Super User

Super User

 

“Ədəbiyyat və incəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir.

Hazırda təqdimatda 12 nömrəli tam orta məktəbdir. 

 

Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı

 

DİREKTOR

 

Kamran Buludxan oğlu İsalı - 4 noyabr 1989-cu ildə Yardımlı rayonunun Gavran kəndində anadan olub. 2007-ci ildə fizika, riyaziyyat və informatika təmayüllü liseyi bitirib.

2011-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini Təhsilin təşkili və idarə olunması ixtisası üzrə başa vurub. Həmçinin Azərbaycan Dövlət Pedaqoji Universitetində Riyaziyyat və informatika fakültəsinin riyaziyyat müəllimliyi ixtisası üzrə təhsil alıb. 2012-2017-ci illərdə Bakı şəhər R.Baxışov adına 218 nömrəli tam orta məktəbində Təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb. 2014-2015-ci tədris ilində Azərbaycan Dövlət İqtisad Universiteti və Təhsil Nazirliyinin birgə təşkil etdiyi məktəb direktorlarının hazırlığı kursunu müvəffəqiyyətlə bitirərək "Uğur sertifikatı"na layiq görülüb. 2017 -ci ilin sentyabr ayında Avropa Birliyinin "TAİEX workshop and school management" seminarı və müxtəlif beynəlxalq təcrübə proqramlarının iştirakçısı olub.

2019-cu ildə STEAM layihəsinin səmərəli tətbiq edilməsi üzrə İsrail Respublikasında, 2021-ci ildə "Məktəb idarəçiliyinin təkmilləşdirilməsi" üzrə Türkiyə Cümhuriyyətinin İzmir şəhərində təcrübə proqlramlarında fəal iştirak etmiş, müvafiq sertifikatla təltif olunmuşdur.

2017-2022-ci illərdə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi Nüsrət Yaqubov adına 120 nömrəli tam orta məktəbdə direktor vəzifəsində çalışıb. 15.09.2022- ci il tarixindən Elm və Təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı şəhəri, Nizami rayonu K.Əyyubov adına 12 nömrəli tam orta məktəbin direktoru vəzifəsində fəaliyyət göstərir.

 

ŞAGİRD:

Mən, Həmidova Bikəxanım Akif qızı, 2011-ci ildə Moskva şəhərində anadan olmuşam. 2015-ci ildə ailəmlə birgə Bakı şəhərinə köçmüşük. 2017-ci ildə Nizami rayonu 12 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuşam. Hal-hazırda 8-ci sinifdə oxuyuram.

Mən 2024-cü ildə YAP Nizami rayonu təşkilatı tərəfindən təşkil olunan “ Xocalı soyqırımının 33-cü ili” mövzusunda keçirilən müsabiqədə 2-ci yerə layiq görülmüşəm. Gəncliyə Yardım Fondu tərəfindən keçirilən şəhərlərarası müsabiqədə də 2-ci yerə layiq görülmüşəm. Bundan sonra 2024-cü ildə Nizami rayonu İcra Hakimiyyəti tərəfindən keçirilən “Mənim bayrağım” adlı şeir müsabiqəsində 1-ci yerə layiq görülmüşəm. Məktəbdaxili keçirilən tədbirlərdə də fəal iştirak etdiyimə görə dəfələrlə məktəb rəhbərliyi tərəfindən təltif olunmuşam. Bədii əsərlər oxumağı çox sevirəm. Ədəbiyyata olan marağım böyükdür.

 

ESSE:

“Mənim arzularım”

 

İnsan dünyaya arzuların qanadında gəlir. Onun dünyaya gəlməsini gözləyirlər, istəyirlər. Dünyaya arzuların qanadında gələn insan daim arzularla yaşayır. Arzusuz insan qanadsız quş kimidir. 

Dünyada elə bir insan tapılmaz ki, onun arzusu, istəyi olmasın. Arzu böyük və ya kiçik olmasından asılı olmayaraq insanı ifadə edir. 

Mən düşünürəm ki, arzu həm də çox zaman bizim məqsədimiz olur. Zaman keçdikcə bizim arzularımız da dəyişir və daha geniş olur. Hər insanın arzusu var. Arzunun yaşla əlaqəsi yoxdur. Uşaqlıqda biz böyüyüb həkim, müəllim, polis olmağı arzulayırıq. Sonra isə bizim maraq dairəmiz və düşüncələrimiz dəyişir.

 

Arzusuz qəlb – qatı zülmətli gecə,

Arzulardır açılan nurlu səhər.

Arzulardır gətirən ruhu gücə,

Arzularsız nə həyat var, nə bəşər.....

