
Super User
Rəsm qalereyası: Minh Yen, “Minimalizm”
Rəsm qalereyası: Minh Yen, “Minimalizm”
Çin rəssamı Minh Yen “Minimalizm” adlı bu tablosunu akvarellə çəkib. Özü də relyefli kağızın üzərində.
Minh Yen təbiət mənzərələrinə ovqat və temperatur verə bilir. Bu qış mənzərəsi sizi üşütdü, deyilmi?
“Ədəbiyyat və incəsənət”
(03.03.2025)
Uşaqlara qarşı şiddət və zorakılıq - AKTUAL
Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Şiddət—bir insanın digərinə qarşı fiziki və ya psixoloji zərərverici davranışlarının cəmidir. Bu iki forma bir-birindən ayrılmazdır və çox vaxt uşaqlıqdan başlayan travmaların nəticəsi kimi ortaya çıxır. Hər şey uşaqlıqdan başlayır—ailədən, məktəbdən, dost mühitindən, hətta küçədən. Ona görə də, gəlin əvvəlcə uşaqlıq travmalarına və uşaqlara qarşı şiddət mövzusuna toxunaq.
Hər birimiz qəbul etməliyik ki, cəmiyyətin təməli uşaqlardır. Təəssüflər olsun ki, hər uşaq xoşbəxt uşaqlıq yaşamır. Keçmişində buraxdığı travmalar isə gələcəyinə kölgə salır. Bəzən ən pisi odur ki, bu travmaların təməli məhz valideynlər tərəfindən qoyulur. Üstəlik, valideynlər bunun fərqində belə olmur. Övladlarını incitdiklərini anlamadan böyüdürlər.
Məsələn, bir çoxumuzun rastlaşdığı bir hadisəni götürək: sən hələ uşaqsan, düşüncələrin tam formalaşmayıb və səhvlər etməyin normaldır. Lakin ətrafında həmişə səndən üstün göstərilən bir "xalxın uşağı" olur. O, daha çox çalışır, əla qiymətlər alır, valideynlərini incitmir və böyüklərə hər zaman hörmətlə yanaşır. Sən isə hansısa fəndən zəif oxuyur, bəzən etiraz edirsən və nəticədə günah keçisinə çevrilirsən.
Çoxumuz bu vəziyyəti yaşamışıq, elə deyilmi? Sadə görünə bilər, amma belə müqayisələr uşağın psixologiyasında ciddi izlər buraxır. Daim başqaları ilə müqayisə edilən, dəyəri az göstərilən uşaq istər-istəməz özünə qarşı kinli olur, içində yetərsizlik hissi formalaşır. Belə bir uşağın aqressiv, qapalı və özgüvənsiz böyüməsi təəccüblü deyil.
Təhsil sistemində şiddət
Təəssüf ki, psixoloji şiddət təkcə ailədə deyil, təhsil sistemində də geniş yayılıb. Yəqin bir neçə ay əvvəl bağçada uşağı döyən tərbiyəçinin videosunu xatırlayırsınız. Amma bu, sadəcə mediada yayımlanan hadisələrdən biridir. Pərdə arxasında nələrin baş verdiyini bilmirik.
Bu hadisədə günahkar təkcə həmin "tərbiyəçi" deyil, həm də valideynlərdir. Ümid edirəm ki, valideyn olan oxucularım məni qınamaz, amma bir çox valideynlər övladlarını, necə deyərlər, "başımdan edim" yanaşması ilə böyüdürlər. Hətta elə valideynlər var ki, uşaqlarını ardıcıl olaraq müxtəlif dərslərə, idman məşqlərinə, yarışlara yönləndirir, onların maraqlarını nəzərə almırlar. Halbuki bu da psixoloji təzyiqin və dolayısıyla şiddətin bir növüdür.
Məktəblərdə də bu cür hallar geniş yayılıb. Şəxsən özüm belə bir hadisə ilə qarşılaşmışam. Guya mən şəhərin ən seçilən liseylərindən birində, ən nüfuzlu müəllimlərdən dərs alırdım. Xüsusən də fizikadan dərs deyən başı daz müəllimi xatırlayıram. O, əsla əsəbiləşməzdi, şagirdlərə əl qaldırmazdı. Əksinə, sual verəndə sənə "debil", "kasoy", "qoyun", "gələcəyin mal yığını" kimi sevgi dolu ifadələrlə (!) cavab verərdi. Sualı başa düşməyəndə "başına sığal çəkərək" elə bir izah edərdi ki, özünü daha da alçalmış hiss edərdin.
(Yəqin ki, bunların müqabilində məni etikanı pozub ona başı daz dediyimə görə qınamazsınız)
Bu iki nümunə müasir, kurikulum sisteminə uyğun, ən yeni avadanlıqlarla təmin olunan məktəblərimizdə tətbiq edilən "tədris metodologiyasının" nə qədər "mükəmməl" olduğunun açıq sübutudur.
Təhsil sistemindən kənardakı zorakılıq
Yəqin ki, hər gün metroda və küçələrdə salfetka, corab, gül satan uşaqlara rast gəlirsiniz. Bəs bu uşaqlar niyə işləyir? Əmək Məcəlləsinə əsasən, valideyn icazəsi ilə uşaq əməyi üçün yaş həddi 15-dir. O zaman küçələrdə diləndirilən və ya işləməyə məcbur edilən azyaşlılara kim icazə verir? Bəs bu uşaqların psixologiyası necə formalaşacaq?
Bəziləri deyir ki, "Qoy uşaq indidən əməyə alışsın". Amma o uşağın yerinə kim məktəbə gedəcək? Kim ona yazmağı, hesablamanı, həyatı öyrədəcək? O, sevgini, qayğını kimdən görəcək? Aradan 10-15 il keçəndə, bu uşaqlar hissiyyatsız, daşlaşmış insanlara çevriləndə günahkar kim olacaq?
