Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birlikdə BİRİ İKİSİNDƏ layihəsində bu gün “Dərgidə sərgi” nümayişidir.

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Yəqin jurnalın daimi oxucuları bilirlər ki, söhbət nədən gedir. Amma bixəbərlərə anladaq ki, söhbət gənc rəssamların rəsm əsərlərinin nümayişindən gedir.

Bu gün iki rəsmi nümayiş etdirilən Nərmin Qəniyeva qapaq şəklində öz görüntüsü ilə bir yaşayış yeri mənzərəsi nümayiş etdirir. Şəhərdən kiçik, kənddən böyük – beləsinə qəsəbə deyirlər. Özü də xəyalımızda olan nümunəvi qəsəbə. Uzaqdakı dağ və su hövzəsinin verdiyi gözəlliyə qəsəbənin daş döşənmiş küçəsinin, səliqəli, eyvanı gül-çiçəkli binalarının gözəlliyi qatışır və gözəl rəng qammasının müşayiəti ilə mükəmməl bir kompozisiya yaranır.

İkinci rəsmdə isə bir qız simasının fraqmenti təsvir edilib. İlk baxışda sezilməsə də diqqqətlə baxdıqda qızın başını qaramtıl suların qoynunda görürsən, elə üzünə tökülmüş saçları da yaşdır.

Bir nikbin və bir bədbin iki rəsm əsəri.

Eynən həyatdakı kimi.

Gündüz və gecə.

Xeyir və Şər.

Qismətiniz həmişə birincilər olsun, istəkli oxucularımız.

 

“Ədəbiyyat və incəsənət”

(26.11.2024)

 

 

Tuesday, 26 November 2024 12:30

“Sarışın Kurda Ağıt” - Ömer Kaya

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə təqdim etdiyi layihədə Türkiyənin “Genç Yürekler” jurnalının seçimində 51 türk müəllifinin yazıları yer alır. Türkiyə türkcəsində yayılan əsərlərin əsas qayəsi budur: “Dildə, fikirdə, işdə birlik!”.

 

“Sarışın Kurda Ağıt”

 

Ömer Kaya

 

Sarı yağız bir deli kurdu andırırdı gözleri

Ömrü bir destan, yüreği bir kor, sözü ateşti

Şimdi mıh gibi aklımda tutuyorum ettiği sözleri

Ağıtlara sığmazdı ya... bir tabuta sığdı gitti

 

Ayakta tutan bizi kavgası, derdi ve ülküsü

Kabına dar gelen adam kırklara karıştı gitti

Şimdi dudağımda yarım kalan bir Bozdoğan türküsü

Aydın'ım kurt nefesli ordularla yarıştı gitti

 

Bir tütün daha tellendirsek şimdi karşı karşıya

Bir marşı daha söylesek beraber bağıra bağıra

Ölmez bu hareket be ağam ölmez bu dava

Sarı kurt göklerin sonsuz suyuna kanmaya gitti

 

Nerde şimdi söyle göklere çıkan naran reis

Kırım, Kerkük, Türkistan öksüz kaldı gitti

Böyle mi olmalıydı kör acuna vedan reis

Turan'ı soluyan düşlerimiz sensiz kaldı gitti

 

Görklü Tanrım sabır ver kolumuz kanadımız kırıldı

Sarsıldı benliğimiz ucalardan odlar yakıldı

Kara dumanlar çöktü üstümüze devran yıkıldı

Dayansın âlem sarı kurt uçmağa vardı gitti

 

“Ədəbiyyat və incəsənət”

(26.11.2024)

 

 

 

 

 

“İRƏLİ" Mədəniyyət Mərkəzi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə yeni “Solo gənclik” layihəsinin icrasına başlanılıb.

 

AzərTAC xəbər verir ki, layihə çərçivəsində ilk konsert Qara Qarayevin ev-muzeyində olub. Musiqisevərlər bəstəkar, pianoçu Nigar Süleymanı dinləyiblər.

 

Tədbirdə çıxış edən “İRƏLİ” İctimai Birliyinin nümayəndəsi Mədinə Səlimova Azərbaycanın zəngin musiqi mədəniyyətinin gənc nəslə çatdırılması və bu istiqamətdə həyata keçirilən layihələrin əhəmiyyətindən bəhs edib. Onun sözlərinə görə, müxtəlif illərdə yaradıcı gənclərin fəaliyyətinin stimullaşdırılması sahəsində ciddi tədbirlər görülüb. M.Səlimova qeyd edib ki, layihənin məqsədi gənclərin mədəni iştirakçılığının artırılması, musiqi mədəniyyətinin inkişafına töhfə vermək və istedadlı gənclərin fəaliyyətinin stimullaşdırılmasına nail olmaqdır.

