Super User
“Unudulmaz sevgi şeirləri”ndə Nüsrət Kəsəmənli, “Gecikdi bu yağış”
İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət”
GECİKDİ BU YAĞIŞ
Daha bu yağışa otlar göyərməz,
Daha bu yağışda lalələr sönməz.
Bu yağış buludun yükü deyil ki,
Bu yağış bir simurq tükü deyil ki,
Yandırsan ömür-gün qayıda geri,
İndi ürəyimiz köhnə yurd yeri,
Torpağı nəmlidir,
daşı nəmlidir.
Bir sevgi uçurub son ümid kimi
Torpağı qəmlidir,
daşı qəmlidir...
Sırsıra asılıb gül budağından,
Baharı itirdin,
Yayı ötürdün;
Qış gəldi,
yatmısan fil qulağında...
Beləcə gün keçdi,
Zaman gecikdi,
Gecikdi bu yağış, yaman gecikdi.
Gecikmiş istəyi nədi göylərin,
İndicə buludlar töküləcəkdir.
Ürəyi doludur xatirələrin
Dindirsən
təəssüf hönkürəcəkdir.
Qıvrılıb yatıbdır dolama yollar,-
Boynuna dolanır bir ilan kimi.
Dəymə, qoy uyusun qəmli arzular
Yaxandan tutacaq ayılan kimi...
Bu göz yaşlarıyla,
Bu yalvarışla
Yolların tozunu yatırmaq olmaz.
Küsülü illərin istəklərini
Daha mənzilinə çatdırmaq olmaz.
Yumaz ki, dünəni selləmə yağış,
Bayılmış dünənə çiləmə yağış...
Gecikdi bir arzu,
güman gecikdi,
Gecikdi bu yağış,
yaman gecikdi.
Yaşadıq nigaran, qulağı səsdə,
Ömürdən ötəri cığırlar keçdi.
Bizim ümidimiz axır nəfəsdə
Nə qədər çırpınsa
yenə də heçdir...
Daha oyanışa güman ki, yoxdur,
De, nəyə gərəkdir bu son bəraət,
Səndən ki, məhəbbət uman ki, yoxdur.
O güvəncli dağlar marala qaldı,
O məxmər çəmənlər sarala qaldı...
Vaxtında yağmadı,
nur çiləmədi.
Buludlar qarala-qarala qaldı...
Məni bu günündə soraqlama sən,
Məni dünənində taparsan indi.
Bu günə qədərki kədər mənimki.
Bu gündən sonraki kədər sənindir.
Qovmadın başından,
duman gecikdi.
Gecikdi bu yağış,
Yaman gecikdi...
Nüsrət Kəsəmənlinin “Gecikdi bu yağış” şeiri mənim üçün təkcə poetik bir mətn deyil, gecikmiş duyğuların, zamanın insan üzərində buraxdığı izlərin və həyata yetişə bilməməyin kədərli fəlsəfəsinin ifadəsidir. Bu şeiri sevməyimin əsas səbəbi onun gerçək insan hisslərini sadə sözlərlə, lakin dərin mənayla çatdırmasıdır.
Şeirin mərkəzində “gecikmə” anlayışı dayanır.
Yağış, burda yalnız təbiət hadisəsi deyil; ümid, sevgi, oyanış və yenilənmə rəmzidir. Lakin bu yağış vaxtında yağmadığı üçün artıq: otlar göyərmir, lalələr sönmür, arzular oyanmır, ümidlər yol tapmır.
Şair göstərib ki, bəzən həyatın bəzi gözəllikləri yalnız öz zamanında dəyərli olur. Gecikdikdə isə onların mənası dəyişir və heç nəyə yaramır.
Şeirdə kədər çox yumşaq, çox təbii şəkildə sızıb. “Torpağı qəmlidir, daşı qəmlidir” kimi ifadələr yalnız təbiətin deyil, insan ruhunun da ağırlaşmasını göstərib.
Bu şeiri sevməyimin səbəblərindən biri də budur ki, şair insanın iç qəmindən danışarkən sanki çöl aləm də onunla birgə ağlayıb.
