Super User

Super User

 

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

26 noyabr... Bu gün şəhərin mərkəzi meydanı - Sumqayıt Dövlət Dram Teatrının qarşısı bayram libası geyinib. Axşamüstüdür. Hava bir qədər sərinləşsə də hamı buraya axışır. 

Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, idarə, müəssisə və təşkilatların, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri də meydana təşrif buyururlar. Uşaqlar da, gənclər də, orta və yaşlı nəslin nümayəndələri də sevinc, fərəh içindədilər. Burada doğma şəhərimizin 75 illik yubileyi münasibətilə bayram şənliyi təşkil olunub. Həmçinin Almaniyadan və Polşadan gələn qonaqlar iştirak edir.

Repreduktorlar vasitəsilə Sumqayıtın şəninə xoş sözlər deyilir, şəhərin keçdiyi tarixi yola bir daha nəzər salınır.

Çox keçmir ki, tədbirin aparıcıları Saleh Bağırov və Lalə Azərtaş səhnəyə daxil olurlar və meydana toplaşanları, bütün sumqayıtlıları əlamətdar gün - şəhərimizin 75 illik yubileyi münasibəti ilə təbriklərini çatdırırlar. Sonra səhnə respublikamızın tanınmış sənət adamlarına verilir. Zülfiyyə Xanbabayeva, Miri Yusif, Nadir Qafarzadə, Fidan Hacıyeva, Gülyaz və Gülyanaq Məmmədovalar, Azər  Zeynalov, Aşıq Əli, Aşıq Samirə, Çinarə Məlikzadə, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı iştirakçılara bol-bol fərəh dolu anlar bəxş edirlər. İncəsənət ustalarının, müğənnilərin, rəqs qruplarının çıxışları alqışlarla qarşılanır. 

Yubiley tədbiri möhtəşəm atəşfəşanlıqla sona çatır. Göy üzü al-əlvan rəngə boyanır, qəlbləri coşdurur, ürəkləri sevindirir. 

Yaşa, min yaşa, gözəl və əzəmətli şəhər! 

 

“Ədəbiyyat və incəsənət”

(27.11.2024)

Xəbər verdiyimiz kimi, Portuqaliyanın Kaşkai şəhərində BMT Sivilizasiyalar Alyansının (UNAOC) "Sülhdə birlik: etimadın bərpası, gələcəyin yenidən formalaşdırılması" mövzusunda X Qlobal Forumu keçirilir. Builki forum Sivilizasiyalar Alyansının yaranmasının 20 illiyinə həsr olunub.

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, forumun açılış mərasimindən sonra “Bəşəriyyət naminə 20 illik dialoq: keçdiyimiz dərslər üzərində düşünmək və irəliyə doğru yol açmaq" mövzusunda UNAOC Nazir Dostlar Qrupunun yüksəksəviyyəli görüşü keçirilib.

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli görüşdə çıxış edib.

Bildirib ki, çoxmillətli və çoxkonfessiyalı ölkə olan Azərbaycan mədəniyyətlərarası dialoqa böyük töhfələr verir. Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş “Bakı Prosesi” çərçivəsində 2011-ci ildən etibarən Sivilizasiyalar Alyansının da tərəfdaşlığı ilə ölkəmizdə altı dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib.

 

“Ədəbiyyat və incəsənət”

(27.11.2024)

2024-cü il noyabrın 26-da "Azərbaycan Kəlağayısı Günü" konsert proqramı ilə qeyd olunub. Konsert, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, AMEA Folklor İnstitutunun dəstəyi ilə Suraxanı rayonunda, Qurban Abbasov adına Mədəniyyət Sarayında keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portallna Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyindən verilən xəbərə görə, tədbirdə, Mirvarid Dilbazi Poeziya Məclisinin sədri və Kəlağayı Ev Muzeyinin direktoru Güllü Eldar Tomarlı çıxış edərək bildirdi ki, 2024-cü ildə Mirvarid Dilbazi Poeziya Məclisi olaraq, Azərbaycan mədəniyyətinin çoxəsrlik incələrindən olan kəlağayını hər tərəfdə işıqlandıran çox saylı sərgi və konsertlər keçirərək qeyd etdik. Keçirilən tədbirlər Azərbaycanın zəngin mədəni irsini təbliğ etmək, xüsusilə kəlağayının UNESCO qeyri-maddi mədəni irs siyahısına daxil edilməsinin 10 illiyini qeyd etmək ilə bağlıydı. Yaşıl Dünya Naminə Həmrəylik ili çərçivəsində keçirilən bu tədbirlər, təbiətin və mədəni irsin qorunmasına dair çağırışlar etməklə yadda qaldı. Bu layihə, Azərbaycanın yaşıl sərvətlərini və mədəni irsini qorumaq adına atılan vacib addımlardan birinə çevrildi. Bu tədbirlər, yalnız bir mədəniyyətin deyil, həm də bir xalqın tarixini yaşatmaq, gələcək nəsillərə miras qoymaq və dünyanın müxtəlif guşələrindəki mədəniyyətsevərlərə çatdırmaq məqsədini güddü.

Filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova, Vüsal Sehran oğlu, politoloq və yazıçı Reyhan Mirzəzadə çıxış edərək bildiriblər ki, Kəlağayı, Azərbaycanın ənənəvi zərgərlik sənətinin bir parçası olaraq, 2014-cü ildən UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Bu unikal sənət forması, qədim dövrlərdən bu yana Azərbaycan qadınları tərəfindən toxunmuş və tərtib edilmiş kəlağayı şallarının, eləcə də onların yaradılmasında istifadə olunan texnikaların qorunub saxlanılmasını təmin edir. UNESCO-nun bu statusu, kəlağayının yalnız bir zərgərlik sənəti kimi deyil, həm də Azərbaycan xalqının mədəni irsi və kimliyinin ayrılmaz bir hissəsi olaraq dünya səhnəsində tanınmasını təmin edir.

Əməkdar Mədəniyyət İşçisi Solmaz Kosayeva, Aşıq Gözəl Kəlbəcərli, ''Nənə'' qızlar ansamblı,  Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Röya və Amin, Aşıq Ramin Qarayev, Mirvarid Dilbazi Poeziya Məclisinin şairləri, gənc aşıq Nərmin Cəlal, Aşıq Əli Zeynalabdinov, Aşıq Rəfiqə Göyçəli, Aşıq Rəvanə, Aşıq Fikrət, Aşıq Nəcəf Kəlbəcərli öz çıxışları ilə tamaşaçıların könüllərini oxşayıblar.