 

Həyatda qarşısına müəyyən məqsəd qoyan insan özünə qiymət verir. İnsanın nəyə görə və nəyə xatir yaşamasını bilmək üçün onun fikirlərini, arzularını bilmək kifayətdir. Məncə, arzularımız yalnız tək özümüzlə bağlı deyil, həm də ailəmiz, vətənimiz və digər insanlar haqqında da olmalıdır. 

Kimsə tək özünü düşünürsə, ətrafındakıları fikirləşmirsə, yalnız maddiyyat düşünürsə, elə bu insanın dəyəri də həmin maddiyyat qədərdir. Onlar istəklərinə çata bilməyəndə qorxunc hala çevrilirlər. Onlar insanlıq xüsusiyyətlərini, hər şeyi kənara qoyub, hər bir şeyi tapdaq altına atmağa hazırdırlar. Təki arzuma çatım!

Ağıllı insanın arzuları insanpərvər və geniş olmalıdır. Hər kəs yaşadığı cəmiyyət fərdlərinə qarşı qayğı göstərməli və hörmətli olmalıdır.

Mən arzu edirəm ki, insanlar maddiyyat üçün deyil, savab işlər görmək üçün yaşasınlar. Hamı gün ərzində kiməsə bir kömək etsə, qayğı göstərsə, həyatın necə gözəlləşdiyinin şahidi olacağıq.

Bizim çoxlu arzularımız ola bilər. Hər kəs kimi mənim də arzularım var. İlk olaraq ailəmin sağlam olmasını, həmişə yanımda olmaqlarını istəyirəm. Anamın üzərimdəki əməyinin boşa çıxmamasını, ona layiqli övlad olmağı arzulayıram. Təbii ki, təkcə arzulamaqla deyil. Əgər bir şeyi arzulayırsansa, arzuna çatmağın üçün çalışmalısan. Arzu etmək asan, amma ona çatmaq çətindir. 

Əsas arzularımdan biri də həkim olmaqdır. Bu arzuma görə çox çalışmalıyam. Qarşımda məqsədim olmalıdır ki, arzuma çatım. Gün keçdikcə anamın yaşadıqlarını, çəkdiyi əziyyətləri görüb qarşıma həkim olmağı bir məqsəd kimi qoydum. 

Qeyd etdiyim kimi ailəmin və bundan əlavə ətrafımdakı hər kəsin sağlam olmaqlarını istəyirəm. İnsanlara kömək etməyi, sağlam olmaqlarını istəməyimin əsas səbəbi xəstəlikdən itirdiyim atamdır. Hər qız övladı üçün atası çox əzizdir. O əziz insanını itirəndə insanın nələr hiss etdiyini çox yaxşı bilirəm. Bu hisslərin başqa insanların yaşamasını istəmirəm. Mən “həkim olmaq” arzuma Qarabağda çatmaq istəyirəm. Qarabağ Azərbaycanın ən qədim və səfalı guşələrindən biridir.

 

Könlüm keçir Qarabağdan,

Gah bu dağdan , gah o dağdan.

Havalansın Xanın səsi,

Qarabağın şikəstəsi.

   

Qarabağa getməmişəm, amma, getməyi və orada insanlara qayğı göstərməyi çox istəyirəm. Qarabağın suyu ayrı dərman, havası ayrı bir dərmandır.

Arzularım arasında çoxlu ölkələrə səyahət etmək və s. bu kimi şeylər də var. Amma ən çox Azərbaycanımızın  hər bir torpağını gəzib görmək istəyirəm. Kəndlərdə, rayonlarda məktəbə gedə bilməyən şagirdlərə kömək etməyi də istəyirəm. Hər bir insanın təhsil almağını arzulayıram. Mənim kimi hər kəsin arzuları var və bu arzulara çatmağımıza ümid edirəm.

 

“Ədəbiyyat və incəsənət”

(05.03.2025)

 

 

Tovuzda fəaliyyət göstərən “ASAN Həyat” kompleksinə fəaliyyət göstərdiyi müddət ərzində 1 milyon 600 mindən çox vətəndaş müraciəti qeydə alınıb. Bu, mərkəzin xidmətinə olan yüksək təlabatdan xəbər verir. 

 

 Xatirinizdədirsə, Tovuz “ASAN Həyat” kompleksinin açılışı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə  4 mart 2020-ci il tarixində baş tutub.

“Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”in mətbuat katibliyindən verilən məlumata görə, mərkəz Tovuz, Qazax, Ağstafa, Şəmkir, Gədəbəy və Samux rayonlarında qeydiyyatda olan 737 minə yaxın vətəndaşla yanaşı, ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərir. Mərkəzin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət prinsiplərinə və vətəndaş rahatlığına hesablanıb. Mərkəzin günlük orta müraciət sayı təxminən 1000 nəfərdir. Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 400-ə yaxın xidmət həyata keçirilir.

Mərkəzin fəaliyyət göstərdiyi müddət ərzində 395 nəfər könüllü məzun adını qazanıb.

Vətəndaşların istirahəti üçün nəzərdə tutulmuş ASAN kafenin tutumu 64 nəfərdir. Bundan başqa, kafedə müxtəlif oyun avadanlıqları olan uşaq əyləncə guşəsi də var.

Hərbi Vətənpərvərlik Mərkəzində gənclər hərb tariximiz, ordu quruculuğu barədə geniş məlumatlar almaqla yanaşı, ibtidai hərbi hazırlıq təlimlərində iştirak edirlər.

Kompleksdə fəaliyyət göstərən Kinoklubda hərəsinin 63 nəfər tutumu olan 2 ədəd kinozal var.

Bundan başqa Kompleksin həyətində vətəndaşların asudə vaxtlarını xoş keçirmələri üçün park salınıb. Parkın ərazisində fəvvarə, uşaq əyləncə guşəsi, konsert meydançası və açıq havada kafe mövcuddur.

 

“Ədəbiyyat və incəsənət”

(05.03.2025)

Çərşənbə, 05 Mart 2025 13:03

Qara dumanlı Cənnət - ESSE

("Əski türkcədə "cənnət" uçmaq dəməkdir")

 

Harun Soltanov, “Ədəbiyyat və incəsənət”

 

Salam, Səma…

Sənə yazmaq çətindir.

Çünki sən danışmırsan. Sən səssizsən. Sənin dilsizliyinin içində milyonlarla səs var, amma biz onları eşitmirik. Biz bir zamanlar səninlə danışırdıq, ulduzlardan cavab gözləyirdik, qaranlığında gizlənən sirləri axtarırdıq. İndi isə sənin sükutun bizi qorxudur. Sən danışmadığın üçün biz sənə baxmırıq.

 

Biz səni öldürdük, Səma. Bizim tək istədiyimiz bu idi: səni fəth etmək. Yer bizə dar gəlmişdi. Torpağın hər qarışını kəsib doğramış, dənizləri zəhərləmiş, meşələri boğmuşduq. Artıq heç nə bizə bəs etmirdi. Göylər qalmışdı fəth edilməmiş, ona da əl uzatdıq. Səni də zəbt etmək istədik. Amma səni anlayaraq yox, sevərək yox, sadəcə sənin üzərində hökmranlıq qurmaq üçün..

Biz sənin ilk qatillərin deyildik. Min illərdir insanlar səni dəyişməyə çalışırdılar. Küləkdən, yağışdan, qasırğadan qorunmaq üçün səni qorxulu hesab etmişdilər. Səni tanrıların məkanı elan edib, sonra o tanrıları unudub səni çılpaq buraxmışdılar. Amma heç vaxt sənə bugünkü kimi vəhşilik edilməmişdi.

İndi səni çirkləndirdik. Səni tullantılarla doldurduq, səni radioaktiv maddələrlə zəhərlədik, sənin üzərində hərbi peyklər qurduq, bombalar sənin qoynunda partladı. Sənə qarşı müharibə açdıq. Bizi bəsləyən, bizi qoruyan səmanı məhv etdik.

Səma, indi sən insanın nə olduğunu bilirsən.

İnsan, o məxluqdur ki, toxunduğu hər şeyi çirkləndirir.

Sənin maviliyini daha görmürük, çünki sənin üstünə boz tüstü çöküb. Fabriklərin tüstüsü, avtomobillərin qazları, neftin yanğısından qopan qara buludlar sənin üzərinə səpilmiş qara pərdəyə çevrildi. Sən nəfəs ala bilmirsən. Biz səni boğuruq, Səma!

Bir zamanlar insanlar göy üzü haqqında əfsanələr danışardılar. İndiki uşaqlar isə səmanı tanımırlar. Onlar ulduzları televizorda görürlər, Ayı sosial mediada paylaşırlar, Günəşin altında dayanmağa qorxurlar. Çünki səma artıq onlara ilham vermir. Səma onlara zəhər verir.

Bizdən əvvəlkilər səni sevirdi. Onlar səni dərk etməyə çalışırdı. Astronomlar sənin sonsuz sirrini çözməyə çalışırdı, şairlər səni vəsf edirdi, musiqiçilər sənin sükutunu notlara çevirirdi. Amma biz? Biz sənin içinə dronlar göndərdik, sənin qoynuna nüvə silahları asdıq. Biz səni unudub, sənin üstündə yeni texnologiyalar sınaqdan keçirdik.