Yağış - ümidin, təmizlənmənin, gecikmiş duyğunun rəmzidir. Buludlar - sıxılmış xatirələr, danışılmayan sözlər. Yollar - keçilməmiş ömür yolları, unudulmuş arzular. Dolanmış ilan - keçmişə sarılan, buraxmayan xatirələrin metaforası.
Şeiri sevməyimin digər səbəbi də bu güclü, lakin sadə simvollardır. Onlar oxucunu yormur, əksinə hiss etdirməyi bacarır.
Şeirdə incə bir fəlsəfi xətt də var: Hər şeyin bir vaxtı var və bu vaxtı keçən kimi həyat öz rəngini itirir. “Vaxtında yağmadı, nur çiləmədi” misrası mənə görə şeirin ən ağır, ən təsirli cümlələrindən biridir. Çünki bir dəfə gecikən sevgi, gecikən diqqət, gecikən ümid artıq əvvəlki kimi olmur.
Bu şeiri mənə sevdirən ən başlıca səbəb odur ki, hər birimiz həyatımızda gecikmiş bir yağış yaşamışıq. Yəni, gecikmiş bir sevgi, gecikmiş bir söz, gecikmiş bir görüş, gecikmiş bir qərar…
Şair sanki bizim daxili hekayəmizi danışıb. Buna görə şeir “oxunmur”, hiss olunur.
“Gecikdi bu yağış” şeirini sevməyimin eyni zamanda, əsas səbəbi odur ki, bu şeir yalnız sözlərlə ifadə deyil. İnsanın içinə toxunan, keçmişlə bu günü üz-üzə gətirən, yaşanmamış duyğuların həsrətini pıçıldayan bir iç səsidir.
Bir sözlə, Nüsrət Kəsəmənli bu şeirdə bizə bir gerçəyi xatırladıb: Hər şeyin dəyəri vaxtındadır. Gecikən bir hiss əllərimizdən su kimi axıb gedir.
“Ədəbiyyat və incəsənət”
(25.11.2025)
Xaçmazda “Poeziya Gecəsi” keçirilib
Pəri Mehman, “Ədəbiyyat və incəsənət” üçün
Xaçmaz Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Poeziya Gecəsi” adlı ədəbi-bədii tədbir keçirilib. Söz və ruhun bir araya gəldiyi məclisdə poeziyanın sehrli atmosferi iştirakçılara unudulmaz anlar yaşadıb.
Tədbirdə şair Ümid Abbasın şeirlərindən ibarət seçmə nümunələr səsləndirilib. Onun qəlbindən süzülən misralar gecəyə xüsusi ahəng qataraq dinləyicilərin duyğularına toxunub.
Ədəbiyyatın incə çalarları, şeirin dərin mənası və sözün insan ruhuna təsir gücü tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Bədii hissədə “Dərviş qrupu”nun çıxışı tamaşaçıların alqışları ilə müşayiət olunub. Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Abbasxan Abbaszadə öz ifaları ilə gecəyə rəng qatıb.
Xoreoqraf Aminə Haşımova Şəhriyar İmanovun “Nəbz” musiqisi üzərində möhtəşəm rəqs kompozisiyası təqdim edib. “Fantaziya” rəqs qrupu isə “Vals” nömrəsi ilə çıxış edərək tədbirə xüsusi gözəllik bəxş edib.
“Ədəbiyyat və incəsənət”
(25.11.2025)
Rəşad Nuri Güntəkin, Löpe de Veqa və mənfur Mikoyan
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bu günə təsadüf edən əlamətdar hadisələri diqqətinizə çatdırırıq:
25 noyabr. Şükranlıq günü
Bu gün xristian dünyası insanları Allaha onlara verdiyi ömür, nazu-nemətlər üçün minnətdarlıq bildirəcəklər. Şükranlıq günü qədirbilməz, daim narazı insanları tərbiyələndirəcək bir gündür. Yaxşı olar ki, müsəlman dünyası da bu ənənəyə qoşulsun. Çünki şükranlıq etmək Quranda da buyrulub.
