Bu gün Ədliyyə işçilərinin peşə bayramıdır -YAXŞI İNSAN HAQQINDA BALLADA Featured

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

 

Bəli, bu dünyada insan qədər mücərrəd varlıq yoxdur. Onu olduğu kimi tanımaq, daxili dünyasını qavramaq, mahiyyətini, məzmununu təhlil etmək çətin, çox çətindir. Bəzən yaxşı adam kimi özünü tanıtdıran birisinin əslində pis adam olduğunu və ya pis adam kimi qələmə verilən başqa birisinin əslində yaxşı adam olduğunu gec bilirik. Sirr deyil ki, cəmiyyət formalaşandan üzübəri vəzifəsindən, sosial durumundan asılı olmayaraq hər kəs YAXŞI İNSAN kimi tanınmaq üçün müxtəlif üsullardan istifadə edir. Axı bu dəyəri qazanan adam ictimayət arasında yaxşı qarşılanır, qınaqdan uzaq olur...

 

Ədliyyə işçilərinin peşə bayramı günündə sizə bir YAXŞI İNSAN haqında söhbət açmaq istəyirəm. Çoxdandır ki, əlaqəmiz yoxdur. Deyilənlərə görə Bərdə rayon məhkəməsinə rəhbərlik edir. Mən onu uzun illər öncə- Yardımlı rayon məhkəməsinə rəhbərlik etdiyi vaxtlardan tanıyıram. Ola bilsin ki, Yardımlı əhalisi arasında onu qaraqabaq, heç kimə yovuşmaz, özündənrazı birisi kimi tanıyanlar da var. Bəlkə də onun ciddi görkəmi, əhali ilə məhdud ünsiyyəti, həqiqəti bəzək vurmadan söyləməsi, daha çox mütaliə, yazı-pozu ilə məşğul olması insanın bu fikirə düşməsinə əsas verir. Amma onun daxili aləminə varanda içində nurlu bir dünyanın mövcud olduğunun şahidi olursan. Əlahəzrət ƏDALƏT isə həmin dünyaya hakimlik edir. Peşəsi hakim olan, insan talelərinə hökm çıxaran bir adamın iç dünyasına ƏDALƏT hökmranlıq edəndə necə də gözəl olur, İlahi?! 

Axı insanlıq yaranandan Adəm övladının ən çox əziyyət çəkdiyi məqamlardan biri də ƏDALƏTSİZLİKDİR. Məgər ƏDALƏT olmayan yerdə haqsızlıq meydan sulamırmı? Məzlumun, zavallının, kasıb-kusubun şəxsiyyəti alçalmırmı?.. 

 

Necə deyərlər, adamın başı üstündə Allah var. Onun ədalətli qərarlarını, haqqı nahaqqa vermədiyini, qanunpərəst insan olduğunu heç vaxt dana bilmərəm. Bütün bunlar onun YAXŞI İNSAN olduğundan, halal süfrədə böyüdüyündən, insanpərvərliyindən irəli gəlmirmi?.. 

 

Qəribədir hər dəfə 22 noyabr tarixi yetişəndə nədənsə ilk yadıma düşən, haqqında söhbət açdığım Gündüz Abbasov olur. İnanıram ki, onun həssas, ədalətli insan olduğunu hazırda çalışdığı rayon əhalisi də inkar etməz...

 

Bəli, 22 noyabr Ədliyyə işçilərinin peşə bayramıdır. Gündüz müəllimi və onun timsalında respublikanın ədliyyə işçilərinin hər birini bu münasibətlə təbrik edir, işlərində uğurlar arzulayıram. 

Peşə bayramınız mübarək! 

 

“Ədəbiyyat və incəsənət”

(22.11.2024)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.