 

Biz səni kəsib doğradıq, səma.

Ozon təbəqənin deşildiyini dedilər, amma biz sadəcə çiyin çəkdik. Dedilər ki, iqlim dəyişir, amma biz qulaq asmadıq. Fırtınalar başladı, havalar dəli kimi dəyişdi, qasırğalar şəhərləri yıxdı. Sən bizə xəbərdarlıq etdin, Səma! Sən bizə dedin ki, dayan, məni öldürmə! Amma biz səni eşitmədik.

Bizi sən yaratmadın, amma sən bizi qorudun. İndi isə biz sənin qoruduqlarını məhv edirik. Yağışlar artıq su gətirmir, turşu yağışları şəhərləri yandırır. Günəşin şüaları bədənlərimizi qovurur, çünki sənin sipərin cırıq-cırıq olub. Biz artıq sənin altında belə təhlükəsiz deyilik.

Sən bizi bəsləyirdin. Buludların yağış gətirirdi, küləklərin havanı təmizləyirdi. İndi isə sən bizə ölüm gətirirsən. Çünki biz sənə ölüm verdik. Hər birimiz, hər nəfəsdə, hər maşını işə salanda, hər plastik qabı tullayanda sənə bir az da zəhər verdik. Biz səni öz əlimizlə öldürdük.

 

Və indi, sən bizi bağışlamayacaqsan.

Biz sənin içinə qalxmaq istəyirik. Aya getdik, Marsa getmək istəyirik, uzaq ulduzlara baxırıq. Biz bu planeti tərk edib səni arxamızda qoymaq istəyirik. Amma biz bilirik. Bilirik ki, hara getsək, səmanı da özümüzlə aparacağıq. Orada da sən bizi izləyəcəksən.

Səma, sənin qisasın gecikmir. Artıq nəfəsin bizə zəhərli qazlarla geri dönür. Sən bizi yavaş-yavaş öldürürsən. Bizim ağ ciyərlərimiz səni udduqca, biz də sənin çirklənmənin bir parçasına çevrilirik.

Bəsdir, Səma! Bəsdir bizi özümüzdən iyrəndirdin! Bəsdir bizə səni öldürdüyümüzü xatırlatdın!

İndi biz nə edək? Biz səndən bağışlanma diləyə bilərikmi? Biz yenə gözlərimizi yuxarı qaldıra bilərikmi? Yenə səndən ümid diləyə bilərikmi? Yox, biz artıq səni unutmuşuq. Və sən bizi unutmamısan.

 

O gün gələcək.

Biz hamımız bir gün sənin altına girəcəyik.Bəlkə də səni çox təmiz bildiyimizdən, bədənimizi torpağın altında, ruhumuzu sənin yanında istəyirik. Biz sənin altında doğulmuşduq, biz sənin altına basdırılacağıq. Amma biz səni öldürdük, səma! Sən indi bizi qəbul edəcəksənmi?

Sən bizi udacaqsanmı, yoxsa biz, öz-özümüzə, betona basdırılmış cəsədlər kimi, yad torpağın içində çürüyəcəyik?

 

Biz səni unutduq, amma sən bizi unutmadın. İndi nə olacaq, Səma? İndi kim kimə məzar olacaq?

 

“Ədəbiyyat və incəsənət”

(05.03.2025)

 

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Bir neçə gündür ki, sizlərə biznesdə, peşə fəaliyyətində uğur qazanmağın yolunu göstərən ən çox tələb olunan kitablar barədə danışıram. Adi insanı uğurlu insana çevirən, insanın düşüncə tərzini, adət və xasiyyətini, xarakterik cəhətlərini dəyişən ən populyar kitablardan növbətisini təqdim edirəm:Marşal Qoldsmit «Başından uca tullan»

 

Dünyanın ən böyük biznes liderlərinin məsləhətçisi olan Marşal Qoldsmitin bu kitabı mahiyyətcə çox paradoksaldır. O, həyatda uğur qazanmaq istəyən insanlara yox, artıq uğur qazanmış insanlara həsr olunub. O insanlara ki, onlar can atdıqları hər şeyə çatıblar, özləri ilə qürur duya bilirlər.

Bəs belə insanlar nədən narahat olsunlar ki? Müvəffəqiyyətdən baş gicəllənməsinin qurbanı olmaqdan!

