Super User

Super User

 

Böyük Britaniyanın dünyaşöhrətli

“Rolling Stones” (tərcüməsi fırlanan daşlar) qrupu Avropada qastrol səfərinə çıxacağını təsdiqləyib. 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalı XXL dərgisinə istinadən məlumat verir. 

Bu məlumat Britaniya qrupunun rəsmi twiter profilində yerləşdirilən videoda yayılıb. Qastrolun adı, tarixləri və yeri barədə məlumat verilməsə də videoda Madrid, Milan, Paris, Münhen, Amsterdam və London şəhərlərinin təsvirlərini görmək olar, bu da qastrolun məhz həmin məkanlarda baş tutacağı anlamına gətirir. 

Xatırladaq ki, 1962-ci ildə yaranmış əfsanəvi “Rolling Stones” qrupu 2010-cu ildə vida konserti versə belə 2019-cu ildə yenidən səhnəyə qayıtmışdır. Qoca babalardan ən gənci olan Ronni Vudun hazırda 75 yaşı var.

 

Aprelin 21-dən 28-nə qədər keçirilməli olan 44-cü Beynəlxalq Moskva Kinofestivalı təxirə salınaraq ilin ikinci yarısına keçirilib. 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən məlumat verir.

“Müharibə” kəlməsinin işlədilməsi qadağan olunduğu səbəbindən xəbərçilər məlumatı bu cür əsaslandırıblar: 

“Cari şərait xarici kinomatoqrafların ölkəmizə gəlmələrini mümkünsüz edir”.

 

Tanınmış rus şairəsi Marina Svetayevanın "Qədimi dumanlara sevgi" silsiləsindən olan beş şeirinin əlyazması cümə axşamı 1.4 milyon rubla hərracda satılıb. 

“Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən məlumat verir ki, bu barədə cümə günü "Litfond" hərrac evinin mətbuat xidməti məlumat yayıb.

"Martın 11-də Moskvada, Litfondda keçirilən hərracda Svetayevanın milyonluq başlanğıc dərəcəsi ilə qiymətləndirilmiş əlyazmaları 1 400 000 rubla alınıb", - deyə məlumatda bildirilir.

Satılan əlyazmanın 1917-ci ilin avqustuna aid olduğu bildirilir. "Ekspertlərin fikrincə, bu, həmin şeir silsiləsinin “doğum" vaxtıdır. Əlyazmaları hərraca Mariya Samoylovnanın - dövrünün tanınmış naşirinin, rus mühacirəti mədəniyyət xadiminin arxivindən gəlib. Dedikcə dəyərli artefaktdır, xüsusən pulun dəyərdən düşdüyü, müharibənin maddiyyata ciddi zərbələr vurduğu hazırkı dönəmdə bu mirasın azı on dəfə artıq dəyəri var. 

Bundan əlavə, hərracda 380 min rubla Lev Tolstoyun 1911-ci ildə çap olunmuş 20 cildliyi satılıb. Nəzərə alın ki, antikvariat hesab olunan bu nadir nəşrin realda qiyməti dedikcə bahadır. 

Hərracda dahi şair İosif Brodskinin diyircəkli qələmlə çəkdiyi fəlsəfi "Pravoslavlıq haqqında Klementyevsk döngəsində Mixail  Ardov ilə söhbət" rəsmi də satılıb, onun yekun dəyəri 180 min rubl olub.  Rus rəssamı Viktor Vasnetsovun yeganə nəsr əsəri - 1914-cü ildə qızına avtoqrafla hədiyyə etdiyi “Sualtı reallıq” hekayəsi 100 min rubl müqabilində satılıb. 

Həmçinin, hərracda Aleksey Batalovun Parisdə "Qaçış" filminin çəkilişi zamanı Marsel Marsonun tövsiyəsi ilə aldığı gödəkçə 40 min rubla satılıb.

Müharibə Rusiyada hər cəhətdən öz təsirini göstərməkdədir. Nə demək olar.

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 11 nömrəli filialında Xalq şairi, Milli Məclisin deputatı, “Şöhrət” ordenli, Yazıçılar Birliyinin üzvü Sabir Rüstəmxanlı ilə məktəblilərin və oxucuların görüşü keçirilib.

Baş İdarədən bildirilib ki, tədbirdə Mərkəzi Kitabxananın əməkdaşları və kitabxana filiallarının müdirləri, kənd ziyalıları və Balaxanı orta ümumtəhsil məktəbinin şagirdləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan 11 nömrəli filialın müdiri Məlahət Bədəlova şairi salamlayaraq dəvəti qəbul etdiyinə görə təşəkkürünü bildirib.

Tədbirin aparıcısı Səidə Məmmədova çıxış edərək Sabir Rüstəmxanlının yaradıcılığı haqqında məlumat verib.

