Super User

Super User

Thursday, 21 November 2024 18:14

BİR SUAL, BİR CAVAB Şamil Ənvəroğlu ilə

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL:

Bir ovuc kül idin, ocağın oldum,

Üşüyən ruhunun qucağı oldum.

Ömrünün ən şirin, xoş çağı oldum,

Özüm öz qədrimi bilib gedirəm.

      (Şamil Ənvəroğlu)

 

Ömüryeyənlər ömür yollarında özlərinə  oxşayan "acgözlərlə" rastlaşanda "yedikləri ömrü" xatırlayırlarmı?

 

CAVAB:

Sağalmayan yaralar var,

ya gülüşündə gizlədərsən kimsə bilməsin deyə,

ya da dərin bir səssizliyində...

 

Elə bir dövrdə və elə bir cəmiyyətdə yaşayırıq ki, ətrafımız "ümid qatilləri" ilə doludur.

Bəlkə də, ən böyük cinayət kiminsə arzularını və ümidlərini qətl etməkdir ki, bunun da cinayət məcəlləsində heç bir  cəzası filan yoxdur. Ona görə də, cəzasızlıq mühitində "ömür yeyənlər" də artıb, "ümid öldürənlər" də...

Elə bunları görərək yazmışdıq bir zamanlar bu şeiri:

 

Yanımızda dolaşır neçə ümiddən yetim,

neçə ürəyi varlı,

neçə həyatı yoxsul...

Bəlkə də, qarğış kimi səslənir 

neçəsinə dediyimiz :

"çox yaşa, uzun ömür və var ol !".

Sınıq ürəklər gəzir bəzəkli küçələrdə,

baxışlardan oxunur :

"əl vurmayın tökülər !".

Çiliklənmiş ümidin bir az da qüruru var,

Bir səbəb də taparlar : 

"düşmən bilib sevinər !"...

Neçə gözün içində bir əyri xətt cümlə var,

bu gözlərə baxmayın :

 "girişi qadağandır !".

Sabahları bir məchul,

lap həll edə bilsən də,

Cavabı alınacaq :

"yaşamaq qadağandır !"...

 

“Ədəbiyyat və incəsənət”

(21.11.2024)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

“Bir də görürsən ki, açılan solur,

Düşünən bir beyin bir torpaq olur.

Bir yandan boşalır, bir yandan dolur,

Sirrini verməyir sirdaşa dünya.

 

Əzəldən belədir çünki kainat,

Cahan daimidir, ömur amanat.

Əldən-ələ keçir vəfasız həyat.

Biz gəldi-gedərik, sən yaşa dünya!”

 

Söhbətimə böyük Azərbaycan şairi Səməd Vurğunun sözləri ilə başlamağım əbəs deyil. İstəyirəm bu gün sizə çoxdan, lap çoxdan dünyasını dəyişən soydaşlarımızdan danışım. Bəli, gələn hər gün kimlərinsə doğum günü olduğu kimi, kimlərinsə də ölüm günü olur. Nədənsə, 19 rəqəminin mənimçün xüsusi çəkisi var. Xülasə, müxtəlif illərdə, noyabrın 19-u vəfat edən aydınlarımızı xatırladaraq ruhlarına rəhmət diləməyinizi istəyirəm. 

Cabbar bəy Vəlibəyov-Baharlı- Ağdamın Birinci Baharlı kəndindən idi. Qarabağda yeni tipli məktəbin əsasını qoyan pedaqoq kimi tanınıb. 1941-ci ilin noyabrın 19-da dünyasını dəyişib. 

Azərbaycanın görkəmli rejissoru, pedaqoq, ictimai xadim, Azərbaycan SSR əməkdar incəsənət xadimi Zəfər Əlipaşa oğlu Nemətov 19 noyabr 1971-ci ildə haqqa qovuşub.

Məhəmməd Əmin Rəsulzadənin silahdaşı, Azərbaycan Dövlət xadimi, Musavat Partiyasının III başqanı Kərim İbadulla oğlu Odər 19 noyabr 1981-ci ildə vəfat edib.

Azərbaycanın dövlət xadimi; Şuşa, Abşeron və İsmayıllı rayonlarının birinci katibi, jurnalist, publisist Qəşəm Novruz oğlu Aslanov 19 noyabr 1984-cü ildə əbədiyyətə qovuşub.

Şair, jurnalist, tərcüməçi, əməkdar incəsənət xadimi, Azərbaycan KP MK-da məsul işçi, Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Həmid Məmmədəli oğlu Abbasov- Həmid Abbas 1999-cu il noyabrın 19-da haqqa qovuşub. 

Davud Ağa oğlu Axundov-Azərbaycan memarı və tarixçisi, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı (1991), Beynəlxalq Şərq Akademiyasının fəxri üzvü Davud Ağa oğlu Axundov 2003-cü il noyabrın 19-da dünyadan köçüb.

Riyaziyyat elmlər doktoru, professor, Azərbaycan Dövlət Universitetinin "Həndəsə" kafedrasının müdiri işləyən Abbasov Nazim Tanrıverdi oğlu 2004-cü il noyabrın 19-da haqqa qovuşub.

Marnauli rayonunun Kəpənəkçi kəndində dünyaya gələn Cavid Nəbi oğlu Xıdırov kimya elmləri doktoru, professor idi. 19 noyabr 2005-ci ildə vəfat edib.

Akademik Ayaz Adil oğlu Əfəndiyev- 1987-ci ildən ömrünün sonunadək Azərbaycan Elmlər Akademiyasının Polimer Materialları İnstitutunun direktoru olub. 2007-ci il noyabrın 19-da əbədiyyətə qovuşub.

Rejissor, bədii rəhbər, “Azərbaycan Teleradio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Vaqif Ağayev 19 noyabr 2011-ci ildə vəfat edib.

Azərbaycan seleksiyaçı-alimi, kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi üzrə mütəxəssis Nəcəf Abbas oğlu Nəcəfov 19 noyabr 2013-cü ildə haqqa qovuşub.

Biologiya elmləri doktoru, professor, Azərbaycan SSR-nin Əməkdar elm xadimi, torpaq mikrobiologiyası sahəsində ilk azərbaycanlı qadın alim Həbibə Süleyman qızı Qasımova 19 noyabr 2014-cü ildə əbədiyyətə qovuşub.

Bəstəkar və dirijor, professor, Azərbaycan Respublikasının Xalq artisti Nəriman Abbasqulu oğlu Əzimov 19 noyabr 2016-cı ildə vəfat edib.

Azərbaycanın tanınmış teatr xadimi, Abdulla Şaiq adına Azərbaycan Kukla Teatrının keçmiş direktor müavini Natiq Gülməmmədov 19 noyabr 2022-ci ildə dünyasını dəyişib.

Bu siyahını uzatmaq da olardı, məncə bu qədər də yetər. 19-nin üstünə 20-ni, 21-i də gəlin, yenə məşhurlar, tanınmışlar, doömalar… 

Mən qəmgin notlar üzərində qurduğum bu söhbətimlə çatdırmaq istəyirəm ki, yaşadığımız fani dünyada gəlin mehriban olaq, bir-birimizi sevməyi bacaraq. Axı kim olsaq da, hansı zirvəyə ucalsaq da, günlərin birində bizi də köhnə ölülərə qatıb oxşayacaqlar. Necə deyərlər, Süleymana qalmayan dünya heç kimə qalmayacaq...

Yeri gəlmişkən.

Əfsanəyə görə, həzrət Süleyman çox möhtəşəm peyğəmbər olub. Yer üzündə onun hakimiyyətinin həddi-hüdudu olmayıb, hətta təbiətin, heyvanların dilini də bilib. Vəfatından əvvəl tuncdan uca bir qəsr tikdirən peyğəmbər qəsrin üzərində belə bir yazı həkk etdirir: 

- "Ey yenilməz qüvvətinə və ömür uzunluğuna inanan insan, bil ki, dünyada heç kim əbədi deyil. Әgər mal, ləşkər çoxluğu ilə və ya elm gücü ilə dünyada əbədi qalmaq mümkün olsaydı, gərək Davud oğlu Süleyman ölməyəydi. Bu qəsri tikdirdim ki, dünya malının kimsəyə qalmayacağını biləsiniz...” 

