Super User
Qədim Türk Xalqları: Tarixin Şərəfli Səhifələri
Xanəliyeva Nigar, “Ədəbiyyat və incəsənət”
Türk xalqları dünyanın ən qədim mədəniyyətlərindən biri olmaqla tarix boyunca geniş ərazilərdə hakimiyyət sürmüş, zəngin mədəniyyət, fəlsəfə və hərbi bacarıqlarla tanınmışdır. Türk etnosunun kökləri Orta Asiya çöllərinə uzanır və onların tarixi səlnamələri hər bir addımda qəhrəmanlıq, mübarizə və yeniliklərlə zənginləşir.
Mifologiya və mədəniyyət
Qədim türklərin dünyagörüşü onların mifologiyasına və inanclarına dərindən bağlı idi. Gök Tanrı inancı türk dünyagörüşünün mərkəzində dayanırdı. Göy, yer və su kimi təbii elementlər müqəddəs hesab olunurdu. Türk dastanlarında, xüsusilə "Ergenekon" və "Oğuz Kağan" kimi əsatirlərdə təbiətlə vəhdət, azadlıq uğrunda mübarizə və birlik ruhu təsvir edilir.
Türklər yalnız savaşçı deyil, həm də mahir sənətkar və tacirlər olmuşlar. İpək Yolu boyunca qurulan ticarət şəbəkələri türk xalqlarının Asiya ilə Avropa arasında mədəniyyət körpüsü rolunu oynamasına imkan yaratmışdır. Arxeoloji qazıntılar türk sənətinin parlaq nümunələrini – qızıl və gümüşdən hazırlanmış zərgərlik əşyalarını, oyma daşları və naxışlı parçaları ortaya çıxarmışdır.
Dövlətçilik və qanunlar
Qədim türklər dövlətçilik ənənələrinə görə də diqqətəlayiqdirlər. Hunlar, Göytürklər və Uyğurlar kimi qüdrətli dövlətlər yalnız hərbi güclə deyil, həm də güclü idarəetmə sistemləri ilə tanınmışdır. Məsələn, Göytürk Kağanlığı ilk dəfə "Türk" adını rəsmi dövlət adı kimi istifadə etmiş və tarixdə türklərin mərkəzləşmiş dövlət anlayışını formalaşdırmışdır.
Orxon-Yenisey yazıları türklərin qədim yazı mədəniyyətinin möhtəşəm nümunəsidir. Bu yazılar yalnız tarixi faktlar deyil, həm də türklərin həyat fəlsəfəsi, dünyagörüşü və dövlətçilik prinsiplərini əks etdirir: "Türk xalqı öz dövlətini qorumazsa, yadellilər onu özlərindən ayıracaqdır."
Hərbi bacarıqlar və siyasi təsir
Türk xalqları tarixin hər dövründə döyüş meydanlarında öz hünərlərini göstərmişlər. Qədim Hunların Avropaya yürüşləri, Göytürklərin Çinə qarşı apardığı mübarizə və Səlcuqlu türklərin Anadoluda qurduğu hakimiyyət türklərin hərbi bacarıqlarını və siyasi təsir gücünü sübut edir. Qədim türk orduları atçılıq və yay oxatma texnikası ilə döyüş meydanlarında üstünlük qazanırdılar.
Türklərin dünya mirasına töhfəsi
Türk xalqları tarixən yalnız silah gücü ilə deyil, həm də elm, mədəniyyət və fəlsəfə sahəsində dünya mirasına böyük töhfələr vermişlər. Onlar çöl həyatından gələn sərtlik və nizam-intizam ilə şəhər mədəniyyətini birləşdirərək bəşəriyyətin inkişafına töhfə veriblər. Məsələn, qədim Uyğurlar kağız istehsalı və kitab çapında mühüm addımlar atmışlar.
Son söz
Qədim türk xalqlarının tarixi yalnız keçmişin bir səhifəsi deyil, həm də indiki türk xalqlarının kimliyini və gələcək yolunu müəyyənləşdirən bir irsdir. Türk tarixi, mədəniyyəti və fəlsəfəsi bu gün də öz aktuallığını qoruyur, türk xalqlarını birləşdirən mənəvi bağ olaraq yaşayır.
Bu qədim xalqın mirası, mübarizəsi və zəngin mədəniyyəti bizə yalnız fəxr etmək üçün deyil, həm də gələcək nəsillərə ilham vermək üçün yadigar qalmışdır.
“Ədəbiyyat və incəsənət”
(25.11.2024)
“Krossvord” - İlham Əzizin yeni hekayəsi
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün İlham Əzizin yeni hekayəsi təqdim edilir.
Həftənin beş günü səhər 7-də Sahil metrosunun üzbəüzündəki sovetdənqalma qəzet köşkünün qabağında görüşürdülər. Buranı seçməklərinin səbəbi vardı; krossvord qəzeti alırdılar. Bu işi şöbənin ən cavanına - Aqilə tapşırmışdılar. Rafaellə Səxavət tez gəlsələr də, mütləq Aqili gözləyirdilər. Aqil krossvord seçməkdə peşəkarlaşmışdı. Qəzeti alandan sonra piyada üz tuturdular iş yerlərinə - Səməd Vurğun küçəsindəki Maliyyə Nazirliyinin mərkəzi binasına.
Krossvord xəstəliyi ölkəyə müstəqillikdən sonra ayaq açmışdı. Səxavət, Rafael, Aqil də bu xəstəliyə yoluxanlardan idi. Şöbə müdirinin işdən çıxdığı son altı ayda əl-qolları lap açılmışdı. Harda otursalar, hara getsələr, o xanaları düşünür, sözü tapanda da durduq yerdə qımışırdılar. Onsuz da əsas işlər ilin əvvəlində görülürdü, büdcə hələ keçən ildən hazır olurdu, arada tək-tük məktublara cavab yazırdılar.
Səhər tezdən qapıda duran kadrlar şöbəsi müdirinin oğrugüdən nəzərlərinin altından sivişib şöbəyə qalxırdılar. Səxavət otağa girən kimi çay qoyurdu, Rafael dünəndənqalma kağız-kuğuzu yerbəyer eləyirdi, Aqil işdən çıxan şöbə müdirinin stolunun üstünə krossvordu sərirdi. Birdən vur-çatlasın başlayırdı. İki-üç hərfli sözlər tapança kimi açılırdı. Hər tapılan uzun sözlə otağın havası yüngülləşirdi. Başqa şöbələrin də işi-gücü krossvord yazmaq idi, intəhası, büdcə şöbəsinin ustalığı bir başqaydı.
Bu gün də o əhvalla şöbəyə tələsirdilər. İçəri girən kimi idarə rəisinin diqqətlə divara baxdığını görüb diksindilər. İdarə rəisi iki otaq o yanda otururdu, şöbəyə az-az baş çəkirdi.
Rəisi görəndə üçü də birdən salam verdi, onun isə tükü də tərpənmədi, divardakı Ramazan təqviminə baxırdı. Səxavət təqvimi oturduğu yerin yuxarısından divara asmışdı.
- Səxavət, sən müsəlmansan? - rəis lapdan çevrildi, qaşlarını çatıb soruşdu.
Səxavət duruxdu, gözlərini o qədər qıydı, az qaldı, bəbəkləri bata. Fatmayıdakı yarımçıq evi, arvadı Xədicənin çığırtısı, köhnə "Moskviç"inin sınıq güzgüsü batıq gözlərindən düz beyninə doldu:
- Yox, ay rəis.
Rəisi gülmək tutdu. Güləndə alnının düyünü açıldı, qaşları yerinə qayıtdı. Rafaellə Aqil də rahat nəfəs aldılar.
Rəis: "Ayə, sən nətər adamsan?" - deyib başını yelləyə-yelləyə otaqdan çıxdı.
Səxavət otağın küncündəki dolaba baxdı:
- Çay qurtarıb ki... Qaçım, alım, gətirim.
Səxavət otaqdan çıxdı. Aqil qəzeti hirslə müdirin stolunun üstünə atıb kompüterləri toka taxdı. Rafael yerindən tərpənmədi, Səxavətin qayıtmağını gözlədi. Kompüterlər hələ tam açılmamış, Səxavət əlində çay qutusuyla gülə-gülə içəri girdi. "Çempion" çayını görən Rafaelin ovqatı təlx oldu.
Səxavət çayı dolabın gözünə qoyub dedi:
- Bu dükançı da məzəli adamdı e, deyir, siz ki bu qədər çay içirsiz, büdcə çətin düzələ.
Rafael bildi ki, dükançı elə söz deməyib, Səxavət bununla aranı qatıb bayaqkı pərtliyini ört-basdır edir. Stola yaxınlaşıb krossvordun ilk sualını oxudu: "Günəş Allahı".
"RA" deyən kimi Aqillə Səxavət stola cumdular.
Musiqi aləti - "tar".
"Çörək" - "nan..."
Elektrik samovarı asta-asta pıqqıldayırdı. Aqil ciblərini eşələyib evdən götürdüyü konfeti axtarırdı. Bir də baxdı ki, əynində başqa kostyumdur, naçar qalıb qənddanı stolun üstünə qoydu. Şıdırğı iş gedirdi, sözlər tapılırdı, krossvord dolurdu. Nahar fasiləsinə çatanda krossvordda bir-iki çətin söz qalmışdı, onu da nahar edib tapacaqdılar.
Rafael otağın qapısını bağladı, Aqil müdirin stolunun üstündən qəzeti götürüb ehmalca bükdü. Səxavət yeməkqabağı çayları süzürdü. Evdən gətirdikləri bankalar asta-asta ortalığa gəldi. Səxavətlə Aqilin gözü Rafaelin bankasındaydı. Bu gün də yarpaq dolması gətirmişdi. Bankanın qapağı açılan kimi otağa yarpaq ətri yayıldı, üzlərinə sevinc qondu. Yemək çox çəkmədi. Havadan-sudan danışa-danışa yeyib qurtardılar. Aqil qab-qaşığı yumağa apardı. Səxavət ağzını marçıldada-marçıldada üzünü Rafaelə tutdu:
- Əşi, özüm bilə-bilə elə dedim də. Guya, bilmir mən müsəlmanam? Fatmayıda da ateist olar?
Rafael bir söz demədi.
Aqil qabları gətirib yerbəyer eləyəndən sonra qəzeti sərib əliylə sığal çəkdi. Krossvorda baxıb soruşdu:
- Şaxta babanın vətəni.
Rafael sualı eşidəndən sonra siyirmələri eşələməyə başladı. Səxavət də güzgüdə zərgər dəqiqliyi ilə səliqəyə salınmış bığına - eyni ölçüdə düzülən tüklərə baxırdı:
- Yenə bığımı "çotki" düzəltmişəm ha... Laplandiya!