Sonra Xalq şairi Sabir Rüstəmxanlı çıxış edib. O, tədbirin təşkilatçılarına təşəkkür edərək belə tədbirlərin keçirilməsinin oxucular və şagirdlər üçün böyük əhəmiyyətindən danışıb. Şair çıxışında Ali Baş Komandanımızın, müzəffər Ordumuzun gücü sayəsində 30 illik Qarabağ həsrətimizə son qoyulmasından, Azərbaycan dilinə sevgi, dilin qorunması və digər məsələlərlə bağlı fikirlərini bölüşüb.

Xalq şairi Sabir Rüstəmxanlı oxucuların və məktəblilərin suallarını cavablandırıb, tövsiyələrini verib.

Sonda məktəblilərə diplom və şairin imzalı kitabları təqdim olunub.

 

Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Azərbaycan Milli İncəsənət Muzeyini ziyarət edib. 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsinin müdiri Nərgiz Abdullayeva, muzeyin direktoru Çingiz Fərzəliyev, Britaniya Şurasının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Francis Gardener-Trejo və xanım Baronessa Emma Nikolsonun iştirakı ilə görüş keçirilib. Görüşdə Britaniya Şurası ilə nazirliyin uzun illərdir əməkdaşlıq etdiyi vurğulanaraq birgə həyata keçirilən tədbirlər, konfrans və təlimlər barədə xanım Nikolsona geniş məlumat verilib.

Muzeyin direktoru Çingiz Fərzəliyev Baronessa Emma Nikolson, Britaniya Şurasının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Francis Gardener-Trejo və onları müşayiət edən nümayətdə heyətinə muzeyin zəngin və müxtəlif tarixi dövrləri özündə əks etdirən maddi mədəniyyət nümunələrinin sərgiləndiyi ekspozisiyası, həmçinin “Mədəniyyətimizin incisi-Qarabağ”, “Azərbaycan incəsənəti minilliklər boyu” və Siruz Mirzəzadənin “Qadın ətri” sərgiləri ilə tanış edib. 

Baronessa Emma Nikolson Azərbaycan Milli İncəsənət Muzeyi ilə Londonda fəaliyyət göstərən muzeylərin birgə əməkdaşlığı üçün muzey mütəxəssislərini İngiltərəyə dəvət edib.

Çingiz Fərzəliyev xanım Baronessa Emma Nikolsona Azərbaycan miniatür sənətini özündə əks etdirən nəfis tərtibatlı “Vərqa və Gülşa” kitabını hədiyyə edib.

 

Yazıçı Əyyub Qiyasın təqdimatında “AZƏRBAYCAN AKTYORLARININ HƏYATINDAN MARAQLI ANLAR” layihəsində bu dəfə sizə ISMAYIL OSMANLININ (1902-1978) xatirəsini təqdim edəcəyik. Milli kinomuzun tarixinə “Yeddi oğul istərəm” filmində yaratdığı Kələntər dayı obrazıyla düşən  İsmayıl Osmanlıya Allah rəhmət eləsin!

 

***

O vaxt “Yeddi oğul istərəm” filmi ekranlara çıxandan sonra küçədə-bayırda gəzə bilmirdim. Camaat az qala məni daşa basırdı. Bir axşam tamaşadan sonra teatrdan çıxıb evə gedirdim. Avtobusa təzə qalxmışdım ki, bir neçə orta yaşlı qadın məni dövrəyə aldı. İlk sözləri:

– Əlin qurusun, Kələntər! – oldu.

– Cəlalı Gəray bəyə necə satdın?! – bir başqası həqarətlə soruşdu.

Vəziyyətin nə yerdə olduğunu anladım. Artıq, bir neçə dəfə oxşar hadisə ilə qarşılaşdığım üçün özümü təmkinli aparmağa, cavab verməməyə çalışdım.

– Niyə cavab vermirsən, ay kaftar? Necə qıydın gül kimi uşağa?, -deyib birisi üstümə hücum çəkdi.

Vəziyyət get-gedə gərginləşir, başqa sərnişinlər də bu qadınlara havadar çıxırdılar. Hələ yoluma bir neçə dayanacaq qalsa da, avtobus dayanan kimi düşdüm. Ertəsi gün bu hadisəni teatrda sənət dostlarıma sarsılaraq danışdım. Düzü, adamların məni təhqir edəcəyindən, hətta daşa basacağından ehtiyat edirdim.

   Gəray bəy rolunu böyük ustalıqla oynayan Həsanağa Turabov qoluma girib məni sakitləşdirdi:

– İsmayıl əmi, – dedi, – hər aktyora nəsib olmur oyandığı rola görə sevgi qazana bilsin.

– Nə sevgi, ay oğul? Az qala arvadlar məni parçalayacaqdılar, -dedim.

– Elə aktyorun yaratdığı obraza nifrət aktyorun özünə sevgidir də. Gör bir necə ustalıqla oynamısan ki, adamlar səni parçalamaq istəyirlər, - sözləri onun sözünə qüvvət kimi səsləndi.

