Super User

Super User

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) sədri Rövşən Məmmədovla görüşüb.

 

“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, görüş zamanı tərəflər arasında Türk dünyasının mədəni irsinin dünyada tanıdılması və media sahəsində əməkdaşlıq imkanları müzakirə edilib. Həmçinin ortaq layihələrin icrası, televiziya kanalı vasitəsilə Türk xalqlarının zəngin mədəniyyətinin qlobal auditoriyaya çatdırılması məsələləri nəzərdən keçirilib.

Müzakirələr zamanı Fondun prezidenti Aktotı Raimkulova Türk xalqlarının mədəni irsinin beynəlxalq səviyyədə təbliğ olunmasının vacibliyini vurğulayıb. 

AzTV-nin sədri Rövşən Məmmədov isə mədəni sferada əməkdaşlığa daim açıq olduqlarını və Fondla iş birliyinin dövlət kanalı üçün ciddi önəm daşıdığını qeyd edib.

Görüşün nəticəsi olaraq tərəflər arasında gələcək layihələrin icrası və qarşılıqlı işgüzar əlaqələrin möhkəmləndirilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsi məqsədilə memorandum imzalanması planlaşdırılıb.

 

“Ədəbiyyət və incəsənət”

(01.03.2025)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Bu gün Azərbaycan xalça rəssamlığı sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, professor Kamil Əliyevin vəfatından 20 il ötür. 

Onu necə tanıyırıq? Ən çətin peşələrdən olan xalçaçııığa ən çətin peşələrdən olan rəssamlığı pərçim edərək inanılmaz mükəmməllikdə işlər ortaya qoyan böyük sənətkar kimi! 

 

Kamil Əliyev 1921-ci il oktyabrın 22-də Qərbi Azərbaycanda, İrəvan şəhərində anadan olub. 1936-cı ilin sentyabr ayında anası onu Bakı Rəssamlıq Məktəbinə, tanınmış rəssam Əzim Əzimzadənin yanına aparır. Məktəbə qəbul edilən K.Əliyev 3 il burada Dekorasiya şöbəsində təhsil alır və müəllimlərinin məsləhəti ilə oxuya-oxuya "Azərxalça" Birliyində eksperimental laboratoriyada köçürücü rəssam kimi işləməyə başlayır.

İkinci Dünya müharibəsinin iştirakçısı Kamil Əliyev döyüş rəşadətinə görə 22 orden və medalla təltif olunub. 

1946-cı ildə ordudan qayıtdıqdan sonra da öz sevimli peşəsini davam etdirir. Bir müddət Respublika Bədii Fonduna rəhbərlik edir, sonralar Bakı zərgərlik fabrikində direktor vəzifəsində çalışır. Həmin illərdə o, yalnız xalı, parça kimi toxuma mallarında yox, həmçinin qızıl, gümüş və digər materiallarda da özünün mahir bədii tərtibatçı, ornamental rəssam kimi məharətini nümayiş etdirir. 

Ötən əsrin 50-ci illərindən etibarən Kamil Əliyevin yaradıcılığında süjetli xalıların və portret-xalçaların yaradılması aparıcı mövqe tutur. Bu illərdə sənətkar bir-birinin ardınca yüksək professionallıqla Azərbaycan klassiklərinin, görkəmli dövlət xadimlərinin portretlərini yaradır. O, ornamentdən istifadə edərək şair və mütəfəkkirlərin yaradıcılığındakı hisslər və emosiyalar aləmini rəng çalarları vasitəsilə canlandıraraq tamaşaçının mənəvi dünyasına təsir göstərir.

Kamil Əliyev ilk portret-xalçasını 1958-ci ildə böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyinə həsr edib. Həmin xalı xalq sənətimizin qiymətli bir incisi kimi Azərbaycan Dövlət İncəsənət Muzeyinin daimi ekspozisiyasına daxil edilib. O, bir müddət keçəndən sonra İmadəddin Nəsimi və Nizami Gəncəviyə həsr edilmiş xalıları yaradıb. Rəssam bu dahi şairlərimizin hər birinin yaradıcılığına və dünyagörüşünə xas cəhətləri xalça sənətinin ifadə vasitələri ilə açmağa səy göstərib və məqsədinə nail olub.