Cəmiyyətdə şiddətin normal hala gəlməsi
Cəmiyyətdə şiddətin yayılmasının əsas səbəblərindən biri də bəzi qrupların bunu normallaşdırmasıdır. Məsələn, yeniyetmələr arasında "A.Y.E qaqaş" fenomeni. Onlar xüsusi geyim tərzi, saç stili və danışıq forması ilə yeniyetmələr üçün "qəhrəman" obrazı yaradırlar. 13-14 yaşlı uşaqlara "vasmi", "təsbehnən adam sındırmaq", "beşbarmaqla gəzmək", "siqaret, alkoqol və narkotik istifadəsi"ni öyrədərək, gələcəyə cinayətkar "canavarlar" yetişdirirlər.
Bu, yalnız psixoloji şiddətdir. Əməli şiddət isə daha geniş və dəhşətlidir—
Zorlanan qız uşaqları,
Erkən yaşda nikah qurbanları,
Alkoqolik ataların döydüyü uşaqlar,
Müharibələrin ortasında doğulan körpələr,
Terror qurbanı olan günahsızlar,
Xocalı, Gəncə, Bərdə faciələri,
İsrail-Fələstin, Suriya, Ukrayna müharibələrində ölən minlərlə uşaq.
Afrikada aclıq və susuzluqdan ölən uşaqları da unutmayaq. Onlar şiddətli aclıq, şiddətli susuzluq və şiddətli xəstəliklər içində yaşayır. Bukovskinin bir sözünü oxuyanda günlərlə özümə gələ bilməmişdim:
"Bir gün afrikalı xəstə uşaqlara dərman yardımı göndərdik, lakin heç birini verə bilmədik, çünki dərmanların üstündə “tox qarında istifadə olunmalıdır'” yazılmışdı."
Bu, bizi bir daha düşünməyə məcbur edir. Dünyanın hər yerində israfçılıq var, amma şokolad plantasiyalarında çalışan uşaqların şokoladın dadını belə bilmədiyini bilirsinizmi?
Şiddət nə yazmaqla, nə düşünməklə, nə də saymaqla bitmir. Dünya dəyişməsə, bu dəhşətlər davam edəcək. Lakin biz, heç olmasa, öz ətrafımızdan başlayaraq, uşaqlara və cəmiyyətə daha insani münasibət göstərərək bir dəyişiklik edə bilərik.
Unutmayaq ki, gələcək indiki uşaqlardan başlayır. Necə ki, hər birimiz bir fidan əkib təbiətə töhfə verə bilərik, eləcə də, uşaqlara qarşı doğru münasibət göstərərək daha ümidli bir gələcək qura bilərik.
“Ədəbiyyat və incəsənət”
(03.03.2025)
Günün fotosu: Finlandiyada qütb parıltısı
Günün fotosu: Finlandiyada qütb parıltısı
Hazırda dünyanın əksər yerlərindən turistlər Finlandiyaya gedərək qütb parıltısına tamaşa edir, onu lentə alırlar.
Biz sizə həvəskar kamerası ilə çəkiımiş bir neçə möhtəşəm kadrı təqdim edirik.
Kadrlar Helsinki ətrafında qeydə alınmışdır.
“Ədəbiyyat və incəsənət”
(03.03.2025)
XARİCİ ƏDƏBİYYAT - Uilyam Şekspir “Othello” tragediyasının təhlili və analizi
Leyla Ümid, “Ədəbiyyat və incəsənət”
Mən son kurs İngilis dili və ədəbiyyatı ixtisasında təhsil aldığımdan, ingilis klassikasından mənə dərindən təsir edən və sevdiyim bir əsəri oxuyub bitirərək onun təhlili və analizi üçün yazı hazırlamışam. Bu yazını “Ədəbiyyat və incəsənət”in oxucularına təqdim etmək istəyirəm.
Uilyam Şekspirin “Othello” əsəri onun ən güclü faciələrindən biridir. 1603-cü ildə yazılmış bu əsər sevgidə qısqanclıq, xəyanət, irqi ayrı-seçkilik və manipulyasiya kimi mövzuları əhatə edir. Hekayə güclü emosional çalarları və insan psixologiyasını dərindən araşdırması ilə seçilir.
Süjetin xülasəsi:
Hadisələr Venesiya və Kipr adasında baş verir. Əsas qəhrəmanlar Othello, Desdemona, Yaqo və Kasiodur.
•Othello. Venesiya ordusunun uğurlu bir generalıdır. O, irqi baxımdan fərqli (mavr, yəni qaradərili) olduğu üçün bəzi venesiyalılar tərəfindən yad sayılır. Lakin o, cəsur və ağıllı bir sərkərdədir.
•Desdemona. Venesiyalı senator Brabantionun qızıdır. O, atasının razılığı olmadan Othelloya ərə gedir.
•Yaqo. Othellonun yaxın adamıdır, lakin içində gizli kin bəsləyir. O, Othelloya nifrət edir, çünki Othello orduda Kasioya üstünlük verərək onu kənarda qoyub.
•Kasio. Othellonun etibar etdiyi zabitdir, lakin onun sadəlövhlüyü Yaqonun fitnəsinə düşməsinə səbəb olur.
Əsərin dramatik gərginliyi
Yaqonun manipulyasiyaları nəticəsində Othellonun Desdemonaya olan güvənini itirməsi və ona xəyanət etdiyinə inanması ilə artır. Yaqo hər fürsətdə Othellonun qısqanclığını alovlandırır, nəticədə Othello emosionallığını qoruya bilmir və şəkkə düşərək Desdemonanı öldürür. Lakin sonda həqiqət ortaya çıxır və Othello peşmançılıq içində intihar edir.
