Fatimə Məmmədova, “Ədəbiyyat və incəsənət”
Hər insan bütün müəllimlərini sevmir. Bəzən müəllim sadəcə dərsini deyən, qiymətini yazan və auditoriyanı tərk edən bir fiqurdur. Gəlir və gedir. Beləliklə o kitab bağlanır. Sadəcə semestr bitər və o da həyatımızdan çıxar.
Amma bəzən həyat insanın qarşısına elə birini çıxarır ki, o, hələ rəsmi olaraq hələ də müəllimin olmasa da, sənə müəllimlik edir. Səni dəyişir. Sözə baxışını dəyişir. Özünə inamını dəyişir. O qız müəllimlərini çox sevmirdi. Ən azından əvvəllər. Müəllim onun üçün sadəcə dərs deyən biri idi. Amma bir müəllimin müəllimi olmasını çox istəmişdi. Çünki fərqli bir mühitdə tanıdığı, gələcəkdə ona dərs keçəcək həmin insan əslində ona çoxdan dərs deməyə başlamışdı. Ona gözəl yazı yazmağı öyrətmişdi. Sadəcə cümlə qurmağı yox, düşünərək yazmağı. Sözün məsuliyyətini, fikrin çəkisini, anlatmışdı. Yazıda təkrar sözlərə yol verməməyi, eyni cümlədə “ABŞ dövləti” işlətməkdənsə, birini “rəsmi Vaşinqton” olaraq vurğulamağı, cümlələrin axıcı olmasını, gözəl başlıqları.
Hələ auditoriyada qarşısında dayanmasa da, onun düşüncəsində artıq müəllim idi.
Universitetə qəbul olunandan sonra, iş mühitinə alışdıqdan sonra saysız xəyalları vardı. Peşəkar olmaq, imzasını görmək, yaxşı yazmaq, fərqli olmaq… Amma o xəyalların arasında bir başqa arzu da var idi: inandığı o insanın tələbəsi olmaq. Bu, onun üçün sadəcə akademik məsələ deyildi. Bu, mənəvi bağ idi.
Həm səbirsizlənirdi, həm də sevinirdi. Çünki bu, sadəcə dərs almaq deyildi. Bu, etibar etdiyi birinin rəsmi olaraq onun yoluna işıq tutması idi. “Mənim müəllimim olacaq” demək idi. Bəli, onun yolunu tutmaq. Onun kimi olmaq. Eynən onun kimi. Səhər universitetdə müəllim işlə. Günorta bir saytda müxbir, axşam isə başqa bir saytda müxbir.
Sevinirdi ki bir gün ona da dərs deyəcək. Çünki ona yaxşı yazmağı öyrədən insan auditoriyada da müəllim olacaqdı. Bu, onun üçün şans idi. Qürur idi. Güvən idi. Hər peşə gözəldir. Amma müəllimlik başqa cürdür. Müəllim təkcə dərs demir. Ümid verir. İstiqamət göstərir. Gənc bir insanın beynində “bacararam” hissini yaradır. Bəzən bir cümlə ilə tələbənin həyat planını dəyişir. Bəzən bir baxışla insanı ruhlandırır. Bəzən bir “sən edə bilərsən”, "sən daha fərqlisən" "sənsiz darıxdırıcıdır" cümləsi ilə gələcəyin istiqamətini müəyyənləşdirir.
Necə ki, bir zamanlar “mən heç vaxt müəllim olmayacam” deyən bir qızın planlarına “universitetdə müəllim işləmək” arzusu daxil oldu. Bu dəyişimin səbəbi maaş deyildi, status deyildi. Səbəb təsir idi. İlham idi. Bir müəllimin yaratdığı iz idi. Kömək idi.
Amma hər təsirin bir məsuliyyəti var.
Müəllim tələbənin həyatına toxunursa, o toxunuş yarımçıq qalmamalıdır. Çünki tələbə müəllimə qiymətə görə bağlanmır. Sədaqətə görə bağlanır. Sədaqət demişkən, bir Sədaqət adında bir müəllimim vardı. Məni universitetə hazırlaşdırdı. Lakin onunla hələdə bir-birinə inanan müəllim-tələbə münasibətini qoruyuruq..
İnsan güvənə görə bağlanır. Və o güvən sındıqda sadəcə bir münasibət bitmir, bir inam qırılır.
Və ən pis olan da budur: müəllimin tələbəyə verdiyi haqqı sonda səssizcə geri alması... Özü də necə?
Söhbət aşağı yazılmış qiymətdən getmir. O qız qiymətinin aşağı olmasına belə razı idi. Onun üçün əsas olan rəqəm deyildi. O, verilən dəstəyə sevinirdi. Onu anlayan bir müəllimin varlığına inanırdı. Hətta sərt tənqid belə onu incitməzdi, əgər o münasibət qalardısa.