Kamil Əliyevin portret-xalçalarının ikinci silsiləsi müxtəlif ölkələrin tanınmış siyasət və dövlət xadimlərinə həsr edilib.

Rəssam Hindistanda yaradıcılıq ezamiyyətində olarkən bu qədim Şərq ölkəsinin mədəniyyəti ilə yaxından tanış olur, İndira Qandinin portret-xalçasını yaratmaq işini reallaşdırıb. O, Azərbaycan və Hindistan sənəti üçün ənənəvi olan "buta" ornament motivindən, hindli və azərbaycanlı xalça ustalarının çox sevdiyi tünd-göy rəng çalarlarından özünəməxsus şəkildə ustalıqla istifadə edib.

Kamil Əliyevin türk xalqının böyük oğlu Atatürkə həsr etdiyi portret-xalısı tam başqa ovqatlı bədii üsluba malikdir. Bu portret-xalı Kamil Əliyevin ən böyük sənət uğurlarından sayılır. Turqut Özal, Süleyman Dəmirəl, eləcə də neçə-neçə başqa dövlət, elm və mədəniyyət xadimləri bu xalçanı çox yüksək qiymətləndirib, Kamil Əliyev sənətinə böyük hörmətlərini, ehtiramlarını bildirmişlər.

Azərbaycanın böyük dövlət xadimi, qüdrətli şəxsiyyət Heydər Əliyevin Kamil Əliyev tərəfindən 1999-cu ildə yaradılmış yüksək bədii xüsusiyyətlər kəsb edən portreti xüsusən seçilir. Kamil Əliyev Heydər Əliyevin ölkənin Ali Baş Komandanı kimi general libasında portret xalçasını yaratmışdır. Bu portret ictimaiyyət arasında böyük rəğbətlə qarşılanmışdır. Heydər Əliyevin portreti onun 75 illiyinə hədiyyə idi.

Ömrünü xalçaçılıq sənətinin parlaq ənənələrinin yaşadılmasına və inkişafına sərf etmiş Kamil Əliyev yaradıcılığının, fəaliyyətinin əsas hissəsini məhz “Azərxalça” Birliyi təşkil edib. Görkəmli sənətkar hələ gənc yaşlarında, 1930-cu illərdə Bakı rəssamlıq məktəbində oxuyarkən "Azərxalça" birliyində Lətif Kərimov, Qəzənfər Xalıqov, Kazım Kazımzadə və başqa görkəmli sənət adamları ilə birlikdə bacarıqlı ornamental rəssam kimi çalışıb. Ömrünü xalçaçılıq sənətinin qədim, zəngin ənənələrinin qorunub saxlanılmasına və inkişaf etdirilməsinə həsr etmiş böyük rəssam Kamil Əliyev 1995-ci ildən ömrünün sonunadək “Azərxalça” Elm-İstehsalat Birliyinin baş direktoru olub.

Kamil Əliyev 2005-ci il martın 1-də vəfat edib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(01.03.2025)

 

 

Xəbər verdiyimiz kimi, ötən gün mədəniyyət naziri Adil Kərimli Qəbələvətəndaşların müraciətlərini dinləyib. Dinləmə Qəbələ rayon Mədəniyyət Mərkəzində baş tutub.

 

“Ədəbiyyat və incəsənət” potralı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, əvvəlcə nazir Adil Kərimli və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin Qəbələ şəhərindəki abidəsi önünə tər çiçək dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.

Nazirliyin müvafiq struktur bölmələri rəhbərlərinin də iştirak etdiyi qəbulda Qəbələ, Şəki, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşlar müraciət və təkliflərini diqqətə çatdırıblar.

Vətəndaşların müraciətləri, əsasən, mədəniyyət sahəsinə dair təkliflər, məşğulluq, iş yerinin dəyişdirilməsi, maddi-texniki təchizatın yaxşılaşdırılması, əməyin qiymətləndirilməsi və digər məsələlərlə bağlı olub.

Mədəniyyət naziri vətəndaşlar tərəfindən səsləndirilən hər bir məsələnin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli ilə bağlı addımlar atılacağını bildirib.

Qəbulda iştirak edən şəhid ailələri və qazilərin qeyd etdikləri məsələlərə xüsusi diqqət göstərilməsi və obyektiv baxılması ilə bağlı nazirliyin məsul əməkdaşlarına tapşırıqlar verilib.

