Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

24 fevral 2026-cı il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 2 saylı filialının təşkilatçılığı ilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 2 nömrəli Uşaq Reabilitasiya Mərkəzində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım və maarifləndirici tədbir keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Xocalı hadisələri zamanı həyatını itirən insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tədbir çərçivəsində mövzuya həsr olunmuş fotostend və kitab sərgisi təşkil edilib. Uşaqların yaş xüsusiyyətləri nəzərə alınaraq hazırlanmış məlumatlandırıcı təqdimat nümayiş etdirilib, kitabxana əməkdaşları tərəfindən hadisələrin tarixi əhəmiyyəti, sülhün və humanist dəyərlərin vacibliyi barədə söhbət aparılıb.

   Həmçinin mərkəzin əməkdaşları tərəfindən uşaqlarla birlikdə qəhrəmanlıq, birlik və vətən sevgisini ifadə edən qərənfil rəsminin çəkilməsi üzrə ustad dərsi təşkil olunub. Bu fəaliyyət uşaqların yaradıcılıq bacarıqlarının inkişafına və müsbət emosional mühitin formalaşmasına xidmət edib.

   Tədbirin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların sosiallaşmasına dəstək olmaq, onların milli-mənəvi dəyərlər barədə məlumatlılığını artırmaq və tarixi yaddaşın qorunmasının əhəmiyyətini yaş səviyyəsinə uyğun formada çatdırmaqdan ibarət olub.

 

“Ədəbiyyat və incəsənət”

(26.02.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.