Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”
Bir qrup şəxs öz işində məsləhətli adam axtarırdılar. Gündüz vaxtı əldə fənərlə axtarış da bir nəticə vermədiyindən, polisə müraciət etmək qərarına gəlmişdilər. Axtarılan şəxsin vizual görüntüsü, biometrik məlumatları haqqında təsəvvür belə yox idi. Polis mümkün məlumatları əldə edərək, ibtidai istintaq tədbirlərini həyata keçirib, axtarışa davam edirdi. Faktla bağlı araşdırma aparılır.
Onlar axtarışı sürətləndirmək məqsədilə xoşqədəmə yox, Xoşqədəm xanıma ehtiyac duyulduğunu hiss etdilər. Sağ olsun Xoşqədəm xanım ki, bir qrup şəxsi qəbul edib, televiziya ekranlarından məlum hadisəni işıqlandıraraq daha çox insana çatmasına kömək etmək qərarına gəlmişdi. Amma çox təəssüf ki, ailə problemlərini böyük iştahla tum çırtlayaraq izləməyə alışmış Pakizə xala və digər həmkarları, onların maraq dairəsinə uyğun olmayan bu dəfəki verilişin başlanğıcını görüb "tfu belə verilişə" deyərək, televizoru söndürmüşdülər...
İndi bütün ölkə həmin şəxsdən agah olmuş, onu axtarırdı. Ancaq bir nəfər də olsun "gördüm" deyən yox idi. Bizim qəhrəmanlar axtarışı sürətləndirmək və bu istiqamətdə olan auditoriyanı genişləndirmək məqsədilə, təsir dairəsi geniş olan Lalə Azərtaşa da müraciət etməyi unutmadılar. Sağ olsun, Lalə xanım da bu bir qrup tifilləri yalnız buraxmadı. Münsiflər heyəti bu dəfə onlara uyğun olmayan mövzu ilə rastlaşdıqlarından susqun vəziyyətdə, sponsorların verdiyi yumşaq mebeldə əyləşərək yuxulamışdılar. Artıq bu axtarış geniş vüsət aldığından, bikar adamlar normal olaraq şayiələr yaymış, tez-tez efirə zənglər etməyə başlamışdılar.
"Orda gördüm", "burda gördüm" cümlələri artıq qulaq qanatmağa başlamışdı. Yalnız içlərində deyilən bir xəbər inandırıcı idi...
O, ölkədən qaçıb gedib...
İndi onu tapmaq üçün Interpola müraciət etmək lazım gələcəkdir.
Polis axtarır, televiziya bağırır, insanlar soraqlaşır, qonşular pıçıldaşır, səhifələr paylaşır, TikTok şir istəyib, reytinq axtarır...
Hamının gözünün kökü saralaraq yol gözləyir, qulaq telefon zəngi, "Alo, mənəm" kəlməsini intizarla eşitmək istəyir.
Və birdən ümidlər sönmək üzrəykən zəng gəlir. Ümidlər yenidən közərməyə başlayır. Telefon dəstəyi götürülür,
– Alo, kimdi? – soruşulur.
Çox keçmədən cavab eşidilir:
– Qadan alım, mənəm ey, Nərbala, xolodilnik ustası.
– Ay dayı, nə lazımdı?
– Sizin adamı tapmışam.
– Necə, necə? Nə danışırsınız? Tez olun, deyin görək, hardan, necə?
– Hə, tapmışam. Çox nahaq yerə bu qədər əziyyət çəkib onu səhv yerdə axtarmısınız. Ölkəni ayağa qaldırmısınız. O, öz yerində olub həmişə.
Həmin məsləhətli adam – sən demə, boş keçən dərslərdə, "şirinliklə" yazılan qiymətlərdə, tanışlıqlarla düzəldilən işlərdə olub...
“Ədəbiyyat və incəsənət”
(12.06.2025)