MARAQLI – Faşistlərdən gizlədilən Nobel medallarının aqibəti Featured

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Yəqin ki, bir çoxunuz fizika üzrə Nobel mükafatı laureatı, danimarkalı alim Nils Borun Nobel qızıl medalını alman nasistlərindən gizlətməsi tarixçəsini eşitmisiniz. Söhbət qızıl medalını ağıllı və elmi şəkildə çar arağında əridərək, onu faşistlərdən gizlətməsindən gedir.

 

Xatırlayaq ki, çar arağı spirtli içki deyil. Bu qatılaşdırılmış azot və xlorid turşularının qarışığından ibarətdir. Çar arağı qızıl və platin də daxil olmaqla bir çox kimyəvi maddələri və elementləri oksidləşdirən və həll edən güclü bir qarışıqdır.

Əslində isə bu hadisə belə olmamışdır.

Bir neçə mənbəyə müraciət edərək əsl həqiqətin necə olduğunu oxuculara çatdırmaq qərarına gəldim.

Birincisi, əridilən bir yox, iki medal olmuşdur. İkincisi, bu medallar Bora aid deyildi. Üçüncüsü isə, onları turşuda gizlədən şəxs şəxsən Bor deyil, onun əməkdaşı olmuşdur. 

Almaniyada façistlərin hakimiyyəti zamanı öz ölkə vətəndaşlarına Nobel mükafatı almağı və gəzdirməyi qadağan etmişdilər. Həmin illər bir çox elm adamları üçün çətin günlər başlayır. Xüsusilə də yəhudi kökləri olan və ya yəhudiləri dəstəkləyənlər üçün.

İki alman fiziki və Nobel mükafatı laureatı – Ceyms Frank (1925-ci il mükafatı) və Maks fon Laue (1914-cü il mükafatı) müsadirə olunmaması üçün qızıl medallarının saxlanmasını Nils Bora həvalə edirlər.

Alimlər mükafatlarını Kopenhagenə göndərirlər.

Xüsusilə qeyd etmək lazımdır ki, professor Borun Kopenhagendəki nəzəri fizika İnstitutu 1933-cü ildən bəri bir çox yəhudi əsilli alman fizikləri üçün sığınacaq olmuşdur.

1940-cı ilin aprelində Almaniya Danimarkanı işğal edir. Və burada saxlanılan medalların təhlükəsizliyi Boru narahat etməyə başlayır. Üstəlik, yəhudi kökləri olan alimlərin özləri də təhlükə altında idi. Nils Borun köməyinə onun əməkdaşı, macar kimyaçısı Georg de Heveşi çatır.

Heveşi sonralar   xatırlayırdı: "Medalları gizlətməyi təklif etdim, lakin bu fikir medalların tapıla biləcəyindən ehtiyat edən Borun xoşuna gəlmədi. Ona görə də onları əritmək qərarına gəldim. Alman işğalçı qoşunları Kopenhagen küçələri ilə keçərkən, mən Ceyms Frank və Maks fon Lauenin medallarını əritməklə məşğul idim." 

Nasistlər Bor institutunu işğal edəndə orada uzun müddət və hərtərəfli axtarış aparırlar. Amma heç nə tapmayırlar. Ola bilsin ki, onlar sarı-narıncı maye olan bir kimyəvi qabı görüblər, lakin xlorun kəskin qoxusu yəqin ki, onlara qabın içindəkilərini anlamaq istəyini dayandırır. 

Müharibə bitdikdən sonra Nils Borun əməkdaşları həmin kimyəvi turşunun məhlulundan qızıl çıxarıb İsveç Kral Elmlər Akademiyasına təhvil verirlər. Orada isə yeni Nobel medalları hazırlanır və Maks fon Laue və Ceyms Franka yenidən təqdim edilir. 

Beləliklə, fizik Nils Bor və kimyaçı Heveşinin sayəsində dəyərli elmi mükafatın ikinci doğuluşu baş verir.

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.