Super User

Super User

Bazar ertəsi, 24 Noyabr 2025 13:06

ŞEİR SAATI – Vüqar Rahinin qəzəlləri

 

Ədəbiyyat və incəsənət” portalının Şeir saatı rubrikasında bu gün sizlərə Vüqar Rahinin qəzəlləri təqdim edilir.

 

 

 

***

 

İzn ver, ey gözəl afət, ölək eşqində sənin,
Dirilək, tazədən atsın ürək eşqində sənin.

Ağladıq vəslivə bəs qədri fərağında yetər,
Ki, gərəkdir daha, ey gül, gülək eşqində sənin.

Nəzəri 
mərhəmətin kəm deyil əğyarlərə,
Biz də bir fikrivə hərdən gələk eşqində sənin.

Şövqi
vəslinlə coşan eşqdə bir biz deyilik,
Dağıdır aləmi, ey gül, külək eşqində sənin.

Müntəzir olmaya kimdir sənə taətdə bəşər?
Sən o kəssən, baş əyibdir mələk eşqində sənin!

Yetən hər aşiqin, ey can, sənə bir layiqi yox,
Sənə layiqli yetişsin gərək eşqində sənin!

Ərseyi
eşqə çağır, cümlə buyursun gəlsin,
Kim olur Rahiyə nisbət görək eşqində sənin?

***


Ağlamaqdan, gülüm, eşqində gözüm qan qoydu,
Sənə biganədən aşiq məgər az can qoydu?!

Ey vəfasız, sənə könlüm nə vəfasızlıq edib,
Ayrılıq şərbətini qarşıma dövran qoydu?!

Mən ki bir tac eləmişdim səni, ey gül, başıma,
Belə bir tacı nə bir xan, nə də sultan qoydu!

Məni məhrum edib əğyarı yetirdin vəslə,
Bu vəfasızlığın, ey gül, məni heyran qoydu!

Neyləmişdim sənə, etdin məni vəslindən uzaq,
Məni pis günlərə sənsiz belə hicran qoydu...

Ayrılıq dərdini səbrim tükənib çəkməkdən,
Məni, ya Rəbb, nəzərindən niyə canan qoydu?

Rahi, bu eşq Minasında şikayət qılma,
Səni layiq bilib Allah bura qurban qoydu!


***


Biganə istəməz sənə aşiq sözün demək,
Ey gül, qalır bizə sənə ancaq düzün demək.


Müşkül olan fərağına dözməkdi dilbərin,

Yoxsa ki iş deyil durub, ey dil, dözün demək.

Qəlbində şö’lələnsə kimin atəş eşqdən,
Yüz seyli-qəm də söndürə bilməz közün, demək.

Ey dil, cəmali-həqqə təmaşa edənlərə
Musasifət yetər sənə bir mö’cüzün demək.

Şəmsi-həqiqətin üzünü açsa lütfi-yar,
Əbri-siyəh də gizlədə bilməz üzün, demək.

Dünya gözüylə seyr eləməzlər həqiqəti,
Görmürsə qəlbivin gözü, görmür gözün, demək.

Rahi, açıqdı bəndəyə babi-behişti-yar,
Girdinsə gər cəhənnəmə, etdin özün, demək.

***


Bir müjdə o güldən mənə, ey badi-səba, ver,
Qəmdən tutulan könlümü aç, zövqü-səfa ver.


Tək qoyma qaranlıqda bu can Yusifi, ya Rəbb,
Qurtar bu şəfadən məni, lütf eylə, şifa ver.

Sən gah verib badeyi-vəslin, gah alırsan,
Məndən onu bir dəf’əlik al sən, mənə ya ver.

Ey daği-qəm, aləm deməsin dadrəsin yox,
Can tişəsinin zərbəsinə əksi-səda ver.

Görsün bütün aləm nədir eşqində dəyanət,
Bir Kərbü-bəladən mənə yüz Kərbü-bəla ver!

Eşqində bəla Rahini qorxutmayır əsla,
Mərdanə dayanmış, nə qədər varsa bəla, ver!

 

***


Hər kimsədə olmaz bu gözəllikdə özəllik,

Göydənmi enibdir yerə, kimdir bu gözəllik?


Görcək onu könlüm elə bir gəldi ki vəcdə,

Təkbir deyib sübhədək istər edə səcdə.


Ey göz, hələ sən vəsfə gələn surətə bir bax,

Ey çeşmeyi-təb'im, nə durubsan belə, coş, ax.
 

Gözlər qara dərya, qaşı dağ, zülfü şəlalə,

Tər qətrəsi gül çöhrəsi üstündəki jalə.


Ey varlığı ne'mət olan aləmdə sözümçün,

Xaliq səni xəlq eylədi ehsanmı gözümçün?


Ya Rəbb, ölürəm hər nəfəs ol yarə baxanda,

Çarə elə, yarə məni – biçarə baxanda.


Sən mehrin, İlahi, mənə yar eylə o mahi,

Yoxsa belə can tapşıracaqdır ona Rahi.

***


Ey gül, tapa bilməzsən dünyadə elə bəndə,

Can gəzdirə cismində, sən qılsan əgər xəndə.


Bal ləblərivin nəqli başdan çıxarıb əqli,

Könlüm buna meyl eylər bir tutisifət qəndə.


Sən öylə çiçəksən ki, yox buyinə bənzər bu,

Xoşhal eləyir ətrin bülbülləri gülşəndə.


Ey hər iki aləmdə həm dövlətim, həm varım,

Sənsən bir ömür yarım olduqca nəfəs təndə.


Eşq ilə get, ey Rahi, rahi  Şəhi  Mərdanı,

Olmaq diləmirsən gər məhşər günü şərməndə.

***

Nuş et, şərabi-sağəri-hicran, əcəl deyir,
“Dari-fənadən ayrılıb üqbayə gəl”, – deyir.

Meyxanələrdə piri-muğan tapşırıb bizə:
“Saqi əyağına yetirin mütləq əl”, – deyir!

Dərk et qədəhdə badeyi-gülrəng rəngini,
Meysiz cəmali-batinin olmaz gözəl, deyir!

Qədri-kəmali-əhli-dilin imtiyazını
Mizani-həqdə ruzi-qiyamət əməl deyir!