Günaydın, dostlar!..

 

“Ədəbiyyat və incəsənət”

(21.11.2024)

Əziz oxucular!

Tanınmış ictimai-siyasi xadim, yazıçı-publisist, mərhum Sadıq Murtuzayev, publisist, Əməkdar hüquqşünas Müzəffər Ağazadə və yazıçı-rejissor, publisist-jurnalist, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu dünya dahilərinin, səmavi  insanların və Azərbaycan mütəfəkkirlərinin on üç mindən çox kəlamlarını, aforizmlərini toplayıb, tərcümə eləyib və  “Sözdən  yaranan incilər” adlı kitab kimi çapa hazırlayırlar.  Bu sayımızdan başlayaraq həmin kəlamlardan, aforizmlərlərdən seçmələri səhifələrimizdə çap edirik. İnanırıq ki, sözdən yaran bu incilər sizin xoşunuza gələcək və onları öz yaddaşınıza köçürəcək, gündəliyinizə yazacaqsınız.

 

HÜMBƏT HƏSƏNOĞLU

 

Hümbət  Həsənoğlu - həkim, yazıçı, ictimai xadim.  “Tərəqqi” medallı.  Altı mindən çox aforizmlərin müəllifidir. Tükdilli xalqlar arasında ən çox aforizmlər yazan azərbaycanlı yazıçıdır.

 

- Sevənləri bir yerdə sap da saxlayar, sevməyənləri zəncir də saxlamaz.

 

- Qulaq asmaqla eşitmək arasında inam boyda məsafə var.

 

- Tərbiyə qulaq burmaqla baş sığallamaq arasındakı mütənasibliyi tapa bilməkdir.

 

- Boş-baş ayaqları da boş-boşuna gəzdirər.

 

- Çörək yemək istəsən sünbül, bülbülə qulaq asmaq istəsən gül ək.

 

- Çomaq kimi fikirləri özünlə gəzdir ki, it kimi insanlardan qoruna biləsən.

 

- Əyri ağacdan düz kölgə, əyri insandan düz iş gözləmə.

 

- Dostluq razılaşa- razılaşa, sevgi barışa-barışa qorunar.

 

- Ən kədərli şey sənə xatirələr bəxş etmiş insanın özünün xatirəyə çevrilməsidir.

 

- Tərbiyəsizdən ehtiyatlan, nadandan qorx.

 

- Qadından ehtiyat edən kişini Allah da qoruyar.

 

“Ədəbiyyat və incəsənət”

(21.11.2024)

Thursday, 21 November 2024 16:06

Gülüş klubunda millətçi

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

Bu gün Hersoq yeni sarayın açılışını etməliydi, amma qulluqçulardan kimsə tək səbir gətirdi deyə açılışı təxirə saldı.

 

2.

İnsan yaşlaşdıqca ağır oturub batman gəlir. Ona görə yox ki, müdrikləşir. Ona görə ki, tənbəlləşir. 

 

3.

Sabunçu rayonu Kanalizasiya və su təsərrüfatı idarəsi 2024-cü ilin yekunlarına görə Qırmızı Əmək Bayrağına layiq qorülüb. 

 

4.

Adi vətəndaşımız səhər yuxudan oyandı, dişlərini alman pastası ilə yuyub, üzünü amerikan britvası ilə qırxıb, əl-üzünü britan  sabunu ilə yuyub, fransız kruasanı ilə Braziliya kofesindən ibarət səhər naharını edib, italyan kostyumunu geyinib, İsveçrə saatını da taxıb, ərəb odekalonu ilə ətirıənib, qapının ingilis qıfılını bağlayaraq evdən çıxdı, Çin avtomobilinə mindi, yapon radioqəbiledicini qoşub “Avropa” radiostansiyasında ispan musiqisinə qulaq asa-asa “Makdonalds”dan da günorta yeməyinə “Biq teysi” və “Koka kola” alıb “Nyu taur” kompleksindəki ofisə gəldi. 

Maşını İsveçrə siqnalizasiyası və Kanada videonəzarəti altında olan mühafizəli parkinqdə saxlaylb fin lifti ilə 22-ci mərtəbəyə qalxdı, “Merçendayzinq şöbəsi” yazılmış kabinetə girdi, Aybiem Amerika kompüterini açdı, Amerikanın Vindouz əməliyyat sisteminə girib amerikalıların yaratdığı internetə daxil oldu, Kuba siqarını tüstülədə-tüstülədə ingilis sözləri ilə amerikan akkauntuna girib yazdı: “Əziz izləyicilərim. Biz hamılıqla əhalimizi xarici təsirdlərən qurtarmalıyıq. 

 

“Ədəbiyyat və incəsənət”

(21.11.2024)

“Ədəbiyyat və incəsənət” portalı Neftçalada yaşayıb yaradan ziyalımız Etibar Əbilovun dünyadan nakam köçmüş oğlu Əbil Əbilovun gündəliyindən təqdim etdiyi növbəti hissəni sizin diqqətinizə çatdırır.

 

Əbilin gündəliyindən:

TÜRKLƏR HAQQINDA.

 

21 yanvar 2007. 

Biz türkük. Yaşamayan mədəniyyıtlərin, olmayan dövlətlərin gördüyü, sevdiyi bir millətin övladlarıyıq. Zəngin bir mədəniyyətimiz var. Mədəniyyətin, mədəniliyin özü olan OCAĞI ilk dəfə biz alovlandırmışıq. Dünyanın heç bir mağarasında ayı yaşamayanda, biz bir insan olaraq Azıx mağarasında ocağın işığına yığışmışıq. Miflər ölkəsi Hindistanı ilk dəfə bizim Altayda, Tyan-Şanda alışdırdığımız alov işıqlandırıb. Göylərin də yerlər qədər sehrli oldugu bir çağda səma miflərini ocağın ətrafında doğulan oğullarına ad seçib atalarımız, böyüklərimiz, ulularımız. Hindistanda dünyanın ən qədim mifoloji dini yarananda, türklər artıq miflərdən danışmırdılar. Dünyanın ən qədim dastanlarını-bizim dastanları yazıya köçürürdülər. Qopuz çalıb, söz söyləyib, bütlərin olmadığı dövrlərdə əski türkər Göy Tanrıya-  Göylərin və yerlərin Rəbbi olan Allaha inanırdılar. Hər şeyin yaradıcısı və yox edicisinin varlığı haqda biliklər ikinci dəfə gəldiyindən min illər öncə gəlmişdi və ya göndırilmişdi, İlahi varlıq tərıfindən Türk ellərinə, Asiya bozqırlarına, Altaylara.

Türk ellərinin Şamanı, Kamı vardı və onlarln sözləri ocağın işığını Günəşin ziyasından üstün edirdi, türk ellərinı gecənin qaranlığında.

Qurani-Kərimdə Allah Təala buyurur ki, "Biz heç bir qövmü peyğəmbərsiz buraxmadıq". Bəli, türk torpaqlarında da peyğəmbərlər gəzmiş, Allahın uca adını günəşin goğub batdığı yerə qədır daşımışlar. Güclərinin yetdiyi qədər. Daha sonra türk sərkərdəlıri günəşin doğub- batdlğı yerə qədər getməyə çalışmışlar. Günəşin doğduğu yerdə dəniz vardı, batdlğı yerdə də. Elə buna görədir ki, qara sevdamız dənizlər olmuşdur. Bu gün də elə bir dəniz, çay, göl yoxdur ki, onun sahilini yuduğu torpaqlarda türkün, türklüyün izinə rastlanmasın.

Şamandan, Kamdan danışdıq. İsa peyğəmbərin davamcıları "havari"lər var, Məhəmməd peyğəmbərdən sonra onun gətirdiyi dinin davasını, təbliğini edən müctəhidlər, Allah dostları-  sufilər vardı Şamanın türk ellərində  irşad təbliği aparan bir peyğəmbərin davamçısı olmadığı nə məlum?