 

“Ədəbiyyat və incəsənət”

(01.03.2025)

 

 

“Rusiya Dövlət Dumasının MDB ölkələri ilə iş komitəsi sədrinin birinci müavini Konstantin Zatulinin Bakıda məhkəməsi davam edən erməniəsilli şəxslərlə bağlı absurd açıqlaması siyasi-mənəvi əxlaqsızlıqdır”.

 

Bu sözləri “Ədəbiyyat və incəsənət” portalına açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Zatulin məlum açıqlamasında separatçılara haqq qazandırıb, Cənubi Qafqazla bağlı tarixi faktları saxtalaşdırıb:

 

“Zatulin xalqımıza qarşı ağır cinayətlərə yol verən şəxslərin Bakıda keçirilən məhkəmə prosesini “şəxsi qisas”, repressiya kimi dəyərləndirib ki, bu da yumşaq desək, həyasızlıqdır. Çünki bu gün məhkəmə qarşısında dayanan şəxslərin uzun illərdir ki, xalqımıza qarşı çoxsaylı təxribatlara, qanlı əməllərə yol verdiyi, separatizmi alovlandırdığı hər kəsə məlumdur.

Bu şəxslərin vaxtiylə Ermənistan mediasına verdikləri müsahibələrə baxmaq kifayətdir ki, onların öz qanlı əməlləri ilə necə fəxr etdikləri, necə böyük cinayətlərə imza atdıqları isbatlansın. Belə olan halda həmin separatçıların məsuliyyətə cəlb edilməsini “şəxsi qisas” kimi səciyyələndirmək, bunu “ədalətsiz yanaşma” kimi şərh etmək gülüncdür.

Zatulin açıqlamasında Cənubi Qafqazın tarixi ilə bağlı da yalan danışır, xalqımıza böhtan atır. O, bildirir ki guya ermənilər Cənubi Qafqazın qədim, aborogen xalqıdır və onlar bu coğrafiyada azərbaycanlılardan öncə məskunlaşıb. Halbuki, Rusiyanın özündə bugünə qədər bir çox tarixçi və siyasətçi ermənilərin Cənubi Qafqaza “Kürəkçay”, “Gülüstan” və “Türkmənçay” müqavilələrinin nəticəsi olaraq köçürüldyünü etiraf ediblər. Bununla bağlı, müxtəlif tarixi mənbələrdə çoxsaylı faktlar mövcuddur. Belə olan halda erməniləri Cənubi Qafqazın qədim xalqı kimi səciyyələndirmək ağ yalandan başqa bir şey deyil.

Hesab edirəm ki, Zatulin və onun kimilərin antiAzərbaycan bəyanatları davamlı olaraq ifşa edilməli, Rusiya dövləti onun imicinə zərbə vuran bu cür şəxslərlə bağlı konkret addımlar atmalıdır. Çünki Zatulin və onun kimilərin nifrət dolu, qızışdırıcı bəyanatları Cənubi Qafqazda sülh prosesinə ziyan vurmaqla yanaşı, Rusiya-Azərbaycan münasibətlərinə da kölgə salır, ictimai rəydə Rusiya dövləti haqqında xoşagəlməz fikir formalaşdırır.

Bu baxımdan, Rusiya hakimiyyətindən zatulinçilərlə bağlı əməli addımlar atmağı, onları əxlaqa, vicdana, məsuliyyətə dəvət etməyi gözləyirik, gələcəkdə bu kimi halların bri daha yaşanmayacağına ümid edirik”.

 

“Ədəbiyyat və incəsənət”

(01.03.2025)

 

 

Britaniyanın nüfuzlu ali təhsil ocaqlarından olan Şeffild Universitetinin Siyasət Cəmiyyətinin qəzetində “The Karabakh Conflict and the Minsk Group: A case of failed mediation” (“Qarabağ münaqişəsi və Minsk qrupu: uğursuz vasitəçilik işi”) adlı məqalə yayımlanıb.

