İlqar İsmayılzadə,
fəlsəfə üzrə fəlsəfə doktoru, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi
İlin bütün ayları gözəl olsa da bahar fəslinin öz gözəlliyi və özəlliyi var. Odlar Yurdu Azərbaycanda daha çox aprel-may-iyun aylarının özəlliklərindən biri də ölkənin dilbər güşələrindən sayılan Qarabağ bölgəsinin Şuşa şəhərində Xarıbülbülün çiçək açmasından ibarətdir.
Qısa təqdimat:
"Wikipedia"nın təqdim etdiyi məlumata əsasən, Xarıbülbül (lat. Ophrys caucasica) - bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin ofris cinsinə aid bitki növüdür.
"Xarıbülbül" isimdir, fars dilindəki xar-tikan və bülbül sözlərinin birləşməsindən yaranıb. Xarıbülbül çoxillik ot bitkisidir. Gövdə 20-40 sm hündürlükdədir. Soğanaqları şarvari və ya xırda-ellipsvaridir. Yarpaqları gövdənin qaidəsində yerləşir, uzunsov-lansetvari və ya uzunsov-ellipsvari, eni 2-3 sm, uzunluğu 5-10 sm-dir. Çiçək qrupu seyrəkdir, 5-6 çiçəkdən ibarətdir. Çiçəkyanlığının kənar ləçəkləri 12-sm uzunluğunda açıq-bənövşəyi rənglidir. Daxili ləçəklər 3 sm uzunluqda oval-lansetvari, bənövşəyi və birdamarlıdır. Dodaqcıq məxmərvaridir, yuxarı hissədə irəliyə doğru qısa əlavə çıxıntısı var, qonur, üzəri bir neçə sarımtıl ləkəlidir, hər biri ensiz, açıq-sarı haşiyəlidir. Yay ayları, xüsusilə də aprel-iyun ayları Xarıbülbülün çiçəkləmə dövrü sayılır. Xarıbülbülün 50-dən çox növü var ki, onların çoxu ölkəmizdə yetişir. Məlumat üçün qeyd etmək lazımdır ki, bülbülü xatırladan Xarıbülbül çiçəyi Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş nadir növdür.
Xarıbülbül Azərbaycanda İkinci Qarabağ müharibəsində şəhid olan əsgərlərin xatirəsinin rəmzi olaraq qəbul edilir. Bundan əlavə, həm də Azərbaycan ordusunun zəfər simvolu kimi tanınır...
Xarıbülbül çiçəyi barədə mif...
İndiyədək "Xarıbülbül" çiçəyinin Qarabağ torpağı və Şuşaya xas olduğunu eşitmişdik. Hətta, "Xarıbülbül çiçəyi yalnız Şuşada, Cıdır düzündə bitir, ayrı yerlərdə isə bitmir!" – kimi söyləyənlər də az deyildi. Bu, əslində bir növ mif idi. Bu mifin yaranmasında isə xüsusi səbəb mövcuddur. Deyilənlərə görə, 1801-ci ildə Qarabağ xanı İbrahimxəlil xan öz qızı Ağabəyim ağanı bir sıra siyasi məqsəd və tarazlıq hədəfi ilə İran hökmdarı Fətəli şaha ərə verir.
Fətəli şah Ağabəyimi sevindirmək və onun qürbətdə öz doğma evində olduğu kimi yaşamasına şərait yaratmaq məqsədi ilə Tehranda onun şərəfinə böyük bir bağ saldırır və bu bağda Qarabağın Xankəndi, Şuşa və ətraf ərazilərində bitən bütün ağac və gül-çiçəklərdən əkdirir. Bu bağa qulluq etmək üçün Şuşadan xüsusi bir bağban gətirir və bağın da adını "Vətən bağı" qoyurlar. Lakin bağbanların bütün cəhdlərinə rəğmən Ağabəyimin Qarabağda tez-tez gördüyü xarıbülbül bitkisini bu bağda əkib becərmək mümkün olmur. Çünki əkilən çiçəklər az müddət ötdükdən sonra yanırdı. Öz dövrünün bacarıqlı şairəsi olan Ağabəyim xanım Şuşadan uzaqda xarıbülbülün bitməməsindən məyus olaraq dərdini belə dilə gətirib:
Vətən bağı al-əlvandır,
Yox içində xarı bülbül,
Ömür sürməli dövrandır,
Səsin gəlsin sarı, bülbül.