Bu peyğəmbərlər tarixdə niyə qalmadılar? Tarixdə hansı peyğəmbərlər qaldı? Hz.Lut qövmü ona inanmadı və həlak oldu. Hz.İsmayıl - onun soyundan gələnlər yollarını elə azdılar ki, özlərindən olan, sonuncu peyğəmbərə etmədikləri pislik qalmadı. Hz.Musa qövmü o qədər azmışdı ki, Allah Təala kitabların sonuncusu Qurani-Kərimdə özünün var etdiyi və yaratdığı bir qövmü lənətlədi. Hz.İsanın peyğəmbərliyini 300 il sonra qəbul etdilər. Və s. və s. Bu peyğəmbərlər ona görə unudulmadı ki, sonuncu kitab- "Quran"da hər birinin qissələri, başlarına gələn müsibətləri özlərindən sonra gələn qövm və insan tərəfindən unudulmasın deyə tək-tək yazılmışdı. Və belə də oldu. Qurani-Kərimdə yazılan heç bir şey unudulmadı. Haqlarında məlumat verilən 27 peygəmbər də eləcə.

Yer üzünə 124 min peyğəmbər gəldiyini söyləyirlər. Bəs onların taleləri haqda harda məlumat verilib? Deyə bilməyəcəyəm- bəlkə hansısa İlahi bir kitabda?

Hər bir qövmə ayrı bir peyğəmbər gəldiyinə görə demək ki, türklərə də peyğəmbər gəlmiş. Bəs niyə adı tarixdə qalmamış? Yuxarıda gördük ki, adları tarixə düşən peyğəmbərlərin heç biri qövmləri tərəfindən qəbul edilməmiş. Demək tarixdə faciə yaşayan  peyğəmbərlər qalır. Türklərin peyğəmbərlərinin tarixdə qalmamasının səbəbi bəlkə də onların peyğəmbərliyinin türklər tərəfindın qəbul edilməsi olub. Bu,sadəcə minlərcə ehtimaldan bir güclü dəlil ola bilər. 

Türklər islamiyyət onların torpaqlarına gələnə qədər və ondan sonra da bir tək Tanrlya- Göy Tanrıya, VIII əsrdən də tək Allaha inanmışlar. Və heç bir zaman da əqidədən dönməmişlər. Dönüklük diğər millət və qövmlər üçün xarakterik olsa da, Türk ulusuna xas olan  bir şey deyil...

 

“Ədəbiyyat və incəsənət”

(21.11.2024)

“Ədəbiyyat və incəsənət” portalına ehtiyatda olan zabit Zahid Teymurovun ünvanladığı məktub hamımızın yaralı yerindən bəhs edir: yeni dəblərin milli-mənəvi dəyərlərə mənfi təsirindən. 

 

Ağsaqqalla divanda oturub, kinoya baxırdıq. Daha doğrusu, o baxırdı. Mən məsləhətə gəlmişdim. 

“Axırıncı aşırım" yenicə başlamışdı. Çay gətirdilər. Mən içdim. Ağsaqqalın çayını bir 10 dəfə dəyişdilər. Soyuyurdu.

   - A kişi, çayını iç, yoruldum dəyişməkdən! - əsəbləşirdi xanımı.

   - Kinoya baxıram! Çay yeridir! - kəsdi kişi.

   Film qurtardı. Biraz söhbət etdik.

   - Kinoya baxanda çay içmək olmaz? - məqam tapıb soruşdum. 

   - Orda çay içməyə vaxt var? Kinonun içinə ki girmədin, o kino deyil. Orada Kərbəlainin zəhmindən, Qəmlonun əzazilliyindən, Abbasqulu Ağanın təmkinindən məcal var çay içməyə? 

    ... Bu yaxınlarda bir film müəllifinin fikrinə rast gəldim: kinoya gərək kinoteatrda baxasan. Televizorda o təəssuratı, zövqü almırsan. 

   Cavanlara danışdım. Dedilər, tamamilə düz fikirdir. Gedək, özün görəcəksən.

   Axşam zəng etdilər: Yaxşı geyinin, düşün. Gedirik kinoya. 

   Üç dəfə geri qaytardılar. Bəzənməyə.

   - A kişi, orda mədəni, ziyalı, zadəgan insanlar olacaq. Bu geyimdə səndən nə düşünərlər?

    Gəldik. Millət növbəyə durmuşdu.

   - Hamımıza ,,popkorn". Sənə içməyə nə götürək?

   - Yeməyə gəlmişik? Bəs deyirdiz kinoya gedirik? - təəcübləndin. Gülüşdülər.

   Millət, əllərində  yekə karton vedrə popkorn, kola-mola-fanta, pivə, çips, basa-basla zala axışırdı. 

    - Mən heçnə istəmirəm, - acıqlandım.

    - İstəyirsən!- hökm etdilər. - Burda əli boş adama pis baxırlar...

    Qucağımda bir vedrə qarqıdalı pörtləməsi, əlimdə litirlik sirab, oturdum yerimə. Kino başladı. Hər tərəfdə xışıltı, marça-març, qurt-qurt... Elə bil ac inəklər saman eşirlər...

    Kino qurtardı. İşıqlar yandı. Böşalan zal Balaxanı zibillxanasını xatırladırdı. 

Yol boyu dinmədim.

    - Necədi?! Xoşuna gəldi?

    Özümü əldə saxlamağı bacaranam. Dişlərimi sıxıb iki söz deyə bildim:

    - Agzımı açmayın...

 

“Ədəbiyyat və incəsənət”

(21.11.2024)

“Ədəbiyyat və incəsənət” portalı yaşı 35-ədək olan şairlərin şeirlərinin dərcini davam etdirir. Bu gün növbəRamil Əhmədindir.

 

 

PİŞİK KÖLGƏSİNDƏN BAŞLADI GECƏ...

 

Sakit, kimsəsiz küçə.

Pişik kölgəsindən başladı gecə...

Çatmadı köməyə

Otuz iki hərfin bircə dənəsi,

Çözülmədi bu əlifba bilməcəsi...

 

Uçub getdi

dilimin ucundakı qışdan

Unudulmağın isti qoynuna

qaranquş sözlər...

Hanı söz?

Hansı söz?

 

Necə tapım o sözü?

Necə deyim həsrətimi?

Necə deyim səni sevdiyimi,

sənə öldüyümü?

Gözlədiyimi – bu ömrə gələsən deyə,

Gizlədiyimi – özüm belə bilməyim deyə...

Necə, necə, necə?

Pişik kölgəsindən başladı gecə...

Susdu kökdən düşmüş piano səsi,

Su qatılmış pivələrlə keçən yay da bitdi,

Sentyabrla gəldi payız.

Bir halımı düşün –

oktyabrsız, noyabrsız, yalqız...

 

Sənsiz bir saat keçməzkən,

gün necə keçir, həftə, ay necə?

Keçir bir-birini təkrarlayan addımlar,

Keçir küçəmizdən qərib adamlar...

Bəlkə, sən də gəldin,

Gəldin, bəlkə, bu gecə...

Bəlkə, bəlkə, bəlkə də...

 

Pişik kölgəsindən başladı gecə...

 

 

SÖYKƏNMİŞƏM SƏSİNƏ

 

Gözlərin azanımdır –

Gündə min yol məni sevgiyə çağıran...

Könlüm sənə səcdədə,

Qəlbim qəlbinə sonsuz bir rüku...

Bu sevda nə sevdadır belə? –

Sultanlığı olmayan bir quyu...

 

Adın dodağımda dua kimi səsləndi,

Yaxşı olmağıma bəsdir bir “Necəsən?”in,

Gül qoxudu gülməyin.

Gəmiləri torpaqdan keçirən

Fatehin inadkarlığıyla

istədim səni!

 

Səndən məcburi köçkün bədənimi

harada gizlədim, vətənim mənim?

Harada yoxa çıxsın bu canım ki,

qurtulum bir kimsə olmaqdan?

Mən bu dünyada heç kim olmaq istəyirəm,

Bircə sənin nəyin olum, bilmirəm...

 

Ayaqlarımın gücü yox,

söykənmişəm səsinə...

Uzun gecələr

həsrətindən çəkilmir,

söykənmişəm səsinə,

Səsinin dəydiyi sözləri bir-bir öpmək istəyir könlüm.

O sözləri söz edən hərfləri bir-bir bağrıma basmaq,

Hər kiçik zərrə qədəriylə sevmək səni.

 

Qaldırdım bütün ağ bayraqları

Eşq cəbhəsində,

Təslim, təslim,

Təslim bu sevdaya!

