Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün sizlərə Xanəmir Telmanoğlunun ezoterik – metasofi  şeirləri təqdim ediləcək.

 

 

QIZL ALMA VÜCUDNAMƏSİ –

(ezoterik – metasofi  şeirləri)

 

 

(sizi bizdən çıxacağıq (777 - 666) )

ey dili qafil fil faili məchul fani f...

 

siz 666 olun

biz 777 olaq

biz sizli də sizsiz də 777-yik

 

izn versəniz də, verməsəniz də,

biz 777-dən

çıxacağıq

hər gün hər an çıxırıq 666-yı

geridə qosqocaman 111 qalır

 

bizdən çıxsaq sizi

geridə 111 qalır

elədir bizdən çıxılmalıdır “siz”

sizdən çıxsaq bizi

– 111 qalacaq

 

hər iki halda çıxsaq çıxılsaq

atsaq atılsaq

geridə ya soyuq

ya isti bir atmosferi miras saxlayacağıq

miras saxlayacağıq

ya soyuq hücrəli

ya isti sədəfli atmosferi

 

doğrudur elədir

777-dən çıxacağıq 666-nı

bizdən

bizim  tərkibindəki 666-yı atıb gedəcəyəm

geridə özümüz olan 111 qalacağıq

 

bu nə demək

siz bizdəsiz

bizdə varsız

biz sizdə yoxuq

sizdə olmadıq

indi sizi 666- nı

bizdən 777-dən qoparıb ayırıb atırıq

özümüzü tapırıq

 

sizin ağrılarınız bizdə gizlənib

 

sonda yer üzünün adını mars qoyacağıq

ya da gedib

 gedib marsda nəfəsimizi dərəcəyik

 

bu nə demək

indi hərfləri əlifbaları da dəyişəcəyik

az qalıb rəqəmləri sayları da təzələyəcəyik

sıfırda başlayıb sıfırda dövr edəcəyik

2018.

 

faizin mərsiyəsi

ey dili qafil fil faii məchul fani f...

............    ...........    ....      .................

 

bu yəhuda iuda nə keçib xirtdəyimə

tapınaqlar tamahla bəsləyir tanrısını

hər nəfəs alışımdan sur çalır qulağıma

bəlkə bitirə bilək iblisin erasını

 

o kimdir adı sanı faizlə əvəzlənir

dən tutan sünbüllərin tən qırtan zənbillərin

göylərin qəzəbindən gözüm haqqa zillənir

çün başları kəsilir faizlə səbillərin

 

güldən danışa bilsəm mövsüm ovsunlanacaq

xərc çəkən yəhudinin ocaq söndürməsi qış

ac mədələr gurlayıb ağızlar sulanacaq

hünkar ovuclarından qopunca qırğın alqış

 

banklar zindan kimidir sorub qanı alır can

dəryalar dibindəki mərcandan qırçın ləpə...

düzəldib tanrılara...tutur bitməz həyəcan

saraylar taxt-taclardan altunlar səpə-səpə...

 

banklar... faizlər.. bir də yəhudi bəsləməsi

düşməz dildən ağızdan ...keçməz hundan oğuzdan

atilladan metedən fateh sicilləməsi

ödədər qarşılığın yuxu görsə yavuzdan

 

qudsün divarında bütün xətlər əhdimdi

yerusəlim üstündə səma elə siyah dan

rənglər nə vaxtdan mənim tale ləlli bəxtimdi...

böhran ki başlayalı gələn çoxdu qıraqdan....

 

ha sevinsəm alışmaz için eşqyar şöləni

əşkiyadan quldurdan baş qaldırmaq hesabdı

faizlə topraq bulub dəfn edirəm öləni

dünyada ən mötəbər tabir varsa qəssabdı

ölməmək əsarətsə ölmək zinhar məsrəfdi

 

ölümlərin qorxusu.. ehsan üstə faizlik

bu nə... bank məzarlığı ... bu nə bank qəbristanlığı

(yer altda doğranırıq kəsilirik... qurbanlıq)

yazıq qarğa quzğunlar ah-naləniz alındı

heç olmasa gövhər bilin körpə leş qalığını

 

2017.

 

əsirnamə

ey dadi bidad danəndə dəhan dərviş d…

elədir 1453-cü ildir. üçüncü dünya savaşı dönəmidir.

 

axır ki inancımın altında qaldı roma

tanrılar anlaşaraq tanrıya dönüşdülər

qurudub darğınlıqla qanlı teştlər dibində

baxışlarıyla göydə günəşi də eşdilər

 

qəfil soyuq başlayar buzu kəhanət qovar

su altında bərq vuran gülüşlər öz halımdı

kainatın köksünü qalxıb işıqlar sığar

elə bil savaş gedir sanki ölüm qalımdı

 

sular dönüb azğına basacaqdır qütbləri

çiləmdəki yanğına ayaq uydurmaz kimsə

aləmlərin küncündə mənim kimi tipləri...

sonra sormazmı allah: hanı eşqində bəstə

 

nə qıvraqdı yerişim nə oynaqdı gözlərim

zərrə də qaça bilməz haça dilli həzzimdən

elə ki mənasını salan olsa sözümə

içə gömsəm səsimi partlaq verər köksümdən

 

ya fırlanan dünyanın yanında dil qısaysa

ya qovrulan ürəyim qıvrılan bir ilansa

bu qübbənin nurları çəkilməsin bir daha

məni salmasın dara

məni basmasın yasa

 

çökür sivilizasiya çökür mədəniyyətlər

...hansı türə göz dikib görəsən indi isiq

hansı dilə tərpətməyim ötələrdən eyhamlar

hansı zəmidən qalmış əllərdəki başaqlar

 

belə ötüb keçirəm kainatin küncüylə

səsim heç çıxmasa da fikirlərim çağlayır

yenidən uğraşarmı köçlərlə eşq məsumca

çimiri yox ruhumun

enib yalqız ağlayır...

 

mənə olan zülmdən xəbəri yox əcəmin

açıram vyananın qapısın ustalıqla

baxıram ki qarşımda durub batı hegemon

baxışlarımdan sızan eşq də çıxır qovluqla

2016.

 

 

qapanmamış hesablar

ey dadi bidad danəndə dəhan dərviş d….

 

şərqdən işıq doğacaq buna yaman əminəm

əminəm ki həyatım basabasda sürmədi

nə var aşkarda gördük nə var açıq söylədik

daha qəlbin dibində gizlin nədi sirr nədi

 

keçən keçdi əlbət ki zaman həmən gil olmaz

köçən köçdü bu hədlə duman ləngiyər dağda

dünya ruhda doğramsa bahar gələ gül olmaz

inan ağzımı açmaz iti uclu bıçaq da

 

belədir bu göylərin həll etdiyi müşküllər

qaldı qiyamətlərə qapanmamış hesablar

nədəndir ağuşunda ölümlərin kərküklər

inlər azan səsləri qan tökdükcə qəssablar

 

aşiq olan həddini biləli zaman gəldi

yuduqca çirkabları suların fərasəti

bir də gördün dağlarda hu çəkdi şaman güldü

gətirdi hürriyyəti dağıtdı əsarəti

 

daha danışmaq üçün əldən ver gil fürsəti

hindu baxışlarıyla avam çıxdı irəli

elə ki üzəngidən keçirdinsə itləri

sürünü rahat otar yürü dağda qürrəli

2015.

 

 

şeir yazıb saç ağardıb

ey dadi bidad danəndə dəhan dərviş d....

şah sağ olsun xəzər hələ qalxmayıb

 

kimsə bilməz səni nə vatikan nə roma

göydən enmiş görünməzlər arasında gəzərsən

təkliyinə eşq dedirdən heykəlləri qınama

axı kimsən nə karəsən hansı əsrdən sirsən

 

bilən olmaz qeylu-qallar başında əcdad haylar

gün uzunu ruzin belə nəfəsində dolaşır

kilsə görməz məscid bilməz ruhundan axan çaylar

araz adda kür muradda xəzərinə ulaşır....

 

göylər bir az sinsə yerə təntiyər varlığından

bu dünyada nə gördünsə yaxıb aldın gözünlə

ətrafdakı əşyaların adları da inləyir...