Ya Rəbb, bu şəb yetirmə nəzər özgə bir qula,
Sultani-şe’r Rahi səninçün qəzəl deyir!

***

Görsəydi ay cəmalıvı açdıqda sən niqab,

Qəşş eyləyərdi, eyləməyib afitab tab.


Badi – səbayə ver ki, dağıtsın bu aləmə,

Mişkin saçın həvasına olsun gülab ab.


Hər dəm əlimdə cami – meyi – xoşgüvar var,

Lə'li – ləbindir aşiqə, ey gül, şərabi – nab.
 

Tapmaz kəmali – hüsndə bir kimsə nisbətin,

Hər gün diyari – eşqə düşüb gəzsə bab – bab.


Mədhi – Muhəmməd, ali – Muhəmməddi məqsədin,

Rahi, nə xoş bu halıva ki, eylədin səvab.

 

***


Bir gün çəkən xəyali-səri-zülfi-yarımı,
Min il çəkir hesabə qəmi
-ruzigarımı.

İstərsən et əsiri
-qəmi-eşq özün kimi,
Mən vermişəm sənə, könül, öz ixtiyarımı.

Ey zülf, tutmusan nədi rüxsari
-yarı sən,
Qoy bir doyunca seyr eləyim gül’üzarımı.

Dərdi
-fəraq içində verib vəsl müjdəsin,
Asudə eyləsin bu dili
-biqərarımı.

Bir qönçeyi
-muradım açılmaz bu dəhrdə,
Gülzari
-eşq içində görün növbaharımı.

Seyr eyləyəndə, bəlkə də, xatırladır sənə
Hər lalə dağdə bu dili
-dağdarımı.

Sandım ki, mən özüm deyiləm, özgədir baxan
Ayinədə görüncə mən öz hali
-zarımı.

Bildim, cahanda hər gözələ yoxdur e’tibar,
Ta bivəfa görüncə bu gün öz nigarımı.

Rahi, inanma qəlbinə bir eyləsin əsər,
Yüz yol eşitsə də o gözəl ahü-zarımı.

 

“Ədəbiyyat və incəsənət”

(24.11.2025)

 




 

 

 

Bazar ertəsi, 24 Noyabr 2025 11:29

Haqqa qovuşan Arif...

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Şair, qəzəlxan Arif Buzovnalı vəfat etdi...

Bütün ömrü boyu mükəmməllik axtarışında olub və detallara olan diqqəti ilə seçilib. Fitrətdən gələn təbii analitik bacarıqlara malik idi. Hər bir vəziyyəti dərinliklə təhlil edir, ən yaxşı qərarı qəbul etməyi bacarırdı. Həm də çalışqan və məsuliyyətli adamdı. Hər zaman öz üzərlərinə düşən vəzifələri yerinə yetirmək üçün səy göstərirdi. O, eyni zmanda təşkilatçılıq qabiliyyəti ilə tanınırdı. Həyatda nizam-intizamı sevir və hər şeyi müəyyən bir qayda ilə etməyə səy göstərirdi. Ətraflarında baş verən hadisələrin fərqinə varır və bunları diqqətlə nəzərdən keçirirdi. Bu da onun həm işdə, həm də şəxsi həyatda uğurlu edirdi...

 

Müsahibələrinin birində deyirdi ki: - “Bir dəfə rəhmətlik Vaqif İbrahimoğlu tamaşadan sonra fikrimizi soruşdu. Dedim, Vaqif müəllim, bir gün siz dünyada olmayanda yolunuzu davam etdirən, anladığınızı, həyata keçirmək istədiyinizi bilməyəcək. Və siz əcaib bir teatrın əsasını qoymuş olacaqsız. Çox bəsit dünya görüşünə malik insanlar da o yoldan istifadə edib özlərini rejissor, aktyor kimi qələmə verəcəklər. Siz bunu bilib edirsiz, onlar bilmədən edəcəklər. Alim Qasımovu misal çəkə bilərəm. O, əlnən-qolnan oxuyur, ürəkdən oxuyur, halda oxuyur, başqası da Alimə baxıb onu təqlid edir, amma əslində o deyil. Qərb ədəbiyyatına münasibət də elədir. Məsələn, Rəsul Rza sərbəst şeir yazırdı. Oxuyanda görürsən ki, şeirdə hər şey qaydasındadır, şeir onda belə gəlir, quraşdırmır. Başqa misallar da var. Amma ondan sonra yazan bir çox şair qurub-düzəldib. Yəni, yaradıcılıq adamın içindən gəlməlidir...”

  O, problemləri tez bir zamanda müəyyənləşdirə və bu problemləri həll etmək üçün effektiv yollar tapa bilirdi. Həmçinin, səmimi və etibarlı dost idi. Başqalarına kömək etməkdən xoşlanır və bu səbəbdən də etibarlı məsləhətçi kimi tanınırdı. Onun özünütəkmilləşdirmə və öyrənmə arzusu böyükdü. Yeni biliklər əldə etmək və öz bacarıqlarını inkişaf etdirmək üçün daim çalışırdı. Onun özünəməxsus dünyagörüşü vardı..

“Günlərin bir günü müştərilərin arasına çıxdım, bəyəndilər. Mənə təklif elədilər ki, meyxana yarışında münsif olum, amma razılaşmadım, dedim meyxanaçılarla bacarmaram. Bir müddət sonra Xırdalan məscidinin axundu Azər Sami yenidən zəng vurdu, dedi, əruzu bu xalqa yenidən çatdırmaq üçün sən lazımsan. Beləliklə, mən razılaşdım. Fikirləşdim ki, gənclərə qəzəli yenidən təqdim edim. Və mən efirdə qəzəl deyəndən sonra, sevilməyə başladım...”- söyləyirdi.

Ciddi və ləyaqətli adam idi. Təvazökarlıq onun xarakterinin ən gözəl xüsusiyyətiydi. Çox gözəl davranış qaydaları vardı. Özünü məclislərdə və cəmiyyət qarşısında alicənab kimi aparırdı.

Onu aldatmaq mümkün deyildi. Yalanı, qeyri-səmimiliyi sevmirdi. Onun xoşuna gəlmək üçün hisslərlə yox, ağılla hərəkət etmək lazım gəlirdi...