25 noyabr. Beynəlxalq qadınlara qarşı zorakılığın ləğv edilməsi günü
Bu günün qeyd edilməsini BMT Baş Assambleyası 2000-ci ildə lazım bilib, beynəlxalq təşkilatları, qeyri-hökumət orqanlarını mövcud problemə ictimaiyyətin diqqətini cəlb etmək üçün tədbirlər keçirməyə dəvət edib. Bəs niyə 25 noyabr? Çünki 1961-ci ilin həmin günündə Dominikan Respublikasında padşah Truxilyonun əmri ilə 3 siyasi fəal - Mirabal bacıları vəhşicəsinə qətlə yetiriliblər.
“Zərif və zəif cinsin nümayəndələri olan qadınlara qarşı zorakılıq cəmiyyəti və ailələri iflic vəziyyətinə salır, buna yol vermək olmaz” söyləyir BMT qətnaməsi. Əlbəttə ki, düz buyurur. Mən bu yerdə ölkəmizlə bağlı cəmi bir neqativ fakta toxunmağı özümə borc bilirəm. Xüsusən Cənub bölgələrimizdə 13-14 yaşlı kiçik qızların ərə verilməsi cinayətdir, bununla hələ də yetərli mübarizə aparılmır.
25 noyabr. Gorasöymə günü
Təqvimdə 25 noyabra düşən maraqlı qeydetmələr var, məsələn Ev mətbəxi günü. Deyilir ki, kafe-restoran qidası nə qədər dadlı olsa belə ev mətbəxinin yerini verə bilməz. Yaxud, Alış-verişi xatırlama günü. Son dönəmdə aldıqlarının siyahısını tutub əmin ol ki, onların nə qədəri boşunadır, pulunu yelə vermisən. Amerikalıların isə bu gün qeyd etdikləri gün Milli dostunla ye günüdür, yəni, bu gün boğazından tək çörək keçirmə, dostunla nuşi-can elə.
1889-cu ilin bu günündə İstanbulda dünyaya Rəşad Nuri Güntəkin gəlib. Əsərləri dillər əzbəri olan bu yazıçının “Çalı quşu” romanı xüsusən məşhurdur, kitabı yüz minlər oxuyub, serialına isə yüz milyonlar baxıb. 1562-ci ilin bu günündə Madriddə də məşhur ispan dramaturqu, əsərləri günü bu gün də aktuallığını itirməyərək teatr repertuarlarına daxil edilən Löpe de Veqa doğulub.
Bu gün dünya doğum günü bu günə təsadüf edən Çili hərbi xunta yaradıcısı Auqusto Pinaçetin – bəşəriyyətin ən qanlı diktatorlardan birinin goruna söyəcək, biz azərbaycanlılar da gəlin bu gün doğulan, sovet diktaturasının ən bariz nümayəndəsi, xalqımıza zillətlər yaşatmış erməni Anastas Mikoyanın göruna söyək. Rusiyadakı həmyerlilərimizdən də xahiş edək ki, nə olar, milli qürur nümayiş etdirin, o köpək oğlunun adına olan kolbasa kombinatının kolbasa-sosislərini alıb yeməyin.
“Ədəbiyyat və incəsənət”
(25.11.2025)
Ölmək: sükutun əbədi ritmi -ESSE
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Ölmək – bir qapının arxasında unudulmuş köhnə mahnı kimidir. İnsanın həyatı səhər tezdən başlanmış və günəş batana qədər bitmək bilməyən bir rəqsdir. Amma o rəqs bir anlıq dayanır, ayaqlar yerdən üzülür və bir daha toxunmur torpağa.
Ölüm – hər kəsin tanış olduğu, amma heç kimin dəqiq anlaya bilmədiyi bir sükutdur. İnsanlar deyir, o bir sondu. Amma bəlkə də ölmək başlanğıcdır. Su damlasının okeana qarışdığı, küləyin qovduğu yarpağın torpağa qarışdığı kimi... Ölmək, bəlkə də, bir damla işığın geniş bir qaranlıqla qucaqlaşmasıdır.