(qayıblar güllər üstündə təntiyər sağlığından)

açılmayan kitablara ön söz oldun üzünlə...

 

kimsə bilməz qənşərinə göstərişlə çıxmısan

şeir yazıb saç ağardıb qədərinlə oynayıb

hə... desinlər “səy ağıllı özündən nə çıxmısan?”

kimsə belə almayıbdı özündən dönmə hayıf...

 

uca şahlar padişahlar qoy küllənsin sarayda

heç güvənmə ayrılığın hicrətinə qaçanlar

sözlərinin mənasını arasalar dəryada

səni görcək duruxarlar qəlb gözünü açanlar

 

nə fırtına nə qasırğa həsrətini tovlamaz

günəş belə işığını utandırar canında

qurdla qalsan qiyamətə aya baxıb ulamaz

qılıncını çəkə bilsən yer rahatlar qınında...

 

bu sərxoşluq sənə bəsdir fəryadın can çıxara

oxşarın yox aləmlərin dəmlərinə qoyula

qoy desinlər bir yusif da mehman olub quyuya

kimsə qanmaz qılınc böylə qınından sıyrılar...

göylər çəkər yaxasını yer yasını saçlayar....

2015.

 

 

bir azdan

ey dili qafil fil faili məchul fani f...

 

bir azdan pkk notr dam kilsəsini...

vatikanı drezdeni  havaya uçuracaq

londonun parisin berlinin mərkəzi küçələrində

gülümsəyən xaçlar qan içində üzəcək

 

burax əvəz eyləsin məni haqqın darğası

axşamın macalından yaxşı sübhün əcəli

hansı rəngi çox sevsən sonda çıxar qarası

yeddi rəngdən yeddi qız çıxaracaq gəncəvi

 

bu kərəm topuğumu qapılarda sarımam

uzadıb saçlarımı çıxaracam ağlıqdan

göylərin yaxasından qopmadıqca arınan

ayağının altında torpaq betər yaylıqdan

 

nə şirvan naxışıdır bu nə təbriz çeşnisi

xilafətin bəzəyi ərşü əladan gəlir

görmürsən alışıb yanır müxənnət-in sinəsi

onu çoxdan yoxladıb

ruhumuzdakı gəlir

 

iradəsi ləngiyir istanbul paşasının

hər cümənin aclığı zamanın ötəsidir

məhşərdə tən bölərkən torpağı qoşa sait

hilal ucu aclığım qövmümün törəsidir

2015.

 

 

zamanın sərməstliyi

ey dadi bidad danəndə dəhan dərviş d...

 

ay başlamış göylərin tənində sulanmağa

sabah vaxtı güllərin qoxusu tətikdədi

...bu vədə ay yerindən isa da sallanmağa

ıstəməz... bir az sonra günəş əsirlikdədi...

 

qınama işarəmi naşı şənliyim yaya

yürüdükcə hekayəm bayram azarı tutur

qanım da şoralansa gedib varacam yaya

tacir qurtarmayınca qalxıb bazarın satar....

 

nə uzadım irəli əlimin soyuğu qar

hansı fəsildə ölsəm işıq qaçar ağzımdan

ruhum hüzur içində üst başımdan axar qan

kimsə döndərə bilməz yazı pazlı qəzamdan

 

nə gavurlar görmüşəm nə hallar suya bənddi

səsimin sərməstliyi  “dəli kölə olamaz”

artıq dirini burax ölü də aşır həddin

bu cəhalət adətsə əldə qalmaz qalamız....

 

göylərin acizliyi bizəmi tən toxuyur

yoxsa milad mindirir məzənnəyə şənliyin

sular susdu susmadı rüzgar ondan oxuyur

baş qatır vuran vursun eşqdən betər ənliyin

2015.

 

“Ədəbiyyat və incəsənət”

(22.11.2024)

 

 

 

 

 

 

 

 

 

 

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Çinar — çinarkimiklər fəsiləsindən olan bitkidir. Latınca "Platanaus", rus dilində "Platan”, bizim dilimizdə "Çinar” adlanır. O, çiçəkli bitkilərin ən qədim növlərindən biridir. Gözəlliyinə, görkəminə və nadir bioekoloji əlamətlərinə görə onu şərqin ağac florasının mirvarisi, möhtəşəm gövdəsi, əzəmətli, yaraşıqlı çətirinə görə isə cənubun nəhəng ağacı adlandırırlar. Nadir və nəsli kəsilməkdə olan bitki kimi Azərbaycanın "Qırmızı Kitab"na daxil edilmişdir.

 

Çinar bitdiyi yerin havasını ionlaşdıraraq təbii kondisioner rolunu oynayır, havanı təravətləndirir. Xalq təbabətində çinarın yarpağından və qabığından istifadə geniş yayılıb. Antiseptik xüsusiyyətlərə malik çinarın yarpağından və gövdəsinin qabığından hazırlanan dəmləmələr və məhlullar əsasən qızdırmanın salınmasında, saçdakı kəpəyin təmizlənməsində, baş dərisindəki qaşınmanın qarşısının alınmasında, ilan sancmasında, həmçinin sulu və açıq yaralar zamanı istifadə olunur.

Çinarlar 2000-2300 ilə qədər yaşaya bilir. Ölkəmizdə belə yaşlı çinar ağaçları çoxdur. Bu cür çinar ağacları təbii abidələr kimi təbii-mədəni irsimizin qiymətli nümunələri sırasındadır.

Onlardan biri də Oğuz şəhərinin şimalında mövcud olan çinar ağacıdır. Bu ağaç haqqında müxtəlif miflər uydurulmuşdur, hazırda da xeyli əfsanə və rəvayətlər söylənilir.

Nədənsə hər dəfə bu çinarı gördükcə yadıma böyük S.Vurğunun aşağıdaki misraları düşür:

 

Bu qoca dünyanın şahidiyəm mən... 
Kölgəmdə dincəlir hər gəlib-gedən. 
Bağçalar gül açır yaş torpağımda. 
Quşların adı var hər yarpağımda. 
Mən bu yer üzünə gələndən bəri 
Olmuş budaqlarım hava səngəri. 
Kötüyüm dünyanın sirrilə dolu,
Bax ayrılmamışam öz kötüyümdən!..   

 

Həqiqətən, “qoca dünyanın şahidi olan” bu ağacın “kötüyü dünyanın sirri ilə doludur”. Ağac haqqında hələlik ilkin yazılı mənbə 1885-ci ildə “Ağbyur” adlı uşaq jurnalının 12-ci sayında çap olunmuş məqalədir. Məqalənin müəllifi yazır: “Vartaşen (Oğuzun əvvəlki adı – red.) camaatı bu böyük Çinara müqəddəs kimi yanaşır, deyirlər ki, pirdir. Vartaşen pirində, Çinarda basdırılan müqəddəs yoxdur. O müqəddəs olmaq üçün insana ehtiyac duymur. Əvəzində ənənəyə görə inanılır ki, bu pirin altında bir ilan yaşayır. Heç kim onu görməyib və Allah eləməsin ki, o öz yuvasını nə vaxtsa tərk etsin.

Mən bir daha yarpaqların arasına daxil olaraq gövdəyə baxdım. Çox da hündür deyil, bir yarım, iki insan boyunda olar. Kökdə isə digər balaca ağaclar bir hasar yaradır, 30 arşın olar. Ağaclarla gövdə arasında elə məsafə var ki, baxan elə bilər sanki bir altlığa heykəl yerləşdirilib. Lakin yuxarı doğru baxdıqca ləkəsiz ağ qabıq mənzərəsi hər şeyi daha da mistikləşdirilir. "Ay Allah!" mən dedim, "sən necə yaxşısan, necə böyük və ucasan ki, belə bir alicənab canlının doğulmasına şərait yaratmısan." Mən Luvr muzeyindəki antik Venera heykəlini görəndə heç Vartaşen çinarını görəndə yaşadığım kimi şiddətli hisslər yaşamamışdım”. (Tərcümə Cavid Ağaya aiddir)

Udi əsilli M.Bejanov da 1892-ci ildə Tiflisdə çap etdirdiyi  “Vartaşen kəndi və onun sakinləri haqqında qısa məlumat” adlı məqaləsində bu çinar ağacından bəhs edir. M.Bejanovun yazdığına görə, belə bir rəvayət var ki, qədim zamanda düşmədən qorumaq üçün torpağa İncil kitabı basdırılıb və üzərindən çinar toxumu səpilib. Nəticədə belə bir böyük ağac bitib.