 

Universitetdə fəaliyyət göstərən Azərbaycan Tələbə Cəmiyyətinin rəhbəri Turanə Abdullayevanın təşəbbüsü ilə çıxan məqalədə Xocalı soyqırımı haqqında geniş məlumat verilib, Minsk qrupunun Birinci Qarabağ müharibəsində apardığı siyasət, İkinci Qarabağ müharibəsinə gətirib çıxaran səbəblər qısaca təhlil edilib, müasir geosiyasi məsələlərə toxunulub.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://uospolsocpaper.com/2025/02/26/the-karabakh-conflict-and-the-minsk-group-a-case-of-failed-mediation/

 

Materialı “Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsi təqdim edib.

 

“Ədəbiyyat və incəsənət”

(01.03.2025)

 

Kanadanın Hamilton şəhərində fəaliyyət göstərən Hamilton Azərbaycan Cəmiyyəti Xocalı soyqırımının 33-cü il dönümü ilə bağlı anım tədbiri keçirib. Tədbirə Azərbaycan icmasının, Kanada ictimaiyyətinin üzvləri, McMaster Universitetinin tələbələri və 10 fərqli ölkənin nümayəndələri (Türkiyə, İngiltərə, Çin, Koreya, Ukrayna, Hollandiya, Meksika, Kanada, Serbiya, İrlandiya) qatılıb.

 

“Ədəbiyyat və İncəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, anım mərasimində əvvəlcə Kanadanın və Azərbaycanın Dövlət himnlərinin səsləndirilib, Xocalı soyqırımının qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Təşkilatın rəhbəri Cəmilə Şepherd və tədbirin moderatoru Devid Şepherd Xocalı faciəsi haqqında tarixi faktlar, soyqırımının baş vermə səbəbləri, xalqımız üçün ağır nəticələri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib və bu faciənin gələcək nəsillərə ötürülməsinin əhəmiyyətini diqqətə çatdırıblar.

“Khojaly: The Grief of a Nation” (“Xocalı: Bir Millətin Dərdi”) adlı filmin nümayişindən sonra Kanadada fəaliyyət göstərən koreyalı skripkaçı, maestro Robert “Ay Laçın” və “Sən gəlməz oldun” mahnılarını ifa edib. Maestro Robertə Hamilton Azərbaycan Cəmiyyətinin adından “Azərbaycan musiqisinin inciləri” adlı kitab hədiyyə edilib.

Tədbirdə iştirak edən xarici qonaqlar Azərbaycan və onun tarixi haqqında kitablarla tanış olublar. İştirakçılara Xocalıda amansızlıqla qətlə yetirilən uşaqların adları və yaşları yazılmış kağız stəkanlarda çay və kofe təqdim olunub.

 

“Ədəbiyyat və İncəsənət”

(01.03.2025)

 

 

Murad Vəlixanov,  “Ədəbiyyat və İncəsənət” 

 

11 aylıq həsrət bitdi. Qullarının Rəbbinə qovuşduğu ay gəldi çatdı. Günahların bağışlandığı və Rəbbimizə səsimizi ən yaxından eşitdirə bildiyimiz mübarək ay yetişdi.  

 

Məhəmməd Peyğəmbərə Quran ayələrinin enməyə başladığı və eyni zamanda bütün müsəlmanların nəfsinə kilid vurduğu aydır- Ramazan.

Oruc tutmaq İslam dininin beş şərtindən biri olduğu həmən-həmən bütün müsəlmanlara bəllidir. İl ərzində nə Ramazan ayı qədər gözəl ay,  nə də Ramazan bayramı qədər gözəl olan bayram yoxdur. Küsülülərin barışdığı  hər kəsin bir araya gəldiyi yeganə aydır bu ay.  

Ramazan ayını mübarək və möhtəşəm qılan bir digər səbəb isə ALLAHIN islam dünyasına ən gözəl hədiyyələrindən olan Quran-i Kərimi bizlərə bəxş etməsidir. Digər tərəfdən isə Qədr gecəsi də məhz Ramazan ayına təsadüf etmişdir.  

Ramazan ayı nə təriflərə, nə də bu kiçik qəlbimizə sığışdırılması mümkün olmayan nadir gözəlliklərdəndir.

Ramazan ayı bərəkət, nəfsini tərbiyyə etmək,  ALLAHLA  yaxınlaşa bildiyin yeganə aydır. Boşuna  Ramazan ayına ibadətin baharı deyilmir. Bizi bu mübarək günə, bu möhtəşəm anlara şahid olmağı nəsib edən ALLAHA sonsuz şükürlər olsun.