Bəzən ölüm bir rəssamın son toxunuşu olur – hekayənin bitdiyi yer, amma izinin əbədi olduğu lövhədir. İnsan ölər, ancaq onun izləri, səsi, toxunduğu ürəklərdən silinməz. Hər bir ölüm, əslində, böyük bir sirrin qapısını açır. O qapının o biri tərəfində nə olduğunu isə yalnız ölümlə görüşənlər bilir. Ölmək həmişə qorxulu gəlir insana. Amma niyə? Çünki qaranlıq bilinməzlikdir. Amma bəlkə də ölmək illərlə daşınan ağır yüklərin yerə qoyulmasıdır. Yorğun bir ruhun dincəlmək üçün gecəyə qucaq açmasıdır. Səni ağuşuna alan bir ana, səni əbədi yuxuya çağıran bir layla...
İnsan öləndə göy üzü kədərlənirmi? Bəlkə buludların arasındakı boşluqlar o kədərin göz yaşlarıdır. Axı ölüm təkcə gedənə deyil, qalana da yükdür. Hər bir itki sevgi ilə toxunmuş bir bağın qırılmasıdır. Amma bəzən ölüm gözəllikdir. Sönən bir şamın buraxdığı ətir kimi. Payızda yerə düşən yarpağın torpağa qarışıb ağac üçün gübrəyə çevrilməsi kimi. Ölüm – təbiətin ən səssiz, amma ən səmimi dövranıdır. Hər şey gec-tez başlanğıcına qayıdır.
Bəlkə də ölmək heç vaxt tam yox olmaq deyil. Bir xatirəyə çevrilmək, bir ulduzda işıq olmaq, bir şeirdə nəfəs almaqdır. İnsan ölər, amma onun haqqında deyilən sözlər, yaddaşlarda qalan baxışları əbədi olaraq bir həyat forması alır.
Beləliklə, ölmək bəlkə də insanın özündən başqa hər şeyə çevrilməsidir. Sən ölürsən, amma dünya sənə nəfəs aldırır – bir çiçəkdə, bir küləkdə, bir quşun qanad çırpışında... Ölüm son deyil, ruhun sərhədsizliyə qovuşmasıdır.
Ramiz Rövşən ölümü öz fəlsəfəsi ilə ölümü belə təsvir etmişdir:
Bulud kimi ölmək
bir yaz yağışında.
Ümid kimi ölmək,
bir qız baxışında.
Bir yel qanadında
yarpaq kimi ölmək
Bir qəbir altında,
torpaq kimi ölmək.
Bir gül kimi ölmək,
bir güldan içində.
Bülbül kimi ölmək
bir hicran içində.
Bir səs kimi ölmək
bir kar qulağında.
Bir söz kimi ölmək,
bir lal dodağında.
Gündən günə ölmək,
Dönə-dönə ölmək.
Öldükcə dirilmək,
Sonra yenə ölmək...
“Ədəbiyyat və incəsənət”
(25.11.2025)
“Maraqlı söhbətlər”də kəşfləri ilə dünya elminə töhfə vermiş 5 Azərbaycan alimi
Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Yusif Məmmədəliyev
Azərbaycan SSR EA yarandıqdan (1945) sonra onun ilk prezidentlərindən biri, 1954-1958-ci illərdə ADU-nun (indiki BDU) rektoru olub. Kəşfləri ilə dünya kimya elminə yeniliklər gətirən akademikin adına hətta ixtirası olduğu reaksiya da var. “Molotov kokteytli”ndən tutmuş bir çox böyük layihələrə qədər hər yerdə onun əməyi var.
Lütfi Zadə
Süni intellekt nəzəriyyəsinin, eləcə də qeyri-səlis məntiqin banisi olan dünya şöhrətli alim Kaliforniyanın Berkli Universitetinin professoru olub. Qeyd edək ki, həmin universitetin ömürlük professoru seçilmiş yeganə şəxsdir. Süni intellekt nəzəriyyəsinin banisi kimi tanınsa da onun digər 5 kəşfi modern dünya üçün əsil inqilab olub. Həmin kəşflər bunlardır: təəssüratlar nəzəriyyəsi, sistemlər nəzəriyyəsi, sözlə işləyən kompüter nəzəriyyəsi, optimal süzgəclər nəzəriyyəsi və “soft kompyutinq”. Hazırda əsərlərinə ən çox istinad edilən alimdir. Təkcə 1990-2000-ci illərdə onun əsərlərinə 36000-dən çox istinad edilib.