Aqil qələmi götürüb xanalara hərfləri yazanda Rafael Səxavəti diqqətlə süzürdü. Bir ay qabaq başına açdığı oyunu hələ də ona keçməmişdi.
Həmin gün rəis Rafaellə Səxavəti yanına çağırıb qabağındakı kağızı onlara göstərmişdi:
- İkinizi də Dövlət Karantin Xidmətinə yoxlamaya yazmışam. Vicdanım haqqı, pul yox e, gedib orda çörək kəssəz, məndən inciməyin, sizi tutduracam. Nə var, nə yox, yazın, gəlin, nə olsa, sizi də nəzərə alacam.
Səhərisi gün Rafael düz doqquzun yarısı Azadlıq prospektində - vədələşdikləri yerdə gözləyirdi. Səxavətin gömgöy "Moskviç"i boz binaların beton sifətləri arasında göründü. Rafael yola tərəf təzəcə bir addım atanda maşın onun yanından sivişib keçdi. O, bir şey anlamadı. Fikirləşdi, bəlkə, səhv salıb. Arxadan boylandı, yox, Səxavətin "Moskviç"idi, sağ güzgüsü də sallanır. Əl eləməyin də mənası yoxdu. Bu güzgü asfalta baxır. Bilmədi, neynəsin, qayıdıb səkidə durdu. Öz-özünü söyməyə başladı: "Nahaq satdım "Jiquli"ni. Satdım, verdim Tahirə, o da belə..."
Birdən "qədeş gəlmirsən?" səsi qulağında cingildədi. Səxavət başını sərnişin tərəfdən pəncərədən çölə çıxarıb bic-bic gülürdü. Rafael heç nə demədən maşına oturdu.
- Qədeş, manatlıq adam düşdü, dedim, əlimdən çıxmasın, - Səxavət dedi.
Dövlət Karantin Xidmətinə çatanda qalstuklarını düzəldib idarəyə girdilər. Hamı üzdən gülsə də, qəfil gələn qonaqlar heç kimin ürəyincə olmamışdı. Səxavətlə Rafael bütün maliyyə işçiləri kimi bu münasibətə öyrəncəli idi, ona görə veclərinə olmadı.
Texniki təchizat şöbəsinin rəisi çox vurnuxurdu, həddən artıq canıyananlıq edirdi. Bir stulu aparıb, o birini gətirirdi, dayanmadan girib-çıxırdı. Bilirdi, sonda bəla onun başında partlayacaq. İndidən görüm-baxım edir, eyni anda evdəki pulları, alacaq yerləri düşünürdü.
Günortaya az qalmış təchizat rəisi asta səslə dedi:
- Vallah, yoxlamaya dəxli yoxdu, durun, gedək, bir tikə çörək yeyək, - Rafael necə baxdısa, rəis pərt oldu. Dinməz-söyləməz çıxıb getdi.
- Əlimi yuyub gəlim, gedək, buralarda sosika-çörək yeyək, - Rafael dedi.
Səxavət qurcuxdu, hiss olunurdu, vaxt udur. Bu dəm təchizat rəisi gülə-gülə içəri girdi:
- Məllim, hazırdı, 10 demişdiz, 20 litr vurdurdum.
Təchizat rəisi bunu deyəndə, Rafael bildi ki, aləm bir-birinə dəyəcək.
Yoxlama bir ay çəkdi. Söhbət öz rəislərinə çatdı, hər gün ikisini də itdən alıb, itə verdi. Axırda köməyə yenə də Aqil yetişdi. Rəisdən yaxa qurtarmağın yolunu ancaq Aqil bilirdi. Aqil rəisin yanına girən kimi təzə terminləri saymağa başladı; struktur, innovasiya, rezident sözləri havada uçdu. Rayondan vəzifəyə gətirilən adama da heç bu sözləri demək olar?
- Rədd olun, gedin, işinizi görün!
Həmin gündən sonra rəis bir də bu söhbətə qayıtmadı. Rafael bu biabırçılığı unuda bilmirdi. Ancaq indi "Laplandiya" deyəndə onun gözünə Səxavət lap Şaxta baba kimi görünmüşdü.
*
İş gününü başa vurub küçəyə çıxdılar. Səxavətlə Rafael qabaqda, Aqil də onlardan arxada gəlirdi. Metroya tələsirdilər, bu vaxtlar metroda iynə atsan, yerə düşməzdi. Aqil bir ara qabağa keçdi. Rafael zarafatla: "Azacaqsan, çox irəli getmə", - dedi.
Aqil kənd uşağıydı, şəhərin küçələrini yaxşı tanımırdı, elə bilirdi ki, hansı küçəni axıra qədər getsə, bir də qayıda bilməyəcək, itib batacaq. Ona görə hara gedirdisə, yolda mütləq küçəni dəyişirdi. Yolunu uzatsa da, küçələri aldadırdı, istəmirdi küçələr onu birdəfəlik şəhərdən azdıra.
Aqilə elə gəlirdi, şəhərin yolları olmasaydı, adamlar mehriban olardılar. Onları heç yerə gedib çıxmayan yollar bədbəxt edib. Belə düşüncələrini ara-sıra yoldaşlarına da demişdi.
Küçəni burulanda Səxavətin ayağı çuxura düşdü, səndələdi, Rafael tez qoluna girdi:
- Nə oldu sənə?
- Bilmirsən? Başım itib, fikirdəndi.
Birdən ayılan kimi oldu:
- O biri sözü də tapdım, "tramvay".
Sevindilər. Metroya çatanda Aqil dayandı:
- Gəlin, bir siqaret çəkək, sonra minərik, - deyib qoltuq cibindən "Viceroy" çıxardı.
Səxavət başını yellədi:
- Ağlın çatmır, vallah. Biz siqaret çəkirik?
Aqil fikir vermədi, nazik plaşını düzəldə-düzəldə siqaretini sümürürdü. Bakının sərin küləyi onun az-maz çallaşmış saçlarını oxşayırdı. Ağaclarda payıza təslim olmayan həyasız yaşıl yarpaqlar əsirdi.
Rafaellə Səxavət göz-gözə gəldi. Aqil şən görünürdü, amma onun intihar edə biləcəyindən çox qorxurdular. İkisi də eyni vaxtda eyni şeyləri düşündülər, Səxavət dözmədi:
- At yerə o zibili, gəl, yoxsa, basabasa düşəcəyik, - deyib Rafaeli metroya tərəf dartdı. Aqil siqareti tullayıb onlara qoşuldu.
Səhəri gün işə çatan kimi Səxavətin dünən tapdığı sözü də xanalara yazdılar. Krossvordda tapılmayan bircə söz qaldı. Bu gün tapılsa, sabaha yenisini alacaqdılar, hər şey yenidən başlanacaqdı. Sözün, cəmi, iki hərfi məlumdu; "L" və "k"hərfləri. Bir az da uzun söz idi, belə sualla da ilk dəfə qarşılaşırdılar.
İlk cavab Səxavətdən gəldi: "Hamiləlik", - dedi və deyən kimi də peşman oldu. Söz üçünün də içindən keçdi. Vəziyyətdən heç cür çıxmaq olmurdu. Hərə öz stoluna yaxınlaşdı. Krossvord ortada qalmışdı. Heç kim qəzetə yaxınlaşmağa ürək eləmirdi. Səxavət qəzetə baxdı, ürəyində dedi ki, bir də krossvord yazmayacaq. Gözü güzgüyə sataşdı. Fikirləşdi, evə gedib bığını təmiz qırxsın. İndicə rəis gəlib üçünü də danlasaydı, lap ürəklərindən olardı. Səxavət bu sözü evlənən gündən yara kimi içində saxlamışdı.
Səxavətə öz qohumunu almışdılar. İnsafən, Xədicə gözəl-göyçək, tərbiyəli, imanlı qadındı. Əvvəl hər şey ürəkləri istəyən kimi gedirdi. Bir il keçəndən sonra qohum-əqrəba uşaqla bağlı xısınlaşmağa başladı. Hər keçən il bu səslər artırdı, axırda xora çevrildi, dünyanı Səxavətlə Xədicəyə dar elədi. Kimə salam verirdilər, birinci sual bu olurdu:
- Ay Xədicə, bir şey var?
Bu sualdan daha betəri dualar idi. Nə söhbət olurdu, araya salıb "Allah sizə bir övlad nəsib eləsin" deyirdilər, Səxavətlə Xədicənin ürəyini oxlayırdılar. Hər belə söhbətdən sonra Səxavət balacalaşır, Xədicənin deyingənliyi artırdı. Adi sual, adi söz böyük davaya çevrilirdi. Süni mayalanma söhbətləri çıxanda Səxavət çox götür-qoy elədi, axırda ürəyini Xədicəyə açdı. Xədicə başıbağlı, dindar qadındı, daş atdı, başını tutdu. Səxavətə dedi ki, bu söhbəti bir də eləsən, başımı açacam. Səxavətə elə gəldi, Xədicənin bütün hikkəsi bu çadranın altındadı, açsa, ərşə dirənəcək. Ona görə söhbəti bir də dilinə gətirmədi. Səxavət Xədicəyə söz çatdıra bilməyəndə qayıdırdı ki, Rafaelin gətirdiyi dolma min dəfə sənin yeməyindən dadlıdı.
*
Günlər beləcə keçir, söz tapılmır, otaqda oturmaq dözülməz olurdu. Əslində bu həngamələrsiz də otaq bir şey deyildi. Mebel, demək olar, yox idi. Başda şöbə rəisinin üç barmaq hündürlüyündə "T" hərfli stolu, bir də işçilərin üç balaca stol və stulları vardı. Rafaellə Aqil pəncərə önündə, Səxavət də lal divarın qabağında otururdu. Otağa girən kimi sağ əldə balaca dolab vardı. Onu şöbənin mətbəxi kimi işlədirdilər. Baxanda adama elə gəlirdi, bu otağa heç insan nəfəsi dəyməyib. Bircə balkonun məhəccərində dinməzcə ora-bura vurnuxan sərçə dünyada yaxşı şeylərin olacağından xəbər verirdi.
Artıq yeddi gün idi, söz tapılmırdı. Səhər iş təzəcə başlamışdı, qonşu şöbədən Gülşən nazlana-nazlana otağa girdi:
- Nu çto rebyata, tapmadız?
Gülşən ara-sıra şöbəyə gələndə dikdabanından çıxan səs burdakı yeknəsək ritmi pozurdu. Onun geyim-keçimi əla, ətri də gendən adamı məst edirdi. Amma nədənsə bu qızın heç nəyi xoş ovqat yaratmırdı. Ən çox da Aqilin onu görməyə gözü yox idi. İndi Gülşənin ədabazlığı onu lap özündən çıxardı. Səxavət Aqilin üzündə bunu hiss eləyən kimi tez dilləndi:
- Ay Gülşən, bu qədər gözəlliklə niyə ərə getmirsən?