Konsert proqramında kəlağayı və vətənpərvərlik mövzusunda rəsm əsərləri, qədimi və müasir kəlağayıların sərgisi təqdim edilib. Güllü Eldar Tomarlının əl işləri və yaşıl dünyanı özündə əks etdirən sənət əsərləri sərgilənib. Bu sərgi və tədbirlər, kəlağayının zəngin mədəniyyətini və tarixi əhəmiyyətini daha geniş auditoriyaya təqdim etməyi hədəfləyir.

 

“Ədəbiyyat və incəsənət”

(27.11.2024)

 

TƏZƏPİR MƏSCİDİNİN TƏMƏLİNİN QOYULMASINDAN 110 İL ÖTÜR

 

Şərəf Cəlilli, filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün

Müqəddəslərin və müqəddəsliklərin diyarı Bakının incilərindən biri də mövcud olduğu bütün dönəmlərdə dini, elmi, ictimai-siyasi mərkəz rolunu oynayan Təzəpir məscididir.

Təkcə Azərbaycanın, Qafqazın deyil, bütün İslam aləminin müqəddəs ziyarətgahlarından, memarlıq abidlələrindən sayılan Təzəpirin müqəddəsliyi övliya Əbu Seyid Abdullanın adı ilə bağlıdır. Yaxın və Orta Şərqdə kəraməti, islam dəyərləri ilə bağlı düşüncələri, traktatları ilə məşhur olan, xəlvətiyyə təriqətinin banisi Seyid Yəhya Bakuvinin müridi kimi şöhrət tapan Əbu Səid Abdullanın dəfn olunduğu məkan – Xəlfədam yüzillər boyu ziyarətgah olub. Onun müqəddəsliyinə ehtiramda bulunan Bakı əsilzadələri daima Xəlfədamın, onun zinəti olan Əbu Səid Abdullanın məzarının qayğısına qalıb. Bu müqəddəs məkan Bakı xanı Hüseynqulu xanın və ailə üzvlərinin də Tanrıya əl açdıqları ünvan olub. 1917-ci ildə Hüseynqulu xan və kürəkəni Qasım bəy tərəfindən bərpa edilən Xəlfədam məscidi 90 il sonra Şərqin, türk dünyasının, islam mədəniyyətini çevrələyən ölkələrin, Odlar Yurdu Azərbaycanın, ən əsası Bakının məşhur milyonçusu, mesantı, ata tərəfdən əfşarlar soyuna, Nadir şah Əfşara, ana tərəfdən Seyid Yəhya Bakuvi müqəddəsliyinə bağlı olan Nabat xanım Xoca bəy qızı Aşurbəyova tərəfindən Təzəpir adında məscid kompleksə çevrilib.

Nabat xanım milli vətənpərvər bir ailədə böyümüş, belə bir ailəyə də gəlin getmişdi. Bakı milyonçularından olan Hacı Musa Rza Rzayevin ömür-gün yoldaşı idi.

Bakının bir çox tarixi tikililəri, yaşayış binaları, ovdan və hamamları, məscidləri məhz bu iki əsilzadə soyunun, zadəganların adı ilə bağlıdır. Hacı Zeynalabdin Tağıyev, Şəsmi Əsədullayev, Murtuza Muxtarov kimi nüfuzlu Bakı mesantları ilə yanaşı, Aşurbəyovlar da onun mədəni simasının, mənəvi mühitinin formalaşmasına sərmayə yatırır, xeyriyyə cəmiyyətləri qurur, mədəni-maarif məsələlərinə töhfələr verir, millətin cəhalətdən qurtuluşu, tərəqqisi üçün əllərindən gələni əsirgəmir, digər millətlərin elmi-mədəni elitasının qarşısına əldə etdikləri nailiyyətlərlə çıxırdılar.

Nabat xanım Xəlfədan məscidinin yerində daha möhtəşəm bir abidəni tikdirmək istəyəndə Bakının hər tərəfindən əzəməti ilə görünən Aleksandr Nevski kilsəsi var idi. Bu bir türk, müsəlman olaraq onun qüruruna toxunurdu. Bu səbəbdən də Təzəpir məscidinin təməlini qoymağı qərara alır. Bu yolda bütün sərvətini sərmayə etməklə kifayətlənmir, zinət əşyalarını belə satmaqdan çəkinmir. Hacı Zeynalabdin Tağıyevin, qardaşı Əjdər bəy Aşurbəyovun yardım təklifindən imtina edir. Qardaşı Əjdər bəyə üz tutaraq: “Madam ki, belə səxavətlisən, get, sən özün bir məscid tikdir” – deyib, ona doğru, düz olan yolu göstərir. Bu gün Bakının bir başqa memarlıq incisi sayılan Əjdər bəy məscidinin təməli belə qoyulur.

Nabat xanım ilahi eşqinə, Tanrı sevgisinə, dini etiqadına, Seyid Yəhya Bakuvi müqəddəsliyinə bağlı soyuna, soy-kökünə, şəcərə dəftərinə hörmətin əlaməti olaraq dövrünün məşhur memarı Zivər bəy Əhmədbəyovu məscid komplekslərin incəliyini öyrənmək məqsədilə Şərq ölkələrinə ezam edir. Bunun üçün də kifayət qədərə sərmayə ayırır. Zivər bəy bu gün əvəzsiz memarlıq incisi, İslam dəyərlərini özündə ehtiva edən tarixi abidə kimi dünyada məşhur olan Təzəpirin layihəsi ilə dönür. Zivər bəy Nabat xanıma onun xəyal etdiyi, arzusunda olduğu “hündür, ikimərtəbəli (yaruslu) minarəsi olan məscidin layihəsini təqdim edir, lakin Bakı qubernator idarəsi provaslav ruhanilərinin fətvası ilə minarənin ancaq bir mərtəbəsinin tikilməsinə icazə verir. Əgər məscidin minarəsi iki mərtəbəli olsaydı, öz hündürlüyü və yaraşığına görə elə həmin dövrdə (1897-ci il) yaxınlıqda tikilmiş Aleksandr Nevski provaslav kilsəsini kölgədə qoyardı”.