Mən Desdemonanın öldürülmə səhnəsində dərindən təsirləndim. Çünki cəmiyyətin onların sevgilərinə düzgün baxmamasına rəğmən onlar öz münasibətlərini qoruyaraq yaşamağı bacarırdılar. Lakin Othello içindəki konfiliktdə məğlub olur və gözü aşiq olduğu qadını öldürəcək dərəcədə dönür. İnsanın qısqanclığı, zəif iradəsi, şübhə duyğusu sevgidən daha yüksək olduğu zaman bu, həqiqətən də faciəyəyə səbəb olur. Mən bu barədə əvvəllər düşünürdüm ki, namus məsələsi yalnız Şərqdə ölümlə nəticələnir. Amma Qərbdə də bu, təəssüf ki, belə olub.
Əsərin əsas mövzuları:
1. Qısqanclıq və Manipulyasiya
Əsər əsasən qısqanclığın dağıdıcı gücünü təsvir edir. Othello əvvəlcə Desdemonaya güvənir, lakin Yaqonun hiylələri nəticəsində şübhə içində boğulur. Burada Şekspir qısqanclığın məntiqi necə kor etdiyini, insanı düşüncələrlə boğduğunu və insanın davranışlarını necə dəyişdirdiyini ustalıqla göstərir.
Yaqo insan psixologiyasını məharətlə manipulyasiya edən bir anti-qəhrəmandır. O, Othellonun zəif cəhətlərini ustalıqla istismar edərək onu yavaş-yavaş məhv olmağa sürükləyir.
2. Sevgi və İnamın Sınanması
Othello və Desdemonanın sevgisi əsərin əvvəlində güclü və safdır. Lakin əsər göstərir ki, sevgi ancaq güvən olduğu zaman yaşaya bilər. Othello Desdemonaya güvənmədiyi üçün sevgisi onu xilas etmir, əksinə, onu məhvə aparır.
3. İrqi Ayrı-seçkilik
Othello Venesiyada yad bir fiqurdur – qara dərili bir əsgərdir. Bəzi personajlar onu “mavr” və ya “yabançı” adlandıraraq onun əslən başqa yerdən olduğunu daim vurğulayırlar. Yaqonun fitnəsi də məhz Othellonun bu fərqliliyi və aşağılıq kompleksi üzərində qurulur.
4. Azad iradə
Othello öz seçimlərini özü edir, amma Yaqonun manipulyasiyası bu seçimləri müəyyən qədər istiqamətləndirir. Bu baxımdan, əsər insanın öz taleyini müəyyən edə bilməsi ilə bağlı fəlsəfi suallar doğurur.
Əsərin üslubu:
Şekspirin “Othello”da istifadə etdiyi dil və üslub güclü poetik təsvirlər və simvollarla zəngindir. Xüsusilə Yaqonun monoloqları manipulyasiyanın incə detalları ilə doludur.
• Simvolizm: Əsərdə şal simvolik bir əhəmiyyət daşıyır. Bu, Othello və Desdemonanın sevgisinin və sonradan şübhənin rəmzinə çevrilir.
• Dramatik İroniya: Oxucu Yaqonun planlarını bilir, lakin Othello və digər personajlar bu hiylələri görə bilmirlər. Bu, əsərin tragik təsirini artırır.
• Monoloqlar və Dialoqlar: Şekspirin dərin fəlsəfi və psixoloji düşüncələri personajların monoloqlarında açıq şəkildə hiss olunur.
Nəticə
“Othello”, insan psixologiyasını, qısqanclığın məhvedici gücünü və manipulyasiyanın nəticələrini göstərən unikal bir əsərdir. Bu faciə, insanın ən böyük düşməninin bəzən öz şübhələri ola biləcəyini sübut edir.
Şekspir burada yalnız bir sevgi faciəsi yaratmır, həm də iqtidar, irqçilik, şəxsi azadlıq və insanın daxili konfliktləri ilə bağlı problemləri, bunlarla bağlı sualları ortaya qoyur. Othello qurban, yoxsa qatil? Yaqo şeytani, yoxsa sadəcə güclü bir oyunçu? Desdemona günahsızmı, yoxsa sadəcə zəif? Bu suallar əsərin dərinliyini və müasir dövrdə belə aktual qalmasını təmin edir.
“Othello” əsəri, insan duyğularının dərinliyinə işıq salan və oxucunu düşündürən nadir klassik əsərlərdən biridir.
“Ədəbiyyat və incəsənət”
(03.03.2025)
Sabah Gəncədə Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalı başlayır
Sabah – martın 4-də ölkəmizdə ilk dəfə baş tutacaq Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalının açılışı olacaq.
“Ədəbiyyat və incəsənət” portalına Gəncə Dövlət Filarmoniyasından verilən məlumata görə, festivalın ilk günü Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə görkəmli bəstəkar Fikrət Əmirovun həyat və yaradıcılığına həsr olunmuş elmi seminar, Gəncə Dövlət Filarmoniyasında Xalq Çalğı Alətləri Orkestrinin bəstəkarın mahnılarından ibarət konsert proqramı keçiriləcək.
Festivalın təntənəli açılışı Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Göygöl Dövlət Mahnı və Rəqs Ansamblı və Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının iştirakı ilə baş tutacaq.
Festival martın 9-da başa çatacaq.
“Ədəbiyyat və incəsənət”
(03.03.3025)
Oyunun qaydalarını həmişə həyat yazır - ESSE
Harun Soltanov, “Ədəbiyyat və incəsənət”
Mən oyuna iddialı gələn, amma iddiasının içində min şübhə, min tərəddüd, min yorğunluq daşıyan oyunçuyam. Bilyard masası qarşısında dayananda, əlimdə çubuqla ölçüb-biçəndə düşünürəm: əslində mən burada nə axtarıram? Qələbəmi? Özümü sübut etməyi? Özümə sübut etməyi? Ya bəlkə, sadəcə nəyisə unutmaq üçün buradayam?