Söykəndim səsinə,

Quşlara dedim şükranlığımı,

Çatdırsın səni mənə verənə –

aləmlərin Rəbbinə...

        

 

CAN SIXINTISI

 

Sərinliyin

yuxu kimi çəkildiyi bu şəhərdə

ən uzun küçəydi avqust!

 

Küçələrindən qadınlar keçməyən bu şəhərdə

Kişilər bir-birini doğmuşdu,

Kişilər bir-birindən doğulmuşdu sanki.

Bir-birlərini çoxaltmışdılar bina kölgələrinin altında

və əlbəttə, mümkün bütün xanalarda...

Çocuqlarsa günəşin uşaqlarıydı

və ailə-məişət zəmininə dözməyin çölündə kaktusuydular!

 

İşsizliyin doğurduğu sərgərdanlığa hamilə kişilər keçirdi yollardan,

İnanmışdım gözləri boşluğa açılan bu kişi pəncərələrin bir-birini doğduğuna.

Maşının altında yavrularını yalayan dişi qonur pişik xatırladırdı bircə

bir qadından doğulduğumuzu!

Bircə o xatırladırdı bir zamanlar anamın olduğunu,

Atasız doğulanlar olsa da, anasız heç kəsin olmadığını deyirdi tarix!

Maşının sahibi bir dərisi yanmış,

sonsuz bu avqust şəhərində

dişiliyini göstərməyə başqa bir yer tapmadığı üçün pişiyi tənbehləyirdi,

vurğusu ikinci hecaya düşən "miyov"ları sözə çevirdiyimdən gülümsəyirdim.


Adamdan daha çox

yeriyən tər damlasıydı o kişi

və hər gecə yatağındakı çiçəyi tərlə sulayırdı.

Məhəllədə hansı uşağı öpsəm, duz dadırdı.

 

Günorta – məmurun nahar fasiləsi,

Axıb keçən maşınların qupquru cansıxıcı səsi,

Qonşu pəncərədən gələn upuzun bir sol, lya, si,

Üzündə təbəssüm donmuş şəhərin dəlisi,

Tül pərdələrin ardındakı gizlin baxışlar,

Yayılan pıç-pıçlar, dedi-qodular,

Kölgəsini qovalayan uşaqlar,

Yarpağı titrəməyən,

Yarpağı soyuqqanlı qatilin əlləri kimi titrəməyən ağaclar,

Gözlərinə baxa bilmədiyim yandırıcı bir günəş,

Çayımın rəngsizliyində gülümsəyən evin qadınsızlığı,

İş yorğunluğu, baş ağrısı, fanilik duyğusu və qan azlığı,

Ruhumu saran dibsiz bir can sıxıntısı –

Hamısı, hamısı, hamısı, hamısı, hamısı,

İçimə gömdüyüm sözlərin ən qırmızısı,

İçimdə gömdüyüm sözlərin, de,

hansı ən çox yaraşar bu şeirə,

hansı, hansı, hansı, hansı, hansı?

 

Sərinliyin

yuxu kimi çəkildiyi bu şəhərdə

ən uzun küçəydi avqust!

 

Sərgərdan kişilərə hamilə yollar!

Balkona düzülmüş dibçək gülləriydi qadınlar!

Kölgəsiylə oynayan məsum uşaqlar!

Ac pişik yavrular! Ümidsiz qocalar!

 

Bitməyən sonsuz bir avqust şəhərində

Yetir məni vüsala avqustun sentyabra həsrətindən!

Ey küçəyə səpilən günəş şüası

Qucaqla məni

bədənimin D vitamin əksikliyindən!

 

 

GƏLMƏDİN

 

Mən əlləri göylərə açılan əkinçi ümidiylə gözlədim səni,

Sən suya həsrət çöllərə yağmayan yağışlar təki unutdun məni.

Unutma məni, çiçəkləri açdı bağçamın hər yerində,

Qurudu səni sevmələrin yaşıl sevdası,

Sən gəlmədin.

 

İrqçi bir məmləkətdə

afro-amerikan ümidləriydi bəslədiyim.

Gülüşlərim də qaraldı, dişlərim də,

Sən gəlmədin.

 

Ayaqlarım bezgin bədənimi daşıdı işlə ev arasında...

Yoruldum kartof və kotletlərin dünyasında yaşamaqdan…

Tənhalığıma uyğun başqa bir tənhanı axtarmaqla keçdi illər,

Telefona gömülmüş başlar metropolunda

Telefona gömülmüş bədənlər çoxluğundan usandım.

Ürəyim kimsənin keçmədiyi işıqsız bir arxa küçədir indi,

Çünki

Sən gəlmədin.

 

Çiçəkli süfrələr açdım,

Güllü pərdələr asdım,

Sən gəlmədin,

Çiçəkli süfrələrin,

Güllü pərdələrin

Nə anlamı qaldı daha?

Soldu hamısı.

Misralarımı bölən ver/gül

Gülündən soldu...

Sən gəlmədin.

 

 

BİRCƏ HƏRF

 

Bu qədər sevgilərin içində

kiminsə sevgisi itkin düşüb elə bil.

Bu qədər səsin içində

hansısa doğma bir səs yox,

Bu qədər adamın arasında kimsə çatmır.

Əslində,

bu qədər sevgilər, səslər, adamlar artıqdı.

İndi bizə lazım olan sevginin, səsin, adamın sonuncu parçasıdı.

Və xoşbəxtliyə bircə hərf çatmır – o...

 

Azadlığım

 

Sənlə gedə bilmədiyim

bütün parklar

ağaclardan hörülmüş həbsxanalardır.

 

Sənlə gedə bilmədiyim

Bütün şəhərlər

Binalardan hörülmüş həbsxanalardır.

 

Sənlə gedə bilmədiyim

bütün küçələr

adamlardan hörülmüş həbsxanalardır.

 

Sənlə üzə bilmədiyim

bütün dənizlər

sulardan hörülmüş həbsxanalardır.

 

Sənsiz

məhbusam

ağaclar, binalar, adamlar, sular arasında...

 

Hardasan, mənim azadlığım?

 

“Ədəbiyyat və incəsənət”

(21.11.2024)

 

 

Thursday, 21 November 2024 14:38

Qellap institutu alimlərinin formulu

  “Ədəbiyyat və incəsənət”in bu gün təqdim edəcəyin uğur formulunu Amerikanın Qellap institutunun alimləri ortaya qoyublar. Bu uğur formulu «Amerikada kim kimdir» adlanan məlumat kitabındakı 1500 məşhur insanın respondent qismində sorğu-sual edilərək mövqeyinin, xarakterik əlamətlərinin araşdırılması nəticəsində ərsəyə gəlib. Araşdırma ən uğurlu insanlarda 9 ümumi vacib xüsusiyyət ortaya çıxarıb ki, bu xüsusiyyətlərin cəmini də Qellap institutu alimləri uğur formulu kimi təqdim ediblər:

 

1.     Sağlam fikir.

Rəyi soruşulanlar arasında sağlam fikrə malik olmaq ən çox yayılmış xüsusiyyətdir. Respondentlərin 61 faizi bildirib ki, sağlam fikir onların uğur qazanmasında çox vacib faktor olub.

Çoxları üçün sağlam fikrə malik olmaq – gündəlik işlər barədə optimal və konkret qənaətəgəlmə anlamı verir. Bunun üçünsə bütün kənar fikirləri kənara atıb bu və ya digər hadisənin kökünə baxa bilmək vacib şərtdir. Bəs sağlam fikrə malik olmaq anadangəlmə keyfiyyətdir? Respondentlərin fikrincə, bu keyfiyyəti insan özü özündə inkişaf etdirməlidir. Ona malik olmaq yollarından biri də başqa insanların təcrübəsindən, eləcə də öz səhvlərindən öyrənə bilmək bacarığıdır.

2.     Öz işinin bilicisi olmaq.

Səsvermədə ikinci yer tutan xüsusiyyət. Məşğul olduğun işi dərindən bilmək qədər heç bir şey uğur qazanmağa kömək edə bilməz. Bu, sənin biliklərinin sığortalanması, mövcud risklərin minimum səviyyəyə düşməsi deməkdir. Peşəkar bilikləri almaq prosesi daim, hətta ən yüksək zirvələri fəth etdikdən sonra da davam edir.