Bütün təzyiqlərə, Bakı qubernatorluğunun çıxardığı qərara baxmayaraq Nabat xanım Təzəpir məscidinin təməlini qoyur, sübut edirki, bura Bakıdı, türk, müsəlman şəhəridi. Onun tarixi sakinləri, özünəməxsus milli-mənəvi dəyərləri var.

Nabat xanım təkcə xeyriyyəçi, messant, milli burjuaziyanın qurucularından deyildi. Onda bir türk əzəməti, müsəlman mədəniyyəti, Azərbaycanlı qüruru, qeyrəti vardı. Təzəpirin təməlinə, möhrəsinə onun xüsusi istəyi ilə Bənnalıqdan Millət Atası şöhrətinə qədər müqəddəs, vüqarlı bir yol keçən, milli məfkurədən milli dövlətçiliyə körpü olanmücahidlərin Ruhunun Atasına çevrilən, mənsub olduğu millətin oyanışı, cəhalətdən qurtuluşu üçün məktəb, teatr binaları tikən, mətbuat orqanları quran, Qurani- Kərimin bəzi ayələrini ana dilinə çevirtdirən bu yolda sərvətini səxavətlə sərmayə edən Hacı Zeynalabdin Tağıyev qoyur. 9 ilə tikintisi başa çatan Təzəpirin künbəzinə də son daşı onun vəsiyyəti, oğlu Hacı Abbasqulu Rzayevin istəyi ilə Tağıyev qoyur.

1914-cü ildə Təzəpir məscidində açılış olur – ilk Bayram namazı qılınır. Nabat xanım artıq iki il idi ki, Tanrı dərgahında idi. 117 yaşında mələklərin sırasına qoşulmuşdu. Onunvəsiyyətinə uyğun olaraq Bakı Qazılar Şurası Təzəpir məscidinə Nəcəfdə, Kufədə dini təhsil alıb Vətənə dönən sonralar Cümhuriyyətin və Sovet dövrünün Şeyxülislamı kimi şöhrət tapan Ağa Əlizadə təyin olunmuşdu. İlk xütbəni də o vermişdi

Nabat xanmın ruhundan qida verdiyi məscid qısa zaman kəsiyində dini, elmi, ictimai-siyasi mərkəzə çevrilmişdi. Bakı messenatlarının, xüsusən də Hacı Zeynalabdin Tağıyevin diqtəsi, Ağa Əlizadənin iradəsi ilə burada Səadət Ruhani Məktəbinin təsis konfransı keçirilmişdi. Qafqaz Müsəlmanları Qadınlarının qurultayı çağırılmışdı. Qadına seçmək, seçilmək hüququnun verilməsi, qadınların təhsilə cəlb olunması məsələsi qaldırılmışdı. Ən əsası 1914-cü ildə Rusiya-Türkiyə müharibəsi zamanı Bakı Quberniyasının qərarına, qubernatorun göstərişinə baxmayaraq Təzəpirin axundu Ağa Əlizadə, Bakı milyonçularının, şəxsən Hacı Zeynalabdin Tağıyevin diqtəsi ilə Osmanlı əleyhinə fətva verməkdən imtina etmiş, Bakı əhlinə üz tutaraq onları Osmanlıya, Çanaqqala və Sarıqamış hadisələri zamanı dəhşətlərə məruz qalan qan qardaşlarına ianə toplamağa çağırmışdı. O ianələrin içərisində Bakılı qızların nişan üzükləri belə vardı. 

Təzəpir təkcə bir ibadət yeri, ziyarətgah deyil, o həm də dini, ictimai, siyasi mərkəzdir. 1918-ci ilin Mart soyqırımı zamanı Xəzər dənizindən atılan ilk bombanın ünvanı da Təzəpir olmuşdu. Bakının düşünən beyinləri daşnaklara qarşı mübarizə planını Hacı Zeynalabdin Tağıyevin və Ağa Əlizadənin rəhbərliyi ilə burada müzakirə edirdilər. Soyqırım günü və öncəki gecə şəhər əhli Təzəpirə sığınmışdı. Erməni daşnakları, onların arxasında dayanan səlibçilər, xaçlı yürüşə çıxanlar əhalini də, Tanrı evini də güllə-baran etməkdən çəkinməmişdi.

Təzəpir Mart soyqırımı Şəhidlərinin yuyulub kəfənləndiyi, Çəmbərəkənddə Torpaq müqəddəsliyinə yola salındığı yer olsa da, 1918-ci ilin sentyabrında Müjdə məkanına çevrildi. Nuri Paşanın, XI Qafqaz İslam Ordusunun gəlişi, Bakı Qoçularının iradəsi ilə işğaldan azad olunan Bakının gözaydınlığı xəbəri Bakılılara Nabat xanım Aşurbəyovanın təməlini qoyduğu Təzəpirdən verildi. Hacı Zeynalabdin Tağıyevin istəyi ilə Təzəpir məscidinin axundu Ağa Əlizadə və XI Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa minbərə qalxıb Birliyin, Bütövlüyün, Qardaşlığın simgəsinə, bəlgəsinə döndülər. Həmin gün Təzəpirin də, Tağıyevin malikanəsinin də önünə 250 metrlik “Qırmızı xalı” sərildi. Xalıdan iki türk əzəmətlə, şəstlə keçirdi. Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa və Təzəpir məscidinin axundu Ağa Əlizadə.

Ağa Əlizadəni Nəcəfə, sonra da Kufəyə təhsil almağa göndərən də, təməlini qoyduğu Təzəpir məscidinə vəsiyyəti ilə axund təyin etdirən də, Nabat xanım Aşurbəyova idi. 1918-ci ilin 16 sentyabrında yaşanan bu tarixi müjdə gününün eynisi Naxçıvanda yaşanmışdı. Naxçıvan Milli Şurasının, Naxçıvan Müdafiə Komitəsinin, Naxçıvan Qızlar Seminariyasının qurucusu, Araz-Türk Cümhuriyyətinin təsisçilərindən biri Mirzə Nəsrulla bəy Əmirov IX Qafqaz İslam Ordusunun Komandanı Kazım Qarabəkir Paşanın ayaqlarının altına 250 metrlik “Qırmızı xalı”salmışdı. Onunla birlikdə İbn Küseyir Məscidindən Naxçıvan əhlinə bu torpaqların daşnaklardan təmizlədiyi müjdəsini vermişdi. Mirzə Nəsrulla bəy Əmirov Naxçıvan xanlarının - Kəngərlilərin Yurdçu qoluna, Nabat xanım Aşurbəyova isə Əfşarlara bağlı idi. Hər ikisi qüdrətli türk, hər ikisi xeyirxah müsəlman, hər ikisi Millət Fədaisi idi. Biri Bakı qubernatorunun fətvasına baxmayaraq Təzəpir məscidini qurmuşdu. Digəri Şura hökumətinin“Dini etiqad azadlığı haqqında direktivi” ləğv etməsinə baxmayaraq, Asəf-Kəhf ziyarətgahınayol çəkdirmişdi. Millət millət olur cəsarəti, ləyaqəti, həm də tarixi şəxsiyyətləri ilə...  