- Səxavət müəllim, əri neynirəm, gəzib dolaşıram, sorub-soruşduranım yox, həyatın dadını çıxarıram. Mənimçün ərə getmək iki vur ikidi.
- Bəs sevmək, eşq?
- A kişi, nə sevmək, nə eşq ? Pul olsun e, pul, denqi.
Bu söz Gülşənin ağzından çıxan kimi Aqil qışqırdı:
- Sevgisizlik!..
Necə bərkdən və ürəklə dedisə, Gülşən otaqdan çıxanda dikdabanının səsi eşidilmədi.
Səxavətin gözləri parıldadı. Deyəsən, məşəqqət bitəcəkdi. Krossvord Rafaeldəydi. Aqil tez Rafaelin yanına qaçıb, krossvordun xanalarına zilləndi.
Aqilçün bu xanaların mənası başqa idi. O bu xanalara baxanda əvvəllər işlədiyi Qadınlar üçün İslah-Əmək Müəssisəsini xatırlayırdı.
Hər xana ordakı bir hücrə, hər xanadakı hərf oranın qadın sakini idi. Bəzisi yaşlı, bəzisi cavan. O, hərfləri də yaşlıya, cavana ayırmışdı. Hər dəfə xanalardakı hərfi tapanda dünyada ən çox sevdiyi qadına - Şəhlaya qovuşacağına inanırdı.
Aqil Şəhlaya 1 nömrəli qadın təcridxanasında rast gəlmişdi. Bəstəboy, qəhvəyi saçları çiyinlərində, gözləri ala, balaca burnu sifətinin düz ortasında, dodaqları şehli... Burda qadınlara diqqət etmək kişi zabitə yaraşmazdı. Həm də hamı bu məsələdə bir-birinə göz-qulaq idi. Yüngül səhv adamı işindən edərdi. Aqil qadın türməsində hər cürünü görmüşdü. Elə bu səbəbdən də evlənmək ağlının ucundan keçmirdi. Elə yalanlara şahid olmuşdu, elə hiylələr eşitmişdi, öz anasından şübhəyə düşürdü. Ona elə gəlirdi, uşaqlıqdan anası ilə atasının aralarındakı davaların hamısının günahkarı anasıdır. Türmədə keçirdiyi saatlarda dünyadan, ən yaxşı, ən müqəddəs hisslərdən soyuyurdu. Ta Şəhlanı ikinci dəfə görüb danışana kimi. Elə ciddi söhbət də deyildi. Sadəcə, rejim barədə yeni məhbusu məlumatlandırmaq, içəridə öz adamı eləməkçün adi əməliyyat söhbətlərindən biri idi. Nə oldusa, orda oldu. Şəhla qarşısındakı zabitə nifrətlə cavablar verdi. Hər dəfə üzünü turşudub cavabdan yayınanda Aqilin içinə isti qurğuşun damcıladı, içi-içalatı istiləndi, ağırlaşdı, zindana döndü. Bilərəkdən söhbəti uzatdı, mənasız danışdı, hərdənbir qadın zabit otağa girib-çıxırdı, söhbətin uzun çəkdiyinin fərqində olduğunu Aqilə eyham vururdu, amma nə fayda?..
Şəhla bezib durmasaydı, Aqil bu söhbətlə də ömrünü bada verib, ölüb gedəcəkdi. Şəhla icazəsiz-filansız otaqdan çıxdı, Aqil bir nöqtəyə zilləndi, anladı ki, hər şey daha əvvəlki kimi olmayacaq. Bu təhlükəli vəziyyət onun ömrünün ən gözəl çağı idi. Ya Şəhla, ya da ömür boyu boşluq və rəzalət!..
Bəla günü-gündən artdı, Aqili bürüdü. Ona elə gəlirdi ki, Şəhla məktəb yoldaşı olub, uşaqlıq sevgisidir, onu min ildir tanıyır.
Şəhla da ilk vaxtlar Aqili görəndə üzünü çevirirdi, onun işindən də, özündən də iyrənirdi. Ancaq günlərin birində Aqilin saçlarına baxdı, gözlərindəki əzabı gördü, yazığı gəldi. İstədi, bağrına basıb hönkürsün, özünü ələ aldı. Aqil Şəhlaya çatanda cibindən konfet çıxarıb əlləri əsə-əsə uzatdı, Şəhla aldı, ovcunda sıxdı, Aqil quş cələsi kimi hörgülərdən göylərə baxdı.
Aqil işdən sonra küçəyə çıxanda özünü itirirdi, bilmirdi, hara getsin, hara getsə, Şəhladan uzaqlaşırdı... Bütün küçələr gəlib burda, bu türmədə düyünlənirdi.
O, dərdini bircə uşaqlıq dostu Elşənə dedi, o da zarafata saldı, öyüd-nəsihət verdi. Şəhlanı söymək istədi, Aqil elə baxdı, qorxdu, söymədi. Onda Aqil bildi ki, 30 ildir dostluq etdiyi adam onun düşmənidir.
Rafael başını yellədi:
- Ay Aqil, hərfin biri artıqdır.
Səxavət gülüb dedi:
- Tapsam, elə mən tapacam, sizdən bir iş çıxan deyil.
Bu sözlərdən sonra Rafael hirsindən bilmədi nə desin, qayıtdı ki, Səxavət, toqqanı düzəlt.
Ramazan ayının tən ortasıydı. Səxavət gəlib hər gün kənddə verilən iftar süfrələrindən ağızdolusu danışır, yeməkləri bir-bir sadalayırdı. Rafael də eyni vaxtda Səxavətin oruc tutmadığını onun başına qaxırdı. Bunları eşidib Səxavət deyirdi:
- Vallah, mənim ürəyim oruc tutanlardan min dəfə təmizdir.
Neçə gündü hərə bir söz tapıb deyirdi, başqa şöbələrə də hay düşmüşdü. Rafael evdən çıxandan yolboyu sözü axtardı, ağlına heç nə gəlmədi. İşə çatdı, əlindəki bankanı çəkməcəyə qoyub, krossvordu rəisin stolunun üstündən götürüb zəndlə baxdı. Hərə öz işindəydi.
- Tapdım, "yetimlik".
Aqillə Səxavət dik atıldılar. Aqil cumub qəzeti götürdü, damaları saydı, üzü əyildi:
- Saya da bilmirsən?
Rafael bir də diqqət edəndə gördü, düz deyir, damalardan ikisi boş qalır.
Səxavət yaxınlaşıb Rafaelin əlindən tutdu, Rafael başını aşağı saldı.
O, Tahirin ölümündən sonra çarəsiz qalmışdı. Qırğın-qiyamətlə evlənmişdi Tahir. Qızın atası daş atıb başını tuturdu. Söhbət indinin söhbəti deyildi, nəsil-nəcabət davasıydı. İndi də gəlib Tahirin başında çatladı. Kənddə dilə-dişə düşmüşdülər. Atası Tahiri danlayırdı:
- Başına qız qəhətdi? Sümüyümü it sümüyünə calama, - deyirdi.
Tahirin tək ümidi adı nəsillə bir olan Rafaelə qalmışdı. Əncam çəksə, bircə Rafael çəkər. Araları açıq olmasa da, dərdini anlatmışdı, elə Rafael də məsələdən hali idi. Səhərki söz-söhbətdən sonra Rafael gecə anasını yuxuda gördü. Gördü, kefsizdir. Öləndən heç yuxusuna girməmişdi. Tezdən əl-üzünü yumamış Tahirə xəbər göndərdi:
- Qızı qaçır, gətir bizə!
O gündən Rafael həm atasıyla, həm də qızın qohum-qəbiləsiylə düşmən oldu. Kənd-kəsəkdən kim dilləndi, ağzından vurdu: "Ölməmişəm ki, lazım gəlsə, burda da qalacaqlar!"
Elə də oldu. Tanış-bilişdən iş soruşdu. Tərs kimi iş də tezliklə düzəldi. Dostunun Puşkin küçəsindəki "Exchange"ində. Əli-ayağı quru, qazancı da yaxşı. Rafael həm sevinirdi, həm də qürrələnirdi. Bir sevdanı, bir sevgini xilas eləmişdi. Bilirdi, hər şey axarına düşəcək. Dünyada qız qaçıran bir Tahir deyildi ki...
Ta keçən ilin qara qış gününə kimi. Həmin gün də oynaya-gülə evdən çıxdılar, yolboyu Rafael Tahirə tapşırdı, ev axtarsın: "Şükür, özünü dolandıra bilirsən, beşdən, üçdən dala da atırsan. Tək yaşasaz, bir az da qənaət edərsiz, məsuliyyətli olarsız".
Bu, iki qardaşın son danışığı, son dərdləşməsi oldu. Günorta Tahiri iş yerində güllələdilər. Rafaelin beli sındı, ömrünə əbədi qar yağdı.
Bir tərəfdən, qardaş itkisi, bir tərəfdən də, qarnı burnunda qız üzlü gəlin.
Kənd-kəsəkdə deməli, danışmalı söhbət deyil. Günahın hamısı yığılıb-yumrulanıb qaldı Rafaelin boynunda. O gündən Rafael heç nəyə gülə, heç nəyə sevinə bilmir, günü-gündən əriyirdi. Bircə ümidi o körpəyə qalıb, bəlkə, doğulmağıyla nəsə dəyişə. O da bəlkə...
Rafaelin canında elə ağrı vardı ki, onu izah etmək mümkün deyildi. İndi o, həqiqəti, sevinci, kədəri qarışdırırdı. Özünə ömrünün etiraflarını edir, etiraf etdikcə tək qalmaqdan qorxurdu.
İndi də bu söz bəla olub keçmişdi boğazına. Otaqda bir az qalsaydı, ürəyi dayanacaqdı:
- Uşaqlar, mən gedib bir az hava alım, gəzişim.
Əlində nə vardısa, qoyub otaqdan çıxdı. Səxavət dalıyca qışqırdı:
- İstəyirsən, evə get, soruşan olsa, deyərik, sənəd apardı.
Yəqin ki, Rafael bu sözləri eşitmədi, günün sonunacan heç onu gözləyən də olmadı...
*
Ramazanın sonu yaxınlaşmışdı, amma söz tapılmırdı. Söz tapılmadıqca münasibətləri pisləşir, yeməklərini də tək yeyirdilər. Bircə krossvordun başına yığışırdılar. Belə getsə, salam-kəlam da kəsiləcəkdi.