Bəlkə, bu masa, bu toplar, bu səssiz oyun həyatın sadəcə bir simvoludur, harada ki, bir zərbə taleyi dəyişir, bir səhv hər şeyi darmadağın edir, bir təsadüf səni ya zirvəyə aparır, ya da heçliyə atır.
Mən öz oyunumu oynayıram, hər bir topun hərəkət trayektoriyasını beynimdə çəkirəm, amma bilirsən, həyatda hər şey belə sadə deyil. Hesablaya bilmədiyin şeylər var. Gözlənilməz sıçrayışlar, hesablanmamış sapmalar. İnsanın həyatında da belədir – nə qədər ağıllı, nə qədər tədbirli olsan da, bəzən heç vaxt nəzərə almadan, heç vaxt gözləmədən başına gələnlər səni məğlub edir.
Mən hər oyuna yeni ümidlərlə gələn oyunçuyam. Çünki bəlkə də, bu dəfə qazanacağam. Bəlkə də, bu dəfə səhv etməyəcəyəm. Bəlkə də, bu dəfə son zərbədə titrəməyəcəyəm. İnsan həyatda da hər səhvindən sonra özünü bu ümidlə ovudur: “Bu dəfə fərqli olacaq.” Amma fərqli olmur. Eyni səhvlər, eyni yorğunluq, eyni peşmanlıqlar… Sadəcə bir az daha tükənmiş, bir az daha həssas, bir az daha ümidsiz.
Mən masaya hakim olan, amma həyatda özünə hakim ola bilməyən oyunçuyam. Burada, bu masanın ətrafında hər şey dəqiqdir – düzgün zərbə, düzgün bucaq, düzgün güc tətbiq etsən, qalib gələrsən. Amma həyatda heç bir şey bu qədər dəqiq deyil. Həyat riyazi deyil, həyat fizika qanunları ilə izah olunmur. Həyatda sən mükəmməl olanda da uduza bilərsən. Bəzən ən yaxşısı olsan da, heç bir şey dəyişməz. Çünki həyat bilyard masası deyil, sənə ədalətli oynamağa borclu deyil.
Mən son zərbəyə yaxınlaşan oyunçuyam. Masanın başında dayanıb çubuğu sıxıram. Əlimin titrəməsinə icazə verməməyə çalışıram. Bu, sadəcə bir oyun deyil. Bu, illərin çəkdiyi əziyyətin, saatlarla məşq etməyin, yorğun gecələrin, sonsuz ümidlərin və sinəmdəki qürurun yoxlanışıdır. Sadəcə bir top. Sadəcə bir hərəkət. Sadəcə bir qərar. Vururam. Top dəliyə gedir, sonra bir anlıq dayanır, düşünür, tərəddüd edir, sanki özü də bilmir hara düşmək istədiyini. Və sonra… yavaşca geri sıçrayır. Mən uduzdum.
Həmişə belə olur, elə deyilmi? Həmişə insan hər şeyə yaxın olduğu anda nəyinsə əldən çıxdığını hiss edir. Həyatın ən acı gerçəklərindən biri də budur – insan bəzən ən yaxın olduğu şeyi qazana bilmir. Çünki insan bilyard masasında oynasa da, oyunun qaydalarını həmişə həyat yazır. Həyat sənə məntiqli gələn şeyləri qəbul etmir. O, sənə həmişə eyni cavabı verir: “Sənə bu vaxta kimi nə düşüb ki, indi də bu düşsün?”
Mən turnirə iddialı gələn, finala çıxan, amma son anda yenilən oyunçuyam. Bütün dünya gözləyirdi ki, mən qalib gələcəyəm, amma mən bilirdim. Mənim taleyim bu deyil. Mən son dəqiqədə səhv edən, həyatın ən vacib məqamlarında ya gecikən, ya da lazım olan zərbəni vura bilməyən oyunçuyam. Mən hər oyundan sonra masadan yavaşca geri çəkilib çubuğu yerə qoyan, kənara çəkilib səssizcə düşünən oyunçuyam.
Öz-özümə sual verirəm: “Bəlkə, bu oyunu heç vaxt qazanmaq üçün oynamaq lazım deyil?” Bəlkə, həyatda qalib olmaq deyil əsas məsələ. Bəlkə, sadəcə, masada qalmaq, oyunun içində olmaq, son ana qədər mübarizə aparmaqdır əsas məsələ?
Amma mən yorğunam. Çünki nə qədər mübarizə aparsam da, nə qədər çətinliklərin öhdəsindən gəlsəm də, mən qalib olmaq üçün lazım olan sonuncu şeyi tapa bilmirəm. Mən hər şeyə sahib olub da, sadəcə bir vacib elementi itirən oyunçuyam. Bəzən bu, bir az şansdır, bəzən düzgün anı seçə bilməməkdir, bəzən isə sadəcə həyatın sənə “yox” deməsidir.
Mən layiq olduğum hər şeyi istəyirəm artıq. Mən haqqımı istəyirəm. Amma hər kəs layiq olduğunu qazana bilmir bu həyatda. Mən də, Ronnie Sullivan da, siz də...
P.S. Söhbət bilyarddan getmirdi…
“Ədəbiyyat və incəsənət”
(03.03.2025)
“Bulanlıq suların axsın, durulsun” deyə Təbrizi vəsf edən şair
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Qollarım dolanar boynuna bir gün,
Yenə baş qoyaram dizinə, Təbriz.
Həsrətdən, hicrandan cana doymuşam,
Doyunca baxaram gözünə, Təbriz.
Bulanlıq suların axsın, durulsun,
Təzə günlərindən büsat qurulsun.