...Ədəbi fəaliyyətə erkən yaşlarından başlayıb. İlk şeiri 1987-ci ildə 1991-ci ildə, on doqquz yaşında ikən "Azərbaycan Gəncləri" qəzetində çap olunub. Bakıda və Abşeron yarmadasında fəaliyyət göstərən müxtəlif ədəbi məclislərin, o cümlədən "Füzuli" və "Məcməüş-şüəra" məclislərinin üzvü olub. Mütəmadi olaraq dövrü mətbuatda- "Azərbaycan Gəncləri", "Kaspi", "İki sahil", "Yol", "Olaylar", "Ədəbiyyat qəzeti", "Tək səbir", "Nəbz", "Şəhriyar" və başqa qəzetlərdə, o cümlədən "Hikmət", "Kəlam", "Ulduz", "Karvan", “Azərbaycan” jurnallarında bədii əsərləri və müxtəlif mövzulu məqalələri ilə çıxış edib. 2003-cü ildə Təbrizdə keçirilən "Şeri-tənz" beynəlxalq şeir müsabiqəsinin qalibi olub. 2010-cu ildə Urmiyyədə keçirilən "Rəzəvi" beynəlxalq şeir festivalının qalibi seçilib, 2011-ci ildən 2016-cı ilə qədər həmin festivalın türkdilli şeir üzrə münsifi, 2018–2019-cu illərdə isə 1-ci və 2-ci "Nəsimi- Şeir, incəsənət, mənəviyyat" festivalı çərçivəsində "Nəsimi məclisi" və "Bir qəzəlin şərhi" proyektlərinin müəllifi və aparıcısı olub. Şeirləri xarici dillərə tərcümə edilib və müxtəlif ölkələrin mətbuatında çap olunub. Yeddi kitab müəllifidir və bir sıra tərcümələri var...

 

“Ədəbiyyat və incəsənət”

(24.11.2025)

Bazar ertəsi, 24 Noyabr 2025 14:36

“Şeir mənim üçün bir kainatdır!”

 

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Sumqayıt şəhərinin Tarixi Muzeyində Xalq şairi Nəbi Xəzrinin 100 illik yubileyinə həsr olunmuş  ədəbi-bədii gecə keçirilib. Azərbaycan ədəbiyyatının böyük simalarından birinin yubileyi münasibətilə təşkil olunan tədbir həm məzmunu, həm də bədii təqdimatı ilə iştirakçılar üçün unudulmaz anlar yaşadıb.

 

Tədbirin aparıcısı Sənurə Lazımova giriş nitqində Nəbi Xəzrinin zəngin ədəbi irsinə toxunaraq onun poeziyasındakı yüksək bəşəri duyğuları, milli düşüncə tərzini və bədii üslubunun özünəməxsusluğunu xüsusi qeyd edib. Ardınca muzey əməkdaşları tərəfindən hazırlanmış, şairin həyat və yaradıcılıq yolunu əks etdirən məzmunlu videoçarx nümayiş olunub. Videoçarxın nümayişi zalda duyğulu anlar yaşadaraq qonaqlara şairin sənət aləminə daha yaxından nəzər salmaq imkanı verib.

Çıxış edən qonaqlardan şairin oğlu Arzu Babayev, Prezidentin fərdi təqaüdçüsü, Əməkdar müəllim, şairə Ofeliya Babayeva, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu, Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin sədri, şairə Gülnarə Cəmaləddin, eləcə də Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı  Nəbi Xəzri poeziyasının çoxşaxəli cəhətlərindən danışıblar. Onlar şairin yaradıcılığında milli ruhun, milli koloritin, Azərbaycan təbiətinin, insanın mənəvi dünyasının incə poetik nüanslarla canlandırıldığını xüsusi vurğulayıblar. Hər bir çıxış Xalq şairinin sənət mirasının bu gün də nə qədər sevilib yaşadığını bir daha təsdiqləyib.

Gecənin bədii hissəsi xüsusilə rəngarəng olub. Respublikanın Əməkdar artisti Rauf Ağakişiyev şairin seçilmiş şeirlərindən birini böyük ustalıqla səsləndirərək zalda xüsusi emosional ovqat yaradıb. Şəhər Mədəniyyət Evinin musiqi kollektivinin üzvü Kərim Rəhmanov tərəfindən Nəbi Xəzrinin sözlərinə bəstələnmiş mahnıların ifası tədbirə daha da bədii gözəllik qatıb. Rəqs kollektivinin təqdim etdiyi rəqs nömrəsi isə gecənin ab-havasına dinamiklik və rəngarənglik bəxş edib.

Tədbirin sonunda qonaqlar Sumqayıtın Tarixi Muzeyinin mövzuya həsr olunmuş xüsusi ekspozisiyası ilə tanış olublar. Burada Xalq şairinin müxtəlif dövrlərə aid fotoşəkilləri,  çap edilmiş kitabları və həyat yolunu əks etdirən materiallar nümayiş etdirilib.

Gecə iştirakçılar üçün yalnız yubiley tədbiri deyil, həm də Azərbaycan poeziyasının nəhəng simalarından birinin ruhunu yenidən duymaq imkanı kimi yadda qalıb.

 

“Ədəbiyyat və incəsənət”

(24.11.2025)

Bazar ertəsi, 24 Noyabr 2025 12:00

Dil düşüncəni yaradır, yoxsa düşüncə dili?

Nail Zeyniyev, “Ədəbiyyat və incəsənət”

 

Bu, fəlsəfənin ən qədim və ən mübahisəli suallarından biridir. Əvvəl nə yaranıb - dil, yoxsa düşüncə? Toyuq, yoxsa yumurta?

Ənənəvi baxış belə idi: əvvəl düşüncə var, sonra onu ifadə etmək üçün dil yaranır. Yəni dil düşüncənin vasitəsidir. Amma XX əsrdə dil fəlsəfəsi bu baxışı alt-üst etdi.

 

Wittgenstein, fəlsəfə tarixinin ən təsirli simalarından biri, dedi ki: "Mənim dilimin sərhədləri mənim dünyamın sərhədləridir". Yəni biz yalnız dilimizin icazə verdiyi qədər düşünə bilirik. Əgər sənin dilində hansısa anlayış üçün söz yoxdursa, sən o anlayışı tam dərk edə bilməzsən.