İşə də ayrı-ayrı gəlirdilər, heç kim heç kimi əvvəlki kimi gözləmirdi. Çay qoymağa da həvəs yox idi.
Təzəcə oturub kağız-kuğuzu yerbəyer edirdilər, qapı şəstlə açıldı. Qapının səsindən rəisin gəldiyi hamıya aydın idi. Rəis içəri göz gəzdirəndən sonra azca sağa çəkildi, arxasınca ortaboylu, üz-gözündən rahatlıq yağan, ağ köynəkli, "parlament" kostyumlu cavan oğlan peyda oldu.
- Sizin şöbənin təzə rəisidi, tanış olun - Rüfət müəllim.
Rəis bu sözləri deyib üçünün də sifətinə baxdı. İlk dillənən Səxavət oldu:
- Xoş gəlmisiniz, mənim adım Səxavətdi, bu Rafael, bu da Aqil.
Qabağa gəlib görüşdü. Rafaellə, Aqil görüşməyə qorxan adamlar kimi başları ilə özlərini təsdiqlədilər. İdarə rəisi elə sifət elədi, bilinmədi gülür, ya nifrət edir, çönüb otaqdan çıxdı. Şöbənin yeni rəisi otağa nəzər saldı, boş qalan stoluna baxdı. Stolun üstü qarmaqarışıq idi. Səxavət fiti başa düşdü, cəld rəis stolundakı hər şeyi qamarlayıb götürdü. Rəis yerinə keçdi, kreslosunda oturdu, oturan kimi narahat oldu:
- Bunu dəyişmək lazımdı, - dedi.
Rəis yerinə keçəndən sonra otağa səssizlik çökdü. Balkonda bayaqdan dinməzcə ora-bura boylanan sərçə "pırr" eləyib uçdu.
Aqil ciblərini qarışdırdı:
- Bəlkə, çay qoyum, içək?
Rəis stoluna əl çəkə-çəkə: "Kofeniz yoxdu?" - deyib başını qaldırdı.
Rafael birdən anladı ki, bu otaqda səkkiz ilə yaxındır oturur, heç vaxt burda kofe içilməyib.
Səxavət yazıqlaşdı, "yox" dedi. Yazıqlaşan kimi səsi kallaşırdı, öz səsinə oxşamırdı.
Rəis çiyinlərini çəkdi:
- Neynək, dəmləyin, içək.
Sözlər doğma gəldi, qırışıqları açıldı. Aqil cibindən üç dənə konfet tapıb qəndlərin üstünə düzdü, qəndqabını rəisin stoluna qoydu. Krossvord Rafaelin stolunun üstündəydi. Ehmalca qatlayıb siyirməyə qoyanda nəsə aşdı, təzədən açıb baxmağa utandı. Aqil elektrik samovarını yandırıb gözləyirdi, samovar həmişəkindən çox səs salmağa başladı. Ümidi ona idi ki, otaqdakı soyuq ab-havanı isti çay mülayimləşdirə. Rəis durdu, ora-bura baxıb nəsə yadına saldı, otaqdan çıxdı. Rahat nəfəs aldılar.
Səxavət gülümsədi:
- Pis adama oxşamır. Deyəsən, imkanlıdı.
- Görmürsən, kofe istəyir? - Aqil stəkanları yan-yana düzə-düzə dedi.
Çox keçmədi, rəis telefonda rusca danışa-danışa qayıtdı. Telefonu da bahalı idi. Səxavət telefonu görən kimi maşınının güzgüsü yadına düşdü.
Rəis danışığını bitirdi, yerini rahatladı, çaya baxdı, stəkanı götürən kimi isti əlini yandırdı. Özünü o yerə qoymadı, çönüb divardakı Ramazan təqvimini ifadəsiz nəzərlə süzdü:
- Oruc tutursuz? Allah qəbul eləsin.
- Çox sağ olun, - Səxavət dedi.
Təzədən otağa sakitlik çökdü. Rafael balkonun məhəccərinə baxdı, sərçə qayıtmamışdı.
Rəis çaydan bir qurtum içib üzünü Səxavətə tutdu:
- Ağsaqqal, bu iş mənim üçün "tramplin"dir. Başqa işə gedəcəm, papa məcbur elədi. Siz məndən çəkinməyin, bu vaxta qədər necə işləmisinizsə, elə də davam edin.
Bu sözlər üçünə də rahatlıq verdi. Aqil Rafaelə göz elədi. Rafael siyirməni açıb qəzeti götürəndə gördü ki, dolma bankası aşıb, siyirmənin içi yamyaşıldı. Tez qəzeti yoxladı, qəzet bulaşmamışdı. Ürəyi yerinə gəldi. Qəzeti stolunun üstünə sərdi. Səxavətlə Aqil yaxınlaşmağa ürək eləmədilər. Lapdan Səxavət üzünü rəisə tutub qayıtdı:
- Rəis, krossvordun bir sözünü neçə vaxtdı nə illah edirik, tapa bilmirik. Bəlkə, siz kömək edəsiz?
Rəis əvvəl başa düşmədi. Sonra ayağa durub Rafaelin stoluna yaxınlaşdı. Krossvord əzik-üzük olmuşdu. Rafael əli ilə sözü göstərdi.
Rüfət sözə diqqətlə baxdı, gözünü qıydı, dodaqları qaçdı.
“Ədədbiyyat və incəsənət”
(25.11.2024)
Noyabrın 24-ü onun anım günüydü
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Deyirdi ki:- "Köhnə kişilərdən eşitmişəm, papaq təkcə başı isti saxlamaq üçün deyil. Və ya günəşdən, şaxtadan qorumaq üçün deyil. Kişi sözünü papaqsız da deyə bilər. Gərək sözü söz olsun, əməlində göstərsin. Rac Kapurun oynadığı məşhur bir film var – “Cənab 420”, orda bir mahnı oxuyur, sözləri belədi:
Ayaqqabılarım italyan ayaqqabısıdı,
pencəyim fransızdı,
şlyapam rus malıdı,
amma ürəyim hind ürəyidi.
Görün nə gözəl deyib. Yəni, başında papaq olmaya da bilər, başqa millətlərin baş geyimi də ola bilər, görünüşcə avropalı da ola bilərsən, ancaq gərək ürəyin azərbaycanlı ürəyi olsun, kişi ürəyi olsun. O qədər papaq qoyub alçaqlıq, şərəfsizlik eləyənlər var ki…"
Rəhmətlik Əjdər Həmidov əslən Şabran rayonunun Aygünlü kəndindən idi. O, sağlığında "Azərbaycanfilm"in istehsal etdiyi bir sıra filmlərdə uğurlu obrazlar yaradıb. "Kişi sözü"ndə Qasım rolu isə onu tamaşaçıların sevimlisinə çevirib. Azərbaycanın xalq artisti idi.
2020-ci il noyabr ayının 24-də 67 yaşında ikən insultdan vəfat edib.
Ruhu şad olsun!
Unitmadan anırıq!
“Ədəbiyyat və incəsənət”
(25.11.2024)
Maştağanın dəyərli ağsaqqalının vəfatından 1 il keçir
Nigar Həsən-zadə, “Ədəbiyyat və incəsənət”
25 noyabr 2024-cü il Maştağa ziyalısı- Məhərrəm İmamverdi oğlu Həsənzadənin əbədi həyata qovuşmasından 1-il ötür.
Bakı şəhərinin ən böyük yaşayış məskənlərindən biri hesab edilən Maştağa kəndi (sonradan qəsəbəyə çevrilib) çox qədim bir tarixə malikdir. Bu qədim yurdda Vətənimizin, xalqımızın qədim və gözəl adət-ənənələri, inam və etiqadları, mifoloji təsəvvürləri, şifahi ədəbiyyatı qorunub saxlanmaqdadır. Daha doğrusu, kəndin əhalisi bütün bunları nəsilbənəsil bir-birinə ötürür və ən gözəl ərməğan kimi bu gün də yaşadır.
"Maştağa" sözü, bu kəndin özündən əvvəl dünyaya gəlib. Görkəmli Azərbaycan tarixçisi Abbasqulu ağa Bakıxanov "Gülüstani-İrəm" əsərində "Maştağa" toponiminin "massaget"sözündən yaranması fikrini irəli sürmüşdür.
Bu qədim və dəyərli ocaq əsrlər boyu ziyalılar yetişdirmişdir.
Bu ziyalılardan biri də mənim babam- Həci Məhərrəm İmamverdi oğlu Həsənzadə olmuşdur. Məhərrəm müəllim 1947-ci il 28 yanvar tarixində Maştağada anadan olmuşdur. O, (mənim də məzunu olduğum) 187 saylı orta məktəbi bitirdikdən sonra indiki (hazırda mənim də onun davamçısı kimi təhsil aldığım-bizim ailəyə doğma məkan hesab olunan) Bakı Dövlət Universetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. Ali təhsilini başa vurduqdan sonra ordu sıralarında baş leytenant olaraq öz xidmət borcunu ödəmiş və Vətənə qayıdaraq məktəbdə fizika-riyaziyyat müəllimi vəzifəsində işləyərək uşaqların təlim və tərbiyəsi ilə məşğul olmuşdur.
Məhərrəm Həsənzadə 1977-ci ildə Maştağa Qəsəbə İcraiyyə Komitəsinin sədr müavini vəzifəsində çalışmışdır. O, bir müddət bu vəzifədə işləyərək təcrübə toplamış və 1982-ci ildə Maştağa qəsəbə İcraiyyə Komitəsinin sədri vəzifəsinə təyin olunmuşdur.
Məhərrəm Həsənzadə 1987-ci ilə qədər bu vəzifədə işləmişdir. O, 1988-ci ildən 108-saylı orta məktəbdə pedaqoji fəaliyyətini davam etdirir. O, məktəbin direktoru kimi və kəndimizin ziyalımısı kimi bu qəsəbədə böyük nüfuza malik idi.
12 dekabr 1999-cu il respublika bələdiyyə seçkilərində iştirak edən Məhərrəm müəllim Həsənzadə Maştağa bələdiyyəsi üzvlüyünə öz namizədliyini vermiş və Maştağa bələdiyyəsi üzvü seçilmişdir. O, bələdiyyənin Yerli sosial inkşaf daimi komissiyasının sədri olmuşdur.
3 övladı (biri rəhmətə gedib), 7 nəvəsi, 3 nəticəsi var.
Təəssüf ki, keçən qış həqiqətən də bizim ailəyə mənəvi olaraq da qış gətirdi. Biz 25 noyabr 2023-cü il ailəmizin babasını, məsləhətçimizi, kəndimizin ziyalısını, bir sözlə, müəllimlər müəllimini itirdik.
Əziz babam-Həci Məhərrəm müəllim, ruhun şad, məkanın cənnət olsun! Ali məktəbə daxil olmağımı görmək sənə qismət olmasa da, əminəm ki, bundan xəbərdarsan və ruhun şaddır!