Ağacı kəsmədən, illik böyümə ölçüsünə əsasən bəzi düsturlar var ki, həmin düsturlarla onun yaşını təyin etmək mümkündür. Bunlardan biri də ağacın gövdəsinin enini (sm ilə) 2,5-ə bölməklə alınan düsturdu.

M.Bejanov 1892 ci ildə sözü gedən ağacın eninin 32 arşın, yəni 22,4 metr olduğunu yazır. (1arşın=0.70sm). Bu zaman hesablama etdikdə, 2240sm/ 2,5 = 896 alınır. Yəni bu ağacın 1892 ci ildə 896 yaşı olub hal hazırda isə 1028 yaşı var.

Təəsüf ki, ildırım ağacın gövdəsini parçaladığı üçün hazırda dəqiq ölçmə aparmaq mümkün deyl. 

M.Bejanovdan yuxarıda göstəriyimiz iqtibasdakı “…qədim zamanda düşməndən qorumaq üçün torpağa İncil kitabı basdırılıb” ifadələrinə təkrar diqqəti cəlb etmək istərdim. Maraqlıdır, görəsən, “düşmənlər” kim imiş və İncili kimdən qoruyurmuşlar? Adamın ağlına bir başqa fikir gəlir. Güman ki, söhbət xristianlığı qəbul etmiş udilərdən gedir, İncili islamı yaymaq üçün gələn ərəblərdən qoruyurmuşlar. Əgər elədirsə, onda ağacın yaşını ən azı 150-200 il artırmaq lazımdır. Nə isə, mütəxəssislərin ciddi araçdırmalarına ehtiyac duyulur.

İndi bu çinar və onun ətrafı muqəddəs sayılır, pir və ziyarət hesab olunur.   Ümumiyyətlə, ölkəmizin bütün bölgələrində xeyli ağaç pirləri mövcuddur. Çinara isə Azərbaycanın, demək olar ki, bütün bölgələrində ehtiramla yanaşılır.

Ümumiyyətlə, ağaca stayiş etmək müxtəlif xalqlarda bir ənənə olmuşdur. Hələ vaxtı ilə Musa Kalankatlı "Alban tarixi" əsərində qeyd edirdi ki, hunlar hündür və bol yarpaqlı palıd ağaclarına sitayiş edirdilər, ağacın tökülmüş yarpaqlarını və ya qurumuş budaqlarını öz ehtiyacları üçün yığanların belə ağac tərəfindən dəhşətli yaralarla, dəliliklə və hətta ölümlə cəzalandırıldığına inanırdılar. XIX əsrdə yaşamış udi mənşəli M.Bejanovun Oğuz çinarı haqqındakı qeydlərində də bu fikir təsdiq olunur.

Bu gün də insanlar (daha çox regionun köklü sakinlərindən olan udilər) müxtəlif münasibətlərlə Oğuz çinarının altında şamlar yandırır, arzular tuturlar. Onu da qeyd edək ki, müsəlman xalqların nümayəndələri də buranı müqəddəs yer hesab edirlər. Təsadüfi deyil ki, M.Paşayeva tarix üzrə elmlər doktoru alimlik dərəcəsi almaq üçün təqdim olunan dissertasiyanın avtoreferatında yazır:  “…inancından asılı olmayaraq istər xristian, istərsə də müsəlman əhali eyni dərəcədə inanaraq buranı ziyarət edir, birgə ayinlər icra edirlər. Bu da yerli əhalinin ortaq mənəvi dəyərlərə sahib olduğunu göstərir”.

Vaxtı ilə akademik V.Tutayuq xanım ölkəmizin digər bölgələrində olduğu kimi Oğuz rayonundakı yaşlı ağcaqayınla yanaşı, haqqında söhbət açılan çinarı da  təbiət abidəsi kimi qeydə almış, onların qorunması ilə bağlı müvafiq orqanlar qarşısında məsələ qaldırmışdır.

Sözügedən ağac hazırda qorunur və bölgəyə səfər edən yerli və xarici turistlərin ciddi marağına səbəb olur.

 

“Ədəbiyyat və incəsənət”

(22.11.2024)

                              

 

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi

 

 

Könlümün dərd ortağı olan vüsal xatirələri var. Hər insanın var... “Vüsal da dərd olarmı?” deyə soruşmayın. Yaşandığı anda sevinc olan vüsallar  zamanın xəlbirində uzaqlaşdıqca xatirəsi dərd olur. Bir də qayıdıb yaşanmayacağı üçün...

 

“Şuşa, sən azadsan!” sözlərini eşitdiyim anda oturduğum stuldan qalxdım. Daha heç nə eşitmədim. Heç nə... Heç nə də etmədim. Heç nə... Amma sonra, nə qədər sonra, nəyin sonrası olduğunu bilmədiyim bir sonrada gördüm ki, stulum arxası üstə yıxılıb, fincanımda soyumuş çay, o çayın içində də bir qələm var. Ayaqlarımın altına da iki-üç vərəq səpələnib. “Nəsə yazırmışam...”-ağlıma gələn ilk cümləydi. “Görəsən, başqa kim neynədi bu sözləri eşidəndə?”-ikinci cümləm idi. “Görəsən, ağlamışammı?”-dedim,  güzgüyə baxdım, göz yaşı qurumuşdu, izi qalmışdı yanağımda...

...Və mən hələ Şuşanı görməmişəm. Və mən hələ  illərlə haqqında nağılvari əhvalatlar eşitdiyim Kəlbəcərə getməmişəm. Qorxuram... Qorxuram ki, gedərəm, oralarda da zaman dayanar nə qədərsə, o böyük vüsaldan doymaram, sonra o vüsal anını niyə bir də, bir də yaşamıram deyə özümə dərd edərəm. 

...Və bu gün balaca rəssam Minarənin çəkdiyi Şuşa rəsminə baxa-baxa gülümsəyirəm; həm  xalqımın sabahına olan ümidləri içərisində ağıllı, savadlı, istedadlı, yaratmaqdan doymayan bir qız daha olduğu üçün, həm də bu qızın  məhz Şuşanı rəsm etdiyi üçün...

        

Abdullayeva Minarə Şahin qızı  08 dekabr 2011-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Azərbaycan Milli Konservatoriyasının tərkibindəki İncəsənət Gimnaziyasının Təsviri və tətbiqi sənət ixtisası üzrə 7c sinfində təhsil alır. Türkiyə, Almaniya, Bolqarıstan, Norveç, Peru, Ukrayna və başqa ölkələrdə keçirilən bir sıra beynəlxalq müsabiqələrdə Azərbaycanı uğurla təmsil edib. Tətbiqi və təsviri sənət üzrə Respublika və beynəlxalq müsabiqələrdə qazandığı uğurlara görə Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev və Azərbaycan Respublikasının Təhsil İnstitutunun inzibati binasının interyerinə verdiyi töhfəyə görə Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru Rüfət Əzizov tərəfindən Təşəkkürnamə ilə təltif edilib.

Ukraynada VALENCİA ART FEST 2022 Beynəlxalq müsabiqəsində I yerə layiq görülüb. Azərbaycan Gənclər İttifaqının Qarabağ mövzusunda keçirdiyi Beynəlxalq müsabiqədə “Bayraq kimliyimizdir” əsəri ilə I yeri,  Türkiyədə keçirilən “ART PLANET” müsabiqəsində II yeri qazanıb. AMEA  Milli Azərbaycan Tarixi Muzeyinin “Qarabağın incisi - Şuşa” adlı rəsm əsərləri və əl işlərinin II Ümumrespublika müsabiqəsində “Şuşa qalası” əsəri ilə II yeri qazanaraq Fəxri fərmana və pul mükafatına,  Almaniyada “HERBST SYMPHONIE - BERLİN 2021” beynəlxalq müsabiqəsində II yerə layiq görülüb.