 Misal: eskimosların dilində qar üçün 50-yə yaxın söz var. Çünki onlar üçün qar həyatın mərkəzində durur və qar növlərini ayırd etmək böyük əhəmiyyət daşıyır. Biz isə sadəcə "qar" deyirik və bütün növləri eyni şey kimi qəbul edirik. Deməli, eskimoslar qardakı fərqləri görür, biz isə görmürük çünki bizim dilimiz bunu təmin etmir. Və ya başqa misal: yaponların "wabi-sabi" anlayışı - bu, keçici, natamam, qüsurlu şeylərin gözəlliyi deməkdir. Bizim dilimizə bu anlayışı tam tərcümə etmək mümkün deyil. Və buna görə də, biz bu hissi yaponlar kimi dərindən yaşaya bilmirik. Sapir-Whorf hipotezi deyir ki, dil təkcə düşüncəni ifadə etmir, düşüncəni formalaşdırır. Yəni hansı dildə danışırsan, o cür düşünürsən. Bu nəzəriyyə mübahisəlidir, amma bir həqiqət var: dil dünyaya baxışımızı təsir edir.

İndi isə daha dərin suala gələk: əgər dil düşüncəni formalaşdırırsa, deməli, biz dilimizin əsirik. Dilimiz nə qədər zəngindirsə, düşüncəmiz də bir o qədər zəngindir. Dilimiz yoxsuldursa, düşüncəmiz də məhduddur.

Orwell "1984" romanında bu fikri maksimum şəklədə inkişaf etdirir. Totalitar rejim "newspeak" adlı yeni dil yaradır - minimalist, sadələşdirilmiş dil. Bu dilin məqsədi insanları düşünməkdən məhrum etməkdir. Əgər dildə "azadlıq" sözü yoxdursa, insan azadlıq haqqında düşünə bilməzmi? Orwell deyir ki, bilməz.

Amma dilin yalnız məhdudlaşdırıcı deyil, həm də azadlaşdırıcı tərəfi var. Yeni sözlər öyrənməklə biz yeni dünyalar kəşf edirik. Xarici dil öyrənən insan bunu hiss edir - o, təkcə sözlər öyrənmir, yeni düşüncə tərzinidə öyrənir.

Şairlər və yazıçılar isə daha da irəli gedirlər.Onlar dilin imkanlarını genişləndirirlər. Yeni metaforalar, yeni ifadələr, yeni söz birləşmələri... Onlar dilin sərhədlərini zorlamaqla düşüncənin sərhədlərini də zorlayırlar.

Sonra Borxes yazırdı: "Mən dillə düşünürəm". Bu etiraf çox şey açıqlayır ki, biz dil vasitəsilə deyil, dil içində düşünürük.

Nəticəyə gəldikdə məncə dil və düşüncə ayrılmazdır. Onlar bir-birini yaradır, bir-birini formalaşdırır. Və bu qarşılıqlı əlaqəni başa düşən insan öz dilini zənginləşdirməyə çalışır. Çünki zəngin dil, zəngin həyat deməkdir.

 

“Ədəbiyyat və incəsənət”

(24.11.2025)

Bazar ertəsi, 24 Noyabr 2025 10:03

Cəlilabadda "Kəlağayı bayramı"

 

İlqar İsmayılzadə,

fəlsəfə üzrə fəlsəfə doktoru, «Həməşəra» mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist, «Ədəbiyyat və incəsənət» portalının Cənub təmsilçisi

 

Mirvarid Dilbazi Poeziya İctimai Birliyinin təşəbbüsü və  Cəlilabad  Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Cəlilabad ədəbi mühitinin nümayəndələri, ziyalılar və Cəlilabad Tibb Kollecinin tələbələrinin iştirakı ilə Cəlilabad Tibb Kollecinin akt zalında "Kəlağayı bayramı" adlı tədbir keçirildi.

Tədbiri giriş sözü ilə ilə Mirvarid Dilbazi Poeziya Məclisi İB-nin sədri Güllü Eldar Tomarll açdı, qonaqları salamladı, tədbir haqqında geniş məlumat verdi.

Vətənimizin bütövlüyü, azadlığı, suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət himnimiz səsləndi.

Söz Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı aparatının böyük məsləhətçisi  Xumarə Xəlilovaya verildi. O qeyd etdi ki, milli-mənəvi  dəyərlərimizin təbliği  mədəniyyətimizin inkişafı üçün çox önəmlidir. Milli geyimlərimizin bir hissəsini təşkil edən kəlağayımız ulu nənələrdən bir ərmağandır. Onu qorumaq, bu günkü və gələcək nəsillərı çatdırmaq borcumuzdur.

Sonra sonra Mirvarid Dilbazi Poeziya Məclisinin idarə heyyətinin üzvü Sayalı Dabadaşova öz çıxışında bildirdi ki, Xl əsrdən XXl əsrə qədər gəlib çatmış kəlağayımızı qoruyub saxlayıb gələcək nəsillərə ötürmək hər birimizin borcudur.

Tədbirdə Cəlilabad Mərkəzləşdirilmiş Kitabxana Sisteminin metodisti, eyni halda Cəlilabad ədəbi mühitinin nümayəndəsi, "Həməşəra" Fəxri Diplomu laureatı, bədii qiraətçi və şair Müşahidə Nərimanova, "Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi”nin üzvü və Cəlilabad rayonu üzrə rəsmi təmsilçisi, “Həməşəra” Ədəbi Məclisinin yaradıcısı və rəhbəri, “Zərif kölgələr” ədəbi saytının idarə heyətinin üzvü, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları laureatı, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-publisist Arzu Əyyarqızı, Cəlilabad ədəbi mühitinin formalaşması və inkişafında xüsusi rolu olmuş və eyni halda ədəbi mühitimizin tanınmış nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Sözün işığı" mətbu orqanının təsisçisi və baş redaktoru, Prezident təqaüdçüsü, Cəlilabad Rayon Veteranlar Təşkilatının sədri, "Həməşəra" Fəxri Diplomu laureatı, şair, publisist Ədalət Salman, Cəlilabad Rayon Statistika İdarəsinin rəisi Arif Nəcəfov, ziyalı pedaqoq və peşəkar bədii qiraətçi Adıgözəl Nuriyev, tanınmış ziyalı pedaqoq Dadaş Bayramov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Həməşəra" Fəxri Diplomu laureatı və yazıçı Ruhiyyə Abaszadə çıxış etdilər, milli dəyərlərimizdən danışdılar.