Təzəpir tarix, həm də tarixin canlı salnaməsidir. Bakı əsilzadələrinin, Bakı xanı Hüseynqulu xandan, Nabat xanım Aşurbəyovadan sonra Təzəpir məscidi haqqında tarixi qərarı Müzəffər Ali Baş Komadan, Prezident cənab İlham Əliyev aldı. Təzəpiri Bakının Memarlıq incisinə, Qafqaz və İslam mədəniyyətini çevrələyən ölkələrin elmi, dini, ictimai-siyasi mərkəzinə çevirdi. Bununla kifayətlənmədi. Təzəpirin ünvanında Nabat xanım Aşurbəyovanın adını əbədiləşdirdi. 

Qafqaz Müsəlmanları Ruhani İdarəsinin baş ofisi Təzəpirdə yerləşir. Burada mövcud olan İslam tarixi dəyərləri ilə bağlı qiymətli dini kitabların, risalələrin qorunduğu kitabxana dünyada məşhurdur. İlahi eşqdən, Tanrı sevgisindən təməli qoyulan Təzəpir məscidində Seyid Yəhya Bakuvinin müridi Əbu Səid Abdullanın, Nabat xanım Aşurbəyovanın və əsil anasının yolunu əsilzadə şərəfi ilə davam etdirən yarımçıq arzusunu gerçəyə çevirib tamamlayan Hacı Abbasqulu Rzayev uyuyur.

Təzəpir məscidi müqəddəsdi. Pirlərin, övliyaların, əməlisalehlərin, millət fədailərinin ruhunun dolandığı yerdi. Onu sevin, ziyarət edin, o zaman millətə təmmənasız Sevgidən, xidmətdən, Tanrıya ibadətdən gözəl heç nəyin olmadığını anlayacaqsınız. Təzəpirin təməlini qoyanlar, layihəsini cızanlar, fərman və sərəncamları ilə adını tarixə yazanlar o müqəddəs yolda yürüdükləri üçün üstündən 110 il ötəndən sonra belə sevgi ilə anılır, unudulmurlar.

 

“Ədəbiyyat və incəsənət”

(27.11.2024)

Wednesday, 27 November 2024 16:38

Zülmətin qucağında gizlənpaç oynayanlar

“Ədəbiyyat və incəsənət” portalı bir gənc xanımın və bir gənc bəyin şeirlərini qoşa təqdim edilir.

 

 

Nuranə TƏBRİZ

 

 

ZÜLMƏTİN QUCAĞINDA

 

...Və elə dərdlər də var, ağır olur çəkisi;

Nə bitməyi mümkündür, nə də daşımaq olur.

Ruh da var ki, ağrısı meydan oxuyur cana,

Nə əcəl yaxın gəlir, nə də yaşamaq olur.

 

Şehli xatirələri baxışına çəkəsən,

Kimsə görməsin deyə, yumasan gözlərini.

Güləsən “arsız” kimi taleyinin üzünə,

Ağlayasan gizlində qucaqlayıb dizini.

 

Hara getsən, qaçaraq döndüyün o otaqda

Təkliyini görüncə divarlar üzə durar.

İşığı yandırsan da  zülmətin qucağında,

Taleyin şamı yanmaz, soban şaxta sovurar.

 

Dərd özü də bir dərdir, dərdi gizləmək betər,

Təsəllisi xoş gəlməz doğma bildiklərinin.

Güc aldığın güclərə məcbursan güc olmağa,

Hesabı yarım qalar üzə güldüklərinin.

 

 

Əziz YAQUBZADƏ

 

 

GİZLƏNPAÇ

 

Səndən sonra hamı bir az yarımçıq,

Səndən sonra hər şey çiydi bu evdə.

Səndən sonra elə küskün böyüdüm,

Xoş söz də xətrimə dəydi bu evdə.

 

Döşəməsi soyuq oldu bu evin,

Səndən sonra divarları qızmadı.

Nə vaxt biri getməyindən danışsa,

Bu qış gəlmiş evdə qəlbim sızladı.

 

Bir gün hamı yoxluğunla barışdı,

Bircə mən saxladım səni içimdə.

Sənin qəbrin üstə gedəndə belə

Mən səni axtardım evin içində.

 

Mən səni axtardım gecə yatanda,

Səhər anam məni oyadanda da.

Mən səni axtardım məktəbdən evə

"Quyruqlu beş" alıb qayıdanda da...

 

Özüm öpdüm qanayan barmağımı,

Heç kim gəlib göz yaşımı silmədi.

Mən hətta gizlənpaç oynayanda da

Səni axtarırdım, heç kim bilmədi.

 

Harda xoşbəxt ailə tablosu gördüm,

Gözüm həsrət ilə daldı uzağa.

Nə gizlədim, mən paxıllıq edirdim

Atasıyla oynayan uşaqlara.

 

İndi də ümidim tərdi, təzədi,

Sanıram, hardansa mənə baxırsan.

Bəs indi gözümü yumsam, səninlə

Gizlənpaç oynasaq, görən, çıxarsan?!

 

“Ədəbiyyat və incəsənət”

(27.11.2024)

 

 

Wednesday, 27 November 2024 16:16

“Şəkil” – ibrətamiz hekayə

Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun redaksiyamıza yolladığı növbəti hekayə “Şəkil” adlanır, onu diqqətinizə çatdırırıq. Düşünürük ki, “həyat bumeranqdır, etdiyiniz pisliklər mütləq qarşınıza çıxacaq” deyiminə bu hekayəni oxuduqdan sonra bir daha əmin olacaqsınız.