Marşal Qoldsmitə görə, pik nöqtəyə çatan insanlarda əksərən «daxili kartı» itirmək sindromuna rast gəlinir. Özündənrazılıq, özündən müştəbehlik elə bir həddə çatır ki, belə insanlar daha öz hərəkətlərinə görə hesabat vermir, cəmiyyətlə hesablaşmırlar. Başqalarının rəylərinə daha ehtiyac duymur, təkmilləşməyə, öyrənməyə, inkişafa daha maraq göstərmirlər. Beləcə də yerlərində saymağa başlayırlar. Amma bu da hələ hamısı deyil. Yerində saymaqdan sonra mütləq geriləmə, qazanılanların itirilməsi fazasının gəlməsi labüddür.

Marşal Qoldsmit müvəffəqiyyətdən başın gicəllənməməsi yollarını göstərir və oxucusunu da əmin edir edir ki, bu yazılanlara əməl etsə o, mütləq başından uca tullana biləcək!

Müəllifin əsər boyu aşılamaq istədiyi odur ki, əvvəlki uğurlar elə bir an gəlir ki, insana daha böyük uğurlar əldə etmək üçün maneçilik törətməyə başlayır. Bundan qaçmaq çox vacib və zəruridir. Uğur qazanmaqla gələn mənfi, zərərli vərdişlərdən qopmağın Qoldsmit qaydaları çox effektivdir, bunu öz üzərilərində yüzlərlə  biznes liderləri təcrübədən keçiriblər.

Təsadüfi deyil ki, «Forbes» bu şəxsi dünyanın yüksək idarəetmə sisteminin ən nüfuzlu 5 mütəxəssisindən biri adlandırıb.

«The Wall Street Journal» isə onu dünyanın 10 ən dahi biznes-kouçundan biri elan edib.

 

“Ədəbiyyat və incəsənət”

(05.03.2025)

 

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Salam, Torpaq.

Bu gün necəsən? Ümid edirəm ki yaxşısan.

Sən ki bu böyük dünyanın içərisində var olan əsrarəngiz təbiətin əvəz olunmaz canlılarından birisən. Qoynunda neçə-neçə nemətlər yetişir, ali varlıqlar olan bizlərə yaşamaqda dəstək olursan. Sən qədir-qiymət bilirsən. Sənə toxum verənə, ağaclar, çiçəklər bəxş edirsən.

 

Bizlər isə üzərində gəzərkən sənə diqqətli davranmırıq. 

Sən ki suya qarışanda palçıq, qana qarışanda Vətən olursan. Qoynunda neçə-neçə igidlər, Vətən aşiqlərini yatırırsan. Onlar sənin ağuşunda şirin yuxudadırlar.

 

Basdığın yerləri torpaq deyərək keçmə, tanı,

Düşün altındakı minlərcə kəfənsiz yatanı.

Sən Şəhid oğlusan, incitmə, yazıqdır atanı,

Vermə, dünyaları alsan da bu Cənnət Vətəni.

 

Türk şairi bu gözəl şeiri ilə səni, üzərində var olan Vətənimi, bu vətənin azadlığı üçün şirin canından keçən Şəhidləri, Qaziləri, Veteran qardaşlarımı duyması, hiss etməsi və unutmaması, qiymət verməsi üçün insanlara səslənir. Görəsən, bu səsi eşidən bizlər də deyilənlərə qulaqlarımızı bağlamır, yetərincə əhəmiyyət veririkmi? Biz sənə ədalətli olmasaq da sən bizə olan ədalətli davranışdan imtina etmə, Torpaq. Nə də olsa biz vaxtı-zamanında sənin əbədi qonaqların olacağıq.

Bir gün mən də sənin əbədi qonağın olacam. Sabah ya biri gün. O gün bəlkə də yaxındı.  Ölüm qaşla-göz arasındadır deyirlər. Biz isə ölməyəcəkmiş kimi yaşayırıq. Əslində yuxudayıq. Öləndə oyanacağıq. Və şübhəsiz ki biz də bir gün qovuşacağıq. O günədək salamat qal torpaq.

Allah bu güllü-gülüstan olan Vətən üçün, o sağ olsun deyə canını fəda etmiş Şəhidlərimizə rəhmət etsin, Qazilərimizə, Veteranlarımıza Şafi ismi ilə şəfa, can sağlığı, xeyirli ömür nəsib etsin. Amin!

 

“Ədəbiyyat və incəsənət”

(05.03.2025)

 

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Təbrizdə yaşayan Məryəm Gözəlidir.

 

Məryəm Gözəli

Təbriz

 

SEVGİ NƏDİR?

 

Sevgi nədir, bilirsənmi?!

Quş qanadı, yaz səsidir.

İki ruhun bir ürəkdə,

Çırpınması, əsməsidir.

