Nail Zeyniyev, “Ədəbiyyat və incəsənət”
Bir həsrəti böyütdük, yaman giley-güzarlı,
Bir ömürü yaşadıq, xəstəlikli, azarlı.
Bir vətənin üstünü qoymuşduq daş məzarlı,
Gərək indi torpağı tapdaq altda qoymayaq,
Sən azadsan, biz sənin nemətindən doymayaq.
Xocalı, ay Xocalı!
Qulaqların tutuldu güllələrin səsindən,
Qız-oğul ayrı düşdü babalar-nəvəsindən.
Mən də bilirdim axı, dedim hər dəfəsində:
Qəm dəryası içində batmısan, boğulmusan,
Sənə həyat yaraşır, yenidən doğulmusan.
Xocalı, ay Xocalı!
Kimlər, kimlər ağladı, üstündən yellər əsdi,
Sənin gücündən qorxan yarıtmaz ellər əsdi.
Mərd, cavan oğulların ölməyə çox tələsdi.
Onların al qanından növrağımız suvardı,
Anaların saçları vaxtsız, yersiz ağardı.
Xocalı, ay Xocalı!
Dağlarının başını bir də duman alarsa,
Gözündə tükənməyən göz yaşları qalarsa,
Ağlama, qurban olum, məni yada salarsan.
Sənin azadlığına neçə nəğmə qoşaram,
Dalğalı dərya kimi çağlayaram, coşaram.
Mən ölmərəm, sən yaşa! Mən səninlə yaşaram!
Xocalı, ay Xocalı!
(Nail Zeyniyev)
26 Fevral 1992-ci il bu tarix Azərbaycan xalqının yaddaşına qan və od ilə həkk olunmuşdu. Həmin gecə Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağın Xocalı şəhərinə qarşı vəhşi hücum həyata keçirdi. O gecə dinc sakinlər qocalar, uşaqlar, qadınlar soyuq qış şəraitində, qar üstündə qətlə yetirildi. Həlak olanların sayı 613 nəfərə çatır; onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i isə qoca idi.
Xocalı o vaxta qədər Dağlıq Qarabağda fəaliyyət göstərən yeganə hava limanına ev sahibliyi edirdi. Erməni silahlı birləşmələri şəhəri mühasirəyə aldı, sakinlər şəhərdən çıxmağa çalışarkən meşələrdə, açıq çöldə amansızcasına qətlə yetirildi. Bu faciə beynəlxalq hüquq baxımından soyqırımı kimi dəyərləndirilir və Azərbaycan Respublikası, bir çox dövlət və beynəlxalq təşkilatlar tərəfindən rəsmən tanınıb.
Xocalı azad oldu!
30 il işğal altında qalan Xocalı, 19–20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində azad olunmuşdur. Yevlax rayonunda keçirilən danışıqların nəticəsində Xocalı rayonu 24 sentyabr 2023-cü ildə Azərbaycan Respublikasının nəzarətinə keçib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Şəhidlərimizin qanı yerdə qalmadı — bayrağımız Xocalı üzərində dalğalandı.
Bu qələbə yalnız hərbi uğur deyildi. Bu, şəhid analarının ağ saçlarının, uşaqların göz yaşlarının cavabı idi. Xocalı soyqırımının ağrısını ürəyinə köçürən hər azərbaycanlı o gün bir az nəfəs aldı, bir az rahatladı.
Xocalı şəhidlərinin ruhu şad olsun! Torpaqlarımız əbədi Azərbaycandır!
“Ədəbiyyat və incəsənət”
(26.02.2026)