ALLAH tutduğumuz orucu və etdiyimiz duaları bir ALLAHLIĞINA xatir, qəbul etsin.

Gəlin Ramazan ayına elə davranaq ki, vidalaşmaq vaxtı çatanda biz Müsəlmanlardan inciməsin. 

 

“Ədəbiyyat və İncəsənət” 

(01.03.2025)

 

 

Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi

 

Bu gün - martın 1-də Azərbaycan və dünya müsəlmanları Ramazan ayının gəlişini sübh tezdən başlayaraq gün batanadək yemək və içməkdən çəkinərək oruc tutmaqla qeyd edəcəklər. 

 

Ramazanın birinci günü üçün Azərbaycanda oruc vaxtları:

İmsaq (orucun başlanğıcı): 05:49
İftar (orucun açılması): 18:47

 

Gecənin qaranlığında sevgi və istəklə oyanıb Ramazan ayında işıqlarını yandıran evlərin sakinləri Allahın ən xoşbəxt bəndələridir. Otuz ildən sonra bu evlərin sayı cəmi 44 gündə artdı ölkəmizdə. İndi bütövləşən Azərbaycan torpaqlarında çırağı yanan evlərin sayı artıb. Çünki neçə-neçə ataların duası olub imsaka Şuşada dursun, Xankəndidə, Xocalıda dursun. Neçə-neçə anaların duası olub iftarı Füzulidə, Zəngilanda, Laçında açsın. Neçə-neçə oğulların istəyi olub o torpaqları oruclu ziyarət etsin. 

Ürəklər təmiz, niyyətlər saf olarsa, səmaya ucalan dualar pıçıltı olub Allaha çatar. Əmrlər, qadağalar, olar-olmazların hamısı isə Allahın insana sevgisinin təzahürüdür. Ramazan ayı il ərzində günahdan qorunmaq üçün ən gözəl fürsətdir. Sanki Allah bizi bu bir ayda təcrübə etdirərək dözümlülük yaradır. Allah dostları yorulmur bu günlərdə Allah qapısına getməkdən. Üzrxahlıq üçün də, keçmişi düzəltmək üçün də ən gözəl fürsətdir bu ay.

 

Müqəddəs Ramazan ayı müsəlmanlara 622-ci ildə fərz edildi. Bu ay insanlara Allahı sevmək prinsiplərini öyrədir, onları öz iradələrini ortaya qoymağa, dözümlülüyünü yoxlamağa, təmiz vicdanlı olmağa yönəldir. Oruc ərəbcədən tərcümədə “çəkinmək” anlamına gəlir. Ramazan isə ərəbcədən tərcümədə “yandırmaq” anlamı verir. Yəni bu müddət ərzində insan təkcə qida ilə özünü sınamır, eyni zamanda baxışları ilə harama baxmamaqla, nitqi ilə qeybət etməməklə pislikləri yandırır. Ramazan ayı insanın müsbət keyfiyyətlərini artıran bir aydır. Bu baxımdan müqəddəs sayılır. Digər tərəfdən, ən gözəl dini bayram kimi xüsusi önəm daşıyır. Klassik ədəbiyyatımızda da ramazaniyyələr yazılaraq bu ayda insanlara oxunub. Tarixdə Ramazanla bağlı belə məqamlar çox olub. Ona görə Ramazan xalqın taleyinə yazılan müqəddəs bayram kimi qeyd olunur. 

Bu bayramda hər bir kəs özünü sınaqdan keçirir. Yəni mən Allahın sınaqlarına hazıram və layiqəm. Yəni Allah məni sınadı, dedi ki, oruc tut, mən də tutdum. Orucu açanda da “Allahım sənə güvəndim, sənə görə oruc tutdum” , – deyir. 

Ramazan müsəlmanlar üçün orucun vacib olduğu doqquzuncu qəməri ayıdır. Bu ay Allahın qonaqpərvərliyi, rəhmət, bağışlanma və bərəkət ayı, Quranın baharı adlandırılmışdır. Hədislərə görə, bu ayda cənnətin qapıları açılır, cəhənnəmin qapıları bağlanır. Quranın nazil olduğu Qədr gecəsi bu aydadır. Tövrat və İncil kimi digər səmavi kitablar da bu ayda  nazil olunub. Ramazan ayı Quranda adı keçən yeganə aydır. Bu ayın müsəlmanlar üçün xüsusi yeri və hörməti vardır. Müsəlmanlar bu ayda ibadətə xüsusi diqqət yetirirlər. Bu ayın ən mühüm əməllərindən biri də Quran tilavəti, Qədr gecələrini diriltmək, dua etmək, istiğfar etmək, iftar etmək, yoxsullara kömək etməkdir. 