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Türkiyənin İzmir şəhərində İşılay Sayqın Gözəl Sənətlər liseyində keçirilən tədbirdə iştirakına görə diplomla təltif edilən balaca rəssam  Bolqarıstanın və Mərakeşin ölkəmizdəki səfirliklərinin təşkil etdiyi müsabiqələrdə də diplomlar qazanıb.  Həmçinin, ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş müsabiqədə “Ümummilli lider Heydər Əliyev” adlı əsəri II  yeri tutub.

Minarənin uğurları bununla bitmir... Fırçasını əlinə alır, dalır yaradıcılıq ümmanına... Sahilə çırpılan hər dalğasında Minarəyə bir uğur, bir təşəkkürnamə, bir Fəxri fərman bəxş edir bu ümman. Mən onun “Şuşa qalası” əsərini anasının-gözəl şairimiz Rəsmiyyə Sabirin sosial şəbəkədəki paylaşımında gördüm.  Bir xeyli baxdım o şəklə... “Şuşa, sən azadsan!” sözlərinin əks-sədası duyuldu rənglərdən. Bir də,  yurddaşlarımın həmin sözü eşitdikləri günün xatirəsi. Yenə özümdən soruşdum: “Görəsən, kim neynədi o anda?”

Minarənin “Şuşa qalası” əsəri Azərbaycan Republikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Ortaq Dəyərlər İctimai Birliyinin reallaşdırdığı "Xaricdə yaşayan azərbaycanlıların haqlarının müdafiəsi” layihəsi çərçivəsində keçirilmiş "50 milyonun Zəfəri" rəsm müsabiqəsində qalib olub.

Əsərin yaranma tarixçəsi də Minarənin özü kimi məsumdur: “Böyük Zəfərimizdən sonraydı. Anam mənə feysbukda bir foto göstərdi. Şuşa qalasının yanında Qarabağ atına minmiş bir Azərbaycan gənci... Foto o qədər möhtəşəmdi ki!  Mədəniyyət paytaxtımız Şuşa, Qarabağ atı, onun üzərindəki Azərbaycan gənci, Azərbaycan gəncinin əlində müqəddəs üçrəngli bayrağımız, bir az aralıda Xarıbülbülün maketi. Bu qədər gözəllik bir arada… Foto mənə o qədər təsir etdi ki, anama onu çəkmək istədiyimi bildirdim”.

Rəsmi bir neçə günün içində bitirən Minarə  anasını  “yaradıcılığımın qayğıkeşi” adlandırır. “Şuşa qalası” rəngkarlıq texnikası ilə, akril boya ilə işlənib. Ölçüsü 50x60-dır. Hazırda Rəsmiyyə xanımın iş otağında olan əsərin  qazandığı uğurda Minarə öz müəlliminin payını da danmır: “Əsərimin belə gözəl alınmasında müəllimim Nəsibə Əsgərovanın rolu böyükdür.  Anam həmişə deyir ki, “müəllimlər istedadın cilakarlarıdır”. Mənim istedadımın cilalanması da müəllimimin əməyidir”.

“Şuşa qalası”nın sevilməsinin, müsabiqələrdə qalib olmasının səbəbini də gözəl bilir balaca rəssam: “Hər kəsin qəlbində  Şuşa sevdası var!”  Əsərinin Şuşada muzeydə saxlanması Minarənin ən böyük arzusudur.

Arzuna çat, balaca rəssam!  ...Bir gün yolum Şuşaya düşsə, zamanın elə sənin rəsminin qarşısında dayanmasını arzulayım mən də...

 

“Ədəbiyyat və incəsənət”

(22.11.2024)

 

 

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

 

Bəli, bu dünyada insan qədər mücərrəd varlıq yoxdur. Onu olduğu kimi tanımaq, daxili dünyasını qavramaq, mahiyyətini, məzmununu təhlil etmək çətin, çox çətindir. Bəzən yaxşı adam kimi özünü tanıtdıran birisinin əslində pis adam olduğunu və ya pis adam kimi qələmə verilən başqa birisinin əslində yaxşı adam olduğunu gec bilirik. Sirr deyil ki, cəmiyyət formalaşandan üzübəri vəzifəsindən, sosial durumundan asılı olmayaraq hər kəs YAXŞI İNSAN kimi tanınmaq üçün müxtəlif üsullardan istifadə edir. Axı bu dəyəri qazanan adam ictimayət arasında yaxşı qarşılanır, qınaqdan uzaq olur...

 

Ədliyyə işçilərinin peşə bayramı günündə sizə bir YAXŞI İNSAN haqında söhbət açmaq istəyirəm. Çoxdandır ki, əlaqəmiz yoxdur. Deyilənlərə görə Bərdə rayon məhkəməsinə rəhbərlik edir. Mən onu uzun illər öncə- Yardımlı rayon məhkəməsinə rəhbərlik etdiyi vaxtlardan tanıyıram. Ola bilsin ki, Yardımlı əhalisi arasında onu qaraqabaq, heç kimə yovuşmaz, özündənrazı birisi kimi tanıyanlar da var. Bəlkə də onun ciddi görkəmi, əhali ilə məhdud ünsiyyəti, həqiqəti bəzək vurmadan söyləməsi, daha çox mütaliə, yazı-pozu ilə məşğul olması insanın bu fikirə düşməsinə əsas verir. Amma onun daxili aləminə varanda içində nurlu bir dünyanın mövcud olduğunun şahidi olursan. Əlahəzrət ƏDALƏT isə həmin dünyaya hakimlik edir. Peşəsi hakim olan, insan talelərinə hökm çıxaran bir adamın iç dünyasına ƏDALƏT hökmranlıq edəndə necə də gözəl olur, İlahi?! 

Axı insanlıq yaranandan Adəm övladının ən çox əziyyət çəkdiyi məqamlardan biri də ƏDALƏTSİZLİKDİR. Məgər ƏDALƏT olmayan yerdə haqsızlıq meydan sulamırmı? Məzlumun, zavallının, kasıb-kusubun şəxsiyyəti alçalmırmı?.. 

 

Necə deyərlər, adamın başı üstündə Allah var. Onun ədalətli qərarlarını, haqqı nahaqqa vermədiyini, qanunpərəst insan olduğunu heç vaxt dana bilmərəm. Bütün bunlar onun YAXŞI İNSAN olduğundan, halal süfrədə böyüdüyündən, insanpərvərliyindən irəli gəlmirmi?.. 

 

Qəribədir hər dəfə 22 noyabr tarixi yetişəndə nədənsə ilk yadıma düşən, haqqında söhbət açdığım Gündüz Abbasov olur. İnanıram ki, onun həssas, ədalətli insan olduğunu hazırda çalışdığı rayon əhalisi də inkar etməz...

 

Bəli, 22 noyabr Ədliyyə işçilərinin peşə bayramıdır. Gündüz müəllimi və onun timsalında respublikanın ədliyyə işçilərinin hər birini bu münasibətlə təbrik edir, işlərində uğurlar arzulayıram. 

Peşə bayramınız mübarək! 

 

“Ədəbiyyat və incəsənət”

(22.11.2024)

 

 

Friday, 22 November 2024 12:05

“Azadlıq” - Sevinc Elsevərin hekayəsi

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Sevinc Elsevərin hekayəsi təqdim edilir.

 

 

Vətən müharibəsi şəhidi Oktay Səfərovun əziz xatirəsinə ithafən... 

 

Tülkü balasına qayğı göstərdiyinə, həyətlərindəki küçüklərdən, mavrulardan ayırmadığına görə hamı Oktaya təəccüblə yanaşırdı.

Tülkü balasını məktəbdən qayıdanda kolluğun kənarında tapmışdı. Soyuq qış günü idi, bala tülkü əsim-əsim əsirdi, üstəlik, qabaq pəncəsinin biri yaralanmışdı. Onun necə yaralandığını heç kim bilmirdi. Oktayın yolunun üstünə haradan, necə gəlib çıxmışdı, o da məlum deyildi. Oğlanın xeyirxah uşaq qəlbi heyvana bağlanmışdı.