 

Sevgi nədir, bilirsənmi?!

Könüllərin coşmasıdır.

Bülbüllərin tər çiçəyə,

Həzin nəğmə qoşmasıdır.

 

Sevgi nədir, bilirsənmi?!

Odlu yoldur haqqa bağlı.

Sevilənin qəlbi daşdan,

Sevənlərin könlü dağlı.

 

Sevgi nədir, bilirsənmi?!

Qutsal inam, təməli düz.

Ağlar gözün damcısına,

Sinəsini sərəcək üz.

 

Sevgi nədir, bilirsənmi?!

Gizli-gizli yada düşmək.

Ya dəlicə bir insanı –

Sevib, yanar oda düşmək.

 

“Ədəbiyyat və incəsənət”

 (05.02.2025)

 

Çərşənbə, 05 Mart 2025 15:03

Özünə bir şans ver - ESSE

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

 

Bəzən dil susar, bədən danışar.

Özünə qarşı deyə bilmədiklərin, dodaqlardan süzülüb gələn, susdurduğun o

kəlimələri bədənin sənin yerinə xatırladar. Və sən ilk başda anlamazsan hər

hücrəndə dəyişən hissləri, səssiz ağrıları.

 

Zaman keçdikcə o ağrıları hiss etməyə başlarsan. Bədənində başlayan ağrıları, canının yandığını, hər ötən gün artan fiziki əzabı, ruhuna çökən ağırlığı hiss edərsən.

Hər ağrı səni daha da sındırar. Ancaq sən məğlub olmaq istəmirsən. Buna dayanacaq gücə sahib olduğunu düşünərsən. Ancaq bədəninin hər yerində başlayan şiddətli ağrılar, eyni vaxtda qarşılaşdığın fərqli problemlər sənin zəif tərəflərini göstərməyə başlayır. Sən ruhundakı sıxıntılardan qurtulmağa çalışarkən cismin də sənə əzab verməyə başlayır. İndi ruhun və cismin sənə qarşı dayanıb. Ya onların səsinə qulaq asıb kömək edəcəksən, ya da hər ikisi səni tərk edəcək.

Və səndən geriyə qalan sadəcə peşmanlıq hissi olacaq. Nakam qalmış arzular, yarım qalmış məqsəd və hədəflər, arxanda qoyduğun sevdiklərinin yaşla dolu gözləri sənə sadəcə “kaş ki” deməyə imkan verəcək. Və o zaman hər şey üçün çox gec olacaq.

Görməzdən gəldiklərimiz bəzən bizim son şansımız ola bilər. Baxıb da görə bilmədiklərimiz bizə çox bədəllər ödətdi.

İndi sən də baxırsan, ancaq görmək istəmirsən. Sən görmək istəmədikcə bədənindəki ağrılar daha da şiddətlənərək sənə xəbərdarlıq edir. Hər sızıltı, hər acı  səni oyatmaq üçün çağırır. Sən yenə də dözmək istəyirsən. Düşünürsən ki, içimdə basdırmağa çalışsam, hər şey keçib gedəcək. Ancaq ruhun sənə xəbərdarlıq etmişdi -  üzləşməli olduğunu.

 

Sən üzləşmək istəmədiyin müddətdə daha çox tükənməyə başlayacaqsan. Tükənmiş insan üçün yaşamaq məfhumu heç bir məna kəsb etmir. Tükənmişlik bir son yox, bir dönüş nöqtəsi də ola bilər. Ona görə də hisslərindən qaçmaq əvəzinə onları tanı, adlandır. Özünə bir şans ver. Özünü olduğun kimi qəbul et və özünə sağalmaq üçün bir şans tanı.

Unutma ki, hər çətinlik insanı yenidən var olmağa, həyata fərqli gözlə baxmağa hazırlayır. İndi ağrıların səni məhv etmək yox, güclü etmək istəyir. Sadəcə, özünə qarşı mərhəmətli ol.

Və bu dəfə dözmək üçün yox, sağalmaq üçün davam et.

 

“Ədəbiyyat və incəsənət”

(05.03.2025)

 

 

Ədəbiyyat və incəsənət” portalı Qısa Fikirlər Xəzinəsi rubrikasında bu dəfə ünlü türk şairi Məhməd Akif Ərsoy fikirlərinə yer ayırıb.

Toplayanı, tərcümə və tərtib edəni Cəlal Məmmədovdur.

 

 

İmansız olan paslı ürək sinədə yükdür...

 

***

…Dədən nə türlü yaşarmış... Adamsan, öylə yaşa.

