Super User

Super User

 

 

24-26 noyabr 2025-ci il tarixində “ASAN xidmət” təcrübəsi əsasında Özbəkistanda fəaliyyət göstərən Dövlət Xidmətləri Mərkəzlərinin nümayəndə heyəti ölkəmizdə səfərdə olub. Məqsəd Özbəkistan Respublikasının Ədliyyə Nazirliyinin rəsmi sorğusu əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təşkil olunmuş təlim proqramında iştirak olub.

 

“Ədəbiyyat və incəsənət” portalına ASAN-dan verilən məlumata görə,  Özbəkistan heyəti üçün hazırlanmış xüsusi təlim proqramı ötən ilin avqust ayında Azərbaycan Respublikası Prezidentinin Özbəkistana dövlət səfəri çərçivəsində imzalanmış “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Özbəkistan Respublikasının Ədliyyə Nazirliyi arasında 2024-2026-cı illər üzrə Əməkdaşlıq Proqramı”nın icrası çərçivəsində həyata keçirilib.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevlə görüşdə Özbəkistan nümayəndə heyəti təlim proqramının yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib. Qonaqlar burada qazandıqları təcrübəni və şahid olduqları yenilikləri Özbəkistandakı Dövlət Xidmətləri Mərkəzlərinin fəaliyyətində tətbiq edəcəklərini qeyd ediblər.

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim edilib.

 

“Ədəbiyyat və incəsənət”

(28.11.2025)

 

Respublika Uşaq Kitabxanasının Məlumat-biblioqrafiya şöbəsi tərəfindən tanınmış uşaq yazıçısı,uşaqlar üçün elmi-kütləvi kitablar və elmi-fantastik povestlər müəllifi, pedaqoq, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Reyhan Yusifqızının 60 illik yubileyi münasibətilə virtual oxucular üçün geniş həcmli veblioqrafiya hazırlamışdır.

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, hazırlanan materialda yazıçının həyat və yaradıcılıq yolu dolğun şəkildə əks etdirilmiş, onun ədəbi irsi müxtəlif istiqamətlər üzrə sistemləşdirilərək təqdim olunmuşdur.

Veblioqrafiyada Reyhan Yusifqızının yaradıcılığına dair 17 kitab, həmçinin müəllifin öz qələmindən çıxmış əsərlərdən biri xüsusi olaraq seçilərək oxuculara təqdim edilmişdir. Bundan başqa, yazıçının dövri mətbuatda dərc olunmuş 4 əsəri, həmçinin onun haqqında müxtəlif KİV-lərdə işıqlandırılmış 7 məqalə toplanaraq tam şəkildə təqdim edilmişdir.

Materialda həmçinin uşaq kitabxanasında Reyhan Yusifqızı ilə müxtəlif illərdə keçirilmiş görüşlərdən fotoşəkillər də yer almış, müəllifin oxucularla əlaqəsi, uşaqlara və yeniyetmələrə göstərdiyi diqqət vizual şəkildə nümayiş etdirilmişdir.

Hazırlanmış veblioqrafiya geniş oxucu auditoriyasına Reyhan Yusifqızının zəngin yaradıcılığını daha yaxından tanımaq imkanı yaradır və onun ədəbi irsinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır.

 

“Ədəbiyyat və incəsənət”

(27.11.2025)

 

 

 

Almaniyadakı diasporumuzun fəal üzvlərindən olan Elxan Riçard Sadıxzadə elm sahəsində uzunmüddətli fəaliyyətinə görə dünyanın ən nüfuzlu alimlərinin reytinq cədvəlinə (Career-Long Impact) daxil edilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Azərbaycanlı alim, həmçinin 2022-ci ildən ABŞ-nin Stenford Universiteti və dünyanın ən böyük elmi ədəbiyyat nəşriyyatlarından olan “Elsevier”in hazırladığı “Top 2% Scientists” siyahısında yer alıb. Onun elmi fəaliyyəti ardıcıl dördüncü ildir ki, “Single Year Impact” kateqoriyasında “Yeni texnologiyaların tətbiqinin iqtisadiyyatı” sahəsi üzrə yüksək qiymətləndirilir.

Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü, Kölndə keçirilən Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin Forumunun Təşkilat Komitəsinin sədri Elxan Riçard Sadıxzadə hazırda Almaniya Federativ Respublikasının, Koreya Respublikasının, Cənubi Afrika Respublikasının və İtaliya Respublikasının universitetlərində elmi-pedaqoji fəaliyyətlə məşğuldur. O, 2019-cu ildən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) fəaliyyət göstərən Avropa İqtisadiyyatı Mərkəzinin təsisçisi və rəhbəridir. Çoxsaylı elmi layihələrin, yeni iqtisadi nəzəriyyələrin müəllifi, eləcə də müxtəlif qrant müsabiqələrinin qalibidir.

 

“Ədəbiyyat və incəsənət”

(27.11.2025)

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Azərbaycan Respublikasının Xalq şairi, “Şərəf” ordenli, M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu Vahid Əzizin 80 illik yubileyi ilə əlaqədar videoçarx hazırlanıb.

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə,  videoçarxda şairin həyat və yaradıcılığının əsas məqamları, yüksək dövlət təltifləri, Ulu Öndər Heydər Əliyevlə, Şuşadakı Vaqif Poeziya Günləri ilə bağlı xatirələri verilib. Videoçarx nəğməkar şairin sözlərinə yazılan mahnıları ilə müşayət olunur.

Videoçarx oxucu, izləyici və poeziyasevərlərə aşağıdakı keçiddə təqdim olunur:    

https://www.youtube.com/watch?v=jWavcdBr43I&t=35s

 

“Ədəbiyyat və incəsənət”

(27.11.2025)

 

 

 

 

 

 

İngiltərədə yaşayan azərbaycanlı rəssam Gülnarə Cəfərin Londondakı Müqəddəs Endryu Kilsəsində (St. Andrew`s Church) “Yeddi gözəl” (“Seven Beauties”) adlı sərgisi sənətsevərlərin ixtiyarına təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından ilhamlanaraq hazırlanan sərgi rəssamın mövzuya özünəməxsus müasir baxışını və yaradıcılığının mühüm mərhələlərindən birini əks etdirir.