Bala tülkünün anası-filan yox idi. Bu dünyada, bəlkə də, ən yalqız tülkü balası idi. Oktay heyvancığazı gödəkcəsinə büküb həyətlərinə gətirmişdi. Anası Zülfiyyə xala tülkü balasını görəndə əvvəlcə nə deyəcəyini bilməmişdi. Oktay anasının ətəyindən yapışıb dil tökmüşdü:

– Yazıqdır, ana, heç olmasa, bir az saxlayaq. Sonra buraxacağam, gedəcək.

Anası Oktayın gözlərindəki aşıb-daşan mərhəmətdən kövrəlib razılaşmışdı:

– Yaxşı, balam. Sən deyən olsun. Amma həmişəlik bizimlə qala bilməz, özün bilirsən.

– Bilirəm! – deyib başını yelləmişdi, – Bala tülkülər küçüklər, mavrular qədər şirin olur. Amma tülkülər haqqında adamlar pis fikirləşir. Tülkülər toyuq-cücələri oğurlayıb yeyirlər deyəmi? Amma pişiklər də göyərçinləri və cücələri oğurlayıb yeyirlər. Həmişə cücələri pişikdən güdməyimi tapşırmırsan? – Oktay fikirli-fikirli əlavə eləmişdi.

– İnsan tülküləri əhliləşdirə bilməyib. Əhliləşdirilən heyvanlar bizə bir köynək yaxındır.

– Məncə, ayrı-seçkilik düzgün deyil! Axı bu balaca məxluqun kimə ziyanı var? Bax gör, nə şirindir?! – Oktay heyvanın üzünü anasına sarı tutdu.

Zülfiyyə xalanın dodaqları qaçdı.

Günlər ötür, tülkü balası Oktaygilin həyətində yeyib-içib yatırdı. Artıq xeyli böyümüş, daha da gözəlləşmişdi. Getdikcə axsamağı da az hiss olunurdu.

Qonşular tülkü balasına görə narahat olur, tez-tez Zülfiyyə xalanın, Əhməd dayının qarşısını kəsib şikayət edir: “Bu gün-sabah qapımıza dadanacaq, toyuq-cücəmizi daşıyıb aparacaq. O heyvanı aparıb çöllüyə buraxın!” – deyirdilər.

Amma qışın bitməyinə hələ vardı. Bala tülkü Oktayın şəfqətinə öyrəşmişdi. Üstəlik, pəncəsi tam yaxşılaşmamışdı. Oktay heyvanı həftədə bir dəfə baytar Əlişin yanına aparırdı. Əliş dayı deyinə-deyinə də olsa, Oktayın yalvarış dolu baxışlarından keçə bilmirdi. Allahtərəfi, bala tülkünün gözləri də mənalı və hüznlü idi. Əliş giley-güzarını bildirəndən sonra Oktayın saçlarını qarışdırır: “Yaxşı, kişibala, sənin xətrinə sağaldacağam bu hiyləgəri. Gör bəxti necə gətirib? Yaxşı adama urcah olub! Heç mənim qarşıma yaxşı adam çıxmaz!” – deyirdi.

Bir dəfə atası Oktayı çağırıb dedi:

– Bala, ver o tülkünü, aparıb çölə buraxım. Kimsə onu dərisinə görə oğurlayıb aparacaq! Yazıqdır!

– Necə yəni, dərisinə görə oğurlayacaq? – Oktay heyrətlə soruşdu.

– Bilmirsən ki, tülkü xəzli heyvandır? Ovçular onları dərilərinə görə ovlayırlar. Sonra da dərisini soyub baha qiymətə imkanlı adamlara satırlar.

Oktay gözləri böyümüş halda bala tülküyə baxdı, qəfildən onu qucaqlayıb köksünə sıxdı.

– Yazıqları gəlmir?

– Ona qalsa, qoyunlar, toyuqlar da yazıqdır! – atası gülümsədi.

-Yox, eyni şey deyil! İnsanlar xəz paltar geyinməsə də, olar! Xəzi başqa şeylə əvəz eləmək mümkündür!

 

* * *

 

Oktaygilin qonşuluğunda bala tülküyə kin bəsləyən iki oğlan yaşayırdı. Bu iki dost bütün yaramazlıqları da bir yerdə edirdi.

Bir qış axşamı Oktay dərsdən qayıdanda onunla paralel oxuyan Samirlə Nəcəfi (Oğlanların əsl adlarını gizli saxlamışıq. Bu dəcəlləri şərti olaraq Samir və Nəcəf adlandıracağıq. Ona görə də Samir və Nəcəf adında bütün xeyirxah qəlbli oğlanlardan üzr istəyirik!) arxın qırağında gördü. Həmin gün məktəbə gəlməmişdilər. Hər ikisi əyilib pıçıldaşa-pıçıldaşa qızğın işlə məşğul idilər. Oktay əvvəlcə yaramazlara baş qoşmadı. Sakitcə yanlarından ötüb keçmək istədi. Hətta bir neçə addım onlardan uzaqlaşdı da.

Qəfildən şappıltı ilə suya nəsə düşdü. Oktay əvvəl qorxdu ki, yaramazlardan biri suya yıxıldı. Amma geriyə baxanda ikisinin də əllərini bir-birinə vurub güldüklərini gördü. Onlar suya düşən şeyi göstərib gülüşür, əylənirdilər.

– Gör necə çırpınır! Belə olarsan! – Samir qəzəblə dedi.

Nəcəf də ona qoşulub əylənirdi.

– Gərək boğazına daş da bağlayaydıq! Sənə dedim, daş bağlayaq!

– Yox, əşi! Ayaqlarını elə möhkəm bağlamışam ki, tərpənə də bilməz! – Samir sanki azğın düşmən üzərində qələbə çalmış kimi yumruğunu düyünlədi.

Oğlanların söhbətindən məsələnin nə yerdə olduğunu anlayan Oktay məktəb çantasını yerə atdı, jaketini, köynəyini, ayaqqabılarını soyunub suya tullandı. Su Samirlə Nəcəfin üz-gözünə, üst-başına sıçradı. Yaramazlar sifətlərini turşutdular. Üzə-üzə bayaq suya atdıqları tülkü balasına çatmağa çalışan Oktayı tanıdılar.

– Bu, dəlidir-nədir? – Nəcəf qışqırdı.

– Özü batmasa, yaxşıdır. Bizi də işə salacaq! Gəl gedək! – Samir dedi.

– Onu tək qoyaq? – Nəcəf qorxa-qorxa soruşdu.

– O üzməyi yaxşı bacarır. Kənddə ən yaxşı üzənlərdəndir. Narahat olma! Tülkünü isə çıxara bilməyəcək.

Uşaqlar bir də ertəsi gün məktəbdə rastlaşdılar. Dostlar tənəffüslərin birində koridorda Oktayın qarşısını kəsdilər.

Əlləri cibində dayanan Samir dişləri arasında tutduğu kibrit dənəsini kənara tüpürdü.

– Qəhrəmanlıq eləmək istəyirsən? Guya sən yaxşı oğlansan da, hə? – deyib Oktayı sinəsindən itələdi.

– Bəs siz niyə qəddarlıq eləyirsiniz? Balaca tülküyə gücünüz çatdı?

– Tülkünü xilas eləyə bildin, qəhrəman? – Nəcəf istehza ilə güldü.

– -Xilas da elədim, evə də apardım! Pisliyiniz özünüzə qaldı! – Oktay yandı-qındı verdi.

– Böyüyüb toyuq-cücənizə divan tutanda sənə deyəcəyəm! – Samir şəhadət barmağını gicgahına aparıb fırlatdı, – Öz toyuq-cücəniz bir yana, bizimkiləri də qırdıracaqsan! Qaytar onu bizə!

– Niyə qaytarmalıyam? Təzədən boğmağınız üçün?

– Özümüz bilərik!

– Özbaşına deyilsiniz ki! Tülkü də canlıdır, oyuncaq deyil. Onunla istədiyiniz kimi davrana bilməzsiniz. Özü də, o mənim tülkümdür!

– İstədiyim kimi davranaram, o yana da keçərəm! – Samir Oktayın üstünə cumdu, – Tülküsü varmış! Adam da tülkü saxlayar?