Mirvarid Dilbazi Poeziya Məclisinin sədri,  Kəlağayı Ev Muzeyinin direktoru Güllü Eldar Tomarlı qeyd edib ki,  məqsədim 26 Noyabr - Azərbaycan Kəlağayısı Gününün "Kəlağayı Bayramı" kimi hər yerdə qeyd olunmasına nail olmaq və bu mövzunu gündəmdə saxlamaqdan ibarətdir. Çünki bu, bizim möhtəsəm olan milli dəyərlərimiz və hər birimiz də onu qorumağa və təbliğ etməyə borcluyuq.

Sonda birliyin sədri Cəlilabad Rayon İcra Hakimiyyətinə və əməkdaşlarına, Cəlilabad Tibb Kollecinin rəhbərliyinə və eləcə də tədbir iştirakçılarına təşəkkürünü bildirdi.

Odlar Yurdu Azərbaycanın milli-mənəvi dəyərlərinə xidmət göstərən bu gözəl tədbir xatirə şəkillərinin çəkilməsi ilə başa çatdı.

 

“Ədəbiyyat və incəsənət”

(24.11.2025)

Bazar ertəsi, 24 Noyabr 2025 14:04

Azərbaycanın ilk peşəkar qadın rəssamı

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycanın ən böyük rəssamlıq sərgi-salonu onun adını daşıyır. Bu, onun əməyinə verilən qiymətdir.  Söhbət Azərbaycanın ilk peşəkar qadın rəssamı Vəcihə Səmədovadan gedir.

 

Vəcihə Səmədova 24 noyabr 1924-cü ildə şirniyyatçı Kərbəlayi Əli ilə evdar qadın Rübabə Səmədovanın ailəsində anadan olub. Vəcihənin atası Kərbəlayi Əli Qars azərbaycanlısı olub. O, qardaşı ilə birlikdə İrəvana, oradan da Bakıya köçərək burada Rübabə xanımla tanış olub. Rübabə xanım isə İranın Qum şəhərindən gələn azərbaycanlı ailəsindən olub. Cütlüyün Vəcihədən başqa övladları olsa da, sadəcə Vəcihə və bacısı Solmaz yetkinlik yaşına çata bilib. Vəcihə Səmədovanın uşaqlı illəri İçərişəhərdə keçib. Kiçik yaşından rəsmə marağı olduğu üçün atası ona məşhur rəssamların çizimlərindən ibarət rəsm kitabları alıb.

Orta məktəbin 7-ci sinifini bitirdikdən sonra 1939-cu ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olub. 1944-cü ilə qədər təhsilini davam etdirən Vəcihə Səmədova gələcək həyat yoldaşı və müəllimi Lətif Feyzullayevlə məhz burada tanış olub. Məktəbi fərqlənmə ilə bitirdikədən sonra təhsilini Moskvada Surikov adına Rəssamlıq İnstitiunda davam etdirib. Lətif Feyzullayev də müharibə səbəbindən yarımçıq qalan təhsilini başa vurmaq üçün Moskvaya gəlib və çox keçmədən onlar burada ailə həyatı qurublar.

1945-ci il noyabrın 1-də Bakıda ilk övladları Nicat dünyaya gəlib. 1 il fasilədən sonra yenidən təhsilini davam etdirən Vəcihə Səmədova 1949-cu ildə təhsilini başa vuraraq Bakıya qayıdıb. O, 1951-ci ildə azərbaycanlı bəstəkar "Üzeyir Hacıbəyov tələbələri arasında" adlı diplom işini müvəffəqiyyətlə müdafiə edib. Müəllimi Pavel Korinin təkidi ilə təhsilini daha üç il aspiranturada davam etdirib. Sonradan oxuduğu institutda dərs demək təklifi alan Vəcihə Səmədova oğlu 7 yaşına gəldiyi üçün Bakıya qayıtmağa qərar verir və müstəqil yaradıcılığa başlayıb. O, Azərbaycanın ilk peşəkar qadın rəngkarı olub.

Vətənə qayıtdıqdan sonra burada Əzim Əzimzadə adına Rəssamlıq Kollecində müəllim kimi işə başlayıb. İlk illərdə maddi sıxıntılara görə bir müddət İçərişəhərdə yerləşən Vəcihə Səmədovanın ata evində yaşayıblar. Daha sonra 1958-ci ildə rəssamlar evinin tikintisi sona çatdıqdan sonra cütlüyə buradan mənzil verilib. Rəssamın emalatxanası da bu binada yerləşib.

1957-1963-cü illər Səmədovanın yaradıclıq fəaliyyətində ən məhsuldar illər olub. O, “Lənkəranda toy”, “Toya hazırlıq”, “Mahnı” kimi maraqlı əsərlərini bu dövrdə yaradıb. Vəcihə Səmədovanın 1962-ci ildə Bolqarıstana yaradıcılıq ezamiyyəti yeni istiqamətin inkişafına təkan verib. Rəssamın bu silsiləyə daxil olan əsərlərinə “Sofiya bazarında”, “Qoca bolqar qadınları”, “Plovdiv qayaları”, “Türk qızı”, “Tırnovo”, “Sozopolun dənizdən görüntüsü ” və başqalarını qeyd edə bilərik.

Vəcihə Səmədova həmkarı və həyat yoldaşı Lətif Feyzullayevlə birgə yaradıcılıq ezamiyyətlərinə çıxaraq Azərbaycanı qarış-qarış gəzib. Bunun bəhrəsi olaraq "Kür qırağında", "Mahnı", "İntizarda", "Toya hazırlıq" tematik tabloları, "Qoşqar yaylağında", "Göy göl", "Kəpəz", "Kür sahillərində" silsilə mənzərələri, "Aktrisa Leyla Bədirbəylinin portreti", "Pambıqçı", "Şamama Həsənovanın portreti", "Geoloq Minirə Məmmədbəylinin portreti" kimi əsərlər yaranıb.

Yaradıcılığında portretlər xüsusi bir yerə malikdir. 1953-cü ildə aktrisa Leyla Bədirbəylinin portretini çəkib. Bu portret 59 ildir ki, Azərbaycan İncəsənət Muzeyində nümayiş etdirilib. Onun portret əsərlərinə misal olaraq “Avtoportret”, “Aktrisa Leyla Bədirbəylinin portreti”, “Sürəyya Kərimovanın portreti”, “Söhbət İbrahimovanın portreti”, “Gənc skripkaçı”, “Geoloq Minurə Məmmədbəylinin portreti” və digərlərini göstərmək olar.