Gülnarə Cəfərin yaratdığı unikal əsərlərdə XII əsr klassik irsi rəng, forma və duyğuların harmoniyasında yenidən canlandırılıb. Rəssamın hər bir kompozisiyası “Yeddi gözəl”in simvolik qatlarını – gözəlliyi, müdrikliyi və insanın mənəvi zənginliyini – fərdi sənət dili ilə ifadə edir.

Gülnarə Cəfərin bu mövzuya xüsusi bağlılığı onun şəxsi həyat hekayəsi ilə də sıx əlaqəlidir. Rəssamın 17 yaşında yaratdığı “Yeddi Gözəl” tablosu ötən əsrin 80-ci illərində Gəncədə mozaik pannoya çevrilib və bu günə qədər şəhərin simvolik sənət nümunələrindən biri kimi qalıb. Təxminən səkkiz il əvvəl Azərbaycanı yenidən ziyarət edərkən həmin mozaikanı təkrar görən rəssam bundan ilhamlanaraq hər bir gözəlin ayrıca rəsmini çəkib.

Sərgi səmimi və ruhlandırıcı atmosferi ilə yadda qalıb. Sənətsevərlər, yaradıcı şəxslər və qonaqlar eksponatlarla yaxından tanış olub, fikir mübadiləsi aparıblar. Tədbir həm yeni əlaqələrin qurulması, həm də Azərbaycan incəsənətinin Londonda geniş auditoriyaya çatdırılması baxımından mühüm platforma rolu oynayıb.

Rəssam sərgiyə qatılan bütün qonaqlara təşəkkür edib, Azərbaycanın mədəni irsinin Londonda yüksək səviyyədə təqdim olunmasından qürur duyduğunu bildirib.

“Seven Beauties” sərgisi Azərbaycan incəsənətinin zənginliyinin, Nizami Gəncəvi irsinin dərinliyinin və çağdaş azərbaycanlı rəssamların beynəlxalq arenadakı uğurlarının növbəti parlaq nümunəsi kimi dəyərləndirilib.

 

“Ədəbiyyat və incəsənət”

(27.11.2025)

 

Nemət Tahir, “Ədəbiyyat və incəsənət”, Qarabağ təmsilçisi

 

Ağdam Cümə Məscidi XIX əsrin sonlarında tikilib və Qarabağ regionunun mühüm dini və memarlıq abidələrindən biri hesab olunur. Məscid 1868-1870-ci illərdə məşhur memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa edilmişdir.

 

Ağdam şəhərinin mərkəzində yerləşən bu məscid Azərbaycan memarlıq irsində xüsusi yer tutur. Ağdam Cümə Məscidi o dövrün ənənəvi memarlıq üslublarını özündə əks etdirən abidədir və Cənubi Qafqazda inşa edilmiş digər məscidlərlə ortaq cəhətlərə malikdir. Memar Kərbəlayi Səfixan Qarabaği Azərbaycanın Şuşa, Gəncə və digər şəhərlərində də bir çox dini abidələr inşa etmişdir. Ağdam Cümə Məscidinin memarlıq üslubu onun digər əsərlərinə bənzəyir. Bu da Azərbaycan memarlığının Qafqaz regionundakı İslam memarlığı üslubunu əks etdirir.

Məscidin əsas hissəsi ibadət zalından və iki minarədən ibarətdir. Minarələr məscidin ən hündür və diqqətçəkən hissələridir. Onların spiral şəklində yuxarıya doğru qalxması bu dövrün ənənəvi Qafqaz memarlıq texnikalarını əks etdirir. Minarələrdən bəzəkli naxışlar və memarlıq detalları xüsusi incəliklə işlənmişdir, bu da onun əhəmiyyətli bir dini məkan olmasına işarədir. Məscidin interyeri də memarlıq baxımından zəngindir. Yüksək tavanlı zal və geniş ibadət sahəsi insanların rahat şəkildə toplaşmasına imkan verirdi. Həmçinin, tavan və divarlarda İslam memarlığının əsas xüsusiyyətləri olan mürəkkəb naxışları və oyma işləri də görülüb.

Təəssüf ki, Qarabağda yerləşən digər tarixi və dini abidələrimiz kimi, 1993-cü ildə Ağdamın Ermənistan tərəfindən işğalı nəticəsində şəhərin infrastrukturu ciddi şəkildə dağıdıldı və Cümə Məscidi də böyük zərər gördü. İşğal illərində məscid məhv edilməklə yanaşı, həm də mədəni və tarixi irsinə hörmətsizlik edilib. Məscidin minarələrindən erməni qüvvələri müşahidə məntəqəsi kimi istifadə edirdi. Bu illər ərzində məscid baxımsız vəziyyətdə qaldı və ağır dağıntılara məruz qaldı. Ağdamın işğaldan azad olunmasından sonra məscidin vəziyyəti bir daha diqqət mərkəzinə gəldi.

Azərbaycan hökuməti və UNESCO kimi beynəlxalq təşkilatlar bu tarixi abidənin bərpası ilə bağlı müzakirələrə başladılar. Məscid yalnız dini mərkəz kimi deyil, həm də Azərbaycan xalqının Qarabağ müharibəsindəki itkilərinin simvolu kimi qəbul edilir. 2020-ci ilin noyabrında Ağdamın azad edilməsindən sonra məscidin yenidən qurulması və bərpası ilə bağlı planlar reallaşdırıldı. Prezident İlham Əliyev tərəfindən Ağdamın yenidən qurulması və şəhərin mədəni irsinin bərpası ilə bağlı strateji planlar açıqlanıb. Ağdam Cümə Məscidi bu layihələrin mərkəzindədir. Məscidin orijinal memarlıq üslubunu qorumaqla, onun bərpası üçün mühüm addımlar atılıb. Yenidənqurma işləri həm yerli mütəxəssislər, həm də beynəlxalq memarlar tərəfindən aparılır ki, bu da məscidin tarixi əhəmiyyətinin və memarlıq dəyərlərinin qorunmasına yönəlib.

 

“Ədəbiyyat və incəsənət”

(27.11.2025)

 

 

 

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

 

Kitab nədir?

