“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birlikdə BİRİ İKİSİNDƏ layihəsində bu gün “Dərgidə sərgi” nümayişidir.
Könül, “Ədəbiyyat və incəsənət”
Yəqin jurnalın daimi oxucuları bilirlər ki, söhbət nədən gedir. Amma bixəbərlərə anladaq ki, söhbət gənc rəssamların rəsm əsərlərinin nümayişindən gedir.
Bu gün iki rəsmi nümayiş etdirilən Nərmin Qəniyeva qapaq şəklində öz görüntüsü ilə bir yaşayış yeri mənzərəsi nümayiş etdirir. Şəhərdən kiçik, kənddən böyük – beləsinə qəsəbə deyirlər. Özü də xəyalımızda olan nümunəvi qəsəbə. Uzaqdakı dağ və su hövzəsinin verdiyi gözəlliyə qəsəbənin daş döşənmiş küçəsinin, səliqəli, eyvanı gül-çiçəkli binalarının gözəlliyi qatışır və gözəl rəng qammasının müşayiəti ilə mükəmməl bir kompozisiya yaranır.
İkinci rəsmdə isə bir qız simasının fraqmenti təsvir edilib. İlk baxışda sezilməsə də diqqqətlə baxdıqda qızın başını qaramtıl suların qoynunda görürsən, elə üzünə tökülmüş saçları da yaşdır.
Bir nikbin və bir bədbin iki rəsm əsəri.
Eynən həyatdakı kimi.
Gündüz və gecə.
Xeyir və Şər.
Qismətiniz həmişə birincilər olsun, istəkli oxucularımız.
“Ədəbiyyat və incəsənət”
(26.11.2024)