Rəssamın son tablosu olan "Xəbər Gözləyirəm" adlı rəsm əsərini 1963-cü ildə çəkib. Əsər 1963-cü ildə Bakıda keçirilən "Bizim müasirimiz" adlı sərgidə nümayiş etdirilib.  Rəsmdə çimərlikdə dayanan və balıqçılardan xəbər gözləyən insanlar təsvir olunub. İsirdi qəzadan əvvəl yaranan gərginliyi hiss etmək mümkündür. Bu gərginlik ən çox ön planda dayanan qadının üzündə görünüb. Rəssamın oğlu Nicat Feyzullayev deyir ki, bu qadın anasının obrazıdır. O ağır və sağalmaz xəstəliyindən xəbərdar olan zaman bu şəkli çəkib.

 

Sərgiləri

1. 1962-ci ildə Bakıda fərdi sərgisi keçirilib. Burada Bolqarıstan səyahəti təəssüratlarını rəsm etdiyi “Qoca bolqar qadınları” , “Sofiyada bazar” , “Yağışlı gün” kimi əsərləri nümayiş etdirilib. Növbəti srəgiləri Moskva və Sofiyada keçirilib.

2. 1963-cü ildə ”Bizim müasirimiz” sərgisində “Xəbər gözləyərkən” əsəri nümayiş etdirilib.

3. 14 iyul 2018-ci ildə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Kann şəhərində baş tutan "Azərbaycan mədəniyyəti günləri" çərçivəsində Festivallar və Konqreslər Sarayında Lətif Feyzullayev və Vəcihə Səmədovanın əsərlərindən ibarət "Məhəbbət tandemi" sərgisi keçirilib.

4. 2020-ci ilin fevral ayında “Rolls-Royce Motor Cars Baku” sərgi salonunda Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə cütlüyün 40 əsərindən ibarət sərgi keçirilib.

 

Mükafatları

1. "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı

2. Azərbaycanın milli rəssamlıq sertifikatı

3. Azərbaycan Rəssamlar İttifaqının İdarə Heyətinin üzvü və Rəngkarlıq Seksiyasının sədri olub.

 

1962-ci ildə Vəcihə Səmədova xərçəng xəstəliyinə tutulub. Həkimi rəssama əməliyyatla qolunun amputasiya edilməsini təklif edib. O ömürünü uzatmaq üçün yaradıcılığını sonlandırmalı olub. Lakin rəssam buna razılıq verməyib. Nəticədə rəssamın vəziyyəti pisləşib. Daha sonra Moskvada əməliyyat edilsə də artıq rəssam üçün çox gec olub. 24 oktyabr 1965-ci ildə Vəcihə Səmədova 41 yaşına 1 ay qalmış vəfat edib. Mərkəzi Komitə Fəxri Xiyabanda ona yer ayırsa da rəssam vəsiyyəti üzrə müsəlman qəbiristanlığında dəfn edilib.

Vəcihə Səmədovanın vəfatından az sonra adı əbədiləşdirilib - Azərbaycan Rəssamlar İttifaqının sərgi salonuna verilib. Ölümündən sonra həyat yoldaşı Lətif Feyzullayev ona həsr etdiyi “Köhnə qəbiristanlıq”, “Tənha məzar”, “Rəssam Vacihə Səmədovanın portreti” və “Səhər” tablolarını rəsm edib.

Qeyd etdiyimiz kimi, Bakının mərkəzindəki Azərbaycan Rəssamlar İttifaqının sərgi salonu 1965-ci ildən Azərbaycanın Əməkdar İncəsənət Xadimi Vəcihə Səmədovanın adını daşıyır. Rəssamın oğlu kinorejissor Nicat Feyzullayev Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə anasının həyat və yaradıcılığından bəhs edən sənədli film çəkib. "Azərbaycan rəngkarlığının kraliçası" adlı filmin premyerası 29 sentyabr 2010-cu il tarixində Bakıda, Azərbaycan Beynəlxalq Muğam Mərkəzində keçirilib. Hal-hazırda Vəcihə Səmədovanın 4 əsəri Azərbaycan Dövət Rəsm Qalereyasının fondunda qorunub saxlanmaqdadır.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(24.11.2025)

 

 

İnci Məmmədzadə

 

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Təqvim rubrikasında tanınmış mədəniyyət xadimləri ilə yanaşı, az tanınmışları da xatırlamağımız əbəs deyildir, çünki belələrinin də tanınmağa haqları vardır. Elə bu gün anadan olmasının 91-ci ildönümü qeyd edilən Abbasağa Azərtürk kimi.

 

Abbasağa Azərtürk 1934-cü il noyabr ayının 24-də Cəlilabad şəhərində anadan olub. Ədəbi fəaliyyətə 60-cı illərdən başlayıb. İlk mətbu şeiri 1964-cü ildə çapdan çıxıb.

İlk kitabı "Atlılar" 1964-cü ildə işıq üzü görüb. "Mənim qismətim", "Od oğlu", "Anama minnətdaram", "Cəlilabad dastanı", "Qaraçı nəğmələri" və "Qaya sükutu" kimi kitabların müəllifidir. Bu kitablarda toplanan şeir və poemalardan odlu-alovlu bir şairin vətəndaşlıq, azadlıq, insan və gözəllik haqqında bədii təsvir vasitələri ilə zəngin ürək sözləri toplanıb.

Abbasağa Azərtürk fəhləlikdən şeirə gələn şairlərdəndir. "Qaradağneft" mədənində operator köməkçisi, əsaslı təmir, geoloji-kəşfiyyat, baş tikinti idarələrində, şin və gəmi təmiri zavodlarında fəhlə işləyib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin dil və ədəbiyyat fakultəsini bitirib, 1968-ci ildən ömrünün sonunadək Cəlilabad şəhərindəki 7 saylı orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi olub. Abbasağa Azərtürk həm klassik, həm də müasir janrlarda özünəməxsus, orijinal şeirlər yazıb.

