Əlli ildə əbədiyyət – Səməd Vurğun Featured

Fariz Əhmədov,

“Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi

 

Bu gün ölkə başçısı Azərbaycanın ilk xalq şairi Səməd Vurğunun 120 illik yubileyin qeyd olunması haqqında sərəncam imzaladı. Demək olar ki, bütün ədəbiyyatsevər və Səmədsevərlərin gözlədiyi bu sərəncam özünü heç də  gecikdirmədi.

 

Bəziləri onu tənqid etsə də, tarix sübut etdi ki, o fədəkar bir şair olub. Elinə, obasına Vətəninə bağlı olub. Zəhmətkeş, fədakar və isti ürəyi olan Səməd Vurğun cəmi əlli il yaşasa da, əbədiyyətə bütöv bir xalq tərəfindən uğurlandı. Sözlə yaşadı, sözlə uğurlandı əbədiyyətə. Çünki o sözlə dağları, daşları səslədi. Sözlə kəndlə şəhər arasında körpülər saldı. Sözlə sevildi, sözlə yaşadı, sözlə yaşatdı.

Onun qələmindən çıxan hər şeir bir ürək döyüntüsü idi. Gah gur, gah titrək, gah da qırılacaq qədər incə. Onun misralarında söz elə ucalıqda idi ki, hər misrası bir ümid, hər bəndi bir ana laylası kimi Vətənin qucağında böyüyüyürdü. Bu misraları oxuyan hər kəs öz qəlbində gizlətdiyi ən incə duyğunu tapdı. 

Şair üçün Vətən də bir sevgili idi. Həm də ən böyük sevgili. Onun dağları saçlar kimi dalğalı, çayları sözlər kimi gur, çölləri ürək kimi geniş açılırdı. Bəlkə də buna görə idi ki, şairin Vətənə yazdığı hər misra torpağa əkilən duaya çevrilərək xalqın dilində bitdi. 

Cəmi əlli il. Bəziləri üçün yarım əsr. Onun üçün isə bir əbədiyyət. Bu gün ən yüksək tribunalardan onun şeiri eşidiləndə, müəllimlər onun misrasını lövhəyə yazanda, ana öz körpəsinə onun şeirini zümzümə edəndə Vurğun yenidən doğulur. Qəlbi yorulsa da, dili sussa da, misraları ayaqda qaldı şairin. Bəlkə də əbədiyyət məhz budur. Xalqın yaddaşında yaşamaq. Bu sevgi bu günə qədər nə susur, nə sönür, nə də ki, azalır. O, gah bir çağırış kimi, gah incə bir duyğu kimi, gah da sevgi dolu bir etiraf kimi damarlarımızda dolaşır. Hər dəfə onun adını çəkəndə anlayırıq ki, ona olan Vurğunluğumuz heç zaman bitməyəcək.

Yusif Səmədoğlu 1957-ci ildə yazırdı: "Bizim evdə bir otaq var. Əvvəllər bu otağın axşam səkkizdən yanan işığı bəzən səhərə qədər sönmürdü. İndi isə artıq bir ilə yaxındır ki, o otağın pəncərələrindən işıq gəlmir. Bu otaq atamın kabinetidir. Burada hər şey - uzun və enli yazı stolu, stolun üstündəki qələm və kağızlar, divarlar boyu qoyulmuş şkafların rəflərindəki kitablar, hər şey, hər şey bizə son dərəcə əzizdir..."

O otaqda indi böyük bir coşğu var. Kitabların tozlu səhifələri arasında hər kəsdən qaçıb gizlənərək hamı olmuş bir coşğu.  Sanki bir azdan qapı açılacaq, o yenə içəri girəcək, lampanı yandıracaq və gecə ilə səhər arasında yeni bir şeir doğulacaq.

 

“Ədəbiyyat və incəsənət”

(23.02.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.