Kərim Kərimov
Dünyanın raket texnikasını dərindən bilən tək-tük alimlərindən biri. Ali məktəbə sənəd verərəkən savadı yoxlanılaraq birdən-birə beşinci kursa qəbul edilən Kərimov müharibə vaxtı hərbi sursatların və döyüş mərmilərinin hazırlanması ilə məşğul olsa da, sonradan ömrünü tamamilə kosmik elmə həsr edib. O ballistik raketlərin radioölçmə sahəsində, kosmik parametrlərin və aparatların hazırlanmasında mühüm elmi kəşflərə imza atmışdır. “Baykonur“ kosmodromu və NASA bəzi işlərində akademik, general-leytenant Kərim Kərimova çox minnətdardır.
Xudu Məmmədov
Dünya şöhrətli Azərbaycanlı kristalloqraf, geologiya-mineralogiya elmləri doktoru, professor Xudu Məmmədovun əsərlərindən Amerikada, bütün dünyada istifadə olunur. Mərhum alim bəzi əsərlərini hətta özü ingilis dilində yazmışdı. İndi həmin nəzəriyyələr kristalloqrafiya elmi sahəsində əsas mayak rolunu oynayır. 50-dən çox üzvi liqandlı kompleks birləşmənin molekul və kristal quruluşunu öyrənib, tədqiqatlarında elektronoqrafiya, rentgen-spektral analiz və hidrotermal sintez üsullarından geniş istifadə edib. O həm də estetika ilə intellektuallığın, fəlsəfə ilə elmin sintezini yaradanlardan biridir.
Rafiq Əliyev
Hazırda həyatda olan Azərbaycan alimləri içərisində dünyada ən tanınmışıdır. Onun ali riyaziyyat, süni intellekt, kibernetika, sinergetika elmləri sahəsində apardığı fundamental araşdırmalar modern dünya təfəkkürünün formalaşmasında əsaslı rol oynayıb. Onun dünya çaplı kəşflərindən bir qisminin adını çəkirik:
* AL11, AL12 və AL13 qeyri-səlis məntiqlərinin yaradılması
* Qeyri-səlis modellərin adekvatlıq şərtlərinin formalaşdırılması
* Qeyri-səlis intellektual robotların nəzəriyyəsi və qurulma prinsiplərinin işlənməsi
* ESPLAN da daxil olmaqla qeyri-səlis ekspert sistemlərin işlənməsi.
“Ədəbiyyat və incəsənət”
(25.11.2025)
8-ci dəfə “Uluslararası FeminİSTANBUL Kadın Şiiri Festivali” keçirildi
UNESCO-ya bağlı uluslararası şeir təşkilatları içində yer alan “Uluslararası FeminİSTANBUL Kadın Şiiri Festivali” bu il 8-ci dəfə 21-23 noyabr 2025 tarixində, İstanbulda Kartal Bələdiyəsinin dəstəyiylə düzənləndi.
“Gazze katliamından sonra medeniyetten ve insanlıktan söz edilebilir mi?” şüarı ilə yola çıxan FeminİSTANBUL qadın olmanın problemlərinə dair dünyəvi bir fikir, sənət ve dialoq platformu olma hədəfini irəli sürür.
Festivalın ilk günü saat 18:00-da Kartal Soğanlık Kültür Mərkəzində gerçəkləşdi. İkinci günü isə saat 14:00 -20:00 arasında Ataşehir Yeditepe Universitetində baş tutdu.