Təkcə bilik mənbəyi? Əsla yox. Kitab bu gündən gələcəyə körpüdür, salnamədir, tarixdir. Kitab maarifləndirir, öyrədir, tərbiyələndirir. Bu səbəblərdən də günümüzdə nəşr edilən hər bir qiymətli kitab gələcəyimiz üçün bir ərməğan hesab edilə bilər.

 

Ötən gün “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyi qonaq-qaralı idi, veteranlar, ziyalılar, müdavimlər, tələbələr – hər bir kəs kitabın işığına yığışmışdı. Özü də olduqca dəyərli bir kitabın – təşkilatın sədri, polkovnik Cəlil Xəlilovun müəllifi olduğu “İlham Əliyev: Müharibənin qalibi, sülhün müəllifi” kitabının.

Tədbirdən öncə Dövlət Himni səsləndiridi, şəhidlərin xatirəsi anıldı. Sonra tədbirin moderatoru - Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, Ədəbiyyat Fondunun baş direktoru, Əməkdar jurnalist Varis kitabın dünənimiz, bu günümüz və gələcəyimiz baxımından önəmini şərh etdi, 3 fəsildən ibarət bu kitabın 5 illik zəfər tariximizə əsl töhfə olduğunu vurğuladı.

Tədbirdə çıxış edən AMEA-nın müxbir üzvü Sudeif İmamverdiyev bildirdi ki, Prezident İlham Əliyevin müharibə və postmüharibə dönəmindəki fəaliyyətindən bəhs edən kitabda dövlətçiliyimizin tarixi baxımından çoxsaylı faktlar yer alıb. Bu faktların gənc nəsil tərəfindən mənimsənilməsi vacibdir. Südeif müəllim həm də ata vəsiyyətini yerinə yetirən Ali Baş komandanın hansı zəminlər üzərində fəaliyyət göstərməsinə, rastlaşdığı çətinliklərə necə sinə gərməsinə işqı saldı, eləcə də doxsanlarda Ümummilli lider Heydərf Əliyevin sayəsində separatizm meyillərindən qurtulan Azərbaycanımızın İlham Əliyevin sayəsində Zəfərə çatmasını tarixi qanunauyğunluq hesab etdi.

Vəkillər Kollegiyası Tədris Mərkəzinin direktoru Əmir Əliyev, yazıçı-publisist Şərəf Cəlilli, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının dekanı Elnur Əliyev, Modern İnkişaf və Ailə İctimai Birliyinin sədri Zərifə Quliyeva və “Tarixi şəxsiyyətlər” jurnalının baş redaktoru Xəlil Qarəhmədov çıxışlarında qeyd etdilər ki, gənc nəsil müasir biliklərə yiyələnməklə yanaşı milli tarixi dərindən bilməli, Vətənin maraqlarını qətiyyətlə müdafiə etməyi bacarmalıdır. Natiqlər kitabın tarixi-siyasi önəminə diqqət çəkib, nəşrin cəmiyyətdə maraqla qarşılanacağını əminliyini vurğuladılar.

Kitabda qeyd edilir ki, Azərbaycanın Zəfərinin bir müəllifi Prezident İlham Əliyev, bir müəllifi də xalqdır.

Kitabın ayrı-ayrı fəsillərində Azərbaycan Prezidentinin həm müharibə, həm post-müharibə dövründəki yorulmaz fəaliyyəti, işğaldan azad edilmiş torpaqlardakı quruculuq işlərinin vüsəti, Veteranlar Təşkilatının Zəfərə verdiyi töhfə, Heydər Əliyevin ordu quruculuğu, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mədəniyyətin inkişafına töhfəsi kimi olduqca maraq doğuran təhlillər yer alıbdır.

Sonda çıxış edən müəllif - polkovnik Cəlil Xəlilov tədbir iştirakçılarına təşəkkür edib, Prezident İlham Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı tarix xidmətlərinin heç zaman unudulmayacağını, hər zaman böyük sevgi və minnətdarlıq hissi ilə xatırlanacağını bildirdi.

Tədbirdə iştirak edən gənclər məmnuniyyətlə kitab hədiyyələrini götürdülər, dərhal ayaq üstündəcə bu maraqlı kitabı vərəqləməyə başladılar.

Əlbəttə ki, gələcəyimiz gəncliyimizindir və ağsaqqalların onlara bu cür töhfələr verməsi gözəl haldır.

 

“Ədəbiyyat və incəsənət”

(27.11.2025)

 

Cümə axşamı, 27 Noyabr 2025 14:10

Onlar baharda geri dönəcəklər

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Nənəm deyərdi, qaranquş yuvalarını dağıtmaq olmaz. Qaranquş yeganə quşdur ki qarğış edə bilir. Bəli. Həqiqətən, bu quşların ahı insanı tutur deyə onları incitmək olmaz. Amma tək bumu? Xeyir. Bu quşlar barədə o qədər maraqlı faktlar var ki…

 

1.Məsələn, onlar uçuş ustalarıdır – Qaranquşlar çox sürətli və çevik uça bilirlər.

2.Onlar uça-uça ov da ovlaya bilirlər. Onlar havada böcəkləri tutmaqda ustadırlar.

3. İnsanlarla yaxın yaşamağı xoşlayırlar – tez-tez evlərin damaltında və ya tövlələrdə yuva qururlar. İnsanların yaxınlığında yaşamağa öyrəşiblər, çünki bu yerlərdə yem tapmaq və təhlükədən qorunmaq daha asandır.

4. Qışda çox uzun məsafələrə köç edirlər – yaz və yay aylarında Avropada və Asiyada yaşayır, payızda isə daha isti ölkələrə, xüsusilə Afrikaya köç edirlər. Bəzi qaranquşlar ildə 10,000 kilometrə qədər məsafə qət edə bilirlər!

5.Qaranquşlar həm də bənnadırlar, yuva tikməkdə ustadırlar – palçıq və saman parçalarından öz yuvalarını düzəldirlər. Yuva düzəltmək üçün palçığı dimdikləri ilə daşıyırlar və onu divara yapışdıraraq formalaşdırırlar.

6. Qrup halında uçurlar – Qaranquşlar bəzən böyük qruplar şəklində toplanırlar. Axşam saatlarında belə toplu uçuşları müşahidə etmək olur – bu həm sosial davranış, həm də təhlükəsizlik məqsədilə olur.