                                                                 

Dostlarımdan birinin oğlunun toyunda idik. Şadlıq evinin foyesinə çıxıb telefonla danışmaq istəyirdim. Bayaqdan, bəkə də on dəfə masamıza yaxın­laşıb zorən şək­limizi çəkmək istəyən fotoqrafın bir nəfərlə mübahisə etdiyini gör­düm.

-Vallah, cibimdə 3 manatım var,  1 manatın avtobusa verəcəyəm, qalan 2 ma­nat­dır.

-A kişi, şəklin qiyməti 3 manatdır, pulun yoxuydusa çəkdirməyəydin.

-Dedim, dostumun toyudur, yadigar qalsın. Həm də elə bilirdim ki, şəkli 2 mana­ta çəkirsiniz.

-Yadigar cırıq şəklin qalacaq – fotoqraf  hirslə şəkli əvvəl ortadan böldü, son­ra bölün­müş hissələri cırıq-cırıq elədi.

Şəkil sahibi qıp-qırmızı qızardı, az qaldı, ağlasın. Amma heç nə demədi.

Arıq, çəlimsiz, təxminən qırx yaşlı bu kişinin durumu ürəyimi göynətdi. Yad­daşım mənə uzaq uşaqlıq illərində başıma gələn bir hadisəni xatırlatdı.

Rayon mərkəzindən xeyli aralıda yerləşən kəndimizdə fotoqraf olmadığından ayda, iki ayda bir dəfə  Müseyibin gəlişinı camaat, xüsusilə müəl­limlər və şagirdlər inti­zar­­la gözləyirdilər. Müseyib kişi standart ölçülü şəkillərin birini 1 manata çəkirdi. Adam vardı 3 şəkil çəkdirirdi, adam da vardı  5 şəkil. Kəndin bəzi  imkanlıları onu evləri­nə dəvət edir, ailə üzvlərinin kefləri istə­yən qədər şəkillərini çəkdirərdilər.

Mən heç vaxt şəkil çəkdirməzdim. Cibimdə pulum olmadığından bəhanə ta­pıb deyir­dim ki, xoşuma gəlmir.

Qonşumuz, kommunxozda mühasib işləyən Fərzalının böyük oğlu Bənda­lı­nın fo­toqraflığa başlaması Müseyibin bazarını bağlamasa da zəiflətdi. İş burasındaydı ki, Bəndalı şəklin birini 50 qəpiyə çəkirdi. Düzdür, şəkillər bir az solğun olardı, kağızı parlaq deyildi. Amma  üstünlüyü o idi ki şəkli on beş gün gözləməzdin, uzağı 3  günə verərdi.

İstirahət günü idi. Kürün qırağındakı bağda oynayırdıq. Birdən Bəndalı gəldi, çiy­nində də fotoaparatı. Uşaqlar onu dövrəyə aldılar, bir-bir şəkil çəkdirdilər. Mən də həvəsləndim, şəklimi çəkdirdim.

Növbəti bazar günü yenə Bəndalı həmin bağa şəkilləri paylamağa gəldi. Uşaq­lar pul­larını verib şəkillərini alırdılar. Növbə mənə çatdı, cibimdə 50 qəpik olmalıydı, iki iyirmi qəpiklik, bir on qəpiklik. Amma 40 qəpiyi tapdım, 10 qəpik isə yox idi. Görünür oynayanda cibimdən düşmüşdü. 40 qəpiyi Bəndalıya uzatdım, -On qəpiyi itirmişəm, -dedim.

-Şəkil 50 qəpikdir, ay yalançı. 40 qəpiyə get şor al, sürt başına, -dedi.

-10 qəpiyi də atamdan alıb verərəm.

-Cəhənnəmə alarsan, qara yola alarsan, -yadımdadı, elə-belə də deyərək, şəklimi cırıq-cırıq elədi.

Nəinki pərt oldum, hirsimdən az qala ağladım.

Bu hadisədən üç gün keçmiş qəribə bir hadisə baş verdi. Bizim həyətlə Bəndalıgilin həyətinin arasından dərin arx axırdı. Bir tərəfdən o biri tərəfə keçmək üçün arxın üzərinə enli, qalın 5-6 metr uzunluğunda taxta-körpü qoyulmuşdu. Bu körpünü keçərkən Bəndalının beş yaşlı kiçik qardaşı Ağasəfərin ayağı sürüşüb suya düşmüşdü. Yanında olan qardaşı Cahid - onun  yeddi yaşlı vardı, qardaşına kömək etmək istəyəndə o da suya yıxılmışdı. Boğulmaq təhlükəsi olan qardaşlar qışqırmağa başlayanda, yəqin ki, onların səsini ən tez mən eşitdim. Özümü cəld arxa atdım. O vaxt mənim on bir yaşım vardı, həm boy-buxunlu idim, həm də üzməyi yaxşı bacarırdım. Qardaşları xilas etmək o qədər də çətin olmadı. Amma uşaqlar çox qorxmuşdular. Onları aparıb analarına verdim. Ana sevinir, mənə min dillə dua edirdi.

Bilmirəm, necə oldusa bu xəbər bütün kəndə, o cümlədən məktəbə yayıldı. Böyük tənəffüsdə iclas elədilər. Həm direktor, həm də sinif rəhbərimiz məni o qədər tərif­lədilər ki... Hətta mənə tərifnamə də verdilər. Həmin iclasda Bakıdan gəlmiş “Azərbaycan pioneri” qəzetini müxbiri də iştirak edirdi.

O da mənə bir neçə sual verdi, həm təklikdə,  həm də müəllimlərimlə şəklimi çəkdi.

Təxminən bir ay sonra poçtalyon bizə xüsusi bi zərf gətirdi. Zərfin içərisində, redaksiyanın mənim adıma göndərdiyi məktub, iki ədəd qəzet və altı şəkil vardı.  Qəzetdə haqqımda yazılmış “Balaca xilaskar” adlı məqaləni görəndə elə sevindim ki...

Səhəri gün məktəbə gedəndə hamı mənimlə mehribanlıqla görüşür, məqalə haqqında danışırdılar.

Qəribədir, şəklimi cırandan sonra əvvəllər hər gün görüşdüyüm Bəndalıyla heç rastlaşmamışdım. Ona nifrət edirdim. Bir gün hər halda onunla üz-üzə gəldik.

Deyəsən, səhvini başa düşmüşdü.

-Ceyhun, gəl şəklini çəkim, pul-zad lazım deyil-dedi.

