarlaşıb. Qıpçaq aşırımı, Ağababa dağı, Ayıçınqılı, Buzluq dağı, Çilət, Çilgəz, Dikpilləkən, Egeryurd, Gömürdağ, Xocayurd, İlandağ, Keçəldağ, Ketidağ, Kilsəlidağ, Qırxqız dağı, Qoçdağ, Qonqurdağ, Laçın dağı, Məmmədvəli dağı, Oyuqludağ, Rumbahar, Sağsağan, Sarıbulaq, Sarımsaqlı, Siçanlıdağ, Suzluq, Timarri, Yüzbulaq zirvələri də yerləşir. Yura, Təbaşir, Paleogen, Neogen və Antropogenin çökmə, vulkonogen çökmə və vulkan mənşəli süxurlarına Kəlbəcər ərazisində rast gəlinir.
“Ədəbiyyat və incəsənət”
(07.04.2025)
Parisdə azərbaycanlı fotoqraf və rəssamların əsərləri nümayiş olunur
Parisdə Luvr muzeyinin Karusel salonunda 35-ci “Art Shopping” beynəlxalq müasir incəsənət sərgisi açılıb.
AzərTAC xəbər verir ki, sərgidə azərbaycanlı fotoqraf Maya Bağırovanın fotoları nümayiş olunur. Onun fotoəsərləri müasir texnologiyanın insanlar arasındakı münasibətlərə olan təsirinə həsr olunub. Azərbaycanlı fotoqraf sərgidə gündəlik həyatdan çəkdiyi fotolarını nümayiş etdirir. Ağdam məscidinin güllələnmiş qapısı, eləcə də Qarabağdan olan fotolar sərgidə yer alıb.
M.Bağırovanın Azərbaycanda və Fransada bir neçə sərgisi təşkil olunub. Parisdə “Sensespace” sosial innovasiyalar mərkəzində “Azərbaycanlı qaçqın uşaqlar” adlı fotosərgisində o, Birinci Qarabağ müharibəsi nəticəsində doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün həyatı yaşayan azərbaycanlı uşaqların həyatını fotoları vasitəsilə yerli ictimaiyyətə göstərib. O, 2015-ci ildə Luvr muzeyinin Karusel salonunda keçirilən SNBA fotosərgisinin “Fotoqrafiya” nominasiyasının 2 qızıl medalına və “Jan Larivyer” mükafatına layiq görülüb.
“Art Shopping” beynəlxalq müasir incəsənət sərgisində azərbaycanlı rəssam Əsmər Nərimanbəyova, Sahib Əsədli kimi rəssamların əsərləri də nümayiş olunur. Sərgi aprelin 6-dək davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(07.04.2025)
TÜRKSOY ilə Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Qazaxıstanın Aktau şəhərində "Türk Dünyasının Mədəniyyət Paytaxtı - 2025" ilinin rəsmi açılış mərasimi çərçivəsində Azərbaycanın mədəniyyət nazirinin müavini Murad Hüseynovla TÜRKSOY-un baş katibi Sultan Rayev arasında görüş keçirilib.
Mədəniyyət Nazirliyindən AzərTAC-a bildirilib ki, görüşdə TÜRKSOY ilə Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə olunub, həyata keçirilən tədbirlər, gələcək layihə və təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, “Mədəniyyət paytaxtı” ili ərzində təşkilat tərəfindən Aktauda planlaşdırılan fəaliyyətlər haqqında məlumat verilib.
Qeyd edək ki, Aktau şəhəri 2025-ci il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" statusunu 2024-cü ilin noyabrında Türkmənistanın Anev şəhərindən təhvil alıb.
“Ədəbiyyat və incəsənət”
(07.04.2025)
“Əziz Müəllim” - NAZİM KAZIMOVA İTHAF
Aysel Fikrət, Azərbaycan Milli Konservatoriyasının mətbuat katibi, “Ədəbiyyat və incəsənət” üçün
Əməkdar incəsənət xadimi, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi kollecinin direktoru Nazim Kazımovun 75 illik yubileyi qeyd olunur. Ömrün 75 ili. Bu xatirə dolu adamla AMK-da Elmi Şurada tez-tez görüşürük. İlk əvvəl onun həqiqəti sevməyi, nəcibliyi insanı cəlb edir. Yalnız Bakı Musiqi Kollecinə getdiyim gün isə onun iç dünyasını özüm üçün kəşf etdim. İnsanın daxili aləminin xeyirxah və zəngin olması çox əsasdır.