7. Mədəniyyətlərdə müsbət simvoldur – Bir çox mədəniyyətdə qaranquş xoşbəxtlik, baharın gəlişi və yaxşı xəbər simvolu sayılır. Azərbaycanda da "qaranquş gəldisə, bahar gəldi" deyilir, bizimçün bahar müjdəçisidir bu quşlar.

 

Qaranquşlarla bağlı bəzi əfsanələr və ya xalq nağılları da vardır:

 

1. Qaranquş və ana duaları

Bir əfsanəyə görə, bir ana oğlunu döyüşə yola salarkən deyir: "Əgər sağ-salamat qayıtsan, bir qaranquş sənə bələdçilik edəcək." Oğul illərlə qayıtmır, amma bir gün uzaq diyarlarda bir qaranquş onu izləməyə başlayır. Oğlan bu quşu izləyir və yolu ilə anasının evinə dönür. Bu əfsanə, qaranquşun bələdçi və qoruyucu bir quş olduğuna işarədir.

 

2. Qaranquşun sinəsindəki qara ləkə nədəndir?

Başqa bir xalq rəvayətinə görə, qaranquş əvvəlcə tamamilə ağ imiş. Hz. İbrahim tonqalda yandırılarkən, ocağın üstünə su daşıyan quş qaranquş olur. Tonqalın alovu ona toxunur və sinəsində bir qara ləkə yaranır. O gündən bu yana, qaranquşun sinəsi qaralıdır və o, cəsarət və sədaqət rəmzidir.

Nyabrın sonuna yetirik. Qarşıdan bizi qış gözləyir. Noyabr mülayim keçdisə, qışın da sərt keçəcəyi inandırıcı deyil. Amma hər halda qış qışdır. Bahar üçün çox darıxmışıq.

Payız gəldi, uçdu getdi quşlar,

Sən də getdin, bax yağdı yağışlar…

 

Tez qayıdıb gəlin, qaranquşlar…

 

“Ədəbiyyat və incəsənət”

(27.11.2025)

 

 

 

Cümə axşamı, 27 Noyabr 2025 10:03

Heydər Əliyev və Səməd Vurğun ocağı

 

“Ədəbiyyat və incəsənət” portalı filologiya üzrə fəlsəfə doktoru Aslan Salmansoyun “Heydər Əliyev və Səməd Vurğun ocağı” məqaləsini təqdim edir. Burada Ümummilli liderin Səməd Vurğunun ailəsinə göstərdiyi diqqət və qayğı barədə söz açılır.

 

 Görkəmli dövlət xadimi Heydər Əliyevin ustad şair Səməd Vurğun şəxsiyyəti və yaradıcılığına olan ehtiramı, məlum olduğu kimi, onun ocağından nur alanlara-övladlarına münasibətdə da davam etmişdir. Bunu Yusif Səmədoğlunun 60 illik yubileyindəki çıxışında ulu öndər özü də təsdiq edirdi:  Səməd Vurğunun bütün ailəsinə mən həmişə böyük hörmət-ehtiramla münasibət göstərmişəm. Gənc vaxtlarımdan Səməd Vurğunun şeirlərini, əsərlərini sevərək onların təsiri altında həm təhsil almışam, həm formalaşmışam. Ona görə də onun ədəbi irsinə Azərbaycanda həmişə böyük hörmət edilməsi və ondan istifadə olunması üçün bütün imkanlardan istifadə edib lazımi tədbirlərin görülməsinə çalışmışam".

 

H.Əliyev çıxışında Yusif Səmədoğlunun  ədəbiyyatımız və mədəniyyətimiz qarşısındakı xidmətlərini, bir yazıçı kimi özünəməxsusluğunu yüksək dəyərləndirməklə yanaşı, onun Vurğun ocağına mənsubluğunu da xüsusi vurğulayır, deyirdi: "Yusif Səmədoğlu bizim millətimizin xoşbəxt insanlarından biridir. Çünki o, böyük şair, böyük insan, böyük alim Səməd Vurğunun oğludur. Səməd Vurğunun övladı olmaq, onun tərbiyəsini almaq, onun ailəsində böyümək özü  böyük bir nemətdir, böyük bir xoşbəxtlikdir. Bəlkə, elə bu bəs olardı. Ancaq, bununla yanaşı, bu kökün üstündə, bu ailə ab-havasının içində böyüyüb, ərsəyə gəlib atasının yolunu davam etdirmək və cəmiyyətdə özünəməxsus, məhz özünəməxsus yer tutmaq, bu, böyük xoşbəxtlikdir, cəmiyyətimizin içində insan üçün, şübhəsiz ki, nemətdir".

H.Əliyev çıxışının davamında yenə də ata ilə oğul arasında paralellər aparır: S.Vurğuna Azərbaycan xalqının hədsiz məhəbbəti, hörmət və ehtiramınıı xatırladır. XX əsrdə mədəniyyətimizdə, ədəbiyyatımızda, ictimai-siyasi həyatımızda Səməd Vurğunun xidmətlərinin böyüklüyü səbəbindən xalqın onu sağlığında da sevib ona sitayiş etdiyinə şahidlik edir. Əlavə edir: "İndi artıq 40 ildir ki, o, dünyasını dəyişib, ancaq xalq nəinki onu unutmur, daim onun yaradıcılığından bəhrələnir, onun əsərlərini sevə-sevə oxuyur, onun əsərlərinin təsiri altında tərbiyələnir. Bu gün müstəqil Azərbaycanda milli azadlıq şəraitində, müstəqillik şəraitində Səməd Vurğunun əsərləri bizim hamımız üçün və xüsusən gələcək nəsil üçün, bu günün gənc nəsli üçün böyük bir sərvətdir. Ona görə də bu gün biz Yusifin yubileyini qeyd edərkən bütün Səməd Vurğun ailəsinin hamısına öz ehtiramımızı, öz hörmətimizi bildiririk. Mən Yusifi doğmuş, dünyaya gətirmiş, bəsləmiş, böyütmüş, onu tərbiyə etmiş Xavər xanımı təbrik edirəm. Səməd Vurğunun bütün ailəsini təbrik edirəm. Şükürlər olsun ki, Səməd Vurğunun ailəsi artıq bir neçə nəsildən ibarətdir... Bu ailə mühitində, Səməd Vurğun ab-havasında yaşamış, böyümüş övladlar Səməd Vurğuna layiqdirlər və bu gün Yusifin yubileyini qeyd edəndə, güman edirəm, onun üçün ən yüksək qiymət odur ki, atasının adına layiqdir. Həm yaradıcılığı ilə, yaratdığı əsərlərlə, həm ictimai-siyasi fəaliyyəti ilə, həm də ziyalılığı ilə, davranışı ilə, insanlara münasibəti ilə atasının adına layiqdir. Güman edirəm, bu, ən yüksək qiymətdir".