Dostlarından çox müəlliminə sirrini deyən bir tələbə düşünün. Pis olanda ilk ona müraciət edən. Sevincini onunla bölüşən. Çətin qərarlarını onunla məsləhətləşən. Hətta müəllimin də öz sirlərini paylaşdığı bir dostluq, qardaşlıq … Bu artıq sadəcə “müəllim–tələbə” əlaqəsi deyil. Bu, qarşılıqlı etimaddır. Bu, mənəvi yaxınlıqdır.
Bizim zamanımızda aramıza soyuqluq girməzdi. Hər gün eyni yolları gedərdik. Ey, aramıza soyuqluq girməyən dost. Eyni yolları qayıdardıq. Bəzən yol söhbəti dərsdən uzun çəkərdi. Bəzən gülüşlərimiz küçəyə daşardı. Və biz dost qalacağımıza çox güvənirdik.
Mən o dostluğa həddindən artıq inanmışdım.
Bir gün dedim:
“Qorxuram bir gün hamıya anonim məktub yazdıranda mənim yazdığımı anlayarsınız”.
Soruşdu:
“Niyə?”
Dedim:
“Çünki bilirəm ki, bir gün sizinlə aramız dəyəcək, onda mən nələr yazacam o vərəqə”.
Bəlkə də o cümləni deyəndə gələcəyi hiss etmişdim. Bəlkə də insan çox güvəndiyi şeyi itirməkdən içində gizli qorxu daşıyır.
Sonra nə dəyişdi, bilmirəm. Amma bildiyim bir şey var: əvvəllər araya soyuqluq girməyən insan bir gün susmağa başladı. Səssizlik araya girdi. Və o səssizlik hər şeydən ağır oldu.
Bir tələbənin müəllimə inanması böyük məsələdir. Amma müəllimin o inamı qoruması daha böyük məsuliyyətdir.
“Aramıza bir gün soyuqluq girər deyə qorxuram” deyən insan, o soyuqluğu özü yaratdısa, bu artıq təsadüf deyil.
Amma ürəkdə bir inam qırıldı. Müəllimə olan saf və tərəddüdsüz inam.
Bəlkə bir gün həqiqətən ona dərs deyəcəksiniz. Və hər semestr sonunda uşaqlara yazdırdığınız anonim məktublardan birində bir sətir diqqətinizi çəkəcək:
“Bəs, həmişə yanımda olacaqdınız, siz ki, məni çox istəyirdiniz?"
Bəlkə oxuyanda anlayacaq. Bəlkə üzüləcəksiniz. Bəlkə də heç nə dəyişməyəcək.
Amma bir həqiqət dəyişməz qalacaq: müəllim olmaq asandır. Müəllim qalmaq çətindir.
Çünki müəllim təkcə bilik vermir. İnsan taleyinə toxunur. Ümid yaradır. İnam qurur. Və o inamı qorumaq, onu sındırmamaq ən böyük müəllimlikdir.
Bəzi tələbələr qiymətə yox, münasibətə bağlanır.
Və münasibətin qiyməti heç vaxt jurnal səhifəsində YAZILMIR.
Qəşəm Nəcəfzadənin çox gözəl bir şeiri vardır:
SƏNİN DƏRSİN
Niyə şagirdlərin duymurlar səni,
Gül kimi dərsində səs eləyirlər.
Mən sevən əllərə, mən sevən gözə,
Mən sevən ürəyə qəsd eləyirlər.
Ağzı yanmışların yoxdu xəbəri,
Mən sənin önündə lal dayanıram.
Dəftərə qırmızı düzəliş kimi,
Varaq yanağımda al, dayanıram.
Adıntək dərsimi əzbərləyirəm,
Sevgi baxışına boyanmaq üçün.
Ömrümü, günümü qurban verərəm,
Şagird tək önündə dayanmaq üçün.
Vaxt axır... şagirdlər duymurlar səni,
Gör necə qıyırlar kövrək səsinə.
Hardan bilsinlər ki, həsrət qalmışam
Qırx beş dəqiqənin bir dəqiqəsinə.
Səhvdi misalları, məsələləri,
Dərdini artırıb yüz eləyərlər.
Ölürəm mən sənin “üç”ündən ötrü,
Verdiyin “beş”lərə naz eləyərlər.
Təbaşir ləçəkli çiçək əllərin,
Lövhənin üzündə kəpənək olar.
Dəsmala bənzəyər göyçək əllərin,
Bir oğlan balanı bələmək olar.
Niyə şagirdlərin duymurlar səni,
Gül kimi dərsində səs eləyirlər.
Mən sevən əllərə, mən sevən gözə,
Mən sevən ürəyə qəsd eləyirlər.
“Ədəbiyyat və incəsənət”
(27.02.2026)