Haqqında
Nazim Kazımov 1950-ci il aprelin 4-də Naxçıvanda anadan olmuşdur. 1966-1970-ci illərdə Asəf Zeynallı adına musiqi texnikumunun "Xalq çalğı alətləri" şöbəsində tar ixtisası üzrə təhsil almışdır. Eyni zamanda, 1967-1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin (ADU) filologiya fakültəsində də təhsil almışdır.
1973-1978-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının (ADK) Xalq musiqisi fakültəsində, xalq artisti, Dövlət mükafatı laureatı, professor Səid Rüstəmovun sinfində tar ixtisası üzrə təhsilini davam etdirmişdir. Nazim Kazımov 1978-ci ildə konservatoriyanı bitirmiş və təyinatla Əli Bayramlı musiqi məktəbinə göndərilmişdir. Burada 4 il müəllim və direktor müavini kimi fəaliyyət göstərmiş, 1981-1984-cü illərdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq musiqisi kafedrasında müəllim vəzifəsində işləmişdir.
1984-cü ildən 1992-ci ilədək Əli Bayramlı Musiqi Məktəbində direktor vəzifəsini icra etmişdir. 1992-ci ildən etibarən isə Təhsil Nazirliyində inspektor, aparıcı mütəxəssis, baş mütəxəssis və idarə rəisinin müavini kimi çalışmışdır.
2001-ci ildə Nazim Kazımov, vaxtilə təhsil aldığı A. Zeynallı adına Musiqi Texnikumuna - sonradan Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinə çevrilən musiqi təhsili ocağına direktor təyin olunmuşdur. O, geniş erudisiyalı, musiqi təhsilinin müasir problem və inkişaf meyillərini dərindən bilən pedaqoqdur. O, həmçinin ümumtəhsil məktəblərinin I, V, VII və VIII sinifləri üçün son illərdə nəşr olunan "Musiqi" dərsliklərinin müəlliflərindəndir.
Nazim Kazımovun pedaqoji fəaliyyəti çox genişdir. 1993-2006-cı illərdə Azərbaycan Dövlət Konservatoriyasının Xalq çalğı alətləri kafedrasında müəllim olaraq fəaliyyət göstərmiş, 1997-ci ildə həmin kafedranın dosenti seçilmişdir. Hazırda isə Azərbaycan Milli Konservatoriyasının Xalq çalğı alətləri kafedrasının professorudur.
Nazim Kazımovun əməyi dövlətimiz tərəfindən layiqincə qiymətləndirilmişdir. 2006-cı ildə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ona Əməkdar İncəsənət Xadimi fəxri adı və Təhsil Nazirliyinin "Azərbaycan Respublikası Qabaqcıl Təhsil İşçisi" döş nişanı verilmişdir. Daha sonra 30 dekabr 2020-ci ildə Azərbaycan Milli Konservatoriyasının yaranmasının "20 illik" münasibətilə Cənab prezident onu ll dərəcəli "Əmək" ordeni ilə təltif etmişdir.
Düşüncələrim
Nazim Kazımovla tanışlığım bir anlıq idi, amma bu tanışlıq mənim üçün çox dərin və əhəmiyyətli oldu. Onunla söhbət etməyə başladıqca, bir anda anladım ki, bu insan yalnız musiqi təhsilinin deyil, həm də həyatın incəliklərini dərindən dərk edən biridir. Onun hər bir kəlməsi, hər bir sözü sənətə olan sevgi ilə doludur. Onun iç dünyası sanki bir açıq kitab kimidir – hər səhifəsi həyat dərsləri ilə, hər sətiri isə insanlıq dəyərləri ilə yazılmışdır.