Göründüyü kimi, H.Əliyev Y.Səmədoğlunun ən böyük  xüsusiyyəti və dəyərini onun "həm yaradıcılığı, həm  ictimai-siyasi fəaliyyəti, həm də ziyalılığı ilə atasının adına layiq övlad" olmasında görür və  onun  atasının yolunu davam etdirməsini-ədəbi xələfi olmasını,  hətta, qəhrəmanlıq sayır, deyir ki, atasının yolu ilə gedib, atasının ədəbi xələfi olaraq, onun işini davam etdirərək, özünü ədəbiyyata, mədəniyyətə həsr etmək böyük bir şərtdir, deyə bilərəm ki, böyük bir qəhrəmanlıqdır.

Bu yanaşma ulu öndərin, bir tərəfdən ustad şairin şəxsiyyəti və yaradıcılığına sevgisindən qaynaqlanırdısa, digər tərəfdən şairin övladlarının özlərinin yaradıcılığı, xalqa xidməti və şəxsiyyətləri ilə bağlı olmuşdur.

Ulu öndər paralelləri davam etdirir: Y.Səmədoğlunun çox istedadlı yazıçı olmasından əlavə, atası kimi, "böyük   ictimai-siyasi  xadim" olduğunu da xatırladır və əlavə edir ki, Səməd Vurğunu da biz, təkcə şair kimi, alim kimi, yazıçı kimi yox, eyni zamanda, böyük bir ictimai-siyasi xadim kimi həmişə xatırlayırıq və o, tariximizə belə daxil olubdur. Ən gənc yaşlarından Azərbaycanın o dövrdəki ictimai-siyasi həyatında çox böyük fəaliyyət göstərmişdir.

1980-1990-cı illərin Xalq hərəkatında Y.Səmədoğlunun fəaliyyətini xüsusi vurğulayan H.Əliyev deyirdi: "Azərbaycanın həyatı üçün və xüsusən son illərdə Azərbaycanda milli azadlıq hərəkatının inkişafı üçün, xalqımızda milli dirçəliş, milli oyanış hisslərinin yaranması və inkişafı üçün, Azərbaycanın müstəqilliyi uğrunda mübarizə üçün onun fəaliyyəti çox əhəmiyyətli, çox gərəkli olmuşdur. Əgər 80-ci illərin sonunda – 90-cı illərin əvvəllərində Azərbaycanda coşub qalxmış xalq hərəkatından danışırıqsa, burada biz Yusif Səmədoğlunun fəaliyyətini xüsusi qeyd etməliyik. Bir hörmətli insan kimi, ziyalı kimi o, həmin illərdə böyük rol oynadı və onun öz adı da, atasının adı da o vaxt bizim milli azadlıq hərəkatımıza çox böyük kömək etdi".

H.Əliyev ardınca Moskvada təcrid olunmuş şəraitdə yaşadığı vaxt 1990-cı ilin qanlı yanvar gecəsini – Y.Səmədoğlunun "Azadlıq" radiosu ilə bağlı məlum çıxışını xatırladır. Əlavə edir ki, Azərbaycanın o ağır dövründə, 20 Yanvar faciəsi ərəfəsində və 20 Yanvar faciəsi zamanı o aylarda, o illərdə Yusif Azərbaycanın milli mənliyini qorumaq sahəsində çox fədakar şəxslərdən biri idi və onun siyasi fəaliyyəti, ictimai fəaliyyəti çox olub. Onun böyük siyasi fəaliyyəti də ancaq elə o illərdə, o dövrlərdə başladı və bu da məhz Azərbaycanda milli azadlıq hərəkatına təkan verməkdən, Azərbaycanı müstəqillik yolu ilə aparmağa səy göstərməkdən ibarət olmuşdur. Bunların hamısına görə də, bir daha deyirəm, Yusif atasının adına layiqdir. Eyni zamanda onun özünün yüksək adı var. Bütün bunlara görə də bizim ictimaiyyətdə, xalq içində Yusif böyük hörmət qazanıbdır və şəxsən mənim də ona bir yazıçı kimi, ictimai-siyasi xadim kimi, insan kimi böyük hörmət və ehtiramım var"...

H.Əliyev çıxışının davamında S.Vurğunun  şəxsiyyəti və yaradıcılığına, eləcə də  ailəsinə olan hörmətinə görə onun ailəsindən də özünə qarşı həmişə hörmət və ehtiram gördüyünü diqqətə çatdırır, şairin ailəsi ilə görüşlərini özü üçün "ən əziz xatirələrdən" hesab edir və belə əziz xatirələrdən birini, eyni zamanda ibrətamiz bir  hadisəni –1990-cı ildə Moskvadan qayıtdıqdan sonra Naxçıvanda təcrid olunmuş çox ağır şəraitdə yaşadığı vaxt yanına,  gözləmədiyi halda Aybəniz Vurğunqızının gəldiyini xatırladır. Əvvəlcə Aybəniz xanımın kiminləsə işi olduğundan Naxçıvana gəldiyini güman edən Ümummilli liderə sonradan məlum olur ki, o, yalnız  Ulu öndəri "görüb, salam vermək üçün" gəlib. H.Əliyevin yanına o vaxt çoxları getsə də, bu görüş onun üçün, özünün də etiraf etdiyi kimi,  çox qiymətli olub: "Ona görə ki, o, Səməd Vurğun ailəsinin nümayəndəsidir. Bir də ona görə ki, Naxçıvan ağır şəraitdə idi, təyyarələrin gediş-gəlişi çox çətin idi. Görün, qadın yalnız mənə salam vermək, mənimlə görüşmək  üçün gəlmişdir. Bu, məni həm sevindirdi, həm də bir daha təsdiq etdi ki, yaxşı insanlar, saf ürəkli insanlar bizim cəmiyyətimizdə çoxluq təşkil edir...