Bu gün sənin haqqında yazdığım bu məqaləni jurnalist olaraq yazmaq isə mənə çox böyük qürurdur. Çox istəyərdim ki, sən sağ olasan və 28 yanvar doğum gününə həsr edim bu məqaləni, amma nə etmək olar ki, hər dəfə bizim istədiklərimiz olmur.
Məhz sənin bitirdiyin Ali məktəbə daxil olmağım isə hamımızın könlünü daha da xoş etdi, əminik ki, bu hal sənin ruhunu daha da şad etmişdir.
Mənə və digər nəvələrinə tək baba yox, həm də mənəvi müəllim idi.
Etika qaydalarını, gündəlik məişətdə istifadə olunan yazılmamış qanunları daha da yaxşı mənimsəməyimizə dəstək olurdu. Biz onunla hər zaman fəxr edirdik! İndi də onun bizi cənnətdən izləyib fəxr etdiyinə əminəm!
“Ədəbiyyat və incəsənət”
(25.11.2024)
Rəşad Nuri Güntəkin, Löpe de Veqa və mənfur Mikoyan
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bu günə təsadüf edən əlamətdar hadisələri diqqətinizə çatdırırıq:
25 noyabr. Şükranlıq günü
Bu gün xristian dünyası insanları Allaha onlara verdiyi ömür, nazu-nemətlər üçün minnətdarlıq bildirəcəklər. Şükranlıq günü qədirbilməz, daim narazı insanları tərbiyələndirəcək bir gündür. Yaxşı olar ki, müsəlman dünyası da bu ənənəyə qoşulsun. Çünki şükranlıq etmək Quranda da buyrulub.
25 noyabr. Beynəlxalq qadınlara qarşı zorakılığın ləğv edilməsi günü
Bu günün qeyd edilməsini BMT Baş Assambleyası 2000-ci ildə lazım bilib, beynəlxalq təşkilatları, qeyri-hökumət orqanlarını mövcud problemə ictimaiyyətin diqqətini cəlb etmək üçün tədbirlər keçirməyə dəvət edib. Bəs niyə 25 noyabr? Çünki 1961-ci ilin həmin günündə Dominikan Respublikasında padşah Truxilyonun əmri ilə 3 siyasi fəal - Mirabal bacıları vəhşicəsinə qətlə yetiriliblər.
“Zərif və zəif cinsin nümayəndələri olan qadınlara qarşı zorakılıq cəmiyyəti və ailələri iflic vəziyyətinə salır, buna yol vermək olmaz” söyləyir BMT qətnaməsi. Əlbəttə ki, düz buyurur. Mən bu yerdə ölkəmizlə bağlı cəmi bir neqativ fakta toxunmağı özümə borc bilirəm. Xüsusən Cənub bölgələrimizdə 13-14 yaşlı kiçik qızların ərə verilməsi cinayətdir, bununla hələ də yetərli mübarizə aparılmır.
25 noyabr. Gorasöymə günü
Təqvimdə 25 noyabra düşən maraqlı qeydetmələr var, məsələn Ev mətbəxi günü. Deyilir ki, kafe-restoran qidası nə qədər dadlı olsa belə ev mətbəxinin yerini verə bilməz. Yaxud, Alış-verişi xatırlama günü. Son dönəmdə aldıqlarının siyahısını tutub əmin ol ki, onların nə qədəri boşunadır, pulunu yelə vermisən. Amerikalıların isə bu gün qeyd etdikləri gün Milli dostunla ye günüdür, yəni, bu gün boğazından tək çörək keçirmə, dostunla nuşi-can elə.
1889-cu ilin bu günündə İstanbulda dünyaya Rəşad Nuri Güntəkin gəlib. Əsərləri dillər əzbəri olan bu yazıçının “Çalı quşu” romanı xüsusən məşhurdur, kitabı yüz minlər oxuyub, serialına isə yüz milyonlar baxıb. 1562-ci ilin bu günündə Madriddə də məşhur ispan dramaturqu, əsərləri günü bu gün də aktuallığını itirməyərək teatr repertuarlarına daxil edilən Löpe de Veqa doğulub.
Bu gün dünya doğum günü bu günə təsadüf edən Çili hərbi xunta yaradıcısı Auqusto Pinaçetin – bəşəriyyətin ən qanlı diktatorlardan birinin goruna söyəcək, biz azərbaycanlılar da gəlin bu gün doğulan, sovet diktaturasının ən bariz nümayəndəsi, xalqımıza zillətlər yaşatmış erməni Anastas Mikoyanın göruna söyək. Rusiyadakı həmyerlilərimizdən də xahiş edək ki, nə olar, milli qürur nümayiş etdirin, o köpək oğlunun adına olan kolbasa kombinatının kolbasa-sosislərini alıb yeməyin.
“Ədəbiyyat və incəsənət”
(25.11.2024)
Azərbaycan Qazaxıstanda “Avrasiya” beynəlxalq kino festivalında təmsil olunur
Dünən Mərkəzi Asiyanın ən böyük “Avrasiya” XVII Beynəlxalq Film Festivalı Almatıda dünyanın hər yerindən rejissorlar, aktyorlar, ssenaristlər və kino bilicilərini bir araya gətirib.
Festival noyabrın 30-dək davam edəcək. Onun təsisçisi və təşkilatçısı Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyidir. Film festivalının təşkili Şaken Aymanov adına “Qazaxfilm” Milli Kinostudiyasına həvalə olunub.
Builki filmləri unikal kino ənənələri olan ölkələr təqdim edir. İştirakçılar arasında Azərbaycan və evsahibi Qazaxıstandan başqa Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Türkiyə, İran, Belarus və Rusiya yer alıb. Proqrama miqrasiya və şəxsiyyət axtarışının aktual mövzularını qaldıran ekran əsərləri daxildir.
Film festivalı proqramı nadir hallarda geniş yayılan, lakin mütləq öz tamaşaçılarını tapacaq filmlər üçün platforma təqdim edir. Bundan əlavə, sabahdan etibarən festival çərçivəsində prodüserlik, ssenaristlik və kinematoqrafiya üzrə ustad dərsləri təşkil olunacaq.
“Ədəbiyyat və incəsənət”
(25.11.2024)
HƏFTƏNİN MƏDƏNİYYƏT HADİSƏSİ – “Nəsimi” operasının premyerası
Aysel Fikrət, “Ədəbiyyat və incəsənət” üçün
Həftəsonu - 20 noyabrda Azərbaycanda mədəniyyət hadisəsi yaşandı.
Uzun illər sonra Azərbaycan opera sənətinə yeni tamaşa qədəm qoydu - “Nəsimi” operası nümayiş olundu. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə ərsəyə gələn bu operanı Azərbaycan sənətsevərləri və COP 29 çərçivəsində ölkəmizə təşrif buyurmuş qonaqlar böyük coşqu və heyranlıqla qarşıladılar.
Azərbaycan mədəniyyətində, incəsənətində öz sözünü demiş sənətkarlar, xalq artistləri, dəyərli qonaqlar çox böyük həyəcan və heyranlıqla operanı izlədilər.
Librettosu akademik Rafael Hüseynova aid olan operanın musiqisi xalq artisti, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimiyə məxsusdur.
Artıq üç ildən çoxdur ki, yazılmış operanı Siyavuş Kərimi gizli sərvət kimi, xəzinə kimi qoruyurdu. Çünki sevərək yazdığı əsərini film-opera şəklində görmək istəyirdi. Əlbəttə ki, gözəl fikirdir. Film-opera kino sənətində uzun illərdən bəri dayandırılmış bir janrdır. Ümid edirik, nə zamansa bu arzu da gerçəkləşəcək.
Baş rolun ifaçısı Ramil Qasımovun Nəsimi obrazını belə gözəl yaratdığını görəndə inandım ki, sənətkarımız səhnə variantını da sevmişdir. Xalq artisti Siyavuş Kərimi özü isə işlərinin çox olmasına baxmayaraq hər gün məşqlərə gələrək, operanın ərsəyə gəlməsində yaxından iştirak edirdi.
Böyük kollektiv işi olan opera böyük əmək və səy nəticəsində yarandı. İlk əvvəl sevindirici hal odur ki, operanı yazan Siyavuş Kəriminin yuxusuz gecələri öz bəhrəsini verməyə başladı: Nəsiminin həyatını, tarixini araşdıran Rafael Hüseynovun lirikası və yazılmış libretto, buna can verən ifaçılar, rejissor, musiqini idarə edən dirijor, xormeysterlər - bundan gözəl iş olmazdı.
20 noyabr - hamı, hər kəs bu möhtəşəm günü səbirsizliklə gözləyir və böyük sevinclə nümayişə tələsirdi. Nəhayət ki, gözlədiyimiz gün gəlib çatdı.
Nəsimi Azərbaycan ədəbiyyatı tarixində keşməkeşli həyat yolu keçmiş, əslində haqqın səsini aləmə car çəkən üsyankar bir şair olmuşdur. Anadan olduğu yerlə bağlı bir çox fikir anlaşılmazlığı olan şairin Şamaxıda, Urmiyada, Bakıda, Təbrizdə anadan olması iddia olunur. Operanın librettosunda Nəsiminin Təbrizdə anadan olduğu göstərilir. Nəsiminin əqidəsi, sufi eşqi, Allaha yaxınlığı dövrün tarixi surətləri (Əmir Teymur) və onların yaltaq əyyanları tərəfindən yanlış, qərəzli, istehzalı anlaşılmağı diqqət çəkir. Əgər operanın bir anlıq yalnız musiqi vasitəsilə dinləsək də belə, Azərbaycanın xalq artisti opera boyu hadisələri şərh edən Nurəddin Mehdixanlının dilindən eşitməsək də belə, musiqi bizimlə danışır və Nəsimi dünyasının bütün incəliklərini bizə bəxş edir. Bəstəkarın böyüklüyü ondadır ki, Nəsiminin Təbrizdənayrılması, Nəsimi Təbriz bazarında, Nəiminin qızı Fatiməylə görüşü - bütün mərhələli səhnələrdə bizə sözsüz belə olanları anlatmaq iqtidarındadır.
Xalq artisti Siyavuş Kərimi Azərbaycan musiqi ənənələrinə kökünə sadiq bir musiqiçi və bəstəkardır. Ənənə gözəl şairimiz Bəxtiyar Vahabzadənin təbirincə desək, ağacın kökü kimi önəmlidir. Necə kök möhkəm olarsa ağac yaşayar, eləcə də musiqi ənənəsini muğamı bilmək, qüsursuz, uzunömürlü sənət əsəri olan musiqi əsərləri dünyaya gətirmək deməkdir.