Oktay dava-dalaşı sevməzdi. Amma kiminsə qabağından qaçan da deyildi. Lap uşaqlıqdan idmanla məşğul olur, çoxlu fəndlər bilirdi. Bu dəfə də maraqlı, gözlənilməz fəndlə Samirin zərbəsindən qorundu. Amma özü onu vurmadı. Samirin əli divara dəyib bərk əzildi.

Oğlanlar yenidən Oktayı təkləmək, əvəz çıxmaq istəyirdilər ki, dəhlizin o başında məktəbin idman müəllimi göründü. Samirlə Nəcəf məcbur qalıb Oktaydan aralandılar.

Amma Samir uzaqdan yumruğunu yelləyib hədələdi:

– Bu iş belə qalmayacaq. Görərsən sən!

Altıncı dərs qurtarmış, uşaqlar yavaş-yavaş çantalarını götürüb evlərinə dağılışmağa başlamışdılar. Oktay da çantasını çiyninə keçirib evə tələsirdi.

Paralel sinifdə oxuyan Gülər qaça-qaça özünü ona çatdırdı. Qız elə tövşüyürdü, elə bil ürəyi ağzından çıxacaqdı. Oktay gözlərini qızın ağzına dikib nə deyəcəyini səbirsizliklə gözləyirdi.

– Samirlə Nəcəf sənin tülkünü öldürmək istəyirlər! – qız qaranəfəs dedi.

– Bilirəm. Artıq bir dəfə cəhd ediblər. Amma imkan verməmişəm! – Oktay cavab verdi.

– Neyləmək istəyirdilər?

– Suda boğacaqdılar.

Gülər başını buladı.

– Yox, tülkünü zəhərləmək istəyirlər. Biologiya dərsində baş-başa verib danışırdılar.

 Oktayın bala tülküyə görə özünü təhlükəyə atmağından sonra ata-anası daha da qətiyyətlə tülkünü çöllüyə buraxmağı tələb edirdilər.

Oktay iki yol ayrıcında qalmışdı. Ya sevimli dostundan həmişəlik ayrılıb darıxacaqdı, ya da bala tülkünü gözləyən təhlükələri nəzərə almayıb onu həyətdə saxlayacaqdı.

Oktay başa düşürdü ki, həmişə bala tülkünün yanında ola, onu qoruya bilməyəcək. Bala tülkünün də bəxti hər dəfə gətirməyəcək. Növbəti dəfə vaxtında yetişməyə bilərdi. Atasının dediyi kimi, kimsə tülkünün xəzinə tamah salıb onu oğurlaya bilərdi. Çətin də olsa, Oktay qərar verməli idi: ya bala tülküyə azadlıq verib ondan ayrılacaq, ya da onu təhlükəli şəraitdə daim qorumaq məcburiyyətində olacaqdı.

Atası ilə motosikletə minib çöllüyə yollandılar. Bala tülkünü sarı, iri bazar səbətində aparırdılar. Oktay şirin, balaca dostunu səbətdən çıxarıb onunla baxışdı. Burnunu balaca burnuna söykəyib qıdıqladı. Sonra sağalmaqda olan pəncəsini sığalladı. Onun belini tumarlayıb dedi:

– Get, dostum! Artıq daha təhlükəsiz yerdəsən! Azadsan!

Bala tülkü əvvəl nə baş verdiyini anlamadı. Bir neçə addım uzaqlaşandan sonra yenə Oktayın yanına qayıtdı; sanki xilaskarının baxışlarını oxuyub bu dəfə qaçmağa üz qoydu.

Bala tülkü uzaqlaşdıqca Oktayın kədəri azalırdı. Sevimli dostu aid olduğu çöllərdə daha azad, daha xoşbəxt yaşayacaqdı...

 

“Ədəbiyyat və incəsənət”

(22.11.2024)

Azərbaycanın Almaniyadakı səfirliyi “35-ci Berlin Nağıl Günləri” festivalı çərçivəsində Berlində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində tədbir keçirib.

 

Səfirlikdən AzərTAC-a bildiriblər ki, tədbirdə Berlində təhsil alan 100-ə yaxın şagird və onların müəllimləri iştirak ediblər.

 

Tədbirdə çıxış edən səfirliyin ikinci katibi Günay İsfəndiyarova Azərbaycan barədə qonaqlara ətraflı məlumat verərək, məktəbliləri maraqlandıran sualları cavablandırıb. Eyni zamanda, qonaqlara Azərbaycan haqqında qısa videoçarx nümayiş etdirilib.

 

Festivalın təşkilatçısı “Märchenland” təşkilatının layihə meneceri Anna Povediç çıxış edərək, bu tədbir barədə ətraflı məlumat verib, onun yüksək səviyyədə təşkil olunmasına görə təşəkkürünü bildirib.

 

Çıxışlardan sonra məktəblilərə Berlində fəaliyyət göstərən azərbaycanlı pianoçu Nərmin Nəcəfli tərəfindən “Ağ göyərçin” adlı Azərbaycan xalq nağılı oxunub, uşaqlar üçün musiqi viktorinası təşkil edilib.

 

Tədbirin sonunda balaca qonaqlara Azərbaycan şirniyyatları və suvenirləri təqdim olunub.

 

Qeyd edək ki, dünyanın ən böyük nağıl festivalı hesab olunan “Berlin Nağıl Günləri” festivalında Azərbaycan səfirliyi artıq ikinci ildir çıxış edir.

 

“Ədəbiyyat və incəsənət”

(22.11.2024)

Aygün Bayramlı, “Ədəbiyyat və incəsənət” portalının Beyləqan təmsilçisi

 

Qədim Beyləqanda elm, ədəbiyyat, musiqi, incəsənətin digər qolları, rəssamlıq, toxuculuq və s. kimi sənət növləri bu gün də yaşayır. Hazırda Beyləqanda mədəniyyət evi, klublar, folklor evləri, musiqi məktəbi, Uşaq Gənclər İnkişaf mərkəzi, Gənclər evi, Heydər Əliyev mərkəzi, Diyarşünaslıq, Bayraq muzeyi, bağçalar və s. fəaliyyət göstərir. 

 

Beyləqanın ədəbi mühiti görkəmli ədib Mücirəddin Beyləqaninin dövründən güc alaraq, həmin ənənələri bu gün də davam etdirir. Hətta Azərbaycan Yazıçılar Birliyinin Beyləqan şöbəsi də fəaliyyət göstərir. 

Bu şöbə 2022-ci ildə yaranıb. Birlik Respublikada və Beynəlxalq ictimai tədbirlərdə iştirak edir. Hazırda Beyləqan Mədəniyyət evində fəaliyyət göstərən birliyin üzvləri arasında prezident təqaüdçüləri də vardır. Eyni zamanda bölmənin tərkibində “Araz Ədəbi Məclisi” fəaliyyətdədir. Buraya yaşlı şair və yazıçılarla bərabər, gənc yazarlar da daxildir. 

Gənclərin ədəbi mühitdə tanınması üçün mütəmadi olaraq yaradıcılıq gecələri, tədbirlər keçirilir. Hər il beynəlxalq poeziya günü ilə əlaqədar Mücirəddin Beyləqaniyə həsr olunmuş gün bayram kimi qeyd olunur. Respublikanın tanınmış xalq şairləri, yazıçıları dəvət edilərək ədəbi görüşlər təşkil edilir. Bundan başqa birlik məktəblərdə, ictimai təşkilatlarda görüşərək onların ədəbi nümunələrini respublika mətbuatında və almanaxında dərc olunmasına şərait yaradır.

Gələcək fəaliyyətimizdə Azərbaycan Yazıçılar Birliyinin Beyləqan şöbəsinin, “Araz Ədəbi Məclisi”nin üzvlərininin yaradıcılığını geniş şəkildə təbliğ edəcək, ən dəyərli nümunələri respublika ictimaiyyətinə çatdıracağıq. 

 

“Ədəbiyyat və incəsənət”

(22.11.2024)

Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan bölməsi

 

Puştular Pakistanla Əfqanıstan arasında səpələnmiş xeyli qəbilələrdən ibarət qürurlu xalqdır. Bu xalq əsrlərdir ki, əsas dəyəri nanq, yaxud vicdan olan Puştunvali adlandırılan ləyaqət kodeksi ilə yaşayır, bu kodeksi öz öhdəsinə götürərək bütün müsafirlərə qonaqpərvərlik göstərirlər. Puştunun başına gələcək ən pis şey simasını itirməkdir. Puştu kişisi üçün utanc ən pis şeydir. Puştularda belə bir məsəl var: “Vicdan olmasa, dünya bir heçdir”.