Mən bu faktı yüksək qiymətləndirməyimə görə xatırlayıram. Ona görə xatırlayıram ki, bu, Səməd Vurğun ailəsidir. Həmin görüşdə mən Səməd Vurğunu bir daha yaxından hiss etdim. Bunların hamısı bizi bir-birimizə mehriban, sadiq olmağa dəvət edir".

H.Əliyev Aybəniz Vurğunqızının "yüksək keyfiyyətə malik bu nəcib hərəkəti"ndən digər insanların ibrət götürməsini də tövsiyə edir. O, şairin övladlarının ədəbiyyatımızın və mədəniyyətimizin inkişafında, eləcə də müstəqilliyimizin qazanılması sahəsində öz fəaliyyətlərini yüksək dəyərləndirməklə yanaşı, onların atalarından gələn genetik kodların (istedadın, cəsarətin, xeyirxahlığın, nəcibliyin) daşıyıcıları olduqlarını  xatırlatmağı da lazım bilir...

Yeri gəlmişkən, xatırladaq ki, H.Əliyev S.Vurğunun ədəbi irsinə hörmətlə yanaşmaqla yanaşı, şairin ailə üzvlərini də daim diqqətində saxlamış, onların ağır günlərində yardımçısı olmuşdur. H.Əliyevin Respublikaya rəhbərlik etdiyi dövrlərdə şairin ailəsinin onun qayğı və diqqətini hiss etdiyini təsdiqləyən S.Vurğunun həyat yoldaşı Xavər xanım  şairin ev-muzeyinin məhz H.Əliyevin təşəbbüsü ilə yaradıldığını, onun açılışdan qabaq muzeyə gəlib təmirlə maraqlandığını, şairin ailə üzvləri ilə görüşdüyünü, hər bir eksponatı diqqətlə nəzərdən keçirdiyini, muzeyin açılışına çox məşhur simaları dəvət etdiyini, şairin 70 illik yubileyini Bakıda və Moskvada təmtəraqla keçirdiyini, eləcə də 1996-cı ildə onun 90 illik yubileyi ilə bağlı xüsusi sərəncam imzaladığını, sərəncamdan sonra bütün bölgələrdə "Səməd Vurğun günləri" keçirildiyini, 1997-ci il martın 6-da, 1975-ci ildə olduğu kimi, muzeyə gəldiyini, o böyük şəxsiyyətin özünün də "Vurğun şeirlərinin vurğunu" olduğunu  diqqətə çatdırır.

 

Yusif Səmədoğlunun ağır xəstəliyə düçar olduğu vaxtlarda H.Əliyevin əlindən gələni əsirgəmədiyi də Xavər xanımın xatirəsində yer alıb: "Mənim möhtərəm prezidentim Yusifi Bakıya qayıdandan sonra da (Almaniyada müayinədən qayıtdıqdan sonra-A.S.) nəzarəti altında saxlayırdı. Hətta xəstəxanada yatanda da ona baş çəkməyə getmişdi. Ona deyirdi ki, səninçün hər şey edəcəyəm. Moskvadan Yusifə baxmağa xüsusi həkim də gətirtmişdi. Mən hiss edirdim ki, o, mənim qayğıma bir qardaş kimi qalır. Yusifə həmin vaxt "Xalq yazıçısı" fəxri adı və "Şöhrət" ordeni də verdi. Vəfatından sonra da onun yaşadığı binaya xatirə lövhəsinin vurulması və məzarüstü abidəsinin düzəldilməsi barədə sərəncam verdi. Yusifə əsl ata qayğısı göstərdi. Heydər Əliyevin fərmanı ilə oğlum Vaqif Azərbaycanın "Xalq şairi", mən və qızım Aybəniz "Əməkdar mədəniyyət işçisi" fəxri adına və prezident təqaüdünə layiq görülmüşük. Mən belə bir dahini, belə bir qayğıkeş insanı necə unuda bilərəm"...

Şairlər özlərindən sonra bir "iz qoymaq" istəyi ilə yazıb yaradar-ömür xərcləyərlər... və "iz" adı altında da, təbii ki, əsərlərini ("əsər" sözünün mənası da elə "iz" deməkdir) nəzərdə tutarlar. Ustad şair və böyük şəxsiyyət Səməd Vurğun isə "iz qoymaq" seçiminə bir qədər fərqli yanaşıb: o, istiqbala (özündən sonraya-gələcəyə) əsərləri ilə yanaşı, övladlarını da (öz ifadəsi ilə desək, şöhrətini, heykəlini, adını yox) yadigar qoymaq istəyində olub. Bəlkə, şair övladlarının ədəbiyyat adamı olacaqlarını heç xəyalına da gətirməyib, onların sənətindən-peşəsindən asılı olmayaraq, zamanın sınağından üzüağ çıxmalarını, şərəfli ömür sürmələrini, vətənə layiqli övlad kimi yetişmələrini arzulayıb. Lakin, zaman şairin arzusunu "korrektə edib". Tale elə gətirib ki, övladları (Yusif və Vaqif Səmədoğlular) atalarının həm "ədəbi xələfi"nə, həm də ictimai-siyasi sahədə davamçısına çevrilib. Başqa sözlə, şairin həm öz əsərləri zamanın sınağından üzüağ çıxıb-poetik düsturunu verdiyi azərbaycançılıq ideologiyası milli dövlətçiliyimizin təməl prinsiplərindən birinə çevrilmiş, həm də övladları atalarının yolunu (həm sənət, həm də ictimai-siyasi baxımdan) şərəflə davam etdirmişlər. Azərbaycanda ilk olaraq özünün layiq görüldüyü "Xalq şairi" fəxri adını (təbii ki, "Xalq yazıçısı" adı da eyni statusun daşıyıcısıdır) oğulları da ləyaqətlə daşımaqla yanaşı, müstəqilliyimizin qazanılmasında da yaxından iştirak etmişlər.