Nəsiminin Sufi təfəkkürünü, onun doğmalığını, söz sərrafı olmağını sadalamaqla qutarmayan faktorları nəzərə alaraq yazılmış opera insan ürəyinə musiqi ahəngi ilə yol tapır. Tamaşaçıya sanki layla oxuyur. Musiqi əsərinin böyüklüyü Nəsiminin Allaha və bəşəriyyətə eşqi dərəcəsində safdır və şahanədir.
Rafael Hüseynov Azərbaycanın akademiki və mütəfəkkiri, söz xiridarı, gözəl natiqdir. Rafael müəllimi uşaqlıqdan bəri tanıdığımdan və araşdırmalarını, onun sənətkarlarla bağlı verilişlərini çox dinlədiyimdən qəribə bağlılıq duyduğum bir ictimai xadimdir.
Çox güman ki, librettonu tarixi araşdırmalarına əsasən ərsəyə gətirib. Baş rolun ifaçısı, hər sadalanmış tituldan öncə çalışqan və xeyirxah insan, Əməkdar artist, Gəncə filarmoniyasının direktoru, çox istedadlı Ramil Qasımovdur. Nəsimi operasından ifa etdiyi baş rola öz canıyla, qanıyla bağlanan sənətkar Azərbaycan opera sənətinə yeni nəfəs, yeni ilham gətirə bildi. Operanın premyerası publika tərəfindən çox fəxrlə və maraqla qarşılandı. Opera bitsə də, kimsə çıxıb getmək istəmirdi. Sevimli iştirakçıları qapı önündə gözləyirdilər. Göydən təbriklər, xoş sözlər yağışı yağırdı.
Mən Azərbaycan Milli Konservatoriyasının tələbələrindən ibarət xorundan da bir neçə kəlmə əlavə etmək istəyirəm. Xor operanın sonunda ayağa qalxır və ifaçılarla birgə Nəsiminin şəninə səsləndirilən final xorunda ifaya qoşulur. Bu, tamaşaçıların da, ifaçıların da, qonaqların da maraqla diqqətini çəkir. Və bütün zal bu fidan sənət fədailərinin ardıyca ayağa qalxır.
Bəli, hər mədəniyyət uğruna yaranan yeni əsər sənətkarların bəşəriyyətə sevgi etirafıdır. Nə bilmək olar, bu xaotik qarışıq dünyada bəlkə də dünyanı xilas edən elə mədəniyyətdir, incəsənətdir və gözəlliklər yaradan sənətkarlardır.
Yeni operanın ərsəyə gəlməsi Azərbaycan Milli Konservatoriyasında böyük sevinc və fərəh hissinə səbəb oldu. Rektor - xalq artisi Siyavuş Kərimi üçün bu özəl olan məqamda hamı, hər kəs fərəh hissi duydu. Bir bayram əhval-ruhiyyəsində günü başa vurduq. Operanın yaranışından Siyavuş Kəriminin yanında olan sənət adamları, fortepiano kafedrasının müdiri, əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru Naibə Şahməmmədova da böyük həyəcanla səhnələri izləyirdi. İlkin versiyada səsyazmada iştirak edən tələbələrdən ibarət xorun bədii rəhbəri, dosent Leyla Zalıyevanın da sevinci yerə-göyə sığmırdı. Operanın yaranma ərəfəsində məşqlərdə xalq artisi Siyavuş Kərimini bir gün belə tək qoymayan əməkdar artist Emil Əfrasiyab və müşaviri Riad Quliyevin də sevinci tükənməz idi. Çünki primyera ürəkləri fəth edə bilmişdi.
Operanın yaradıcı heyətinin də əməyi təqdirəlayiqdir. Bildirim ki bu opera tamaşanın musiqi rəhbəri və quruluşçu dirijoru əməkdar artist Əyyub Quliyev, quruluşçu rejissoru əməkdar artist İnarə Babayeva, quruluşçu xoreoqrafı əməkdar artist Yuri Lobaçev, xormeysteri əməkdar incəsənət xadimi Sevil Hacıyevanın da çox böyük uğuru oldu. Opera on dəqiqə durmadan ayaqüstə alqışlanılaraq başa çatdı və Azərbaycan mədəniyyəti tarixində mədəniyyət hadisəsi kimi yaddaşlara həkk olundu.
Səhnə əsərini izləyənlər arasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli, Bakıda keçirilən COP29-un rəsmi qonaqları, icra başçıları, xalq artistləri, sənətkarlar, millət vəkilləri, ölkəmizin tanınmış mədəniyyət və ədəbiyyat xadimləri yer almışdı. Mən isə yazımın sonunda bir məqamı vurğulamaq istəyirəm.
Hələ yaranmaqda olarkən operanın gözəlliyindən hələ heç bir kəsin xəbəri olmayanda, çox az insana Siyavuş Kərimi xəzinə kimi saxladığı operasını dinlədirdi və nə xoşbəxtəm ki, o az insan içində mən də varam. İndi isə Azərbaycan mədəniyyəti və sənətkarları, sənətsevər insanlar Nəsimi operasına həyat bəxş etdi və o, yeni sənət aləmində can aldı, doğuldu. Həmişəyaşar olsun.
“Ədəbiyyat və incəsənət”
(25.11.2024)
Şəkidə media yaşıl dünya naminə həmrəylik nümayiş etdirdi
Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi
Həftəsonu Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Şəki şəhər Heydər Əliyev Mərkəzində "Yaşıl dünya naminə media həmrəyliyi" adlı konfrans-konsert keçirildi. Növbəti söhbətimiz bu haqdadır.
Konfrans başlamadan öncə ölkəmizin təbiətini və iqlimini əks etdirən "Yaşıl dünya naminə həmrəy olaq" adlı sərgiyə baxış oldu. Daha sonra konfrans öz işinə başladı. Konfransda media təmsilçiləri olaraq “İctimai TV” nın bölgə müxbiri Rasim İslamov, “Şəki Bələdiyyəsi” qəzetinin redaktoru Murad Nəbibəyov, Şəki şəhərində fəaliyyət göstərən “Kanal S” televizyasının xəbərlər departamentinin müdiri Gülgəz Mustafayeva, “Şhaki Media”nın təsisçisi İbrahim Yunusov, “İpəkçi” qəzetinin təsisçisi Aydın Salisoğlu iştirak edirdilər.
Konfransı giriş sözü ilə açan Şəki-Zaqatala RMİ-nin rəisi vəzifəsini icra edən Nargilə Qafarova 2024 -cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasının önəmini qeyd edərək, Azərbaycanın dünyada iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verməsindən bəhs etdi. Daha sonra çıxış edən Şəki-Zaqatala RMİ-nin media üzrə aparıcı məsləhətçisi Vüsal Həsənov medianın əhatə dairəsinin yalnız informasiya ötürücülüyü funksiyası daşımaq olmayıb, eyni zamanda ekoloji tarazlığın qorunması istiqamətində doğru informasiya ilə təmin edilməsində vacib rolu olduğunu vurğuladı. Tədbirə dəvət edilən media nümayəndələri də “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görülən işlərdən, COP29 konfransının ölkəmizdə keçirilməsinin önəmindən, bu istiqamətdə medianın funksionallığından və medianın üzərinə düşən öhdəliklərdən danışdılar. Konsert proqramı ilə davam edən tədbirdə COP29 və Azərbaycan təbiətini özündə əks etdirən videoçarx nümayiş olundu, Eldar Rəcəbovun rəhbərlik etdiyi Şəki şəhər Uşaq İncəsənət məktəbinin "Zəfər " ansamblının müşayəti ilə Fərqanə Salamova "Ölkəm", Hüsniyyə Hacıyeva-Fərqanə Salamova dueti "Azərbaycan", Anar Xan "Daglar", Sərxan Hüseynov "Mavidir" və Namiq Aslanın ifasında "Köçür durna qatarı" milli müsiqi nümunələri səsləndirildi, "İncəlik rəqsi", "Azərbaycan suitası" kimi rəqs nümunələri ifa olundu.
Konsertdə Şəki şəhər İcra Hakimiyyətinin, YAP Şəki şəhər təşkilatının rəhbərliyi, Şəki şəhərində fəaliyyət göstərən dövlət qurumlarının nümayəndələri, mədəniyyət və təhsil işçiləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər. Tədbirin sonunda media nümayəndələri Şəki-Zaqatala RMİ tərəfindən səmərəli fəaliyyətlərinə görə təltif edildilər və hədiyyələrə layiq görüldülər.
“Ədəbiyyat və incəsənət”
(25.11.2024)
Ümman kimi çağlayan Vahid Əziz poeziyası - ŞAİRİN 79 YAŞINA
Ramiz Göyüş, yazıçı-publisist, “Ədəbiyyat və incəsənət” üçün
Mənim qənaətimcə, şeir gözəgörünməz fövqəl bir varlıq tərəfindən, elə o varlığın vergi, istedad bəxş etdiyi insanlara-şairlərə diqtə olunan bir möcüzə, şairlik isə bu diqtə əsasında insanın ən ülvi hisslərini, duyğularını ifadə və təqdimetmə qabiliyyətidir.
Şeir Tanrının şairlər vasitəsilə öz bəndələrinə ünvanladığı pıçıltılı dualarıdır. Şeir ancaq şairlərin ifadə edə bildiyi hikmətdir. Şeir təbiətin yaratdığı əsrarəngiz gözəlliklərdir. Körpə təbəssümüdür şeir, yarpaq pıçıltısı, bulaq zümzüməsidir. Qartalın baxışıdır şeir, göy qurultusu, şimşək nərəsi, şəlalənin səsi, dağ çayının qıjıltısıdır.
Mən Vahid Əzizin yaradıcılığı haqqında yazdığım bu yazını təsadüfən şair və şeir haqqında fikirlərlə başlamadım.
Çünki Vahid Əziz də bir şair kimi çağdaş poeziyamızın ən görkəmli nümayəndələrindən biridir və onun şeirləri də insanı ən ülvi hisslərə, sevib sevilməyə, qurub-yaratmağa və s. səsləyir.
Oxuculara məlumdur ki, Vahid Əziz poeziyaya 1967-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində çıxan şeiri ilə gəlib. Onda Vahid Əzizin 22 yaşı vardı.
Heç bir il keçmədi, artıq şeirlər kitabı nəşr olunmuşdu.
Vahid Əziz Qərbi Azərbaycanın Dərələyəz mahalının Əzizbəyov kəndində doğulmuşdur. Uşaqlığı İkinci Dünya Müharibəsindən sonrakı dövrə düşmüşdü.
O illər, o qədər də asan illər deyildi və uşaqlığının çətin dövrü Vahid Əziz poeziyasında öz əksini tapmaya bilməzdi.