Mən: -Şəkli saxla özünə. Ehtiyac yoxdur, -deyib ondan uzaqlaşdım.

Xəyaldan ayrıldım. Gözüm bir az aralıda müştərilərlə söhbət edən fotoqrafa sataşdı. Sanki Bəndalını görürdüm.

(16-23.11.2024)

 

“Ədəbiyyat və incəsənət”

(27.11.2024)

 

 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalı yaşı 35-ədək olan şairlərin şeirlərinin dərcini davam etdirir. Bu gün növbəNadir Yalçınındır.

 

 

NİKİTA

(50-ci illərdə Ukraynada hərbi xidmətdə olan təqaüdçünün dilindən)

 

Eşidirəm Bakıda Kiyevin iniltisin,
Gözümü qıyan zaman ulduzlar alovlanır.
Deyin yaşıl geyimli zabitlərə, bağırın –
Tankların nəriltisi baharı yubandırır.
Yolları dağıtmayın, qayıtsam, karıxaram,
Küçələrin adları barı yerində qalsın.
Mənim xatirələrim o adlarda gizlənib,
O adların ünvanı mənlə buxarlanmasın.

Nikita, nolar, ölmə...

Ürəyin səksənəndə həyəcan siqnalından,
Gurultu ələyəndə bacadan təyyarələr
Bombalaların səsinə tab edən pəncərətək
Sən də sınma, mətin ol, hərdən məni xatırla.
Müharibənin ən qızğın, ən alovlu anında
Yada sal sevgimizi, yada sal o günləri.
Gülümsə, gülüşlərin əridər silahları.

Nikita, nolar, ölmə...

Yadına sal, o qarlı-şaxtalı havalarda
Boqdanın pay verdiyi çaxırın xumarını.
Mən, sən, qoca nənənin uçuq-sökük daxması,
Atan alan gəlincik, çarıqlar və sairə…
O zəmi saçlarının içində boğulaydım!
Sənin məmləkətinə yeni nəfəs verəydim!
Sənin sünbül saçına səma ola bilərdim
Ukrayna bayrağıtək!

Nikita, nolar, ölmə...

Gürcü nənnilərilə daxmamız eşqlənirdi,
Sevdalandır yurdunu nənnin ilə, Nikita.
Batır nənnilərinlə o silah səslərini,
Mənim nağıllarımdan danış övladlarına,
İndi nəvaziş gərək, şəfqət gərək hamıya.
Mənə də… ən çox mənə, ən çox mənə, Nikita.

Nikita, nolar, ölmə...

 

 

***

 

“Qəzetçi”, səsləyərək dilləndi Məsmə nənə,
– “Təzə nə xəbərlər var, nə deyirlər bu günə?”
– “Filan yerdə, filan vaxt zəlzələ baş veribmiş.
Filankəsin evinə gecə oğru giribmiş.
Sabah hava yağışlı, gecə isti olacaq,
Turistlər axın edir, Bakı yaman dolacaq”.
Qayıdanda hər axşam qəzetçi öz evinə,
Məsmə nənə yüyürür tez sevinə-sevinə.
Televizor da danışır, radio da səslənir,
Nənə tək xəbərləri qəzetçidən dinləyir.
Hərdən 1-2 dənə qəzet istəyir nənə,
Sərir dibçək altına su tökəndə güllərə.
Hərdən büküb tıxayır qapının arasına,
Hərdən məzəmmət edir gözünün qarasına:
“Kaş özüm oxuyardım, görəydim nə var, nə yox,
Bircə görməyimi də Tanrı mənə gördü çox”.
Şuşadakı evinin sənədini gizlicə
Açır yenidən bükür qəzetlərə hər gecə.
Yağışlı payız günü qəzetçi tez sevincək
Məsmə nənə yaşayan küçəyə tələsərək
İstədi xəbər versin, “Nənə, yazır ki, qəzet
Şuşa artıq qayıdıb, sən də muradına yet!”
Qapını döydü, durdu, səs gəlmədi səsinə,
Heç kimi tanımır ki,  səslənsin bir kəsinə.
Qəzetçi tez-tələsik qırdı qapı-bacanı,
Gördü gözü yumulu həmişə nur saçanı.
Gözünün yaşın tökdü qəzet tutan əlinə,
Yavaşca pıçıldadı: “Şuşa qayıdıb, nənə...”
Nənənin son laylası Şuşanın müjdəsiydi,
Qəzetlər də nənənin yeganə kimsəsiydi...

 

 

ATLAR SU İÇƏNDƏ GÜLLƏLƏNDİLƏR

 

Yalman tərə batdı, çəmənlik qana,
Göynədi qamçının, tumarın yeri.
Atların ahından qılınc tərlədi,
Qınlar öz içinə – boşluğa düşdü,
Sağ ayaq titrədi, sola dolaşdı.
İnilti atların od nəfəsinə,
Atların gözləri közə qarışdı.

Atlar apardılar çatmaqaşları,
Gözü açıq qalan cansız başları.
Qoşa gedənləri, tək gələnləri,
Alovlu, tüfəngli təklənənləri.
Tək qayıdan atlar qarğış yedilər...
Atlar, qıpqırmızı qızarmış atlar,
Ağarmış, qaralmış, bozarmış atlar,
Dürrətək dul atlar, talehsiz atlar...

Atlarqaça-qaçahələkidilər,
Atlararzularakələkidilər.
DulqalanDürrəniqaçıranatın
Nalının çınqısı tayayandırdı.
Ə
rolabilmədiatı çapanlar,
ə
rolabilmədidulqaçıranlar
ə
ridiDürrənindürrəliyidə...

Gözləriqanidi, yorulmuşdular,
Tərtöküb, tərtökübkorolmuşdular.
Güllə gələnsəmtinə biləydilər,
Onlarçoxdanölübdirilmişdilər.
Nallarayaqlardalaxladı diştək,
Yorğaaddımları ölümdəngödək...
Atlar su içəndə güllələndilər....

 

“Ədəbiyyat və incəsənət”

(27.11.2024)

 

 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə təqdim etdiyi layihədə Türkiyənin “Genç Yürekler” jurnalının seçimində 51 türk müəllifinin yazıları yer alır. Türkiyə türkcəsində yayılan əsərlərin əsas qayəsi budur: “Dildə, fikirdə, işdə birlik!”.