Uğur qazanmaq üçün bunu inadla istəməli, qazananda isə qoruyub saxlamağı bacarmalısan.

3.     Öz gücünə inam.

Böyük uğur qazanan insanların əksəriyyəti, əsasən, öz qabiliyyət və bacarıqlarına, bir sözlə, öz baqajlarına güvənirlər. Bu güvənmə öz gücünün təsdiqi ilə yanaşı, həm də cəsur hərəkətlərə doğru qətiyyətli irəliləyiş əzmi də gətirir. Bilik və bacarıqla yanaşı məqsədə çatmaq üçün saatlarca usanmadan, inadla işləməyə dözüm və iradə də lazımdır.

4.     Yüksək səviyyə.

Nailiyyətlər əldə etmək üçün yüksək inkişaf səviyyəsinə malik olmanın da əhəmiyyətli rolu var. Bu səviyyəyə çatmaq – mürəkkəb konsepsiyaları cəld mənimsəmək, onların sürətli və dəqiq analizini apara bilmək üstünlüyü verir.

Respondentlərdə yüksək inkişaf səviyyəsini təmin edən üç element olaraq isə bunlar müəyyənləşdirilmişdir: dərin söz ehtiyatı, yaxşı mütaliə qabiliyyəti, yaxşı yazma qabiliyyəti. Məlum olmuşdur ki, sorğuya ayrılan bir il ərzində respondentlərin hər biri orta hesabla 19 kitab oxumuşlar ki, bunların da 50%-i bədii ədəbiyyat olmuşdur.

5.     İşi sona çatdıra bilmək qabiliyyəti.

Bu xüsusi qabiliyyət də uğurlu insan olmaq üçün ən vacib qabiliyyətlərdən hesab olunur. Qarşıya qoyulan məqsədə özünü tam həsr etmək – uğurlu nəticəni təmin edən şərtlərdən ən başlıcaları sırasındadır.

Rəyi soruşulanların böyük əksəriyyəti özlərinin işi sona çatdıra bilmək qabiliyyətlərinin üç keyfiyyət hesabına formalaşdığını etiraf ediblər: təşkilatçılıq istedadı, yaxşı iş vərdişləri və əzmkarlıq.

Məsələn, bir fizika üzrə professor öz uğur formulunu belə izah edib: «Gərgin əmək+özünçün bu əməyin ritmini qura bilmək qabiliyyəti».

Həmin professor etiraf edib ki, həftədə 100 saat işləyir.

Qellap institutu alimləri bu 5 əsas faktordan başqa uğura zəmin yaradan 4 köməkçi faktorun da adlarını çəkirlər;

6.     Rəhbərlik edə bilmək qabiliyyəti;

7.     Yaradıcı potensial;

8.     Kolleqalarla qarşılıqlı münasibət;

9.     Bəxtigətirmə.

Amerika alimləri ortaya çıxardıqları uğur formulunu öyrənə biləcək və təqdim etdikləri şərtlərlə təklif edəcəyi şərtlər üst-üstə düşən hər bir iddialı şəxsə tezliklə «Kim kimdir» məzmunlu kitablara düşməyi arzulayırlar.

Gözəl arzudur, əlbəttə.

 

“Ədəbiyyat və incəsənət”

(21.11.2024)

 

 

Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Ərdəbildə yaşayan Həkimə Babakişizadədir.

 

Həkimə Babakişizadə

Ərdəbil

 

 

DÖNÜB BAXANDA

 

Hələ də illərin həsrəti coşur,

Gözlərim bulağa nəğmələr qoşur,

Ürəyim başından qara qan aşır,

Mən gəldiyim yola dönüb baxanda.

 

Keçmişdə qalan bir qızı anıram,

Özümü özümə mən qısqanıram,

Bəzən də bu məni özgə sanıram,

Mən gəldiyim yola dönüb baxanda.

 

Deyirəm;

İlahi!

Hayanda saldı?

Bu qız ürəyimi satınmı aldı?

Məndən bir özgə tək ayrıldı, qaldı,

Mən gəldiyim yola dönüb baxanda.

 

Qızın qız adına illər hürürdü,

Dursa daş, getsəydi yollar gülürdü,

O qız hələ də tək ömür sürürdü,

Mən gəldiyim yola dönüb baxanda.

 

Oturub ayrıcda yol gözləyirdi,

Umurdu yiyəsiz, iz izləyirdi,

Eşşək ürəyim kor at bizləyirdi,

Mən gəldiyim yola dönüb baxanda.

 

Qazanıb qazancın yeməyən adam,

Qız adım qoymadı duyğumu dadam,

Bir vaxt gördüm tanış,

Bir zaman yadam,

Mən gəldiyim yola dönüb baxanda.

 

“Ədəbiyyat və incəsənət”

(21.11.2024)

 

 

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Zahid Sarıtorpağın yeni romanından parça təqdim edilir.

 

...Hesab elə ki, bir çölün düzündə üzünü Şimala və ya Qərbə tutub

durmusan. Deməli, özün də bilmədən arxanı Günəşə çevirmisən...

Yox, əgər üzünü Cənuba və ya Şərqə tutub dayanmısansa, deməli,

üzü Günəşə sarısan.

Amma Günəş gözlərini elə qamaşdırır, elə qamaşdırır... çox şeyi görə

bilmirsən. Elə buna görə də

Şimaldakılar, Qərbdəkilər adına cahil deyir. Bu fani dünyaya özün də

bilmədən belə gəlib, belə də gedirsən...

 

1

 

Heç kim insan taleyinin ucu-bucağı görünməyən bir səhraya bənzədiyini təsdiqləyə bilməz; heç kimin də onu inkar etməyə gücü çatmaz; çünki bu məsələdə təzadlar xirtdəyəcəndi... Əlbəttə, yanağı al-qırmızı, iri bir almanın üstünə gül rəsmi cızılıbsa, ona aludə olub, həssaslıqla baxıb heyran qalan adam ayrı bir şey fikirləşər; o rəsmə etinasızcasına göz yumaraq, budaqdan qoparıb, acgözlüklə dişləyib-yeyən isə tamam başqa bir şey... Amma bir gün şeytan körpüsündə bəni-adəm olduğunu anlayıb da bu kəslərin necə bir həyat sürdüyünü, yaxud da nə qədər öz nəfslərinə qulbeçə olduqlarını, ya da tam əksinə, toxluq rəmzi kimi uca bir şahlıq məqamında dayandıqlarını izah etməyə çalışan tapılsa, yəqin təpəsinə dəyən gerçəklik adında güclü, sanballı qapaza görə susmağa məcbur olar... Təbii ki, başqa yanaşmalar da var, sadəcə, çoxları onu görə bilmir. Daha doğrusu, görürlər, ancaq barəsində danışmağa gücləri çatmır, yəni söz tapa bilmirlər. Bu məqamda adam düşünür ki, qoy özləri danışsın, öz hərəkətlərindən, tavırlarından bilinsin haqq nədir, nahaq nə. Həm də gerçəklik adlı o sirli, o güclü qapaz sonda kimin başına dəyməlidir, ağı ağ, qaranı qara yerinə necə qoymalıdır, qoy özü aşkar edib çıxartsın ortaya. Təki, almanın yanağındakı gül rəsmi ona vurğun olan adamın gözləri önündə solmasın, heyranlıqla ağzını ayırıb baxan o aşiq timsallının ağlını çaşdırmasın. Acgözün isə qoy ağzının suyu axsın, amma o almanı dərə bilməsin; eləcə nə baş verdiyini anlamadan kor-peşman çıxıb da getsin...