Bu ayın 21-də birinci imam Həzrət Əli şəhadətə qovuşub, İmam Həsən isə bu ayın 15-də dünyaya göz açıb. Ramazan ayında ibadət və oruc tutmaq müsəlman kimliyinin bir hissəsidir. İslam cəmiyyətlərində Ramazan ayı üçün məclislər, məscid və dini yerlərin təmizliyi, barışıq mərasimləri, daş atma mərasimləri, şirniyyat və xörək bişirmək kimi müxtəlif adət və ənənələr formalaşıb. Bu ayda məhrəm insanlar bir-birinə libas kimidir. Bəndələr bu ayda Allahın buyurduğu kimi yeyib-içir ta ki ağ sap kimi sübhün nuru qara sap kimi zülmətdən ayrılana qədər. Sonra Günəş batana və axşam namazının vaxtı daxil olana qədər oruc tutulur. 

Oruc bir qalxandır. Oruc tutarkən pis söz danışmaq olmaz. Oruc tutanın iki sevinc anı vardır: biri iftar etdiyi zaman, digəri isə orucunun savabı ilə Rəbbinə qovuşduğu vaxtdır. Orucluq hələ İslamdan da əvvəl mövcud idi. Bu haqda Quranda deyilir: “Sizlərə oruc tutmaq göstərişi verildiyi kimi, sizdən əvvəlkilərə də həmin göstəriş verilmişdir”. Orucluq Fitr bayramı ilə başa çatır. Həmin gün bütün imkanlı müsəlmanlar kasıblara yardım etməlidirlər. Fitrə verərkən bütün ailə üzvləri nəzərə alınır. 1993-cü ildən Ramazan bayramı dövlət səviyyəsində qeyd olunur.

Hər bir dində oruc tutmaq, orqanizmi həm fiziki, həm də mənəvi baxımdan təmizləmək ənənəsi var. İslamda isə il ərzində bir dəfə – Ramazan ayında oruc tutmaq buyurulub. Ramazan 11 ayın sultanı sayılır. İslami ehkamlara görə, Ramazan ayında günahlar bağışlanır. Şəriət kitablarının yazdığına əsasən Ramazanın ən böyük fəziləti ondan ibarətdir ki, Allah bu müqəddəs ayda edilən duaları qəbul edir. Bu ayda oruc tutan müsəlmanlar günahdan təmizləndiklərinə əmin olduğu üçün yayın istisində də, qışın soyuğunda da ibadətlərini davam etdirirlər. İslam inancına əsasən Allah buyurur: “Oruc mənim üçündür və mən də onun mükafatını öz dərgahımda xüsusi olaraq verəcəyəm”. Yayda tutulan orucun savabı ona görə böyük hesab olunur ki, Allah isti havalarda öz bəndəsinin səbrini bir daha sınağa çəkir, onu dözümlü olmağa çağırır. “Qurani-Kərim”də deyilir: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də vacib edildi”. Oruc müəyyən və sayılı günlərdə tutulur. Orucun vacib olduğu Ramazan ayı insanlara hidayət olan, onlara doğru yolu göstərən və haqqı batildən ayıran ən açıq dəlilləri ehtiva edən “Qurani-Kərim”in nazil edildiyi aydır. Bütün bunlar Allahın izzətini tanımaq və sizə doğru yolu göstərdiyi üçün Ona şükür etmək üçündür. 