Oxu, quşlar dilə gəlsin,
Xoş nəfəsin elə gəlsin,
Yarım gülə-gülə gəlsin,
Mən çalanda tarı, bülbül.
Bülbül, sənin işin qandı,
Aşiqlər oduna yandı,
Nədən hər yerin əlvandı,
Köksün altı sarı, bülbül…
Məhz bundan sonra da Xarıbülbül çiçəyinin yalnız Qarabağ bölgəsi və xüsusilə də Şuşada bitdiyi düşüncəsi yayılmağa başlayır. Həmin şeir sonralar "Sarı bülbül" adı ilə Azərbaycan xalq mahnısına çevrilir.
Əslində hər bir vətənsevər azərbaycanlı Qarabağ və onun ətraf rayonlarının uzun illər boyu erməni işğalı altında qaldığı dövrlərdə həmin şeir əsasında oxunan mahnını Azərbaycanın tanınmış xanəndəsi, mərhum sənətkarımız Səxavət Məmmədovun (1953-1991) həzin və dərdli ifasında dinləyərək kədərlənir, bəzən də göz yaşlarına hakim ola bilmirdilər. O zamanlar bir çox insanlarımız Qarabağ və Şuşa qədər Xarıbülbülün də işğal edildiyi və onların nə vaxtsa geri qayıdacağından yavaş-yavaş məyus olmağa başlamışdılar. Lakin II Qarabağ Savaşı zamanı Müzəffər Ali Baş Komandanın cəsarəti və qətiyyəti, qardaş Türkiyə və Pakıstanın dəstəyi, Azərbaycan ordusunun şücaəti, xüsusilə də şəhidlərimizin qanı və qazilərimizin canı bahasına Qarabağ və ətraf bölgələrimiz erməni işğalından azad oldu, ərazi bütövlüyümüz və dövlət suverenliyimiz bərba edildi. Təbii ki, uzun illər boyu işğal altında qalmış Xarıbülbül çiçəyi də öz azadlığına qovuşub əsil sahiblərinə qayıtdı...
Əvvəllər Xarıbülbül çiçəyinin yalnız Qarabağda və Şuşanın Cıdır düzündə bitdiyi kimi təsəvvür mövcud olsa da, zaman ötdükcə toxumla çoxalan bu çoxillik bitkinin Azərbaycanın digər bölgələrində də yetişdiyi aydınlaşmışdır. Buna misal olaraq Qax, Qazax, İsmayıllı, Yardımlı və Cəlilabad rayonlarının ucqar dağ ətəylərini göstərmək olar.
"Azərbaycan Respublikasının Qırmızı Kitabı"nda təqdim edilən məlumata əsasən, bu çiçəyə Azərbaycanda Şuşa və ətraf ərazilərdə, Samur-Dəvəçi, Kür-Araz və Xəzərsahili (Siyəzən rayonu, Beşbarmaq dağının təpə hissəsində) ovalıqlar, Kür düzənliyi, Abşeron, Diabar, Böyük Qafqazın cənub yamacı və Kiçik Qafqazın cənub rayonlarında rast gəlinir.
Bir neçə il öncə "Xəzər TV"dən Səbuhi Yusiblinin aparıcılığı ilə efirə gedən "Səyyah" verlişində də Xarıbülbülün Cəlilabadın dağ kəndlərindən birində (Tahirli kəndindəki dağ ətəyində) bitdiyi lentə alınmış və yayımlanmışdı.
Bu baxımdan Azərbaycanımızın hər bir guşəsi və hər bir məkanı bizə Qarabağ kimi doğma, əziz və dəyərli olmalı, bu ölkənin suyunu içən və çörəyini yeyən hər bir ləyaqətli vətəndaş isə onun şimalından cənubuna, şərqindən qərbinə qədər hər bir güşəsini və hər qarışını Qarabağ torpağı kimi sevib, göz bəbəkləri kimi qorumağa mükəlləfdir...
“Ədəbiyyat və incəsənət”
(12.06.2025)