 

Daha sonra Nigar Süleymanın ifasında müxtəlif əsərlər səsləndirilib. Proqramda görkəmli bəstəkarlar Qara Qarayev və Vaqif Mustafazadənin əsərləri ilə yanaşı, öz bəstələrini də təqdim edib.

 

Xatırladaq ki, Nigar Süleyman Bülbül adına orta ixtisas musiqi məktəbində dirijorluq, bəstəkarlıq və nəzəriyyə ixtisasları üzrə təhsil alıb. Daha sonra Bakı Musiqi Akademiyası və Estoniya Musiqi və Teatr Akademiyasında bəstəkarlıq ixtisası üzrə təhsilini davam etdirib. Bir çox yerli və beynəlxalq festival, müsabiqələrin iştirakçısıdır.

 

“Ədəbiyyat və incəsənət”

(26.11.2024)

Mədəniyyət Nazirliyinin dəstəyi ilə seçilmiş, mədəniyyətin müxtəlif sahələrində uğurları ilə fərqlənən 10 azərbaycanlı gənc TÜRKSOY-un Qazaxıstanın Almatı şəhərində keçirdiyi “I TÜRKSOY Türk Dünyası Gənclik Görüşü”ndə iştirak edib.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, tədbir türk xalqları arasında mədəni və tarixi bağların möhkəmləndirilməsi, qardaşlıq və birlik ruhunun gücləndirilməsi məqsədi daşıyır.

 

Görüş çərçivəsində iştirakçılar Türk dünyasının mədəni irsinin təbliği ilə bağlı seminar, müzakirə və təqdimatlarda iştirak edərək düşüncələrini bölüşüblər. Gənclərimiz ortaq problemlərin həlli və birgə layihələrin reallaşdırılması istiqamətində təkliflər irəli sürüb, gənclər arasında əlaqələrin daha da irəliləməsi üçün əməkdaşlıq imkanlarını araşdırıblar.

 

Azərbaycan nümayəndə heyəti görüş zamanı, həmçinin ölkəmizin zəngin mədəni irsini də tanıdaraq Türk dünyasının bir parçası kimi mədəni inteqrasiya və dialoqun inkişafına töhfə veriblər.

 

Tədbir Azərbaycan gənclərinin Türk dünyası ilə əlaqələrinin möhkəmlənməsi, təcrübə mübadiləsi və yeni dostluqların qurulması baxımından xüsusi əhəmiyyət kəsb edir.

 

“Ədəbiyyat və incəsənət”

(26.11.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Rəssamlar ilk baxışdan bənzərdirlər. Elə rəsm əsərləri də. Amma diqqət ayıranda fərqlər aşkardır. Kimisi sadəcə çəkmək xətrinə çəkir. Kimisi, çəkdikləri ilə yaşayır. Çəkdikləri ilə yaşayanlardan biri də odur – Fərhad Xəlilovdur.

 

1987-ci ildən Azərbaycan Rəssamlar İttifaqının sədri olan Fərhad Xəlilovun yaradıcılığında Avropa və rus rəssamlıq ənənələri Şərq mədəniyyəti ilə vəhdət təşkil edir. Əsərlərində Abşeron motivləri əhəmiyyətli yer tutur: çimərliklər, dəniz görüntüləri, yarımadanın kəndləri - Nardaran, Buzovna, Zağulba, Maştağa, Mərdəkan...

Onun əsərləri üçün rənglərin və fəzanın real vəhdəti xarakterikdir. Təsvirləri mücərrəd minimalizmə yaxındır və əsasən cənub təbiətindən gələn təəssüratların obrazlı şəkildə ifadəsidir. Əsərləri dəfələrlə keçmiş SSRİ-də, Avropada, dünyanın müxtəlif qalereya və sərgilərində nümayiş etdirilib. Çox əlamətdar bir tarix: 2008-ci ildə Moskvada, məşhur Dövlət Tretyakov Qalereyasında Fərhad Xəlilovun fərdi sərgisinin təntənəli açılışı mərasim keçirilib, yaradıcılığının 30 ildən artıq dövrünü əhatə edən retrospektiv sərgidə 80-nə yaxın rəsm əsəri nümayiş etdirilib. O cümlədən ən yaxşı sayılan “Görüş”, “Xatirə”, “Torpaq naxışları”, “1984-cü ilin baharı”, “Axşamın gec saatları” əsərləri.

