İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Mübaliğəsiz deyə bilərik, necə ki kişi muğam ifaçılarının flaqmanı Alim Qasımovdur, qadınların da flaqmanı Səkinə İsmayılovadır. Bu gün xanım ifaçının doğum günü, özü də yubileyidir.
70 illik yubileyi.
Müğənni, muğam ifaçısı, Azərbaycan Respublikasının xalq artisti Səkinə İsmayılova 24 fevral 1956-cı ildə anadan olub. Asəf Zeynallı adına Musiqi Məktəbinin muğam sinfini (1974), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib (1990). Əməkdar artist adını 1989, xalq artisti adını isə 1992-ci illərdə almış Səkinə İsmayılova muğamı qavalla ifa edən ilk qadın xanəndədir. Opera və Balet teatrının səhnəsində əksər muğam operalarında aparıcı partiyaları – Leyli "Leyli və Məcnun", Əsli "Əsli və Kərəm", Gülbahar "Gəlin qayası", Şahsənəm "Aşıq Qərib" və s. ifa edib və etməkdədir.
Xalq mahnıları və muğamların əvəzədilməz ifaçısı olan Səkinə İsmayılova Azərbaycan muğam sənətini dünyanın bir çox ölkələrində — İran, Türkiyə, İraq, Səudiyyə Ərəbistanı, Vyetnam, Yaponiya, Hindistan, Avstriya, Almaniya, Hollandiya, İsveç, Fransa, Norveç, Danimarka, Macarıstan, Lüksemburq, ABŞ və s. dəfələrlə yüksək səviyyədə təmsil edib. Səkinə İsmayılova ilk dəfə olaraq qadınlardan ibarət muğam üçlüyü yaradaraq bu kiçik kollektivlə son illərdə bir sıra xarici ölkələrdə çıxış edib.
Təcrübəli muğam ustası rəsmi dövlət və yubiley tədbirlərinin fəal iştirakçısı olmaqla bərabər, son illərdə Heydər Əliyev adına Sarayda, və Azərbaycan Dövlət Filarmoniyasında keçirdiyi solo konsertlərlə də tamaşaçılarının rəğbətini qazanıb. Səkinə İsmayılova Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Milli Konservatoriyasının müəllimidir. Onun yetirmələri bu gün müxtəlif musiqi kollektivlərində uğurla çıxış edir və populyardırlar. Prezident mükafatçısıdır.
24 fevral 2016-cı ildə Azərbaycan muğam sənətinin inkişafında və təbliğində xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. 13 dekabr 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilib. 2024-cü ildə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif olunub.
Filmoqrafiya
- Qəzəlxan
- Hacı Arif
- Nəriman Əliyev
- Biz qayıdacağıq
- Muğam
- Xalq təranələri
“Ədəbiyyat və incəsənət”
(24.02.3036)