Ramazanın son gününə qədər insanlar oruc tutub, ibadət edir, günahlardan arınmaq üçün nəfslərindən qaçıb Allaha sığınırlar. Quranın yer üzünə nail olduğu bu ayda hər kəsin üzündə bir bəxtəvərlik, sevinc yaranır. Lakin ürəyi Allah eşqi ilə döyünən ariflər üçünsə bu ayın son günləri o sevinc yox olur. Səbəbi isə budur ki, aşiqlər öz məşuquna yetişmədi. Ona görə də hicran yenə davam edir. Bu baxımdan nə qədər ki insanın bədənində nəfsi var, nə qədər ki bu nəfsi cilovlaya bilmir, o zaman bu istəkdən keçərək bayram etmək olar. Məhz Ramazan ayının bir digər mənası da nəfsdən qurtulub bayram etmək anlamındadır. İnsan yaşadığı müddətdə tam nəfsdən qurtula bilməz. Gərək cismi təhvil versin ki, ruhu qurtulsun. Bu mənada, Ramazan sanki nəfsdən az müddətə epizodik qurtulmadır. 

Göydən yerə rəhmət tökülən bu ayın gəlişinin sevincini yaşayırıq artıq. Bu rəhmət ayında çalışırıq ki, nəfsdən qurtulub özümüzlə üz-üzə qalaq. Ruhumuzun dərinliklərində sevgini, mərhəməti və saflığı yenidən kəşf edək.

 

“Ədəbiyyat və incəsənət”

(01.03.2025)

 

 

 

Qazaxıstanda istehsal olunan hərbi təyinatlı zirehli təcili yardım maşınına Azərbaycanın Milli Qəhrəmanı Hökümə Əliyevanın adı verilib.

 

“Ədəbiyyat və incəsənət” Modern.az-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan “Paramount” müdafiə sənayesi şirkətinin təsisçisi Aybek Barisov özünün instaqram hesabında paylaşım edib.

O, Hökumə Əliyevanın həyatının sonlanacağını bildiyi halda həyəcan keçirmədən, son ana kimi insanların həyatını xilas etmək üçün mübarizə aparan qəhrəman olduğunu bildirib.

"O, təkcə Azərbaycanın yox, bütün türk dünyasının qəhrəmanıdır. Bu ambulansın da məqsədi insanların həyatını xilas etməkdir. Hökumənin ruhu şad olsun!” , - şirkət rəhbəri qeyd edib.

 

“Ədəbiyyat və incəsənət”

(28.02.2025)

 

 

Fevralın 28-də Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova milli məclisdə Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşüb.

 

“Ədəbiyyat və incəsənət” Portalı Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki,qonağı salamlayan Milli Məclisin sədri Türk Mədəniyyəti və İrsi Fondunun əhəmiyyətindən danışıb. O, bildirib ki, Türk dünyasının güclənməsinə Azərbaycan xüsusi önəm verir. Prezident İlham Əliyevin dediyi kimi, “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır.”

Spiker bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış bu Fond türk xalqlarının bir-birinin mədəniyyətini, irsini daha da yaxından tanımasına, qardaş xalqlarımızın daha da yaxınlaşmasına imkan yaradır. Fondun səmərəli fəaliyyət göstərdiyini deyən Milli Məclisin sədri onun fəaliyyətinin daha da genişləndirilməsi üçün böyük potensialın və ən əsası istəyin olduğunu qeyd edib.

Söhbət zamanı bildirilib ki, Fond Türk dünyasının zəngin mədəni irsini qorumaq, yaymaq, gələcək nəsillərə ötürmək baxımından mühüm körpü rolunu oynayır. Fond türk xalqlarının dəyərlərini vurğulayaraq, mədəniyyətlərarası dialoqu gücləndirməklə bu sahəyə önəmli töhfələr verir. Aparılan bu işlər türk dünyasının qlobal miqyasda daha yaxşı tanınmasına və onun dəyərlərinin qiymətləndirilməsinə şərait yaradır.

Səmimi görüş üçün təşəkkürünü bildirən  Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulova bu fondun yaradılmasının düzgün və çox uzaqgörən qərar olduğunu diqqətə çatdırıb. O, bildirib ki, mədəniyyət yumşaq gücdür və xalqların bir-birinə yaxınlaşmasında mühüm rola malikdir.

Söhbət zamanı qonaq  Türk Mədəniyyəti və İrsi Fondunun gördüyü işlər, həyata keçirdiyi layihələr və gələcək planları barədə məlumat verib. O, Prezident İlham Əliyevin   “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır.” sözlərini özləri üçün bir deviz seçdikllərini və fəaliyyətlərini də bu istiqamətdə qurduqlarını diqqətə çatdırıb.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

 

“Ədəbiyyat və incəsənət”

(28.02.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.