Puştuların əksəriyyəti üçün qız uşağının doğulduğu gün ən kədərli gündür. Elə Məlalə Yusifzey də dünyaya göz açdığı gün kənd qadınları anasının dərdinə şərik olmuş, lakin atasını heç kəs təbrik etməmişdi. Bu adın mənası qüssəyə qərq olmuş deməkdir. Atasının evə gələn hər qonağa Məlaləyin əhvalatını danışması və insanların bu adı dilə gətirməsi balaca Məlaləyin ruhunu oxşayaraq küləktək dalğalanmasına səbəb olurdu. 

Bütün puştu uşaqları İkinci ingilis-əfqan müharibəsi zamanı 1880-ci ildə əfqan ordusunu britaniyalılara qarşı vuruşmağa ilhamlandırmış Məlaləy haqqında əhvalatı eşidərək  böyüyürlər. 

Məlaləy Qəndahardan qərbə doğru yerləşən tozlu düzənliklərdəki balaca şəhərdə – Mayvandda bir çoban qızı imiş. O, yeniyetmə ikən həm atası, həm də onun ərə gedəcəyi nəzərdə tutulmuş kişi ölkələrini işğal etmiş britaniyalılara qarşı vuruşan minlərlə əfqan arasında imiş. Məlaləy kəndin digər qadınları ilə birlikdə yaralılara qulluq etmək və onlara su aparmaqdan ötrü döyüş meydanına gedibmiş. O, əfqan kişilərinin məğlub olduğunu və bayraqdarın yıxıldığını gördükdə özünün ağ örtüyünü başı üzərinə qaldıraraq döyüş meydanına – ordunun qabağına keçərək ucadan səslənmişdi:

-Gənc aşiq! Əgər sən Mayvand uğrunda ölməsən and içirəm ki, hər kəs səni utanc simvolu olaraq xatırlayacaq. 

Məlaləy döyüş meydanında öldürülmüş, lakin onun sözləri və cəsurluğu döyüşün gedişatını müsbət yönə dəyişmişdi. Döyüşçülər bütöv briqadanı məhv etmiş və bu, Britaniya ordusundakı ən gülünc məğlubiyyət olmuşdur. 

Əfqanlar bu qələbə ilə o qədər fəxr edirlər ki, sonuncu əfqan padşahı Kabilin mərkəzində Mayvand qələbə abidəsi ucaltdırmışdı. Puştular Məlaləyin simvolunu öz Janna Darkı kimi görür. Əfqanıstanın demək olar ki, bir çox məktəbi onun şərəfinə adlandırılmışdır. 

Məlalə hələ ilk addımlarını atasının açdığı “Qayəmiz yaratmaqdır, çünki siz yeni eranın sədasısınız” şüarları yazılmış məktəbə atarkən öz dünyasının bir məktəb olacağı ağlına belə gəlməzdi. Əfqanıstanda baş verən “Taliban” qəddarlıqları zamanı Məlalə Lev Tolostoy və Ceyn Ostinin romanları ilə azad bir quş kimi böyüyürdü. Əgər azadlıq həm də səhv etmək azadlığını ehtiva etmirsə, onda bu azadlığa sahib olmağa dəyməz. Avram Linkolnun öz oğlunun müəlliminə yazdığı məktubda deyildiyi kimi: “Öyrət ona, əgər bacarsan, kitabların sehrini…Lakin ona həm də səmadakı quşların, Günəşdəki arıların, dağın yaşıl yamacındakı güllərin əbədi müəmması haqqında düşünmək üçün asudə vaxt ver. Ona öyrət ki, məğlub olmaq aldatmaqdan qat-qat ləyaqətlidir”. 

Məlalə hər gecə dua edirdi ki, məktəblərdən qız uşaqlarının gülüş səsi gəlsin, yolunun üzərindəki zibilliklərdə böyüyən uşaqları görməsin və qız uşaqları yarımçıq təhsil alıb mənasını dərk etmədən dinə qapanmasınlar. Yarımçıq təhsil insan həyatına təhlükə olduğu kimi, yarımçıq təhsil almış insan da insanlığa təhlükədir. Bəlkə də, elə buna görə idi ki, sinifdəki bütün qızlar həkim olmaq arzusunda olduğu halda Məlalə ixtiraçı olmaq və anti-Taliban qurğusunu kəşf edib terrorçuları məhv etmək qərarında idi. 

Nasist Almaniyasında yaşamış dünyaşöhrətli şair Martin Niemöller “Onlar gələndə” adlı məşhur şeirində deyirdi:

 

Nasistlər kommunistlərin dalınca gələndə,

mən susdum, 

çünki mən kommunist deyildim.

Onlar sosial-demokratları içəri atanda,

mən susdum, 

çünki mən sosial-demokrat deyildim.

Sonra onlar həmkarlar ittifaqlarının nümayəndələri üçün gəldilər, 

mən susdum,           

çünki həmkarlar ittifaqının üzvü deyildim.

Sonra onlar yəhudilərin dalınca gəldilər, 

mən susdum,

çünki mən yəhudi deyildim.

Onlar mənim dalımca gələndə, 

buna etiraz edəcək kimsə qalmamışdı.

 

Məlalə də başa düşürdü ki, insanlar susarsa heç nə dəyişməz. O öz ürəyinin dərinliklərində inanırdı ki, qızların hüquqlarından ötrü mübarizə aparırsa, demək bu onun vəzifəsidir. O yaxşı bilirdi ki, Taliban onun qələmini və kitabını əlindən ala bilər, amma ağlını və düşüncəsini əsla. Məktəbə getməyi qadağan edə bilər, lakin öyrənməyi heç vaxt. Təhsil nə şərqyönlüdür, nə də qərbyönlü, təhsil insanyönlüdür. 

Taliban daha çox can aldığı bir vaxtda kiçik Məlalə də ailəsi ilə birgə evindən, küçəsindən, məktəbindən ibarət balaca dünyasından çıxıb bilinməzə doğru yol almışdı. Bu hal sanki yəhudilərin Misri tərk etməsi, amma onlara bələdçilik edəcək Musanın olmaması kimi idi. 

Üçaylıq məcburi köçkün həyatı yaşayan Məlalə, yenicə vətən torpağını ciyərlərinə çəkmişdi ki, Taliban ondan sol yanağının sahib olduğu gülüşü də aldı. Valideynlərinin 15 il gördüyü Məlalə gülüşü, onun sol yanağında Günəş kimi qürub etmişdi. Lakin onun atası heç kəsə bildirməsə də, yaxşı bilirdi ki, dünyada qızına görə tanınan nadir atalardan biri idi və əmin idi ki, bir uşaq, bir müəllim, bir kitab və bir qələm dünyanı dəyişə bilər!!!

Qeyd: Pakistanın Mingora qəsəbəsində doğulan puştun əsilli feminst yazıçı, aktivist olan Məlalə Yusefzay, qadınların təhsil alması uğrunda apardığı fəaliyyətlərə görə mükafatlandırılmılış ən gənc Nobel mükafatı laureatıdır. O, Svat əyalətində insan haqlarının müdafiəsi, xüsusən də qadın və uşaqların təhsil alması uğrunda apardığı mübarizəyə görə məşhurdur. Pakistanın şimalı olan bu vilayətdə yerli Taliban qızların məktəbə getməsinə qadağa qoymuşdu. Qısa müddətə onun mübarizəsi beynəlxalq səviyyədə dəstəklənib. Aktivist Desmond Tutu tərəfindən Beynəlxalq Uşaqların Sülh Mükafatı ilə təltif olunub. 

Məlalə 9 oktyabr 2012-ci il tarixdə Svat rayonunda imtahandan gələrkən məktəb avtobusunda iki qızla birlikdə Taliban sui-qəsdçisi tərəfindən güllələnir.