 

*

...Məsinin özü belə deyirdi ki, Nuh əyyamından qalma yaşlı bir adam olduğuna görə, həm də törətdiyi ağır cinayət ucbatından, yəqin adı Əzrayılın dəftərindəki siyahıda ilk səhifələrdən birindədir. O, qaçhaqaç, köçhaköç dövründə zati-betərinə gecə-gündüz lənətlər yağdırdığı bu miskin dünyanın məsum bir parçasına - türmənin barmaqlıqları arasından gözünün gördüyü bircə əlçim göy üzünə o vaxt dustaq kimi deyil, qəfəsdə olan yalqız bir quş sayağı büzüşərək küskün-küskün baxırdı. Özü demişkən, artıq içəridə bir kösöv kimi közərib, közərib çoxdan sönmüşdü, haçansa kürünüb çölə atılacağını səbirsizliklə gözləyirdi. Amma türmədə olanda da, çıxandan sonra da bilirdi ki, o dövrü yaşamış insanların yaddaşına həmin günlərin ab-havası qəddarcasına həkk olur. Günü bu gün də yaddaşlarda göydən düşən işıqla yerdən qalxan nalələr o lövhədə bir-birinə dəyib çiliklənir, elə bil dil açıb: "gücün çatırsa, ayaqla məni, keç üstümdən indi, görüm, necə keçirsən..." - deyir. Bilirdi ki, yaddaşları xarabazara çevirmiş o mənzərədəki ülgüc misallı gerçəklərin üstündən keçmək heç cürə mümkün deyil, cəhd eləyəndə adamın ruhu şırım-şırım olur, içi laxta-laxta qanla dolur. Başa düşürdü ki, həmin andıra qalmış illərdə baş verənlərin ağrı-acısı bu gün də o əzabları yaşamış insanların könül viranələrində eşələnir. Saysız-hesabsız günahsız məsumun qana bulaşmış nəşi, cəsədi göz önündən keçdikcə, elə bil onlar indi göy üzündən əllərini uzadıb imdad diləyir, qisas gününün nə vaxt olacağını soruşur. Qoca bütün bunları özlüyündə götür-qoy etsə də, son dərəcə səbirli insan olduğuna görə heç vaxt dilə gətirmirdi. Düşüncəyə dalanda, həmişəki kimi kəhrəba təsbehinin dənələrini bircə-bircə çevirib siqaretini sümürürdü.

Amma bəzi adamlar da var ki, bu cür məsələlərə çox soyuqqanlı yanaşır, ümumiyyətlə bu sayaq dərdi, ələmi yaxına buraxmır. Dəhşətli olan odur ki, hələ də nəfəs aldıqlarına şükürlər edən, baqi ilə fani arasında "ya haqq!" deyə-deyə necə ruhən çırpındıqlarından heç özlərinin belə xəbəri olmayan o "pak-pakizələr" qisasın yalnız qiyamətə qaldığına cani-dildən bel bağlayır, bu minvalla özlərinə təskinlik verirlər. Elələri də var, suyu üfürə-üfürə içir, belələrinə vasvası deyirlər. Bir gün bir cüt barmaq uzanıb o adamların gözlərini qapayanda, "ölüm budurmu, İlahi..." deyib canlarını tapşırdıqlarına sevinməkdənsə, baxırlar, görsünlər o barmaqlara milçək-filan qonmayıb ki? Birdən qonmuş olar, o dünyaya murdarcasına, günah içində gedərlər, haa, cəhənnəm odunda yanarlar birdən... 

Təbii, nə qədər soyuqqanlı olsa da, Məsi belələrindən deyildi, tamam başqa bir adam idi. Şəhərin kənar rayonlarından birində, uzun illərdir yarımçıq qalmış beşmərtəbəli bir binanın qarovulçusu işləyirdi. Binanın dörd tərəfdən çəpərlənmiş həyətində bu gün lap ölülər yığışıb çılpaq-çılpaq rəqs eləsəydi belə, onu heyrətə gətirməzdi. O, elə indiki kimi gözlərini qırpmadan, kəhrəba təsbehinin dənələrini çevirərək, siqaretini sümürüb köksünü ötürər, onlara ciddi baxmaz, bəlkə də vecsiz-vecsiz gülümsünərdi. Kim bilir, bəlkə lap çıxarıb başlarına şabaş səpmək də keçərdi ürəyindən. Bir sözlə, xeyli yaşı olsa da o, nəyi necə etməyin, harda necə davranmağın mahir ustasıydı, çünki özü demişkən, cəhənnəmin bacasından keçib gəlmiş birisiydi, dünyanın altını da bilirdi, üstünü də... Çünki on üç il türmə, üstəlik, Qarabağda gedən savaşda gözünün ağı-qarası cavan bir oğul itkisi ona çox şeylər diktə eləmişdi.

Məsi neçə vaxtdır, demək olar ki, hər gün qaçaraq gəlib onun qarovulçu daxmasına sığınan, qonşu uşağının - balaca Elmarın halına acıyır, hər dəfə başını sığalladıqca ürəyi üzülürdü. 

- Məsi baba, yenə o gəlmişdi... yenə o...

Bu uşaq ona "baba" deyəndə, halı pis olurdu. Həm də ona görə ki, Qarabağ savaşında şəhid olmuş öz doğmaca balası Məliyin heç bir yadigarı qalmamışdı. Qızı Sənubər isə əri və iki körpəsilə birgə Türkiyədə yaşayırdı. Nəvələrin ikisi də qız uşağıydı. Amma Məsi onların üzünü hələ görməmişdi. Sadəcə, şəkillərinə baxıb yanğılı-yanğılı köksünü ötürmüşdü.

Elmar köçkün balasıydı, bu yarımçıq tikilinin yanında, qeyri-qanuni salınmış yosmaca daxmalardan birində anasıyla birgə yaşayırdı. Qarabağ savaşına gedəndən beş gün sonra atası şəhid olmuşdu. Onda Elmar beş yaşındaymış. Himayədarları olan nənəsi də bu yaxınlarda dünyasını dəyişmişdi. Bu uşaq mehrini Məsiyə necə salmışdısa, yanından əl çəkmir, yaşına uyğun omayan tərzdə hər şeyi ancaq ona danışırdı. Sərt, bir qədər də qaradinməz olan Məsinin də elə bil könlünün quşu qonmuşdu bu uşağa. Bu balacanı çox istəyirdi, dediklərini axıracan dinləyir, başını sığallayıb ürək-dirək verirdi.

- Məsi baba, yenə gəlmişdi o... Gəlmişdi yenə...

Bu uşağın "o" dediyi kim idi bəs?

Hə, məsələ qəliz idi...

"O"nun uzun illərdi ki, yarımçıq qalmış bu tikintinin kol-kos basmış həyətində - qarovulxananın yaxınlığında divarın dibinə uzadılmış Marksın, Leninin, bir də ki, arxası üstə sərili qalmış, süngülü tüfəngi indi göy üzünə tuşlanmış qızıl ordu əsgərinin heykəlinə heç bir aidiyyəti yox idi. Amma hər dəfə bu uşaq "o..." deyəndə, Məsi daxmanın kiçik pəncərəsindən həmin heykəllərə sarı boylanıb, təsbehini bir az da bərk şaqqıldadır, siqaretini bir az da möhkəm sümürüb fikrə gedirdi... Uşağa bircə kəlmə onu deyirdi ki, "darıxma..."