Fərhad Xəlilov 2008-ci ildə Rusiya Bədaye Akademiyasının həqiqi üzvü, 2016-cı ildə Roma Rəssamlıq Akademiyasının fəxri professoru seçilib, Rusiya Rəssamlıq Akademiyasının qızıl medalı ilə mükafat­landırılıb. İncəsənətimizin inkişafındakı xidmətlərinə görə o, 2002-ci ildə “Xalq rəssamı” fəxri adına layiq görülüb, 2006-cı ildə “Şöhrət”, 2016-cı ildə “Şərəf” ordenləri ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2009-cu il tarixli Sərəncamı ilə fərdi Prezident təqaüdçüsüdür.

Xalq rəssamımızı təbrik edir, ona cansağlığı və yeni-yeni əsərlər arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(26.11.2024)

 

 

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) BMT-nin Sivilizasiyalar Alyansının təşkil etdiyi 10-cu Qlobal Forumuna tərəfdaşlıq edir. Noyabrın 25-27-də Portuqaliyanın Kaşkayş şəhərində keçiriləcək Forumda NGBM-nin həmsədrləri - Latviyanın sabiq prezidenti xanım Vayra Vike-Frayberqanın və Dünya Bankının sabiq vitse-prezidenti İsmail Serageldinin rəhbərliyi ilə Mərkəzin 20-dən çox üzvü iştirak edəcək.

 

Bu barədə AzərTAC-a Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən bildirilib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən toplantının iştirakçıları arasında Bolqarıstanın sabiq prezidenti Rosen Plevneliyev, Serbiyanın sabiq prezidenti Boris Tadiç, Latviyanın sabiq prezidentləri Valdis Zatlers və Egils Levits, Bosniya və Herseqovinanın sabiq prezidenti Mladen İvaniç, Şimali Makedoniya Respublikasının sabiq prezidenti George İvanov, Xorvatiyanın sabiq prezidenti Kolinda Qrabar-Kitaroviç, Bosniya və Herseqovinanın BMT-də Daimi Nümayəndəsi və sabiq baş naziri Zlatko Laqumdziya, Belçikanın sabiq baş naziri İv Leterm, Seneqalın sabiq baş naziri Aminata Ture, Yunanıstanın sabiq baş naziri Corc Papandreu, Avstriyanın sabiq federal xarici işlər naziri və Avropa Komissarı Benita Ferrero-Valdner, Monteneqronun sabiq müdafiə naziri Miliça Peyanoviç-Durisiç yer alırlar. Forumda, həmçinin Gürcüstanın sabiq baş nazirinin müavini Eka Tkeşelaşvili, Ərəb Dövlətləri Liqasının sabiq baş katibi Əmr Musa, BMT Baş Assambleyasının 73-cü Prezidenti Mariya Fernanda Espinosa və 75-ci Prezidenti Volkan Bozkır, UNESCO-nun xoşməramlı səfiri Hedva Ser, NGBM-nin Baş katibi Rövşən Muradov, Strateji və Dayanıqlı İnkişaf Layihələri üzrə koordinatoru Rza Əliyev iştirak edəcəklər.

Mərkəzin üzvləri Portuqaliyaya səfərləri çərçivəsində ötən günlərdə keçirilmiş COP29-un nəticələrini və qarşıdan gələn 12-ci Qlobal Bakı Forumuna hazırlığı müzakirə edəcəklər.

 

“Ədəbiyyat və incəsənət”

(26.11.2024)

Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb dilinə tərcümədə İordaniyada işıq üzü görüb.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, dahi şairin 530 illik yubileyinə töhfə olaraq ərsəyə gətirilmiş kitabın “Ön söz”ünün müəllifi tanınmış İordaniya yazıçısı və ədəbiyyatşünası Samih əl-Məhariq, əsərin ərəb dilinə tərcüməçisi Fərid Camalovdur.

 

Zəngin ənənəsi olan “Əl-Əzminə” nəşriyyatında nəfis tərtibatda çap edilən kitab yaxın günlərdə İordaniyanın mərkəzi kitabxanalarına, universitet və kitab evlərinə paylanılacaq.

 

“Ədəbiyyat və incəsənət”

(26.11.2024)

Bu gün - noyabrın 26-da Biləsuvara Salyan Dövlət Rəsm Qalereyası qonaq gəlir. Qalereyanın dünya şöhrətli cazmen Vaqif Mustafazadənin xatirəsinə həsr olunan sərgisi Biləsuvar Rəsm Qalereyasında düzənlənəcək. 