Əslində Vahid Əziz nəinki uşaqlığını, elə həyatının böyük bir hissəsini çətinlikdə, köçhaköçdə keçirmişdi. Onun özü demiş: “Həyatı keşməkeşli olub. Ordan-ora, burdan-bura köçüb”. Bu köçhaköçdə harda yaşayıbsa onun ömrünün bir parçası orda ilişib qalıb. Köhnə yaşadığı yerdən təzə bina olduğu yerə yalnız xatirələrini gətirib. Acılı, şirinli, kövrək xatirələrini. O xatirələr bəzən sarı sim kimi tarıma çəkib Vahid Əzizin qəlbini, bəzən kaman kimi inlədib onun iç dünyasını. Bəlkə elə ona görə də Vahid Əzizin şeirlərində kövrəklik var. Bu kövrəklik bəzən qəhər olub boğur onu. Bax o zaman onu boğan qəhər misralara düzülərək “Qəhərə” çevrilir:
Körpəlikdən ən ağrılı günləri dərdim,
Acıları hakim oldu şeirlərimə
Ovcumdakı suluqları hey... üfürərdim,
O vaxtlardan qabarları doğmadır mənə.
Nə beşikdən doya bildim nə gəncliyimdən,
Özüm qurub odlandırdım od-ocağımı.
Mən atamın qocalığın görmədiyimdən
Əliyalın qarşıladım qocalığımı.
Diqqət yetirin bu iki bəndə. Əslində bu iki bənddə ifadə olunan fikirlər şairin bütün həyatını, yaşam tərzini əks etdirir. Həm də oxucuda kövrək bir ovqat yaradır. O ağrıları, acıları yaşamış hər kəsi ilk uşaqlıq, gənclik xatirələrinə qaytarır.
Şairliyinin, şair həyatının məhrumiyyətlərlə, acılarla, təhlükələrlə dolu bir həyat olduğu heç kəsə sirr deyildir.
Vahıd Əzizə də şair taleyi qismət olub. Həmişə hesab etmişəm ki, şeirlər şairlərin yaşantılarıdır. Sevinc və kədəri, hiss və həyəcanı, duyğularının ifadəsi, həyatı, bir sözlə tərcümeyi halıdır. Bu Vahid Əzizdə elə belədir. Onun şeirlərini oxuduqca, həyatı ilə, tərcümeyi-halı ilə, iç dünyası ilə daha yaxından tanış olursan.
Zamanım olmadı güləm doyunca
Darısqal günləri, ayları saydım
Hərdən düşünürəm: Şair olunca
Kaş ruhu olmayan bir daş olaydım
və ya
Ağıllana bilmirəm ki,
Harda gəldi ağlayıram
Bir sərgərdan buludam.
Bir doğma əl tapmıram ki,
Öpə-öpə dəsmal kimi,
Göz yaşını qurudam.
Vahid Əziz yaradıcılığa uzun müddət, özünün dediyinə görə 20 il fasilə verdikdən sonra poeziyaya böyük bir enerji ilə, hətta deyərdim ki, heyrət edici bir enerji ilə qayıtdı. Onun yaradıcılığının ən mühüm cəhəti ondadır ki, o şair kimi yaşayır, yaradıcılığında son dərəcə səmimidir və gözəgörünməz qüvvə necə diktə edirsə eləcə də yazır:
Şair başdan-başa yanan ürəkdir.
Qovrulub dönmüşəm külə, yanmışam,
Görməyə nə var ki, duymaq çətindir.
Necə duymuşamsa, elə yazmışam.
Əslində bu bircə bənd şeir Vahid Əzizin bütün yaradıcılığının, əgər belə demək mümkündürsə uverturasıdır. Onun yaradıcılığının leymotivini, ana xəttini təşkil edir. Vahid Əziz müsahibələrinin birində deyir: “Mən nə yazdığımı yazı prosesində bilmirəm. Nə yazacağımı da bilmirəm. Çox maraqlı bir melodiya, onlarla bərabər söz də gəlir.”
“Elə olur ki, aylarla şeir yazmıram. Amma yazanda elə bir zərblə yazıram ki, çünki onda mənə melodiya gəlir, oxuya-oxuya o şeirləri yazıram. Elə bir səs gəlir ki, mənə eşitsən dəhşətə gələrsən”.
“Şeir Tanrının yazdırdığı inşadır, misraları Allah diqtə edir. Mən şeir yazanda içim musiqi ümmanı kimi çağlayır. Sözlər bu musiqili dalğaların üstündəki bəmbəyaz köpüklər kimi aşıb-daşır...”
Görəsən Vahid Əziz göydən gələn melodiyanı yadda saxlaya bilsəydi və həmin melodiya ilə bu melodiya altında yazılan şeirin vəhdətindən necə bir əsər yaranardı?
Onun şeirlərində daxili bir musiqi ahəngi var. Şeirləri musiqiyə, bəstəkarın qulağına yatımlıdır.
Bu səbəbdəndir ki, bəstəkarlar Vahid Əzizin şeirlərini oxuyan kimi, onları bu şeirlər vəcdə gətirir.
Əgər Vahid Əziz adi oxucunu, sadə bir insanı şeirləri ilə ovsunlayırsa, özündən alıb göylərə apara bilirsə, onda bəstəkarlar neyləsin?!
Elə ona görə də Vahid Əzizin 200-dən artıq şeirinə mahnı, musiqi bəstələnib və bu şeirlərinə yazılmış mahnılar populyardır, seviləndir. Elə bu səbəbdən də Vahid Əzizin şeirlərinə mahnı bəstələmiş bəstəkarlar zəmanəmizin, çağdaş dövrümüzün ən populyar bəstəkarları, mahnı ifaçıları isə xalqımızın ən məşhur sənət adamlarıdır.
Vahid Əzizin şeirlərinə bəstələnmiş mahnılar və onların ifaçıları şedevrlər yaradır. Bu mahnılar insanların qəlbini fəth edir.
Mən əminəm ki, nə qədər ki, Azərbaycan xalqı var, onun musiqisi, mədəniyyəti, ədəbiyyatı var, Vahid Əzizin də yazdığı nəğmələr yaşayacaqdır.
Vahid Əzizin poeziyasının mövzu əhatəsi çox rəngarəngdir. Bununla yanaşı heç bir tərəddüd etmədən cəsarətlə Vahid Əzizi məhəbbət şairi adlandırmaq olar. Əslində elə həyatın da, yaşamağın da mənası və elə bu səbəbdən poeziyanın da əsas mövzusu məhəbbətdir.
Bununla yanaşı, Vahid Əzizin məhəbbət mövzusunda yaratdığı şeirlərin özü də çox spektrlıdir. Əgər biz onun bu şeirlərini ümumi olaraq ağ işığa bənzətsək görərik ki, ağ işıq sınanda min bir rəngə çaldığı kimi, Vahid Əzizin də məhəbbət mövzusunda yazdığı şeirlər min bir rəngə çalır, və heç biri də bir-birinə bənzəmir. Hər birində fərqli nəfəs, fərqli məna var. Lakin bu şeirlərin bir ana xətti var.
Təpədən dırnağa sevən ürəyəm,
Ayaqdan-başacan atəşəm, qoram.
deyən şairin bir neçə şeirini bu yazıya daxil etmək istərdim.
Bir sərgərdan buludam
Ağıllana bilmirəm ki,
Dəli kimi sevdiyimi
Birdəfəlik unudam.
Və ya
Xatirəm bir olsa ya iki olsa
Yaşayıb dözməyə nə varıdı ki?
Sənsiz yaşayardım, özümə qalsa
Sənsiz yaşamağa ürək qoyurki?
Sığışmır torpağa, ümmana, göyə
Xatirən bir deyil, beş deyil gülüm
Sevgini vücud da unutmur deyə
Ölümnən qorxmuram, qorxuram öləm
Vahid Əzizin özü sevgi məhəbbət haqqında deyir: “Sevgi ilahinin insana verdiyi ikinci ruhdur... ikinci ruh da hər kəsdə olmur. Insan sevə bilirsə deməli xoşbəxtdir”.
Vahid Əziz yaradıcılığının mayası səmimiyyətdən tutulub, onun xəmiri səmimiyyətdən yoğrulub. O, məhəbbət şeirlərində də belədir,məhəbbətində də, nifrətində də səmimidir. Diqqət yetirin:
Aman külək məndən yarı küsdürmə,
Od vuracaq, sevinəcək tüstümə,
Bu məhəbbət bir gün mənim üstümə
El-obanı güldürməsə yaxşıdır.
Və ya
Dünya elə bilir “Arsız qonağam”
Hamı düşünür ki, “Sənsiz də sağam”
Uzat, kor olsam da tanıyacağam
Əlini min zərif əllər içində.
Vahid Əzizin poeziyası bu gün gənclər, sevənlər tərəfindən çox sevilir. Əgər sevənlər bir-birinə öz sevgilərini Vahid Əzizin şeirləri ilə bildirirsə, o xoşbəxt sənətkardır.
Vahid Əziz özü deyir. “Əgər cavan bir qız mənim kitabımda oxuduğu və ya efirdə dediyim bir şeiri götürüb telefonla sevdiyi kiməsə göndərirsə demək orada özünü görür”.
Akademik Nizami Cəfərov demiş: “.....şair taleyi yüzlərlə, minlərlə insanın taleyində yaşanır. Sənətkar üçün bundan böyük xoşbəxtlik tapmaq çətindir”.
Çaşdım yolumu, başıma sən sərdar olannan
Tapmır özünü, bu könül sərgərdan olannan
Hər gün küləyə yalvarıb sənnən soraq aldım
Gəlməzmi xəbər eşqidən xəbərdar olannan
Göyün tutulub-açması yalnız sənə bağlı
Günəş də batıb, məskənin uzaqlar olannan
Məcnun hələ də Vahid Əziz, özünə gəlmir
Sevdiyi deyil, qisməti biilqar olannan.
Və nəhayət Leyli-Məcnun sevdası. Vahid Əzizin qəhrəmanı məhəbbətinin adiləşməyindən qorxur. Diqqət yetirin:
Sən mənə tanrıdan gələn bir əlac
Qocalıb quruyan, ağac kimiydim
Hər canlı işığa, Günəşə möhtac
Mən isə ölümə möhtac kimiydim
Sən ölüm anında batanda dilim
Demək istədiyim sonuncu kəlmə
Sındır budaq budaq, kəs dilim-dilim
Amma qurban olum yaxına gəlmə
Elə beləcə gəl mələk donunda,
Yetər çiçək kimi baxıb gülməyin,
Görünür ən böyük Adil olanda,
Qorxur sonrasından adiləşməyin.