...Həmin ilin ilanmələyən yayı bezdirmişdi hamını. Məsi istinin, bürkünün əlindən qarovulxanada gecə də yata bilmirdi, çırpına-çırpına qalır, yerindəcə eşələnir, üzülüb əldən düşürdü. İsti olmağına baxmayaraq, əlinə içki düşən kimi bir az vurub, çıxıb həyətdəki heykəllərlə danışırdı. Daha doğrusu, sualı da özü verirdi, cavabı da... Həyətin bir küncündə, ot-əncərin arasında arxası üstə sərələnib qalmış heykəllərin - gah qızıl əsgərin, gah Marksın, gah da Leninin sinəsi üstündə oturub siqaretini tüstülədirdi. Axırda da elə bil, ayılırdı, "tfu!" eləyib qalxırdı ayağa. "Kişiliyiniz çatmadı!.. Yaman günə qoyduz camaatı!.. Elə biri mən... Sizin ucbatınızdan oğulsuz qaldım ee, oğulsuz!.. Guya davaların, qırğınların səbəbkarı siz mütrüflər deyilsiz?" - deyirdi. Ən azından fikirləşib, fikirləşib, çənəsini ovuşdurur, hirsini-hikkəsini boşaldır, ardınca da acıqlı-acıqlı püskürürdü: "Heç nə demirəm, bax, belə götürək dəə, lap elə o uşaqdan - Elmar balamızdan danışaq, qaraçuxası ondan niyə üz döndərməliydi? Baxtı-taleyi niyə belə olmalıydı axı, niyə? Hə?.. Keçək içimi yara eləyən başqa məsələlərə: mən türmə görmüşəm ee, a kişilər, türmə! Sir-sifətinə peşab olunan, zornan sidik içirdilən adamlar görmüşəm. Hələ başlarına açılan başqa oyunları demirəm... Axı niyə? Axı niyə mən türmədən çıxanacan arvadım Gülarə ölməliydi? Ona görə ki, onun nəfəsindən gələn qoxunun tayı-bərabəri yoxuydu yer üzündə? Ona görə ki, mən gəlib o qoxunu bu çürümüş ciyərlərimə çəkib təzədən bəxtəvər olacaqdım? Olmazdımı ki, qara toyuqla ağ toyuğu qırmızı xoruzun həndəvərində bəxtəvərcəsinə dənlənən görüb də "off... həyat gözəldir!.." - deyəydim? Olmazdımı ki, bacımla əlli oyundan çıxan o dəyyusun - gorbagor Müseyibin əməlindən xəbər tutunca onu öldürməyəydim? Axı nə biləydim ki, bacım məhkəmədə üzümə duracaq!.. Günahkar mən olacam axırda, ay Marks, ay Lenin! Ay düdüklər!!! Türmə çəkdim ee, türmə! And içmişdim, çıxan kimi bacımı - Mehparəni öldürəcəm... Amma alınmadı. Mən çıxanacan özü zəhər içib özünü oyanlıq elədi... Guya xəbəriniz yoxdu?.. Hamınız indi dalı üstə uzanıb donuq bəbəklərinizi göyə zilləmisiz. Orda nə yazılıb, hə? Deyin də... nə yazılıb? Kefli İsgəndər üstəgəl Makedoniyalı İsgəndər, onun da üstünə gəl Əlisgəndər Nevskidi, nədi, o düdük?.. Cavabı mənim taleyim eləyir? Ayıb deyil?.. Ona görə mən indi ayaqyolu yerinə sizin başınızı islatmalıyam həmişə? Özü də düz elədiyimə şübhəm yoxdu haa!. Barı, bu gününüzü düşünəydiniz gərək, düzgün qayda-qanun yaradaydınız gərək... Yaradaydınız ki, məni nahaqdan tutub içəri qoymayaydılar, həm də mənim kimi minlərlə, milyonlarla qaraçuxası yatmış bədbəxti məhv etməyəydilər... A biqeyrətlər, anlayırsınız dediklərimi?.. Hələ qoy gedim bir yüz qram da vurum, görün başınıza nə oyun açacam!.."

Sonra da ögüyüb qusurdu. Özü də bilə-bilə qusurdu...

Deməli, məsələ beləydi ki, Elmarın anası Xatirə vaxtilə zorla ərə verilən bədbəxtin biriydi. Yazılmamış qanunlar çərçivəsində öz taleyi özgələrin əliylə cızılmışdı. Əri Qarabağ savaşında, qayınanası isə burda öləndən sonra taleyin hökmü dəyişmişdi. Orta məktəbdə bir sinifdə oxuduğu, hamıdan gizli ona çoxlu sevgi məktubları yazan uşaqlıq dostu Muxtar gəlib bu dul gəlini tapmışdı. Yaşı az da olsa, uşaq da olsa, Elmar onların görüşməsini həzm edə bilmirdi. Muxtar hər dəfə bu dar, birotaqlı mənzilə sevgilisilə gecələməkdən ötrü gələndə, Xatirə Elmarın yerini mətbəxdə salırdı. Elə bil, onun lap körpəlikdən qıcolma, ürəkkeçmə xəstəliyi olduğunu unudurdu. Düzdür, həmişə olmasa da, arabir bu uşaq özündən gedirdi. Anası isə onu heç bir dava-dərmanla deyil, nənəsindənqalma bir üsulla özünə gətirirdi: qaşığı odda qızdırıb toxundururdu yanağına, uşaq diksinib ayılırdı...

Elmar: "o yenə gəlmişdi..." deyəndə, Muxtarı nəzərdə tuturdu. Bu ifadə hər dəfə Məsini haldan-təbdən çıxarırdı, amma neyləyəcəyini bilmirdi. Hərdən qorxurdu ki, mehrini doğmaca bir nəvəsi kimi sidq-ürəkdən saldığı bu uşağa görə qəfil beyni çönər, gedib tanımadığı o adamı vurub oyanlıq eləyər. Siqaretini sümürüb, təsbehini şaqqıldada-şaqqıldada ona qısaca, lap bircə kəlməylə ürək-dirək verirdi: "Darıxma..."

Amma "darıxma..."nın da bir qədər-qəsəmi olmalıdır. Müəyyən bir məqamacan belə demək mümkündür, sonrasından isə qan iyi gəlir. Hər halda, Məsi belə düşünürdü. Oturub fikirləşirdi: orta məktəbdə tarixdən həmişə beş alırdısa, sonra bəs niyə oxumadı, niyə təhsil almadı? Ali savad almaq cəhənnəmə, niyə orta məktəbin özünü belə yarımçıq qoydu? Bəs görəsən, sonralar birdən-birə niyə belə bir həyata düçar oldu? - amma heyif ki, bu sualların heç birinə cavab tapa bilmirdi. Əslində, bilirdi... Onu bilirdi ki, həyatda nə qədər dolanbaclarda azmışsa, günahkar ancaq özü olmuşdur, ancaq özü!...

 

*

...Gözqamaşdıran bir işığa bürünmüş əllər görünürdü gözünə. O bir cüt əlin açılmış ovcunda üstünə gözəl, zərif, az qala adama "gəl-gəl" deyən gül rəsmi cızılmış bir alma vardı. Həmin almanı səssiz-səmirsiz ona sarı uzadıb, elə bil, nəyisə gözləyirdilər. Hə, işıqla qaranlığın qovuşuğunda görünən ancaq o bir cüt əl, bir də həmin sirli-sehrli alma idi... Qalan heç nə gözə görünmürdü. Neyləsin? Götürsünmü o almanı, ya yox? - bilmirdi. Çimhaçim tərin içindəydi. Heç nə eşidilmirdi. Təkcə almanın bihuşdar kimi ağılı başdan alan qoxusunu acgözlüklə çəkirdi ciyərlərinə... Bir kəlmə də olsun nə söz deyə bilirdi, nə söhbət edirdi...

Pəncərənin o üzündə heykəllərin donuq sifəti ay işığına bürünmüşdü. Hər biri səsini içinə çəkib elə bil oxuyan cırcıramaya qulaq asırdı.

Gözünü açınca ilk dediyi sözlər bunlar oldu: "Lənət sənə, kor şeytan!.." Ardınca da taxta çarpayıdan dikələn kimi əlini siqaretə uzatdı.

Həyətə düşüb Leninin sinəsinə çökdü. Siqaretini tüstülədə-tüstülədə beynində götür-qoy eləməyə başladı: "Yaxşı, deyək ki, almanı başa düşdük, bəs üstündəki o gül rəsmi nə idi? Ancaq gərək götürəydim ee... nə olacaqdı, olacaqdı daa... dünya dağılmayacaqdı ki... " Bir qədər key kimi dayandı amma yuxusuyla bağlı bütün əhvalını qarışdırmış düşüncələrindən qurtula bilmədi: "o almanı mənə uzadan kimin əlləriydi bəs?"

Qırmızı yanağında gül rəsmi cızılmış o sirli-sehrli alma, o bir cüt əl o gün Məsinin yadından heç cürə çıxmadı. Neçə yol özünə: "gic-gic şeylər başımı tamam xarab eləyib haa... yuxudu daa..." deyib hər şeyi unutmaq istəsə də, qapıldığı ovqatdan qurtula bilmədi. Niyə belə olduğunu özü də anlamırdı heç.

Həmin gün Elmar da gəlmədi.