 

“Ədəbiyyat və incəsənət” portalı Biləsuvar Rəsm Qalereyasının direktoru Rövşən Cənnətova istiandən xəbər verir ki, sərgidə peşəkar və həvəskar rəssamların 40-dan çox əsəri nümayiş olunacaq və canlı caz musiqisi təqdim ediləcək. 

Sərginin açılışı saat 15:00-da olacaq.

Eyd edək ki, giriş sərbəstdir.

 

“Ədəbiyyat və incəsənət”

(26.11.2024)

Siyəzən Gənclər Evində yazıçı, jurnalist “Oktay Hacımusalının dəstəyi ilə “süni intellektin sirlərini bizimlə öyrən” adlı təlim keçirilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Oktay Hacımusalı məlumat verib. 

 

Təlimçi Oktay Hacımusalı gənclərə süni intellekt və onun istifadə edildiyi yerlər haqqında geniş məlumat verib.

Yeni nəsil texnologiyaların artıq günümüzdə həyatımıza daxil olduğunu bildirən təlimçi qeyd edib ki, bundan sonra süni intellektlə tez-tez rastlaşacağıq.

Təlimdə iştirak edən gənclərin suallarını cavablandıran Oktay Hacımusalı daha sonra iştirakçılarla bərabər xatirə şəkli çəkdirib.

 

“Ədəbiyyat və incəsənət”

(26.11.2024)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

26 noyabr Ümumdünya informasiya günüdür. İnformasiyanın insanlığa təsirinin masştabı hələ də dəqiq öyrənilməyib. Hər halda, bəşəriyyətin inkişafı üçün informasiya ən vacib detallardan biridir, informasiyasızlıq hardasa elmsizlik anlamı qədərdir.

 

Hazırda BMT-nin tərkibində ayrıca Beynəlxalq İnformasiya Akademiyası fəaliyyət göstərir, böyük elmi-praktik işlər aparılır, qlobal forumlar, diskussiyalar, konfranslar, dəyirmi masalar təşkil olunur. İnformasiyanın inkişafı aparıcı təsisatlar üçün vacibdir, bununla tərəqqi səviyyəsi ölçülür. İnformasiya texnologiyalarının sürətli inkişafı da məhz elə cəmiyyətlərin informasiyalaşmasına xidmət edir. Ayrıca söhbətin mövzusudur ki, bəzi avtoritar rejimlər informasiyasızlıq mühiti yaratmaqda maraqlıdırlar.Bir baxın, Sovetlər dönəmində dövlət informasiya siyasətinə necə diqqət ayırırdı, KİV böyük terrorlar, cinayətlər, millətlərarası toqquşmalar, korrupsiya və nöqsanlar barədə bütün məlumatları əhalidən gizləyirdi, əhali tam məlumatsız idi. 20 yanvarı bir xatırlayın. Sovet qoşunları Bakıya soxulanda ilk olaraq Televiziyanın enerji blokunu sıradan çıxarmışdılar ki, əhaliyə informasiya çatdırılmasın. Ayrıca, KQB-nin şayiəgəzdirmə siyasəti də var idi, hər hansı yanlış bir informasiya çuğulçular vasitəsi ilə insanların arasında yayılırdı.

İndi də sosial media ayrı-ayrı avtoritar hakimiyyətlərin əsl başağrısına çevrilib, çünki indi hər bir kəs həm informasiya alandır, həm də informasiya yayan. Sosial mediada insanların təqib edilməsinə belə əl atan bu rejimlər BMT-nin xoş məramı ilə dabandabana zidd siyasət yürüdürlər.

26 noyabr həm də ANS günüdür. Yox, təqvimdə belə bir gün yoxdur. Amma insanların qəlbində var. 1991-ci ilin bu günündə - düz 30 il əvvəl SSRİ məkanında ilk özəl telekompaniya yarandı – ANS. Partokratik televiziyaya öyrəşmiş xalq ilk dəfə azad fikrə, azad sözə şahidlik etdi. ANS bir məktəb oldu, dəqiq, qərəzsiz xəbərin ünvanı oldu. İndi bu cür tam müstəqil ideologiyası olan, bəzək-düzəksiz xəbər çatdıran televiziyanı ancaq arzulamaq olar. Ad gününüz mübarək, ANS-çilər! Hazırda çoxunuz yüksək kürsülərdə oturmusunuz, bəziləriniz itib-batmısınız. Amma pulunuzun və imtiyazınızın miqdarından, hansı cəbhədə dayanmanızdan asılı olmayaraq siz hamınız eyni şineldən çıxmısınız, bu gün 24 saatlıq həmin şinelə qayıtmağınız mütləqdir.

 

“Ədəbiyyat və incəsənət”

(26.11.2024)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.