Vahid Əzizin məhəbbət mövzusunda yazdığı şeirlər səmimi olmaqla yanaşı həm də canlıdır. Hətta o qədər canlıdır ki, sanki onun bütün məhəbbət şeirlərinin qəhrəmanı şairin özüdür. Bu şeirlərdə şair dəlicəsinə sevir də, bu şeirlərdə sevgi də var, nifrət də, dönüklük də, atılmaqda var, vəfasızlıq da.
Göz yaşı yandırır kirpiklərimi
Küləyin səsini nəğmən bilirəm
Sənin həsrətindən çəkdiklərimi
Bir Allahım bilir, bir mən bilirəm.
Səninsə Allahın yoxumuş-demə
Nə iman bilirsən, nə din bilirsən
Tək sənə bağlanmış ümidlərimi
Nə bilim bəlkə də qənim gəlmisən.
Vahid Əzizin şeirlərini oxuduqca qürur duyursan ki, sənin nə şirin ana dilin var. Onun şeirlərində Azərbaycan dilinin bütün gözəllikləri özünəməxsus şəkildə öz əksini tapır.
Və heç də təsadüfi deyil ki, onun poeziyası üçün aforistik deyimlər artıq şairin, istedadı ilə yanaşı həm də onun müdrikliyindən, kamilliyindən, həyat təcrübəsindən, müşahidələrindən xəbər verir.
Bax ha, məhəbbət də insan kimidir
Qovula-qovula namərd də olar.
*
Daha məhəbbətə ümidi yoxsa
Sevən də dünyadan köçsə yaxşıdır.
*
Ayrılsaq heç zaman bar verməyəcək
Sevgimiz doğranmış çiçəklər kimi.
*
Çəkmə onu-nə dərddi ki,
Çəkilməli dərd ola?
Çəksən elə dərdi çək ki,
Qalan dərdlər rədd ola.
*
Kömürdən bilinər nəyin yandığı
Kimlərin yandığı küldən bilinməz.
Nakişi olanlar ağladıb məni
Sonra danlayıb ki, “Kişi ağlamır”
Vahid Əziz bütün lirikası ilə, qoşmaları, qəzəlləri, sərbəst şeirləri ilə nə qədər sevgidən, məhəbbətdən yazırsa yazsın, həm də üsyankar şairdir. Bu üsyankarlıq onun Vətən sevgisindən, xalq sevgisindən, dövlət sevgisindən gəlir, vətəndaşlığından gəlir. Böyük xalqın, böyük şairinin içindəki daxili narahatçılığından gəlir, sabahkı nigarançılığından gəlir. Vahid Əziz onu əhatə edən aləmdə müşahidə etdiyi nadanlıqlara, eybəcərliklərə üsyan edir.
Bu şeiri şair Qarabağ işğal altında ikən yazıb:
Daha duyuram ki, batacaq səsim,
qatilim - bu Yurda sevgim olacaq
nə vaxt ki, tərgitsək yalan deməyi:
nə vaxt əl götürsək saxta tərifdən
hələlik günaha hamımız şərik,
birləşsək düşməni yenə bilərik,
o vaxt qələbəni çala bilərik
yoxsa Qarabağsız qala bilərik
Və belə olanda Vahid Əzizi yer üzü bezdirir, o göylərə tələsir.
Mənim üçün nə ölüm var, nə olum,
Qopan teləm bir rübabdan ilahi
Apar məni dərgahında qul olum
Qurtar məni bu əzabdan ilahi
Və ya
Heç bilməzdim daşım belə ağırdır
Bəxtim belə biçararədi, fağırdı
Gedəcəyəm göylər məni çağırdı,
Daha yerdə qalmaq olmur əzizim.
Adama elə gəlir ki, Vahid Əziz yer adamı deyil, nə vaxtsa göylərdə məskən salıb və indi yenidən göylərə çəkilmək istəyir.
Vahid Əziz anlat bu nə əməldir,
Biri beşik, biri tabut düzəldir,
Gəzib gəldim,-Dərgah burdan gözəldir,
Yer üzündə vaxtımızı itirdik.
Azərbaycan poeziyasının son əlli ili Vahid Əziz yaradıcılığı ilə müşayət olunur. Yarım əsrdir ki, Vahid Əziz poeziyamızda ümman kimi çağlamaqdadır. O, əlli ildir ki, xüsusilə çox keşməkeşli, insan həyatının bütün sahələrini əhatə etdiyi ziddiyətlərlə dolu bir dönəmdə, yeni yaranmış bir dövlətdə cəmiyyətin hələ formalaşmadığı bir zamanda yeni yaranan nəsillərin ədəbi zövqünün formalaşmasında, insanlara düzlük, xeyirxahlıq, halallıq, səmimilik, cəsarət, qeyrət, ədalət və məhəbbət hisslərinin aşılanmasında çox mühüm rol oynayır.
Elə bu səbəbdəndir ki, onun mövzusundan asılı olmayaraq bütün şeirləri oxunaqlı, ürəyə yatımlı, yaddaqalandır, təsir edici enerjiyə malikdir.
Gəlin onun “Vətəndaş sərçələr” şeirinə diqqət yetirək.
Sapandla vurular, ölər, qovrular...
məclislər, saraylar yasaqlı yerdi,
əsgər də, şəhid də sərçələr olar,
yekəpər durnalar-fərarilərdi!
Binəsi kollarda, Vətən daşında,
nə mülkü, nə gölü, nə adası var,
amma ki, köçəri qaranquşun da,
yerliyə şəriklik iddiası var!
Bizlərlə birlikdə gülüb-ağlayan
bu Yurdun balaca sərçələridi,
bəlkə də sərçəni cılız saxlayan,
millət təəssübü, Vətən dərdidi?
Vahid Əzizin şeirlərinin belə güclü olması onu, daxilən sərbəst, geniş dünya görüşə və dərin həyat müşahidələrinə yüksək intellektinə bir az da ərkəsöyünlüyə söykənir. Cəsarət Vahid Əziz poeziyasını səciyyələndirən xüsusiyyətlərdən biridir. O,həyat gərçəklərini, insan münasibətlərini, ətrafında baş verən prosesləri poeziyaya ütüləyib gətirmir. Bu həqiqətlər, gərçəkliklər necədirsə, Vahid Əziz poeziyasında da öz əksini o cür tapır.
“Əlli-yüz” hektarı salıb çəpərə
görəsən neyləyir bu “dünyagirllər”
uzağı məzarçı xətirə görə
qəbrini bir qarış uzun eyləyər.
*
Doğranıb gedirik çırpılar kimi,
dağ kimi əriyib təpə qalırıq,
altundan olsaq da qara pul kimi,
tamah bazarında xırdalanarıq,
İndi bir gözü var tərəzilərin,
o birin kor etdik-pozuldu, pərsəng
“Əmlak bazarının”-zəmanəmizin
dəllalı ya quldur, ya da pəzəvəng.
Vahid Əzizin yaradıcılığını öyrəndikcə, onun poeziyası ilə tanış olduqca bu qeyri-adi insanın, qeyri-adi poeziyası içində getdikcə böyüməyə Ümman kimi çağlamağa başlayır və mən təsadüfən bu yazının başlığını “Ümman kimi çağlayan poeziya” adlandırmadım.
Əzizim Vahid Əziz!
Sizə yüz il ömür arzulamıram. Arzu edirəm ki, özünüz-özünüzə gərək olmayanda, qapı pəncərəni özünüz açıb-bağlaya bilməyəndə, əliniz əsalıq olanda dayansın ürək...Ancaq hələ ona çox var. Hələ Sizin bu dünyayla işiniz var.
Vahid Əziz çəkməz gözün aynadan xəyallarda göz-qaşını oynadan,
ömrün çoxu köç etsədə dünyadan,
gül-çiçəyə boylanırsan nədənsə...
Və sonda. Vahid Əzizin poeziyzsının təsiri altında yazdığım bu kiçik yazı heç olmasa şairin bir şeirinin oxucuya verdiyi hiss qədər sevinc hissi verə bildisə, demək, onda məqsədimə çatmışam.
“Ədəbiyyat və incəsənət”
(25.11.2024)
Azərbaycan Bəstəkarlar İttifaqının yubileyinə həsr olunan iclas və konsert keçirilib
Azərbaycan Bəstəkarlar İttifaqının 90 illik yubileyi ilə bağlı həftəsonu iclas və konsert keçirilib.
İclas öncəsi əvvəlcə dahi bəstəkar Üzeyir Hacıbəylinin xatirəsi yad edilib.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti, professor Firəngiz Əlizadə İdarə heyəti üzvləri qarşısında çıxış edərək, yubileylə bağlı keçirilən tədbirlərin hesabatını verib. Onun sözlərinə görə, Bakı, Gəncə, Şəki, Şuşa və Berlində reallaşan yubiley tədbirləri Azərbaycan bəstəkarlıq məktəbi üçün dəyərli töhfədir.
İttifaqın katibləri Zemfira Qafarova və Cəlal Abbasov musiqişünasların fəaliyyətindən, İttifaqın müxtəlif bölmələri və onların iş fəaliyyətindən söhbət açıblar. İclasda sənətşünaslıq elmləri doktoru, AMEA-nın müxbir üzvü Rəna Məmmədova, fəlsəfə üzrə elmlər doktoru, professor Mina Hacıyeva, Əməkdar incəsənət xadimi, professor Həcər Babayeva və digərləri Bəstəkarlar İttifaqının fəaliyyətinin Azərbaycan musiqi mədəniyyətində böyük rol oynadığını diqqətə çatdırıblar.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı 90 illik yubileylə bağlı Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalında yayımlanan “Bəstəkarlar İttifaqı-90” silsiləsindən təqdim olunan verilişlərin insanların maarifləndirilməsində mühüm əhəmiyyətini qeyd edib.
Sonda idarə heyəti üzvlərinin qərarı ilə gənc bəstəkarlar Aydan Əliyeva və Üzeyir Məmmədov Azərbaycan Bəstəkarlar İttifaqına üzv seçiliblər.
Azərbaycan Dövlət Akademik Filarmoniyada isə Azərbaycan Bəstəkarlar İttifaqının yaranmasının 90 illiyi münasibətilə konsert proqramı təqdim edilib.
Konsert proqramından əvvəl Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadəyə ünvanlanan təbrik məktubu oxunub.
Tədbirdə çıxış edən dosent Leyla Zöhrabova ittifaqın yaranması və fəaliyyəti haqqında geniş məlumat verib. O vurğulayıb ki, yubiley çərçivəsində bir sıra tədbirlər təşkil olunub.
Musiqili gecədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib.
(Yazı AzərTAC-ın materialları əsasında hazırlanıb)
“Ədəbiyyat və incəsənət”
(25.11.2024)