Axşam düşən kimi həyətə endi, Qızıl ordu əsgərinin sinəsində oturub bir siqaret yandırdı. Darıxdı. Hiss elədi ki, acından ürəyi sıyrılır. Qarovulxanaya qayıdıb köhnə dolabdan kolbasa-çörək götürdü, küncdə yarım butulka araq olduğunu gördü, yadına düşdü ki, çoxdankıdır, sadəcə unudub. Gülümsündü. İçəridə hava boğanaq olduğuna görə, şam süfrəsini həyətdəki taxta yeşiyin üstündə açdı. Birinci yüzü vurandan sonra kolbasadan bir tikə ağzına qoyub, gözlərini qıydı, aram-aram çeynəyə-çeynəyə yenə fikrə getdi: "Heç o qırmızılığında alma olar? Heç alma üstünə də gül rəsmi cızarlar? Özü də o gözəllikdə... həm də elə-belə rəsm yox ee, - möcüzə! Lap möcüzədən də o yana!.."

Bu vaxt ağır, xırıltılı, adamın sümüyünə işləyən, vahiməli bir gülüş eşidildi: "ha-ha-ha!.." Məsi stəkana araq süzdüyü yerdə bu səsdən diksindi. Ətrafda heç kim yox idi. Sinəsində oturduğu Qızıl əsgər də, bir az aralıda uzanmış Lenin də qaşqabaqlıydı, amma deyəsən, Marksın dodağı qaçmışdı...

Məsi gözünü qurumuş qanqalların arasında arxası üstə uzanıb qalmış Marksın büstünə zillədi, doğrudan da, dodağı qaçmışdı. O da qımışdı: "Ay köhnə oğrubaşı!... Ay köhnə fırıldaq!... Nəyə gülürsən? Mənim halıma?.. Məni bu günə qoyan da siz, indi baxıb gülən də..."

Məsi ikinci yüz qramı başına çəkmək istəyirdi ki, həmin tükürpədici gülüş səsi yenidən eşidildi: "ha-ha ha!.."

Stəkanı yerə qoydu. Ağır, səbirli, çoxbilmiş Məsinin canından qəribə bir gizilti keçdi, başladı titrəməyə... Amma gözucu baxıb gördü ki, Marksın dodağı qaçıb eləməyib. Sadəcə, təzəcə doğmuş on dörd günlük Ayın işığı qurumuş bir qanqal yarpağının kölgəsini onun dodağına necə salıbsa, adama elə gəlir ki, dodaq qaçıb, Marks gülümsəyir, özü də acı-acı, yəni tikanlı-tikanlı.

Özünü ələ alıb Məsi də gülümsədi: "Ay qırışmal!.."

Arağı başına çəkib yavaş-yavaş kolbasadan gəvələdi. Sinəsində oturduğu, arxası üstə uzanmış Qızıl ordu əsgərinin, sanki göy üzünü nişan alan, yuxarı dikəlmiş tüfənginə söykənib gözlərini qıydı, mürgülədi.

 

*

...Qollarını qandallamışdılar. Kürəyinə dirənmiş süngü az qalırdı deşib ürəyinə keçə. Ağır-ağır, sözləri astadan söyləyə-söyləyə üzünü heykəllərə tutdu:

- Elə bilirsiz, sizin qarşınızdakı aciz kişidi? Hördüyünüz hörgüdən çıxa bilməyəcək? Ay-hay! Onu yazda görərsiniz, qırışmallar!

Heykəllər çox idi, topayla durmuşdular. Yox idisə, on-on beş Lenin, bir o qədər də Marks vardı. Hələ hardansa Stalinin bığıburma heykəlləri də peyda olmuşdu, özü də bir neçəsi. Məsinin həndəvərində var-gəl edirdilər, hamısının da üzündən zəhirmar tökülürdü.

Hə, qollarını qandallamışdılar. Dörd tərəfində də əli tüfəngli qızıl ordu əsgərlərinin heykəlləri keşik çəkirdi.

- Qurtarın məşvərətinizi! Qarşınızdakı uşaq-muşaq deyil! Zülümə də hazıram, ölümə də! Amma kişi olun, düz qərar verin ki, söyülməyəsiz!..

Bu zaman heykəllər tərpənişdi, öz aralarında nə pıçıldaşdılarsa, heç nə anlaşılmadı. Qəfildən araya ağır bir sükut çökdü, heykəllər kənara çəkildi, kiməsə yol verdilər. Bu gələn kim olsa yaxşıdır? - üzünə gur işıq düşdüyündən tanınmayan, Elmar yaşlarında bir uşaq. Bəlkə elə Elmardı? - işıq qoymurdu ayırd etməyə. Əllərini irəli uzadıb ovuclarını qoşalamışdı. Ovcunda nə olsa yaxşıdır? - alma! Əlbəttə, həmin alma! Üstündə o ecazkar gül rəsmi cızılmış qızıl alma!..

Məsi ixtiyarsız dizləri üstə çökdü. Qandallı qollarını irəli uzatdı. Qızıl ordu əsgərləri qarşısını kəsdi, ona aman vermədilər ki, nəsə etsin. Onun bu halına heykəllər, ağır-ağır, həm də acı-acı gülüşdü...

...Kimsə asta-asta üzünü sığallayırdı. "Baba!.. Baba!.." - deyib hönkürürdü.

Məsi gözlərini açıb özünü qızıl ordu əsgərinin həyətdə qurumuş qanqalların arasında arxası üstə yıxılıb üzü göylərə qalmış heykəlinin sinəsindən aşaraq yerə yuvarlanmış halda gördü. Yanında dizləri üstə düşüb onu yüngül-yüngül sığallayan isə Elmar idi...

Qocanın gözləri açılınca Elmar sevindi:

- Baba, bir az da gec ayılsaydın... bax, qaşıq cibimdəydi, qızdırıb üzünə dağ basacaqdım...

Məsi kövrəldi, amma özünü o yerə qoymadı:

- Gedək bala, gedək içəri.

- Yox, baba... Evimizə qayıdıram. Bayaqdan burdaydım. Gecdi, qorxuram anam axtarar...

- O, gəlmişdi?

- Hə... Yəqin gedib indi...

Araya sükut çökdü. Məsi Elmarın başını sığalladı, həmişəki kimi "Darıxma..." - dedi.

- Yox, darıxmıram. Qəşəng şəkillər çəkmişəm, baba. Gətirib göstərəcəm sənə. Çox qəşəngdi, çox...

Qoca gülümsədi. Uşağın başını sığalladı.

- Gətirərsən. Baxacam, bala, hökmən baxacam.

Onu rəsm çəkməyə elə Məsi ruhlandırmışdı. Çünki Elmar xəstəliyinə görə məktəbə getmirdi. Məsi latın hərflərini bilmədiyinə görə, ona kiril əlifbasını öyrətmişdi. Lap ilk gündən bu uşağın qabiliyyətli olmasını sezmişdi; "kimsəsiz uşaqdı, qoy öyrənsin, gələcəkdə gərəyi olar" demişdi. Çəkdiyi rəsmlərə isə söz ola bilməzdi. Əsil uşaq aləminə aid şeylər çəkirdi. Məsi isə rəsmlərinə həmişə baxıb sevinir, onu tərifləyirdi. Niyə? Axı o, rəssamın nə olduğunu bilirdi. Vaxtilə öz atası da rayon kino-teatrında afişa yazan, filmlərə eskiz çəkən rəssam işləmişdi.

Elmar getdi. Gedərəkdə Məsi onun əlində yarıyacan yeyilmiş bir alma olduğunu gördü. Uşaq almasından dişləyib yoluna davam elədi. Almanı görən Məsinin vücudu yenidən gizildədi. Qurumuş qanqallığın arasında arxası üstə sərilib qalmış heykəllərə qanrılıb bir də baxdı, köksünü ötürüb, yenə "lənət sənə, kor şeytan!" pıçıldadı, ardınca da bir siqaret yandırdı. "Bu qədər ömür sürəsən, adam öldürüb türmələrdə can çürüdəsən, dünyanın altını-üstünü ələk-fələk eləməyə gücün olduğuna inanasan, amma bir-iki dəqiqəlik yuxunun əlində giriftar olub qalasan... Tfu, belə işin içinə!.." - ağlından keçən bu fikirlər onu girinc-giriftar etsə də, əlini yellədi, "cəhənnəm olsun hər şey, cəhənnəm olsun!.." dedi.

 

“Ədəbiyyat və incəsənət”

(21.11.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.