Səhənd camalına bir də vurulsun,
Bir qubar qonmasın üzünə, Təbriz,
Həsrətin yandırar, pörşüdər məni,
Zərif çiçək kimi üşüdər məni.
Səsləsəm Savalan eşidər məni,
Qızınnam oduna, közünə, Təbriz.
Gülüstan bağının seyrinə gəliım,
Lalə yamacında bir də dincəlim,
Ötən günlərimə yetişməz əlim,
Düşüm heç olmasa izinə, Təbriz.
Ana təbəssümün ay işığıdır,
Qolum qamətinin sarmaşığıdır.
Şerin bu dünyanın yaraşığıdır,
İncisi tükənməz xəzinə, Təbriz.
Sən şair ömrümə vüqar vermisən,
Solub-saralmayan gülzar vermisən.
Etibar vermisən, ilqar vermisən,
Hər igid oğluna, qızına, Təbriz.
Səttarxan bayrağın göylərə ucalt!
Qara buludları od ağzına at.
Şair qızının da sözlərini qat
Şirin söhbətinə, sözünə, Təbriz.
Bu gün əməkdar incəsənət xadimi, alim, tərcüməçi, xalq şairi Hökumə Billurinin doğum günüdür.
Hökumə Billuri 1926-cı il mart ayının 3-də Cənubi Azərbaycanın Zəncan şəhərində anadan olub. Zəhmətkeş dəmirçi ailəsində böyüyüb.
1933-1943-cü illərdə Azəri qızlar məktəbində orta təhsil alıb. Və məktəbi bitirdikdən sonra, həmin məktəbdə müəllim kimi işləməyə başlayıb.
İlk şeirlərini orta məktəb illərində yazıb. Qələmə aldığı “Fəhlə”, “Göyərçin”, “Sübh açıldı” adlı ilk şeirləri “Azər”, “Vətən yolunda” qəzetlərində və “Azərbaycan” jurnalında dərc olunub.
Şimali Azərbaycana mühacirət etdikdən sonra 1947-1952-ci illərdə Azərbaycan Dövlət universitetinin filologiya fakultəsində təhsil alıb.
1956-1960-cı illərdə Azərbaycan qəzetinin baş redaktoru olub.
1956-cı ildə Bakı Ali partiya məktəbi, 1963-cü ildə Moskvada Sovet İttifaqı Kommunist partiyası yanında İctimai Elmlər Akademiyasını bitirib. Təhsili dövründə (1963-cü ildə) İran Azərbaycanının realist demokratik ədəbiyyatı mövzusunda disertasiya müdafiə edərək filologiya elmləri namizədi dərəcəsi alıb. Bir il sonra Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda baş elmi işçi vəzifəsinə dəvət olunub və ömrünün sonuna qədər orada çalışıb.
Tərcüməçilik fəaliyyəti ilə də məşğul olan Hökümə Billuri Şəhriyarın fars dilindəki şeirlərini azərbaycan dilinə, Cəfər Cabbarlı, Səməd Vurğun, Mirvarid Dilbazi və Nəbi Xəzrinin şeirlərini fars dilinə tərcümə edib.
Mənim taleyimdir, mənim taleyim
Ömrümü tufana salanda odur
Xisləti sərt olan bir ana kimi
Həmişə qeydimə qalanda odur.
Mənim taleyimdir, mənim taleyim
O günəş nəfəsli, ay nəfəslidir
Köküylə bağlıdır ana torpağa
O şur nəğməlidir, muğam səslidir.
Şair “Mənim arzum”, “Ölməz qəhrəman”, “Həyat yollarında”, “Mübarizə illərində”, “Şeirlər”, “Şairin yadigarı”, “Səhər günəşi”, “Səndən uzaqlarda, “İstərəm”, “Necə unudum” , “Çinar gözləyir məni” “Apar məni o yerlərə”, Bir də bahar gəlsə”, “Seçilmiş əsərlər” “Dünya belə dünyadır”, “Nə qəribə dünya imiş” kimi çoxsaylı şeir kitablarının “1940-1960: İran Azərbaycanında realist-demokratik poeziya” və “Məhəmmədhüseyn Şəhriyar” monoqrafiyalarının müəllifidir
O, 2000-ci ildə noyabrın 22 də Bakıda vəfat edib
Ölümün gözünün içinə baxıb
Sonra bir şam kimi sönəcəyəm mən
Qartal tək zirvəyə qalxdıqca qalxıb
Sonra bu dünyaya dönəcəyəm mən
Yenidən doğacaq məni bu bahar
Fəqət dağ insanı qəm, həsrət əyər
Azadlıq eşqi ilə irəli dostlar
İrəli bu yolda ölməyə dəyər.
“Ədəbiyyat və incəsənət”
(03.03.2025)
3 Mart – Beynəlxalq Yazıçılar Günü: Ədəbiyyatın dəyəri və yazıçıların mirası
Fərasət Babazadə, Naxçıvan Dövlət Universitetinin Filologiya ixtisası üzrə II kurs tələbəsi, “Ədəbiyyat və incəsənət” üçün
Beynəlxalq Yazıçılar Günü hər il 3 mart tarixində qeyd olunur. Bu gün yazıçıların, şairlərin və ədəbiyyatın formalaşmasında rolu olan hər kəsin yaradıcılığını dəyərləndirmək, onların bəşəriyyət üçün qoyduğu irsi anlamaq üçün əlamətdar bir gündür.
Yazıçılar təkcə bədii əsərlər müəllifi deyillər, onlar tarixi, fəlsəfi və ictimai proseslərə təsir edən, insan düşüncəsinə istiqamət verən şəxslərdir. Onların əsərləri gələcək nəsillərə ötürülən dəyərli xəzinədir və hər bir yazı, hər bir misra insanlıq tarixinin bir parçasıdır.
