NƏSİMİ HAQQINDA - Əbil Əbilovun gündəliyindən beşinci paylaşım

“Ədəbiyyat və incəsənət” portalı Neftçalada yaşayıb yaradan ziyalımız Etibar Əbilovun dünyadan nakam köçmüş oğlu Əbil Əbilovun gündəliyindən təqdim etdiyi növbəti hissəni sizin diqqətinizə çatdırır.

 

Əbilin gündəliyindən:

Nəsimi haqqında. Birinci yazı.

 

30 iyun 2007. 

Neçə gündür Nəsimi haqqında yazmağı düşünürəm. İnşallah müvəffəq olaram. Nəsimi haqda yazmaq üçün gərək ilk öncə özün bir sufi həyatı yaşayasan. Daha haram dünya işlərindən iki saat vaxt ayırıb yazı stolu arxasına keçməyəsən. Çünki Nəsimi qeyrilərindən fərqlənir. Bəlkə başqası haqda yazanda bunlar tələb olunmur. Ancaq Nəsimidə bu şərtdir. Çünki Nəsimi vəhdəti- vücudu ən doğru şəkildə anlayan və anladandır. Nəsimi yaradıcılığında digərlərindən fərqlənən əsas xüsusiyyət onun vəhdəti-vücud nəzəriyyəsinə tam dolğun şəkildə baxmasıdır.

Nəsiminin həyatı keşməkeşli kecsə də bütün bunlar yaradıcılığına qətiyyən təsir etmir. O, daim nikbindir. Elə Nəsimini başqalarından fərqləndirən əsas xüsusiyyıt də budur.

Hətta onun yaradıcılığında özündən əvvəlki və müasirlərində görülən neyin inləyişi, aşiqin məşuqu üçün axıtdığı hicran göz yaşlarına da rast gəlinmir. Halbuki o dövrdə yaşamış elə bir təsəvvüf şairi tapmazsan ki, onun yaradıcılığında neyin inləyişi və yaxud gül- bülbül sevğisindən söz açılmasın. Mövlanə həyatı boyu neyin gəldiyi qamışlığın özləmini çəkməsindən yazdı, Bəyazid Bistami ilahi eşqdən, Yunis Əmrə də elə ney mövzusu, bir də ilahi dost. Nəsimidə isə bütün bunlara demək olar ki, heç rast gəlinmir.

Ancaq tarix də sübut edir ki, Nəsimi, Rumu kimi kimi böyük şairlər quru, boş yerə yaranmırlar. Nəsimidən öncə Həllac Mənsur, Mövlanə, Nizami olmasaydı, bəlkə İmadəddin Seyid Əli də heç bir zaman Nəsimi olmayaçaqdı, dahiyə çevrilməyəcəkdi.

Nəsimi yaradıcılığı hər nə qədər onlardan fərqlənsə də, onlar Nəsimiyə tam da yabançı deyil.

Dünyaya ağlayaraq gələn Qeysin nə üçün gözəl sənəmin qucağında sakitləşdiyi sirrini Nəsimi aləmə faş eylədi.

Qurani-Kərimin "Tin" surəsinin 4- cü ayəsində Allah Təala buyurur ki, "Biz insanı ən gözəl biçimdə yaratdıq". Bu artıq ilahi sevgi deyil, ən gözəl şəkildə xəlq edilən insanda Allahın təcəssümüdür. Əgər ruh gəldiyi yerin özləmi ilə ağlayırsa onda qucaqda sakit olmazdı. Xeyr, böyük yaradıcı ilə dost vüsalı üçün ağlayırdı. “Yerı göyə sığmadım, mömin qulumun qəlbinə sığdım" ilahi xəbərini Nizami və Nəsimidən başqa kim daha yaxşı anlayardı?

Həllac Mənsur İbn Arabiyə qədər sadəcə Ənəl Həqq deyən biriydi. Ancaq əslində, Bəyazid Bistaminin əkdiyi Tovhid ağacını öz qanıyla sulayan eşq şəhidiydi. Bu ağacın meyvəsini isə insanlığa Vəhdəti Vücud nəzəriyyəsini quran İbn Arabi verdi. Vəhdəti Vücud  nəzəriyyəsinə, elə İbn Arabiyə də daha sonra Nəsimi sahib çıxdı. Qüdsi hədislərin birində Allah Təala buyurur: "Mən gizli xəzinə idim və insanı yaratdım". "Qaf" surəsinin 16-cı ayəsində "Biz insana şah damarından daha yaxınıq" buyurulur. “Ənəl Haq" deyən Mənsur da əslində,

gizli xəzinənin insanın içində- özündə olduğunu deyirdi. Bilinmək istəyən Allah- yaradıcını insanlara göstərirdi Həllac. Nəticəsi o oldu ki, qafillər Həllacı öldürməklə bilinmək istəyən Allahı özlərindən uzaq tutdular. Həllacdan sonra Mövlana,

Yunus Əmrə kimi şairlər bu mövzuya toxunsalar da (“Bir ben vardır bende, benden iceri"), yenə də ən cəsarətli addımı "Həq məndədir daim Ənəlhəq söylərəm" deyən Nəsimi atdı.

 

“Ədəbiyyat və incəsənət”

(22.11.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.