"8. Uluslararası FeminİSTANBUL Kadın Şiiri Festivalı"nın Ana temasını qadın, qadın problemləri, qadın kimliyi, qadın şəxsiyyətı, yəni qadına dair hər sahədəki vəziyyət, durum və hadisə təşkil edir. Bu festival cinsiyyətçi ya da salt feminist bir festival olmamaqla yanaşı Türkiyədə bir ilk olaraq nəzər diqqəti cəlb edir. Bu festivala dünyanın bir çox ölkələrindən - Çin, Avstraliya, Yeni Zellandiya, Vyetnam, Rusiya, ABŞ, Peru, Kuba, Çili, Boliviya, İran, bütün ərəb ölkələri, Avropa ölkələri, Malaziya, Hindistan və nəhayət Azərbaycandan şairlər qatıldı. Azərbaycanı bu festivalda tarix üzrə fəlsəfə doktoru, şair-yazar, tərcüməçi Həyat Şəmi təmsil edirdi.
Adı çəkilən ölkələrdən gələn şair qadınlar öz ölkələrindəki qadınların problemlərini şeirlərlə dilə gətirdilər, birlikdə çözüm yolları aradılar və ulusal geyimlərində öz dillərində şeirlər oxudular.
"Gazze Katliamından Sonra Medeniyetten ve İnsanlıktan Söz Edilebilir mi?" şüarı festivalın əsas qayəsini təşkil edirdi.
Bu ilin şüarını festival direktoru Op. Dr. Hilal Karahan belə açıqladı: “Theodor Adornonun, 1949-cu ildə önə sürdüyü, ünlü “Auschwitz’den sonra şeir yazmaq barbarlıqdır” fikrinə istinadən soruşuruq: "Gazze katliamından sonra medeniyetten ve insanlıktan söz edilebilir mi?"
Bütün dünyanın gözü önündə gerçəkləşən bir qətliamda, aclıqdan ölən körpələr, zövq üçün güllələnən ya da diri-diri yandırılan uşaqlar, çörək növbəsinə duran insanlara yağdırılan bombalar, füzeylə partladılan xəstəxanalar və bütün bu şərtlərdə qəhr olan analar olduqca, müasir dövrün “mədəniyyət” ve “insanlıq” anlayışları anlamını itirmişdir. Ukrayna ve Rusiya arasında çıxan müharibəni ekranlarımızda bir holoqram kimi izlərkən, indi Fələstin, Yəmən, Livan, İran, Suriya od-alov əhatəsindədir.
... İnsan heç bu gün olduğu qədər insanlıqdan uzaqlaşmamış; mədəniyyətə güvənini bu qədər itirməmişdii! Ona görə də, biz şairlər ən çox qadınlarla məsum körpələrə qıyan bu savaş, xaos və zulmə qarşı səsimizi birləşdirdik. Həm varlığımız, həm də şeirimizlə “yetər!” dedik. Şeir həyatı canlandırır; insana umut verir. Ona görə də, bu anlamda FeminİSTANBUL dünyada, qız qardaşlığının səsini duyuran, qadın olmağı qeyd edən və qucaqlayan tək şeir festivalıdır".
“Ədəbiyyat və incəsənət”
(24.11.2025)
GÜNÜN FOTOSU: AVROPA KASIBLAYIR
GÜNÜN FOTOSU: AVROPA KASIBLAYIR
Avropa Birliyində 2024-cü ildə kasıblıq həddində yaşayanların sayı 72 milyon nəfərə çatıb. Bu, bütün əhalinin 16,2 faizidir.
Foto: AP
RƏSM QALEREYASI, DİEQO RİVYERA, “GÜLSATAN”
RƏSM QALEREYASI, DİEQO RİVYERA, “GÜLSATAN”
Diqqo Rivyera Latın Amerikasının ən tanınmış rəssamlarındandır, “Gülsatan” Çin albomu silsiləsindəndir.
“Zəfər və Qürur yolunun tarixi” adlı elektron məlumat bazasının təqdimatı
F, Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Azərbaycanın tarixi Qələbəsinin 5 illik yubileyinə həsr olunmuş “Zəfər və Qürur Yolunun Tarixi” adlı Elektron Məlumat Bazasının təqdimatı keçirilib. Tədbir Bakı Dövlət Universitetinin “Zəfər Tarixi” lektoriyasında İnformasiya və sənəd menecmenti fakültəsinin professor-müəllim heyəti və tələbələrinin iştirakı ilə baş tutub.