Ədəbiyyat hər zaman insan təfəkkürünün güzgüsü olub. Tarix boyu yazıçılar yalnız əyləncəli və maraqlı əsərlər yaratmaqla kifayətlənməyib, həm də cəmiyyətin problemlərini əks etdirərək insanlara həqiqəti göstərməyə çalışıblar. Böyük yazıçılar və şairlər öz dövrlərinin şahidləri olub, bəzən isə həqiqəti yazdıqları üçün təqiblərə, sürgünlərə məruz qalıblar.
Yazıçılıq, söz vasitəsilə insanlara təsir etmək sənətidir. Bir yazıçının qələmə aldığı əsər, yüzillər boyu oxunub düşüncələri formalaşdıra, insanlara yol göstərə bilər. Böyük yazıçılar və şairlər bəzən öz dövrlərində anlaşılmasalar da, zaman keçdikcə onların əsərləri ölümsüzlük qazanır.
Bir əsərin gələcək nəsillərə ötürülməsi, əslində, yazıçıların insanlığa qoyduğu mirasdır. Əgər Nəsimi, Füzuli, Xətai, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə kimi yazıçıların və şairlərin əsərləri qorunub saxlanılmasaydı, biz bu gün onların fikirlərindən, dövrlərinə gətirdikləri yeniliklərdən xəbərsiz olardıq.
Azərbaycan ədəbiyyatı tarix boyu böyük sınaqlardan keçib. Bir çox yazıçılar dövrün ağır şərtlərinə baxmayaraq, qələmlərini yerə qoymayıblar. Sovet dövründə bir çox yazıçı siyasi təziqlərə məruz qalsa da, onlar həqiqəti yazmaqdan çəkinməyiblər. Repressiya illərində Mikayıl Müşfiq kimi şairlər öz sözlərinə görə həyatlarını qurban veriblər. Lakin onların əsərləri qorunub saxlanıldı və bu gün biz onların misralarını oxuyuruq.
Böyük ədiblər, öz dövrlərinin çətinliklərini aşaraq bizə dəyərli əsərlər ötürüblər. Bizim borcumuz onların yazdıqlarını dəyərləndirmək, bu əsərləri qorumaq və gələcək nəsillərə ötürməkdir. Çünki bir xalqın mədəni irsi onun ədəbiyyatında, yazılı mirasında yaşayır.
Tarixən şairlərimiz və yazıçılarımız yalnız gözəl söz sənətkarları olmayıb, həm də cəmiyyətə təsir edən qüvvə olublar. Onların yaratdıqları əsərlər təkcə bədii dəyəri ilə yox, həm də maarifçilik və azadlıq ideyaları ilə seçilib.
Mən nə istəyirəm?
Yaratmaqçın yaşayaq,
Yaşamaqçın yaratmayaq.
Bir günümüzü belə,
Bir anımızı belə
Xırda, ucuz hisslərin
Qurumuyla qaraltmayaq.
Yaxşı işimiz
gündən-günə çox olsun.
Həyatda da, sənətdə də
Könlümüz, gözümüz
tox olsun.
(Rəsul Rza “Mənim Arzum”)
Şair burada insanın yaradıcılıqla var olduğunu və əsl mənada yaşamaq üçün yaratmalı olduğunu vurğulayır. Bu, Rəsul Rzanın poeziyasında önəmli yer tutan "Mənim Arzum" şeirindən bir hissəsidir. O, insanı passiv yaşamağa deyil, yaradıcı düşüncə və fəaliyyətdə tapmağa səsləyir. Şeirin ilk misrasında şair bir sual qoyur: "Mən nə istəyirəm?" Ardınca gələn misralarda bu sualın cavabı aydınlaşır. "Yaratmaqçın yaşayaq, yaşamaqçın yaratmayaq" burada insanın yaradıcı fəaliyyətini sadəcə varlığını davam etdirmək üçün vasitə kimi görən anlayış inkar edilir. Xüsusilə, XX əsrin əvvəllərində Avropa və dünya ədəbiyyatında yaranan modernist axınlarda sənət və həyatın vəhdəti ideyası geniş yayılmışdı. Rəsul Rza da bu cərəyanın təsirlərini öz yaradıcılığında qabarıq şəkildə göstərir.
Sonrakı misralarda şair insan həyatının mənasız, "xırda, ucuz hisslərin qurumu" ilə qaranlığa bürünməməsini arzulayır. Bu obraz konkret bir mənəvi vəziyyəti əks etdirir. Rəsul Rzanın poeziyasında çox vaxt insanın daxili azadlığı və mənəvi kamilliyi əsas mövzulardan biri kimi çıxış edir. O, insanın mənəvi yüksəlişini yaradıcılıq və əsl dəyərlərlə yaşamaqla mümkün hesab edir. Şairin "yaxşı işimiz gündən-günə çox olsun" ifadəsi sırf bir insanın deyil, bütövlükdə cəmiyyətin inkişafına çağırışdır. O, yalnız fərdi yaradıcılığın deyil, kollektiv dəyərlərin də vacibliyini vurğulayır.
Rəsul Rzanın bu şeiri bizə göstərir ki, yaratmaq sadəcə bir seçim deyil, yaşamağın özü qədər vacibdir. Hər günümüzü mənasız hisslərin, boş təəssüflərin içində keçirməkdənsə, bir fikir, bir söz, bir əsər ortaya qoymaq bizi həqiqətən var edən amildir. Yazmaq sadəcə sözləri düzmək deyil, dünyanı öz baxışımızdan yenidən yaratmaqdır. Gənc yazıçılar üçün bu, xüsusilə önəmlidir, çünki ədəbiyyat yalnız keçmişin deyil, gələcəyin də səsi olmalıdır. Həyat və sənət ayrılmazdır, çünki insanın ruhu yaratmaqla böyüyür. Gələcəyin ədəbiyyatı bugünkü yazan əllərdə formalaşır.