 

Kitabları

1. Atlılar

2. Mənim qismətim

3. Od oğlu

4. Anama minnətdaram

5. Cəlilabad dastanı (şeirlər və poemalar)

6. Qaraçı nəğmələri

 

Ədib 8 avqust 1998-ci ildə Cəlilabad şəhərində vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(24.11.2025)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Tale elə gətirib, vətənimiz ikiyə bölünüb, otaylı butaylı Azərbaycanda ikiyə bölünmüş, qəlbi nisgilli xalq olaraq yaşamaqdayıq. Biz bu səbəbdən ədəbiyyatımızı da bütün digər sahələr kimi otaylı butaylı şəkildə nəzərdən keçirməyə borcluyuq.

 

Azərbaycan Yazıçılar Birliyinin üzvü Əli Nazim 24 noyabr 1906-cı ildə Cənubi Azərbaycanın Təbriz şəhərində dünyaya gəlib. İlk təhsilini də orada "Mədrəseyi-Nicat"da alıb, farsca yazıb oxumağı öyrənib. O, 1916-cı ildə Batumidə yaşayan ailəsinin yanına gedib, orada rus dilini öyrənib. 1922-ci ildə Səməd Ağaoğlunun Batumidə yeni əlifba komitəsi təşkil etdiyi zaman Nazim də komitənin işində fəal iştirak edib. O, 1922-ci ildə Bakıya köçüb, burada pedaqoji texnikumda oxuyub. Texnikumda oxuduğu illərdə "Yeni yol" və "Kommunist" qəzetlərində məqalələr dərc etdirib.

Texnikumu bitirdikdən sonra 1925-ci ildə Leninqrad Şərqşünaslıq İnstitutuna daxil olub. Nazim məşhur sovet şərqşünasları akademik A. N. Samoyloviç və professor Y. Bertelsin tələbəsi olub. O, institutda oxumaqla yanaşı, tənqidi fəaliyyətini də davam etdirmiş və müasir ədəbiyyatın aktual problemlərinə dair məqalələr yazaraq Bakıya göndərib. Bu məqalələr "Kommunist", "Maarif və mədəniyyət" səhifələrində işıq üzü görüb. Əli Nazim 1927-ci ildə institutun son kursunda oxuyarkən Türkiyəyə elmi ezamiyyətə göndərilib. Beləliklə, Türkiyə mətbuatında onun müasir Azərbaycan ədəbiyyatı haqqında geniş məqaləsi çıxıb. Ezamiyyətdən qayıdandan sonra Əli Nazim Moskva Kommunist Akademiyasının aspiranturasına daxil olub. Burada ədəbiyyatşünas professor V. F. Pereverzevin mühazirələrini dinləyib.

1930-cu ildə o, aspiranturanı əla qiymətlərlə bitirərək Kommunist Akademiyasının elmi işçisi, SSRİ xalqları ədəbiyyatı və incəsənəti bölməsinin elmi katibi vəzifələrində işləyib. Həmin il o, kommunist partiyası sıralarına daxil olub. 30-cu illərin əvvəllərində Ə. Nazim öz fəaliyyətini Bakıda davam etdirib. O, Azərbaycan Elmi-Tədqiqat İnstitutunun ədəbiyyat şöbəsinin müdiri və Ali Pedaqoji İnstitutda kafedra müdiri vəzifələrində çalışıb.

O, ədəbiyyat nəzəriyyəsi, poetika, poetika tarixi, ədəbiyyat tarixi və s. kurslar üzrə mühazirələr oxuyub, seminar aparıb. O, eyni zamanda, tənqidçi kimi də fəaliyyət göstərib. Azərbaycan Sovet Yazıçıları İttifaqı İdarə Heyətinin və bir sıra mətbuat orqanı redaksiya heyətinin üzvü olub. Rus dilində nəşr olunan "Ədəbiyyat ensiklopediyası"nın şöbə redaktoru kimi fəaliyyət göstərən Əli Nazim burada Azərbaycan və türk ədəbiyyatı haqqında məqalələr dərc etdirib.

İlk məqalə və şeirləri 1921-ci ildə Batumidə çıxan "İştirak" qəzetində çap olunub. Onun tənqidi fəaliyyəti bütünlüklə on beş ilə yaxın bir vaxtı əhatə edib. İyirminci illərdə tənqidin ən aktual məsələsi ədəbiyyat və inqilab problemi, yeni ədəbiyyat və onun hansı yollarla yaradılması problemi olub. Əli Nazim Azərbaycanda bu problemə müraciət edən ilk sovet tənqidçilərindən biri olub. Onun 1924–25-ci illərdə nəşr olunmuş məqalələrində — "Yeni yol" qəzetində dərc olunan "Ədəbi ehtiyaclarımız", "Yeni həyat və yeni ədəbiyyat", "Ədəbiyyatımız və ədəbiyyat tariximiz" kimi məqalələrində, sosialist çevrilişi ilə ölkədə əmələ gələn ictimai-siyasi və mədəni dəyişiklikləri əks etdirib.

Tənqidçinin xüsusi diqqət yetirdiyi problemlər sırasında yeni ədəbiyyatın yaradıclıq siması, ədəbiyyatda ideyalılıq və sinfilik problemləri olub. Onun "Bugünkü ədəbiyyatımız haqqında", "Proletar ədəbiyyatı ətrafında", "Bugünkü Azərbaycan ədəbiyyatı və onun ictimai məfkurəvi siması", "Süleyman Rüstəm haqqında kiçik bir mülahizə", "Günəşi içirik… günəşlənirik", "Yeni vəzifələr qarşısında", "Mədəni inqilab və mədəni irs məsələsi", "Çığırdaşlarımız haqqında","Yeni Azərbaycan ədəbiyyatı", "Proletar ədəbiyyatımızın yaradıcılıq siması", "Ədəbiyyatımızı bolşevikləşdirmək və həqiqi proletar ədəbiyyatı yaratmaq…", "Şeirimizin və şüurumuzun xəstəlikləri haqqında", "Üç şeir" və məqalələri müasir ədəbiyyatın yaradıclıq məsələlərinə həsr olunub.