Nazim Kazımovun həyatına nəzər yetirdikdə, onun musiqi dünyasında və təhsildəki böyük uğurlarını görmək mümkündür. 75 illik ömrü boyunca çoxsaylı musiqiçilər yetişdirib, Azərbaycan musiqi mədəniyyətində dərin izlər buraxıb. Ancaq mənim üçün onu özəl edən yalnız sənətkar olaraq nailiyyətləri deyil, həm də müəllimlik fəlsəfəsidir. O, sadəcə bir pedaqoq deyil, eyni zamanda bir həyat müəllimidir. Hər dəfə onu gördükdə, bir daha hiss edirəm ki, onun əhatəsində olmaq, ondan nəsə öyrənmək, özünü inkişaf etdirmək tələbələri üçün bir xoşbəxtlikdir.
Söhbətimiz zamanı ona olan böyük ehtiram və sevgi onun gözlərindəki parıltıda əks olunur. Nazim Kazımov hər zaman ustadlarından, musiqi müəllimlərindən, elmi rəhbərlərindən söz açarkən, onların üzərindəki izi unutmur. Onun yaddaşında bu sənətkarların hər biri böyük hörmətlə xatırlanır. Bu, onun sənətə və müəllimliyə olan möhkəm bağlılığını bir daha göstərir. Hətta görmə qüsurlu ilk tar müəllimini unutmamağı, ona olan hörməti, ona duyduğu sevgi və minnətdarlığı necə gözəl ifadə etdiyini eşidəndə, düşündüm ki, sənətə, müəllimlərə belə dərin hörmət və məhəbbət yalnız böyük insanlarda mövcuddur.
Nazim Kazımov öz müəllimlərinə qarşı göstərdiyi sədaqət və ehtiramla həm də bizə örnək olur. O, müəllimlik sənətinə olan sevgi və bağlılığı ilə təkcə öz tələbələrini deyil, bütün musiqi dünyasını təsirləndirib. Bu sədaqət onun həyatına işıq salan bir yol olub və o, hər zaman bu yola, bu düşüncəyə sadiq qalır.
Üzeyir Hacıbəyovun adını tez-tez çəkməsi və gözlərində sevincin yaranması, onun musiqi təhsilinin tarixindəki böyük rolunu bir daha vurğulayır. Üzeyir Hacıbəyovun tələbələri Səid Rüstəmov və Süleyman Ələskərovun adlarını çəkir, xatirələri gözəlləşdirir, bəzəyir və yaşada
bilir.
Nazim Kazımovun öyrətdiyi hər bir dərs, verdiyi hər bir tövsiyə onun özünün bu sənətə olan dərin sevgi və bağlılığından doğur. Elmi rəhbərlərinə qarşı sədaqəti üzümdə təbəssüm yaratdı. İnsanın tanıdığı dahi sənətkarların həyatından keçib getməsini tez-tez yadıma salır. Müəllimlərinin ona qayğısı onda müəllimlik sənətinə böyük sevgi yaradır və birbaşa gələcəyinə təsir edib. Universitetdə Mir Cəlal Paşayev və Bəxtiyar Vahabzadədən danışır. Unudulmaz olan müəllimlərini sevərək yada salır.
Bu dahi sənətkarların yol göstərdiyi Nazim Kazımov sadəcə bir müəllim olmadı, həm də bu sənətin müqəddəsliyini, onun içindəki həqiqəti aşkar etməyə çalışan bir izdir. O iz ki, bu günə qədər davam edir. Onun rəhbərliyi altında Bakı Musiqi Kolleci bir çox istedadlı musiqiçilər yetişdirmiş və bu kollecin məzunları ölkə musiqi mədəniyyətinə dəyərli töhfələr vermişlər.
Nazim Kazımovun 75 illik yubileyində onun həyat yolunun hər addımında dərin bir musiqi sevginin, insanlıq dəyərlərinin və böyük bir təhsil missiyasının izləri qalır. Bu izlər isə yalnız musiqi dünyasında deyil, həm də hər birimizin həyatında özünü hiss etdirir. Onun həyatı və fəaliyyəti, bizə bir daha xatırladır ki, sənət yalnız ifa edilən musiqi deyil, eyni zamanda insanın iç dünyasında formalaşan, həyatın hər anında yaşanılan və başqalarına ötürülən bir dəyərdir. Nazim Kazımov bu dəyərin canlı nümunəsidir.