4288
Şairlər kimdi bəs? Mərdi öyənlər,
Namərdi söyənlər, lənət deyənlər.
4289
Qılıncdan itidir dili şairin,
Teldən də incədir yolu şairin.
4290
Hər növ nazik sözü bu dünyada sən,
Şairin dilindən eçidəcəksən.
4291
Gövhəri, incini, yaqutu bizə,
Şairlərdi verən, girib dənizə.
(Yusif Balasaqunlu “Qutadqu Bilik”)
Yusif Balasaqunlu şairi yalnız gözəl sözlər yazan deyil, həm də həqiqətə işıq salan, cəmiyyəti yönləndirən, ən dəyərli fikirləri xalqına bəxş edən bir şəxsiyyət kimi təsvir edir. O, dövrün ədalətsizliyinə göz yummur, haqqın tərəfində dayanır.
Şairin dili qılınc kimi iti, yolu isə tel kimi incə göstərilir. Bu, ədəbiyyatın gücünü və eyni zamanda şairin həssas, dərin düşüncəli bir insan olduğunu bildirir. Şairin sözü yalnız güclü silah deyil, həm də incə, düşünülmüş və həqiqəti üzə çıxaran vasitədir. Söz, sanki bir xəzinə kimi təsvir olunur və bu xəzinəni insanlara bəxş edən də şairlərdir. Onlar söz dənizinə girərək ən qiymətli fikirləri, duyğuları, düşüncələri üzə çıxarır, insanlara təqdim edirlər.
Bu bəndlər yazıçılığın, xüsusilə də şairliyin dərinliyini və məsuliyyətini gözlər önünə sərir.
Fikrimcə, şair və yazıçı yalnız gözəlliyi, duyğuları və həyatı təsvir edən bir sənətkar deyil, eyni zamanda cəmiyyətin vicdanıdır. O, haqsızlığı tənqid edir, ədaləti müdafiə edir və insanlara düşünmək, dərk etmək, hiss etmək üçün bir yol açır. Yazıçının sözü, dərin düşüncəsi zamanla dəyərlənir və cəmiyyətin inkişafına təsir edir.
Yazıçılığa təsiri ondan ibarətdir ki, bu bəndlər yazıçıya yalnız sözləri bir araya gətirən sənətkar kimi deyil, mənəvi və intellektual yük daşıyan şəxsiyyət kimi baxır. Yazıçı təkcə gözəl yazmaq üçün deyil, həm də həqiqəti ifadə etmək üçün mövcuddur. O, dünyanı dərindən dərk edərək oxucuya həqiqətin, ədalətin və gözəlliyin yollarını göstərir. Bu, yazıçının məsuliyyətini və onun cəmiyyət üçün əhəmiyyətini vurğulayır.
Beynəlxalq Yazarlar Günü yalnız yazıçılıq sənətini qeyd etmək üçün deyil, həm də yazıçının dünyanı dəyişdirən gücünü anlamaq üçündür. Şair və yazıçı—görünməz sərhədləri aşan, zamanın fövqündə duran, insan ruhuna təsir edən bir qüvvədir. Yusif Balasaqunlu bu bəndlərində məhz bu gücü və yazıçının cəmiyyət üçün dəyərini ifadə edir. O, yazıçını yalnız bir sənətkar deyil, bəşəriyyətin mənəvi istiqamətini müəyyən edən bir şəxsiyyət kimi göstərir.
Bu gün onların əsərləri bizim üçün bir xəzinədir. Lakin bu xəzinəni qorumaq və inkişaf etdirmək bizim üzərimizə düşən bir məsuliyyətdir. Müasir yazıçılarımız, şairlərimiz bu mirasın davamçısıdırlar və onların yaratdıqları əsərlər gələcəyin ədəbiyyatını formalaşdırır.
Tarix boyu yazıçılar və şairlər çox çətinliklərlə üzləşiblər. Onların əsərləri senzura edilib, kitabları yandırılıb, özləri isə sürgün edilib və hətta edam olunublar. Lakin buna baxmayaraq, onlar həqiqəti yazmaqdan çəkinməyiblər.
Bu gün isə yazıçılar başqa çətinliklərlə üzləşirlər. İnformasiyanın sürətli yayılması dövründə ədəbiyyat ikinci plana keçmək təhlükəsi ilə üz-üzədir. Lakin həqiqi ədəbiyyat həmişə yaşayacaq, çünki yazıçıların və şairlərin yaratdığı dəyərli əsərlər insan ruhuna toxunur.
Müasir Azərbaycan şairləri və yazıçıları bu mirası davam etdirir. Lakin əsas məsələ odur ki, oxucular bu əsərləri oxusun, dəyərləndirsin və ədəbiyyatın gücünü unutmasın.
Azərbaycanın və dünyanın ədəbi irsi zəngin və misilsizdir. Dəyərli və məşhur yazıçılar zamanın aynasına çevrilərək əsərləri ilə bəşəriyyətin düşüncəsinə, ruhuna və taleyinə təsir etmişlər. Onlar haqqında danışmaq bir neçə səhifəyə, hətta bir kitaba belə sığmaz. Çünki hər bir böyük yazıçı yalnız söz ustası deyil, həm də cəmiyyətin düşüncəsinin və hisslərinin ifadəçisidir.
Beynəlxalq Yazıçılar Günü təkcə bir bayram deyil, həm də ədəbiyyatın insan həyatındakı əhəmiyyətini anlamaq, yazıçıların çəkdiyi zəhməti dəyərləndirmək və onların əsərlərindən öyrənmək üçün bir fürsətdir. Keçmişin yazıçıları bizə işıq saçan fənərlər kimi yol göstərir, biz isə bu işığı söndürməməliyik. Ədəbiyyatın yaşaması, yazıçıların yaratdığı dünyaların qorunması və gələcək nəsillərə ötürülməsi bizim məsuliyyətimizdir.