“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, tədbir Vətən müharibəsi şəhidlərinin müqəddəs xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Ardınca fakültə dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Cabbarlı, dosent Nadir İsmayılov, dosent Knyaz Aslan, eləcə də fakültənin gənc tədqiqatçıları çıxış edərək layihənin həm elmi, həm də mənəvi baxımdan əhəmiyyətini vurğulayıblar.
Natiqlər 44 günlük Vətən müharibəsinin əsas mərhələləri, Azərbaycan Ordusunun qəhrəmanlıq dolu əməliyyatları, işğaldan azad edilən şəhər, qəsəbə və kəndlər barədə ətraflı məlumat veriblər. Təqdimat çərçivəsində kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “Zəfər və Qürur Yolunun Tarixi” elektron məlumat bazası haqqında geniş təqdimat nümayiş etdirilib. Məlumat bazası 10 əsas bölməni əhatə edir:
Təqdimat zamanı 44 günlük Vətən müharibəsinin gedişi, Azərbaycanın rəşadətli Ordusunun qazandığı tarixi Qələbə və azad edilən şəhər, qəsəbə və kəndlər barədə məlumatlar diqqətə çatdırılıb. Qeyd olunub ki, Azərbaycan Ordusunun 2020-ci ildə apardığı qəhrəmanlıq dolu əməliyyatlar nəticəsində 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad olunub. Müzəffər ordumuzun qəhrəmanlığı və Ali Baş Komandan cənab ilham Əlivevin uzaqgörənliyi, güclü siyasəti nəticəsində 44 gün davam edən Vətən müharibəsi 10 noyabr 2020-ci il tarixinda Ermənistanın məğlubiyyəti ilə başa çatdı və bu Azərbaycanın şanlı Zəfəri ilə nəticələndi.
Kitabxananın əməkdaşları tərəfindən hazırlanan elektron məlumat bazası 10 bölmədən ibarətdir. “Ana səhifə”, “Rəsmi sənədlər”, “İşğaldan azad olunmuş torpaqlarımız”, “44 günlük Vətən müharibəsində həlak olmuş şəhidlərimiz”, “Kitablar”, “Məqalələr”, “Əbədi yaddaş”, “Vətən müharibəsi iştirakçılarına təsis edilmiş orden və medallar”, həmçinin foto və videoqalerya yer alır. Məlumat bazasının əsas məqsədi Zəfər tarixinin faktlar, sənədlər, foto və video materiallar vasitəsilə gənc nəslə düzgün şəkildə çatdırılması, eləcə də müasir informasiya resurslarından istifadə imkanlarının artırılmasıdır.
Tədbirin sonunda iştirakçılar məlumat bazasının gənclərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynadığını bildirərək layihənin dəyərini yüksək qiymətləndiriblər.
“Ədəbiyyat və incəsənət”
(24.11.2025)
Qulu Ağsəsin “Xankəndi və M.Zəkiyə” şeirinin təhlili
Adilə Nəzər, “Ədəbiyyat və incəsənət” üçün
Qulu Ağsəsin “Xankəndi və M.Zəkiyə” şeiri Qarabağ torpağına həm sevgi, həm ağrı, həm də qayıdış həsrətinin poetik etirafıdır. Şeirin ilk misralarında Xankəndi adi coğrafi məkan kimi deyil, sanki ümumi yurd – binə kimi təsvir olunur: “Tavanı - göy şüşəli, döşəməsi - meşəli”. Bu bənzətmə Xankəndinin təbiətini gündəlik məişət obrazına çevirərək həm sadəlik, həm də doğmalıq yaradır.
