Azərbaycan Bəstəkarlar İttifaqının 90 illik yubileyi ilə bağlı həftəsonu iclas və konsert keçirilib.
İclas öncəsi əvvəlcə dahi bəstəkar Üzeyir Hacıbəylinin xatirəsi yad edilib.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti, professor Firəngiz Əlizadə İdarə heyəti üzvləri qarşısında çıxış edərək, yubileylə bağlı keçirilən tədbirlərin hesabatını verib. Onun sözlərinə görə, Bakı, Gəncə, Şəki, Şuşa və Berlində reallaşan yubiley tədbirləri Azərbaycan bəstəkarlıq məktəbi üçün dəyərli töhfədir.
İttifaqın katibləri Zemfira Qafarova və Cəlal Abbasov musiqişünasların fəaliyyətindən, İttifaqın müxtəlif bölmələri və onların iş fəaliyyətindən söhbət açıblar. İclasda sənətşünaslıq elmləri doktoru, AMEA-nın müxbir üzvü Rəna Məmmədova, fəlsəfə üzrə elmlər doktoru, professor Mina Hacıyeva, Əməkdar incəsənət xadimi, professor Həcər Babayeva və digərləri Bəstəkarlar İttifaqının fəaliyyətinin Azərbaycan musiqi mədəniyyətində böyük rol oynadığını diqqətə çatdırıblar.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı 90 illik yubileylə bağlı Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalında yayımlanan “Bəstəkarlar İttifaqı-90” silsiləsindən təqdim olunan verilişlərin insanların maarifləndirilməsində mühüm əhəmiyyətini qeyd edib.
Sonda idarə heyəti üzvlərinin qərarı ilə gənc bəstəkarlar Aydan Əliyeva və Üzeyir Məmmədov Azərbaycan Bəstəkarlar İttifaqına üzv seçiliblər.
Azərbaycan Dövlət Akademik Filarmoniyada isə Azərbaycan Bəstəkarlar İttifaqının yaranmasının 90 illiyi münasibətilə konsert proqramı təqdim edilib.
Konsert proqramından əvvəl Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadəyə ünvanlanan təbrik məktubu oxunub.
Tədbirdə çıxış edən dosent Leyla Zöhrabova ittifaqın yaranması və fəaliyyəti haqqında geniş məlumat verib. O vurğulayıb ki, yubiley çərçivəsində bir sıra tədbirlər təşkil olunub.
Musiqili gecədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib.
(Yazı AzərTAC-ın materialları əsasında hazırlanıb)
“Ədəbiyyat və incəsənət”
(25.11.2024)