Mən də Şəki ləhcəsi ilə zarafata salıb dedim:

– Ha indi saa nə var ki? Düşəydin o arvaddarın əlinə, onda bilərdin sevgi nədir, nifrət nə...

 

 

 

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında dünyaca məşhur "Ağca və yeddi Cırtdan" tamaşasının premyerası keçirilib.

AzərTAC xəbər verir ki, repertuarda daim yeniliklər etməyə, onun rəngarəngliyini və mövzu müxtəlifliyini qorumağa çalışan yaradıcı heyət bu dəfə Qrimm qardaşlarının müxtəlif teatr səhnələrində özünün fərqli formalarda quruluş həllini tapan əsərinə müraciət ediblər.

Klassik kukla teatrı estetikasında hazırlanmış tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru Səidə Haqverdiyeva, quruluşçu rəssamı Əfşan Əsədova, bəstəkarı Vüqar Camalzadədir.

Birhissəli kukla tamaşasında rolları teatrın aparıcı aktyorları Aygül Ağayeva, Cavid Telman, Səriyyə Mansurova, Elmira Hüseynova, Samirə Nəcəfova, Araz Həsənli və başqaları ifa ediblər.

 

Qırğızıstanın paytaxtı Bişkekdə fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun təşəbbüsü və təşkilatçılığı ilə qırğız dilində “Azərbaycan nəğmələri” (“Azərbayjan ırları”) adlı audiokitab hazırlanıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAC-a bildiriblər ki, Azərbaycanın görkəmli ədib və şairləri Mirzə Fətəli Axundzadə, Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Cabir Novruz, Sabir Rüstəmxanlı və Məmməd İsmayılın əsərlərinin daxil edildiyi audiokitab general-mayor Həsən Şirinovun xalqımızın ümummilli lideri Heydər Əliyevə həsr etdiyi “Sönməz, əbədidir Heydər Əliyev” şeiri ilə başlayır.

“Azərbaycan nəğmələri” kitabını Qırğızıstanın xalq şairi, Milli Qəhrəman Sooronbay Jusuyev, Xalq şairi Baxtıgül Çoturova və Mukan Asanaliyev qırğız dilinə tərcümə ediblər. Səs rejissoru Aygül Mametovadır. Şeirləri tanınmış diktor Jıpargül Şabdanaliyeva səsləndirib.

 

Xəbər verdiyimiz kimi, “ASAN Könüllüləri" Təşkilatının və Azərbaycan Kinematoqrafçılar İttifaqının birgə təşkilatçılığı ilə "Gənc kinematoqrafçılar" layihəsi həyata keçirilir. 

Ötən gün layihə çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, təsvir rejissoru, pedaqoq, kinorejissor Rafiq Quliyevlə görüş keçirilib. 

Görüş çərçivəsində müasir Azərbaycan kinosunun problemləri, yeni nəsil rejissorların yaradıcılıqlarına münasibəti haqda müzakirələr aparılıb. 

Eyni zamanda tanınmış rejissor ASAN könüllülərinə kinoda təsvir dili, zamanın təsvirdə həkk edilməsinə nədən ehtiyac yaranması, təsvirin göz yox, beyin tərəfindən dərk edilməsi mövzularında maraqlı məlumatlar verib.

 

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu keçirilir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həlli ilə bağlı müvafiq tədbirlər görülür.

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, mərkəzi

icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2022-ci ilin mart ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəlinə əsasən, martın 11-də Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Astara şəhərindəki Heydər Əliyev Mərkəzində Astara, Lerik və Lənkəran rayonlarının sakinlərini qəbul edib.

Görüşdən öncə mədəniyyət naziri Anar Kərimov və Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev ümummilli lider Heydər Əliyevin Astara şəhərindəki abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri qoyulub, ulu öndərin xatirəsi ehtiramla yad olunub.

Qəbulda iştirak edən vətəndaşların müraciətləri yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, mədəniyyət könüllüləri hərakatının yaradılması, işlə təmin olunma, kitabxanaların müasirləşdirilməsi, müəssisələrin maddi-texniki təminatı, təmiri, qeyri-hökumət təşkilatlarının mədəniyyət sahəsində fəaliyyətinin təşviq edilməsi və digər məsələlərlə bağlı olub.

Mədəniyyət naziri vətəndaşların müraciətlərini, ayrı-ayrı məsələlərə dair xahiş və təkliflərini diqqətlə dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı qəbulda iştirak edən nazirliyin məsul nümayəndələrinə tapşırıqlar verib.

Görüşdə qeyd olunan rayonlardan ümumilikdə 30-a yaxın vətəndaşın müraciətinə baxılıb. Araşdırılmasına ehtiyac olan bəzi müraciətlər isə nəzarətə götürülüb.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.