“Ovçunun yuxusunda marala bənzəyir o” misrası isə daha çox tarix və münaqişə kontekstindən doğan məna daşıyır. Buradakı “ovçu” – düşməndir, (burada: erməni tərəf) Maral isə həm zərifliyini, həm də cazibəsini qoruyan Qarabağın özüdür. Əsrlər boyu bu torpaq düşmənin nəzərində belə cəlbedici olub, ovçunun yuxusuna girəcək qədər dəyərli görünmüşdür. Bu bənzətmə əslində Qarabağın, o cümlədən Xankəndinin gözəlliyinin necə arzuolunan, necə həsəd doğuran bir nemət olduğunu xatırladır.
“Dağların yaxasında medala bənzəyir o” misrası isə artıq başqa bir məqamı – Zəfəri tamamlayan son nöqtəni işarə edir. Medal burada təkcə bənzətmə deyil, həm də Xankəndinin azad edilməsi ilə Qarabağ Zəfərinin tamlığı, bütövlüyü simvolizə olunur. Yəni Xankəndi dağların qoynunda parlayan, qələbəni təsdiqləyən son medaldır.
Şeirin ortasında Qulu Ağsəs torpağın insan yetişdirmə gücünə toxunur: “Burda doğulmur adam, əkilir şitil kimi”. Bu misra həm poetik, həm də fəlsəfi anlam daşıyır, belə ki, bu torpaq insanı yalnız doğmur, həm də yetişdirir, formalaşdırır. Şair özünü bu torpağın yazdığı sətrə, bir misraya bənzədir və “şütüyən sətir kimi” yurd-yurd dolaşsa da, sonunda yenə öz “Xanım”ına, yəni Xankəndinə dönür.
Buradakı “Xanım” müraciəti əslində çoxqatlı simvolik məna daşıyır. Bu söz həm Xankəndinin adındakı “Xan”a işarədir, həm də Qarabağ musiqisinin səsini – Xan Şuşinskinin irsini çağırır. Beləliklə, şair təkcə torpağa yox, bu torpağın səsinə, musiqisinə, xatirəsinə də dönür.
Şeirin ən yüklü misralarından biri isə “Yaşamaq vaxtı öldük, ölmək vaxtı yaşayaq!” misrasıdır. Burada müəllif şəxsi həyatının illərini Qarabağın taleyi ilə eyniləşdirir: onun gənclik illəri Qarabağdan qaçqın düşdüyü dövrlərə, qocalıq çağı isə geri dönüşün mümkün olduğu zamana təsadüf edir. Yəni yaşamalı olduğu çağlarda – ömrün baharında itirmiş, ağrı çəkmiş, ömrün payızında isə yenidən o torpağa qovuşmaq nəsib olub. Bu misra həm tale acısını, həm də gec də olsa qayıdış sevincini özündə cəmləyir.
Bütün bu məna qatları şeiri sırf nostalji mətn etmədən, həm tarixi, həm mənəvi, həm də bədii çalarlarla dolu olan çoxqatlı bir poetik etirafa çevirir. Qulu Ağsəs bu şeirdə Xankəndini həm maral kimi həzin, həm medal kimi dəyərli, həm də ev kimi doğma göstərərək Qarabağın üç halını bir yerdə təqdim edir: şeirdə itirilən gözəllik, ulduz kimi parlayan Zəfər və gec də olsa qayıdışın sevinci var.
Qulu AĞSƏS
Xankəndi və M.Zəkiyə
Tavanı - göy şüşəli,
Döşəməsi - meşəli...
Ovçunun yuxusunda
Marala bənzəyir o.
Dağların yaxasında
Medala bənzəyir o.
Burda bahar payızı,
Qış yayı məst eləyir.
Bu yerlərin havasın,
Bu göylərin yağışın
Üzeyir bəstələyir.
Burda doğulmur adam
Əkilir şitil kimi.
Adladım yurddan yurda
Şütüyən sətir kimi.
Gəzdim düzü, dünyanı
Bu düz-dünya tükəndi.
Sənə dönmüşəm, Xanım,
Sənə dönmüşəm, kəndim.
Dünyada nələr gördük
Həyatımız baş-ayaq:
Yaşamaq vaxtı öldük,
Ölmək vaxtı yaşayaq!
Tavanı - göy şüşəlim,
Döşəməsi - meşəlim...
“Ədəbiyyat və incəsənət”
(24.11.2025)