Pakistanın siyasi və dini liderləri ilə yanaşı, Əfqanıstan prezidenti Həmid Kərzai və ABŞ rəsmiləri hücumu pisləyib. ABŞ Dövlət katibi Hillari Klinton Məlalə Yusəfzayın cəsarətini yüksək qiymətləndirərək silahlıların qadının gücü qarşısında zəiflədiyini deyib.

BMT-nin Baş katibi Pan Gi Mun 12 iyul tarixini Məlalə günü elan etmişdir. Pan Gi Mun Məlaləni hər bir qızın təhsil almaq hüququnun "qlobal simvol"u kimi təqdim etmişdir. BMT-nin Baş katibi dünyada təhsil üzrə şəxsi nümayəndəsi, Böyük Britaniyanın keçmiş baş naziri Qordon Braun 2012-ci il noyabrın 10-da Məlalənin doğum günü olan 12 iyul tarixinin Məlalə günü elan edildiyini bəyan etmişdir. Məlalə günü ilk dəfə 2013-cü il 12 iyul tarixdə Nyu-Yorkda BMT-nin mənzil-qərargahında qeyd edilmişdir. Məlalənin BMT-dəki çıxışı aşağıdakı sözlərlə yadda qalmışdır:

"Bir uşaq, bir müəllim, bir kitab, bir qələm dünyanı dəyişdirə bilər. Təhsil yeganə həll yoludur".

2012-ci ildə o, Pakistanın ilk Milli Gənclik Sülh mükafatına, 2013-cü ildə Saxarov Mükafatına layiq görülür. 2014-cü ildə Kailaş Satiarti ilə birlikdə uşaqlara və gənc insanlara qarşı mübarizəyə və uşaqlar təhsil almaq hüququ uğrunda fəaliyyətlərə görə Nobel Sülh Mükafatına layiq görülür və 17 yaşında ən gənc laureat olur.

 

“Ədəbiyyat və incəsənət”

(22.11.2024)

“Ədəbiyyat və incəsənət” portalı Neftçalada yaşayıb yaradan ziyalımız Etibar Əbilovun dünyadan nakam köçmüş oğlu Əbil Əbilovun gündəliyindən təqdim etdiyi növbəti hissəni sizin diqqətinizə çatdırır.

 

Əbilin gündəliyindən:

Nəsimi haqqında. Birinci yazı.

 

30 iyun 2007. 

Neçə gündür Nəsimi haqqında yazmağı düşünürəm. İnşallah müvəffəq olaram. Nəsimi haqda yazmaq üçün gərək ilk öncə özün bir sufi həyatı yaşayasan. Daha haram dünya işlərindən iki saat vaxt ayırıb yazı stolu arxasına keçməyəsən. Çünki Nəsimi qeyrilərindən fərqlənir. Bəlkə başqası haqda yazanda bunlar tələb olunmur. Ancaq Nəsimidə bu şərtdir. Çünki Nəsimi vəhdəti- vücudu ən doğru şəkildə anlayan və anladandır. Nəsimi yaradıcılığında digərlərindən fərqlənən əsas xüsusiyyət onun vəhdəti-vücud nəzəriyyəsinə tam dolğun şəkildə baxmasıdır.

Nəsiminin həyatı keşməkeşli kecsə də bütün bunlar yaradıcılığına qətiyyən təsir etmir. O, daim nikbindir. Elə Nəsimini başqalarından fərqləndirən əsas xüsusiyyıt də budur.

Hətta onun yaradıcılığında özündən əvvəlki və müasirlərində görülən neyin inləyişi, aşiqin məşuqu üçün axıtdığı hicran göz yaşlarına da rast gəlinmir. Halbuki o dövrdə yaşamış elə bir təsəvvüf şairi tapmazsan ki, onun yaradıcılığında neyin inləyişi və yaxud gül- bülbül sevğisindən söz açılmasın. Mövlanə həyatı boyu neyin gəldiyi qamışlığın özləmini çəkməsindən yazdı, Bəyazid Bistami ilahi eşqdən, Yunis Əmrə də elə ney mövzusu, bir də ilahi dost. Nəsimidə isə bütün bunlara demək olar ki, heç rast gəlinmir.

Ancaq tarix də sübut edir ki, Nəsimi, Rumu kimi kimi böyük şairlər quru, boş yerə yaranmırlar. Nəsimidən öncə Həllac Mənsur, Mövlanə, Nizami olmasaydı, bəlkə İmadəddin Seyid Əli də heç bir zaman Nəsimi olmayaçaqdı, dahiyə çevrilməyəcəkdi.

Nəsimi yaradıcılığı hər nə qədər onlardan fərqlənsə də, onlar Nəsimiyə tam da yabançı deyil.

Dünyaya ağlayaraq gələn Qeysin nə üçün gözəl sənəmin qucağında sakitləşdiyi sirrini Nəsimi aləmə faş eylədi.

Qurani-Kərimin "Tin" surəsinin 4- cü ayəsində Allah Təala buyurur ki, "Biz insanı ən gözəl biçimdə yaratdıq". Bu artıq ilahi sevgi deyil, ən gözəl şəkildə xəlq edilən insanda Allahın təcəssümüdür. Əgər ruh gəldiyi yerin özləmi ilə ağlayırsa onda qucaqda sakit olmazdı. Xeyr, böyük yaradıcı ilə dost vüsalı üçün ağlayırdı. “Yerı göyə sığmadım, mömin qulumun qəlbinə sığdım" ilahi xəbərini Nizami və Nəsimidən başqa kim daha yaxşı anlayardı?

Həllac Mənsur İbn Arabiyə qədər sadəcə Ənəl Həqq deyən biriydi. Ancaq əslində, Bəyazid Bistaminin əkdiyi Tovhid ağacını öz qanıyla sulayan eşq şəhidiydi. Bu ağacın meyvəsini isə insanlığa Vəhdəti Vücud nəzəriyyəsini quran İbn Arabi verdi. Vəhdəti Vücud  nəzəriyyəsinə, elə İbn Arabiyə də daha sonra Nəsimi sahib çıxdı. Qüdsi hədislərin birində Allah Təala buyurur: "Mən gizli xəzinə idim və insanı yaratdım". "Qaf" surəsinin 16-cı ayəsində "Biz insana şah damarından daha yaxınıq" buyurulur. “Ənəl Haq" deyən Mənsur da əslində,

gizli xəzinənin insanın içində- özündə olduğunu deyirdi. Bilinmək istəyən Allah- yaradıcını insanlara göstərirdi Həllac. Nəticəsi o oldu ki, qafillər Həllacı öldürməklə bilinmək istəyən Allahı özlərindən uzaq tutdular. Həllacdan sonra Mövlana,

Yunus Əmrə kimi şairlər bu mövzuya toxunsalar da (“Bir ben vardır bende, benden iceri"), yenə də ən cəsarətli addımı "Həq məndədir daim Ənəlhəq söylərəm" deyən Nəsimi atdı.

 

“Ədəbiyyat və incəsənət”

(22.11.2024)

"İRƏLİ" Mədəniyyət Mərkəzi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə yeni “Solo gənclik” layihəsi həyata keçiriləcək.

 

AzərTAC xəbər verir ki, layihə çərçivəsində ilk konsert noyabrın 24-də Qara Qarayevin ev-muzeyində bəstəkar, pianoçu Nigar Süleymanın təqdimatında olacaq.

 

Nigar Süleyman Bülbül adına orta ixtisas musiqi məktəbində dirijorluq, bəstəkarlıq və nəzəriyyə ixtisasları üzrə təhsil alıb. Daha sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Estoniya Musiqi və Teatr Akademiyasında bəstəkarlıq ixtisası üzrə təhsilini davam etdirib. Bir çox yerli və beynəlxalq festivalların, müsabiqələrin iştirakçısıdır.

 

Konsertdə Nigar Süleyman öz bəstələrindən ibarət seçmələri ilə musiqisevərlərə klassik musiqi ovqatı bəxş edəcək.

 

Layihənin həyata keçirilməsində əsas məqsəd gənclərin mədəni iştirakçılığının artırılması, musiqi mədəniyyətinin inkişafına töhfə vermək və istedadlı gənclərin fəaliyyətinin stimullaşdırılmasına nail olmaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(22.11.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.