 

***

Göstər, Allahım, bu millət qurtulur, tək möcüzə:

Bir “utanmaq hissi” ver qaib xəzinəndən bizə!

 

***

Bir xilas imkanı var: əxlaqımız yüksəlməli!..

 

***

Ədalət istəyən bir qövmü vurmaq qalibiyyətmi?

 

***

Məqsəd nə imiş, bilməli dünyaya gəlişdən,

Dünyaya gələn, sanma ki, bir xoş səfər eylər...

 

***

Bəşəriyyət yeni bir din tanıyıb ilhadı,

Bəşərin hafizəsindən silinir Haqqın adı.

 

“Ədəbiyyat və incəsənət”

(05.03.2025)

 

 

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.

 

Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.   

 

Planlaşdırma nədir? Biznesdə ən vacib elementlərdən biri barədə söhbətimizi davam etdiririk.

 

 

Bu bölümdə siz kompaniyanızın təklif edəcəyi məhsul və ya xidmət növlərini dəqiq müəyyən etməli və təsvirini verməlisiniz. Burada sizin məhsulun və ya xidmətin istehsalı üçün tələb olunan texnologiyanın bəzi aspektlərini göstərmək lazımdır. Bu hissənin aydın, dəqiq, qeyri-mütəxəssis üçün anlaqlı dildə yazılması vacibdir. Bu bölüm işlənilərkən bir sıra suallara son dərəcə dəqiq cavab vermək lazımdır.

·        Sizin məhsul hansı tələbatları ödəmək üçün nəzərdə tutulub?

·        O nə ilə seçilir, alıcılar onu niyə digər kompaniyaların təklif etdikləri əmtəələrdən  fərqləndirəcək və ona üstünlük verəcəklər?

·        Siz nə üçün bu məhsulu və onun reallaşması üçün bu yeri və bu zamanı seçmisiniz? Onlar sizin üçün nə ilə cəlbedicidir?

·        Əmtəənin həyati dövriyyəsi necədir, başqa sözlə, mənəvi köhnəlmə nə dərəcədə tez baş verəcək?

Əgər sizin biznes-planda yüksək texniki məmulatdan söhbət gedirsə, satışdan sonrakı servis sistemini xarakterizə etməyi unutmayın. Bütövlükdə biznes-planın bu bölümündə alıcıya məmulatı alarkən ona təklif olunan əlavə xidmətlər kompleksini, yəni firmanın buraxdığı əmtəənin başqa firmaların buraxdıqları analoji əmtəələrlə rəqabət mübarizəsində qazandığı əlavə «yardımı» təsvir etməyə çalışın. Çünki Harvard Universitetinin məşhur professoru Teodor Levitt demişkən, «bugünkü rəqabət – firmaların öz zavod və fabriklərində istehsal etdikləri əmtəələrin bir-biri ilə apardıqları rəqabət deyil, onların öz məhsullarını əlavə olaraq qablaşdırma, xidmət, reklam, müştəri konsultasiyaları, maliyyələşdirmə, tədarük xüsusiyyətləri, anbara yığma üzrə xidmətlər və insanların qiymətləndirdiyi digər şeylər arasında gedən rəqabətdir».

Biznes-planın bu bölümünün yekun ştrixləri əmtəənin ehtmal edilən qiyməti, onun istehsal xərcləri və hər əmtəə vahidinin gətirəcəyi gəlirin ölçüsü haqqında məlumatlar məcmusudur.

 

“Ədəbiyyat və incəsənət”

(05.03.2025)

 

 

 

 

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət”

 

 

Onun sadəliyi və səmimiliyi diqqətimi çəkdi. Suallarımı əhatəli, ətraflı cavablandırmaqla özünün istedadlı aktyor olmasını bir daha təsdiqlədi. 

Onu da deyim ki, haqqında söz açdığım Əməkdar artist, "Tərəqqi" medallı aktyor Rauf Ağakişiyev bir çox mükafata layiq görülübdür. Dövlətimizin başçısı cənab İlham Əliyevin imzaladığı Sərəncamla səhnə fəaliyyətinə görə ona Prezident təqaüdü verilibdir.

 

Söhbət əsnasında öyrəndim ki, Rauf 1972-ci il martın 26-da Sumqayıt şəhərində anadan olub. 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram-kino aktyorluğu fakültəsinə qəbul edilib və 1997-ci ildə ali təhsilini başa vuraraq, təyinatını H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrına alıb. 1988-ci ildən Mədəniyyət Nazirliyi tərəfindən Dağıstan Respublikasının Dərbənd şəhərində yeni fəaliyyətə başlayan Əziz Əliyev adına Azərbaycan Dövlət Dram Teatrına göndərilib. Həmin teatrın ilk pərdəsinin açılışında Vaqif  Əsədovun quruluşunda Hidayət Orucovun "Məhəbbət yaşayır hələ" əsərində Zəfər obrazını oynayıb. İki ildən sonra doğma Sumqayıt teatrına qayıdıb.

