Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu keçirilir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həlli ilə bağlı müvafiq tədbirlər görülür.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, mərkəzi
icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2022-ci ilin mart ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəlinə əsasən, martın 11-də Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Astara şəhərindəki Heydər Əliyev Mərkəzində Astara, Lerik və Lənkəran rayonlarının sakinlərini qəbul edib.
Görüşdən öncə mədəniyyət naziri Anar Kərimov və Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev ümummilli lider Heydər Əliyevin Astara şəhərindəki abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri qoyulub, ulu öndərin xatirəsi ehtiramla yad olunub.
Qəbulda iştirak edən vətəndaşların müraciətləri yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, mədəniyyət könüllüləri hərakatının yaradılması, işlə təmin olunma, kitabxanaların müasirləşdirilməsi, müəssisələrin maddi-texniki təminatı, təmiri, qeyri-hökumət təşkilatlarının mədəniyyət sahəsində fəaliyyətinin təşviq edilməsi və digər məsələlərlə bağlı olub.
Mədəniyyət naziri vətəndaşların müraciətlərini, ayrı-ayrı məsələlərə dair xahiş və təkliflərini diqqətlə dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı qəbulda iştirak edən nazirliyin məsul nümayəndələrinə tapşırıqlar verib.
Görüşdə qeyd olunan rayonlardan ümumilikdə 30-a yaxın vətəndaşın müraciətinə baxılıb. Araşdırılmasına ehtiyac olan bəzi müraciətlər isə nəzarətə götürülüb.