Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi
Könlümün dərd ortağı olan vüsal xatirələri var. Hər insanın var... “Vüsal da dərd olarmı?” deyə soruşmayın. Yaşandığı anda sevinc olan vüsallar zamanın xəlbirində uzaqlaşdıqca xatirəsi dərd olur. Bir də qayıdıb yaşanmayacağı üçün...
“Şuşa, sən azadsan!” sözlərini eşitdiyim anda oturduğum stuldan qalxdım. Daha heç nə eşitmədim. Heç nə... Heç nə də etmədim. Heç nə... Amma sonra, nə qədər sonra, nəyin sonrası olduğunu bilmədiyim bir sonrada gördüm ki, stulum arxası üstə yıxılıb, fincanımda soyumuş çay, o çayın içində də bir qələm var. Ayaqlarımın altına da iki-üç vərəq səpələnib. “Nəsə yazırmışam...”-ağlıma gələn ilk cümləydi. “Görəsən, başqa kim neynədi bu sözləri eşidəndə?”-ikinci cümləm idi. “Görəsən, ağlamışammı?”-dedim, güzgüyə baxdım, göz yaşı qurumuşdu, izi qalmışdı yanağımda...
...Və mən hələ Şuşanı görməmişəm. Və mən hələ illərlə haqqında nağılvari əhvalatlar eşitdiyim Kəlbəcərə getməmişəm. Qorxuram... Qorxuram ki, gedərəm, oralarda da zaman dayanar nə qədərsə, o böyük vüsaldan doymaram, sonra o vüsal anını niyə bir də, bir də yaşamıram deyə özümə dərd edərəm.
...Və bu gün balaca rəssam Minarənin çəkdiyi Şuşa rəsminə baxa-baxa gülümsəyirəm; həm xalqımın sabahına olan ümidləri içərisində ağıllı, savadlı, istedadlı, yaratmaqdan doymayan bir qız daha olduğu üçün, həm də bu qızın məhz Şuşanı rəsm etdiyi üçün...
Abdullayeva Minarə Şahin qızı 08 dekabr 2011-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Azərbaycan Milli Konservatoriyasının tərkibindəki İncəsənət Gimnaziyasının Təsviri və tətbiqi sənət ixtisası üzrə 7c sinfində təhsil alır. Türkiyə, Almaniya, Bolqarıstan, Norveç, Peru, Ukrayna və başqa ölkələrdə keçirilən bir sıra beynəlxalq müsabiqələrdə Azərbaycanı uğurla təmsil edib. Tətbiqi və təsviri sənət üzrə Respublika və beynəlxalq müsabiqələrdə qazandığı uğurlara görə Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev və Azərbaycan Respublikasının Təhsil İnstitutunun inzibati binasının interyerinə verdiyi töhfəyə görə Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru Rüfət Əzizov tərəfindən Təşəkkürnamə ilə təltif edilib.
Ukraynada VALENCİA ART FEST 2022 Beynəlxalq müsabiqəsində I yerə layiq görülüb. Azərbaycan Gənclər İttifaqının Qarabağ mövzusunda keçirdiyi Beynəlxalq müsabiqədə “Bayraq kimliyimizdir” əsəri ilə I yeri, Türkiyədə keçirilən “ART PLANET” müsabiqəsində II yeri qazanıb. AMEA Milli Azərbaycan Tarixi Muzeyinin “Qarabağın incisi - Şuşa” adlı rəsm əsərləri və əl işlərinin II Ümumrespublika müsabiqəsində “Şuşa qalası” əsəri ilə II yeri qazanaraq Fəxri fərmana və pul mükafatına, Almaniyada “HERBST SYMPHONIE - BERLİN 2021” beynəlxalq müsabiqəsində II yerə layiq görülüb.
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Türkiyənin İzmir şəhərində İşılay Sayqın Gözəl Sənətlər liseyində keçirilən tədbirdə iştirakına görə diplomla təltif edilən balaca rəssam Bolqarıstanın və Mərakeşin ölkəmizdəki səfirliklərinin təşkil etdiyi müsabiqələrdə də diplomlar qazanıb. Həmçinin, ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş müsabiqədə “Ümummilli lider Heydər Əliyev” adlı əsəri II yeri tutub.
Minarənin uğurları bununla bitmir... Fırçasını əlinə alır, dalır yaradıcılıq ümmanına... Sahilə çırpılan hər dalğasında Minarəyə bir uğur, bir təşəkkürnamə, bir Fəxri fərman bəxş edir bu ümman. Mən onun “Şuşa qalası” əsərini anasının-gözəl şairimiz Rəsmiyyə Sabirin sosial şəbəkədəki paylaşımında gördüm. Bir xeyli baxdım o şəklə... “Şuşa, sən azadsan!” sözlərinin əks-sədası duyuldu rənglərdən. Bir də, yurddaşlarımın həmin sözü eşitdikləri günün xatirəsi. Yenə özümdən soruşdum: “Görəsən, kim neynədi o anda?”
Minarənin “Şuşa qalası” əsəri Azərbaycan Republikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Ortaq Dəyərlər İctimai Birliyinin reallaşdırdığı "Xaricdə yaşayan azərbaycanlıların haqlarının müdafiəsi” layihəsi çərçivəsində keçirilmiş "50 milyonun Zəfəri" rəsm müsabiqəsində qalib olub.
Əsərin yaranma tarixçəsi də Minarənin özü kimi məsumdur: “Böyük Zəfərimizdən sonraydı. Anam mənə feysbukda bir foto göstərdi. Şuşa qalasının yanında Qarabağ atına minmiş bir Azərbaycan gənci... Foto o qədər möhtəşəmdi ki! Mədəniyyət paytaxtımız Şuşa, Qarabağ atı, onun üzərindəki Azərbaycan gənci, Azərbaycan gəncinin əlində müqəddəs üçrəngli bayrağımız, bir az aralıda Xarıbülbülün maketi. Bu qədər gözəllik bir arada… Foto mənə o qədər təsir etdi ki, anama onu çəkmək istədiyimi bildirdim”.
Rəsmi bir neçə günün içində bitirən Minarə anasını “yaradıcılığımın qayğıkeşi” adlandırır. “Şuşa qalası” rəngkarlıq texnikası ilə, akril boya ilə işlənib. Ölçüsü 50x60-dır. Hazırda Rəsmiyyə xanımın iş otağında olan əsərin qazandığı uğurda Minarə öz müəlliminin payını da danmır: “Əsərimin belə gözəl alınmasında müəllimim Nəsibə Əsgərovanın rolu böyükdür. Anam həmişə deyir ki, “müəllimlər istedadın cilakarlarıdır”. Mənim istedadımın cilalanması da müəllimimin əməyidir”.
“Şuşa qalası”nın sevilməsinin, müsabiqələrdə qalib olmasının səbəbini də gözəl bilir balaca rəssam: “Hər kəsin qəlbində Şuşa sevdası var!” Əsərinin Şuşada muzeydə saxlanması Minarənin ən böyük arzusudur.
Arzuna çat, balaca rəssam! ...Bir gün yolum Şuşaya düşsə, zamanın elə sənin rəsminin qarşısında dayanmasını arzulayım mən də...
“Ədəbiyyat və incəsənət”
(22.11.2024)