İndiyədək yüzə yaxın obrazı səhnədə canlandıran aktyor G.Xuqayevin "Varlı ev"ində Yari, "Ailə"sində Kavril, M.İbrahmovun "Yaxşı adam" əsərində Azər, F.Kərimzadənin "Şah İsmayıl" tamaşasında Sərkərdə, Ə.Haqverdiyevin “Xacəşah” pyesində Cəfərquluxan, C.Cabbarlının "Almaz"ında Əhməd, N.Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük"də Qıdı kirvə, A.Məmmədovun "Həmyerlilər" tamaşasında Sığortaçı, İ.Məlikzadənin "Gəl, qohum olaq"da Ədalət, Ə.Əmirlinin "Varlı qadın"da Əlvan, Abdulla Şaiqin "Qaraca qız"da Bəy, A.Babayevin "Xilaskar "əsərində Ədalət, Əvəz Mahmud Lələdağın "Qorxaq" tamaşasında Mahir, "Dağlarda tufan"ında Kazım bəy, Teymur bəy, "Tələ"sində Səfərxan, F.Süleymanovun "Qisas"ında Saleh bəy, Əyyub Qiyasın "Qarışqa yuvası"nda İlqar, "Cəhənnəm ekspresi"ndə Zabit, F.Həsənzadənin "Anası öpməyən qız"da Məhəmməd, H.Ataxanlının "Missiya"sında Milli Qəhrəman Eyvazov, "Xəzinə"sində Nizami və bir çox rolları ilə tamaşaçı qəlbinə yol tapıb. 

Kinofilmlərə və teleseriallara da dəvət alan aktyor maraqlı obrazlar canlandırır. Belə ki, Vahid Mustafayevin "Seçilən" filmində, həmçinin Ramiz Fətəliyevin "Həqiqət anları", rejissor Emil Babayevin "Cinayət və cəsa" sənədli filmində yaxından iştirak edib. Eyni zamanda, istedadlı aktyor və rejissor Şahmar Qəriblinin Lider televiziyasında yayımlanmış "Özümüz bilərik" tele-layihəsində rol alaraq tamaşaçı rəğbəti qazanıb. "Hörümçək toru", "Uçurum", "İmtahan", "Həyat varsa", "İfşa - Çətin hədəf" və digər tele-seriallarda, Xoşbəxt Yusifzadə, Polad Həşimov haqqında və şəhid həkimlərimizə həsr olunan "Şəfadan şəhadətə" və s. filmlərdə aparıcı rollara çəkilib.

O, Sumqayıtın ictimai-siyasi həyatında da fəallıq göstərir. Azərbaycan Teatr Xadimləri İttifaqının və Yeni Azərbaycan Partiyasının üzvüdür. Qayğıkeş atadır, bir oğlu, bir qızı var. 

Bəs Rauf Ağakişiyevi teatr sahəsinə bağlayan səbəb nə olub? Sualımıza cavab olaraq o, tanınmış rejissor, dramaturq, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlunun adını çəkdi, yaradıcılığında onun əhəmiyyətli rol oynadığını xüsusilə vurğuladı. Dedi:

-Hələ orta məktəbdə oxuyarkən Ağalar İdrisoğlunun rəhbərliyi ilə "Sehirli yaylıq" tamaşasına baxmışam və sonra onun dəvətilə "28 May" klubunda yerləşən tənqid-təbliğ teatrının üzvü olmuşam. O zamandan teatr sənətinin incəliklərinə yiyələnmişəm. Əsl sənət müəllimim isə Nəsir Sadıqzadə olub. Həsənağa Turabovdan da dərs almışam.

Yaradıcılığının məhsuldar dövrünü yaşayan Rauf Ağakişiyev respublikamızda peşəkar aktyor kimi tanınır və dəyərləndirilir.

Həmsöhbətim Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun mədəniyyətimizə göstərdiyi diqqət və qayğısından da danışdı. Dedi:

-Zakir müəllimin cəfakeş ziyalı kimi teatrla maraqlanması, aktyorların sosial-məişət problemlərini həll etməsi, onlara hərtərəfli dəstəyi kollektivin ürəyindən xəbər verir.

Sevimli aktyorumuza yeni-yeni nailiyyətlər arzulayırıq!

 

“Ədəbiyyat və incəsənət”

(05.03.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.