Nazim Kazımovun yazdığı kitablar, metodiki vəsaitlər, musiqi təhsilinə verdiyi töhfələr barədə yetərincə məlumat var. Bütün bunlarla yanaşı Nazim Kazımov həm də Azərbaycan Dövlət Universitetinin Filologiya fakultəsində təhsil almışdır. Onun ədəbiyyatı bilməyi müəllimlik peşəsində və nitqində özünü biruzə verir. Mən bunu çox böyük əminliklə deyə bilərəm ki, Nazim Kazımov kimi ziyalılar həm müəllimlər üçün, həm də tələbələr üçün bir məktəbdir.
Bu əvəzolunmaz sevgidir: tələbə-müəllim sevgisi, ustad və sənət şehri. Nazim Kazımov Azərbaycanın Milli musiqisinin təhsili və inkişafında öz yeri, öz dəsti-xətti olan bir ictimai xadimdir. Onun varlığı dəyərdir.
Əməkdar İncəsənət Xadimi AMK nəzdində Musiqi Kollecinin direktoru Nazim Kazımovu bir daha təbrik edirik. Ona yaradıcılıq uğurları arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(07.04.2025)
Mədəniyyət Nazirliyi öz qəzetinin fəaliyyətini niyə dayandırıb?
Bir qədər öncə təsisçisi Mədəniyyət Nazirliyi olan “Mədəniyyət" qəzetinin çapı dayandırılmışdı. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yaymışdı. Bəs səbəb nə idi?
Bəlli olub ki, mətbu orqanın fəaliyyətini elektron formatda davam etdirməsi barədə qərar qəbul edilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, "Mədəniyyət" qəzetinin ilk sayı 1991-ci ilin yanvarın 2-də nəşr olunub. Nazirliyin mətbu orqanı kimi nəşrin başlıca vəzifəsi Azərbaycanda mədəniyyət sahəsində həyata keçirilən dövlət siyasətini işıqlandırmaq, bu sahədə görülən işləri ictimaiyyətə çatdırmaqdır.
“Ədəbiyyat və incəsənət”
(05.04.2025)
Aprel döyüşləri: unutmadıq, unutmayacağıq – ADPU-da TƏDBİR
Zəhra Allahverdiyeva, “Ədəbiyyat və İncəsənət"
4 aprel 2025-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetində “Aprel döyüşləri”nə həsr olunmuş tədbir keçirildi. Aprel döyüşlərinin növbəti ildönümü bir daha sübut etdi ki, o döyüşlər unudulmadı, unudulmayacaq da.
Tədbirdə Şəhid General Polad Həşimovun anası Səmayə ana, Polad Həşimovun qisasını alaraq 10-dan artıq müxtəlif rütbəli erməni hərbçisilə təkbaşına, üz-üzə savaşıb, ermənilərin bir generalını və polkovnikini öz əllərilə boğaraq məhv edən Şəhid Cəbrayıl Dövlətzadənin anası Məleykə xanım, Şəhid Pəncəli Mirzəyevin anası Vahimə xanım, “2-ci Qarabağ müharibəsi” və “Aprel döyüşləri” iştirakçıları, o cümlədən qazilər iştirak edirdi.
Qazi və müharibə iştirakçıları səngərdəki qızğın müharibə şəraitindən və qələbənin izlərindən danışdılar. Şəhid anaları isə övladlarının uşaqlıq xatirələrindən, son görüşlərindən, son danışıqlarından və qəlblərində dərin iz qoyan övladlarının şəhidlik xəbərindən danışdılar.
Tədbir çox dərin əhəmiyyətə malik idi. Azərbaycan xalqı nə qədər ki yaşayır, Şəhidlərini hər zaman qəlblərində yaşadacaq. Yeni doğulan balalara şəhidlərin adı verilir. Torpağ uğrunda canından keçən varsa, vətəndir. Elə buna görə də, Azərbaycan xalqı heç vaxt şəhidlərini qəlblərindən çıxarmayacaq.
Tədbirdə çox şəxsin gözləri doldu, qəlbində həm kədər, həm qürur alovları alışdı. Tədbirin təşkili üçün ADPU üzrə Yeni Azərbaycan Partiyasının sədri Sultanəli Qurbanova təşəkkürlər düşür.
“Ədəbiyyat və incəsənət”
(05.04.2025)