Beləliklə də ustad şairin arzusu çin olmuş – o, istiqbala, milli ədəbiyyatımıza və dövlətçiliyimizə "əsərləri və övladları ilə birlikdə" əvəzsiz xidmət göstərmişdir. Bu əvəzolunmaz xidmət isə məhz "bir insan kimi formalaşmasında, təhsilində, əxlaqında, mənəviyyatında çox böyük rol oynamış, əsərlərindən bəhrələnmiş, onlardan mənəvi qida almış, ədəbi irsinə Azərbaycanda hörmətlə yanaşılması  və ondan istifadə edilməsi üçün lazımi tədbirlər görmüş" Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində əsl qiymətini almışdır.

 

“Ədəbiyyat və incəsənət”

(27.11.2025)

 

 

Cümə axşamı, 27 Noyabr 2025 14:34

Hekayə saatı - “Gecə yarısı dönüş”

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Ata bu gecə də yata bilmədi. Artıq neçə müddətdir ki, gözünə yuxu getmirdi. Bir yandan oğul həsrəti, bir yandan qəlbindəki nisgil və bitib-tükənməyən dərd, kədər gecə olanda onu boğurdu.

Üzünü tavana tutub pıçıldamağa başladı:

-İlahi, bu nə zülmdür? Hanı mənim balam? İki ildir ki, onun yolunu gözləyirəm. Nə olar, heç olmasa, balamın nəşi tapılsın. And olsun ki, onun toyu üçün saxladığım dananı qurban kəsəcəm. Ay oğul, hardasan? Heç olmasa yuxuma gəl, səsimə səs ver, sənin izini harada axtarım?

 Otağın dərin, lal sükutu sanki onu qulaqlarını kar eləmişdi. Həyat əlaməti olmayan bu səssizliyin içində ürəyinin çırpıntılarını belə eşidilirdi.

Nəhayət, qərarını verdi: bu gecə neçə vaxtdır ki, beynində dolaşan o planı həyata keçirəcəkdi. Ağır-ağır yataqdan qalxdı, gözləri həyat yoldaşında ilişib qaldı, dərindən ah çəkdi və sakitcə dəhlizə çıxdı. Oğlunun otağına yaxınlaşdı, qapını asta açdı. İçəri daxil olan kimi oğlunun şəkilləri gözlərinə sataşdı, sanki ilk dəfə idi görürdü bu şəkilləri. Şəkillər divarlardan ona sevgi və iftixarla gülümsəyirdilər. Ata o şəkillərin qarşısında dayandı, hər birini sığallayaraq, öpə-öpə, həsrətlə için-için ağladı, göz yaşları sükutun içində səssizcə axdı. Bir müddət sonra dəhlizə qayıtdı, aralı qalmış qapıdan yenə həyat yoldaşına baxdı. Qəlbini bürüyən ağır yükü bir cümləyə sığdırdı: “Bağışla məni, Güləş, artıq dözə bilmirəm, suallarına cavab tapa bilmirəm…”

Evin qapısını asta açdı. Təəccübləndi, hər dəfə səs-küy salan, cırıldayan qapı bu dəfə sanki yağlanmışdı – qətiyyən səs çıxmadı.

Soyuq noyabr axşamı idi, payız olsa da, havadan qışın nəfəsi duyulurdu. 2 il əvvəl, məhz bu gecə oğlunun son döyüşü olmuşdu. O gündən bu yana oğlundan bir xəbər yox idi…

Səmadakı aypara soyuq və kədərli baxışlarla atanı tövləyə kimi ötürdü. Tövləyə girdi. İnəklər qapının səsinə qulaqlarını şəkləyib ona baxdılar. Yetim buzov onu görən kimi mələməyə başladı. Ata tövlənin məhəccərinə bağladığı çatılardan birini götürüb həyəcanla özünü asmaq üçün hazırladı. Əl-ayağı əsirdi, çox həyəcanlı idi, sanki öz tövləsinə oğurluğa girmişdi.

Gördü ki, ayaqları əsir, qapının ağzına qoyduğu ot bağlamasının üstündə əyləşdi, kürəyini divara söykəyib dərindən nəfəs aldı, amma ciyərində sanki hava qalmamışdı, ağzından od çıxırdı.

Bir müddət belə qaldı. Handan-hana özünə gəldi. Kəndiri bir ucunu halqa düzəldərək, düyünlədi, digər tərəfini halqadan keçirib başına keçirmək üçün hazırlayıb çıxış edirmiş kimi son sözlərini dedi:

-Bu əzablardan qurtulmaq, sənə qovuşmaq üçün başqa yol qalmadı, ay oğul…

Üzünü əlləri arasına alıb hönkürtü ilə ağladı. Bu zaman qəfildən  tövlənin qapısı açıldı. Ata hövlnak əlindəki kəndiri axasında gizlədib qapıya baxdı, gözləri bərələ qaldı. Qapını açan əsgər:

- Ata, nə edirsən burda?

Ata tərpənmirdi, donub qalmışdı. Heç nəfəsi də gəlmirdi, gözünü də qırpmırdı. Əsgər atasının çiynindən tutub sirkələdi:

-Ata!Ata! Qadan alım, özünə gəl. Bax gəlmişəm

Atasının əlini özünün üz-gözünə sürtdü:

-Bax, yuxu görmürsən, bu mənəm, oğlun.

 Ata bir anda özünə gəldi. Oğlunun boynuna sarılıb onu duz kimi yalamağa başladı. Hər ikisi bir-birindən ayrıla bilmirdi. Bir müddət bu cür qaldılar, bir-birinin üzünə baxıb bir daha bir-birinə sarıldılar. Sonra ata oğlunun əlində tutdu, hər ikisi ot bağlmasının üstündə əyləşdilər.

-Bəs hardaydın, ay oğul? Niyə iki ildir ki, səndən bir xəbər yoxdur? Niyə bizə bir xəbər vermirdin? Axı biz bu iki ildə hər gün ölüb-dirilmişik. Mən cəhənnəm, anan yazıq deyil?

Ata bunları deyib oğlunu bərk sinəsinə sıxıb yenə öpdü, qoxusunu içinə çəkdi.

-Ata, imkan olmadı, xüsusi tapşırıq yerinə yetirirdik, ona görə heç kim bilməməli idi, 2 ildir ki, qarlı bir yerdə idim, heç çölə də çıxmırdım, tapışırıq belə idi.