 

Məqalələri

1. Aydın

2. İblis

3. Lahuti

4. Şair qız

5. Ömər Xəyyam

6. Simurqun yaradıcılıq yolu

7. Cəfər Cabbarlı

8. Sabir Tahirzadə

9. Yeni həyat və yeni ədəbiyyat

10. Əbdürrəhim Haqverdiyev

 

Əli Nazim də repressiya qurbanlarından biridir, 1937-ci ildə həbs olunub, 10 il müddətinə həbs cəzasına məhkum edilib, 1941-ci il avqustun 23-də həbsxanada vəfat edib. 1957-ci ildə bəraət alıb.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(24.11.2025)

 

 

Bazar ertəsi, 24 Noyabr 2025 09:02

Düşmənə mərhəmət Vətənə xəyanətdir

Sahibə Yusif, “Ədəbiyyat və incəsənət” üçün

 

Qazaxıstanda keçirilən beynəlxalq Silk Way Star musiqi müsabiqəsində Azərbaycanı münsiflər heyətində təmsil edən müğənni Samirə Əfəndi Ermənistan nümayəndəsi Saro Gevorqyana 12 bal verib.

Bundan təsirlənərək bu yazını yazdım.

 

Bəzən düşünülməmiş bir jest  xalqın yaddaşına toxunanda, içimizdə görünməyən bir ağrı yandırır bizi, deyilmi? Biz illərlə yaşadığımız ədalətsizliyi, itirdiklərimizi, torpağa düşən övladlarımızı unutmamışıq, Samirə əfəndi. Unuda da bilmərik. Çünki unutmaq  öz kökünü  itirmək deməkdir.

Bu gün verilən o on iki bal, bəlkə sadəcə bir musiqi qərarı idi. Amma yaddaşı olan xalq üçün hər davranışın, hər jestin bir mənası var. Çünki bizə yaxşı məlumdur: düşmənə göstərilən hədsiz mərhəmət bəzən öz xalqının acısına xəyanət kimi görünür.

Əlbəttə, nə musiqiyə, nə də sənətə qarşıyıq. Amma bir şeyi  yaxşı anlayırıq ki, sənət də davranış da yaddaşla dəyərlənir. Yaddaşsız verilən qərarlar isə insanı öz xalqının səsini eşitməyən bir nöqtəyə gətirib çıxarır. Öz xalqının acısını unudanların verdiyi qərar nə qədər obyektiv ola bilər ki? Bəzən kimin kimə neçə bal verdiyi yox, kimin nəyi unutduğu daha çox ağrıdır insanı.

Bəli məsələ balda deyildi... yaddaşda, dəyər hissindəydi.

Tarixin yükünü daşıyan bir xalq üçün verilən hər yanlış balla deyil, unudulan həqiqətlərlə çətinliklər başlayır.

Biz ədalətin tərəfdarıyıq. Biz də sənin qədər sülh istəyən, amma yaddaşı olan bir xalqıq. Biz heç kimə nifrət etmirik,  amma, heç kimin də etdiyini unudacaq qədər nankor deyilik.

Bəzən bir bal, sadəcə bal deyil. O, kimin kimə nə qədər yaxın olduğunu deyil, kimin öz xalqından nə qədər uzaqlaşdığını göstərir.

Və bu da subutu:

Haqqını tapdaya bilmədiyin bir erməni ilə sən əsl azərbaycanlıların haqqını tapdaladın.

Unutmayaq ki,..

Düşmənə mərhəmət Vətənə xəyanətdir.

 

“Ədəbiyyat və incəsənət”

(24.11.2025)

Bazar ertəsi, 24 Noyabr 2025 08:02

Xalq artisti Əjdər Həmidovun anım günüdür

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

"Kişi sözü” filminə kim baxmayıb ki? Şübhəsiz, əksəriyyət də Qasım obrazını bəyənib. Bu obraz bu gün anım gününü qeyd etdiyimiz Xalq artisti Əjdər Həmidovun vizit kartı hesab edilə bilər.

 

Əjdər Həmidov 28 sentyabr 1953-cü ildə Şabran rayonunun (keçmiş Dəvəçi rayonun) Aygünlü kəndində anadan olub. 1979-cu ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Təyinatla Sumqayıt Dövlət Musiqili Dram Teatrına göndərilən Əjdər Həmidov bu teatrın səhnəsində bir sıra maraqlı rollar oynayıb

Onun Vəzir ("Lənkəran xanının vəziri" M.F.Axundov), ("Tamahkar" S.S.Axundov), Milis ("Bəxt üzüyü" V.Səmədoğlu), Məlik ("Adamın adamı" Anar), Sərsəri ("Bütün Şərq bilsin" N.Həsənzadə), Dursunəli ("Dursunəli və ballıbadı" S.M.Qənizadə) və s. kimi obrazları tamaşaçı rəğbəti qazanıb.

Əjdər Həmidov 1990-cı ildə Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilib. Bu illər ərzində o, Şeytan ("Özümüzü kəsən qılınc" B.Vahabzadə), 1-ci kafir ("Burlaxatun" N.Xəzri), Daşdəmir ("Bu dünyanın adamları" Hidayət), Vanya Koxa ("Hökmdar və qızı" İ.Əfəndiyev), Məşədi Oruc ("Ölülər" C.Məmmədquluzadə), Şou-Zəli ("Hələ "sevirəm" deməmişdilər…" R.Novruz), Dito ("Kaş araba aşmayaydı" O.İoseliani) kimi müxtəlif janrlı obrazlar yaradıb.

Aktyor "Azərbaycanfilm"in istehsal etdiyi bir sıra filmlərdə uğurlu obrazlar yaradıb. "Kişi sözü"ndə Qasım, "Lətifə"də Əhməd, "Hacı Qara"da Kərəməli və başqa rolları onu tamaşaçıların sevimlisinə çevrib. 2006-cı ildə çəkilən "Yoxlama" adlı çoxseriyalı televiziya filmindəki Müfəttiş obrazı sənətçiyə böyük uğur gətirib.

Əjdər Həmidov 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 27 may 2018-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülüb. 7 dəfə Prezident Mükafatına layiq görülüb.

 

Filmoqrafiya

1. Aramızda qalsın

2. Azarkeş

3. Canavar balası

4. Hər şey yaxşılığa doğru

5. Yoxlama

6. Yerlə göy arasında

7. Tənha durna uçuşu

8. Şirin bülbül

9. Təlatüm

10. Sahilsiz gecə.

 

Əjdər Həmidov 2020-ci il noyabr ayının 24-də Kliniki Tibbi Mərkəzdə insultdan vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(24.11.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.