İnsanın heyvana empatiyası: “Pələng” tamaşası haqqında düşüncələr Featured

 

Pəri Mehman, Cosmo_Art_Agentliyinin meneceri, təlimçi, təşkilatçı, filoloq, yazar. “Ədəbiyyat və incəsənət”

 

Bəzən bir tamaşa səni səhnədəki insana yox, səssiz bir varlığa yaxınlaşdırır. “Pələng” tamaşasında da belə oldu. İlk dəfə özümü bir itin yerinə qoya bildim...

 

Ötən gün Sumqayıt Dövlət Dram Teatrı səhnəsində Ülviyyə Heydərovanın pyesi əsasında hazırlanmış “Pələng” mono tamaşası nümayiş olundu.

Səhnə əsəri teatrın rejissoru, şair və yazar Ümüd Abbas Nihaninin quruluşunda ərsəyə gəlib.Tamaşa aktyor Kamran Muradın ifasında təqdim edildi. Mono tamaşanın ən böyük yükü isə, şübhəsiz ki, aktyorun çiyinlərində idi. Çünki səhnədə tək olmaq — bir obrazla bütöv bir faciəni yaşatmaq deməkdir. Kamran Murad ifasında yalnız hadisələri danışmadı, onları yaşadı. Onun səs tembri, pauzaları, baxışları və daxili gərginliyi tamaşaçını hadisələrin içinə çəkirdi.

Xüsusilə sədaqət və xəyanət arasında qalan itin daxili sarsıntısını çatdırarkən aktyorun emosional keçidləri diqqət çəkirdi. Bir anlıq səhnədə insan yox, həqiqətən də yaralanmış bir varlığın ağrısını görürdük. Bu isə artıq oyun deyil, obrazla tam eyniləşmə idi.

“Pələng” mono tamaşası bir daha göstərdi ki, güclü mətn və düşünülmüş rejissor işi peşəkar aktyor ifası ilə tamamlananda səhnədə tək bir nəfər belə bütöv bir dünyanı canlandıra bilir.

Bu tamaşa empatiyanın sərhədlərini dəyişir. İnsanın insana deyil, insanın heyvana empatiya qurduğu nadir səhnələrdən biridir. Və bəlkə də ən ağrılı olan budur: biz bəzən insanlığı bir it obrazında daha aydın görürük.

 

“Ədəbiyyat və incəsənət”

(26.02.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.