 

“Bir kitap eleştirisi” (Yeşim taşı efsanesi)

-Semiha Dede

 

...“Sahi” diye düşündü içinden, “sahi bir Türk çocuk kitabı var mı acaba doğaüstü olayları konu edinen?” (s.62)

 

Editörlüğünü Seçkin Sarpkaya’nın yaptığı, Ömer Ünal’ın kaleminden çıkan “Yeşim taşı efsanesi” adlı kitapta yer alan bu cümle kitabın var oluş sebebini açıklıyor aslında. Kitabı okurken ben de şöyle bir düşündüm, böyle doğaüstü olayları konu edinen ve bizim geleneklerimizden, inanışlarımızdan, Türk halkının yaşantısından izler taşıyan bir eser okumuş muydum? Hayır, okumadım.

Doğduğumuzdan beri kitle iletişim araçları olsun, sosyal medya kanallarıyla olsun, yabancı kültürler o kadar güzel sunuluyor ve kendi kimliğimizden o kadar uzak yetiştiriliyoruz ki, dönüp kendimize baktığımızda atalarını, tarihini bilmeyen, gelenek ve göreneklerinden habersiz yetişmiş, üstelik kendi değerlerini hakir gören bir toplum olup çıkıyoruz.

Söz gelimi, hepimiz Noel Baba’yı biliriz de, Ayaz Ata’yı bilmeyiz. Kanatlı at deyince aklımıza Pegasus gelir de, Tulpar gelmez. Gitar çalmaya herkes heves eder de, Türklerin kadim çalgısı kopuz nedir, merak bile etmeyiz! Ömer Ünal, bu eksikliği fark etmiş ve akıcı üslubuyla bir oturuşta bitirivereceğiniz bir eser meydana getirmiş. Eserde Dede Korkut’tan Lokman Hekim’e, Hızır’dan Hacı Bektȃş Veli’ye, Koncolos’tan Akçura’ya kadar Türk kültürünü ve mitolojisini oluşturan değerler sürükleyici bir olay örgüsü içinde harmanlanmış. Okuduğunuz zaman görüyorsunuz ki hiç bir isim nedensiz yere anılmamış ve yazar bu yolla bizi biz yapan değerleri usulcacık yerleştiriveriyor zihnimize.

Kitap, başkahraman olan Oğuz ve arkadaşlarının ülkelerinin kurtuluşu için gerekli olan kutsal yeşim taşını bulma macerasını konu ediniyor. Kitapta yer alan kahramanların adlarından olayların geçtiği yerlere kadar her satır, Türk kültüründen, mitolojisinden ve halk biliminden izler taşıyor. Öyle ki, dikkatli bir okuyucu kitapta Orhun Yazıtlarından cümleler bile bulabilir. Örneğin eserde yer alan “Sözlerimi iyi işit ve titreyip kendi özüne dön (s.27).” sözleri Orhun Yazıtlarından Kül Tigin Kitabesi’nin güney yüzünde yer alan “… bu sabımı edgüti eşid, katıgdı tıngla” sözlerini hatırlatmaktadır.

Kitabı bitirdiğinizde Türk kimliğini de kavramış oluyorsunuz. Yazar bunu sıkıcı, ders verir gibi bir üslupla değil de, gayet eğlenceli bir üslupla anlatmış. Yazarın dil ve üslubu hakkında belirtmek istediğim diğer bir nokta, kelimeleri özenle seçmesi. Örnek vermek gerekirse “akıl” gibi Arapça kökenli bir kelime yerine “us” diyerek Türkçe karşılığını kullanmayı tercih etmiş. Bu da yazarın hizmet ettiği kültürün kelime zenginliğine farkındalık yaratmak adına etkili bir kullanım olmuş.

Kitap hakkında belirtmek istediğim bir husus da Ömer Ünal’ın aynı zamanda toplum eleştirisi yapmış olması. Buna başkahraman Oğuz’un okulunda sosyal bilimlere büyük önem verilmesi, sözel derslerdeki öğretmenlerin çok donanımlı olması ve tiyatro, müze gibi kültürel değerlerle öğrencilerini sıklıkla buluşturması örnek verilebilir.

Son olarak kitabı bitirdiğiniz zaman efsane bitmiş olmuyor. Yazarın son cümlesinden efsanenin devam edeceğini anlıyorsunuz. Ben kitabı çok beğenerek okudum. Ömer Ünal’a Türk kültürüne yaptığı bu destekten dolayı teşekkür ederim.

Ben isterim ki, böyle eserlerin sayısı artsın, filmleri ve çizgi filmleri yapılsın. Batı “olmayan kahramanlıklar” yaratıp bunu dünyanın her yerine yaymayı çok iyi başarıyor. Oysaki Türk tarihi destanlarla, “gerçek kahramanlıklarla” dolu ve işlenmeyi bekleyen bir hazine gibi öylece duruyor. Bizim bu konuda daha fazla çaba harcamamız gerekiyor. Ben isterim ki, Türk karakterler de dünyanın dört bir tarafına yayılsın. Gencinden-yaşlısına her kes var olduğu, içinden yetiştiği bu kadim ve kutsal toprakla bağını yitirmesin.

 

“Ədəbiyyat və incəsənət”

(27.11.2024)

 

 

 

 

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bugünə təsadüf edən əlamətdar hadisələri diqqətinizə çatdırıram:

 

27 noyabr. İynə və sap günü

Nədir bu günün anlamı, dərzilərləmi bağlıdır? Dərhal deyim ki, yox. İynə və sap – bir-birini tamamlama günüdür. Sapsız iynənin, iynəsiz də sapın bir dəyəri olmadığı üçün onlar vəhdətin simvoludurlar. İnsanların da, bildiyiniz kimi həyatda ikinci yarısı, onunla vəhdət təşkil edəcək tərəf-müqabili olur. Bu iynə və sap günündə hamıya öz vəhdət yarısını düz tapmağı, səhv etməməyi arzulayıram.

 

27 noyabr. Ukraynada milli matəm günü

Bu gün qardaş Ukrayana xalqı Qolodomor qurbanlarının xatirəsini ehtiramla yad edəcək. 1932-33-cü illərdə ukraynalıların kütləvi olaraq aclıqdan qırılması faktı mövcuddur. 13 milyon insanını həyatını itirdiyi o dəhşətli hadisənin səbəbini uzun illər Sovet rejimi dövrün çətinlikləri, taxıl ehtiyatlarının tükənməsi, quraqlıq, eyni zamanda əksinqilabi ünsürlərin törətdikləri sobotajlarla izah edib. Amma perestroykanın aşkarlıq siyasəti sovetlərin müdhiş cinayətinin üstünü açıb. Sən demə, 30-cu illərdə Ukraynanı bürüyən milli-azadlıq hərəkatının, Ukrayna xalqının sovet imperiyasından qopma tələblərinin müqabilində Kreml süni aclıq yaradaraq xalqı cəzalandırıbmış.