“Ədəbiyyat və incəsənət”
(03.03.2025)
Gənclər Kitabxanasında Dilsuz Mustafayevin 80 illik yubileyi ilə əlaqədar vəsait hazırlanıb
Bu il müstəqillik dövrü uşaq ədəbiyyatının inkişafında müstəsna rol oynayan, bənzərsiz uşaq ədəbiyyatı nümunələri yaradan şair, tərcüməçi Dilsuz Mustafayevin anadan olmasının 80 illik yubileyi qeyd edilir. Bu münasibətlə Cəfər Cabbalı adına Respublika Gənclər Kitabxanasında “Dilsuz Mustafayev - 80” adlı məlumat bülleteni hazırlanıb.
“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, materialda “Dilsuz yaradıcılığı: milli siqlət və bəşəri motivlər” başlığı altında dəyərli ədibin həyat və bədii fəliyyəti, yaradıcılığında dərin izlər buraxan Cənubi Azərbaycan problemi, publisistika sahəsində qazandığı uğurlar haqqında məlumat verilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan vəsaitdə Dilsuz Mustafayevin poeziya, bədii nəsr, publisistika, dramaturgiya, tərcümə sahələrində olan fəaliyyəti ilə yanaşı, onun çox sayda bədii, publisistik əsərlərə redaktorluq etməsi, rejissor, ssenarist bir sıra uğurlu işlərin müəllifi olması da diqqətə çatdırılır. Materialda Dilsuz Mustafayevin əsərləri, tərtib və tərcümələri, redaktoru olduğu kitablar, yaradıcılığı haqqında ədəbiyyat nümunələri, sözlərinə bəstələnmiş musiqi notlarının siyahıları sərgilənir. İstifadəçilər materialda Dilsuz Mustafayevin müəllifi olduğu və uşaq ədəbiyyatı nümunələrinə aid olan “Azıx mağarası”, “Hacı Zeynalabdin”, “Gavur quyusu”, “Osmanlı təpələri”, “Savalan dağı”, “Şeyx şamil və anası”, “Şuşa” kimi nağıl kitablarının və redaktoru olduğu “Elçin yaradıcılığı üzərində düşüncələr”, “Dünyanı belə gördüm”, “Mənim yüzilliyim”, “Bir gecənin sirri”, “Elçin – zaman həddini aşmış sənətkar” kimi 20-dən çox kitabın biblioqrafik təsviri ilə tanış ola bilərlər.
“Ədəbiyyat və incəsənət”
(03.03.2025)
“Ağrıdır ağlımı bir dəli sancı” - Taleh Mansurun şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Taleh Mansurun şeirləri təqdim edilir.
Gedir
Süzülür nəğmələr, qulaqda qalmır,
Gah saza qoşulur, gah tarda gedir...
Ağacdan ayrılan budaqda qalmır,
Almada, heyvada, ya narda gedir...
Səssiz yazılanlar səsli ürəkdi.
Sözlərin əlası, əsli ürəkdi.
İnsanın vəfalı fəsli ürəkdi,
Payız da ötüşür, bahar da gedir...
Ağrıdır ağlımı bir dəli sancı,
Tanımır Allahı, yoxdu inancı.
Görən, kim uydurub xərci, qazancı?
Bazarın gəliri bazarda gedir...
Tapıldım indicə, itdim indicə,
Ah, nələr, ah, nələr etdim indicə.
Başlamaz deyirdin, bitdim indicə,
Bu gəlməz dediyin, gör, harda gedir...
Çiynimin yükündən damır qollarım,
Sirrini heç kimə demir qollarım.
Dəmir yollarımdı dəmir qollarım,
Düşüncəm söz adlı qatarda gedir...
Damarda qaynayan qan ilıq ola,
Göz yaşı tökəsən, göz balıq ola.
Qovuşmaq varmı ki, ayrılıq ola?!
Kim yardan ayrılır, o, yarda gedir...
*
Səninləyəm, ay dil altda
zəhər
gəzdirən adam,
Özündən özünü
bezdirən adam...
Dil altında zəhər-zəqqum
gəzdirənlər
İlan olur axırda.
Ağıl başda olmayanda,
Başda ağıl olmayanda
həqiqət də yalan olur axırda.
Dil altında zəhər özü,
dil üstündə zəhər sözü
Görünsə də,
Düşüncəmin
aydan-arı sudan-duru
fikirləri
yalın gözlə görünmür.
Quşqanadlı xəyallarım
arzuların səmasında qanad çalır,
İlan kimi sürünmür.
Düşüncəmin
gicgahına bir fikir sıx,
Can üstədi, qoy,
ölməsin mənalı söz...
İşıq düşür mənim günəş ürəyimdən
düşüncəmə,
Düşüncəmin ağ vərəqli
kölgəsində şeir bitir.
Bax beləcə yaşayıram
Misra-misra,
sətir-sətir...
Gördüyündən soruş desin,
görünməyən
düşüncəmdə nələr var:
Düşüncəmdə doğulmaq var,
Yaşatmaq var,
yaşamaq var
ölüm yoxdu.
Ocağımda
Odum da var,
Közüm də var,
külüm yoxdu.
Allah verən düşüncəylə düşünürəm:
Eşq sevginin, eşq sevincin,
Bu kədər də boz ahındı,
al ahındı...
Nəyim varsa, Allahındı;
Dil-dil ötən ağrılarım
lal ahındı.
Düşünürəm:
Bəs özümün nəyim var?
Cavabını bilmədiyim
bu sual da
Allahındı.
Hər şey, hər şey
Allahındı,
O Allah da
elə mənim Allahımdı...
“Ədəbiyyat və incəsənət”
(03.03.2025)