-Ay oğul, axı dedilər ki, sən yaralanmısan, qanın axa-axa düşmənə hücum etmisən, sonra isə səndən bir xəbər çıxmadı. Ermənilər təslim oldu, müharibə qurtardı, şəhid olanlar dəfn edildi. Yaralılar xəstəxanaya yerləşdirildi. Amma səni gördüm deyən olmadı. Gəzmədiyimiz xəstəxana, hərbi hissə, morq qalamadı. Səni axtarmaqdan taqətdən düşdük, məhv olduq. Şəhid məzarlarına gedən ana və atalara həsədlə baxırıq, ay oğul…Nəsə çox şükür gəldin. Qoy anana xəbər verim, amma qorxuram, sevincdən ürəyi dayana.

- Səbr elə, ata. Gecədir, yatıb, narahat eləmə. Səbirli ol, hər şey yaxşı olacaq. Mənim iki günlük işim qalıb, həmişəlik gələcəm. Ona kimi anama heç nə demə.

-Nə? Yenə hara gedirsən? Yox qoymaram gedəsən, məni ödür, sonra get…

-Ata, əlindəki o kəndir nədir? Gecə vaxtı bura niyə gəlmisən?

Ata əlindəki çatıya baxıb ilan görmüş adam kimi diksindi.
-Heç nə, buzovu bağlayacaqdım, boş şeydir.

 Oğlu qətiyyətlə söylədi:
-Ata, özünə nəsə etsən, bir də görüşə bilməyəcəyik ha, bunu unutma!

Və atasının gözlərinin içinə sevgi və şəfqətlə baxdı.

Ata bu baxışları hardasa, görmüşdü. Axı hərbçi olan övladı ilə neçə dəfə bu cür göz-gözə gəlməyə vaxtları olmuşdu ki? Çox qarışıq hisslər keçirirdi. Xatırlamaq istəyirdi bu baxışları harda gördüyünü…Birdən otaqdakı şəkilləri xatırladı, bəli, bayaq evdən çıxanda divardakı şəkillər ona eynən bu cür baxmışdı.

 Oğlunun səsi yenə onu ayıltdı:

- Ata, anam səni çağırır, get evə, mənim barəmdə danışma, iki günə özüm birdəfəlik gələcəyəm, oldu? Narahat olma. Özünüzdən muğayət olun!

Bunu deyib oğul əvvəlcə atasının əllərindən, sonra başını əllərinə alıb alınından öpdü…

Yoldaşının səsi yavaş-yavaş yaxınlaşdırdı, o, tövləyə sarı gəlirdi.

-Kamil, ay Kamil, hardasan?

Gülşən tövlənin qapısını açıb Kamili ot bağlamasının üstündə divara söykənib bayılmış, əlində kəndir görəndə çox qorxdu, onu tutub silkələdi:

-Ay Kamil, qadan alım yox, yox…!!!

Ata yuxudan dəli kimi ayıldı.

-Nə olub, ay Güləş, niyə belə edirsən, sakitləş, de, görüm nə olub?

Ata yoldaşını sakitləşdirmək istəsə də, özü ondan da betər təlaş içində idi. Axı oğlu gəlmişdi, burda idi. Göz qırpımında hara getdi?

Gah qapıya, gah da tövlənin o baş-bu başına baxdı. Bir azdan yuxu gördüyünü anlayıb özünə gəldi, yoldaşını sakitləşdirdi:

-Narahat olma, yaxşıyam, niyə belə təlaş keçirdin, ay Güləş? 

-Niyə olacaq, gecə vaxtı yerində yoxsan, neçə gündür ki narahatsan, gəlib səni tövlədə əlində kəndir görürəm, nətər olum, ay evi tikilmiş? -dedi yoldaşı.

Bu zaman Ata əlndəki kəndirə baxdı, bir anlıq fikirə getdi. Hər şey aydın idi…

-Narahat olma, Gülşən, mən heç vaxt intihar etmərəm. Allah öz kitabında necə deyir?

Yoldaşı onun əlindən tutub söylədi:

 - Nisa surəsi, iyirmi doqquzuncu ayə. ”Özünüzü ölüdürməyin.” Özünü öldürmək  haramdır.

Ata yoldaşının əllərini bərk-bərk sıxdı: -Bəli, mən cənnətdə oğlumla görüşəcəm, özümü öldürsəm, görüşə bilmərik, -deyib onu sinəsinə sıxdı, iki ildə ilk dəfə idi ki bu cür ümid və inamla bir-birinə təsəlli verdilər.

-Gülşən, dur gedək evə, artıq saat altıya qalıbdır, sən nə yaxşı oyandın?

-Kamil, sənin telefonuna zəng gəlirdi, səni görüb unutdum deməyi. Gör kimdir?

Ata zəng gələn nömrəni yığa-yığa: -Xeyir ola, gecə vaxtı, bilmədin kimdir? -deyə soruşdu.

-Yox, açmadım, tanmadığım nömrə idi.

Bu vaxt zəng edilən adam telefona cavab verdi:

 -Alo, Kamil qardaş, sizsiniz?

-Bəli, kimdir?

-Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət KomissiyasındanməsləhətçiKamranovdur.

-Bəli,buyurun.

-Bilmirəm, necə deyim. Oğlunuz şəhid olub, Kəlbəcər istiqamətində qar altından tapılıb…

Telefonda olan şəxs başqa sözlər də dedi, amma ata artır heç nə eşitmirdi. Telefonu keçirib, əlinin əsməsini yoldaşından gizlətdi. Oğlunun bayaq yuxusunda dediyi ”İki  günə birdəfəlik evə gələcəm, intihat etsən, bir də görüşə bilməyəcəyik” sözləri qulağında səsləndi. Qəhər onu boğdu. Gözlərindən yaş gəldi.

-Gözün aydın, Gülşən, oğlumuzun nəşi tapılıbdır, oğlumuz gəlir, -deyə yavaşca söylədi.

Bir-birnini qucaqlayıb dizi üstə çökdülər.

Səmadakı ay isə göz yaşlarını gizlətmək üçün dağların arxasına keçirdi…

 

“Ədəbiyyat və incəsənət”

(27.11.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.