 

27 noyabr. Nüfuzlu alim Zakir Qarayevin ad günü

Gəlin qocaman alimimizi təbrik edək və haqqında bəzi bilgilər əldə edək. 2001-2004-cü illərdə İstanbul Universitetinin Tibb fakültəsi, Mikrobiologiya və immuno­logiya kafedrasında professor vəzifələ­rində çalışan, 2004-cü ildən Azərbaycan Dövlət Tibb Universitetinin Mikrobiologiya və immunologiya kafedrasına müdirlik edən Zakir Qarayev müxtəlif mikroorqanizmlər, radiasiya, hormonal preparatlar, antibiotiklər və s. təsirindən orqanizmdə baş verən immun çatışmazlıqların və ikincili infeksiyaların formalaşma mexanizmlərinin tədqiqinə, diaqnostika, müalicə və profilaktika tədbirlərinin təkmilləşdirilməsinə nail olan görkəmli alimimizdir. (Üstünə düşsə, covid əleyhinə vaksin də hazırlaya bilər). O, 300-dən çox elmi əsərin, o cümlədən 4 monoqrafiyanın müəllifidir. Z.Qarayevin yazdığı “Tibbi mikologiya” kitabı mikoloji xəstəliklərin diaqnostikası və müalicəsi haqqında qələmə alınan yeganə əsərdir. Onun rəhbərliyi altında 69 fəlsəfə doktoru, 20 elmlər doktoru hazırlanıb. O, SSRİ-də 3 dəfə dünya miqyaslı konqres təşkil edib, 2009-cu ildə Bakıda 23 ölkədən 300-dən çox alimin qatıldığı 3-cü Avrasiya Klinik Mikrobiologiya, İmmunologiya və İnfeksion Xəstəliklər Beynəlxalq Konqresinin prezidenti kimi konqresin təşkilatçısı olub. Z.Qarayev dünyanın bir çox nüfuzlu elmi cəmiyyət və universitetlərinin akademiki və fəxri doktorudur. O, 2010-cu ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.

 

27 noyabr. Karandaş yadınıza düşürmü?

Hərb sevgili ruslar dəniz piyadası gününü bayram edəcəklər. Braziliyada əmək təhlükəsizliyi, İspaniyada müəllim, Britaniyada Lankaşir, Tailandda sağlamlığı möhkəmləndirmə günüdür. ABŞ isə bu dəfə Milli kremli Bavariya tortu gününü qeyd edəcək.

2010-cu ilin bu günündə amerikalı rejissor, “Ulduz müharibələri” və “Heç vaxt heç vaxt demə” kimi məşhur filmlərin rejissoru İrvin Kerşner dünyasını dəyişib. 1940-cı ildə xüsusən uşaqların çox sevdiyi, filmlərinə baxmaqdan doymadıqları, kinematoqrafiyanın savaş filmləri janrının ən görkəmli nümayəndəsi, Çin əsilli Amerika aktyoru Bryus Li doğulub.

1901-ci ildə Mixail Rumyantsev (şəkildə) – məşhur sovet klounu dünyaya gəlib. Uşaqkən bir dəfə atam məni Bakı Sirkinə aparmışdı, Karandaşın məzhəkəsinə. Bax Karandaş həmin Rumyantsevin təxəllüsüydü. Nə qədər gülmüşdümsə başımdan ağrı qalxmışdı. Sonradan – gərək ki, 83-cü ildə onun vəfat etməsi xəbərindən çox sarsılmışdım, xatırlayıram. O vaxtın yumoru, məzhəkəsi indiki kimi bayağı deyildi, hər bir ştrix hansısa anlamı ifadə edirdi. Həm gülürdün, həm düşünürdün.

1895-ci ildə isveçli Alfred Nobel Bakı neftindən qazandığı milyonlarının vəsiyyətnamə yazaraq Nobel fonduna köçürülməsini təmin edib. 1701-ci ilin bu günündə başqa bir məşhur isveşlinin – astronom, geoloq və meteroloq Anders Selsinin (temperaturun dərəcə ölçüsü onun adıyladır) doğum günüdür. 1095-ci ildə Roma Papası 2-ci Urbanın qərarı ilə tarixdə ilk səlib yürüşü baş tutub. E.ə. 8-ci əsrdə isə antik dünya ədəbiyyatının tanınmış siması, şair Horatsiy dünyasını dəyişib.

 

“Ədəbiyyat və incəsənət”

(27.11.2024)

 

 

 

 

​Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında Töhfə Sazişi imzalanıb.

 

​“Ədəbiyyat və incəsənət” portalına Dövlət Agentliyindən verilən məlumata görə, sənədi Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Junhua imzalayıblar.

 

​Saziş çərçivəsində BMT-yə üzv ölkələrdə “ASAN xidmət” modeli əsasında dövlət xidmətlərinin göstərilməsi üçün innovasiyaların tətbiqi və müvafiq sahə üzrə potensialın inkişafı nəzərdə tutulur.

 

​Bununla da BMT Azərbaycanın beynəlxalq müstəvidə brendinə çevrilmiş “ASAN xidmət” konsepsiyasını ən yaxşı model kimi dəyərləndirir və təşkilata üzv dövlətlərə təşviq edir.

 

​Sazişə əsasən Azərbaycanın "ASAN xidmət” təcrübəsi əsasında müvafiq ölkələrdə dövlət qulluqçuları üçün qabaqcıl idarəetmə və dövlət xidmətlərinin göstərilməsi üzrə təlimlər təşkil ediləcək. Həmçinin tədris vəsaitləri hazırlanacaq və qitələrarası beynəlxalq tədbirlər təşkil olunacaq.

 

​Baş katibin müavini görüş çərçivəsində “ASAN xidmət” mərkəzinin, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, "Bilim Bakı" mərkəzinin, Səyyar ASAN xidmətin, "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə də tanış olub.

 

“Ədəbiyyat və incəsənət”

(27.11.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.